abunə ol: Yazılar | Şərhlər | Еmail

Fridrix Engels | Meymunun insana çevrilməsi prosesində əməyin rolu

Şərh

engels

Siyasi iqtisadçılar iddia edirlər ki, əmək hər cür sərvətin mənbəyidir. Əmək, sərvətə çevirdiyi materialı ona verən təbiətlə birlikdə, həqiqətən hər cür sərvətin mənbəyidir. Lakin əmək bir də bundan sonsuz dərəcə böyük bir şeydir. Əmək bütün insan həyatının birinci əsas şərtidir, həm də o dərəcədə belə bir əsas şərtdir ki, biz müəyyən mənada deməliyik: insanın özünü əmək yaratmışdır.
Bir çox yüz min illər bundan qabaq, Yerin inkişafında geoloqların üçüncü dövr adlandırdıqları dövrün hələ dürüst müəyyən edilə bilməyən bir zamanında, təxminən bu dövrün axırlarına yaxın, indi Hind okeanının dibinə çökmüş olan geniş bir qitədə – olduqca yüksək inkişaf etmiş insanabənzər meymunlar cinsi yaşayırmış. Darvin bizə bu əcdadlarımızın təxminən təsvirini vermişdir. Onların bədəni başdan ayağa tüklə örtülü imiş, saqqalları və şiş qulaqları var imiş, özləri də sürü halında ağaclarda yaşayırmışlar.
Birinci növbədə, yəqin ki, öz həyat şəraitinin – dırmaşarkən əllərin ayaqlardan fərqli vəzifələr ifa etməsini tələb edən həyat şəraitinin – təsiri altında bu meymunlar yerdə gəzərkən əllərin köməyindən istifadə etməyi yadırğamağa və getdikcə daha çox dərəcədə dik yeriməyi öyrənməyə başlamışlar. Bununla da meymundan insana keçmək üçün qəti bir addım atılmışdı.

Hələ indi mövcud olan bütün insanabənzər meymunlar dik dura bilir və təkcə ayaqları üstə yeriyə bilirlər, lakin bunu ancaq ən zəruri hallarda və son dərəcə yöndəmsiz bir şəkildə edirlər. Onlar təbii yerişlə yeridikdə yarı dikəlir və əllərdən də istifadə edirlər. Onların çoxu yeriyərkən bükülmüş əl barmaqlarının orta buğumlarını yerə basır və qıçlarını bükərək, qoltuq ağaclarına söykənib gəzən çolaq adamlar kimi, bədənlərini uzun qollarının arasında yeridirlər. ümumiyyətlə biz hələ indi də meymunlarda, dörd ayaqla yeriməkdən iki ayaq üstündə yeriməyə qədər bütün keçid pillələrini müşahidə edə bilirik. Lakin iki ayaq üstə yerimək onların heç biri üçün ən zəruri hallarda edilən məcburi hərəkətdən artıq bir şey olmamışdır.
Əgər bizim tüklü əcdadlarımızın dik yeriməsi əvvəlcə bir qayda, sonra isə bir zərurət olmuşdursa, bu göstərir ki, bu zaman əllərin payına getdikcə daha artıq dərəcədə başqa fəaliyyət növləri düşmüşdür. Hələ meymunlarda da əllərlə ayaqlar arasında müəyyən vəzifə bölgüsü vardır. Artıq qeyd edildiyi kimi, meymunlar dırmaşanda ayaqlara nisbətən əllərdən başqa cür istifadə edirlər. Əl, başlıca olaraq yeyinti şeylərini yığmağa və saxlamağa xidmət edir, artiq bəzi ibtidai məməli heyvanlar da öz qabaq pəncələrindən bu cür istifadə edirlər. Bəzi meymunlar əl vasitəsi ilə ağaclarda özlərinə yuva tikir və ya hətta, şimpanze kimi, pis havadan qorunmaq üçün budaqların arasında çardaq qururlar. Onlar düşmənlərdən qorunmaq üçün əllərinə dəyənək götürür və ya düşmənlərinə əlləri ilə meyvə və ya daş yağdırırlar. Onlar tutulub saxlandıqda, yenə də əl vasitəsi ilə, adamlardan öyrəndikləri bir sıra sadə əməliyyatlar yerinə yetirirlər. Lakin məhz burada, hətta ən ali insanabənzər meymunların inkişaf etməmiş əli ilə, yüz min illər boyu davam edən əmək nəticəsində təkmilləşmiş insan əli arasında nə qədər böyük fərq olduğu aşkara çıxır. Hər ikisinin sümük və əzələlərinin sayı və ümumi düzülüşü bir cürdür, lakin buna baxmayaraq, hətta ən ibtidai vəhşi adamın da əli, heç bir meymunun bacarmadığı yüzlərlə əməliyyat yerinə yetirməyə qabildir. Heç bir meymun əli heç vaxt hətta ən kobud bir daş bıçaq da qayırmamışdır.
Buna görə, meymundan insana keçilməsi dövründə bir çox min illər ərzində əcdadlarımızın öz əllərini tədricən öyrədib alışdırdıqları əməliyyatlar əvvəllərdə ancaq çox bəsit içlərdən ibarət ola bilərdi. Ən ibtidai vəhşi insanlar, onların hətta daha artıq dərəcə heyvanabənzərlik halına qayıtmış olduqları və eyni zamanda fiziki cəhətdən cılızlaşdırdıqları fərz edilə bilənləri də, hər halda həmin keçid vücudlardan olduqca yüksəkdə dururlar. İnsan əlinin köməyi ilə birinci çaxmaq daşı bıçağa döndərilənə qədər yəqin elə bir uzun dövr keçməli olmuşdur ki, bizə məlum olan tarixi dövr ona nisbətən çox qısa bir dövrdür. Lakin qəti addım atılmışdı, əl sərbəst olmuşdu və indi yeni-yeni vərdişlərə alışa bilərdi, bununla əldə edilən daha böyük çeviklik isə irsən nəsildən-nəslə keçib artmışdır.

