abunə ol: Yazılar | Şərhlər | Еmail

Şəhər divarlarında inqilab

Şərh

alevits 0

Liva.com.ua redaksiyasından: Onun işləri Nikaraquanın barriosunu, bombalanmış Bağdadın viranəliklərini, Olsterin özünü idarə edən kvartallarını və Böyük Britaniya və ABŞ-ın ictimai kitabxanalarını bəzəyir. Bu gözəl rəssam tərəfindən yaradılmış obrazlar dünyanın müxtəlif şəhərlərinin binalarının divarlarından açıq siyasi bəyanatlarla işçi və tələbələrə müraciət edir.

Professor Mayk Alevits – amerikan rəssam-muralist və işçi sinfi fəalıdır, həmçinin Ukraynada işləyib. 1996-ci ildə Slavutiç şəhərində Çernobıl AES-dakı qəzanın ildönümünə həsr olunmuş layihədə iştirak etmişdir. “Köhnə dünyanın küllərindən yeni dünya qurarıq” – Alevitsin “çernobıl” işlərinin şüarı belə idi. Bu sətir Dünyanın Sənaye İşçilərinin döyüş himni olan “Həmrəylik həmişə” mahnısından götürülüb.

1999-cu ildə ona “Minilliyin rəssamları” layihəsi çərçivəsində Ağ Ev ətrafındakı divarlarda rəsm çəkmək təklif edikdikdə Mayk Alevitss amerikan abolisionisti – afroamerikanların köləliyə qarşı mübarizəsinin qəhrəmanı, kölələri azadlığa qovuşduran partizan dəstələrini təşkilatlandıran Harriet Tabmenin təsvir edildiyi eskizi təqdim etdi. Silahlanmış Harriet Tabmen kölə alverçilərinin gəmisini aşırmalı və eyni zamanda ağır əməyin tətbiq edildiyi müasir fabrikləri dağıtalı idi. Rəssamdan, Tabmenin əlindəki silahı yığışdırmağı tələb etdilər – Mayk Alevits isə qəti şəkildə “Harriet Tabmeni silahsızlaşdırmaqdan” imtina etdi və nəticədə onun layihəsi rədd edildi.

Mayk Alevitsin silahı isə ilk növbədə boyalardır. Görkəmli amerikan aktyoru və aktivisti Martin Şinin dediyi kimi: “Mayk Alevitsin yaradıcılığı bütün dünya işçilərinin ümid və səylərini dilə gətirir. Onun qəhrəmanlıq obrazları və rəngarəng boyaları istismar olunanların əlində güclü silahdır”. Onun bəzi işləri Dieqo Riveranın Rokfeller mərkəzindəki freskalarının aqibətini yaşadı, radikalizmindən qorxmuş sifarişçi onları dağıtdı. Lakin yenə də tezliklə digər divarlar və bannerlərdən Malkolm X və Çe Gevara, Marks və Engels, Co Hill və Emiliano Sapata işçi və tələbələrə səslənirdilər.

Üsyana qalxmış işçilər, Los-Anceles də qiyamlar və qiyamçı-sandinistlər – Mayk Alevitstin həm evlərin divarlarında, həm də həmkarlar ittifaqları bannerlərində təsvir etdiyi obrazlar və səhnələr – izləyiciləri maarifləndirməli və kapitalizmlə mübarizəyə həvəsləndirməlidir. Onların yaradılması prosesi ilə aktivistlərə həmrəylik və kollektiv yaradıcılığı öyrətməlidir. Divarlarda rəsmlərin yaradılması prosesində Mayk Alevits tez-tez yalnız peşəkar rəssamları yox, həm də rayonların sıravi vətəndaşlarını, məktəbli və tələbələri cəlb edir. “Mənim yaradıcılığım – təkcə obrazlar deyil, həm  də prosesin özündə baş verən teatral tamaşadır”.

“Chronicle of Higher Education” nəşriyyatı Pol Bulun Mayk Alevits haqqındakı kitabına resenziyasında yazıb: “Alevitsin yaradıcılığı ideal şəkildə postmodern dövrə uğyundur – sosialist dövlətlərin dağılmasından sonra başlanmış dövr. Axı bizim dövrdə yenidən üsyankar incəsənət yaratmaq lazımdır. İndi bizə, heç vaxt olmadığı qədər “mədəniyyət” və “əməyin” simbiozu lazımdır, əgər biz ekoloji fəlakətin, sonsuz müharibələrin və bəşəriyyətin total şəkildə soyulmasının qarşısını almaq istəyiriksə”.

