abunə ol: Yazılar | Şərhlər | Еmail

İmmanuel Kant – Maariflənmə Nədir?

Şərh

z

İmmanuel Kant

Maariflənmə Nədir?

Tanınmış klassik alman filosofu İmmanuel Kant 1784-cü ildə “Berlinische Monatsschrift” qəzetində çap edilmiş “Maariflənmə nədir?” adlı suala cavab verir. Bu suala bir çox cavablar gəlməsinə və müəlliflərin arasında dövrün bir neçə tanınmış fikir adamının adının olmasına baxmayaraq, Kantın cavabı özünəməxsus və əsaslıdır. Ona görə özünəməxsusdur ki, esse Kantın digər əsərlərində ifadə etdiyi fikirlərini və Avropada XVIII-ci əsrdə baş vermiş hadisələrin mürəkkəb izahını, prosesləri tam əhatə etməsə belə, daha yığcam və sadə şəkildə ictimaiyyətə çatdırdı. Ona görə əsaslıdır ki, esse bu günə qədər geniş şəkildə tətbiq olunan və inkişaf etdirilən insan haqlarının tərkib hissəsi olan fikir və ifadə azadlığı anlayışlarının başlanğıc nöqtələrindəndir. Kant özündən sonra gələn hüquq müdafiəçiləri və fikir adamlarına elə bir arqument təqdim etdi ki, onu bu günə qədər cəmiyyətin idarə olunasında və xüsusən də demokratik idarə olunmada əsas sütunlardan biri hesab edirlər.

Maariflənmə insanlığın özü-özünə təlqin etdiyi qeyri-yetkinlikdən xilas olması deməkdir. Yetkin olmamaq insanın başqaları tərəfindən yönləndirilmədən öz ağlını istifadə etmək bacarığının olmamasıdır. Qeyri-yetkinlik o halda insanın özü tərəfindən təlqin olunur ki, o insanın məsələləri zəif qavramasına görə yox, onun məhz digərlərinin göstərişi olmadan öz təfəkküründən istifadə etmək cəsarətinin çatışmaması və müstəqil qərar qəbul edə bilmək qabiliyyətinin olmaması səbəbindən yaransın. Öyrənməyə cəhd et! (Sapere aude). “Öz dərrakəni istifadə etmək cəsarətinə sahib ol!” – maarifçiliyin əsas şüarıdır.

Bəşəriyyətin təbiətin asılılığından xilas olmasından[1] uzun müddət keçməsinə baxmayaraq, tənbəllik və cəsarətsizlik hələ də, əksəriyyətin ömür boyu əhəmiyyətiz olması və digərlərinin göstərdikləri yolu getməsinin, bununla belə həm də xoşbəxt olmasının yeganə səbəbləridir. Tənbəllik və cəsarətsizlik başqalarının asanlıqla özlərini hər kəsin bələdçisi, ağasına çevirə bilməsinin əsas səbəbidir.[2] Başqalarının bələdçiliyi ilə yaşamaq necə də rahatdır! Mənim yerimə düşünən kitab, vicdanımı əvəz edəcək rahib, nə yeyəcəyimi müəyyən edəcək həkim varsa, mənim əziyyət çəkməyimə nə lüzum var axı?! Pulunu ödəyib hər şeyi əldə edə bilirəmsə, mənim düşünməyimə nə ethiyac var?[3] Qoy xoşlamadığım şeylərin qayğısına başqaları qalsın. Beləliklə, üzərimizdə nəzarəti mərhəmətlə öz boyunlarına götürmüş himayəçilər bizi inandırmağa çalışırlar ki, bəşəriyyətin böyük bir əksəriyyətinin, zərif cinsin bütün nümayəndələri də daxil olmaqla, yetkinliyə doğru atacağı addımlar nəinki çətin, hətta çox təhlükəlidir. Bu himayədarlar əvvəlcə “əhliləşdirdikləri heyvanları”[4] kütləşdirir, dirəyə möhkəmcə bağladıqları bu sözəbaxan canlıların yüyənsiz atacaqları bircə addımın belə qarşısını məharətlə alır, sonra isə onlara sərbəst hərəkət edəcəkləri təqdirdə qarşılaşacaqları təhlükələrdən bəhs edirlər. Halbuki, bu təhlükələr elə də ciddi deyil; insanlar sərbəst şəkildə ilk addımlarını atarkən bir neçə dəfə büdrəyəndən sonra, nəhayət ki, ayaq üstə dayanmağı bacaracaqlar. Lakin ilk büdrəmələr onları həvəsdən salır və növbəti addımı atmaqdan çəkindirirlər.

