abunə ol: Yazılar | Şərhlər | Еmail

V.İ.Lenin – Dövlət və inqilab (VI fəsil)

Şərh

gosudarstvo i revolyutsiya

SOLFRONT.org rus marksisti, inqilabçı və filosofu Vladimir İliç Leninin dünyaca məşhur, lakin bizim bukinistlərdə belə tapılması çətin olan “Dövlət və İnqilab” əsərinin elektron variantının hazırlanmasına başlayır. Kitabın ilk 5 fəsli artıq hazırdır. Digər fəsillər də hazır olduqca sayta yerləşdiriləcək və sonda tam yükləmə faylı ilə birgə oxuculara təqdim olunacaq. Unutmayın ki, bu, dünya tarixini dəyişən kitablardandır.

VI FƏSİL
MARKSIZMIN OPPORTUNISTLƏR TƏRƏFINDƏN BAYAĞILAŞDIRILMASI

2-ci İnternasionalın (1889 – 1914) ən görkəmli nəzəriyyəçilərini və publisistlərini ümumiyyətlə inqilab məsələsi çox az məşğul etdiyi kimi, dövlətin ictimai inqilaba və ictimai inqilabın dövlətə münasibəti məsələsi də çox az məşğul etmişdir. Lakin 1914-cü ildə 2-ci İnternasionalı iflasa uğratmış olan opportunizmin tədricən böyüməsi prosesində ən səciyyəvi cəhət budur ki, bu məsələyə hətta tamamilə yaxınlaşdıqları zamanda da bu məsələnin üstündən keçməyə çalışırdılar, yaxud onu görmürdülər.
Ümumiyyətlə demək olar ki, marksizmin təhrif edilməsi və tamamilə bayağılaşdırılması, proletar inqilabının dövlətə münasibəti məsələsindəki qeyri-müəyyənlikdən, opportunizm üçün əlverişli olan və ona qida verən bu qeyri-müəyyənlikdən irəli gəlmişdir.
Bu kədərli prosesi heç olmazsa müxtəsər təsvir etmək üçün marksizmin ən görkəmli nəzəriyyəçiləri olan Plexanovu və Kautskini götürək.

1. PLEXANOVUN ANARXİSTLƏRLƏ MÜBAHİSƏSİ
Plexanov anarxizmin sosializmə münasibəti məsələsinə 1894-cü ildə alman dilində çıxmış “Anarxizm və sosializm” adlı xüsusi bir kitabça həsr etmişdir.
Plexanov bu mövzudan bəhs edərkən, anarxizmə qarşı mübarizədə ən aktual, ən vacib və siyasi cəhətdən ən mühüm məsələdən, yəni inqilabın dövlətə münasibəti məsələsindən və ümumiyyətlə dövlət məsələsindən xəlvətcə tamamilə yan keçmişdir! Onun kitabçasının iki hissədən ibarət olduğu gözə çarpır: biri Ştirner, Prudon və başqalarının ideyaları tarixinə dair qiymətli material verən tarixi-ədəbi hissədir. O biri hissə: anarxisti quldurdan seçmək mümkün olmadığı mövzusuna dair kobud fikir yeridilən filistercəsinə yazılmış hissədir.
Plexanovun bu iki mövzunu bir-biri ilə əlaqələndirməsi Rusiyada inqilab ərəfəsində və inqilabi dövr ərzində onun bütün fəaliyyətinin son dərəcə məzəli və çox səciyyəvi cəhətini təşkil edir. 1905-1917-ci illərdə Plexanov özünün məhz yarımdoktrinaçı, yarımfilister olduğunu, siyasətdə burjuaziyanın quyruğunda getdiyini göstərdi.
