abunə ol: Yazılar | Şərhlər | Еmail

Boris Kaqarlitski – Marksizm: “Həmrəylik, hakimiyyət, aqressiya”

Şərh

SOLFRONT oxuculara tanınmış rus sosioloqu, publisisti, siyasi elmlər namizədi Boris Kaqarlitskinin “Marksizm: tədris üçün tövsiyə olunmur” kitabını azərbaycan dilində təqdim edir. Kitab marksist fikrin tarixini və təkamül yolunu, həmçinin marksizm daxilindəki ideoloji istiqamətləri və onun öz dövründə oynadığı, siyasi, iqtisadi və ictimai rolu əks etdirir, mövcud ideoloji istiqamətlərin əsas xüsusiyyətlərini və bir–birindən fərqləndirici cəhətlərini izah edir. Kitab sizlərə hissə – hissə təqdim olunacaq. Saytda tam şəkildə dərc edildikdən sonra kitabı bir neçə müddətdən sonra şəhərin mağazalarından əldə edə bilərsiniz.

marksizm-ne-rekomendovano-dlya-obucheniya

Əvvəlki                                                  Növbəti

Boris Yulyeviç Kaqarlitski
Marksizm: Tədris üçün tövsiyə olunmur
1968-ci il Tufanı

Həmrəylik, hakimiyyət, aqressiya

  İngilis burjua inqilabı zamanında Tomas Hobbs təsadüfən “hər kəsin hər kəsə qarşı müharibəsi” haqqında yazmırdı. Bu dəhşətli vəziyyəti aradan qaldırmaq üçün çox güclü hakimiyyət lazımdır. Qoy tiran hakimiyyət olsun. Qoy qeyri-qanuni olsun. Sonsuz dəhşətdənsə, dəhşətli son daha yaxşıdır.

Dövlət hər kəsi öz yerinə oturdacaq, intizam yaradacaq, amma əlbəttə ki, təhlükəsizliyin təmin edilməsi üçün azadlığı qurban vermək lazım gələcək. Doğrudur, Fromm qeyd edir, təhlükəsizlik təmin olunmayacaq. Bəli, Böyük qardaş sizi xaosdan qoruyacaq, bəs sizi Böyük qardaşdan kim müdafiə edəcək? Kim onun qərarlarının şəffaflığı və effektivliyinə zəmanət verə bilər? Necə əmin olmaq olar ki, o bizi dalana və ya yeni fəlakətə gətirib çıxarmayacaq?

Bətnə geri yol yoxdur, keçmişə qayıtmaq mümkün deyil. Köhnə, dağılmış əlaqələr bərpa oluna bilməzlər, onlar artıq texnoloji olaraq mümkün deyil. Biz sadəcə olaraq bu əlaqələr və münasibətləri təqlid edə, simulyasiya edə bilərik, təhlükəsizliyi simulyasiya edə bilərik. Frommun fikrincə, totalitar rejimlərin təmin etdiyi ictimai müdafiə əhəmiyyətli dərəcədə sünidir. Müdafiəçi olan dövlət eyni zamanda əsas təhdiddir. Ənənəvi dövlət belə repressiv maşına malik deyildi, o fərqli texnoloji əsasda inkişaf edirdi, onun repressiv maşını ənənəvi öhdəliklərlə, möhkəm münasibətlərlə bağlı idi. Yeni repressiv maşın öz məntiqi üzrə fəaliyyət göstərir və kimi istəsə əzə bilər. İnsan yenə də qorxu vəziyyətindədir, amma qorxu dəyişir. Əvvəllər bulanıq, qeyri-müəyyən təhdidlər, gizli çağırışlar var idi, indi qorxu bir yerdə cəmlənib və bu yer dövlətdir.

Qorxu və müdafiənin mənbəyi eynidir. Kiçik insanın təfəkkürü tamamilə nevrotik olur. Frommun fikrincə, bu, xırda burjua təfəkkürüdür. Proletariat müdafiə hissini dövlətlə və ənənəvi zəncirlərlə əlaqədən deyil, öz sinfi həmrəyliyindən almalıdır. Bu, sadəcə olaraq gözəl sözlər deyil. Sinfi mübarizə reallığı ilə üzləşmiş hər kəs bilir ki, həmrəylik və mütəşəkkillik yeganə həqiqi etibarlı – və şəxsiyyəti yüksəldən – özünü müdafiə vasitəsidir. Birləşmiş zəhmətkeşlər həm dövlətə və onun repressiv maşınına (hansı ki, artıq sıradan çıxır), həm də bayağı bazar kortəbiiliyinə qarşı dayana bilər. Bəli, mübarizədə məğlub ola bilər, hətta o, tez-tez uduzulur, amma mübarizəyə qoşulan insan özünü allahın iradəsinə və ya vəziyyətə buraxmır. O müdafiə olunur. Şüurlu olaraq, şəxsiyyət kimi fəaliyyət göstərir.