Son illərdə bir çox qərb rəssamı sovet agitprop[1] ənənəsinə qayıdırsa – ona görə ki, bu, amerikan tamaşaçısını heyrətləndirmək və müəyyən tabuları qırmaq üsullarından biridir, Mayk Alevits üçün onun yaradıcılığı həmçinin qırılmaz şəkildə onun aktivist, təşkilatçı və işçi və tələbələrin etiraz çıxışlarının iştirakçısı qismində siyasi fəaliyyəti ilə əlaqədardır.

CCSU Murals

–      üçün öz yaradıcılığınızı siyasi  təşviqat və işçi həmrəyliyi işinə həsr etdiyinizi deyə bilərsiniz?

–      Öz nəslimin bir çox nümayəndələri kimi, mən də gəncliyimdə radikal tələbə idim – Vyetnam müharibəsinin və o zamanlar rasizmə qarşı gedən qızğın mübarizənin təsir etdiyi insanlardan biri idim. Kədərli hadisələr zamanı – 4 may 1970-ci ildə[2] tələbələrin güllələnməsi hadisəsində anti-hərbi koalisiyaya rəhbərlik edən, Kent universitetinin tələbə liderlərindən biri idim.

Sosialist hərəkat fəalı idim. İndi də inqilabi marksistəm, lakin rəsmi olaraq heç bir siyasi təşkilatın üzvü deyiləm. Uzun illər boyu sosialist və anti-hərbi hərəkatların və kampaniyaların təşkilatçısı olmuşam. Həmkarlar ittifaqları işində aktiv fəaliyyət göstərmək üçün istehsalda iştirak etmişəm. Sonralar dəmir yolu işçisi, maşinist, həmkarlar ittifaqı rəssamı və s. qismində işləmişəm. İndi rəssamlar və aktyorların həmkarlar ittifaqının, həmçinin professor həmkarlar ittifaqının üzvüyəm. Rəssamlıq məktəbinə artıq orta yaşlı ikən getməyə başladım və mənim sənətim ümumilikdə – həyat təcrübəmin – aktivist təcrübəsinin ötürülməsidir.

1970-ci ildə ABŞ-ın Kent universitetində ABŞ ordusunun Kambocaya girməsinə qarşı keçirilmiş etiraz aksiyası

–      Nə üçün 1920-ci illərin sovet avanqardı rəssamlarının işləri sizə bu qədər böyük təsir göstərmişdir? Siz onları müasir təşviqat üçün də aktual hesab edirsiniz? Hansı rəssam sizə daha çox təsir etmişdir?

–      Muralist olmağıma baxmayaraq, öz əsərlərimi meksikan muralistlərin deyil, daha çox sovet agitprop-rəssamların stilində hesab edirəm. Yaradıcılığım ümumilikdə utilitar olsa da – o, tətillər və işçi mübarizəsinin digər təzahürlərində birbaşa istifadə üçün nəzərdə tutulub. Buna baxmayaraq, bu heç də demək deyil ki, bu işlər eyni zamanda incəsənət əsərləri deyillər – Rivera və Oroskonun muralları kimi.

Əlbəttə, mənim ilham mənbəyim meksikan muralistlər kimi, həm də Tatlin, El Lissitski, Popova, Mayakovski, Rodçenko, Stepanova və digərləri kimi bir sıra sovet rəssamlarının əsərləri də olmuşdur.

Rus inqilabından sonrakı ilk illəri dünya incəsənətinin ən mühüm  mərhələsi hesab edirəm. Təəssüf ki, incəsənət tarixinin bu cür mühüm hissəsi nəticədə silinmişdir və indi bu bilikləri, sinfimizin özü üçün biliklər qazanma prosesində yenidən kəşf etmək lazımdır.

El Lissitski.

–      İncəsənət özlüyündə, hər şeydən əvvəl, sinfi mübarizə silahıdır – yoxsa onun başqa məqsədləri də var?

