abunə ol: Yazılar | Şərhlər | Еmail

Aleksandr Tarasov – “Век воли не видать?”

Şərh

tarasov

Aleksandr Tarasov

Век воли не видать?[1]

Məsələn, ixtiyar azadlıqdan nə ilə fərqlənir? Onunla ki, ixtiyar – heç bir məkanla məhdudlaşdırılmamış imkanlarla birləşmiş azadlıqdır.

D.S.Lixaçev, akademik

(Bu həqiqətən də D.S.Lixaçevdir, “Rus haqqında qeydlər”)

Ölkəmizdə nə qədər insan var ki, hələ də 1991-ci ildə ilişib qalıblar və heç düşünmürlər ki, iyirmi il ərzində hər şey tamamilə dəyişib. Artıq iyirmi ildir ki SSRİ mövcud deyil, onlar isə hələ də SSRİ-yə qarşı mübarizə aparırlar, görünür, hələ bilmirlər ki, əhalinin böyük hissəsi onun dağılmasına görə təəssüfləniryas saxlayır, hətta onun həsrətini çəkir və bərpa edilməsini arzulayır. Onlara bu haqda danışdıqda isə, bunu qəbul etmirlər – guya “lümpen nostalji hisslərinə qapılıb”. Bu arada heç bir sosioloji sorğu lümpenlərin fikrini nəzərə almır. Ümumilikdə, onlardan başqa bütün ölkənin lümpen olması təsəvvürləri publikaya çox şeydən xəbər verir. İyirm ildir ki KPSS mövcud deyil, onun qanuni varisinin isə – RFKP – prinsipcə kommunist ideya ilə heç bir ortaq cəhəti yoxdur. RFKP – hakimiyyətdə deyil (heç vaxt da olmayacaq). Lakin onların hamısı “kommunist diktaturası” ilə mübarizə aparırlar.

İyirmi ildir ki, ölkədə kapitalizm, xüsusi mülkiyyət, bazar münasibətləri mövcuddur və bu iyirmi il ərzində əhalinin böyük hissəsi yoxsulluğa düçar olub, əhalinin qeyri-təbii azalması 26 milyon insana çatıb ki, bu da Sovet İttifaqının İkinci dünya müharibəsindəki itkiləri ilə müqayisə edilə bilər. Lakin 1991-ci ildə ilişib qalmış insanlar hələ də “real sosializm” və plan iqtisadiyyatı ilə mübarizə aparırlar!

Düşünmək lazım deyil ki, onlar axmaqdırlar. Heç də elə deyil. Bu sosial sifarişdir. Yəni ruhlarla mübarizə ödənişlidir. Bu işlə isə könüllü köləliyi qəbul etmiş insanlar məşğul olur. Belə ki, azadlıq üçün özün ödəməlisən, könüllü köləlikdə isə sənə ödəniş edirlər.

Ən maraqlısı odur ki, özlüyündə, hələ də 1991-ci ildə yaşayanlar və “KPSS hökuməti ilə mübarizə aparanlar” – o vaxtlar könüllü olaraq məhz sovet nomenklaturasının köləsi olmuş həmin insanlardır. Yeni hökumət (həm siyasi, həm də iqtisadi) əhəmiyyətli dərəcədə eyni sovet nomenklaturasından (və ya onların övladlarından) təşkil olunduğuna görə, diqqət obyektini dəyişdirməyə ehtiyac qalmayıb. Bütün bu atəşin “azadlıq carçıları” və “kommunizmlə mübarizə aparanlar” KPSS zamanı heç də həbsxana və düşərgələrdə deyildilər, əksinə, “ideoloji cəbhə döyüşçüləri” idilər və onların satqınlığı yaxşı maliyyələşirdi. Bugünkü günlə tamamilə müqayisə olunandır (əgər qiymət və gəlirlərin miqyasını nəzərə alsaq). Əlbəttə ki, bu ödəniş adi insanların gəlirlərindən nəzərəçarpacaq dərəcədə yüksək idi. Belə olaraq qalır.