Beləliklə, əl nəinki əmək orqanıdır, o həmçinin həmin əmyin məhsuludur. Yalnız əmək sayəsində, getdikcə yeni-yeni əməliyyatlara uyğunlaşmaq sayəsində, əzələlərin, bağların və daha uzun vaxt ərzində habelə sümüklərin bu yolla qazanılan xüsusi bir inkişafının nəsildən-nəslə keçməsi sayəsində və təkmilləşmələri yeni və daha mürəkkəb əməliyyatlara getdikcə yeni-yeni şəkillərdə tədbiqi sayəsində – yalnız bütün bunların sayəsində insan əli elə bir yüksək təkmilləşmə pilləsinə çatmışdır ki, bu pillədə o, sanki bir ecazkarlıq gücünə, Rafaelin yaratdığı şəkilləri, Torvaldsenin hazırladığı heykəlləri, Paqaninin müsiqisini meydana gətirə bilmişdir.
Lakin əl müstəqil bir şey olmamışdır. O tamın, son dərəcə mürəkkəb bir orqanizmin üzvlərindən ancaq biri olmuşdur. Ələ fayda verən bir şey onun xidmət etdiyi bütün bədənə də fayda vermiş, həm də iki cəhətdən fayda vermışdir.
Hər şeydən əvvəl, Darvinin boy nisbəti qanunu adlandırdığı qanun gücünə. Bu qanuna görə, üzvi vücudun ayrı-ayrı hissələrinin müəyyən formaları, zahirən bu hissələrlə heç bir əlaqəsi olmayan digər hissələrin müəyyən formaları ilə həmişə bağlı olur. Məsələn, hüceyrə nüvəsi olmayan qırmızı qan cisimlərinə malik olan və ənsə sümüyü birinci fəqərəyə iki oynaq qabarcığı vasitəsi ilə bitişik olan heyvanların istisnasız olaraq hamısının öz balalarını əmizdirmək üçün süd vəziləri də olur. Məsələn, məməli heyvanlarda yarıq dırnaqlar, bir qayda olaraq, gövşəmə prosesinə uyğunlaşmış mürəkkəb mədənin olması ilə əlaqədardır. Müəyyən formaların dəyişilməsi bədənin başqa hissələrinin formasının dəyişilməsinə səbəb olur, hərçənd biz bu əlaqəni izah etməyə qadir deyilik. Rəngi tamamilə ağ, gözləri göy olan pişiklər həmişə və ya az qala həmişə kar olur. İnsan əlinin tədriclə təkmilləşməsi və bununla yanaşı, ayağın inkişaf edib dik yeriməyə uyğunlaşması, şübhəsiz, həmçinin nisbət qanunu gücünü də, orqanizmin başqa hissələrinə əks təsir göstərmişdir. Lakin bu cür təsir hələ çox az tədqiq edilmişdir və biz onu burada ancaq ümumi şəkildə qeyd edə bilərik.