–      Mən agitprop-rəssamam. Lakin hesab etmirəm ki, incəsənətə bu cür yanaşma hər şeydən əvvəl rəssamlar üçün uyğundur. Hər bir rəssam öz məxsusi səsini və ifadə üsulunu axtarmalı və tapmalıdır. Kiməsə görə incəsənət müstəsna dərəcədə şəxsi olanın ifadə edilməsidir – müvafiq olaraq, bununla da incəsənətin abstrakt və ya  rəsmi formalarına müraciət edəcə.

Buna baxmayaraq, hesab edirəm ki, hər bir həqiqi rəssam, istifadə etdiyi ifadə vasitələri və üsullarından asılı olmayaraq, kapitalizmin dəhşətlərinin aradan qaldırılması üçün bəşəriyyətin apardığı mübarizədə şüurlu mövqe tutmalıdır. Məhz bu mübarizə bütün təzahürləri ilə incəsənətə nəfəs verir və irəliyə aparır. Bu zaman onun siyasi olub-olmamasının əhəmiyyəti yoxdur. Məsələn, mən öz evimdə mənə məxsus agitprop-işləri deyil, Sezannın reproduksiyalarına tamaşa etməyi üstün tuturam.

–      Siz, “Çernobıl layihəsində” iştirak edərək, Çernobıl ərazisində öz əsərlərinizi yaratmısınız. Bu layihədə iştirakla və ümumiyyətlə Ukraynadakı səyahətinizlə bağlı təəssüratlarınız nələrdir? Bu ölkədə sizi nə heyrətləndirdi?

–      Mənim üçün möhtəşə təcrübə idi. Özüm üçün bir çox şey öyrəndim. Çernobıl ərazisi isə – xüsusilə sürrealist yerdir. Gördüm ki, stalinizm vaxtilə ölkənizdə işçi sinfinin yaradıcı həyatının və yaradıcı potensialının məhv edilməsində həlledici rol oynayıb.

Sizin köhnə aparatçılar divar rəsmləri layihəsinə mane olmaq istəyirdilər – lakin sonra sadə işçilər hadisələri sakitcə müşahidə etməkdən imtina etdilər. Mən ukraynalı işçilərin heyrətamiz cəsarətinə şahid oldum ki, bu da məndə Ukraynanın gələcəyinə dair böyük ümidlər və optimizm yaratdı. Məmurların müqavimətinə baxmayaraq, yerli sement kombinatı işçiləri xüsusilə mənim üçün iki divar düzəltdilər, onları Slavutiçin mərkəzi meydanında yerləşdirdilər və onları xüsusilə oraya qoydular ki, mən divarlarda rəsm çəkim.

–      Senzurayla tez-tez qarşılaşırsınız? Bir qayda olaraq, hansı simvol, obraz və ya səhnələr senzuyara məruz qalır?

–      Bəzən mənə elə gəlir ki, mən dünyada ən çox senzuraya məruz qalan rəssamlardan biriyəm. Siz çətin ki incəsənət-jurnallarında mənim əsərlərim haqqında oxuya biləsiniz və bunun bir sadə səbəbi var: əgər siz sadə işçilər üçün yaradırsınızsa, incəsənət dünyasının bir hissəsi hesab edilmirsiniz. Prinsipcə, işçilər üçün nə yaratdığınızın hakim sinif üçün fərqi yoxdur – sizin işlərinizin etibarlı şəkildə incəsənət qalereyalarında saxlandığı və ictimai məkana çıxmadığı müddətdə.

Mənim əsərlərim daima senzuraya məruz qalıb. Müəssisə müdirləri və ali məktəblərin rəhbərlikləri dəfələrlə, həmkarlar ittifaqları bürokratları və radikal sağ təşkilatlar onların dəfələrlə dağıdılması əmrini vermişlər.

Alewitz-Solidarity_Community_Poster

İstənilən növ məmurlar, işçilərin real həyatınə əks etdirən incəsənətə intuitiv olaraq nifrət edirlər – onlar bu incəsənətdən qorxurlar. İndiki zamanda məsələ hansısa konkret obrazlarda yox, bu incəsənətin daşıdığı üsyan və qiyam ruhundadır. Məsələ incəsənət vasitəsilə geniş publikaya siyasi bəyanatlar verməkdədir. Buna görə də biz küçə qraffitiləri bə strit-art rəssamlarına qarşı əsl müharibə ilə qarşılaşırıq. Bu zaman obrazlar heç də siyasi yük daşımalı deyil – sadəcə olaraq məmurlar və işə götürənlər hesab edirlər ki, işçilər susalı və sakitcə işləməlidirlər.

