abunə ol: Yazılar | Şərhlər | Еmail

Tunis qiyamı

Şərh


Tunis diktatoru Zin əl-Abidin    ben Əli yanvarın 14-də ölkədən  qaçdı. Onun kompromiss təklifi  nəticə vermədi. Dekabrda start  götürümüş xalq çıxışları  mövqeyi çox güclü görünən,  neoliberalların “mütərəqqi”  saydığı, Beynəlxalq Valyuta  Fondunun “islahatlar”a görə  bəh-bəhlə təriflədiyi 75 yaşlı  diktatoru tarixin səhifəsindən  silib atdı.
Ancaq o qədər çox suallar qalır ki… Afrika dövlətləri arasında Avropa sivilizasiyasına ən yaxın sayılan Tunislə bu günün Azərbaycanı arasındakı çoxsaylı bənzərliklər və eyniyyətlər bizə orada baş verənlərə xüsusi diqqətlə yanaşmaq, hadisələrin məntiqini anlamaq və proqnozlar qurmaq imkanı verir. Yəni, “Tunis” deyib, “Azərbaycan” başa düşək. Və bu hadisələrə həm də yeni qlobal meyllərin təzahürü kimi baxaq. Odur ki, yazacağım cümlələrin Tunis hadisələrindən daha çox, indiki Azərbaycana aiddiyyatı var. Ondan başlayaq ki, Ben Əli sonuncu dəfə cəmi 3 ay əvvəl prezident seçilmişdi. Özü də 90 faiz səs toplamışdı. Onda sual yaranır: Bəs haradadır ona səs verən o 90 faiz seçici? Niyə bu yanvar günlərində prezidentlərini müdafiə etmədilər? Ben Əlinin aciz qaldığı günlərdə niyə meydanlara axışmadılar? Cavab sadədir: O 90 faiz – fantomdur. Seçkilər Tunisdə də, Azərbaycanda da eyni səviyyədə keçirilir. Halbuki, hər dəfə Qərb bu seçkiləri tanıyır. Bu qısa ekskurs nədən xəbər verir? Ondan ki, “nümayəndəli demokratiya”, “seçkilər” çoxdan bankrotdur. Onlar periferiya kapitalizmində vur-tut anti-xalq rejimin səlahiyyətlərini uzatmaq, legitimliyini təmin etmək taktikasıdır. Və bunun da demokratiyaya heç bir dəxli yoxdur. “Seçkili demokratiya”nın yerinə “birbaşa demokratiya” gəlməlidir. Bu isə aşağıların etirazları, küçə aksiyaları və mübarizənin digər kütləvi formaları deməkdir. Azərbaycanda müxalif partiyalar hər dəfə növbəti seçkiləri gözləməyi təvəqqe edirlər. Hər növbəti seçki isə əvvəlkindən daha pis və daha böyük məğlubiyyətlə müşayiət olunur. Bu isə ondan xəbər verir ki, özünü indiki rejimə opponent sayan müxalif partiyalar hakimiyyətə gəlmək üçün tam qüsurlu və səhv taktikanı təbliğ etməkdədirlər. Daha dəqiqi – onların heç bir taktikası yoxdur (strategiyası həmçinin). Onda cavab da alınır: Azəri müxalifəti siyasi müxalifət deyil, yaranmış vəziyyətə maksimum uyğunlaşmağa çalışan, Sistemlə müqaviləyə can atan, nə olur-olsun, Sistemlə konsensusa çalışan (hər dəfə də yaxına buraxılmayan) “liderlər”dən və bir də bu “liderlər”ə səmimi inamını saxlamaqda davam edən balaca bir qrup imançıdan ibarətdir. İmançılar da günbəgün azalır. Çünki, total peşmançılıq və yorğunluq illəri gəlib çatıb. Tunis hadisələrinin 2-ci dərsi bu Qiyamın arxasında onu təşkil edən siyasi qüvvənin, yaxud partiyanın yoxluğundadır. Eynilə 1917-ci ilin Fevral İnqilabı kimi, Tunis Qiyamı da kortəbii, təsadüfi, aşağıların səbrinin daşmasının nətcəsi olaraq qəfil başlayan bir prosesdir. Bu isə Tunis tarixində ilk dəfə deyil. Tarixə nəzər salaq: 1574-cü il. Tunis uğrunda Osmanlı imperiyası ilə İspaniyanın mübarizəsi 1 il əvvəl sonuncunun qələbəsi