Əlin inkişafının qalan orqanizmə olan və sübut edilə bilən bilavasitə əks təsiri xeyli artıq dərəcədə əhəmiyyətlidir. Yuxarıda deyildiyi kimi, meymunabənzər əcdadlarımız ictimai heyvan olmuşlar; tamamilə aydındır ki, bütün heyvanlardan ən çox ictimai olan insanı ən yaxşı ictimai olmayan əcdadlardan törəmiş hesab etmək olmaz. Əlin inkişafı ilə birlikdə, əməklə birlikdə başlanmış olan təbiət üzərində hökmranlıq irəli atılan hər bir yeni addım nəticəsində insanın görüş dairəsini genişləndirmişdir. İnsan təbiət predmetlərində daim yeni, o vaxta qədər məlum olmayan xassələr inkişaf etmişdir. Digər tərəfdən, əməyin inkişafı cəmiyyət üzvlərinin zərurət üzündən daha sıx birləşməsinə kömək etmişdir, çünki onun sayəsində birgə fəaliyyət, qarşılıqlı kömək halları daha tez-tez baş verməyə başlamış və hər bir ayrıca üzv bu birgə fəaliyyətin faydalı olduğunu dərk etməyə başlamışdır. Qısa desək, təşəkkül tapan insanlar o yerə çatmışlar ki, onlarda bir-birinə bir şey söyləmək təlabatı meydana gəlmişdir. Tələbat özünə orqan yaratmışdır: meymunun inkişaf etməmiş olan xirtdəyi yavaş-yavaş, lakin dönmədən, modulyasiya yolu ilə, getdikcə daha artıq inkişaf edən modulyasiyaya keçmək üçün dəyişilmiş, ağız orqanları isə tədricən bir-birinin ardınca səhih səslər tələffüz etməyi öyrənmişdir.
Dilin əmək prosesində və əməklə birlikdə meydana gəlməsi haqqında verilən bu izahın yeganə doğru izah olduğunu heyvanlarla müqayisə sübut edir. Heyvanların, hətta bunlardan ən çox inkişaf etmişlərinin də bir-birinə bildirmək istədikləri az şey, səhih nitq olmadan da bildirilə bilir. Təbii halda heç bir heyvan danışa bilməməsindən və ya insan nitqini anlaya bilməməsindən narahatlıq hiss etmir. İnsan heyvanı əhilləşdirdikdə isə vəziyyət tamamilə başqa cür olur. İnsanlarla ünsiyyət sayəsində it və atın qulağı inkişaf edib səhih nitqə qarşı o qədər həssas olmuşdur ki, onlara xas olan təsəvvürlər dairəsində onlar hər bir dili anlamağı asanlıqla öyrənirlər. Bundan başqa, onlar insana isinişmə hissi, minnətdarlıq və s. hissi, keçmişdə onlarda olmayan bu kimi hisslər kəsb etmışlər. Bu cür heyvanlarla çox əlaqəsi olan hər kəs çətin belə bir əqidədə olmaya bilər ki, bir çox hallarda həmin heyvanlar danışa bilmədiklərini indi özləri üçün bir kəsir kimi hiss edirlər. Təəssüf ki, onların səs orqanlarının inkişafı son dərəcə elə bir müəyyən istiqamət almışdır ki, onların bu dərdinə artıq heç cür əlac etmək olmaz. Lakin münasib bir orqan mövcud olduğu hallarda bu bacarıqsızlıq, müəyyən dərəcədə, aradan qalxa bilər. Quşların ağız orqanları insanın müvafiq orqanlarından, əlbəttə, kökündən fərqlidir. Buna baxmayaraq, quşlar danışmaq öyrənə bilən yeganə heyvandır və ən pis səsli bir quş olan tutuquşu bütün quşlardan yaxşı danışır. Qoy etiraz etməsinlər ki, tutuquşu nə dediyini anlamır. Əlbəttə, ancaq danışmaq prosesini və insanla ünsiyyət sevdiyinə görə, saatlarla ara vermədən bütün söz ehtiyatını təkrar edəcəkdir. Lakin öz təsəvvürləri dairəsində öz dediklərini anlamağı da öyrənə bilər. Tutuquşuna söyüş sözlərini elə öyrədin ki, bu sözlərin mənasını o təsəvvür etsin (bu, isti ölkələrdən qayıdan matrosların başlıca əyləncələrindən biridir), sonra onu acıqlandırın, onda tezliklə görərsiniz ki, tutuquşuda Berlində göyərti satan qadınlar kimi öz söyüş sözlərini düzgün işlədə bilir. Yalvarıb şirni istəyəndə də eynən belə edir.
Əvvəlcə əmək, sonra isə onunla birlikdə səhih nitq elə iki ən başlıca amil olmuşdur ki, bunların təsiri altında meymunun beyni tədricən insan beyninə çevrilmişdir; bu beyin insan beyninə nə qədər bənzəsə də, böyüklüyü və mükəmməlliyi cəhətdən ondan olduqca üstündür. Beynin daha da inkişaf etməsi ilə yanaşı onun ən yaxın alətləri – hiss orqanları daha da inkişaf etmişdir. Nitqin tədrici inkişafı eşitmə orqanının müvafiq surətdə təkmilləşməsi ilə daim müşayət edildiyi kimi, ümumiyyətlə beynin də inkişafı, bütövlükdə bütün hisslərin təkmilləşməsi ilə müşayiət edilmişdir. Qartal insandan xeyli uzaq görür, lakin insan gözü şeylərdə qartal gözündən daha çox əlamətləri ayırd edir. İtin iy hissi insanınkindən xeyli itidir, lakin it, insan üçün müxtəlif şeylərin müəyyən əlamətləri olan iylərin yüzdə birini də fərqləndirə bilmir. Meymunun ən kobud, ən ibtidai formada güclə malik olduğu lamisə hissi isə ancaq insan əlinin öz inkişafı ilə birlikdə, əmək sayəsində əmələ gəlmişdir.

