abunə ol: Yazılar | Şərhlər | Еmail

Məmməd Süleymanov – 1975-ci il. Sovet xalqını yuxudan oyatmaq cəhdi – Kapitan Sablinin qiyamı

Şərh

Valeri Mixayloviç Sablin

1975-ci ilin 7 noyabrında Sovet xalqı Oktyabr inqilabının növbəti ildönümünü təntənə ilə qeyd edir. Riqada keçirilən hərbi-dəniz paradında iştirak edən gəmilər arasında cəmisi 2 il əvvəl tikilmiş və ilk reysinə 1974-cü ilin iyununda çıxmış, 190 nəfərlik ekipajı olan  “Storojevoy” gəmisi də vardı. Heç kəs gözləmirdi ki, 1 gün sonra bu gəmidə 36 yaşlı zabit Valeri Sablinin rəhbərliyi altında qiyam baş verə bilər.

Həmin hadisədən istər Sovet xalqı, istərsə də SSRİ-də baş verən istənilən etiraza çox həssas olan Qərb mətbuatı xəbər tutmadı. İllər boyu Sablinin qiyamı yalnız hakimiyyətin yüksək eşalonundakılar, DTK rəhbərliyi və dar çərçivədə donanmaçılar arasında bəlli olaraq qaldı. Hadisələr isə həm “cəsurların dəlisovluğu”, həm də ümidsiz mübarizə nümunəsi kimi çox maraqlıdır.
SSRİ-nin süqutundan sonra Valeri Sablinin ekstraordinar çıxışına “antikommunist”, “antisovet” yarlıkları geyindirməyə çalışdılar. Ancaq alınmadı. Çünki, ortada çoxlu sayda sənədlər və audiomateriallar vardı. Onlar isə bir hökm kimi təsdiqləyirdi – Valeri Sablin əsl kommunistdi, Brejnev hakimiyyətinə qarşı silahla çıxmasının yeganə motivi isə SSRİ rəhbərliyinin 1917-ci il inqilabının ideallarından, marksizm-leninizm kursundan uzaqlaşması idi. Sablin sosializm quruluşu uğrunda sonunda güllələnmə dayanan mübarizəsini aparırdı. O, nə dissidentdi, nə də antikommunist. O, marksizm təliminə inamını hifz edən, ölkədəki rəsmi kursun isə sinifli cəmiyyətin restavrasiyasına apardığı qənaətinə gələn əqidəli kommunist idi.
Elə bu səbəbdəndir ki, kapitalist Rusiyasında kommunist Sablin hələ də bəraət almayıb.
***
Noyabrın 8-dən 9-na keçən gecə Baltik donanmasında baş vermiş o qiyamın xronologiyasına keçməzdən əvvəl, kapitan Sablinin qısa bioqrafiyasına diqqət etmək yerinə düşər.
Valeri Sablin. 1939-cu il, yanvarın 1-də Leninqradda, dənizçi ailəsində anadan olub. 1956-1960-cı illərdə Frunze adına Ali Hərbi-dəniz məktəbində təhsil alıb, fakültəsinin komsomol katibi seçilib. 20 yaşında Kommunist partiyasına üzv seçilib. İxtisası – gəmi artilleriyaçısı. Qara dəniz donanmasında xidmət edib.
1960-cı ildə Sablin o vaxtkı Sovet lideri Nikita Xruşşova məktub yazaraq partiya sıralarının təsadüfi adamlarla çirkləndiyini və kadr siyasətindəki yarıtmazlıqları onun nəzərinə çatdırır. Məktubuna görə heç bir repressiyaya məruz qalmır.
1969-cu ilə qədər Şimal donanmasında yüksək vəzifələrdə çalışan Sablin həmin il Lenin adına Hərbi-siyasi Akademyaya daxil olur. Onun bu addımı Sablinin sonrakı fəaliyyətini partiya işində davam etdirmək qərarından xəbər verir. 4 il sonra Akademiyanı bitirir. Onun soyadı Akademiyanın ən yaxşı müdavimləmlərinin adı həkk olunmuş mərmər lövhədə yer alıb (Qiyamdan sonra Sablinin adını siyahıdan pozurlar). Təhsilini başa vurandan sonra 3-cü dərəcəli kapitan rütbəsində Baltik donanmasının iri qayı qəleyhinə “Storojevoy” gəmisinə təyinat alır. Gəmidə onun vəzifəsi siyasi işlər üzrə müavindir.
