abunə ol: Yazılar | Şərhlər | Еmail

Maykl Mur – Mən əsgərlərimizi dəstəkləmirəm

Şərh

anti-war-flag-US

Mən əsgərlərimizi dəstəkləmirəm, Amerika – elə sən də.

Mən bu cəsur vətəndaşlarla – silahlı qüvvələrimizin əsgərləri və matrosları ilə oynadığımız hiyləgərlik və riyakarlıqdan yorulmuşam. Şübhə etməyin – bu əsgər və martosların, təyyarəçi və dəniz kəşfiyyatçılarının bir çoxu sözlərimizdəki bütün yalanları sezirlər. “Mən ordumuzu dəstəkləyirəm!”. “Mən əsgərlərimizin tərəfindəyəm” – amerikanlar riyakar səmimiliklə deyirlər, ona görə riyakar ki, bizim əməllərimiz sözlərimizlə üst-üstə düşmür.

Bu gənclik – oğlanlar və qızlar – ordu və donanmaya ona görə yazılıblar ki, bizi qorumaq üçün həyatlarını təhlükəyə atsınlar – əvəzində isə bunları əldə edirlər:

  1. Onları, Amerikanın müdafiəsi və həyatlarımızın xilas edilməsi ilə heç bir əlaqəsi olmayan müharibələrə göndərirlər. Onları müqəvva kimi istifadə edirlər ki, hərbi-sənaye kompleksi milyardlarla dollar qazansın və varlılar öz imperiyalarını daha da genişləndirə bilsinlər. “Əsgərlərimizin dəstəklənməsi, ordumuzun dəstəklənməsi” – məgər bu demək deyil ki, mən susmalı, suallar verməməli, bu ağılsızlığı durdurmaq üçün heç nə etməməli və minlərlə gəncin ölməsinə susaraq baxmalıyam? Buna son qoymaq üçün çox şey edərdim. Lakin siz səmimi şəkildə deyə bilərsiniz ki, ordunu yalnız, göndərildikləri lənətəgəlmiş yerlərdən xilas emtək üçün gecə-gündüz işlədiyiniz zaman dəstəkləyirsiniz. Budur, ordumuzu evə gətirmək üçün bu həftə nə etmişəm? Heç nə. Buna görə də, əgər mən: “əsgərlərimizi dəstəkləyirəm” dedikdə, mənə inanmayın. Əslində mən ordunu dəstəkləmirəm, çünki bu gün məni daha ciddi işlər – məsələn, i-phone-u təmirdən necə götürmək və ya avtomobilim üçün daha yaxşı harda tuninq etmək məsələləri maraqlandırır.
  2. Öz ölkəsinə xidmət edən “əsgərləri dəstəklədiyimizi” iddia etdiyimiz vaxtda eyni şeyləri deyən bankirlər, onlar uzaqda ikən, bu əsgərlərin evləri üzrə kredit faizlərini yüksəldir və onların ailələrini evlərindən köçürür. Məgər mən hərbçi ailəsini evlərindən atan zaman gedib şerifin müavini qarşısnda durdummu? Yox! Bu da “əsgərləri dəstəklədiyimin” sübutu – çünki əgər mən belə etsəydim, bu evlərin qapılarını blok etmək üçün kütləvi oturaq tətillər təşkil edə bilərdim. Bunun əvəzində bu gün axşam nəcib bir restoranda çili xanı balığı ilə şam edəcəyəm.
  3. Sizlərdən bir çoxu – “əsgərlərimizi dəstəkləyirəm” deyənlər – xəstə və yaralılara yardım etmək və təsəlli vermək üçün hərbi hospitallara baş çəkib? Mənim üçün bu – sual altındadır. Sizlərdən bir çoxunun bunun – Veteran təşkilatının nə olduğu haqqında təsəvvürünüz var? Mən belə şeylərlə məşğul olmamışam. Beləliklə, əminliklə deyə bilərsiniz: “mən əsgərlərimizi dəstəkləmirəm” – elə mən də.
  4. “Əsgərlərə dəstək” həvəskarları arasında kimlər orduda xidmət zamanı qadın əsgər və matrosların neçəsinin zorlanması barədə mənə təxmini rəqəm deyə bilər? Cavab: ildə təxminən 19,000 qadın əsgər və matroslar digər amerikan əsgərlər tərəfindən cinsi zorakılığa məruz qalırlar. Bu cinayətkarları məsuliyyətə cəlb etmək üçün nə edə bilərik? Cavab vermirsiniz? Bu qadınlar əzab çəkirlər və mən heç nə etmirəm.  Buna görə də mənə icazə verməyin ki, sizinlə birlikdə “əsgərlərimizi dəstəkləyirəm” deyim, çünki, təəssüf ki, onları dəstəkləmirəm. Onlara qarşıyam. Elə siz də.
  5. Evsiz veteranlara yardım? Bəs dünənki gün? Keçən həftə? Keçən il? Necəsə? Bəs necə, mən düşünürdüm ki, siz “ordunu dəstəkləyirsiniz”!? Evsiz veteranların sayı heyrətləndiricidir – hər gecə ən az 60,000 veteran, qürurla “öz əsgərlərini dəstəkləyən” ölkənin küçələrində yatır. Bu utandırıcı və biabırçıdır, elə deyilmi? Budur – həmişə bu veteranlara kömək edə biləcək sosial proqramların əleyhinə səs vermiş “bizim əsgərləri dəstəkləyənlərin” həqiqi siması. Ən az 12700 evsiz İraq və Əfqanıstan veteranı bu gün küçədə yatmaq məcburiyyətindədir. Mən küçədə yatan veteranların heç birinə yardım əlimi uzatmamışam. Onlara baxa bilmrəm və sürətlə yanlarından ötüb keçirəm. Bu “əsgərlərin dəstəklənməsi” deyil və düşünürəm ki, mənim vəziyyətimdə – bu belədir. Sizing vəziyyətinizdə də.
  6. Bütün bu “bizimkilərin dəstəklənməsi”ndə ən gözəl şey bilirsiniz nədir? Yəqin ki, biz bu əsgərlərin rifahı üçün nəsə etmişik – və onlar bu sevgi və dəstəyi o qədər yaxşı hiss edirlər ki, onların rekord sayda üzvləri hər həftə intihar edir. Əslində isə, intihar edən əsgərlər döyüşdə həlak olan əsgərlərdən daha çoxdur (2012-ci ilin noyabrında 210 döyüşdə həlak olanlara qarşı 332 intihar). Bəli, Birləşmiş Ştatların silahlı qüvvələrində öz əlinizdən ölmək şansı Əl-Qaidə və ya talibanların əlindən ölməkdən daha yüksəkdir. Mütəxəssislərin qiymətləndirmələrinə görə, hər gün 18 veteran intihar edir – yəni, Amerikadakı bütün intiharların beşdə bir hissəsi. Halbuki intihar edənlərin dəqiq sayını heç kim bilmir, çünki biz bu halı izləmək əziyyətinə qapılmırıq.

