abunə ol: Yazılar | Şərhlər | Еmail

İki ada

Şərh

Cyprus Crisis

Boris Kaqarlitski

Psixologiyada məşhur bir formul var: “Çıxılmaz vəziyyət – elə bir vəziyyətdir ki, ondan aşkar çıxış yolu sizin xoşunuza gəlmir”. Əgər maliyyə böhranı ilə mübarizəyə dair diskussiyaların mahiyyəti bir cümlə ilə ifadə etməyə cəhd edilsə, məsələ bu cümləyə gətirilər.

Avropa elitaları defolt sözündən, bizimkilərin “inqilab” sözündən qorxduqları qədər qorxurlar. Ümumiyyətlə, biri digərindən çox fərqlənmir. Axı hər iki halda söhbət təkcə xoşagəlməz haldan deyil, həm də siyasətin radikal dəyişdirilməsindən gedir. Əgər defolt özlüyündə inqilaba gətirib çıxarmırsa, o, ən azından, əyani şəkildə nümayiş etdirir ki, Leninin formulundan istifadə edərsək, “yuxarılar əvvəlki kimi idarə edə bilmirlər”.

Parlamentlər və hökumətlər vəd edirlər ki, defolt təhlükəsinə qarşı istənilən yolla, təsərrüfatın tam dağıdılması, öz xalqlarının yoxsullaşması, əgər lazımdırsa, hətta dövlətin faktiki məhvinə qədər, şirkətləri, əraziləri, təbii resurs yataqlarını xarici şirkətlərə verərək mübarizə aparacaqlar. Yunanıstanda iqtisadiyyat viranəliyə çevrilir, bunlar antik viranəliklərdən fərqli olaraq, çətin ki turist və sərmayəçiləri cəlb etsin. Kiprdə borc böhranına dair qızğın parlament debatları zamanı istənilən sözlər, ən müxtəlif planlar səsləndirilir, müzakirə edilirdi, yeganə aşkar perspektivdən – defoltun elanı və milli valyutaya qayıdışdan başqa.

Bu arada İslandiya defolt elan etdi və bir müddət əvvəl bankları milliləşdirdi. Bu gün vikinqlərin övladları Avropanın əks qütbündə hadisələri aşkar təəccüblə izləyirlər. Faktlar göstərir ki, onların istifadə etdiyi metod işə yaradı: skandinav adası indi, yəqin ki, Qərbdə yeganə məkandır ki, orada qəzetlərin iqtisadi bölmələrində ancaq yaxşı xəbərlər yazılır. İstehsal artır, həyat səviyyəsi praktiki olaraq zərər görməyib, yerli valyuta sabitdir, İslandiyanın sərt iqlimini Aralıq dənizinin günəşli çimərliklərindən üstün tutan turistlərin axını daima artmaqdadır.

Cənubi Avropa bank sistemlərinin və hökumətlərin ödəmə qabiliyyətinin olmaması artıq aydındır və müflisləşmənin etiraf edilməsi iqtisadi mexanizmi yenidən işə salmağın yeganə üsuludur. Təbii ki, bu avtomatik olaraq avrozonanın çökməsinə və bir sıra ölkələrin milli valyutaya qayıtmasına, ya da Avropa İttifaqı çərçivəsində vahid pul sistemi əvəzində bir neçə paralel olaraq mövcud olacaq yerli valyutaların yaradılmasına gətirib çıxaracaq. Burada qorxulu heç nə yoxdur, iqtisadi tarixdə bu cür hallar dəfələrlə baş verib və bu cür qərarların mənfi fəsadları, siyasətçilərin “defoltdan xilas” uğrunda mübarizəsi prosesində öz ölkələrini düçar etdikləri bəlalarla müqayisə belə edilə bilməz. Əsas bəla hətta cənubi avropa ölkələri xalqlarının verdiyi qurbanların miqyasında da deyil. Daha pisi odur ki, bu qurbanlar, əvvəlki illərin təcrübəsinin göstərdiyi kimi, əbəsdir. Dövlətin müflisləşməsi təhlükəsini qırağa qoyaraq və cəmiyyətin məhvi bahasına bankları xilas edərək, bu siyasət problemi həll etmir, əksinə, onu dərinləşdirir. Sistemi dağıdan bütün disproporsiya və ziddiyyətlər qorunub saxlanır və yenidən yaradılır, çöküş təhlükəsi ilə böhranın hər yeni başqaldırmasında təkrar olaraq geri qayıdır, onun öhdəsindən gəlmək o səbəbdən mümkün deyil ki, ziddiyyətləri radikal şəkildə həll etmək üçün tədbirlər görülmür.