Məsələ həm də ondadır ki, məcburi (hətta muzdlu) köləlik və könüllü köləlik arasında prinsipial fərq var. Könüllü köləlik məcburidən onunla fərqlənir ki, könüllü qul azadlıqdan, öz insani mahiyyətindən özü imtina edir, özünü heyvana bərabər tutur. Bu, onun şəxsi seçimidir – burdaq, yem və mühafizə qarşılığında.

Daxili olaraq (və ya, əgər uyğundusa, psixoloji) olaraq hər yerdə azad olmaq olar. Özümü heç vaxt, otuz il əvvəl lubyanlı müstəntiqlə, onun beriya cəlladlarının birbaşa varisi olub-olmadığına dair polemika apardığımda olduğum qədər azad hiss etməmişdim. Yeri gəlmişkən, müstəntiq çox ifadəli və təfərrüatlı şəkildə sübut edirdi  ki, deyil. Mənim fərqli düşünməyim onu çəkindirmirdi və öz nəzər nöqtəmi gizlətməyə məni məcbur etmirdi. Sahibkarınızla onun üçün xoş olmayan mövzu barədə müzakirə aparmağa cəhd edin! O tezliklə sizi işdən qovacaq.

Yaşca daha böyük olan və hələ sovet humanitar təhsili almış könüllü qullarımız (yəni satılmış intellektuallar) yeri gəldikdə kölə və sahib haqqındakı hegel dialektikasını xatırlamağı sevirlər, bununla da elə davranırlar ki, sanki köləliyə “məhkum” ediliblər. Bəli, əlbəttə,  köləlik münasibətləri sahibi də köləliyin qurbanına çevirir. Könüllü qulun dodaqlarında Hegelə müraciət – təbliğatçı fənddən başqa bir şey deyil; guya, “Monomaxın papağı, sən necə də ağırsan”, “varlılar da göz yaşı tökür” və buna görə də, ay qoyun sürüsü, cınqırını çıxarma və sevin ki, “fürer sizin əvəzinizə düşünür”!

Humanitar fənn professorlarının (hələ dünən “marksizm-leninizmə” və KPSS-in növbəti qurultayının “müdrik qərarlarına” tərif oxuyan), Hegelin – ədəbsiz olduğunu (çünki “dəhşətli” Marks da hegelçilərin sırasında idi) yeritdikləri daha gənc nəsil bu çətinlikləri ümumiyyətlə dərk etmir və ümumilikdə və o cümlədən şəxsi “azadlıq” haqqında nə gəldi danışırlar. Özü də adətən teoloji olaraq – “iradə azadlığından” başlayıb, neoliberal tərzdə – “sahibkarlıq azadlığı” ilə bitirirlər. Maraqlısı odur ki, özləri sahibkar deyillər və heç vaxt olmayacaqlar (əgər cəhd etsələr, qaçılmaz olaraq pərt olacaqlar). On il əvvəl fəlsəfə fakültəsi məzunu, həddən artıq bayağı işgüzar, amma çox qlamur “Русский фокус” jurnalında işləyən bir kəs məndən müsahibə götürürdü. Müsahibədən sonra bizim kiçik müzakirəmiz oldu. O, MDU-nin bədheybət fəlsəfə fakültəsində öyrəndiklərini izah etməyə çalışırdı və daha çox öz “azadlığının” necə dəyərli olmasını vurğulayırdı. Soruşmalı oldum: əgər o “azaddırsa”, bəs nə üçün fəlsəfə ilə həqiqətən maraqlanan fəlsəfə fakültəsi məzunu müxbir işləyir? Nə üçün təhsil alıb? Yazıq gənc susdu və dilxor oldu. Məndə belə bir şübhə yarandı ki, o əvvəl bu barədə fikirləşməyib. “Sənin zəhlətökən azadlığın nəyə lazımdır ki…”