Biz gördük ki, Marks və Engels anarxistlərlə mübahisə edərkən, inqilabın dövlətə münasibəti haqqında öz baxışlarını daha diqqətlə aydınlaşdırmışlar. Engels 1891-ci ildə Marksın “Qota proqramının tənqidi” əsərini nəşr etdirərkən yazmışdı ki, “biz (yəni Engels və Marks) o vaxt Bakuninlə və onun anarxistləri ilə mübarizənin ən qızğın çağında idik – İnternasionalın (birinci İnternasionalın) Qaaqa konqresindən iki ildən də az keçmişdi.
Anarxistlər məhz Paris Kommunasını, necə deyərlər, “özlərininki” elan etməyə, onların təlimini təsdiq edən bir şey elan etməyə çalışırdılar, həm də onlar Kommunanın verdiyi dərsləri və bu dərslərin Marks tərəfindən verilmiş təhlilini əsla anlamamışdılar. Köhnə dövlət maşınını qırmaq lazımdırmı? Və onu nə ilə əvəz etmək lazımdır? kimi konkret siyasi məsələlər haqqında anarxizm həqiqətən hətta təxminən yaxın olan heç bir şey verməmişdir.
Lakin bütün dövlət məsələsindən yan keçərək, marksizmin Kommunadan əvvəlki və sonrakı bütün inkişafını görməyərək, “anarxizmdən və sosializmdən” danişmaq, labüddən opportunizmə yuvarlanmaq demək idi. Çünki opportunizmin də ən çox istədiyi şey məhz bundan ibarətdir ki, bizim indi göstərmiş olduğumuz həmin iki məsələ heç irəli sürülməsin. Bu özü opportunizmin qələbəsidir.

2. KAUTSKİNİN OPPORTUNİSTLƏRLƏ MÜBAHİSƏSİ
Kautskinin əsərləri ruscaya, şübhə yoxdur ki, hər hansı başqa bir dilə tərcümə olunduğundan qat-qat çox tərcümə olunmuşdur. Buna görə də bəzi alman sosial-demokratları zarafatla deyirlər ki, Kautskini Almaniyadan çox Rusiyada oxuyurlar (mötərizədə deməliyik ki, bu zarafatda, həmin zarafatı ortaya atanların zənn etdiklərindən daha dərin tarixi bir məzmun vardır ki, o da budur: 1905-ci ildə rus fəhlələri dünyanın ən yaxşı sosial-demokrat ədəbiyyatının ən yaxşı əsərlərinə çox böyük və misli görünməmiş bir tələb verərək və bu əsərlərin başqa ölkələrdə olduğundan qat-qat artıq miqdarda tərcümə və nəşr edilməsinə nail olaraq, bununla da, daha qabaqcıl olan qonşu bir ölkənin olduqca böyük təcrübəsini sürətlə bizim, necə deyərlər, gənc proletar hərəkatı zəmininə keçirdilər).
Kautski bizdə, marksizmə populyar şəkildə şərh etməkdən əlavə, opportunistlərlə və onlara başçılıq edən Bernşteynlə aparmış olduğu mübahisəyə görə daha çox məşhurdur. Lakin 1914 – 1915-ci illərdəki çox böyük böhran zamanı, Kautskinin ağlagəlməz dərəcədə biabırçı bir çaşqınlığa düşdüyünü və sosial-şovinizmi müdafiə etdiyini gözdən keçirməyi qarşımıza vəzifə qoysaq, çox az məlum olan bir faktdan yan keçmək olmaz. Bu da məhz o faktdır ki, Kautski opportinizmin Fransada, (Milyeran və Jores) və Almaniyada (Bernşteyn ) ən görkəmli nümayəndələrinə qarşı çıxış etməkdən qabaq çox böyük tərəddüdlər göstərmişdi. 1901 – 1902-ci illərdə Ştutqartda çıxan və inqilabi-proletar baxışlarını müdafiə edən marksist “Zarya” Kautski ilə mübahisəyə girişməyə və onun 1900-cü ildə paris beynəlxalq sosialist konqresində təklif etdiyi yayğın, qətiyyətsiz, oppotunistlərə qarşı barışqan qətnaməni “kauçuk” qətnamə adlandırmağa məcbur olmuşdu. Alman ədəbiyyatında Kautskinin məktubları çap edilmişdi; bu məktublar da Bernşteynə qarşı çıxış etməkdən qabaq Kautskinin eyni dərəcədə tərəddüd göstərdiyini meydana çıxarmışdı.