Beləliklə, qeyri-yetkinlik artıq insanın xasiyyətinin ayrılmaz bir hissəsinə çevrilir və bundan yaxa qurtarmaq çox çətin olur. Nəticədə, belə həyat tərzindən onun hətta xoşu da gəlir və ona heç vaxt sərbəst hərəkət etmək imkanı verilmədiyi üçün, o, öz dərrakəsindən istifadə edə bilmir. Təbiətin insana bəxş etdiyi istedaddan ağıllı istifadə (yaxud, sui-istifadə) etmək üçün kəşf edilmiş doqma və qaydalar onun sonsuzadək davam edəcək qeyri-yetkinliyinin buxovlarıdır. Bu buxovlardan qurtulmağa çalışan insan hətta ən dayaz çuxuru belə adlamağa qorxacaqdır, çünki o, heç vaxt sərbəst addım atmağa öyrəşməyib. Bu səbəbdəndir ki, səlis addımlarla yeriyən, yəni, öz ağlını istifadə edərək yetkinləşən insanların sayı çox azdır.

Lakin cəmiyyətin bütövlükdə maariflənməsi ehtimalı daha çoxdur. Əslində cəmiyyətə sadəcə olaraq azadlıq verilərsə, maariflənmə, demək olar ki, qarşısıalınmaz bir prosesə çevrilər. Azad düşünən fikir adamları hər zaman olacaqdır. Hətta özünü cəmiyyətin himayədarı təyin etmiş kəslər arasında belə, hər zaman azad düşüncəli insanlar mövcuddur. Bu insanlar qeyri-yetkinliyin boyunduruğundan qurtulan kimi insanın dəyərini qiymətləndirəcək və onun öz ağlından istifadə edərək düşünmək məsuliyyəti olduğunu hər yerə bəyan edəcəkdir. Xüsusilə qeyd olunmalıdır ki, cəmiyyəti təhkim edən himayədarlar maariflənmədən imtina edərlərsə və tamamilə uzaqlaşarlarsa, onlar özləri sonradan məhz həmin cəmiyyətin quluna çevriləcəkdir. Bu nümunə xürafat toxumlarını əkməyin nə dərəcədə təhlükəli olduğunu göstərir; gec-tez bu toxumlar cücərərək öz sahibkarlarından və ya onların davamçılarından qisas alacaqdır. Cəmiyyət yalnız tədricən, addım-addım maariflənə bilər. İnqilab isə repressiya üzərində qurulmuş tamahkar tiranlığı, yaxud despotluğu ləğv edə bilər, lakin bu üsulla təfəkkürün islahına nail olmaq olmaz. Çünki maariflənmə olmayan yerdə köhnə xürafatı yenisi əvəz edəcək, sərbəst düşünə bilməyən toplum üçün yeni “qaydalar” təlqin ediləcəkdir.

Maariflənmək üçün azadlıqdan başqa heç nəyə ehtiyac yoxdur. Ən saf azadlıq isə, fərdin bütün məsələlərə münasibətdə öz ağlından ictimai istifadə edə bilməsidir. Bu gün üstümüzə hər tərəfdən “Mübahisə etmə!” deyə qışqırırlar. Sahibkar “Sual vermə, işlə!”, vergi müfəttişi “Mübahisə etmə, ödə!”, rahib “Şübhə etmə, inan!” deyə qışqırır. Dünyanın sahibi isə “İstədiyin qədər sual ver, şübhə və mübahisə et, lakin əmrə tabe ol!” deyir. Bizim azadlığımıza hər yerdə qadağalar qoyulur. Bu qadağaların hansı maariflənməyimiz üçün ziyanlıdır? Onların hansı lazımlı qadağadır və hansı maariflənmənin inkişafına təkan verir? Mənim cavabım belədir: “Ağlın ictimai istifadəsi hər zaman azad olmalıdır və sadəcə bu kifayət edər ki, bütün bəşəriyyət maariflənsin”.