–      Sizin işləriniz dağıdılan zaman tez-tez vandalizm aktları ilə qarşılaşmalı olmusunuz?

–       Mənim əsərlərim tez-tez həm məmurlar, həm də faşistlərin hücumlarına məruz qalırlar. Lakin digər tərəfdən, onları heç vaxt adi qraffiti və strit-art nümunələri hesab etməyiblər ki, bu da mənim üçün qürur mənbəyidir. Mən öz işlərimi qoruyucu ötrüklə örtmürəm. Əgər siz yaradırsınızsa və konkret rayon və ya cəmiyyətə ünvanlanmış əsərlər çəkirsinizsə, əgər insanları layihələrdə iştiraka cəlb edirsinizsə, onlar bu əsərlərin ən etibarlı mühafizəkarları olacaqlar.

–      Siz dünyanın bir çox ölkələrində işləmisiniz. Öz əsərlərinizə qarşı müəyyən fərqli münasibətlər müşahidə etmisiniz? Ən çox harada işləmək xoşunuza gəlib?

–      ABŞ müxtəlif şəhərlərində, həmçinin bir çox ölkələrdə işləmişəm. Fikir verdim ki, mövcud mədəni fərqlərə baxmayaraq, müxtəlif ölkələrin işçiləri indiki zamanda, tarixdə heç vaxt olmadığı qədər beynəlmiləldirlər. İnternetin inkişafı xalqlar arasındakı mədəni və siyasi mübadiləni gücləndirməyə imkan verib. Bu gün aramızda, əvvəl olduğundan daha çox ortaq cəhətlər var. Buna görə də müxtəlif ölkələrdə – harda olmalarından asılı olmayaraq, öz əsərlərimə qarşı oxşar reaksiya ilə qarşılaşıram.

–      ABŞ-da ictimai-siyasi incəsənətə qarşı marağın əhəmiyyətli dərəcədə artmasını, “İşğal et” (“Occupy”) kimi etiraz hərəkatlarının yüksəlişi ilə əlaqələndirirsinizmi?

–      Sinfi mübarizə nə vaxt kəskinləşsə, insanlar nə vaxt mübarizədə birbaşa iştirak etsələr – bu mübarizədə silah və öz baxışlarının ifadə vasitəsi kimi həmişə dərhal incəsənətə müraciət edirlər. Bu da, “İşğal et” hərəkatının nümunəsində müşahidə edə biləcəyimiz haldır. “Mic-check” (“insan meqafonu”), küçə performansları, simvolika, bannerlərin stili, videoproduksiyaların stili – bunun gözəl nümunəsidir.

–      Rəssamın cəmiyyətdəki yeri haqqındakı cari debatlarla bağlı nə deyə bilərsiniz? Gördüyüm qədərilə, rəssamın “cəmiyyətdən yüksəkdə” dayandığını iddia edən hakim “elitar” fikirlər və onun vəzifəsinin – cəmiyyəti maarifləndirmək olan fikirlər arasında mübarizə gedir. Digər tərəfdən, bir zamanlar sürralizmə xas olan, “köhnə prinsiplərin” müəyyən dərəcədə yenidən nəzərdən keçirilməsi baş verir: “rəssam xalqla birlikdə olmalıdır”. Sizin fikrinizcə, rəssam kimi cəmiyyətdə yeriniz nədir?

–      Bu halda mən nə burjua cəmiyyətinin – kapitalizm cəmiyyətinin, nə də məmurların stalinist sosialist realizminin mövqeyini qəbul etmirəm. Rəssamlar – sadə işçilərdir və bizim taleyimiz qırılmaz şəkildə bütün sinfin taleyi ilə bağlıdır. Bizi bəsləyən, geyindirəm və bizim üçün evlər tikən işçilər qarşımızda müəyyən öhdəliklərimiz var.

