abunə ol: Yazılar | Şərhlər | Еmail

“Avaralar dəstəsi” haqqinda mif

Şərh

Protesters in Athens

“Avropada kabus dolaşır” – Marks və Engelsin “Kommunist Partiyasının Manifesti” bu sözlərlə başlayır. Bizim zəmanəmizdə də kabus yenidən Avropada dolaşır – lakin Marks və Engelsin bu sətirləri yazdığı 1848-ci ildən fərqli olaraq, Avropada artıq kommunizm kabusu deyil, tənbəllik kabusu dolaşır.

Hökmran siniflərin, onların başını əzməyə və mülklərini müsadirə etməyə hazır olan qəzəbli kütlədən qorxduğu vaxtlar keçib. İndi onların əsas düşməni – avara və tənbəllər dəstəsidir ki, onların işləməməsi və hedonist həyat tərzi bədbəxt varlıların ödədiyi vergilər hesabına maliyyələşdirilir və iqtisadiyyatın qanını içir.

Britaniya koalisiya hakimiyyəti yorulmadan, ancaq “ağır iş günündən sonra” televizorda idman kanallarına baxmağı və onlayn-kazino oynamağı bacaran, işçi rayonlardan çıxan bu müftəxorları günahlandırır. Məhz utanmadan müftə qazanc tələb edənlərə görə – əvvəlki leyboristlər hakimiyyəti hər yolla onların qarşısını almağa çalışırdı – guya iqtisadiyyatda, ölkənin heç cür yüksələ bilmədiyi defisit müşahidə edilir. Bizə belə deyirlər.

Avrozona ölkələrində bir çoxları inanırlar ki, fiskal böhranı bütün bu aralıq dənizi ölkələrinin tənbəl sakinləri (xüsusilə, Yunanıstan və İspaniya) doğurmuşlar – hansılar ki, zəhmətkeş alman və hollandiyalılardan fərqli olaraq, vaxtlarını kart oyunu arxasında tələsmədən kofe-espresso qurtumlamaqla keçirirlər. “Əgər bu insanlar işləməyə başlamasa, avrozona problemləri həll tapmayacaq”. Bizə belə deyirlər.

Bu nağılların hamısının bir problemi var – onlar sadəcə nağıldırlar.

Birincisi, bir daha qeyd etmək lazımdır ki, avropa ölkələrindəki (həmçinin Böyük Britaniyadakı) fiskal defisit, maliyyə böhranının doğurduğu iqtisadi geriləmənin nəticəsi olaraq, vergi gəlirlərinin azalmasına görə müşahidə olunur – yəni, bu defisit heç də sosial təminata çəkilən xərclərdən qaynaqlanmır.

Nəticə olaraq, indiki zamanda əhalinin yoxsul təbəqələrinə qarşı hücumlar, ictimai dövlətin fəal şəkildə soyulduğu siyasət kimi, heç bir halda büdcə defisitinin dərin problemlərini aradan qaldırmağa qadir deyil.

Bundan əlavə – məhz əhalinin yoxsul təbəqələri digərlərindən daha çox işləyir. Axı məhz onların iş günü adətən daha uzundur, iş şəraitləri isə çox daha pisdir. Kiçik bir təbəqə istisna olmaqla, əhalinin yoxsul təbəqələri ümumilikdə dövlətin sosial köməyinə görə deyil, ona rəğmən yoxsul olaraq qalırlar.

Aydınlıq üçün, müxtəlif ölkələr üzrə məlumatları müqayisə edək. İqtisadi Əməkdaşlıq və İnkişaf üzrə Təşkilatın (İƏİT) 2011-ci il məlumatlarına görə, daha çox “avara” adlandırılan yunanlar orta hesabla ildə 2032 saat işləyirlər – bu isə, Cənubi Koreyadakı (burada işçilər bir qayda olaraq, “zəhmətkeş” hesab edilirlər) iş saatlarının orta miqdarından bir qədər azdır. Almaniyada isə (həmin 2011-ci ildə) orta iş saatlarının miqdarı Yunanıstanın cəmi 70%-ni təşkil edir – 1413 saat. Rəsmi statistika üzrə nəzərdən keçirsək, Hollandiya dünyada ən “tənbəl” ölkədir – burada ildə orta hesabla 1379 saat işləyirlər.

Lakin bu rəqəmlər yalnız bir şeyi göstərir: əgər Almaniyanın iqtisadiyyatında problemlər varsa, bunun səbəbi heç də onun sakinlərinin tənbəlliyinin nəticəsi deyil. Lakin əgər “avaralar” haqqında bu nağıllar əsassızdırsa, onda nə üçün bu qədər insan ona inanmağa üstünlük verir? Çünki son otuz ildə – “azad bazar” ideologiyasının hökmran olduğu dövrdə – bir çoxumuz, öz taleyinə görə tam şəkildə məsuliyyət daşıyan fərd haqqında mifə inanırdıq.