Lakin bundan qat-qat artıq əhəmiyyəti olan cəhət odur ki, Kautskinin opportunistlərlə mübahisəsinin özündə, onun məsələni qoymasında və məsələni təfsir etməl üsulunda indi, biz onun marksizmə qarşı ən yeni xəyanətinin tarixini öyrəndiyimiz zaman məhz dövlət məsələsində daim opportunizmə meyl etdiyini görürük.
Kautskinin opportunizmə qarşı birinci böyük əsərini, onun “Bernşteyn və sosial-demokrat proqramı” kitabını götürək. Kautski Bernşteyni ətraflı təkzib edir. Lakin baxın səciyyəvi olan nədir.
Bernşteyn Herostrat şöhrəti qazanmış “Sosializmin ilkin şərtləri” əsərində marksizmi “blankizmdə” ittiham edir (bu ittiham o vaxtdan bəri Rusiyada opportunistlər və liberal burjualar tərəfindən inqilabi marksizm nümayəndələrinə, bolşeviklərə qarşı min dəfələrlə təkrar edimişdir). Həm də Bernşteyn Marksın “Fransada vətəndaş müharibəsi” əsərindən ayrıca bəhs edir və Kommunaın verdiyi dərslər haqqında Marksın nöqteyi-nəzəri ilə Prudonun nöqteyi-nəzərinin bir-birinin eyni olduğunu – yuxarıda gördüyümüz kimi, lap müvəffəqiyyətsizliklə – göstərməyə cəhd edir. Marksın “Kommunist Manifesti”nə 1872-ci ildə yazılan müqəddimədə çıxartdığı nəticə Bernşteynin diqqətini xüsusi cəlb edir; həmin nəticə isə bundan ibarətdir: “fəhlə sinfi hazır dövlət maşınına sadəcə yiyələnib onu öz məqsədləri üçün işə sala bilməz.”
Bernşteyn bu kəlamı o qədər “bəyənmişdir” ki, onu tamamilə təhrif olunmuş, opportunist bir mənada təfsir edərək, öz kitabında azı üç dəfə təkrar edir.
Gördüyümüz kimi, Marks demək istəyir ki, fəhlə sinfi bütün dövlət maşınını qırmalı, sındırmalı, partlatmalıdır (Sprengung – partlayış – Engelsin işlətdiyi ifadədir), Bernşteynin sözündən isə belə çıxır ki, guya Marks bu sözlərlə fəhlə sinfini hakimiyyəti ələ alarkən həddindən artıq inqilabçı olmaqdan çəkindirmişdir.
Marksın fikrini bundan daha qaba və daha iyrənc bir şəkildə təhrif edilməsini heç təsəvvürə də gətirmək olmaz.
Bəs Kautski bernşteynçiliyi ən ətraflı surətdə təkzib edərkən necə hərəkət etmişdir?
Kautski, bu məsələdə marksizmin opportunizm tərəfindən təhrif olunmasının bütün dərinliyini araşdırmaqdan boyun qaçırmışdır. O, Marksın “Vətəndaş müharibəsi”nə Engelsin yazdığı müqəddimədən yuxarıda sitat gətirilmiş parçanı qeyd edərək, demişdir ki, Marksa görə, fəhlə sinfi hazır dövlət maşınına sadəcə yiyələnə bilməz, amma ümumiyyətlə ona yiyələnə bilər, vəssalam, Bernşteynin Marksa, onun əsl fikrinin tam əksini isnad verdiyi haqqında, Marksın 1852-ci ildən bəri proletar inqilabı qarşısında dövlət maşınını “qırmaq” vəzifəsini irəli sürdüyü haqqında Kautski bir kəlmə də danışmamalıdır.