Digər tərəfdən, ağlın şəxsi istifadəsi maarifçiliyin tərəqqisinə xüsusi bir zərər yetirmirsə, tez-tez dar mənada məhdudlaşdırıla bilər. “Ağlın ictimai istifadəsi” dedikdə, mən insanın bir fikir adamı kimi öz ağlından, onu dinləyən ictimaiyyət qarşısında istifadə etməsini nəzərdə tuturam. “Ağlın şəxsi istifadəsi” dedikdə isə, insanın ona cəmiyyət tərəfindən etibar edilmiş hər hansı bir vəzifəni icra edərkən öz ağlından istifadə etməsini nəzərdə tuturam. İctimai maraqlar naminə yerinə yetirilən bəzi işlərdə elə bir idarəçilik sisteminə ehtiyac yaranır ki, cəmiyyətin bir çox üzvlərinin bu sistemin işləməsində birbaşa iştirakına ehtiyac olmasın. Belə bir sistem ictimai məqsədlərin həyata keçirilməsinə xidmət edir və ən azından bu məqsədlərin yerinə yetirilməsində yaranacaq maneələri aradan qaldırır. Bu məqamda, həmin sistemin bir parçası ola-ola onun işləməsinə dair mübahisə yaxud şübhə etmək qadağandır. Bu mexanizmin yerinə yetirilməsində iştirak edən hər kəs birmənalı olaraq əmrlərə tabe olmalıdır. Lakin, bu sistemin tərkib hissəsi olan fərd özünü eyni zamanda cəmiyyətin və ya geniş mənada hər hansı bir icmanın üzvü hesab edirsə (deyək ki, həmin şəxs zaman-zaman öz fikirlərini mətbuat vasitəsilə ictimaiyyətə çatdırır), o, təbii ki, mübahisə edə bilər və bu halda onun özünün də icrasında əmrə tabe şəkildə iştirak etdiyi idarəçilik sistemi zərər görməyəcək. Yəni, vəzifə təlimatlarını yerinə yetirən bir zabitin qərargahdan aldığı əmrin uyğunluğunu, yaxud faydalılığını tənqid etməsi xoşagəlməz hadisələrlə nəticələnə bilər. O, əmrə tabe olmalıdır. Lakin bir fikir adamı kimi onun hərbi xidmətdə mövcud çatışmazlıqları öyrənməsi və onları ictimaiyyətin mühakiməsinə çıxarmasının qarşısını almağa heç kəsin haqqı yoxdur. Vətəndaş qanunla müəyyən olunmuş vergidən yayına bilməz. Həqiqətən də, belə bir itaətsizlik nümunəsi ictimai narahatlıq yarada bilər və cəzalandırılmalıdır. Lakin, əgər həmin şəxs bir fikir adamı kimi vergilərin qeyri-münasib və ya ədalətsiz olmasına qarşı ictimai şəkildə etirazını bildirərsə, o, heç bir halda vətəndaşlıq borcuna xəyanət etmiş hesab olunmaz. Rahib də, eynilə, kilsə qanunlarını camaata çatdırmağa, onları olduğu kimi öyrətməyə borcludur. Lakin, bir fikir sahibi kimi, o, ilahi doktrinadakı mövcud yanlışlıqları ehtiyatla müşahidə edərək gəldiyi nəticələr və faydalı fikirlərini, həmçinin dini mühakimələrin və dini təsisatların təkmilləşdirilməsi üçün təkliflərini ictimaiyyətə çatdırmaqda nəinki tamamilə azaddır, hətta buna borcludur. Bu heç bir halda onun vicdanını ləkələmir. Kilsənin nümayəndəsi və təmsilçisi kimi, rahib başqasının adından və onun rəhbərliyi altında çıxış etməklə təlimatlandırıldığı üçün kilsənin doktrinasını təbliğ edərkən onun öz dini qənaətlərindən istifadə etmək azadlığı yoxdur. O, “bizim kilsə bu və ya digər şeyləri öyrədir; bunlar isə bu kilsənin əsaslandığı dəlillərdir” deməlidir. Yəni, rahib kilsə nümayəndəsi kimi icmaya özünün heç də hər zaman tamamilə razı olmadığı doktrinaları təqdim edə və onların bundan mümkün qədər faydalanmasını təmin edə bilər. Lakin rahib gördüyü işə ona görə sadiq qala bilir ki, öyrətdiklərində azca da olsa həqiqət payı olduğuna şübhə etmir. Bunun əksi mümkün də deyil, çünki əgər o, bu doktrinalarda dinin dəyərlərinə fundamental olaraq zidd bir şeyə rast gələrsə, öz vəzifəsini vicdanla yerinə yetirə bilməz. Bu halda onun istefa verməsi ən doğru addım olar. Nəticə etibarilə, rahibin öz ağlından kilsə icması qarşısında bu şəkildə istifadəsi şəxsi istifadədir. İstənilən halda, ölçüsündən asılı olmayaraq, bu icma xüsusi təyinatlı icmadır.[5] Rahib bu mənada azad deyil və ola da bilməz, çünki o, başqalarının əmrlərini yerinə yetirir. Digər tərəfdən, rahib öz yazıları ilə geniş mənada [dünya] ictimaiyyəti qarşısında çıxış edən fikir sahibi, yəni, öz ağlının ictimai istifadəsinin sahibi kimi, öz ağlından heç bir məhdudiyyətsiz, azad şəkildə istifadə və fikirlərin ifadə etmək haqqına malikdir. Bunun əksini, yəni insanların mənəvi rəhbərlərinə qarşı kölə kimi davranılmasını tələb etməsini iddia etməkcəfəngiyatdır və belə bir davranış bütün cəmiyyət üçün absurddur.