Böhran Avropanın bir hissəsindən digər hissəsinə yer dəyişən köçəri hal alıb. Bir hissəsində, qəhrəmancasına səylər və böyük qurbanlar bahasına növbəti “xilasın” baş tutduğu elan edildiyi zaman digər hissəsində yeni təhlükə baş qaldırır. Defoltu Yunanıstanda 2011-ci ildə gözləyirdilər, 2013-cü ildə Kiprdə əldə etdilər. Elə təəssürat yaranır ki, onu “Rusiya poçtu” ilə çatdırıblar.

Böhranın bir ölkədən digərinə yer dəyişdirməsi spekulyativ kapital axınları ilə əlaqədardır ki, onlar bütün qitə və dünya üzrə hərəkət edərək, Orta əsrlərdə siçan dəstələrinin Avropa üzrə taun xəstəliyini yaydıqları kimi böhran xəstəliyini yayırlar. Spekulyativ kapitalın məhvi və ya milliləşdirilməsi ilə müşayiət ediləcək bu fəaliyyətin məhvi həqiqətən də vəziyyəti radikal şəkildə sağalda bilər. Məsələ də ondadır ki, dünyanın bir çox ölkələrinin hökumətlərini faktiki olaraq idarə edən maliyyə çevrələri böhrandan yeganə çıxış yolunu bağlayaraq, bu qərarın qəbul edilməsinə yol vermirlər.

İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Pol Kruqman İslandiyada baş verənləri inqilab adlandırmışdı. Əslində, sadə sağlam şüurun diktə etdiyini gerçəkləşdirmək üçün müəyyən ictimai-siyasi çevriliş lazım olmuşdu. Lakin İslandiyada oliqarxiya güclü siyasi amil kimi formalaşa bilməmişdi. Oradakı bankların sürətli artımına baxmayaraq, onların adamın həyatına təsiri elə bir kritik səviyyəyə çatmamışdı ki, cəmiyyət və KİV onun faktiki əsirlərinə çevrilsinlər. Güclü birbaşa demokratiya ənənələri olan bu ölkədə böhran dövründə bu, kəskin siyasi qırılma nöqtəsinə gətirib çıxardı ki, xalq sadəcə olaraq “sərt iqtisadiyyatla” barışmaqdan imtina etdi. Bankların itkilərini mülkiyyətçilər və iri əmanətçilər ödəməlidirlər. Əgər bu mülkiyyətçilər və əmanətçilər xarici vətəndaşlardırlarsa, bu onlar üçün daha pisdir. Bəsit məntiq üçün aydın olan sadə həll İslandiyada mümkün oldu, lakin Yunanıstanda yox. Qərb paytaxtlarındakı hiddət dalğasından sonra Şimaldakı adanı tabe olmağa məcbur etməyin mümkün olmayacağı məlum olduqda (axı bu, İraq və ya Liviya deyil, oraya kanoner qayıqları göndərmək olmaz, birdən islandiyalalılar onları batırarlar), onu unutmağa çalışdılar. Analitiklər, iqtisadi mütəxəssislər, böhranla mübarizə ekspertləri hər şey haqqında danışır, istənilən misalları gətirirdilər, təki İslandiya xatırlanmasın. Sükut əlbirliyini yalnız yuxarıda adı çəkilən Pol Kruqman pozdu və liberal ekspertlər arasında dərhal dissidentə çevrildi.

