abunə ol: Yazılar | Şərhlər | Еmail

Sergey Kara-Murza | Qramşinin hegemoniya haqqında təlimi

Şərh

gr

22 yanvar – italyan marksist, İtaliya kommunist partiyasının banisi Antonio Qramşinin doğum günüdür. Sizə rus mütəfəkkir Sergey Kara-Murzanın “Şüurun manipulyasiyası” əsərindən bir hissə – Qramşi və onun hegemoniya haqqında nəzəriyyəsinə dair hissəni təqdim edirik.

İtalyan kommunist partiyasının banisi, parlament deputatı Antonio Qramşi 1926-cı ildə faşistlər tərəfindən həbs olunub, həbsxanaya salınıb, 1934-cü ildə amnistiyadan sonra ağır xəstə halda sərbəst buraxılıb, 1937-ci ildə vəfat edib. 1929-cu ilin əvvəllərində ona həbsxanada yazmağa icazə verdilər və o, öz böyük “Həbsxana dəftərləri” əsərinə başladı. Bu əsər ilk dəfə İtaliyada 1948-1951-ci illərdə çap edilib, 1975-ci ildə isə şərhlərlə birlikdə dörd cildlik elmi-tənqidi nəşri çıxdı. O zamandan bəri ard-arda rus dilindən başqa bir çox dillərdə dəfələrdə yenidən nəşr edilib, bu əsərə həsr edilmiş tədqiqat ədəbiyyatı isə ağlasığmaz həcmdədir – minlərlə kitab və məqalələr. Rus dilində “Həbsxana dəftərləri”nin təxminən dörddə üçü nəşr edilib, 70-ci illərin əvvəllərindən başlayaraq, yenidənqurmaya hazırlığın hər yerdə hiss edildiyi zamanda KPSS ideoloqları Qramşinin adına tam şəkildə qadağa qoydular (halbuki dolayı əlamətlərə əsasən demək olar ki, yenidənqurma ideoloqları Qramşinin əsərlərini intensiv şəkildə öyrənirdilər).
Qramşinin dövriyyədən çıxarılması üçün bəhanə (tamamilə uydurulmuş) guya onun Leninlə dərin fikir ayrılığı idi. Əslində isə səbəb ondadır ki, Qramşinin təlimi “yuxarıdan inqilab”ın həyata keçirilməsi üçün SSRİ əhalisinin şüurunu manipulyasiya etmək üzrə kampaniyanın əsasında dururdu.
“Həbsxana dəftərləri” Qramşi tərəfindən nəşr üçün deyil, özü üçün, bundan əlavə, türmə senzurasının nəzarəti altında yazılmışdı. Onu oxumaq asan deyil, lakin çoxsaylı “qramşişünasların” köməyi ilə materialların demək olar ki hamısının məzmunu bərpa edilib və izahlar arasındakı fərqlər böyük deyil. Ümumilikdə demək olar ki, əsər bütün humanitar bilik sahələrinə – fəlsəfə və politologiya, antropologiya (insan haqqında təlim), kulturologiya və pedaqoqikaya böyük töhfə verib. Bu töhfəni Qramşi marksizmi inkişaf etdirərək və protestant Reformasiya, Fransız inqilabı, 1917-ci ilin rus inqilabı – eyni zamanda faşizm təcrübəsini dərk edərək etmişdir. Beləliklə o, müasir cəmiyyət üçün – dövlət və inqilabın yeni nəzəriyyəsini yaratmışdır (kəndli Rusiyası şəraitində yaradılmış Lenin nəzəriyyəsinin inkişafı və müəyyən dərəcədə aradan qaldırılması üçün). Lakin aşkar olundu ki, kommunizmin qələbəsi uğrunda çalışarkən, Qramşi ümumelmi əhəmiyyətli bir çox yeniliklər etdi.
Məlum olduğu kimi, “bilik – gücdür” və biliyi mənimsəmiş və onu tətbiq etmək imkanı əldə etmiş hər kəs bu gücdən istifadə edə bilər. Alov insana ibtidai vəziyyətdən çıxmağa kömək edib, lakin İnkvizisiya alovunda yandırılmış insan, allahlardan insanlar üçün alov oğurlamış Prometeyi xoş sözlərlə xatırlamaya bilər. Kommunist tərəfindən yaradılmış nəzəriyyə kommunizmin düşmənləri tərəfindən effektiv şəkildə istifadə edilib (bizim kommunistlər isə onu tanımaq istəmirlər). Bu, Qramşinin günahı deyil.