Bax bu əsl dəstəkdir! İnsanlar, bu ordu həqiqətən də bizim sevgimizi hiss edir! Qoy səndən bir daha eşidim: “Mən əsgərlərimizi dəstəkləyirəm!”. Bərkdən! “Mən ƏSGƏRLƏRİMİZİ dəstəkləyirəm!”.

Belə daha yaxşıdır. Əminəm ki, bizi eşitdilər. Bayrağımızı almağı, onu sinənizdə daşımağı unutmayın və heç vaxt, heç vaxt hərbçiyə, “Xidmətiniz üçün minnətdarıq!” demədən yanınızdan keçməyə icazə verməyin. Əminəm ki, bu, özünü öldürməmək üçün ona lazım olan şeydir. Orduya “dəstəyinizi” qoruyub saxlamaq üçün mümkün olan hər şeyi edin – çünki, Allah bilir ki, mən artıq bunu edə bilmirəm.

Mən “ordumuzu dəstəkləyirəm” şüarını dəstəkləmirəm – və ya respublikaçıların və qorxaq demokratların bizə yeritdikləri istənilən boş və riyakar bayağılıqlardan hər hansı birini.

Əslində dəstəklədiyim isə budur: onların evlərinə qayıtmasını dəstəkləyirəm. Bu insanların yaxşı tibbi xidmətini dəstəkləyirəm. Sülhü dəstəkləyirəm və silahlı qüvvələrə qoşulmağı düşünən, oxuyan hər bir gəncə yalvarıram – xahiş edirəm, bir daha düşünün. Bizim hərbi idarələrimiz kifayət qədər addım atıb ki, sizin gənc həyatınızı, təhlükəli döyüşdə, sizin qoşulmağınızla heç bir ortaq cəhəti olmayan bir iş üçün düşünmədən qurban versin.

Onlar sizi istifadə etdikdən sonra yardım etməyəcəklər – cəmiyyətə yenidən necə uyğunlaşacağınız onların vecinə deyil. Əgər siz qadınsınızsa, bilin – onlar sizi, öz sıralarınızdakı təcavüzcülərdən qorumayacaqlar. Sizin vicdanınız olduğu üçün və siz səhv olanı doğrudan ayıra bildiyiniz üçün yol verməməlisiniz ki, sizə heç vaxt ziyan verməmiş digər ölkələrdəki vətəndaşların öldürülməsi üçün sizdən istifadə etsinlər. İndiki zamanda ölkəmiz, dünya üzrə ən azından yarım düjin müharibədə iştirak edir. General Motors növbəti rekord mənfəət həddini qeyd edərkən, bir neçə ay gözləməli olduğunuz protezlərinizin xərclərini qarşılaya biləcək vergiləri ödəməkdən imtina edərkən, kədərli statistikanın daha bir kədərli rəqəminə çevrilməyin.

Mən sizi dəstəkləyirəm və sizinlə həmrəylik üçün daha çox şey etməyə çalışacağam. Siz də – hərbçilər sırasını tərk edərək və heç vaxt geriyə baxmayaraq, məni və ölkəmizin ideallarını dəstəkləyə bilərsiniz.

Xahiş edirəm, növbəti dəfə “əsgərlərimizin bəzi tərəfdarları” sizə: “xidmətiniz üçün minnətdaram” dedikdə, onların üzünə düz baxın – və onların riyakar sifətlərini dağıdın (əlbəttə ki, obrazlı şəkildə).

Mən əsgərlərimizi dəstəkləmək üçün bir şey etdim – bu mənasız müharibələri dayandırmağa kömək edirdim və edirəm. Miçiqanda açdığım kinoteatrda anti-müharibə filmləri nümayiş etdirirəm. Hərbi qüvvələrin İraq və Əfqanıstandan geri qaytarılması üçün hərəkət planına ictimai maraq oyatmağa çalışan ilk insan oldum. Qayıdan əsgərlərimiz üçün iş yerləri tapmaq fikri üzərində işləyirəm. Həmçinin hərbçiləri kinoteatra gətirirəm ki, orada hər gün pulsuz filmlərə baxsınlar.

Maykl Mur (23 aprel, 1954) – amerikalı rejissor, ssenarist, ictimai tənqidçi və aktivist.

(c) SOLFRONT.org

[Yazı original məqalədən Solfront.org üçün hazırlanmışdır]


Oxşar yazılar:

Baxış sayı:6668