Beləliklə, Sablin dənizçilər arasında ideoloji iş, partiya təbliğatını aparmalı, onları Marksın təlimi ilə tanış etməlidir. Və mütaliəsinə xüsusi diqqət ayıran kapitan dənizçilərdən reallığı gizlətmir: Ölkədə proseslər heç də klassiklərin təliminə uyğun getmir. Bu səmimiyyət və cəsarət tələb edən həqiqəti söyləməsi isə onun gəmi heyətinin hörmətini qazanmasına səbəb olur.
***
Noyabrın ilk günlərində Riqada Sablin gəmi komandasının bir neçə üzvünə hakimiyyəti devirmək planını açıqlayır. Hərbi-dəniz paradından sonra “Storojevoy” gəmisi digər gəmilərdən fərqli olaraq özünün qeydiyyatda olduğu limana qayıtmır və Leninqrada istiqamət götürür. Burada Sablin əfsanəvi “Avrora” kreyserinin yanında lövbər salmaq və dövlət televiziyasında efir tələb etməklə tələblərini səsləndirmək qərarına gəlir. Tələblər isə Söz azadlığı, partiya bürokratlarının imtiyazlarının ləğvi, qohumbazlıqla mübarizə və əsl sosializm quruculuğu idi. Sablin inanırdı ki, televiziya ilə çıxış edəndən sonra, sadə xalq kütləvi şəkildə onun tərəfinə keçəcək və “yeni Oktyabr inqilabı” başlayacaqdı.
Noyabrın 8-də Sablin gəminin kapitanı Anatoli Putornini aşağı göyərtədə dustaq etmək əmrini verir, sonra isə matrosların döyüş ruhunu yüksəltmək üçün onlara Eyzenşteynin “Potyomkin” zirehli gəmisi” filmini nümayiş etdirir. Alovlu nitq söyləyərək o, matros və zabitlərini əksər hissəsinin özünün tərəfinə keçməsinə müvəffəq olur. Beləliklə, üfüqdə yeni sosialist inqilabının konturları görünür.
Gəminin idarəçiliyini əlinə alandan sonra Sablin həqiqətən də kapitalizm tərəfdarı olsaydı “Storojevoy” yaxın İsveçə doğru kurs götürərdi. Ancaq gəmi İsveçə yox, Leninqrada tərəf üzməyə başlayır. Bu isə Sablinin cildində Sovet quruluşunun əleyhdarını görmək istəyənlərin daha bir saxta arqumentini alt-üst edir.
Ancaq “Storojevoy” hələ Leninqrada çatmamış, donanma rəhbərliyi gəmidə qiyam baş verdiyindən xəbər tutur. Onları gəmidən qaçmış bort mexaniki məlumatlandırır. Sərhəd mühafizəsinin və Baltik donanmasının 9 gəmisi qiyamçı gəmini təqib etmək üçün dənizə çıxır. Donanma rəhbərliyi o vaxt SSRİ-nin ən müasir hərbi gəmilərindən biri olan “Storojevoy”un İsveçə qaçırılacağından qorxurdu. Gecənin bir yarısında yatağından qaldırılmış Leonid Brejnev də gəminin Qərbə qaçırılacağı təqdirdə nə yolla olursa olsun, qiyamçıların dayandırılmasını və hətta gəminin batırılmasını əmr edir.
 Sablin isə partiya rəhbərliyinə radioteleqram yollayır: “Bizim hərəkətlərimiz sırf siyasi xarakter daşıyır və Vətənə xəyanət deyil. Vətəni biz yox, bizə qarşı dayananlar satır”. Gəmidə “Gələcək kommunist inqilabı”nın bayrağı qaldırılır.