Hər hansı bir rahiblər kollegiyası, məsələn Kilsə Şurası bütün icma üzvləri üzərində və nəticə etibarilə bütün insanlar üzərində daimi nəzarəti təmin etmək məqsədilə hər hansı bir dəyişməz doktrinaya müqəddəs sadiqlik andı içməlidirmi? Mən iddia edirəm ki, bu mümkün deyil. Bəşəriyyəti maariflənmədən uzaq tutmağa hesablanmış belə bir saziş, hətta hər hansı bir qanuni hakimiyyət, parlament yaxud ən mühüm müqavilələr tərəfindən ratifikasiya olunsa belə, sadəcə olaraq mənasız və faydasızdır. Cari zaman özündən sonrakı dövrləri kor edən, növbəti əsrlərin düşüncəsinin inkişafına mane olan, öz səhvlərini düzəltmək imkanlarının qarşısını alan və əsrin maariflənmə əsasında təkamülünü məhdudlaşdıracaq bir saziş imzalaya bilməz. İnsan taleyi təfəkkürün təkamülü üzərində yazılmışdır və belə bir saziş insan təbiətinə qarşı cinayətdir. Gələcək nəsillər belə əsassız və utandırıcı sazişlərdən tamamilə imtina etmək haqqına sahibdirlər. Cəmiyyət üçün qanuna çevrilməsi nəzərdə tutulan bütün qərarların kökündə bir sual dayanır: İnsanlar iradi olaraq özlərinə belə bir qanunu təlqin edə bilərlərmi? Doğrudur, gələcəkdə daha yaxşı nizam-intizamın yaradılması naminə müvəqqəti olaraq müəyyən qısamüddətli fövqəladə vəziyyət tədbiq etmək olar. Lakin, bu müvəqqədi vəziyyət qüvvədə olduğu müddətdə, hər bir vətəndaşa (hər şeydən öncə isə, özünü ziyalı hesab edənlərə) mövcud təsisatların çatışmazlıqlarını tənqid etmək azadlığı verilməlidir. Bu, cəmiyyətin məsələlərdən kifayət qədər agah olacağı müddətə qədər və əksər ziyalıların vahid iradəsi nəticəsində (heç də hər kəsin qoşulması şərt deyil) mövcud hakimiyyətə köhnə təsisatlara sadiqliyini qoruyub saxlayan icmaların hüquqlarını pozmadan, həmin təsisatları (məsələn, dini doktrinanı) dəyişdirməyi üstün tutan icmaların hüquqlarını qoruyan islahatlar təklifi edilənə qədər davam etməlidir. Əksinə, ictimai qınaq və sorğu obyektinə çevrilməyən əbədi dini təsisatların qurulmasına razı olmaq isə,insanın inkişafının qarşısını almaq deməkdir. Bu tamamilə və mütləq şəkildə qadağan olunmalıdır!

