abunə ol: Yazılar | Şərhlər | Еmail

Zəngin insanın minnətdarlıq məktubu

Şərh

they_want_you_for_your_money_by_benheine-dxaqlp

Gəlin həqiqəti danışaq, siz heç vaxt lotoreyada qazanmayacaqsınız.

Lakin, yəqin yenə də ümid var – bu da sizi ömür boyu hansısa acınacaqlı bir işdə qul kimi çalışmağa məcbur edir. Çünki siz yalnış sosial sinfin nümayəndəsi olaraq doğulmusunuz.

Gəlin, həqiqətlə üzləşək – siz işçi sinfinin nümayəndəsisiniz. Üzr istəyirəm – məhz buna görə siz savadsızsınız, tərbiyəsizsiniz, sizin əlaqələriniz, kübar davranışınız, xoş görünüşünüz, yaxşı zövqünüz yoxdur. Odur ki, siz heç vaxt bizdən biri ola bilməyəcəksiniz. Bizim sizə etdiklərimizin hamısını siyahıya almaq üçün yəqin ki, heç iri həcmli telefon kitabçası da kifayət etməz. Lakin biz sizin yenə də Amerikamızdakı “ədalət” və “bərabər imkanlar” haqqında olan bütün bu axmaq nağıllara inanacağınızı bildiyimiz üçün sakitik.

Amma bundan başlayaq ki, bizim kimi belə iyerarxik sosial sistemdə hər zaman yuxarılarda yer az olmuşdur. Bundan əlavə, o yerlər artıq bizim tərəfimizdən tutulub. Və bizə burada xoşdur, ona görə də biz eyni şəkildə davam etməyə niyyətliyik. Siz isə özünüzdən aşağı sosial pillədə olan birini tapıb “payını verə bilərsiniz”. Hətta sonuncu qabyuyan da asanlıqla rişxənd edib, tüpürə biləcəyi “özündən aşağıda duran”  evsiz tapa bilər. Odur ki, buna görə işçi-miqrantlara, fahişələrə və evsiz –avaralara minnətdar olun.

Hər zaman xatırlayın: əgər bütün sizin kimilər bizim kimi iqtasadi rifah və sosial güzəştlərdən istifadə etsəydi, onda heç kim iqtisadiyyatımız üçün bütün bu sıxıcı, təhlükəli və aşağı qazanclı işləri görməzdi. Heç kim bizim üçün mübarizə aparmaz və kor-koranə şəkildə bizim totalitar kooperativ təşkilatların qaydalarına əməl etməzdi. Əlbəttə ki, heç kim dolğun və  yaradıcı bir  həyat yaşamadan azicanə şəkildə məzara getməzdi. Odur ki, zəhmət olmasa, yenə də əvvəlki ki yaxşı işləyin.

Bəlkə də sizin üçün bizim nə acgözlüyümüz və nə bitməyən şöhrət arzumuz, nə də nüfuz və sərvətə sahib olmaq istəyimiz tipik deyil. Yəqin ki, öz həyat tərzinizi dəyişmək istəyinizdə olduqca səmimisiniz, lakin həm də həyat tərzinizin dəyişməsindən qorxursunuz. Bu şəkildə siz və sizin kimilər daima əsəbi qeyri-müəyyənlik halında olurlar. Beləcə sizə yazılan sosial rolu mexaniki şəkidə oynayaraq və qorxaraq  həyatınıza davam edirsiniz: əgər bir gün “çərçivədən” kənara çıxmağa cəsarət etsəniz, başqaları sizin haqqınızda nə düşünər.

Təbii ki, məqsədlərimizə çatmaq üçün biz sizi bir-birinizə qarşı qoymağa çalışırıq: yüksək əmək haqqı alanlarla az əmək haqqı alan işçilər,həmkarlar ittifaqında birləşənlərlə birləşməyənlər, qaradərililərlə ağdərililər, qadınlarla kişilər, amerikan işçilərlə yaponlar, meksikalılar…

Biz daima sizin əmək haqqınızı “xarici rəqabətin”, “tələb və təklif qanununun”, “milli təhlükəsizliyin” və ya “ böyük büdcə kəsirinin” köməyi ilə azaldırıq. Əgər siz sadəcə icazə verilən həddi aşmağa cəhd etsəniz və bizim mənfəətimizi təhlükəyə salsanız, biz sizi işsizlər dəstəsinə atacağıq. Bizim gündəlik soyğunçuluğumuzun monotonluğundan dincəlməyiniz üçün isə sizə xalq arasında daha çox  “seçkilər” adı ilə tanınan, seçicilər üçün nəzərdə tutulmuş tamaşalarda iştirak etməyə icazə veririk. Xoşbəxtlikdən əslində sizi kimin idarə etdiyini anlamırsınız. Bunun əvəzinə “başqalarını”,“ ağaclara sarılan ekoloqları”,  “yəhudiləri” , “zənciləri”, “ müavinatla yaşayan xanımları” və hər hansı bir çətin vəziyyət yarandıqda sizin yanında olmağa hazır olan digərlərini günahlandırırsınız.

Biz həm də hətta istehsalın bir çox növlərinin təbiəti məhv etməsinə, sizin fiziki və psixoloji sağlamlığınızı sarsıtmasına və sadəcə yeganə və təkrarolunmaz həyatınızı gəmirmələrinə baxmayaraq, çoxunuzun hələ də “peşə etikasını” gözləmənizdən olduqca məmnunuq. Əslində biz heç işin nə olduğunu bilmirik. Lakin şadıq ki, siz onu yerinə yetirirsizniz.

Sözsüz ki, həyat başqa cür ola bilərdi. Cəmiyyət əhalinin bütün ehtiyaclarını təmin etmək üçün daha əsaslı təşkil oluna bilərdi. Siz və sizin kimilər bizim zülmümüzdən xilas olmaq üçün kollektiv şəkildə mübarizə apara bilərdiniz. Lakin siz bu haqda bilmirsiniz. Əslində siz hətta təsəvvür edə bilmirsiniz ki, başqa cür yaşamaq olar. Bizim sistemin mühüm və əsas nəaliyyəti sizin təxəyyülünüzü, yaradıcı imkanlarınızı və həmçinin sizin özünüz üçün düşünüb hərəkət etmə bacarığınızı oğurlamaqdır.

Buna görə də biz, olmayan ürəyimizin dərinliklərindən sizə səmimi qəlbdən təşəkkür etmək istərdik. Sizin sədaqətiniz və özünüzü qurban verməyiniz bizə dəbdəbədə yaşamağa imkan verir, sizin əməyiniz sistemimizin işləməsinə səbəb olur. Çox təşəkkür edirik ki, siz hətta dərk etməsəniz belə “öz yerinizi” bilirsiniz.

Anonim

(c) SOLFRONT.org

[Yazı original məqalədən Solfront.org üçün hazırlanmışdır]


Oxşar yazılar:

Baxış sayı:5302