“Özünə inan – və sən hər şeyə nail olacaqsan” fikrini bizə uşaqlıqdan yeridən Disney cizgi filmlərindən başlayaraq, bizi daima “fərd – və yalnız o – həyatında baş verən hər şeyə görə cavabdehdir” fikri ilə bağlı ismarıclarla bombardman edirdilər. Mən bunu L`Oreal şirkəti prinsipi adlandırıram – əgər kiməsə ildə on milyonlarla funt ödəyirlərsə, ona görədir ki, “onlar buna layiqdirlər”, əgər digərləri – yoxsuldurlarsa, deməli, onlar ya kifayət qədər yaxşı deyillər, ya da kifayət qədər işləməyiblər.

Əlbəttə, bizim dövrdə siyasi nəzakət yoxsulları birbaşa tənqid etməyə imkan vermir – buna görə də bütün hücumlar müəyyən əfsanəvi “avaralar kütləsinə” qarşı edilir ki, onlar guya kənar dəstək olmadan müstəqil yaşaya bilməzlər. Bu cür siyasətin nəticəsi, hansısa “tənbəlləri” cəzalandırmaq üçün – əhalinin yoxsul təbəqələrinə kömək edən qurum və proqramların dağıdılmasıdır. Bu nəzər nöqtəsi o adamlara sərfəlidir ki, onlar onsuz da bu sistemdə yaxşı yaşayırlar. Bütün məsuliyyəti və günahı fərdin üzərinə qoymaqla, biz sadəcə olaraq, insanların diqqətini yoxsulluq və bərabərsizliyin struktur səbəblərindən yayındıraraq, “oxları dəyişirik”.

Axı məlumdur ki, uşaqlıqda qeyri-kafi qidalanma, az gəlirli ailələrdən olan uşaqlarda oxuma təşəbbüsünün az olması, yoxsul rayon məkləblərinin verdiyi qeyri-kafi təhsil səviyyəsi – bütün bu amillər yoxsulların uşaqlarının inkişaf imkanlarını məhdudlaşdıraraq, onların gələcək imkanlarını məhdudlaşdırır. Bu uşaqlar böyüdükləri zaman daima, onların özünü qiymətləndirmələrini aşağı salan və əminlikdən məhrum edən müxtəlif ictimai mövhumatla mübarizə aparmalı olacaqlar – xüsusilə, əgər onlar “düzgün dəri rəngi” və “düzgün cinsiyyətlə” doğulmayıblarsa.

Bu cür yüklə, hətta ən səmimi və ədalətli bazar iqtisadiyyatındakı “qaçışda” da qalib gəlmək daha çətindir. Lakin bazar iqtisadiyyatı əvvəlcədən “varlılara uyğunlaşdırılıb” – biz bunu hətta maliyyə alətləri ilə bağlı maxinasiyalar və Libor faiz dərəcələrinin səviyyəsi ilə bağlı aşkar yalanla bağlı qalmaqallarda da görürük.

(Libor – london banklararası bazarı təklifinin kredit faiz dərəcəsidir ki, maliyyə məhsullarının qiymətinin müəyyən edilməsi zamanı dünyanın bütün bankları ona əsaslanırlar. Onlar məşhur london Sitinin ən iri banklarının əməkdaşları arasındakı sorğunun nəticələrinə görə hesablanırdı. Nəzarət orqanları tərəfindən 2012-ci ildə başlanan istintaq göstərdi ki, banklar saxta məlumatlar verirdilər, bunun nəticəsində faiz dərəcəsi bazardakı real vəziyyəti əks etdirməməyə başlamışdı)

Bundan başqa, pul çox varlı insanlara oyunun əsas qaydalarını yenidən yazmağa imkan verir – əgər bu zəruridirsə. Gəlin hər şeyi öz adı ilə çağıraq – varlılar sadəcə olaraq siyasətçiləri və məmurları satın ala bilərlər (bu anda, qəfildən ABŞ dövlət xəzinəsinin katiblərinə çevrilən sabiq bankirləri xatırlamamaq olmaz). Maliyyə və əmək bazarının tənzimlənməməsi, həmçinin son otuz ildə müşahidə olunan, varlılara tətbiq olunan vergilərin azaldılması – pulların müəyyən etdiyi siyasətin nəticəsidir.

Beləliklə, debatları mənəviyyat və “tənbəllər” haqqında nağıllar müstəvisinə gətirərək, varlılar və hakimiyyətdə olanlar sadəcə olaraq diqqəti, ifrat yoxsulluq və bərabərsizlik yaradan struktur problemlərdən yayındırmağa çalışır.

Bu zaman mən heç də demək istəmirəm ki, fərdi istedadlar və səyləri həvəsləndirmək lazım deyil. Onları əzmək cəhdləri, daxilində daha çox bərabərsizlik ehtiva edən zahiri bərabərlik cəmiyyəti yarada bilər.

Yenə də, indi etiraf etmək lazımdır ki, yoxsulluq və bərabərsizliyin struktur səbəbləri var. Bu cür vəziyyətin aradan qaldırılması imkanları haqqında real debatlara başlamaq lazımdır. Bu yolda ilk addım isə, “avaralar dəstəsi” haqqında zərərli və əsassız aradan qaldırılması olacaqdır.

Xa-Cun Çan

(c) SOLFRONT.org

Mənbə


Oxşar yazılar:

Baxış sayı:5954