ilə bitib. Ancaq ispanlara qədim Karfagenə və Monastıra vur-tut 1 il ağalıq etmək müyəssər olur. 1574-cü ilin 18 fevralında ölkənin paytaxtı Tunis şəhərində tarixə “şara-şara” adı ilə düşmüş məşhur “Kisə üsyanı” başlayır. Detonator rolunu isə çox adi və xırda bir fakt oynayır. O vaxt ərəblərə silah gəzdirmək qadağandı. İspanlar hamının üstünü və əşyalarını yoxlayırdı. Növbəti yoxlamada bir ərəbə kisəni açıb içindəkiləri göstərmək əmr olunur. O isə itaətsizlik göstərir. Səs-küy qopur, ətrafdakı ərəblər mübahisəyə qoşulur. Artıq həmin günün axşamı 30 min üsyançıdan ibarət ordu formalaşır. Düzdür, ispanlar üsyanı qəddarlıqla yatırır, ancaq bu, həm də onların hakimiyyətinin sonu olur. Sentyabrda ispanlar Tunisi tərk edir. Onların yerini yenə türklər tutur və Tunis daha 3 əsr müstəmləkə olaraq qalır. O üsyanın bir ibrətamiz cəhəti üsyanın başqa vaxtlarda əhəmiyyətsiz görünən bir faktdan başlamasındadırsa (Doğrudan da, hamının kisəsini yoxlayırdılar, ancaq heç kəs etiraz etmirdi. Axırda bir nəfər etiraz edir və üsyan başlayır), digər tarixi dərsi xalqın məğlubluğunda, qələbənin illüzorluğunda və bir ağanın digəri ilə əvəzlənməsindədir. Yəni, ispanlar gedir, türklər gəlir. Bu ssenariyə xüsusi diqqət göstərin: İndi baş verənlər də sonunda eyni peşmanlıqla bitə bilər. Yəni, bir diktatoru digəri əvəzləyər. Bu barədə yazının proqnozlarla bağlı hissəsində bəhs edəcəm. Və yenə də qayıdaq bu günlərin hadisələrinə. İndiki Qiyam dekabrda Sidi-bu-Zid şəhərindən başladı. Orada polis bir küçə alverçisini incitdi. 26 yaşlı həmin gənc Universitet bitirsə də, iş tapa bilmədiyindən xırda alverlə məşğul olurdu. Polis onun malını əlindən aldı, onu “qanunsuz küçə alveri ilə məşğul olmaqda” suçladı (Tanış formuldur, deyilmi?), özünü də döydü. Təhqir edilmiş gənc üstünə benzin töküb özünə od vurdu, ancaq xilas edilərək Yanıq mərkəzinə çatdırıldı. Bundan bir neçə gün sonra isə 22 yaşlı başqa bir gənc özünü yuksək voltlu kabelin üsünə ataraq intihar etdi. İntihardan əvvəl isə “Yoxsulluğa son! İşsizliyə son!” qışqırdı. Azərbaycan üçün bunlar çox sısqa, hətta adi faktlardır. Görünür, tarixlərində “Kisə üsyanı” olan tunislilər üçün bu cür deyilmiş? Çətin ki. Axı elə bu tunislilər əsrlər boyu müxtəlif işğalçılara dözüblər, 1957-ci ildə müstəqillik qazanandan bəri keçən 54 ildə vur-tut 2 prezidentləri olub (“Sədr” Həbib Burqiba və onu devirən Ben Əli),  elə Ben Əliyə də 23 ildir dözürlər, hətta onu 90 gün əvvəl yenə prezident seçmişdilər. Və buyurun, qat-qat çətin əzablara qatlaşmış bir toplum hansısa küçə alverçisinin incidilməsin və hansısa gəncin intiharını əlində bayraq edib Ben Əlini devirdi. Heç bir partiyasız, siyasi qüvvələrsiz, lidersiz bir çevriliş etdi. Buradan nə nəticə çıxır? O nəticə çıxır ki, Üsyanları (seçkilərdən fərqli olaraq) proqnozlaşdırmaq olmur. Onların öz daxili məntiqi var. Çox vaxt fərsiz müxalifətin mövcudluğu Azadlıq savaşında yardımçı yox, MƏHZ MANEƏdir. Və ən süst, ən stabil, ölüvay, heç nə baş verməyən, “toxların harınlığı”nın (Marina Svetayeva) baş alıb getdiyi məmləkətlərdə də hər şey bir