Bəli, iyirmi il əvvəl, indi cəmiyyətin tamamilə unutduğu müxtəlif boşboğazlar var idi (çünki aydın oldu ki, onlar heç nə bilmir və bacarmırdılar, sadəcə çərənləməyi bilirdilər), yazılı və şifahi şəkildə – “ümumilikdə azadlıq” haqqına, həm də əlbəttə ki, “totalitarizm” haqqında düşünməyi sevirdilər. Həmçinin hər şeyə subyektiv psixoloji mövqedən yanaşmağı və məsələləri müstəsna olaraq ideologiya ilə əlaqələndirməyi xoşlayırdılar. Sanki hər azadlığın maddi məhdudiyyətləri yoxdur! Sanki onlar, on min il yaşamaq və ya digərlər kimi bir neçə on ildən sonra ölmək məsələsində tamamilə azaddırlar. Sanki onları turşu sisterninə atsaq, həlak olub-olmamaqları onların iradəsindən asılıdır. Sanki təkcə onların arzuları müəyyən edir ki, onlar heç bir texniki vasitə olmadan kosmosa uça və qonşu kəhkəşana çata biləcəklər yoxsa yox… Nəhayət, onlar iqtisadi məsələlərdən qaçmağa çalışırdılar. Bu sferada onların yalnız bir “mötəbər” cavabları var: istehsal vasitələri üzərində xüsusi mülkiyyət lazımdır, bazar iqtisadiyyatı lazımdır. İndi hər şey var. Ölkə isə dərin… özünüz bilirsiniz haradadır.

Muzdlu kölənin nə azadlığı ola bilər? Kasıbın, yoxsulun nə azadlığı ola bilər? İyerarxiya pilləkəninin aşağı pillələrində olan birinin nə azadlığı ola bilər? Həmçinin heç bir: onun əvəzinə yuxarıda qərar verirlər. Nəhayət, savadsız və ya az savadlının nə azadlığı var? Real olaraq – heç bir. Bu cür insan cəmiyyətin ən aşağı təbəqəsində qalmağa məhkumdur. Bu arada son on beş ildə ölkənin təhsil sisteminin metodiki və məqsədyönlü şəkildə məhv edirlər. Nə üçün? Bu suala bir neçə il əvvəl dövlət televiziyasının canlı efirində cənab Potanin cavab vermişdi. O dedi ki, bizdə həddən artıq çox savadlı var, onlar daima ölkənin taleyi haqqında müzakirələr aparırlar, bizə isə işçilər lazımdır – işçi çatışmır! Yəni insanlar cənab Potanin üçün işləməli və heç nə haqqında düşünməməlidirlər. Xüsusilə də ölkənin taleyi haqqında. Həqiqətən də, savadsız insan – siyasətdən kənarda qalacaq. Əgər inkişar etməyə başlasa – dəhşət! – düşünməyə başlayar ki, hansı töhfələrinə görə cənab Potanin (və onun çevrəsindən digərləri) havayı olaraq dövlət mülkiyyətindən böyük pay əldə edib. Ümumiyyətlə nəyə görə özü üçün yox, Potanin üçün işləməlidir?

Azlıq üçün azadlıq – ümumiyyətlə azadlıq deyil. Azlıq üçün azadlıq – çoxluq üçün köləlikdir. Kapitalist iqtisadiyyatı isə məhz bu prinsipə əsaslanır.

Düzünü desəm, istismarçı azlığın hansı azadlıqlara malik olması (əgər varsa) mənə maraqlı deyil. Mənə, istismar olunan çoxluğun hansı azadlıqlardan məhrum olduğu maraqlıdır. Çünki çoxluq istismar edildiyi müddətdə – cəmiyyət azad deyil.