***
“Storojevoy”dakı qiyamı yatırmaq üçün gəmilər, katerlər və bombardmançı təyyarələr səfərbər olunur. Təyyarənin atdığı ilk bombadan sonra Sablin gəmi heyətinin məhv olmasının qarşısını almaq üçün sürəti artıraraq manevr etməyə çalışır. Ümumiyyətlə, gəmiyə 3 bomba atılır və “Storojevoy” zədə almasa da, artıq sonun məğlubiyyətlə bitəcəyi heç kimdə şübhə doğurmur. Bu, gəmi ekipajında tərəddüdləri də artırır. Onlar kapitan Putornini azad edirlər. Putornin Sablini ayağından güllə ilə yaralayır və gəminin idarəçiliyini öz üzərinə götürür.
O ki qaldı Sablinin Mərkəzi TV ilə səsləndirmək istədiyi Sovet xalqına müraciətin mətninə, onunla tanış olmağa dəyər:
“Salam, yoldaşlar. Mən bizim ölkəmizin inqilabi keçmişini ürəyi ilə hiss edənlərə, onun bu gününü skepsislə yox, tənqidi dəyərləndirənlərə, gələcək haqda düşünənlərə müraciət edirəm. Danışır iri qayıq əleyhinə “Storojevoy” gəmisi. Biz donanma komandanlığı vasitəsilə Sov.İKP MK-dan və Sovet hökumətindən Mərkəzi radio və televiziya vasitəsilə ekipaj üzvlərindən birinin Sovet xalqına öz istəklərimizi və siyasi çıxışımızın məqsədini izah üçün çıxışını təmin etmələrini tələb etmişik. Biz Vətən xainləri və bütün üsullarla məşhurlaşmağa çalışan avantüristlər deyilik. Ölkəmizin siyasi, sosial və iqtisadi inkişafının bəzi məsələlərini açıq şəkildə ortaya qoymağın ifrat zərurəti yetişib. Biz bu çıxışa cəmiyyətimizdə kommunist münasibətlərinə nail olmaq istəyi ilə qərar vermişik”.
***
Sablinlə bərabər onun 11 tərəfdarı, o cümlədən, 2 gənc zabit (leytenantlar Dudnik və Vavilkin) həbs edilir. Baltik dənizindəki qiyam dövlət sirri elan olunur. Sonra istintaq və məhkəmə başlayır.
Sablin bütün məsuliyyəti öz üzərinə götürür. Matros Aleksandr Şeindən başqa bütün digər iştirakçılar Sablindən üz döndərirlər və məsuliyyətdən yaxa qurtarırlar. Ona görə də, məhkəmə yalnız Sablin və Şein üzərində qurulur.
Sov.İKP MK-nın əmri ilə Sablin “Vətənə xəyanət”də ittiham olunaraq ölüm hökmünə məhkum edilir, Şein isə 8 il müddətinə həbs cəzası alır.
Edamından əvvəl oğluna göndərdiyi məktubunda Sablin yazır: “Tənqid edən, ancaq hərəkət etməyən adamların cərgəsində heç zaman dayanma – Onlar ikiüzlüdürlər”.
Qiyam günü isə o, hadisələrin hansı istiqamətdə cərəyan edəcəyinin fərqində olduğundan, valideynləri üçün əvvəlcədən məktub yazıb qoyur: “Əziz, sevimli, gözəl ata və ana! Bu məktuba başlamaq çox çətin idi, çünki o, mənim ünvanıma sizdə həyəcan, ağrı, ola da bilsin ki, hiddət və qəzəb doğuracaq … Mənim hərəkətlərimi yalnız bir arzu idarə edir – gücüm çatan hər şeyi etmək ki, Vətənimin böyük xalqı siyasi yuxudan oyansın. Çünki, bu yuxu cəmiyyətimizin hər sahəsi üçün məhvedicidir…”
***
Kapitan Valeri Sablinin ölüm hökmü 1976-cı il, avqustun 3-də icra olunur.
1994-cü ildə Rusiya Ali Məhkəməsinin Hərbi kollegiyası Sablin haqda çıxarılmış ölüm hökmünü dəyişərək 10 illik həbs cəzası ilə əvəzləyir, habelə bəyan edir: istər Sablin, istərsə də Şein tam bəraətə layiq deyil…


Oxşar yazılar:

Baxış sayı:15495