günün içində dəyişə bilir. Bu, əsassız ümid deyil. Bu, sadəcə ümiddir… *** Tunislilərin də “Ulu öndər”i vardı – bu, ilk prezident Həbib Burgiba idi. 1957-ci ildə Tunis respublika elan edilib Burgiba prezident elan olunarkən o, artıq 54 yaşındaydı və arxada 30 illik mübarizə, 10 illik məhbəs, mühacirət həyatı qoyub gəlmişdi. Fransızlar onu dəfələrlə həbs etmiş, bir dəfə isə – 1942-ci ildə onu həbsdən Hitler çıxarmış, Mussolini onu qəbul etmişdi. Ancaq kompromissiz siyasətçi olan Burgiba heç bir yad dövlətlə əəkdaşlığa getməyərək Tunisin müstəqilliyinə nail olmuşdu. Onun 30 illik hakimiyyəti həm də azadlıq uğrunda mübarizin “Şəxsiyyətə prəstiş” mərəzinə tutulan qəddar diktatora tansformasiyasına əyani misaldır. Gah soializm, gah panərəbizm ideyaları il əylənən Burgiba sonunda tipik despota çevrilib, bütün müxalifət partiyaları ləğv edir, özünü isə “Əbədi prezident” elan etdirərək məzarlığa da bu postdan yollanmaq niyyətini ortaya qoyur. Qoca diktator bircə dəfə fəhmində yanılır. O da 1987-ci ildə Ben Əlinibaş nazir təyin edərkən. Artıq həmin ilin 7 noyabrında Ben Əli Konstitusiyadakı bənddən istifadə edərək “Ulu öndər”i və “Əbədi prezidenti” aşırır. Kostitusiyaya görə, prezidentin xəstə olduğu halda səlahiyyətlər baş nazirə keçir. Ben Əli 84 yaşlı Burgibanı xəstə elan edir və onun yerinə keçir. Həmin hadisəni Tunis tarixində “Yasəmən inqilabı” adlandırırlar. Bununla da Ben Əlinin 24 illik hakimiyyət epopeyası başlayır. Növbəti diktator da özünü “Əbədi prezident” elan edir, ancaq Burgiba kimi, o da ömrünü prezident taxtında başa vura bilmir. 1987-ci ildə Ben Əli öz ustadı Burgibanı istafaya yollayanda da Tunis xalqı indiki kimi sevinirdi. Hamı Burgibadan bezmişdi. Və ironiya – bu günlərdə Ben Əlini devirənlər onun cinayətlərindən biri kimi nə vaxtsa “Ulu öndər”i hakimiyyətdən aşırmasını misal çəkirlər. “Ah dövlər, ah zövqlər!”. Burgiba az qala əzabkeşə çevrilir. Burgiba isə hakimiyyətdən getdikdən sonra hələ 13 il də yaşayır. O, 2000-ci ildə, 97 yaşında vəfat edir. Öləndə ölkədə 1 həftəlik matəm elan olunur. Keçmiş Ulu öndər” təmtəraqla və xüsusi Mavzoleydə dəfn olunur. Bu günlərdə Tunisdə baş vermiş hakimiyyət dəyişikliyini isə artıq “2-ci Yasəmən inqilabı” adlandırmağa başlayıblar. *** İstənilən halda,  Tunis hadisələrini növbəti “İnternet inqilabı” adlandıra bilərik. Avanqardsız və lidersiz xalq məhz elektrn poçt, feysbuk və tvitter vasitəsilə ötən dekabrdakı insidentləri (gəncin özünü yandırması, digərinin isə elektrik cərəyanı ilə intiharı) ictimailəşdirə bildi. Kütlələri küçələri çıxarmaq üçün də virtual imkanlar istifadə edildi. Bu yolla çıxışların vaxtı və yeri təyin edildi. Və xaotik qüvvə sonunda diktatoru qaçmağa məcbur etdi. Hələ 1917-ci ildə Lev Trotski inqilabı nəhəng bir texniki maşına bənzədirdi. Onun fikrincə, inqilabçının vəzifəsi sadəcə bu maşını vaxtında işə salmaq və gərək olanda dayandırmaqdan ibarətdir. Trotski Oktyabr inqilabını da buna uyğun edə bildi (Bu təmayülə ilk dəfə Kurtsio Malaparte diqqət yetirdi və onu özünün “Dövlət çevrilişinin taktikası” kitabında mükəmməl