Əgər bu gün “Qramşi” sözü üzrə iri qərb elmi məlumatlar bazasında axtarış versək (məsələn, nəhəng amerikan “Dissertasiyalar” bazasını), Qramşinin nəzəriyyəsinin köməyi ilə nə qədər genişmiqyaslı ictimai hadisələrin öyrənilməsinə məəttəl qalarsan. Buraya həm milli münaqişələrin qızışdırılmasının gedişatı, həm Nikaraquada kilsənin yuxarı dairələrinin “azadlıq teologiyası”na qarşı mübarizə taktikası, həm ABŞ-da idman tarixi və onun kütləvi şüura təsiri, həm müasir afrikan ədəbiyyatının xüsusiyyətləri, həm də bu və ya digər növ reklamların effektivliyi aiddir. Əgər 20-30 il əvvəl praqmatik qərb ictimaiyyatı bütün mühüm ictimai proseslərin təhlili üçün klassik marksizm metodologiyasından (təbii ki, digər metodologiyalarla bərabər) istifadəni mütləq hesab edirdisə, bu gün Qramşinin qavramları və metodologiyalarına əsasən bir problem üzərində “işləmək” zəruri hesab edilir.
Qramşi əsərinin əsas bölmələrindən biri – hegemoniya haqqında təlimdir. Bu – dövlətin dağıdılması və yeni ictimai-siyasi quruluşa keçid haqqında ümumi inqilab nəzəriyyəsinin bir hissəsidir. Bizim problemimizə birbaşa aidiyyəti olan təlimin mahiyyəti haqqında qısaca danışaq.
Qramşinin fikrincə, hakim sinfin hökmranlığı yalnız zorakılığa deyil, həm də razılığa əsaslanır. Hakimiyyət mexanizmi – təkcə məcburetmə deyil, həm də inandırmadır. Hakimiyyətin iqtisadi əsası kimi mülkiyyət sahibi olmaq kifayət deyil – mülkiyyətçilərin hökmranlığı bu yolla avtomatik olaraq zəmanət altına alınmır və sabit hakimiyyət təmin edilmir.
Beləliklə, hansı sinfin hakim olmasından asılı olmayaraq, dövlət iki nəhəngə – güc və razılığa əsaslanır. Lazımi razılıq səviyyəsinin əldə edildiyi vəziyyəti Qramşi hegemoniya adlandırır. Hegemoniya – donub qalmış, birdəfəlik əldə edilmiş vəziyyət deyil, incə və dinamik, fasiləsiz prosesdir. Bu zaman “dövlət məcburetmə zirehinə bürünmüş hegemoniyadır”. Başqa sözlə, məcburetmə – sadəcə olaraq daha əhəmiyyətli məzmuna malik zirehdir. Bundan əlavə, hegemoniya sadəcə razılığı deyil, həm də müsbət (fəal) razılığı nəzərdə tutur ki, bu zaman vətəndaşlar hakim sinfə lazım olan şeyləri arzu edirlər. Qramşi bu cür tərif verir: “Dövlət – praktiki və nəzəri fəaliyyətin məcmusudur ki, onun vasitəsilə hakim sinif, idarəçilərin fəal razılığına nail olaraq öz hökmranlığına bəraət qazandırır və onu əlində saxlayır”.
Söhbət sadəcə siyasətdən deyil, müasir Qərb cəmiyyətinin təməl keyfiyyətlərindən gedir. Bu ondan bəlli olur ki, yaxın nəticələrə tamamilə fərqli yolla digər görkəmli mütəfəkkirlər də gəlmişlər. Haydegger tədqiqatçısı amerikan filosof C.Uayt yazır: “1936-cı ildə Haydegger qismən nasist Almaniyasındakı şəraitdə qazandığı siyasi təcrübəyə, qismən də Nitsşenin əsərlərinin oxunmasının nəticəsi olaraq – Antonio Qramşinin (təxminən eyni zamanda, lakin fərqli təcrübə və mütaliədən çıxış edərək) “hegemoniya” problemi adlandırdığı ideyaya gəlib çıxmışdır: daha dəqiq isə, itaətdəki qrupları, onların iradəsinə qarşı, lakin onların razılığı ilə cəmiyyətin kiçik hissəsinin maraqlarına uyğun şəkildə manipulyasiya edərək, qeyri-aşkar şəkildə, müxtəlif üstünlük təşkil edən ictimai qrupların müvəqqəti bloklarının “dinamik tarazlığı”nın köməyi ilə, “qeyri-zorakı məcburetmə”dən istifadə edərək necə idarə etməli ideyasına.”