Nəticədə proletar inqilabının vəzifələri məsələsində marksizmin opportunizmdən ən mühüm fərqi Kautski tərəfindən ört-basır edilmişdir!
Kautski Bernşteynə “qarşı” yazırdı:
“Proletar diktaturası problemi məsələsinin həllini biz tamamilə arxayın bir surətdə gələcəyə həvalə edə bilərik” (almanca nəşrinin 172-ci səhifəsi).
Bu, Bernşteynə qarşı mübahisə deyil, əslində, ona güzəştə getməkdir, mövqeləri opportunizmə təslim eymək deməkdir, çünki hələlik opportunistlərə proletar inqilabının vəzifələri haqqında bütün əsas məsələləri “tamamilə arxayın bir surətdə gələcəyə həvalə etməkdən” başqa heç bir şey lazım deyildir.
Marks və Engels 1852-ci ildən 1891-ci ilə qədər qırx il ərzində proletariata öyrətmişlər ki, proletariat dövlət maşınını qırmalıdır. Kautski isə 1899-cu ildə opportunistlərin marksizmə bu məsələdə tam xəyanət etdiklərini gördüyü bir halda maşını qırmaq lazım olub-olmadığı məsələsini, həmin maşını qırmağın konkret formaları məsələsi ilə əvəz edir və canını belə bir “mübahisəsiz” (və səmərəsiz) filister iddiası sayəsində qurtarmağa çalışır ki, konkret formaları biz irəlicədən bilə bilmərik!!
Proletar partiyasının fəhlə sinfini inqilaba hazırlamaq vəzifəsinə Marksın münasibəti ilə Kautskinin münasibəti arasında bir uçurum vardır.
Kautskinin, yenə də mühüm bir hissəsi opportunizmin səhvlərini sübut və rədd etməyə həsr olunmuş digər daha yetkin bir əsərini götürək. Bu onun “İctima inqilab” kitabçasıdır. Müəllif “proletar inqilabı” və “proletar rejimi” məsələsini həmin kitabçada xüsusi lövhə olaraq götürmüşdür. Müəllif bir çox son dərəcə qiymətli fikirlər irəli sürmüşdür, lakin məhz dövlət məsələsindən yan keçmişdir. Kitabçanın hər yerində dövlət hakimiyyətini ancaq ələ almaqdan bəhs olunur, bundan başqa heç bir şeydən bəhs olunmur, yəni dövlət maşınını dağıtmadan hakimiyyətin ələ alınmasını mümkün sayan və beləliklə opportunistlərə güzəştə gedən bir tərif irəli sürülür. Marksın 1872-ci ildə “Kommunist manifest” proqramında məhz “köhnəlmiş” elan etdiyi şey Kautski tərəfindən 1902-ci ildə yenidən ortaya atılır.
Kitabçada “İctimai inqilabın formalarına və silahına” xüsusi bir paraqraf həsr edilmişdir. Burada həm kütləvi siyasi tətildən, həəm vətəndaş müharibəsindən, həm də “müasir iri dövlətin bürokratiya və ordu kimi zor silahlarından” danışılır, lakin Kommunanın fəhlələrə nələr öyrətmiş olduğu haqqında bir kəlmə də deyilmir. Yəqin ki, Engels xüsusən alman sosialistlərini dövlətə “mövhumi hörmət” bəsləməkdən əbəs yerə çəkindirməmişdir.