təsvir edə bildi). Trotski taktikası 21-ci əsrdə xüsusilə aktualdır. Çünki, yüksək texnologiyalar illəridir. Və qlobal miqyasda etiraz hərəkatları bundan effektiv şəkildə yararlanırlar (Ötən il bu taktika Latviya, Bolqarıstan, Yunanıstan, İspaniya, Qırğızıstan, İtaliya və digər ölkələrdəki aksiyalarda sınaqdan çıxdı). İndi də həmin taktikanın Əlcəzair və Tunisdə tətbiqini görürür. Hələlik hakimiyyətlər bu taktikaya qarşı adekvat “antidot” tapa bilməyib. Deməli, proses əzənlərin yox, əzilənlərin xeyrinə davam edir. Ancaq başqa aktual sual da var… Markesin “General öz labirintində” əsərində keçmiş döyüşçüləri Simon Bolivardan soruşurlar: “İndi bizim müstəqilliyimiz var. General, bu müstəqilliklə biz nə edək?” Azad olmuş kölə sonra nə edəcəyini bilmir. Nəticədə növbəti ağanın köləliyinə düşür. Bu isə istənilən Qiyamda strategiyadan məhrum olan hərəkatın taatiki qələbəsinin yeni məğlubiyyətlə əvəzlənəcəyini göstərir. Tunisdə də qiyamçılar bilmirlər – Ben Əli artıq yoxdur, bəs bundan sonra nə etməli? Nə qədər ki, əvvəlcədən bu suala cavab formalaşmayıb, qələbə eyforiyası 1993-ün iyulu ilə əvəzlənəcək. Hər yerdə…

Tunis hadisələrinin arxasında heç bir əcnəbi dövlət dayanmırdı. Üstəlik bu, saray çevrilişi, “Yuxarıdan inqilab”, “elitaların didişməsi” də deyildi. Niyəsini açıqlayaq. Əvvəla, Qərb heç vaxt bu ölkədə müxalifəti hazırlamayıb, pulla yemləməyib, ideoloji məşqlər keçməyib və hakimiyyət dəyişikliyində maraqlı olsaydı, əvvəldən yeni kadrlar, Ben Əlini əvəzləyəcək eşelon hazırlamalıydı ki, bunu da etməyib. Bu cəhətdən Tunis qapalı bir məkandır. Orada heç bir əcnəbi fond, yaxud müxalifəti yemləyən Soroslar işləmir. İşləmək istəyənlərə də Ben Əli qadağa qoymuşdu. Tunis ən çox jurnalist qətlə yetirilən dövlətlərdən biridir. Bundan əlavə, Ben Əli internet-senzura da tətbiq edir. Və bununla bağlı bir dəfə də ABŞ, ya Avropa rəsmiləri etiraz səsini qaldırmayıb. Onlara bu hakimiyyət sərf edirdi. Əlbəttə, “Qələbənin çoxlu atası olur, məğlubiyyət isə həmişə yetimdir”. Məğlub Ben Əli daha lazım deyil. Odur ki, ABŞ onu qəbul etmədi, Fransa və İtaliya qovdu, yalnız Səudiyyə Ərəbistanı sığınacaq verdi. Hillari Klinton isə Tunisə baxıb digər ərəb dövlətlərindəki diktatorları dərs götürməyə çağırdı. Bu da aydındır: Gedən Ben Əlidir, Tunis isə lazımlıdır. Ölkədə rəsmən müxalifət var. Bu cəhətdən də Tunislə Azərbaycan oxşardır. Ancaq bu, “əl müxalifəti”dir. Ölkədə müxalifət partiyaları 3 qrupa bölünüb: 1. Qeydiyyatı olan və parlamentə buraxılan (bizdə bu rolu VHP, “Ümid” və s. oynayır. 2010-a qədər Müsavat, 2005-ə qədər AXCP bu qrupa daxildi). 2. Qeydiyyatı olan və parlamentə buraxılmayan və 3. Qeydiyyata alınmayan (Məsələn, bizdə İslam Partiyası). İcazəli müxalifət əslində Ben Əlinin dayaqlarını bərkidirdi. Parlamentdə olmayan partiyalar isə siyasi mübarizə və plüralizm illüziyası yaratmaq üçündü. Eynilə bizdəki kimi. Mübarizə isə – yox idi. Hansısa Qərb dövləti Ben Əlini aşırmaq istəyirdisə, bu müxalifəti maliyyələşdirməli, gücləndirməli, radikallaşdırmalı idi. Halbuki, Tunis partiyaları icazəli “divan