Lakin Kiprdəki böhran İslandiyadakı vəziyyəti elə bir dəqiqliklə təkrarlayır ki, analogiyalara fikir verməmək mümkün deyil. Əlbəttə, islandiyalıların bəxti gətirdi ki, onlar vaxtında avronu qəbul etmədilər, buna görə də qarşılarında ümumi valyutadan imtina etmək seçimi dayanmırdı.  Səciyyəvidir ki, adada bank böhranının ən qızğın çağında islandiyalılara təcili qaydada avrozonaya daxil olmağı təklif etdilər ki, onlar nəzakətli şəkildə bundan imtina etdilər. Lakin son nəticədə Kipr və ya Yunanıstanın avrozonadan çıxmaq məsələsi sırf texniki məsələdir. Pul çap etmək çətin məsələ deyil, bank əmanətlərinin isə yerli valyutaya məcburi çevrilməsi üçün kompyuter “mausunun” bir neçə kliki kifayətdir. Birinci dünya müharibəsindən sonra Mərkəzi Avropadakı yeni milli dövlətlər çap maşını olmadan yerli valyutalarını yaradırdılar – dağılan imperiyaların əskinaslarında müvafiq möhürləri qoymaq kifayət idi.

Təbii ki, problem əskinasın rəngi və formasında deyil. Hətta o da deyil ki, yerli valyuta 1998-ci  ilin rublu kimi, ilk zamanlarda dəyərdən düşəcək. Öz təcrübəmizə, 2001-ci il Argentinanın təcrübəsinə və istisnasız olaraq bütün digər defolt təcrübələrinə əsasən bilirik ki, bu avtomatik olaraq rəqabət qabiliyyətinin yüksəlməsinə və iqtisadi artımın bərpasına gətirib çıxaracaq. Problem ondadır ki, bir problemlərin həlli zəncirvari reaksiya ilə digərlərinin həllinə və fəaliyyətinə gətirib çıxaracaq. Avrozonadan çıxışla dünyanın sonunun gəlməyəcəyi aydın olduqda, bütün Cənubi Avropa dövlətləri, həmçinin Finlandiya bu variantı real alternativ qismində nəzərdən keçirməyə başlayacaqlar. Məsələ onda deyil ki, bir valyuta kimi avro zəifləyəcək və ya çökəcək. Almaniya, Fransa və Beniluks ölkələrinin valyutası kimi saxlanaraq, vahid valyuta möhkəmlənə də bilər. Lakin maliyyə oliqarxiyasının ictimai-iqtisadi hökmranlığı dağılacaq, bütün cəmiyyətin həyatını, bütün siyasi və təsərrüfat qərarlarını öz maraqlarına tabe etmək bacarığı keçmişdə qalacaq. İri bankların qüdrəti sona çatacaq, bu bankların çoxu milliləşdiriləcək. “İslandiya inqilabı” ümumavropa və “permanent” inqilab olacaq. Virus qitədə yayılacaq, bu artıq yerli istisna deyil, iqtisadi həyatın məntiqini dəyişəcək yeni qaydaya çevriləcək. Qaydalar dəyişdikdən sonra ictimai ideologiya dəyişəcək, yeni imkanlar haqqında müzakirələr açılacaq, sosialist ideyalar cəmiyyətdə dövr edəcək.

Bu cür ssenariyə yol verməmək üçün iki ildən çoxdur ki, Yunanıstana əzab verirlər, Portuqaliya, İspaniya və İtaliya iqtisadiyyatlarını dağıdırlar. Lakin görünür ki, mühafizəkar siyasətin resursları artıq tükənib. Yunanıstanla məşğul olan brüssel bürokratları və avropa Mərkəzi Bankının alman rəhbərliyi Kiprdə baş verən prosesləri nəzərdən qaçırıblar. Moskvada da təhlükənin miqyasını vaxtında dərk etmədilər və vəziyyət pisləşməkdə olsa da, hələ nəzarət altında ikən yardım etmədilər. Faktiki olaraq Kiprdə defolt artıq o zaman baş verdi ki, hökumət bank əməliyyatlarını blok etməyə məcbur olmuşdu. Başqa xilas yolu tapmayaraq, Nikosiyadakı hökumət nümayəndələri geri dönüşü olmayan həddi keçərək, bütün gələcək müzakirələri mahiyyətcə əhəmiyyətsizləşdirdilər. Əgər bank hesablarının blok edilməsi bir və ya iki gün davam etsəydi, nələrisə düzəltmək olardı, lakin bu qədər qısa zamanda xilas planını qəbul etmək və gerçəkləşdirmək mümkün olmadı. Burada məsələ yığılmalı olan məbləğdə deyildi. Qitə miqyasında 16 milyard avro astronomik rəqəm kimi görünmür. Böhran artıq onlarla trilyon dollar sərf edib. “Vaxt – puldur” məşhur deyimi indiki halda öz həqiqiliyini amansızlıqla nümayiş etdirdi. İtirilmiş vaxtı artıq heç bir pul daxilolmaları ilə kompensasiya etmək olmaz.