Digər tərəfdən, Fromm demokratiyanın kollektiv mütəşəkkillik mexanizmi vasitəsilə inkişafı haqqında yazır. Totalitar sistem ictimai rabitəsizliyə əsaslanır. Cəmiyyətin həmrəy olduğu yerdə totalitarizm mümkün deyil.

Təbii ki, Fromm çox gözəl başa düşür ki, totalitar sistemdən başqa digər nəzarət formaları da var. Buna görə də öz həyatının sonrakı illərində o, Markuzenin verdiyi sualları verir. O, burjua cəmiyyətində formalaşan aqressiv xarakter və ya aqressiv şəxsiyyət haqqında danışır. İki davranış ssenarisi var. Bir tərəfdən, müdafiəsini həmrəylik vasitəsilə tapan, təşkilatlanan, öz hüquqlarını qoruyan, vətəndaş olan ideal proletar davranışı ssenarisi mümkündür. Amma digər tərəfdən, xırda burjua şəxsiyyəti mövcuddur. Həm də bu xırda burjua şəxsiyyətləri ictimai vəziyyətinə görə tamamilə proletarsayağı ola bilər. Fromm xırda burjua şəxsiyyəti haqqında danışdıqda, o nəzərdə tutur ki, guya işçi mütləq proletar psixologiyasına malik olmalıdır. Axı bu, sadəcə olaraq ideal tiplərdir.

Aqressiv şəxsiyyət düşmənlər axtarmağa meyllidir. Qorxulara insan şəkli vermək lazımdır. Dağınıq qorxu, hər hansı bir obyektə proyeksiya edildiyində daha az vahiməli olur. Bu obyekt əslində təhlükə mənbəyi deyil, bundan əlavə, o nə qədər az dərəcədə təhlükə mənbəyidirsə, qorxunu ona proyeksiya etmək o qədər asandır. Buna görə də yəhudi, qaradərili, bizim halımızda qafqazlı – tamamilə ideal qorxu obyektləridirlər, çünki əslində bu və ya digər oxşar obyektlə əlaqədə olarkən qarşılaşılan istənilən problemlərdə daha təhlükəli varlıqlar vardır ki, onlarla qarşılaşmamaq daha yaxşıdır. Şüura az və ya çox dərəcədə sığışdırıla bilən obyektə öz fobiyanı yönəltmək daha yaxşıdır. Bir insan üçün öz dövləti və iri bizneslə münaqişə haqqında təsəvvürlər “dünyanın pərdə arxası” haqqındakı kabuslu fantaziyalardan daha dəhşətlidir.

Kiçik insan üçün nəhəng dövlət maşını – həmçinin mistik obyektdir. Eyni şey iri korporasiyaya da aid edilir. Onlarla qarşılaşmada kiçik insan möhkəm şəkildə bilir ki, BU CÜR obyekt onu məhv edəcək. Fikir vermədən əzəcək. Fərdi müqavimətin şansları elə qeyri-bərabərdir ki, qarşıdurma imkanları haqqında düşünməyin mənası yoxdur. Bazarda ticarətlə məşğul olan qafqazlıda, yəhudi-sələmçidə, metroda oturan və sivil davranış qaydalarını bilməyən mədəniyyətsiz qaradərilidə ifadə olunmuş obyekt (yeri gəlmişkən, məişət münasibətində obyekt tez-tez və əslində xoş olmayandır) – bu cür obyekt ən azından fiziki və siyasi çəkisinə görə kiçik insanla müqayisə oluna bilər. Bu obyekt, öz konkretliyinə görə, optimal düşməndir. Onu hiss etmək, görmək olar, o əlçatandır. Fobiya, əlbəttə ki, buraya köçürülür, bu fobiyaların dövlət, ayrı-ayrı partiyalar, siyasətçilər tərəfindən necə istifadə olunacağı artıq texnologiya məsələsidir. Bu fobiyaların əsasında iyerarxik mobilizasiya mexanizmləri yaradılır ki, onlar zahirən də həmrəylik təzahürlərinə oxşayırlar – bir fərqlə ki, hər şey yalnış obyektə yönəldilib və şaquli şəkildə idarə edilir. Həmrəylik, Frommun fikrincə, insanların şüurlu şəkildə birləşməsi üzərində qurulmuşdur. Bu tamamilə başqa mexanizmdir. Şaquli mobilizasiya – uğur halında – insanları sıraya düzmək və onların maraqlarına tamamilə yad olan faəliyyət üçün təşkil etməyə imkan verir. Orduda olduğu kimi: kəndliləri mobilizasiya edir, onlardan əsgərlər düzəldir və kəndli qiyamlarını gülləbaran etməyə göndərirlər.