Biz “elitar” konsepsiyanın istənilən şəklinə qarşı müqavimət göstərməliyik – onun işçi sinfinin hansı hissəsinə tətbiq olunmasından asılı olmayaraq. Eyni zamanda etiraf etmək lazımdır ki, biz müəyyən vərdişlərə, ustalıq və ya istedada sahibik və bunu öz sinfimizə ötürməliyik. Mən həmişə rəssamların işə götürənlərlə kollektiv mübahisələrində rəssamları dəstəkləmişəm və hesab edirəm ki, rəssamlar oxumaq və öz vərdişlərini təkmilləşdirməklə, mümkün qədər yüksək peşəkarlıq səviyyəsinə nail olmaq imkanına sahib olmalıdırlar. Rəssam – həmişə işçidir, lakin hər işçi – rəssam deyil. Halbuki mən inanıram ki, hər bir insan potensial olaraq incəsənət əsəri yaratmağa qadirdir.

1920-ci illərin sovet avanqardının ən böyük nailiyyətlərindən birini o hesab edirəm ki, onlar ənənələri meydan oxuyan modernist incəsənət yarada bilmişlər və eyni zamanda bu incəsənət geniş işçi və kəndli kütlələri üçün aydın idi. Təkcə El Lissitskinin “Qırmızı çivlə ağları vur” və ya Tatlinin Üçüncü İnternasionalın şərəfinə yaratdığı Qülləni götürək.

Tatlin Qülləsi

–      Nə vaxtsa qeyri-qanuni olaraq – rəsmi icazə olmadan əsərlər yaratmısınız?

–      Bir qayda olaraq, qanuni işləməyə çalışıram. Hər hansı mənəvi dəyərlərə görə yox, siyasi təsirlilik baxışlarıma görə. Biz, ABŞ-da işləyən inqilabi aktivistlər daima hərtərəfli təqiblərə və hökumət strukturları tərəfindən böhtanlara məruz qalırıq. Bizim fəaliyyətimizi hər yolla məhdudlaşdırmağa çalışırlar. Nümayişlərin və etiraz aksiyalarının təşkilini tələb edən mühüm hadisələr baş verdiyi vaxtda qeyri-qanuni strit-arta görə həbsxanaya düşə bilmərik. Bundan əlavə, işçilər dərk etməlidir ki, sən demokratik haqlar kimi anlayışlara ciddi yanaşırsan və  aşkar siyasi xarakterli olsa da, öz əsərlərini yaratmaq hüququnu hər üsulla müdafiə edirsən.

–      Siz tez-tez işçi hərəkatı və sinfi mübarizə obrazlarından istifadə edirsiniz. Digər tərəfdən, biz tez-tez eşidirik ki, yeni etiraz hərəkatları tarixi ənənə ilə olan əlaqələri kəsməli və öz, yeni ənənələrini yaratmalıdırlar. Sinfi mübarizəyə qoşulmuş yeni nəsillər üçün tarix və sinfi mübarizə ənənələrini nə üçün bu qədər əhəmiyyətli hesab edirinsiniz?

–      Düşünürəm ki, ənənəvi və yeni olan şeylərı bir-birinə qarşı qoymaq lazım deyil. Mahiyyətcə, biz daima yeni simvolların yaradılması və incəsənətdə yeni ifadə üsullarının ixtira edilməsi prosesindəyik. Lakin bu zaman mübarizə tarixini– onun real tarixini yenidən öyrənmək vacibdir. Siyasət və elm kimi, incəsənət də tez-tez uğursuz sınaqlara əsaslanır. Buna görə də biz keçmişin səhvlərindən nəticə çıxarmalıyıq, onları təkrarlamamalıyıq.

Bizim zəngin sinfi mübarizə tariximiz və bu mübarizəyə həsr olunmuş yaradıcılığın zəngin tarixi var. İnsanlara sinfi mübarizə tarixinin reallıqları haqqında danışdıqda – bu, onları indiki zamanda fəaliyyət göstərməyə və mübarizə aparmağa ilhamlandırır.  Bu insanlarda əminlik yaradır və onların mübarizəsi artıq baxışlarına deyil, həm də qələbəyə olan inamlarına əsaslanır. Mən özüm də kefim üçün siyasi mübarizədə iştirak etmirəm. İstəyirəm ki, inqilab nəhayətdə korporativ kapitalizmi məhv etsin və biz təməl insani ehtiyaclara cavab verən yeni dünya yaradaq. İnanıram ki, bu mümkündür – məhz keçmişə əsaslanan biliklərimə görə.

alevits 1

–      Müasir amerikan işçi hərəkatı haqqında nə deyə bilərsiniz? 1930-cu illərin sinfi mübarizə ənənələri nə dərəcədə itirilib? Bu ənənələrin yenidən yüksəlişi müşahidə olunur?