Beynin və ona tabe olan hissələrin, getdikcə daha çox aydınlaşan şüurun, mücərrədləşdirmə və əqli nəticə çıxarma bacarığının inkişafı əməyə və dilə əks təsir göstərərək, bunların hər ikisinin daha da inkişafı üçün getdikcə yeni-yeni təkanlar vermişdir. Davam edən bu inkişaf, insanın meymundan tamamilə ayrıldığı zamandan sonra heç də qurtarmamışdır, əksinə, bundan sonra da irəliləmişdir; müxtəlif xalqlarda və müxtəlif dövrlərdə dərəcəsi və istiqaməti müxtəlif olan bu inkişaf, yerli və müvəqqəti geriləmə hərəkətləri üzündən bəzən hətta kəsilmişsə də, hazır insanın peyda olması ilə əlavə bir yeni ünsürün – cəmiyyətin yaranması sayəsində, bir tərəfdən, yeni qüvvətli bir təkan, digər tərəfdən isə daha müəyyən bir istiqamət alaraq, bütünlükdə qüdrətli addımlarla irəliləmışdir.
Ağaclara dırmaşan meymun sürüsündən insan cəmiyyəti əmələ gəlincəyə qədər, yəqin, yüz min illər gəlib keçmişdir; bu yüz min illər Yer tarixindəki əhəmiyyəti insan həyatındakı bir saniyənin əhəmiyyətindən çox deyildir. Lakin hər halda bu cəmiyyət, nəhayət, əmələ gəlmişdir. Bəs insan cəmiyyətini meymun sürüsündən fərqləndirən səciyyəvi əlaməti biz nədə görürük? Əməkdə görürük. Meymun sürüsü öz yaşadığı sahədəki yeməli şeyləri tərtəmiz yeməklə kifayətlənmişdir; bu sahənin böyüklüyü isə coğrafi şəraitdən və ya qonşu sürülərin göstərdiyi müqavimətin dərəcəsindən asılı olmuşdur. Sürü bir yerdən başqa yerə köçərək və qonşu sürülərlə mübarizəyə girərək yeni, çoxlu yeri olan sahə əldə etməyə çalışmış, lakin özünə yem tapdığı sahədə sürü, şüursuz surətdə torpağı öz ifrazatı ilə gübrələdəyi istisna edilsə, bu sahəni təbii surətdə verdiyindən artıq yem əldə etməyə qabil olmamışdır. Yem verə bilən bütün sahələr tutulduqda isə, meymun əhalisinin artması daha mümkün olmamışdır; ən yaxşı halda bu əhali sayca eyni səviyyədə qala bilərdi. Lakin bütün heyvanlar qida şeylərinə qarşı son dərəcə israfçıdırlar və həm də çox vaxt bu şeylərin təbii artımını kökündən məhv edirlər. Ovçunun əksinə olaraq canavarın, gələn il ona bala verməli olan dağ keçisinə rəhmi gəlmir; Yunanıstanda xırda kol-kosun təzə budaqlarını yeyən keçilər bu kol-kosun böyüməsinə imkan verməyib ölkənin bütün dağlarını çılpaq qoymuşlar. Heyvanların bu “vəhşi təsərrüfatı” növlərin tədricən dəyişilməsi prosesində mühüm rol oynayır, çünki bu hal onları adət etmədikləri yeni qida növlərinə uyğunlaşmağa məcbur edir, bunun da nəticəsində onların qanının kimyəvi tərkibi dəyişilir və bütün fiziki quruluşları tədriclə başqalaşır, qəti müəyyən olunmuş növlər isə ölüb gedir. Şübhə yoxdur ki, bu vəhşi təsərrüfat əcdadlarımızın insana çevrilməsinə kömək etmişdir. Fərasəti və uyğunlaşma qabliyyəti bütün digər meymun cinslərində olduğundan qat-qat üstün olan bir meymun cinsində həmin vəhşi təsərrüfat buna səbəb oldu ki, qidaya getdikcə daha çoxlu miqdar yeni bitkilər sərf olunmağa, bu bitkilərin isə getdikcə daha çoxlu miqdar yeməli hissələri yeyilməyə başlandı, bir sözlə, ona səbəb oldu ki, yeməli şeyləri getdikcə daha çox müxtəlifləşirdi, bunun da nəticəsi o oldu ki, orqanizmə getdikcə daha çox müxtəlif maddələr daxil olur və bu maddələr həmin meymunların insana çevrilməsi üçün kimyəvi şərait yaradır. Lakin bütün bunlar sözün əsl mənasında əmək demək deyildi. Əmək alətlər qayrılmasından başlanır. Bəs tapdığımız ən qədim alətlər – tarixdən əvvəlki adamlardan bizə irs qalan və tapmış olduğumuz şeylər baxımından, tarixdəki ən ilk xalqların, habelə ən ibtidai halda olan hazırkı vəhşi adamların yaşayış tərzi baxımından ən qədim alətlər nədən ibarətdir? Bu alətlər ov və balıqçılıq alətlərindən ibarətdir; ov alətləri eyni zamanda silahdır. Lakin ov və balıqçılıq, yalnız bitki yeməkdən, bitki ilə yanaşı ət də yeməyə keçildiyini göstərir, bu isə insana çevrilməsi yolunda yeni mühüm bir addım deməkdir. Ət yeməyinin içində orqanizmin öz maddələr mübadiləsi üçün ehtiyacı olan ən mühüm maddələr, demək olar ki, hazır şəkildə var idi; ət yeməyi həzm prosesini və onunla birlikdə orqanizmdəki başqa vegetativ (yəni bitki həyatı hadisələrinə uyğun olan) proseslərin müddətini qısaltmış, bununla da, sözün əsl mənasında, heyvani həyatın fəal cərəyan etməsi üçün çoxlu vaxt, maddə və enerji qoruyub saxlamışdır. Təşəkkül tapmış olan insan bitki aləmində nə qədər çox uzaqlaşmışsa, heyvanlar üzərində bir o qədər çox yüksəlmişdir. Vəhşi pişiklər və itlər ət yeməklə bərabər, bitki də yeməyə öyrəşdirilmələri nəticəsində insanın xidmətçisinə çevrildikləri kimi, bitki yeməklə bərabər ət yemək adəti də təşəkkül tapmış olan insanın fiziki qüvvəsini və müstəqilliyinin artmasına son dərəcə kömək etmişdir. Lakin ət yeməyi beyinə ən mühüm təsir göstərmişdir, ət yeməyi sayəsində beyin qidalanmaq və inkişaf etmək üçün lazım olan maddələri əvvəlkindən xeyli artıq miqdarda almış, bu da ona nəsildən-nəslə daha sürətli və daha dolğun surətdə təkmilləşmək imkanı vermişdir. Cənab vegetarianların müsadəsi ilə demək olar ki, ət yeməyi olmadan insan insan ola bilməzdi və əgər ət yeyilməsi, bizə məlum olan bütün xalqlarda bu və ya başqa zamanda hətta adamxorluğa səbəbolmuşdursa da (berlinlilərin babaları, veletablar və ya vilslər hələ X əsrdə öz ata-analarını yeyirdilər), indi bunun bizə əsla dəxli yoxdur.