Əgər dövlətin əsas gücü və hakim sinfin hökmranlığının əsası – hegemoniyadırsa, o zaman siyasi quruluş məsələsi və ya əksinə – onun dağıdılması şərtləri hegemoniyanın necə əldə edilməsi və ya dağıdılması məsələsinə gətirib çıxarılır. Bu prosesdə əsas vasitəçi kimdir? Prosesin “texnologiyası” necədir?
Qramşinin fikrincə, hegemoniyanın həm bərqərar edilməsi, həm də dağıdılması – “molekulyar” prosesdir. O, sinfi qüvvələrin toqquşması kimi deyil (Qramşi vulqar tarixi materializmin dolu olduğu bu cür mexanistik analogiyaları inkar edirdi), görünməyən, kiçik paylarla hər bir insanın şüurunda fikir və əhvalın dəyişməsi kimi fəaliyyət göstərir. Hegemoniya özlüyündə dünya və insanlar, xeyir və şər, gözəl və çirkin olan haqqında təsəvvürləri, simvollar və obrazlar, ənənələr və mövhumatlar çoxluğunu, bir çox əsrlərin bilik və təcrübəsi məcmusunu ehtiva edən cəmiyyətin “mədəni nüvəsinə” əsaslanır. Bu nüvə sabit olduğu müddətdə cəmiyyətdə mövcud quruluşun qorunmasına istiqamətlənmiş “dayanıqlı, kollektiv iradə” mövcuddur. Bu “mədəni nüvənin” və kollektiv iradənin dağıdılması – inqilabın şərtləridir. Bu şərtlərin yaradılması – mədəni nüvəyə qarşı “molekulyar” aqressiyadır. Bu – şüurda müəyyən çevriliş edəcək həqiqətin səsləndirilməsi, nurlanma deyil. Bu, “kitab, broşura, jurnal və qəzet məqalələri, sonsuz təkrarlanan söhbətlər və mübahisələr toplusudur və onlar öz nəhəng məcmuələri ilə zaman və coğrafi məkanda koordinasiya edilmiş və sinxron fəaliyyətin alınması üçün zəruri olan, müəyyən dərəcədə bircinsliyə malik kollektiv iradənin doğduğu uzunmüdətli səyləri formalaşdırırlar.”
KPSS ideoloji maşının yenidənqurma dövründə bu cür nəhəng səyləri necə yaratdığını xatırlayırıq, “sovok”un şüurunda sovet cəmiyyətinin mədəni nüvəsi hələ dağıdılmamışdı və qısa müddət belə olsa “özəlləşdirmə tətbiq edənlərin” hegemoniyası bərqərar olmamışdı. Bu “yuxarıdan inqilab” (Qramşinin terminləri ilə, “passiv inqilab”) dəqiq şəkildə hegemoniya və mədəni nüvəyə qarşı molekulyar aqressiya təliminə uyğun olaraq hazırlanmışdı. Yeltsinin məsləhətçisi A.İ.Rakitov akademik jurnalda aşkar şəkildə yazır: “Rus bazarının müasir kapitalizm bazarına transformasiyası yeni ictimai quruluş və nəticə olaraq, mədəni nüvədə radikal dəyişikliklər tələb edirdi”.
Hegemoniyanın bərqərar (və ya məhv) edilməsi üçün mədəni nüvədə nəyə təsir etmək lazımdır? Qramşi deyir ki, rəqibin nəzəriyyəsinə yox. Adi şüura, orta statistik insanın gündəlik, “kiçik” fikirlərinə təsir etmək lazımdır. Ən effektiv təsir üsulu – yorulmadan eyni fikirlərin təkrar edilməsidir ki, onlara öyrəşsinlər və şüurla deyil, inancla qəbul etsinlər. “Kütlələr – Qramşi yazır – fəlsəfəni inanc kimi mənimsəyə bilərlər”. O həmçinin duaların və mərasimlərin daima təkrarlanması üsulu ilə dini inandırmanı dəstəkləyən kilsəyə diqqət yetirirdi.