Artıq uzaq “yenidənqurma” dövründə bizim nüfuzlu intellektuallar müxtəlif aşkar şəkildə axmaq mövzular haqqında, həmçinin “azadlıq” və “ixtiyar” bir-birindən nə ilə fərqləndiyi haqqında fikir yürütməyi sevirdilər. Onlar başa düşmürdülər ki, hər iki sözü başqa dilə tərcümə etdikdə eyni ekvivalentdən istifadə edilir (rus dilindəki “torpaq və ixtiyar” məsələn, İspaniya və Latın Amerikasında “torpaq və azadlıq” sözlərinə çevrilir – həmçinin yerli təşkilatların adlarında). Bizim “yenidənqurma” boşboğazları belə bir nəticəyə gəlirdilər: “azadlıq” – yaxşı, qərbsayağı, mədəni bir şeydir, “ixtiyar” isə – pis, əslən yöndəmsiz və qeyri-mədəni, “kəndlisayağı” bir şeydir. “Azadlıq” – guya, konstitusiya və çoxpartiyalılıqdır, “ixtiyar” isə – hərc-mərclik və özbaşınalıqdır. Halbuki anarxistlər özləri uzun zaman əvvəl bu barədəki xülyalarını qanadlı ifadədə məzxərəyə qoymuşdular: “Mənim azadlığım, qonşu gülləsinin çata biləcəyi yerdə qurtarır”!

Lakin könüllü qullar, sahiblərinin sifarişlərini yerinə yetirmək üçün hər şeyi uydurarlar. Axı əhalinin diqqətini dövlət mülkiyyətinin talan edilməsindən (bunu, xarici söz olan “privatizasiya” (özəlləşdirmə) adlandırdılar), xalqın talan edilməsindən (burada bir neçə xarici söz var idi, “vauçerləşdirmə”dən başlayaraq) və ölkənin təbii resurslarının oğurlanmasından (“modernizasiya” – indiyə kimi fəal şəkildə istifadə edilən termin!) yayındırmaq lazım idi. Bu müqəddəs məqsədlər üçün “azadlıq”, “ixtiyar” və onlar arasında fərq haqqında nə üçün daha çox və bərkdən danışılmasın? Axı bu, “xidmətçilərin” adi funksiyasıdır: “paxan” özgə mənzillərindən əşyaları daşıyarkən ətrafdakıların başını aldatmaq. “Xidmətçilərə” məhz buna görə pul verirlər. Xüsusilə, əgər ətrafdakıları belə bir fərziyyə ilə pərt etsən ki, onlar əzəldən “kölə psixologiyasına” malikdirlər və bu “köləlik” psixoloji olaraq onların “mentalitetində” yer alıb… bu onlara, ana südü ilə birlikdə verilib… az qala gen səviyyəsində irsən keçib… Axı bu çox maraqlı mövzudur! Ətrafdakılar nəinki əşyalarla mənzili unudacaqlar, hətta ciblərini də soymağa imkan verəcəklər, hələ paltarlarını də bilmədən soyunacaqlar!

“Milli mentalitet” – tamamilə irqçi anlayışdır. Heç bir “milli mentalitet” yoxdur. Həmçinin rus. Mən – rusam. Barkaşov – rusdur. Alla Puqaçeva – rusdur. Bizim aramızdakı mental fərqlər, müxtəlif qitələrdə yaşayan xalqlar və irqlər arasındakı fərqlərdən daha dərindir.

İnqilabçı və polis arasında – mental uçurum var, onların eyni dildə danışıb eyni ölkədə yaşamasına baxmayaraq. Müxtəlif ölkələrin inqilabçıları arasında – tam həmrəylik mövcuddur. Müxtəlif ölkələrin polisləri arasında olduğu kimi. Buna görə də birincilər – azaddırlar, ikincilər isə – könüllü qullardır.


[1] Bu ifadə rus dilində and vermək, and içmək məqsədilə işlədilir, dilimizə “Azadlıq qənim olsun” kimi tərcümə edilə bilər.

(c) SOLFRONT.org

[Yazı original məqalədən Solfront.org üçün hazırlanmışdır]


Oxşar yazılar:

Baxış sayı:7335