Ət yeyilməsi həlledici əhəmiyyəti olan iki yeni nailiyyətə: oddan istifadə edilməsinə və heyvanların əhilləşdirilməsinə gətirib çıxardı. Birinci nailiyyət həzm prosesini daha da qısaltdı, çünki bu halda ağıza, necə deyərlər, artıq yarı həzm olunmuş yemək daxil olurdu; ikinci nailiyyət ət yeməyi ehtiyatını artırdı, çünki ovla bərabər, daha müntəzəm surətdə ət yeməyi əldə etmək üçün yeni mənbə yaratdı, bundan da başqa, süd və onun məhsulları şəklində yeni, tərkibcə azı ətə bərabər olan yeməli bir şey vermiş oldu. Beləliklə, bu nailiyyətlərin hər ikisi insanın sərbəstləşməsi üçün artıq doğrudan-doğruya yeni vasitələr olmuşdur. Onların dolayı nəticələri üzərində, bunlar insanın və cəmiyyətin inkişafı üçün nə qədər mühüm olsa da, biz burada ətraflı dayana bilmərik, çünki bu bizi mətləbdən olduqca uzaqlaşdırmış olardı.
İnsan bütün şeyləri yeməyi öyrəndiyi kimi, hər cür iqlimdə yaşamağı da öyrənmişdir. İnsan yaşamaq üçün yararlı olan bütün yerlərə yayılmışdır; insan yeganə heyvandır ki, bunu müstəqil surətdə edə bilmişdir. Bütün iqlimlərə uyğunlaşmış olan başqa heyvanlar: ev heyvanları və tüfeyli cücülər bunu müstəqil deyil, ancaq insanın dalınca getməklə öyrənmişdir. İlk dövrdəki vətənin bir bərabərdə isti olan iqlimdən ilin qışa və yaya bölündüyü daha soyuq ölkələrə keçmək isə yeni təlabat, soyuqdan və rütübətdən qorunmaq üçün mənzilə, paltara təlabat yaratmış, beləliklə yeni əmək sahələri, bunula birlikdə insanı heyvandan getdikcə daha çox uzqlaşdıran yeni fəaliyyət növləri yaratmışdır.
Əlin, nitq orqanlarının və beynin nəinki hər kəsdə ayrılıqda, habelə cəmiyyətdə də birgə fəaliyyəti sayəsində insanlar getdikcə daha mürəkkəb əməliyyatlar yerinə yetirmək, qarşılarına daha yüksək məqsədlər qoymaq və bu məqsədlərə nail olmaq bacarığı əldə etmişdir. Əmək özü də nəsildən-nəslə daha rəngarəng, daha mükəmməl, daha çoxcəhətli olmuşdur. Ovçuluğa və maldarlığa əkinçilik, sonra da əyirmə və toxuculuq, metal emalı, duluzçuluq və gəmiçilik əlavə olmuşdur. Ticarət və sənətlərlə yanaşı, nəhayət, incəsənət və elm meydana gəlmişdir; tayfalardan millətlər və dövlətlər əmələ gəlmişdir. Hüquq və siyasət, onlarla birlikdə isə, insan varlığının insan beynində fantastik inikası olan din meydana gəlmişdir. Hər şeydən əvvəl başın məhsulları kimi meydana çıxan və insan cəmiyyətləri üzərində hökmran bir şey kimi görünən bütün bu təşəkküllər qarşısında, işlək əlin daha sadə məhsulları daha arxa sıraya keçmişdir, xüsusilə ona görə ki, işi planlaşdıran baş, cəmiyyət inkişafınıın çox erkən pilləsində (məsələn, hələ bəsit ailədə) özünün müəyyən etdiyi işi öz əllərində deyil, özgə əllərə gördürmək imkanına malik idi. Mədəniyyətin sürətli inkişafının bütün xidmətini başa, beyinin inkişaf və fəaliyyətinə isnad verməyə başlamışdır. İnsanlar öz hərəkətlərini özlərinin təlabatlarına əsasən izah etmək əvəzinə, bunları öz təfəkkürlərinə əsasən izah etməyə adət etmişlər (bu tələbat, əlbəttə, başda əks olunur, dərk edilir), bu yolla zaman keçdikcə, xüsusilə antik dünyanın məhv olduğu vaxtdan bəri zəkalara hakim olan idealist dünyagörüşü əmələ gəlmişdir. Bu dünyagörüşü indi də zəkalara o dərəcədə hakimdir ki, hətta Darvin məktəbinə mənsub olan ən çox materialist əhval-ruhiyyəli təbiətşünaslar da insanın mənşəyini hələ aydın təsəvvür edə bilmirlər, çünki həmin ideoloji təsiri nəticəsində onlar insanın mənşəyində əməyin oynadığı rolu görmürlər.

