abunə ol: Yazılar | Şərhlər | Еmail

Çe Gevaranın qisasçısı: Monika Ertl

Şərh

monika ertl

Məmməd Süleymanov

Çe Gevaranın qətli heç də Boliviyada gerilyanın sonu olmur. Çenin yaratdığı Boliviya Milli Azadlıq Ordusunun (MAO) yenidən dirçəlməsi işinə Qido Peredo (“İnti”) başçılıq edir.

Peredo qardaşlarının Boliviya partizan hərəkatında xüsusi xidmətləri var. Onlar 3 qardaşdılar: Roberto (“Koko”), Qido (“İnti”) və Osvaldo (“Çato”). Hər üçü Boliviya Kommunist Partiyasının üzvü idi (“Koko” Mərkəzi Komitədəydi).

Çe Boliviyaya gələndə Moskvapərəst kompartiyanın Baş katibi Mois Monxe gerilyaya qoşulmamaq əmri alır. O, meşəyə, Çenin yanına gəlir və yalançı ümidlər verir. La-Pasa qayıdandan sonra isə partiya üzvlərinə Çeyə qoşulmağı qadağan edir. Kim qoşulmaq istəyirsə, partiyadan çıxmalıdır.

Əlbəttə, bu, ikiüzlülük və xəyanətdi. Üstəgəl, SSRİ ilə ABŞ arasında yazılmamış müqaviləyə görə, Vaşinqton Şərqi Avropadakı, Moskva isə Cənubi Amerikadakı işlərə qarışmamaq öhdəliyi götürmüşdü (Təbii ki, Vaşinqton bu öhdəliyi hər fürsətdə pozurdu, Moskva isə – yox). Bir sözlə, Monxe Brejnevin göstərişini yerinə yetirirdi (Yeri gəlmişkən, o, ömrünü də Moskvada başa vurdu).

O vaxt – 1966-nın sonlarında – Peredo qardaşları etiraz əlaməti olaraq partiyadan çıxdı və Çenin dəstəsinə qoşuldu. 28 yaşlı Koko və 27 yaşlı İnti meşəyə yollandı, 25 yaşlı Çato isə paytaxt La-Pasda qaldı.

Çenin qətlindən 2 həftə əvvəl – 1967-nin 26 sentyabrında amerikan reyncerləri ilə döyüşdə Koko həlak oldu. Çenin əsir götürüldüyü son döyüşdən salamat çıxan İnti isə mühasirədən çıxa bilərək gizlənə bildi. Elə o da Milli Azadlıq Ordusunun sağ qalan üzvlərini bir yerə topladı.

Ancaq İntinin fəaliyyəti uzun sürmədi – 1969-u ilin 9 sentyabrında o, qətlə yetirildi. Ondan sonra gerilyaya başçılıq edən kiçik qardaş – Çato isə 1971-ci ildə həbsə atıldı (Çato indi də sağdır, Boliviyada yaşayır, 69 yaşı var).

Çatonun həbsindən sonra MAO-na 34 yaşlı Monika Ertl başçılıq etməyə başladı.

Monika 1937-ci ildə Bavariyada, nasist kinorejissor Hans Ertlin ailəsində dünyaya göz açıb. O, Hansın 4-cü və ən sevimli qızı idi.

monika ertl 2

Dünya müharibəsindən sonra Hans ailəsi ilə Boliviyaya köçür, operator işini davam etdirməklə yanaşı həm də fermer təsərrüfatı yaradır. 1969-cu ildə Monika alman əsilli mühəndislə ailə həyatı qurur. Bu gözəl, enerjili, sirli qız o illərin Boliviyasının kübar dairələrinin sevimlisi idi. Heç kəs də ağlına gətirmirdi ki, Monika kommunistdir və artıq çoxdan praktik fəaliyyətə keçmək haqda qərar verib.

Onun gerilyaya qoşulması hamı üçün gözlənilməz olur. Monika ərindən ayrılır və yoxa çıxır. Bir müddət sonra atası ondan məktub alır: Monika ona seçimini açıqlayır.

Boliviya elitası ilə əlaqələrini birdəfəlik kəsən qızın çətin qeyri-leqal həyatı başlayır. Onun adı dünya mətbuatında 1971-ci ildə guruldayır. Həmin il Monika Hamburqda Çe Gevaranın və İntinin qatillərindən olan polkovnik Roberto Kintanilyanı qətlə yetirir.

Kintanilya artıq dəfələrlə ölüm təhdidi almışdı. Bu səbəbdən də Boliviya hökuməti onu ölkədən uzaqlaşdıraraq Almaniyadakı konsulluqda işləməyə yollamışdı. Ancaq layiqli cəza onu burada da tapdı: Özünü Avstraliya vətəndaşı kimi qələmə verən gənc qadın Hamburqdakı Boliviya konsulluğunun binasına sərbəst daxil olub Kintanilyanın qəbuluna düşdü, üzbəüz qalanda revolverini çıxarıb güllələri qatilin sifətinə sıxdı, hadisə yerini sakitcə tərk edib küçədə onu gözləyən maşınla oradan uzaqlaşdı.

Hadisə yerində Monikanın revolveri, çantası, pariki və “Ya qələbə, ya ölüm! Milli Azadlıq Ordusu” yazılmış vərəq qaldı. Tezliklə “Şpigel” dərgisi Monika Ertl barədə geniş yazı verərək onun fotolarını dərc etdi. Monikanın axtarışına başlanıldı.

Ertlin digər aksiyası isə uğursuz oldu. Onun dəstəsi Boliviyada gizlənən nasist canisi, “Lion qəssabı” adlanan Klaus Barbyeni oğurlayıb Avropaya yollamalıydı (Barbye sonralar həbs olundu, 1987-də Fransada məhkəməsi oldu, ömürlük həbs aldı və 1991-də həbsxanada xərçəngdən öldü).

Ertl Sol tarixdə ilk növbədə “Çe Gevaranın qisasçısı” kimi qaldı. Milli Azadlıq Ordusunun yenidən təşkilinə onun ömrü yetmədi. 1972-ci ilin 12 mayında La-Pasda pusquya düşərək Boliviya xüsusi xidmətinin agentləri ilə atışmada öldürüldü. O vaxt onun 35 yaşı vardı.

Onun haqqında Reji Debre kitab yazdı, bir neçə film çəkildi. Sevimli qızında peşman olmuş Hans Ertl isə 2000-ci ildə, 92 yaşında Boliviyada vəfat etdi…


Oxşar yazılar:

Baxış sayı:9019