İnsan nə qədər çox öz fobiyasının köləsidirsə, öz maraqlarını  o qədər az dərəcədə dərk etməyə qadirdir. Aqressiv xarakter real təhdiddir. O, iki – kollektiv və fərdi davranış tipində təzahür edir. Qorxmuş insan provokasiya edilməmiş aqressiyaya meyllidir. Məlumdur ki, cəbhədə bir çox şücaətlər qorxudan edilir. Məişətdə nəticələr daha az cəlbedici ola bilər. Qorxmuş insan ilk olaraq zərbə endirməyə hazırdır. Yalnız bilmir ki, hara. Amerikada tez-tez elə hallar olur ki, tamamilə ədəbli sakin qəflətən “yerindən oynayır”, avtomat silahını götürür və kimi gəldi güllələməyə başlayır. Deməli, gizli qorxular üzə çıxıb.

Amma demokratik kapitalizm bu aqressiyanı sondürməyin, stressi atmağın üsullarını da tapır. Adam, məsələn, supermarketə gedir. Kimi gəldi öldürməkdənsə, nə gəldi almağa başlayır. Razılaşın, bu o qədər də təhlükəli deyil. O, nə qədər çox alırsa, o qədər çox sakitləşir. Onun hakimiyyət hissi, vəziyyət üzərində nəzarət hissi yaranır. Amma sonra, bir müddətdən sonra, stress qayıdacaq. Yenə də supermarket gizli polislə müqayisədə daha az şərdir, halbuki onların funksiyaları təxminən eynidir.

Frankfurt məktəbinin yüksəlmə zirvəsi 1960-cı illərə təsadüf edir. 1970-ci illərdən başlayaraq, onun enişi müşahidə edilir. Vacib olan hər şey deyilib. Mütəfəkkirlər qocalmağa və vəfat etməyə başlayırlar. Hətta Markuze həyatının sonunda intellektual cəhətdən çox məhsuldar idi, amma məktəb bütövlükdə tarixə qarışır. Markuze həyatının son illərində texnoloji inqilab haqqında çox düşünürdü, çox şeydə öz zamanını qabaqlayırdı. Onun belə bir fikri yaranmışdı ki, yeni texnoloji inqilab eyni zamanda yadlaşmanın yeni formalarını yaradır, dövlətə və korporasiyalara yeni nəzarət mexanizmləri təqdim edir, amma həmin texnologiyalar azad olmanın yeni perspektivlərini açacaqlar. Markuze hələ bilmir ki, bu yeni texnologiyalar necə olacaq. Şəxsi kompyuter hələ satılmır. “İnternet” sözünü hələ kəşf etməyiblər, mobil telefonlar mövcud deyil. Buna görə də Markuzenin mülahizələri bir az abstrakt görünür. Hətta indi bizim hər addımda təkrar etdiyimiz “yeni” və ya “yüksək” texnologiyalar termini o zaman istifadə edilmirdi.