Artıq ötəri qeyd edildiyi kimi, heyvanlar da öz fəaliyyəti ilə xarici təbiəti, insanın dəyişdirdiyi dərəcədə olmasa da, dəyişdirirlər və onların öz ətraflarındakı mühitdə yaratdıqları bu dəyişikliklər, gördüyümüz kimi, öz baislərinə əks təsir göstərir və onların özündə də müəyyən dəyişikliklər doğurur. Axı təbiətdə heç bir şey ayrılıqda baş vermir. Hər bir hadisə başqa hadisəyə təsir edir və əksinə; məhz bu hərtərəfli hərəkət və qarşılıqlı təsir faktının unudulması çox hallarda bizim təbiətşünasların hətta ən sadə şeyləri aydın görməsinə mane olur. Biz Yunanıstanada meşələrin bərpa edilməsinə keçilərin necə mane olduğunu gördük; müqəddəs Yelena adasına ilk dəfə gələn dənizçilərin gətirdikləri keçilər və donuzlar, adada o vaxta qədər bitən bitkilərin, demək olar, hamısını məhv etmiş, bununla da sonradan gələn dənizçilərin və kolonistlərin bu adaya gətirdikləri başqa bitkilərin yayılması üçün zəmin hazırlamışlar. Heyvanlar isə öz ətraflarındakı təbiətə uzun müddət təsir göstərdikdə, onların bundan heç bir niyyətləri olmur və bu təsir həmin heyvanların özləri üçün təsadüfü bir şey olur. Lakin insanlar heyvanlardan nə qədər çox uzaqlaşırsa, onların təbiətə göstərdikləri təsir bir o qədər müəyyən, qabaqcadan məlum olan məqsədlərə çatmaq üçün aydın niyyətlə və müntəzəmliklə icra edilən hərəkətlər xarakteri alır. Heyvan nə etdiyini bilməyərək, bir yerin bitkilərini məhv edir. İnsan isə bu bitkiləri, təmizlənmiş torpaqda taxıl əkmək və ya üzümlük salmaq üçün məhv edərək, bilir ki, bu iş ona, əkdiyindən bir neçə qat artıq məhsul verəcəkdir. İnsan faydalı bitkiləri və ev heyvanlarını bir ölkədən başqa ölkəyə aparır və beləliklə bütöv qitələrin flora və faunasını dəyişdirir. Bundan əlavə. Müxtəlif süni artırma və becərmə üsulları vasitəsi ilə bitkilər və heyvanlar insanın əli altında o dərəcədə dəyişilir ki, tanınmaz hala düşür. Bizim dənli bitkilərimizin öz mənşəyini aldıqları yabanı bitkilər hələ bu vaxta qədər tapılmamışdır. Bizim bir-birindən də hətta çox kəskin surətdə fərqlənən itlərin və ya eyni dərəcə çoxlu at cinslərinin hansı vəhşi heyvandan törəmiş olduğu hələ də mübahisəlidir.
Bununla belə, özlüyündə aydındır ki, heyvanların müntəzəm surətdə və müəyyən niyyətlərlə hərəkət etmək qabliyyətini biz inkar etmək fikrində deyilik. Əksinə, protoplazmanın, canlı zülalın mövcud olduğu və reaksiya etdiyi, yeni xaricdən olan müəyyən qıcıqların nəticəsində heç olmazsa ən bəsit hərəkətlər etdiyi hər yerdə müntəzəm hərəkətlər artıq ruşeyim halında mövcuddur. Xaricdən olan qıcıqların təsirinə qarşı belə hərəkətlər, sinir hüceyrəsi hələ bir yana dursun, hətta heç bir hüceyrə olmayan yerdə də mövcuddur. Cücüyeyən bitliklərin öz ovlarını tutmaq üsulu tamamilə şüursuz baş versə də, həmçinin müəyyən cəhətdən müntəzəm üsuldur. Heyvanlarda şüurlu, müntəzəm hərəkət qabiliyyəti sinir sisteminin inkişafına uyğun surətdə inkişaf edir və məməlilərdə artıq xeyli yüksək pilləyə çatmışdır. İngiltərədə tazı ilə tülkü ovuna çıxdıqda, yerə çox gözəl bələd olan tülkünün, onu təqib edənlərdən gizlənmək üçün özünün bu bələdçiliyindən necə səhvsiz istifadə edə bildiyini və özü üçün ərazinin ən əlverişli olan, onu izlərini itirən bütün xüsusiyyətlərini nə qədər yaxşı bildiyini və bunlardan nə qədər bacarıqla istifadə etdiyini həmişə müşahidə etmək olar. İnsanla ünsiyyət sayəsində daha yüksək inkişaf etmiş bizim ev heyvanlarında hər gün, uşaqlarda müşahidə edildiyi səviyyədə olan hiyləgərlik hərəkətlərini müşahidə etmək olar. Çünki ananın bətnində insan rüşeyminin inkişafı tarixi, bizim heyvan əcdadlarımızın milyon illər ərzində soxulcandan başlayaraq keçmiş olduqları fiziki inkişaf tarixinin ancaq qısa təkrarından ibarət oduğu kimi, uşağın mənəvi inkişafı da həmin əcdadlarımızın – hər halda çox sonrakı əcdadlarımızın – əqli inkişafının ancaq daha qısa təkrarından ibarətdir. Lakin bütün heyvanların bütün müntəzəm hərəkətləri təbiət üzərində onların iradəsinin möhrünü basa bilməmişdir. Bunu ancaq insan edə bilmiçdir
Qisasını desək, heyvan xarici təbiətdən ancaq istifadə edir və sadəcə olaraq özünün mövcud olması ilə bu təbiətdə dəyişikliklər əmələ gətirir; insan isə öz yaratdığı dəyişikliklərə təbiəti öz məqsədlərinə xidmət etməyə məcbur edir, onun üzərində hökmranlıq edir. Bu da insanın qalan heyvanlardan sonuncu mühüm fərqidir və bu fərqə də insan yenə əmək sayəsində nail olmuşdur.