Qramşi özü çox gözəl başa düşürdü ki, adi şüur üçün həm öz hegemoniyasını qoruyanlar, həm də inqilabi qüvvələr mübarizə aparmalıdırlar. Hər iki tərəfin uğur şansı var, çünki mədəni nüvə və adi şüur təkcə konservativ dyillər, həm də dəyişkəndirlər. Qramşinin “sağlam düşüncə” (zəhmətkeşlərin kortəbii fəlsəfəsi) adlandırdığı adi şüurün bir hissəsi kommunist ideyaların dərk edilməsi üçün açıqdır. “Azadlıq hegemoniyasının” mənbəyi buradadır. Əgər söhbət öz hegemoniyasını saxlamaq və ya bərqərar etmək istəyən burjuaziyadan gedirsə, o, şüura fantastik əfsanələr yeridərək, bu sağlam düşüncəni neytrallaşdırmalı və ya əzməlidir.
Hegemoniyanın bərqərar edilməsi və ya məhv edilməsində əsas fiqur kimdir? Qramşinin cavabı birmənalıdır: ziyalılar. O, ziyalılığın mahiyyəti, onun yaranması, cəmiyyətdə rolu və hakimiyyətlə münasibətləri haqqında bir fəsil yazıb. Ziyalıların ən mühüm ictimai funksiyası – peşəkarlıq deyil (mühəndis, alim, keşiş və s.). Xüsusi ictimai qrup kimi, ziyalılar məhz müasir cəmiyyətdə, ideologiya vasitəsilə hegemoniyanın qurulması ehtiyacı yarandığı zaman peyda olmuşlar. Məhz ideologiyaların yaradılması və yayılması, bu və ya digər sinfin hegemoniyasının bərqərar və ya məhv edilməsi – ziyalıların mövcudluğunun əsas mənasıdır.
Hakimiyyətə gedən burjuaziyanın ən effektiv hegemoniyası Fransada bərqərar olmuşdu, burada sürətli şəkildə kapital və ziyalıların sıx ittifaqı yarandı. Bu ittifaqın əsasında həm burjuaziya, həm də ziyalıları güclü fəlsəfi axımlar yaratmış alman Reformasiyası ilə əlaqələri durur (Deyildiyi kimi, “Kant Tanrının başını üzdü, Robespyer isə kralın”). Ümumilikdə, protestant Reformasiyasının Fransa inqilabının siyasi modeli ilə birləşməsini Qramşi hegemoniyanın bərqərar edilməsinin effektivliyində nəzəri maksimum hesab edir.
Öz əqli əməyini sataraq, ziyalılar pul olan yerə meyl edirlər. Qramşi yazır: “Ziyalılar hakim sinfin ictimai hegemoniya və siyasi idarəetmə vəzifələrinə tabe edilmiş funksiyaların gerçəkləşdirilməsi üçün istifadə olunan “nökəri” olaraq xidmət göstərirlər”. Doğrudur, cəmiyyətdə hər zaman müəyyən ziyalılar olur ki, Qramşi onları “ənənəvi ziyalılar” adlandırır – hegemoniyasını itirmiş qrupa xidmət etmiş, öz ideyalarını dəyişməmiş ziyalılar. Adətən hegemoniyanı yenicə əldə etmiş qrup onları əhliləşdirməyə çalışır. Bundan başqa, öz hegemoniyası uğrunda mübarizə üçün yetişməkdə olan ictimai hərəkatlar öz ziyalılarını yaradırlar ki, onlar mədəni nüvəyə təsir və hegemoniyanın ələ keçirilməsi üçün əsas vasitəçi rolu oynayırlar.