İnsan öz maariflənməsini müəyyən məhdud müddətə təxirə sala bilər. Maariflənmədən tamamilə imtina etmək isə, istər şəxsin özü, istərsə də onun davamçıları üçün, insanın müqəddəs hüquqlarını pozmaq və tapdalamaq deməkdir. İnsanların özləri üçün qəbul edə bilmədikləri qərarı hakimiyyət onların yerinə necə qəbul edə bilər ki? Məgər hakimiyyətin nüfuzu bütün insanların iradəsini öz iradəsində cəmləşdirməkdən ibarət deyilmi? Əgər hakimiyyət bütün dəyişiklikləri və inkişafı (həmçinin dini sferada) ictimai asayişin qorunması çərçivəsində təmin edə bilirsə, o zaman o öz təəbələrinin dini və mənəvi seçimlərini onların öz iradəsinə buraxmalıdır. İman məsələsi hakimiyyətin işi deyil; Onun işi bir insanın, digərinin maariflənmə seçimlərinə zorla mane olduğu halda onun qarşısını almaqdır. Həqiqətən də, hakimiyyətin belə məsələlərə qarışması və təbəələrinin öz inanclarını əsaslandırdıqları yazılara nəzarət etməsi, bunu ən yüksək səmimiyyət və istəklə etsə belə, qərəzlidir. Çünki, bu halda o məşhur “Kral qrammatikadan üstün deyil” (Ceasar non est supra grammaticos)[6] qaydasını pozmuş olur. Hakimiyyətin öz təbəələri əvəzinə insanların vicdanı üzərində ağalıq etməyə can atan azsaylı tiranları dəstəkləməsi isə daha da acınacaqlıdır.

Əgər məndən “biz maariflənmiş bir eradamı yaşayırıq?” deyə soruşsalar, cavabım “xeyr, lakin biz maariflənmə erasında yaşayırıq” olacaq. Vəziyyət belədir ki, insanlar hələ də, xüsusən də dini məsələlərdə öz ağıllarından əminliklə və düzgün şəkildə istifadə etməkdən çox uzaqdırlar. Lakin bəzi aydın müşahidələrimiz və işarələr göstərir ki, artıq maariflənməyə doğru addımlamaq üçün yolumuz açıqdır. Hətta deyərdim ki, ictimaiyyətin maariflənməsinə və ya insanların özlərinə təlqin etdikləri qeyri-yetkinlikdən xilas olmalarına maneə törədən məsələlər tədricən aradan qalxır. Bu mənada, biz Kral Böyük Fridrixin[7] hakimiyyəti dövrünü maarifçilik erası adlandıra bilərik.