Məqalə yazıldığı müddətdə (25 mart 2013 – tərc.qeydi) Kiprin “xilası” haqqında “Troyka”, kreditorların nümayəndələri və adanın hökuməti arasında danışıqlar davam edir. Danışıqlar çətin irəliləyir, əhalini gah əldə edilmiş razılıqlarla sevindirir, ya da yeni fikir ayrılıqlarının yaranması ilə bağlı kədərləndirirlər. Əslində müzakirənin bütün iştirakçıları çox gözəl başa düşür: xilas etməli heç nə yoxdur. Brüssel, Berlin və Frankfurtda başa düşürlər ki, adanın bank sistemi komadadır və onun normal fəaliyyətinin bərpası mümkün deyil. Xəstə daha çox ölüdür, nəinki diri. Hətta əgər pul tapılsa və rəsmi olaraq defoltun qarşısı alınsa,  bir həftəlik bloklamadan sonra hesabları sadəcə olaraq açmaq mümkün deyil. Hesablardan eyni zamanda pul çəkilməsi, panika olmadıqda belə, minimum olaraq normanı yeddiqat yüksəldəcək ki, bu da özlüyündə avtomatik olaraq daha bir bank böhranına səbəb olacaq və qorxulan panikanı yaradacaq. Hesabları daha uzun müddətə tam və qismən dondurulmuş saxlamaq maliyyə sektorunun iflasını yaxınlaşdırmaq deməkdir. Başqa sözlə, hətta əgər çərşənbə axşamı (26 mart 2013 – tərc.qeydi) Kipr ofşorları xilas edilsə, yalnız ona görə ki, böhran bir neçə həftə, bəlkə də bir neçə gün sonra təkrarlansın. Hətta bir neçə saat sonra. Xilas edilə bilməyəcək şeyin xilası üçün nə üçün pul sərf edilsin?

Alman siyasətçiləri bunu dərk edərək, rədd cavablarını əsaslandırmaq üçün bəhanə axtarışındadırlar. Kipr deputatları parlament iclasında yüksək səslə şikayətlənirlər ki, Aİ partnyorları “bizim ölümümüzü istəyirlər”. Rus televiziyaları kipr parlamentinin iclasını canlı efirdə yayımlayır, ofşorda pullarını vergilərdən gizləmiş milli oliqarxlar və varlı orta sinif nümayəndələri isə öz pul kisələrini və ürəklərini bərk-bərk tuturlar. Hadisələrin istənilən inkişafında itkilər, pullarını vətəndə saxladıqları təqdirdə hökumətə verəcəklərindən daha çox olacaq. Liberal publisistlər çaşqınlıq içindədirlər. Onlar uzun illər boyu özlərini və ətrafdakıları inandırırdılar ki, guya təkcə Rusiyada xüsusi mülkiyyət qorunmur, “sivil Avropada” isə mülkiyyət hüquqları etibarlı şəkildə zəmanət altındadır (məhz buna görə aradan çıxmaq lazım idi ki, ölkədən çıxarılmış pulları ofşorda gizlətsinlər). Öz tarixi nadanlıqları səbəbindən bu bədbəxtlər bilmirdilər ki, kapitalizm tarixi – dövri olaraq təkrarlanan müsadirə və mülkiyyətin ayrı-ayrı şəxslər və dövlətlər tərəfindən qarşılıqlı şəkildə alınması tarixidir ki, məşhur “ekspropriatorların eskpropriasiyası” marksist şüarı bunu təsdiqləyir.