Bu – Qramşi təliminin bəzi müddəalarının qısa və sadələşdirilmiş ifadəsidir. Düşünürəm, artıq bu izahdan bu konsepsiyanın nə qədər məhsuldar və geniş olduğu görünür. Qramşi tarixi materializmi (həm marksist, həm də liberal versiyasını) dəf etmiş, yeni ictimaiyyatın əsaslarını qoymuş şəxslərdən biridir. Onun adını əbəs yerdə kulturologiyada M.Baxtin, M.Fuko və fəlsəfədəki digər yenilikçilərdə birlikdə çəkmirlər. Qramşi – dünyanın yeni elmi mənzərəsini hiss etmiş və onun ruhunu cəmiyyət haqqında elmə köçürə bilmiş ilk filosoflardan biridir.
Tədqiq edildikdən sonra Qramşinin hegemoniya haqqında təliminə uyğun olaraq inkişaf etdiyi göstərilən bu ictimai proseslərdən bir neçə nümunə gətirəcəyəm. Yenidənqurma haqqında sonra danışacağıq.
Yəqin ki, Qramşi nəzəriyyəsinin həqiqiliyinin ən mühüm təsdiqi – Hindistanın müstəmləkə asılılığından qeyri-zorakı yolla azad edilməsi üzrə Hind milli konqresinin uğurlu strategiyasıdır. “Kiçik sözlər və fəaliyyət” çoxluğu vasitəsilə partiya əhali kütləsində möhkəm mədəni hegemoniyaya sahib oldu. Müstəmləkə administrasiyası və ingilismeylli elita müqavimət göstərməkdə aciz idilər – onlar əvvəlki quruluşun dəstəklənməsi üçün zəruri olan kütlələrin minimum razılığını itirmişdilər.
Digər parlaq və şüurlu şəkildə hazırlanmış “əməliyyat” – İspaniyanın Frankonun ölümündən sonra totalitar və qapalı cəmiyyətdən liberal bazar iqtisadiyyatına, federativ quruluşa və qərb tipli demokratiyaya dinc yolla keçməsidir.
Frankist elita hegemoniyasının böhranı hegemoniyaya iddialı olan sol müxalifətlə bağlanmış bir sıra paktlar vasitəsilə həll edildi. Bu paktlar və güzəştlər nəticəsində sollar “elitaya qəbul edildilər”, frankistlər isə mənfur keyfiyyətlərini və frazeologiyalarını dəyişdilər və “demokratlara” çevrildilər. Sollar isə kütlələri dözməyə, öz sosial tələblərindən imtina etməyə “inandırdılar” – sağlar bunu bacarmazdılar.
Qramşinin nəzəriyyəsinə əsaslanaraq, kulturoloqlar qərb cəmiyyətində burjuaziyanın hegemoniyasının bərqərar olması və dəstəklənməsində əşyanın (“çoxişlənən mallar”) rolunu izah edirlər. Əşyalar (maddi mədəniyyət) orta statistik insanın yaşadığı mühiti formalaşdırırlar. Onlar adi şüura güclü təsir göstərən “ismarıclar” ehtiva edirlər. Əgər əşyalar onların “nişanə” (“simvollardan formalaşmış informasiya sistemləri”) funksiyalarının nəzərə alınması ilə proyeksiya edilirlərsə, axınının nəhəng miqyası və müxtəliflikləri sayəsində onlar adi şüurun formalaşmasında həlledici gücə malik ola bilərlər. Məhz çoxişlənən malların (onlar arasında xüsusi yeri avtomobil tutur) dizaynı ABŞ-da mədəni dəyərlərin şüura yeridilməsinin (“mədəni nüvənin” yaradılması və qorunması) əsas mexanizminə çevrildi. Mütəxəssislər xüsusi olaraq bu mexanizmin cəmiyyətin “effektiv standartlaşdırılması və seqmentləşdirilməsi” bacarığını qeyd edirlər.
Standartlaşdırma və seqmentləşdirmə – vətəndaş cəmiyyətində hegemoniyanın əsas şərtidir, burada “atomlaşmanı”, insanların fərdiləşməsini qoruyub saxlamaq tələb olunur. Lakin eyni zamanda “seqmentləri” təbii vahidliyə gətirib çıxarmayan – hegemoniya üçün təhlükəsiz olan bağlarla əlaqələndirmək lazımdır. Qramşi metologiyası üzrə tədqiqatların göstərdiyi kimi, ABŞ-da bunun üçün effektiv üsul idman idi. O, elə bir simvol və obrazlar yaratdı ki, cəmiyyətin ən müxtəlif seqmentlərini – qaradərili aşağı təbəqədən burjua elitasına qədər hər kəsi yumşaq, ictimai vahidliyə gətirib çıxarmayacaq bağlarla əlaqələndirdi. İdman ümumi kütləvi ədəniyyət və adi şüurun xüsusi kəsimini yaradırdı.