Hakimiyyətin, öz təbəələrinin mənəviyyat (dini, vicdan məsələləri kimi də başa düşülə bilər) məsələlərinə qarışmamaqda və onlara seçimlərində mütləq azadlıq verməkdə borclu olduğunu bəyan etməsi heç bir halda onun öz ləyaqətinin alçaldılması kimi qəbul edilməməlidir. Əgər hakimiyyət təkəbbürlü “tolerant” sözündən imtina edibsə, demək o artıq maariflənmişdir;[8] o zaman bu hakimiyyət bəşəriyyəti heç olmazsa hakimiyyətdən azad edən və hər kəsə öz dərrakələrinə aid olan məsələlərdə ağlını istifadə etmək imkanı verən biri kimi yadda qalacaq və bütün dünya və gələcək nəsillər ona minnətdar olacaqdır. Belə bir hakimiyyətin səltənətində ləyaqətli din xadimləri, vəzifələrinin nədən ibarət olmasından asılı olmayaraq və müəyyən məqamlarda hətta ümumən qəbul olunmuş kilsə doktrinasına zidd olsa belə, bir ziyalı kimi hərəkət edərək, öz düşüncələrini açıq və azad şəkildə ictimaiyyətin müzakirəsinə çıxara bilərlər. Bu mənada, hər hansı bir rəsmi vəzifə tərəfindən səlahiyyətlərinin məhdudlaşdırılmadığı insanlar üçün isə, bu daha da keçərlidir. Azadlıq ruhu bütün sərhədləri aşır, hətta özünün həqiqi məqsədlərini dərk edə bilməyən hakimiyyətlər tərərfindən yaradılmış maneələri belə! Hakimiyyətlər azadlığın ictimai asayişə və ya cəmiyyətin həmrəyliyinə heç bir təhlükə törətmədiyini qəbul etməlidirlər. Əgər hakimiyyət insanları məqsədyönlü şəkildə vəhşi vəziyyətdə saxlamağa cəhd etmirsə, insanlar tədricən özləri bu vəziyyətdən xilas olacaqlar.

Mən maariflənmə, yəni insanlığın özü-özünə təlqin etdiyi qeyri-yetkinlikdən xilas olması haqqında danışarkən din məsələsinə ona görə daha çox diqqət ayırdım ki, cəmiyyətimizi idarə edənlər elm və incəsənət məsələlərində öz təbəələrinə nəzarət etməkdə zatən maraqlı deyillər. Üstəlik, dini məsələdə yetkin olmamaq nəinki təhlükəlidir, həm də insan ləyaqətini alçaldır. Lakin, elm və incəsənət sahəsində azadlıqları təmin etməkdə xüsusilə maraqlı olan bir hakimiyyətin təfəkkürü daha üstündür. Çünki, belə hakimiyyət əmindir ki, təbəələrininöz ağıllarından ictimai istifadə edərək cəmiyyətin idarə olunmasında istifadə olunan təməl qanunları səmimi tənqid etməsinin, həmçinin daha yüksək rifah naminə öz təkliflərini sərbəst şəkildə irəli sürə bilməsinin heç bir qorxusu yoxdur. Bu mənada bizim artıq Prussiya krallığı timsalında parlaq nümunəmiz var!

Məhz kölgələrdən qorxmayan və tabeliyindəki çoxsaylı və intizamlı ordularla ictimai asayişin təminatçısı olan maarifçi bir hakimiyyət, digər bütün olkələrin hakimiyyətlərindən fərqli olaraq, öz təbəələrinə “istənilən şeyi istədiyiniz qədər tənqid edin, amma qanuna tabe olun!” deyə bilər. Bu məqamda, cəmiyyətə aid bütün məsələlərin ziddiyyətli olduğu kimi, burada da hadisələrin gözlənilməz və qəribə inkişafını müşahidə edə bilərik; vətəndaşlara hər sahədə böyük azadlıqların verilməsi onların düşüncəsini inkişaf etdirsə də, hakimiyyətin səlahiyyəti üçün müəyyən sərhıdlər yarada bilər. Azadlıq məhdudlaşdırıldıqda isə, azadlıq ruhu bütün sərhədləri aşıb öz imkanlarından mümkün qədər yararlanmağa can atacaqdır! Təbiət ehtiyatla insan cismində azad düşüncəyə meyl edən bir toxum əkmişdir. Bu azad fikir toxumu davamlı olaraq insanların təfəkkürünü inkişaf etdirir və insanlara daha geniş azadlıqlar şəraitində daha yetkin davranmaq qabiliyyəti verir. Nəticə etibarilə, azad düşüncə hakimiyyətin fundamental təsisatları üzərində bərqərar olur və dövlət insanla robot kimi yox, ləyaqətli bir varlıq kimi davranmağın əhəmiyyətini anlayır.