partiyaları”ydı. Baş verən Qiyamda da onlar nəinki öndə getmirdilər, heç quyruqda da deyildilər. Həmkarlar təşkilatları isə quyruqda gedirdi – yalnız Qiyamın taleyi bəlli olanda, onlar ümummilli tətilə çağırdılar. Halbuki həmin vaxt artıq heç kim işləmirdi. Ben Əlinin əhatəsi tərəfindən devrilməsi də sübutsuzdur. Onun komandası ona qarşı heç vaxt çıxmayıb, indi də çıxmağa qorxardı. Sadəcə, diktatoru müdafiə etməli olan polis işini bacarmadı. Bu da ilk növbədə onsuz da ümummilli nifrət hədəfi olan polisdə çalışanların qorxaqlardan ibarət olmasının göstəricisidir. Bu, sürü psixologiyasıdır – nə qədər ki, qarşındakı qorxur, sən onu daha da qəddarcasına incidirsən, qarşındakı qorxmayanda isə qorxub qaçırsan (Bu psixologiya Azərbaycana da tətbiq oluna bilər). Ben Əlini ordu qorumadı ki, bu da həm ordunun 1987-ci ildən bəri siyasətdən uzaqlığı (keçmiş hərbçi Ben Əli hakimiyyətə yiyələnən kimi ordunu siyasətdən uzaqlaşdırdı), həm də azsaylı olması ilə izah olunur. Məsələn, ölkədə 10 milyon əhaliyə 150 min polis düşürsə, orduda cəmi 35 min adam var. Beləliklə, Tunisdə baş verənlər hamının “Azadlığa layiq deyillər” deyib kənara çəkildiyi bir xalqın spontan Qiyamıdır. Tunisin əsas dərsi də elə bundadır. O, ümid verir. O, istənilən korrupsioner və anti-xalq rejimi panikaya salır, klan hakimiyyətlərini dəhşətə gətirir. Və Tunis Qiyamı təsdiqləyir – Qiyam üçün heç də kənardan maliyyələşən müxalifətin, partiyaların olması zəruri deyilmiş. Belədir – Qiyam üçün zəruri deyilmiş. Ancaq Qiyamdan sonra üçün – çox zəruridir. Əks halda Qiyam İnqilaba keçməyəcək, Sistem dəyişməyəcək və Ben Əlini başqa bir “ben əli” əvəzləyəcək. Yəni, sadəcə fiqurlar dəyişəcək. Əsassız ümidlər isə yeriri xroniki depressiyaya verəcək. *** Kompromissə getməyə hazır olduğunu söyləyən Ben Əlinin əsas vədi bilirsizmi nə idi? Yaxın 2 ildə 300 min yeni iş yeri açmaq! Tanış absurd. Yap rəsmiləri hakimiyyətin 1 ildə 600 min “iş yeri açdığını” deyərdilər (Daha demirlər). Hətta Ben Əli kimi təcrübəli diktator bu cür ifrat lağ-lağını dilinə gətirməyə utanıb. 600 mini 4 il ərzində vəd edib. Bu müqayisə də əhəmiyyətlidir. Və nəhayət – Tunis xalqı Ben Əlini də, “birinci ledi” Leylanı da, onun qardaşlarını da yaxşı tanıyırdılar. Ancaq onlar haqqında Vikiliks yazanda, əsəblər lap tarıma çəkildi. Hansısa piknik üçün milyonlarla xərc çəkib İtaliyadan təyyarə ilə yemək və meyvə daşınması haqda bilgilər ümidsiz tunislilərdə ikrah və qəzəb doğurdu. Yəni, Tunis Qiyamını Vikiliksin ktalizatorluq etdiyi ilk inqilab da sayırlar (Bu, oxşarlıqlar üçün daha bir fakt). Bəs sonra nə olacaq? Nə dəyişəcək? Qorxuram ki, heç nə. Qiyam bitdi, İnqilab isə başlamadı. Fiqurlar tanış, ideologiya həmin, partiyalar da Ben Əliyə qarşı bir dəfə də etiraz etməmiş nimdaş “müxalifət”. Bu isə ondan xəbər verir ki, xalq yenə reallaşmamış ümidləri ilə baş-başa qalacaq. Tunis Qiyamından çıxarmalı olduğumuz əsas dərs də elə budur – Rejimə qarşı mübarizə ideoloji, təşkilatla, strategiya ilə olmalıdır. Bunun tərsi – təxirə salınmış  məğlubiyyətdir…


Oxşar yazılar:

Baxış sayı:11765