Qarşı qüvvələrin müəyyən məsələ üzrə ictimai şüurda hegemoniya uğrunda öz kampaniyalarını şüurlu şəkildə planlaşdırdıqları ayrı-ayrı halların tədqiqi daha maraqlıdır. Məsələn, 1984-1985-ci illərdə Tetçerin özəlləşdirmə kampaniyası bu cür idi. Özəlləşdirməyə qarşı çıxan ingilis həmkarlar ittifaqları ictimai fikri öz tərəflərinə çəkmək istəyirdilər, lakin hegemoniya uğrunda yarışda məğlub oldular. Ümumilikdə, ingilislər özəlləşdirməyə razılıq verdilər və yalnız bunun fəsadlarını öz üzərlərində hiss etdikdə tetçerizmdən uzaqlaşmağa başladılar.
Qramşinin metodologiyası N.Rokfellerin təşəbbüsü ilə, Z.Brejinskinin rəhbərliyi altında yaradılmış “Üçtərəfli komissiya”nın fəaliyyətinin mahiyyətini çox gözəl aşkar edir. Bu – qaranlıq “dünya hökmranlığının” ən qapalı və təsirli təşkilatlarından biridir. ABŞ, Avropa və Yaponiyadan olan 300-ə yaxşın üzvü var. Məqsəd – xüsusilə maliyyə və energetika sferası daxil olmaqla, transmilli korporasiyaların bütün dünya ölkələrinə çıxışına nail olmaqla, yeni dünya nizamını stabilləşdirməkdir. Üçtərəfli komissiya indiki qlobal maliyyə böhranının yaranmasına və ümumilikdə 70-ci illərlə müqayisədə dünyanın qeyri-stabilləşməsinə şərait yaratmışdır. Lakin bizim üçün digər nəticə maraqlıdır: bu gizli təşkilat bütün əsas ölkələrdə ictimaiyyətə təsir vasitələrini elə səfərbər etmişdi ki, fəaliyyətinin “xoşagəlməz” fəsadları ümumiyyətlə ictimai debatlardan yoxa çıxsın. Bu qüvvələr (alimlər, mətbuat, “mənəvi liderlər”) dünya miqyasında adi şüura elə təsir göstərsinlər ki, insanlar aşkar olanı görə bilməsinlər. Onların “sağlam düşüncə”sini söndürüblər.
Nəhayət, liberal ziyalılar tərəfindən Şərqi Avropa ölkələrində sosialist qüvvələrin hegemoniyasının məhv edilməsi tam olaraq Qramşi təliminin məntiqi üzrə həyata keçirilmişdir. ABŞ-da bu ölkələrin mədəni nüvəsinin məhv edilməsində teatrın rolu haqqında dissertasiyalar yazılmışdır – çox maraqlı mütaliədir (Qramşi özü hegemoniya nəzəriyyəsində həmçinin teatra, xüsusilə də İtaliyada faşistlərin hakimiyyətə gəlməsində az rol oynanamış Luici Pirandello teatrına yer ayırırdı[9]). Məsələn, Almaniya Demokratik Respublikasında tanınan, öz pyeslərində “tarixin aşağıdan məhvi”ni qarşısına məqsəd qoyan Hayner Müller teatrının fəaliyyəti nəzərdən keçirilir. Bu – “anti-institusional teatr”, yəni ictimai qurumları gəmirməkdə olan teatr adlandırılan halın tipik nümunəsidir. Tədqiqatın nəticələrinə görə, səhnə quruluşçuları şüurlu olaraq “hegemoniya monolitində çatlar axtarır və bu çatları genişləndirməyə çalışırdılar – tarixin sonuna qədər”. Tarixin sonu o zamanlardan bəri Qərbə qarşı dayanan “sovet blokunun” arzuolunan iflası adlandırılmışdı.

(c) SOLFRONT.org

Mənbə

Oxşar yazılar:

Baxış sayı:8525