Lakin təbiət üzərindəki qələbələrimizlə çox da öyünməyək. Hər bir belə qələbə üçün təbiət bizdən intiqam alır. Bu qələbələrdən hər biri, doğrudur, birinci növbədə bizim gözlədiyimiz nəticələri verir, lakin ikinci və üçüncü növbədə çox zaman birinci nəticələrin əhəmiyyətini çox zaman puça çıxaran lap başqa, gözlənilməz nəticələr verir. Əkin yeri əldə etmək üçün Mesopotomiyada, Yunanıstanda, Kiçik Asiyada və başqa yerlərdə meşələri qırıb ağacları kökündən çıxaran adamların heç yuxusuna da gəlmirdi ki, bu hərəkətləri ilə onlar həmin ölkələrin indiki viranəliyinin əsasını qoymuşlar, çünki, bu yerlərin meşələrini məhv etməklə bərabər, rütubətin toplandığı və qaldığı mərkəzləri də məhv etmişlər. Alp italyanları, dağların şimal döşündə çox qayğı ilə mühafizə olunan iynəyarpaq meşələri, dağların cənub döşündə qırdığı zaman irəlicədən bilməmişlər ki, bununla öz vilayətlərində uca dağ maldarlığının kökünü kəsirlər; onlar irəlicədən əsla bilməmişlər ki, bununla ilin çox hissəsində öz dağ bulaqlarını susuz qoyacaqlar, bununla yağışlıq dövründə bu bulaqlardan düzənə çox güclü sel gələ biləcəkdir. Kartofu Avropaya yayan adamlar bilmirdilər ki, onlar bu ünlü kökümeyvə bitki ilə bərabər sıraca xəstəliyini də yayırlar. Beləliklə, faktlar hər addımda bizə xatırladır ki, biz təbiət üzərində heç də, istilaçının özgə xalq üzərində hökmranlıq etdiyi kimi hökmranlıq etmirik, təbiətdən kənarda olan kimsənin təbiət üzərində hökmranlıq etdiyi kimi etmirik, – əksinə, biz bütün canımız, qanımız və beynimizlə təbiətə mənsubuq, onun daxilindəyik və təbiət üzərində bütün hökmranlığımız ondan ibarətdir ki, bütün başqa vücudlardan fərqli olaraq, biz təbiət qanunlarını dərk edib bunları düzgün tədbiq edə bilərik.
Doğrudan da, biz təbiət qanunlarını gündən-günə daha düzgün anlamağa və onun təbii gedişinə fəal qarışmağımızın həm yaxın, həm də daha uzaq nəticələrini dərk etməyi öyrənirik. Xüsusilə təbiətşünaslığın bizim əsrdə olduqca böyük müvəffəqiyyətlər əldə etmiş olduğu zamandan bəri biz habelə, istehsal sahəsindəki fəaliyyətimizin heç olmazsa ən adilərinin daha uzaq təbii nəticələrinin də nəzərə ala bilməkdə və beləliklə həmin nəticələr üzərində hökmranlıq edə bilməkdə getdikcə daha artıq bacarıq əldə edirik. Bu isə bir fakt olaraq nə qədər qəti şəkil alırsa, insanlar bir o qədər artıq dərəcədə özlərinin təbiətlə birliyini yenidən nəinki yalnız hiss edəcək, habelə dərk edəcəklər, beləliklə ruhla materiya, insanla təbiət, canlı bədən arasında nə isə bir əksliyi olması haqqında mənasız və təbiətə zidd təsəvvür bir o qədər qeyri-mümkün olacaqdır, bu təsəvvür isə klassik qədim dünyanın tənəzzülü zamanından bəri Avropada yayılmış və xristianlıqda ən yüksək inkişafı tapmışdır.
Lakin istehsala doğru yönəldilmiş fəaliyyətlərimizin daha uzaq təbii nəticələrini irəlicədən müəyən dərəcədə nəzərə almağı öyrənməyimiz üçün min-min illər lazım gəlmişsə, bu fəaliyyətlərin daha uzaq ictimai nəticələri haqqında həmin bilik daha böyük çətinliklə əldə edilmişdir. Biz kartofdan və onun yayılması ilə bərabər sıraca xəstəliyinin yayılmasından danışdıq. Lakin fəhlə əhalinin yeməyinin təkcə kartofdan ibarət edilməsi üzündən tam bir sıra ölkələrdə xalq kütlələrinin güzəranında baş vermış nəticələrə nisbətən sıraca xəstəliyi nədir? 1847-ci ildə, kartofa xəstəlik düşdüyünə görə, İrlandiyada baş vermiş olan aclıq, təkcə – və ya demək olar, təkcə – kartof yeyən bir milyon irlandiyalını qəbrə aparan, iki milyon nəfəri isə okeanın o tayına köçməyə məcbur edən aclığa nısbətən sıraca xəstəliyi nədir! Ərəblər alkoqol çəkməyi öyrəndikləri zaman onların heç ağlına da gəlmirdi ki, bununla hələ o zaman kəşf edilməmiş olan Amerikanın yerli əhalisinin məhv edilməsində tətbiq ediləcək başlıca alətdən birini yaratmışlar. Sonra isə Kolumb bu Amerkanı kəşf etdiyi zaman bilmirdi ki, bununla o, Avropada çoxdan yox olmuş köləlik sistemini yenidən canlandırmış və zənciləri alıb-satmağın əsasını qoymuşdur. XVII və XVIII əsrlərdə buxar maşını yaratmaq üzərində çalışan adamlar güman etmirdilər ki, onlar bütün dünyada ictimai münasibətləri hər şeydən artıq inqilabiləşdirəcək bir alət yaradırlar, bu alət xüsusilə Avropada, sərvətləri azlığın əlində təmərküzləşdirmək və çox böyük əksəriyyəti proletarlaşdırmaq yolu ilə əvvəlcə burjuaziyaya sosial və siyasi hökmranlıq verəcək, sonra isə burjuaziya ilə proletariat arasında sinfi mübarizəyə səbəb olacaqdır ki, bu mübarizə də ancaq burjuaziyanı yıxmaq və bütün sinfi əkslikləri aradan qaldırmaqla qurtara bilər.