[1]Burada Kant insanların oturaq həyata başlamasını, torpağın və heyvanların əhliləşdirilməsini və sivilizasiyanın qurulmasını nəzərdə tutur.

[2]Kant burada Jan Jak Russonun bərabərsizliyin mənşəyi haqqında fikirlərinə şərh verir. Russo iddia edirdi ki, bərabərsizliyin əsasında insanların digərlərinə ağalıq etməsi dayanır, bu isə özəl mülkiyyətin yaranmasından başlayır. Russo deyirdi: O insan ki, ilk dəfə əlinə bir ağac alıb onu torpağa sancdı və “bundan sonra bura mənimdir” dedi, və ətrafında ona inanacaq kifayət qədər axmaq insan tapdı, o insan sivilizasiyanın əsasını qoymuşdur. Kant isə, bunun səbəbini, ətrafdakı insanların yetkinsizlikdən xilas olmamasında, yəni maarifçiliyin olmamasında görür.

[3]Adam Smitin “gözəgörünməz əl” və “hər kəs öz marağı əsasında hərəkət etsə, o zaman hər kəs xoşbəxt olacaq” anlayışlarını yadımıza salaq.

[4]Kant burada çobanların heyvanları əhliləşdirdirməsini himayədarların insanları əhliləşdirməsinə metafor kimi işlədir.

[5]Yəni, icmanı rahibin vəzifələrinə uyğun dəyərlər birləşdirir. Məsələn icma dini icmadır və həftənin bazar  günləri dini ayini yerinə yetirmək məqsədilə yığışır və bu mənada kilsə camaatının məqsədi və məramı məhduddur və  bəllidir.

[6]Rəvayətə görə, 1414-cü ildə Katolik Kilsəsinin qanunlarını və kilisə doktrinasının tədbiqi qaydalarını müəyyən edən şuranın iclasında iştirak edən Müqəddəs Roma İmperatoru Zigizmund çıxışı zamanı cinsi olmayan “schisma” (şizma; bölünmə, ayrılma, təriqət) sözünü “schism” olaraq, yəni qadın cinsində istifadə edir. Bu zaman Şura üzvləri İmperator Zigizmunda qrammatik səvhə yol verdiyini söyləyirlər, o isə elan edir ki, O Müqəddəs Roma İmperatorluğunun Kralı olduğundan, indiyə qədər heç bir cinsə mənsub olmasına baxmayaraq, bundan sonra “schisma” sözü qadın cinsinə mənsub olan söz kimi qəbul olunacaqdır. Bu zaman rahiblərdən biri ayağa qalxır və “Kral qrammatikadan (qrammatikaçılardan) üstün deyil” şüarını səsləndirir. Roma İmperiyası zamanı baş vermiş oxşar hadisə zamanı imperator Tiberi öz çıxışında latın mənşəli olmayan sözdən istifadə edərkən ona “Siz, Sezar, Roma vətəndaşları üzərində iradənizi tədbiq edə bilərsiniz, amma sözlər üzərində belə bir səlahiyyətiniz yoxdur” deyə etiraz etmişdilər. Zigizmund bu hadisədən ibrət alaraq rahiblərin etirazını qəbul etmişdi.

[7]Prussiya Kralı Fridrix (1712-1786).

[8]Tolerant sözü müasir zamanda “dözümlü” anlamında kimi müsbət yüklü məna daşıyırsa, burada mənfi mənada nəzərdə tutulur. Çox güman ki, tolerant sözü dözümlü yanaşan tərəfə daha çox səlahiyyət müəyyən etdiyindən mənfi mənada işlədilir.

Tərcümə və Önsöz: Nicat Qarayev


Oxşar yazılar:

Baxış sayı:18638