abunə ol: Yazılar | Şərhlər | Еmail

İmmanuel Vallerstayn – Kəmər sıxma siyasəti: kimin hesabına?

Şərh

austerity

Bu gün hər yerdə kəmər sıxma siyasəti ehtiyaca çevrilib. Daha dəqiq desək, çox az sayda ölkələr istisna təşkil edir – Çin, Braziliya, Körfəz ölkələri və bəzi başqa ölkələrdə. Lakin onlar dünyanı bürümüş ehtiyacın istisnalarıdır. Qismən, bu ehtiyac tamamilə saxtadır, qismən o, real iqtisadi problemi əks etdirir. Əsas məsələ nədədir?
Bir tərəfdən, kapitalist sisteminin dəhşətli israfçılığı, indi dünya sistemi üçün əvvəlki səviyyədə istehlak etməyin qeyri-mümkünlüyü təhlükəsinə gətirib çıxarıb, xüsusilə də ona görə ki, istehlak səviyyəsi daima artmaqdadır. Biz insanın sağ qalması üçün zəruri olan bəsit ünsürləri tükətməkdəyik, nəzərə alsaq ki, konsumerizm bizim istehsal və spekulyasiya faəliyyətimizin təməlinə çevrilib.
Digər tərəfdən, biz bilirik ki, qlobal istehlak ölkələr arasında və daxilində yüksək dərəcədə qeyri-bərabər idi. Bundan əlavə, cari qazanc əldə edənlər və itirənlər arasındakı uçurum getdikdə böyüməkdə idi. Bu ayrılmalar yalnız iqtisadi deyil, həm də siyasi və mədəni dünyamızın təməl şəkildə qütbləşməsinin göstəriciləridirlər.
Bu artıq dünya əhalisi üçün sirr deyil. İqlim dəyişiklikləri və onun fəsadları, qida və su defisitləri və bunun fəsadları bu gün daha çox insan üçün nəzərəçarpandır, bu insanların çoxu sivil dəyərlərin dəyişdirilməsi – konsumerizmdən uzaqlaşmaq üçün çağırışlar edir.
Siyasi nəticələr bir neçə iri kapitalistlər üçün daha narahatedicidir, belə ki, onlar əvvəlki kimi sarsılmaz siyasi mövqeyə malik olmadıqlarını dərk edirlər və buna görə də resurslar və sərvət üzərindəki nəzarətlərini qaçılmaz şəkildə itirmələri ilə qarşılaşırlar. Kəmər sıxma siyasətinə olan cari tələb dünya sisteminin struktur böhranının qarşısını almaq üçün edilən son səylərdir.
Kəmər sıxma siyasəti dünya əhalisinin iqtisadi cəhətdən zəif olan hissələrinə tətbiq olunan sərt iqtisadiyyat kimi həyata keçirilir. Hökumətlər özlərini gələcək iflasdan qorumağa və nəhəng şirkətləri (yalnız nəhəng bankları deyil) biabırçı səhvləri və özlərinə vurduqları ziyanı üçün bədəl ödəməkdən qorumağa çalışırlar. Bunu etməyə çalışdıqları üsullar əsasən, tarixən fərdləri işsizlik, ciddi xəstəliklər, girov əvəzi qoyulmuş evlərin itirilməsi və insanlar və ailələrin daima qarşılaşdığı konkret problemlərdən qorumaq üçün yaradılmış təhlükəsizlik şəbəkəsinin azaldılmasıdır (tam şəkildə məhv edilməsə də).
Qısamüddətli qazanc əldə etmək istəyənlər qiymətli kağızlar bazarında sabit və sürətli ticarəti ilə məşğul olmağa davam edirlər. Amma bu ticarət satış əmtəələri üçün orta müddətdə alıcı tapmaq bacarığından asılıdır. Səmərəli tələb tədricən yox olur, həm təhlükəsizlik şəbəkələrindəki ixtisarlara görə, həm də gələcəkdə daha sərt ixtisarların baş vermə ehtimalı qarşısında yaranan qorxuya görə.
Kəmər sıxma siyasətinin tərəfdarları müntəzəm olaraq bizi əmin edirdilər ki, artıq növbəti mərhələyə keçməkdəyik və yüksək ümumi rifah yenidən geri qayıdacaq. Lakin biz növbəti mərhələyə hələ də keçməmişik, çiçəklənmə vədləri daha təvazökar səslənir və daha uzun müddətə planlaşdırılır.
Həmçinin sosial-demokratik həllin mümkün olduğunu düşünənlər vardır. Kəmər sıxma siyasəti yerinə, biz dövlət xərclərini artırmalı və əhalinin varlı təbəqəsi üçün vergi tətbiq etməliyik. Hətta əgər bu siyasi cəhətdən reallaşdırıla bilərsə, burada hiylə olmayacaqmı? Sərt iqtisadiyyat tərəfdarlarının bir həqiqətə uyğun arqumentləri vardır. Hər kəsin istədiyi səviyyədə istehlakı təmin etmək üçün dünya resursları kifayət deyil, belə ki, daha çox insan siyasi cəhətdən yüksək səviyyəli istehlakçılar arasında olmaq istəyir.
Mənim istinad etdiyim istisnalar buradan qaynaqlanır. Onlar yüksək səviyyəli istehlakçıların coğrafi mövqeyinə dəyişmədən onların sayını artırmaqdadırlar. “İstisna” olan ölkələr bununla da iqtisadi problemləri həll etmək yerinə onların sayını artırırlar. Bu struktur böhranından çıxmaq üçün iki yol vardır. Bunlardan birincisi təməl istehlakın dünya üzrə qeyri-bərabər bölgüsünə icazə vermək üçün “bazar”dan deyil, güc və yalandan istifadə edərək qeyri-kapitalist avtoritar dünya sistemi qurmaqdır. Digəri isə sivil bəşəri dəyərlərimizi dəyişdirməkdir.
Daha demokratik və eqalitar tarixi sistemi gerçəkləşdirmək üçün bizim “artıma” deyil, Latın Amerikasında deyildiyi kimi, “buen vivir” (yaxşı yaşamaq) ehtiyacımız var. Bu, belə bir rasional müzakirələrin təşkil edilməsidir ki, biz sadəcə sağ qalmaq üçün deyil, həm də gələcək nəsillər üçün də bu imkanı yaratmaq üçün dünya resurslarını necə bölüşdürə bilərik.
Dünya əhalisinin müəyyən hissələri üçün bu deməkdir ki, onların uşaqları “daha az” istehlak edəcək; digərləri üçün o deməkdir ki, onların uşaqları “daha çox” istehlak edəcək. Lakin bu cür sistemdə hamımızın, sistemin mümkün etdiyi ictimai həmrəylik tərəfindən zəmanət verilən “təhlükəsizlik şəbəkəsi” olacaq.

Növbəti iyirmi və qırx il ərzində biz nəhəng siyasi mübarizənin şahidi olacağıq, mübarizə yalnız kapitalizmin xilas edilməsi (hansı ki, sistem kimi öz imkanlarını tükədib) ilə deyil, həm də kollektiv olaraq kapitalizmi əvəz etmək üçün hansı sistemi – daimi (və genişlənmiş) qütbləşməni tətbiq edəcək avtoritar model və ya daha demokratik və nisbətən eqalitar olan modeli “seçmək”lə bağlı olacaq.

(c) SOLFRONT.org

[Yazı original məqalədən Solfront.org üçün hazırlanmışdır]

Oxşar yazılar:

Baxış sayı:5215