Kautski məsələni belə şərh edir: qalib gəlmiş proletariat “demokratik proqramı yerinə yetirəcəkdir”; sonra Kautski bu proqramın paraqraflarını şərh edir. Burjua demokratiyasını proletar demokratiyasının əvəz etməsi məsələsi sahəsində 1871-ci ilin nə kimi yeniliklər vermiş olduğu barəsində bir kəlmə də danışılmır. Kautski “mötəbər” görünən belə bir bayağı sözlərlə yaxasını qurtarır:
“Özlüyündə aydındır ki, biz indiki quruluşda hakimiyyətə nail ola bilmərik. İnqilab özü uzun sürən və dərin mübarizə aparmağı nəzərdə tutur; bu mübarizə isə bizim indiki siyasi və ictimai strukturu dəyişdirə biləcəkdir”
Şübhəsiz, bu da belə bir həqiqət kimi “özlüyündə aydındır” ki, atlar yulaf yeyir və Volqa Xəzər dənizinə axıb tökülür. Ancaq təəssüf olsun ki, “dərin təsir göstərən” mübarizə haqqındə boş və şişirdilmiş ibarə vasitəsi ilə, inqilabçı proletariat üçün çox əhəmiyyətli olan bir məsələdən yan keçilir ; bu məsələ isə keçmiş qeyri-proletariat inqilabından fərqli olaraq, dövlət məsələsində, demokratiya məsələsində proletar inqilabının “dərinliyinin” nədən ibarət olduğu məsələsidir. Bu məsələdən yan keçən Kautski opportunizmə sözdə dəhşətli müharibə elan etdiyi halda, “inqilab ideyasının” əhəmiyyətini qeyd etdiyi halda, (inqilabın konkret dərslərini fəhlələrə təbliğ etməkdən qorxduğu halda bu “ideyanın” çoxmu qiyməti vardır?) və ya: “inqilabi idealizm hər şeydən ümdədir” dediyi halda, yaxud da ingilis fəhlələrinin indi “xırda burjualardan artıq bir şey” olmadıqlarını bildirdiyi halda, həmin ən mühüm məsələdə opportunizmə işdə güzəştə gedir.
Kautski yazır: “Sosializm cəmiyyətində bir-biri ilə yanaşı… ən müxtəlif formalı müəssisələr: bürokratik müəssisə (??), tred-yunionist müəssisə, kooperativ müəssisəsi, fərdi müəssisə mövcud ola bilər…” “Məsələn elə müəssisələr vardır ki, onlar bürokratik (??) təşkilatsız keçinə bilməzlər, – dəmir yolları bu qəbildəndir. Burada demokratik təşkilat belə bir şəkil ala bilər: fəhlələr nümayəndələri seçirlər, bu nümayəndələr parlamentə bənzər bir şey əmələ gətirirlər, bu parlament də iş qaydası təyin edir və bürokratik aparatın idarə olunmasına göz yetirir. Digər müəssisələri fəhlə ittifaqlarının ixtiyarına vermək olar, üçüncüləri kooperativ əsasları üzərində təşkil etmək olar” (rusca tərcüməsinin 148 və 115-ci səhifələri. 1903-xü ildəki cenevrə nəşri).
Bu mülahizə səhvdir və Kommuna dərslərinə əsasən Marks və Engelsin 70-ci illərdə verdikləri izahata nisbətən geriyə doğru bir addımdır.
Guya zəruri olan “bürokratik” təşkilat nöqteyi-nəzərindən dəmir yolları ilə iri maşınlı sənayenin ümumiyyətlə bütün müəssisələri arasında, hər bir fabrik, böyük mağaza, iri kapitalist kənd təsərrüfatı müəssisəsi arasında qətiyyən heç bir fərq yoxdur. Bütün işin dayanmasına və ya mexanizmin xarab olmasına, məhsulun xarab olmasına yol verməmək üçün bütün müəssisələrdə hər adama tapşırılmış işin yerinə yetirilməsində texnika mütləq ən ciddi intizam, ən artıq diqqət tələb eliyir. Bütün bu kimi müəssisələrdə fəhlələr, əlbəttə “nümayəndələr” seçəcəklər ki, bunlar da parlamentə bənzər bir şey əmələ gətirəcəklər.