Asanlıqla bilmək olar ki, kipr böhranının Rusiya üçün birbaşa fəsadları heç də xoş olmayacaq. Milli sənaye yanvar ayından çöküş yaşayır. İlk ayda istehsal 0,8%, fevralda isə 2% azalıb. Sənaye çöküşünün genişmiqyaslı geriləməyə çevrilməsi üçün kiçik bir təkan çatışmırdı və o, kipr böhranı şəklində ortaya çıxdı. Rusiyada istehlakı azaldaraq, bizim geriləmə rikoşetlə Qərbi Avropaya toxunacaq ki, o da öz üzərində “rus istehlakçısının” həvəsinin necə azaldığını hiss edəcək.

Lakin avronun nüfuzu və rus oliqarxları üçün nə qədər ağrılı olsa da, Kiprin çöküşü ortamüddətli perspektivdə beynəlxalq maliyyə sisteminin sağalması amili olacaq. Hökumətlər uzun müddət ofşorların öhdəsindən necə gəlmək haqqında danışırdılar, lakin bunu edə bilmirdilər. Nəticədə isə böhranın fonunda ofşorlar özlərini məhv etməyə başlayırlar. Onlar qaçılmaz olaraq dağılan piramidalara, partlayan sabun köpüklərinə çevrilirlər. Ziyan görməmiş kapital köhnə sənaye ölkələrinə axacaq, burada onlara vergi qoyulacaq və iqtisadi inkişafa xidmət etməyə yönəldiləcəklər. Hətta rus bankları üçün burada bəzi imkanlar açılır. Əmanətçilər ofşolardan zəifləmiş və yolunmuş şəkildə qayıdacaqlar, lakin indi fərqli yaşamalı və işləməli olacaqlar.

Bu şəraitdə rublun nisbi dəyərdən düşməsi də ciddi problem olmayacaq, çünki aydın olacaq ki, pulları neftin və müəyyən sənaye istehsalının olduğu ölkədə saxlamaq onları, əmanətlərin miqdarı ÜDM-undan 5 dəfə çox olan adada saxlamaqdan daha etibarlıdır. Artımın bərpa edilməsi qarşısında maneə daxili konyuktur və milli inkişafın hər hansı xüsusiyyətləri deyil, hökumətin mövqeyi olacaqdır ki, o bir neçə gün ərzində nümayişkəranə şəkildə özünü ofşor oliqarxları ilə eyniləşdirib, indi isə, əgər baş nazirin sözlərinə inansaq, haradasa Uzaq Şərqdə, çox güman ki Saxalində öz ofşorlarını yaratmağı arzulayır (halbuki eyni şəkildə bu məqsəd üçün, Dmirtiy Medvedevin vəd etdiyi “beynəlzalq maliyyə mərkəzini” yaradaraq, Bolotnı meydanını da istifadə etmək olar). İstisna deyil ki, Medvedev və onun hökuməti, öz manilovsayağı planlarının gerçəkləşməsi yolunda uğurla getməzdən əvvəl kipr böhranının qurbanlarına çevriləcəklər.

Maraqların ziddiyyəti qaçılmaz olaraq ictimai qüvvələrin aşkar qarşıdurmasını diktə edir. İqtisadi böhrandan çıxış yolu siyasət vasitəsilə tapılacaq. İnadla kursu dəyişmək istəməyən hökumətlər və hökmran siniflər tez və ya gec öz inadkarlıqlarına görə cavab verməli olacaqlar. Böhranın aradan qaldırılmasına gedən yol “texnik həllərin” axtarışından deyil, siyasi manelərin dəf edilməsindən – strukturun dağıdılması və neoliberal prinsipləri müdafiə edənlərin hakimiyyətdən uzaqlaşdırılmasından keçir.

(c) SOLFRONT.org

[Yazı original məqalədən Solfront.org üçün hazırlanmışdır]


Oxşar yazılar:

Baxış sayı:6829