abunə ol: Yazılar | Şərhlər | Еmail

İsmayıllı: Kapitalizm kəndliyə qarşı…

Şərh

3E423729-E9D9-4B54-882D-ADEB9B0F45AD_mw1024_n_s

Məmməd Süleymanov

İsmayıllı qiyamını sinfi mübarizənin növbəti epizodu adlandırmağım sözgəlişi deyil. Aqrar rayonu olan rayonda heç bir zavod-fabrik işləmir, proletariat yoxdur. Odur ki, kapitalizmin əzdiyi sinif də kəndli sinfidir.
Nə vaxtlarsa nağıllarla yemləndirilən kəndlilər demokratiya və kapitalizmin gəlişi ilə azad istehsalçıya və torpaq sahiblərinə çevriləcəyinə inandırıldılar. Neoliberal reseptləri nöqtə-vergülünə toxunmadan yerli şəraitə kopi-past edən azəri rejimi onlara öz zəhərli dişini və iti caynaqlarını tam göstərdiyində isə artıq gecdi: kəndlilər anladılar ki, onlara məxsus olmuş heç nə daha onların deyil. Təkcə torpaq yox, həm də sosializm illərində istisnasız olaraq xalq mülkiyyəti olmuş çaylar, meşələr, otlaqlar… da. Və Rodarinin “Çipollinosu”ndakı Sinyor Pomidoru da onlara feodal təyin ediblər.
Aqrar ölkə olan Azərbaycanda kapitalizm kəndlilərin əsas düşmənidir, kapitalizmin də əsas düşməni kəndlilərdir.
Bu formulu unutmayın: kapitalizmin əsas düşməni Azərbaycanda nə yox olmaqda olan klassik proletariat, nə ofis planktonu, nə də xırda tacirlərdir. Yox, məhz kəndlilərdir. Çünki, məhz onlar bir tərəfdən ən amorf və ən mühafizəkar sinif olmaqla daha uzun müddətə yaşam ukladlarına yönəlmiş qəsdlərə qarşı davam gətirirlər.
İkincisi, aqrar ölkədə ən az sərmayə ilə ən böyük gəlir gətirən sahələri istismar etmək və qazanmaq üçün kapitalistlərə kəndliləri öz ərazilərindən qovmaq, torpaqlarını almaq, məhsullarının bazara çıxarılmasının qarşısını almaq lazımdır. Bu isə yenə də icma münasibətlərinə öyrəşmiş, yüzillərdir eyni ukladda yaşamış kəndlilərə qarşı daha böyük və qəddar istismarçılıq tətbiq etməyi zəruriləşdirir. Özünüz baxın: Binə tacirlərinin aksiyası vur-tut 1 saat çəkdi, İsmayıllıda isə icma münasibətlərini qoruyub saxlamış insanlar 2 gün bu nəhənglikdə repressiya aparatına qarşı dirəşdilər. Bir sözlə, kapitalistlərə kəndlər və torpaqlar lazımdır – ancaq kəndlilərsiz. Qeyri-təbii urbanizasiyanın, rayon-kənd camaatına dözülməz yaşam şəraiti yaratmaqla onları paytaxta və Rusiya şəərlərinə köç etməyə məcbur etmələrin kökündə də elə bu istək durur.
Üçüncüsü, rayon-kənd əhlində qalan ictimai münasibətlər, kollektivçilik ənənələri, müəyyən qədər qapalılıq da kapitalizmin “Parçala və hökm sür” praktikasına əngəldir. Elə buna görə də mənəvi dəyərlər aşındırılır, əxlaqi keyfiyyətləri yerdə sürünən kəslər idarəçiliyə gətirilir.
Sonuncu faktorun misilsiz rolunu İsmayıllı qiyamında görə bilərik. Harın çinovnik gədələrinin yerli camaatla lavranışındakı əxlaqsızlıq, yaxud motelin həm də priton kimi fəaliyyət göstərdiyinə dair İsmayıllı sakinlərinin söylədiklərini yadınızdan çıxarmayın. Bu aşınmalar indi hər yerindən durmağa çalışan epataj personajların “milli dəyərlər” deyə ələ saldıqları əxlaq normaları və minillik ailə ənənələrinə qəsddir ki, onları dağıtmaqla da insanları birləşdirən dəyərləri dağıdır, insanları atomlaşdırırlar.
Bir sözlə, Azərbaycan kəndlisi ona 25 il vəd olunmuş kapitalizm “cənnət”ini öz gözü ilə gördü, onun “uğurları”nı öz donqarında hiss elədi. Harada ki, bu kapitalizm icma münasibətlərini dağıda bilib, oralarda kəndlilərin itirdikləri təkcə torpaq sahələri, çay və meşələr, istehsal etdikləri məhsulları bazara çıxarmağa qadağalar və maliyyə imkansızlığı deyil, həm də icma münasibətlərinin (o münasibətlər ki, SSRİ dönəmində də güclü idi), birlik formulunun, kollektivçiliyin məhvi oldu. Yeri gəlmişkən, şəhərlərdə bu münasibətlər çoxdan məv edildiyindəndir ki, paytaxtda, yaxud digər iri şəhərlərdə müqavimət və etirazlar effektsizdir və uğursuz olaraq qalacaq.
İsmayıllıda bu münasibətlər qalmaqdadır. Dirənişin xarakteri də bunu təsdiqləyir.
Onu da unutmayın ki, Azərbaycandakı kapitalizm heç də liberalların söylədikləri kimi “pis kapitalizm” yox, əslində periferiyada mümkün olan kapitalizmin yeganə formasıdır. Yəni, elə əsl, yeganə mümkün kapitalizmdir.
Kəndlinin mübarizəsi də sinfi və antikapitalist mübarizədir. İrəlidəki alternativ də geniş deyil: ya Sosializm, ya dinin tüğyanı, ya adına kapitalizm dedikləri barbarlıq…

Oxşar yazılar:

Baxış sayı:5635