Leşek Kolakovski 1980-ci illərin əvvəllərində Markuzenin dediyi “yeni texnologiyalar” ideyasını lağa qoyurdu. Hələ mövcud olmayan bu qəribə texnologiyalar nələrdir? Bu nə cəfəng informasiya inqilabı ideyasıdır? Bu arada Markuze gələcəyi intuitiv olaraq bilən peyğəmbər deyildi. Sadəcə olaraq 1990-cı illərin dəyişikliklərini doğurmuş bütün əsas texnoloji ideyalar artıq 1970-ci illərin hərbi-səneye kompleksində işlənib-hazırlanmış və hətta tətbiq edilmişdi. Növbəti üç onillikdə biz sadəcə olaraq əvvəllər əsası qoyulmuş texnoloji paradiqmanın inkişafını müşahidə edirdik. Buna görə də Markuze konkret formaları əvvəlcədən deməyə qadir deyildi (məsələn, quruaşdırılmış modemi olan mobil telefon), amma məhdud meşşan dünya görüşü olan Kolakovskidən fərqli olaraq, hər şeyin hansı istiqamətdə hərəkət etdiyini çox gözəl başa düşürdü.

Beləliklə, yeni texnologiyalar şəxsiyyət üzərində nəzarətə xidmət edəcək: onların köməyi ilə müşahidə etmək, dinləmək, vətəndaşların hərəkətini izləmək, onlara sonsuz göstərişlər vermək, reklam ismarıcları ilə onların beyinlərini yumaq imkanı yaranacaq. Texnoloji yeniliklər dəlisov istehlak yarışını stimullaşdıracaq (bəs sizin polifonik səsli və dəbli melodiyaları olan telefonunuz var?). Amma həmin texnologiyalar şəxsiyyətə yeni imkanlar, informasiyaya yeni çıxış və müvafiq olaraq, nəzarətdən çıxaraq öz fərdi yadlaşmasını aradan qaldırmaq şansı verəcəklər.

1990-cı illərin sonlarında bu, tamamilə real görünür. Markuze İnternet, xakerlik, şəbəkə təşkilatlanması və s. məsələlərə ciddi şəkildə yanaşır. O ilk addımları ona görə etdi ki, texnoloji inqilabın dialektik və marksist interpretasiyasını versin. Amma bu, qəribə eyhamlardan, Markuzenin son işlərindəki  aydınlaşmalardan başqa bir şey deyil. Sonra o irəliləyə bilmir, çünki belə texnologiyalar hələ yoxdur. O, incə, sırf fəlsəfi şəkildə onların qaçılmaz şəkildə peyda olunmasını əvvəlcədən görür.

Jan Pol Sartr müəyyən məqamda, indi deyildiyi kimi, kult şəxsiyyətə çevrildi. O, 40-cı illərdə çox populyar idi, amma sonra kölgəyə çəkildi. 1970-ci illərdə Sartr yenidən kumirə çevrilir. Onun marksizmlə birləşdirilmiş ekzistensializmi müəyyən mənada yeni nəslin qiyamı üçün  mədəni əsas verirdi. Başqa məsələ var ki, 1970-ci illərdə Sartrın işlərində ekzistensializm çox az yer tutur – o, hər şeydən əvvəl marksistdir. Bəli, o, əvvəlki kimi azadlıq, intellektualların rolu haqqında məsələlər qaldırırdı (çünki onun üçün intellektual – cəmiyyətdəki rolunu, yerini tamamilə dərk edən və bu cəmiyyəti şüurlu şəkildə dəyişdirən addımlar atmağa qadir olan fəaliyyətdə olan insandır). Sartr inqilabi və burjua intellektualı müqayisə edir. Sonuncu sadəcə olaraq “praktiki bilik texnikidir”. Bu, müəyyən təhsil səviyyəsi, məlumata çıxış və s. ilə əlaqədar olan, sistem tərəfindən müəyyən funksiyaları yerinə yetirmək üçün tələb olunan insandır. Soljenitsin belə insanları “təhsillilər”adlandırırdı. Həmçinin inqilabi subyekt kimi çıxış edən intellektual da var. O, daha çox rusiyalıların intellektual təsəvvürlərinə oxşayır. Bizim qarşımızda sadəcə olaraq biliklər dəstinə deyil, həm də estetik normalar dəstinə malik olan insan dayanır. Əsası isə – müəyyən təfəkkür səviyyəsinə malik olan, sistemdə və cəmiyyətin strukturunda öz rolunu dərk edən insan. Bu insan şüurlu olaraq ona verilən rolu oynamaqdan imtina edir, “praktiki bilik texnikası”ndan kənara çıxmağa, yeni davranış modelləri yaratmağa qadirdir. İntellektual özü davranış modeli, norma, nümunə olur.

   (c) SOLFRONT.org


Oxşar yazılar:

Baxış sayı:6957