–      Amerikan hakim sinfinin dünyanın digər ölkələrinə tətbiq etdiyi təzyiq; imperializmə qarşı çıxanların əleyhinə istifadə etdikləri bütün metodlar – amerikan işçilərinə göstərilən təzyiqlə müqayisədə çox solğundur. Burada kapitalizmin bütün (gizli və aşkar) ideoloji arsenalı işə salınıb. Onun birinci dərəcəli vəzifəsi – amerikan işçilərini, onların gücsüz olduqlarına və cəmiyyəti dəyişdirə bilməyəcəklərinə inandırmaqdır.

Hər bir işçi az qala hər gün mübarizə aparır ki, təkcə işə götürənlərin yox, həm də həmkarlar ittifaqları və siyasi təşilatların hücumları ilə mübarizə aparsın. Bu qəhrəmancasına mübarizədir və şimali amerikan işçiləri bunu hər gün aparırlar. Şimali amerikan işçi sinfinin mübarizəsi, bir qayda olraq, gizli şəkildə gedir. O, mütləq olaraq küçə nümayişlərində özünü biruzə vermir, lakin şəhər küçələrinə sıçrayacağı gün yaxınlaşmaqdadır.

Bu baş verdikdə, bu faktın özü dünyanın digər xalqlarının şüurunda partlayış yaradacaq. Hakim sinif bu təhlükəni çox gözəl başa düşür və buna görə də bu çıxışların qarşısını almaq üçün bütün qüvvəsini ortaya qoyur – çox sayda həbsxanalar, həbslər, saxlanmalar – bütün bu vasitələr hakim sinfin amerikan işlərin qiyamına cavab olmalıdır. Bundan başqa, keçmişdə bu cür kütləvi çıxışlar baş verib.

–      Sizin ardıcıllarınız – sizin stilinizdə işləyən gənc rəssamlar var?

–      Bəli. Ümid edirəm ki, onlar məndən daha yaxşı yaradacaqlar!

–      Sizin  üçün “həmrəylik” sözü nə deməkdir?

–      Həmrəylik – işçi sinfinin əsas silahıdır: bütün dünya ölkələri işçilərinin həmrəyliyi. Cinslərarası həmrəylik. İstənilən cinsi orientasiyalı insanların həmrəyliyi. Rasizm, seksizm və bu cür diskriminasiya formalarına qarşı mübarizədə insanları birləşdirən həmrəylik. Sinfimizin ən çox əzilən təbəqələrinə müraciət edən həmrəylik. Ən çox nifrət edilən, alçaldılan və marginallaşdırılmış işçilərin – bacı və qardaşlarımızı tanıyan həmrəylik. Zindan və həbsxana divarlarından qorxmayan həmrəylik. Ümidi qalmayanlara yardım əli uzadan həmrəylik; alçaldılmışlara, “biz sizinləyik” deyən həmrəylik! Həmrəylik – bizim ən güclü silahımızdır.

(c) SOLFRONT.org

[Yazı original məqalədən Solfront.org üçün hazırlanmışdır]


[1] Rus dilində “təşviqat” və “təbliğat” sözlərinin qısaldılıb birləşdirilməsindən yaranmış termin. Burada sovet incəsənət adamlarının inqilabi ideyaların və sovet quruculuğunun təbliği məqsədilə yaradılmış əsərləri nəzərdə tutulur.

[2] 4 may 1970-ci ildə Kent universitetində tələbələrin Kamboca müharibəsi əleyhinə etiraz nümayişlərində ABŞ ordusu universitet həyətində daxil olmuş, aksiyanın qarşısını almaq üçün tələbələrə atəş açmışdır. 4 tələbə aldığı yaralanmalar nəticəsində vəfat etmişdir.


Oxşar yazılar:

Baxış sayı:7649