Lakin əsl mətləb də bundadır ki, həmin “parlamentə bənzər bir şey” burjua parlamenti orqanları mənasında bir parlament olmayacaqdır. Əsil mətləb də bundadır ki, fikri burjua parlamentarizmi çərçivəsindən kənara çıxmayan Kautskinin xəyal etdiyi kimi, bu “parlamentə bənzər bir şey” yalnız “qayda qoymaq və bürokratik aparatın idarə olunmasına göz yetirməklə” kifayətlənməyəcəkdir. Sosializm cəmiyyətində fəhlə deputatlarından ibarət “parlamentə bənzər bir şey”, əlbəttə, “qayda qoyacaq” və “aparatın” “idarə olunmasına göz yetirəcəkdir”, lakin bu aparat özü “bürokratik” aparat olmayacaqdır. Fəhlələr siyasi hakimiyyəti ələ aldıqdan sonra köhnə bürokratik aparatı qıracaqlar, onu təməlinə qədər dağıdacaqlar, onun daşını daş üstündə qoymayacaqlar, onu yenə fəhlələrin və qulluqçuların özlərindən ibarət bir aparatla əvəz edəcəklər, bu fəhlələrin və qulluqçuların bürokratlara çevrilməsinə qarşı dərhal, Marks və Engelsin ətraflı təhlil etdikləri tədbirlər görüləcəkdir: 1) bunların yalnız seçkili olması deyil, habelə istənilən vaxt dəyişdirilməsi; 2) fəhlənin əmək haqqından yuxarı əmək haqqı verilməməsi; 3) dərhal belə bir vəziyyətə keçmək ki, hamı nəzarət və göz yetirmək vəzifəsini icra etsin, hamı müvəqqəti “bürokrat” olsun və buna görə də heç kim “bürokrat” ola bilməsin.
Kautski Marksın aşağıdakı sözləri üzərində qətiyyən düşünməmişdir: “Kommuna parlament korporasiyası deyil, işləyən bir korporasiya idi, eyni zamanda həm qanunlar verən, həm də bunları icra edən bir korporasiya idi”
Kautski demokratiyanı (xalq üçün olmayan demokratiyanı) bürokratizmlə (xalqa qarşı bürokratizmlə) birləşdirən burjua parlamentarizmi ilə proletar demokratizmi arasındakı fərqi, bürokratizmin kökünü kəsmək üçün dərhal tədbirlər görəcək və bu tədbirləri axıradək, bürokratizmi tamamilə məhv edincəyədək, xalq üçün demokratiyanı tamamilə tətbiq edincəyədək davam etdirə biləcək proletar demokratizmi arasında fərqi əsla anlamamışdır.
Kautski dövlətə “mövhumi hörmət” bəslədiyini, bürokratizmə “mövhumi etiqad” bəslədiyini burada yenə büruzə vermişdir.
Kautskinin opportunistlərə qarşı son və ən yaxşı əsərinə, onun “hakimiyyətə yol” kitabçasına keçək (gərək ki, rusca nəşr edilməmişdir, çünki bu kitabça Rusiyada irticanın qızğın çağında, 1909-cu ildə çıxmışdı). Bu kitabça irəliyə doğru böyük bir addımdır, çünki həmin kitabçada olduğu kimi, ümumiyyətlə inqilabi proqramdan danışılmır, 1902-ci ildəki “İctimai inqilab” kitabçasında olduğu kimi, ictimai inqilabın başlanması vaxtı nəzərə alınmadan bu inqilabın vəzifələrindən danışılmır, bizə “inqilablar dövrünün” başlanmaqda olduğunu etiraf etdirən konkret şəraitdən danışılır.
Müəllif ümumiyyətlə sinfi ziddiyətlərin kəskinləşdiyini və bu cəhətdən xüsusilə böyük əhəmiyyəti olan imperializmi qəti surətdə qeyd edir. Qərbi Avropa üçün “1789-1871-ci illərin inqilabi dövründən” sonra, 1905-ci ildən etibarən Şərq üçün də eyni ilə bir dövr başlanır. Ümumdünya müharibəsi dəhşətli bir surətlə yaxınlaşır. “Daha proletariat vaxtı çatmamış inqilabdan danışa bilməz”. “Biz inqilabı bir dövrə qədəm qoymuşuq”. “İnqilabi dövr başlanır”.
