abunə ol: Yazılar | Şərhlər | Еmail

1000-ə yaxın neftçi etiraz aksiyasına başladı

Şərh

neftci 1

“Boss-Shelf” şirkətində 1000-ə yaxın neftçi bu gün səhər saatlarından etibarən etiraz aksiyasına start veriblər. Bu barədə musavat.com-a etibarlı mənbə xəbər verib.

Məlumatda deyilir ki, neftçilər tibbi sığortanın olmamasına, əmək haqqının azlığına, etiraz edirlər.

Bütün sexlərdə işin dayandırıldığı xəbər verilir. Fəhlələr tələblərini müəssisə rəhbərliyinə çatdırıb, vaxt verəcəklər. Aksiyanın davamlı olacağı, fəhlələrin öz tələblərində israr edəcəyi bildirilir.

Neftçilərin hüquqlarını müdafiə komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı deyib ki, bu şirkətdə bu cür aksiyanın keçirilməsi birinci dəfə deyil, fəhlələrin əmək haqlarının aşağı olması onları belə tədbirlərə əl atmağa vadar edir.

***

Neftçilərin hüquqlarını müdafiə komitəsinin rəhbəri Mirvari Qəhrəmanlının Musavat.com-a verdiyi məlumata görə, etirazçı fəhlələr zavod ərazisini tərk edirlər. Onların Ələt-Bakı magistralını bağlayacağı gözlənilir. Mirvari Qəhrəmanlı deyir ki, fəhlələrin etirazının zavoddan kənara çıxmasının səbəbi rəhbərliyin onlarla danışığa getməməsidir.

Mirvari Qəhrəmanlı deyir ki, zavodda bütün sexlər dayanıb. Onun sözlərinə görə, hər şey “Boss şelf” şirkətinin Dərin Özüllər Zavodu ilə birləşdirilməsindən sonra başlayıb: “İndi əsas etiraz edənlər qaynaqçılardır. Deyirlər ki, maaşlarımız azdır – saatı 6 dollar. Aldıqları maaş işlədikləri saatlardan və ay ərzində neçə bayram gününün olmasından asılır. Qeyd edim ki, ən çox maaş alanlar məhz qaynaqçılardır. Digər sahələrdə işləyənlər daha az maaş alırlar. Fəhlələr tibbi sığorta olunmayıblar. Bu isə qanun pozuntusudur. Bundan başqa, onlar əmək şəraitinin standartlara cavab vermədiyini bildirirlər”.

***

Musavat.com-un hadisə yerindəki əməkdaşının məlumatına görə, rəhbərlik fəhlələrlə danışıqlara getməyə məcbur olub. Hazırda zavodun klubunda iclas keçirilir. Fəhlələr şikayətlərini rəhbərliyə çatdırıblar. Onlar xarici vətəndaşlar tərəfindən təhqir edildiklərini bildiriblər. Fəhlələr həmin əcnəbiləri məhkəmə verəcəklərini bəyan ediblər. Fəhlələrin bildirdiyinə görə, yerli fəhlələrə qarşı təhqiramiz davranışlar sərgiləyən Yuven və Alan adlı şəxslər şotlanddırlar və “Boss-Shelf” şirkətində ikinci, üçüncü məsul vəzifələri tuturlar.

***

Toplantı zamanı fəhlələr bilidirblər ki, onlar “over taym” istəyirlər. İşdən sonra iş deməkdir. 1 ildir “Boss-Shelfə verilib. Fəhlələr zavodun yenidən ARDNŞ-ə qaytarılmasını tələb edirlər.

Onlar deyirlər ki, həmin dövrdə 600-700 manat maaş alıblar. İndi 350-420 manat alırlar. İradə Pirquliyeva bildurub ki, 160-170 manat əməkhaqqı alırlar: “Sex rəislərinə çox pul verirlər. Ona görə də rəislər fəhlələrin etirazını yuxarılara, ARDNŞ-ə çatdırmırlar. Fəhlələrin məzuniyyətləri 21 gündür. Onlar tələb edirlər ki, 40 günə çatdırılsın. Sex rəisi deyir ki, istehsal etrdiləri elektrod İsveçdən alınan elektroddan keyfiyyətlidir. Amma elektrod sexini bağlamaq istəyirlər”.

“Boss-Shelf”in direktoru İxtiyar Axundov etiraz iştirakçılarına söz verib ki, bütün problemlər həll olunacaq. O deyib ki, qılıncını çıxararaq ARDNŞ-lə fəhlələrin ARDNŞ rəhbərliyi ilə “Boss -Shelf” ailəsinin şəraitini düzəltmək üçün çalışır: “Sizin qarşınıza çıxıb təkliflərinizi istəyirəm. Amma siz təklifləri mənə çatıdrmaq əvəzinə qapıya gedirsiz?”

İclasda Qaradağın icra başçısı Süleyman Mikayılov da iştirak edib.

Toplantının sonunda fəhlələr şirkət rəhbərliyinə bütün sadalanan problemləri həll etmək üçün aprelin 1-nə qədər vaxt veriblər.

***

Toplantı zamanı o da məlum olub ki, fəhlələrin iş stajını “Boss-Shelf”ə keçən gündən, yəni, yalnız son bir il üçün hesablayırlar. Əslində isə staj işçinin işə başladığı gündən hesablanmalıdır. Bu məsələyə də baxıdacağına dair vəd verilib.

ARDNŞ Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev də çıxış edib. O, məlumat verib ki, BP şirkəti dövlət qarşısında xaricdən 10 min nəfər mütəxəssis gətirilməsi ilə bağlı məsələ qaldırsa da, dövlət bununla razılaşmır.

ARDNŞ-in hüquq departamentinin rəhbıəri Eldar Orucov, daha sonra Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov danışıb. İH başçısı deyib ki, xarici  mütəxəsisilər işin yaxşılaşdırılması üçün dəvət olunublar.

Daha sonra o, hazırda Qaradağ ryonunda tikilən yeni məktəbdən danışaraq bildirib ki, bu məktəbdə yerli mütəxəsislər öz ixtisaslarını artıracaqlar. Mikayılov şirkət fəhlələrinin şükayətinə toxunaraq bildirib ki, burada qaldırılan məsələlər boş bir şeydir. Fəhlələr onun bu fikrizə etirazlarını bildiriblər.

İcra başçısı əlavə edib ki, bu məsələləri həll etmək elə də çətin deyil və bu məsələlər həll ediləcək.

ARDNŞ vitse-prezidenti Xaliq Məmmədov çıxış edərək deyib ki, şirkətin sex rəisləri problemləri yuxarılara çatdırmırlar. O, məsələni ARDNŞ prezidentinə məruzə edəcəklərini bildirib.

neftci 2

neftci 3

neftci 4

neftci 5

Mənbə: musavat.com


Oxşar yazılar:

Baxış sayı:6240