Lakin bu sahədə də biz, uzun, çox amansız təcrübə yolu ilə və tarixi materialı müqayisə və təhlil etmək yolu ilə, öz istehsal fəaliyyətimizin dolayı, daha uzaq ictimai nəticələrini başa düşməyi tədricən öyrənirik və bununla biz bu nəticələri də öz hökmranlığımıza və öz tərəfimizdən tənzim olunmağa tabe etmək imkanı əldə edirik.
Lakin bu tənzimi həyata keçirmək üçün sadəcə bilikdən daha artıq şey lazımdır. Bundan ötrü bu vaxtadək mövcud olan istehsal üsulumuzda və onunla birlikdə bütün indiki ictimai quruluşumuzda tam bir çevriliş etmək lazımdır.

İndiyədək mövcud olmuş istehsal üsullarının hamısı ancaq əməyin ən yaxın, bilavasitə faydalı səmərələrinə nail olmağı nəzərdə tutur. Daha sonralar meydana gələn və tədricən təkrar olunub toplanmaq sayəsində təsir göstərən sonrakı nəticələr isə əsla nəzərə alınmırdı. Torpaq üzərində ilk ümumi mülkiyyət, bir tərəfdən, insanların elə bir inkişaf səviyyəsinə uyğun idi ki, bu səviyyə onların görüş dairəsini ümumiyyətlə ən yaxındakı şeylərlə məhdud edirdi, digər tərəfdən isə, bu mülkiyyət müəyyən miqdar artıq boş torpaq olmasını tələb edirdi ki, həmin artıq boş torpaq bu ibtidai təsərrüfatın baş verə biləcək pis nəticələrini zəiflətmək üçün müəyyən imkan verirdi. Bu artıq boş torpaqlar qurtardıqdan sonra ümumi mülkiyyət də tənəzzül etdi. Onun ardınca gələn daha yüksək istehsal formalarının hamısı isə əhalinin müxtəlif siniflərə bölünməsinə, bununla da hakim siniflərlə məzlum siniflər arasında əksliyə səbəb olur. Bunun nəticəsində hakim sinfin mənafeyi istehsalın hərəkətverici amili oldu, çünki istehsal məzlumların acınacaqlı bir təhər davam etdirmək vəzifəsi ilə kifayətlənmirdi. Bu, indi Qərbi Avropada hökm sürən kapitalist istehsal üsulunda ən dolğun bir şəkildə həyata keçmişdir. İstehsal və mübadiləyə hökmran olan ayrı-ayrı kapitalistlər öz fəaliyyətlərinin ancaq daha bilavasitə faydalı effektlərinin qeydinə qala bilərlər. Bundan əlavə, hətta bu faydalı effektin özü – danışıq istehsal və mübadilə edilən əmtəənin faydalı olması barəsində getdiyindən – tamamilə arxa plana keçir və satış zamanı mənfəət əldə etmək yeganə hərəkətverici amil olur.

____

Burjuaziyanın ictimai elmi, klassik siyasi iqtisad, insanların istehsal və mübadiləyə doğru yönəldilmiş fəaliyyətlərinin başlıca olaraq ancaq bilavasitə əldə edilməsi nəzərdə tutulan ictimai nəticələri ilə məşğul olur. Bu, nəzəri ifadəsi olduğu bir ictimai quruluşa tamamilə uyğundur. Ayrı-ayrı kapitalistlər bilavasitə mənfəət üçün istehsal və mübadilə ilə məşğul olduqlarına görə, birinci növbədə ancaq ən yaxın, ən müstəqil nəticələr nəzərə alına bilər. Ayrıca bir fabrikaçı və ya tacir özünün hazırladığı və ya aldığı əmtəəni adi mənfəətlə satdıqda, bu onu tamamilə kifayətləndirir, bu əmtəənin və onu almış olan adamın başına sonralar nələr gəldiyi ilə əsla maraqlanmır. Həmin fəaliyyətlərin təbii nəticələri də eynilə belədir. Kubadakı dağ yamaclarındkı meşələri yandıran və yanğının külündən çox gəlirli qəhvə ağaclarının bircə nəsli üçün kübrə əldə edən İspaniya plantasiyaçılarının nə vecinə idi ki, güclü tropik yağışları bundan belə torpağın açıq qalmış üst qatını yuyub aparacaq və özündən sonra ancaq çılpaq qayalar qoyacaqdır! İndiki istehsal üsulunda insan fəaliyyətinin həm təbii, həm də ictimai nəticələri sahəsində başlıca olaraq ancaq birinci, ən aydın nəticə nəzərə alınır. Bununla belə hələ təəccüb də edirlər ki, bu nəticənin əldə edilməsi yolundakı fəaliyyətin daha uzaq nəticələri tamamilə başqa, çox hallarda həmin nəticəyə tamamilə əks olur; təəccüb edirlər ki, tələblə təklif arasındakı ahəngdarlıq özünün tam əksliyinə çevrilir; bunu hər on illik sənaye dövrəsinin gedişi göstərir; bunu “iflas” zamanı belə bir çevrilmənin kiçik bir başlanğıcını keçirmiş olan Almaniya da yəqin edə bilmişdir; təəccüb edirlər ki, şəxsi əməyə əsaslanan xüsusi mülkiyyət öz sonrakı inkişafında hökmən zəhnətkeşlərin öz mülkiyyətindən məhrum olmasına çevrilir, halbuki bütün əmlak getdikcə daha çox dərəcədə zəhmətkeş olmayanların əlində təmərküzləşir ki… (əlyazma burada kəsilir)

F. Engels tərəfindən 1876-cı ildə yazılmışdır
İlk dəfə “Die Neue Zelt” jurnalında çap edilmişdir. N 44, 1895–1896.


Oxşar yazılar:

Baxış sayı:27624