Bunlar tamamilə aydın sözlərdir. Kautskinin həmin kitabçası imperialist müharibəsindən qabaq alman sosial-demokratiyasının nə kimi bir ümid verdiyini və müharibə qopduğu zaman onun (o cümlədən Kautskinin özünün də) nə qədər alçaldığını müqayisə etmək üçün bir meyar olmalıdır. Nəzərdən keçirdiyimiz kitabçada Kautski yazırdı: “İndiki vəziyyət belə bir təhlükə törədə bilər ki, asanlıqla bizi (yəni alman sosial-demokratiyasını) həqiqətdə olduğumuzdan daha mötədil saymaq olar”. Məlum oldu ki, həqiqətdə alman sosial-demokrat partiyası göründüyündən müqayisə edilməz dərəcədə çox mötədil və opportunist imiş!
Buna görə çox səciyyəvidir ki, Kautski inqilablar dövrünün artıq başlanmış olduğu haqqında bu qədər qəti şəkildə danışdığı halda, öz dediyinə görə, məhz “siyasi inqilab” məsələsinin təhlilinə həsr edilmiş kitabçasında da, dövlət məsələsindən yenə tamamilə yan keçmişdir.
Məsələdən məhz belə yan keçmək, sükut etmək, qətiyyətsizlik hallarının labüd nəticəsi olaraq tamamilə opportunizmə keçilmişdir ki, biz də indi bundan danışmalı olacağıq.
Alman sosial-demokratiyası Kautskinin dili ilə sanki belə deyirdi: mən inqilabi baxışlarımda qalıram (1899-cu il). Mən xüsusilə, proletariatın ictimai inqilabının labüd olduğunu qəbul edirəm (1902-ci il). Lakin madam ki, dövlət məsələsində proletariat inqilabının vəzifələri məsələsi ortaya qoyulur, Marksın hələ 1852-ci ildə dedikərinin əleyhinə olaraq hər halda mən geri gedirəm (1912-ci il).
Kautskinin Pannekuk ilə mübahisəsində məsələ məhz belə bir qəti şəkildə qoyulmuşdur.

3. KAUTSKININ PANNEKUK İLƏ MÜBAHISƏSI
Sıralarında Roza Lüksenburqun, Karl Radekin və başqalarının olduğu “sol radikal” cərəyanının nümayəndələrindən biri olan Pannekuk Kautskiyə qarşı çıxış etdi; həmin cərəyan inqilabi taktikanı müdafiə edərək, belə bir əqidə ilə birləşmişdi ki, Kautski marksizmlə opportunizm arasında prinsipsiz olaraq tərəddüd edən “mərkəz” mövqeyinə keçir. Bu baxışın doğruluğunu müharibə tamamilə sübut etdi, çünki müharibə zamanı “mərkəz” (yanlış olaraq marksist cərəyanı adlanır) və ya “kautskiçilik” cərəyanı özünün bütün iyrənc miskinliyini tamamilə göstərdi.
Pannekuk dövlət məsələsindən bəhs edən “Kütləvi hərəkatlar və inqilab” məqaləsində (“Neue Zeit”, 1912, XXX, 2) Kautskinin mövqeyinə xarakteristika verərək bunu “passiv radikalizm” mövqeyi, “fəaliyyətsiz intizar nəzəriyyəsi” adlandırmışdır. “Kautski inqilab prosesini görmək istəmir” (səh. 616). Pannekuk məsələni belə qoymaqla bizi maraqlandıran mövzuya, dövlət məsələsində proletar inqilabının vəzifələri mövzusuna yanaşmışdır.
Pannekuk yazmışdır:
“Proletariatın mübarizəsi dövlət hakimiyyəti üstündə burjuaziyaya qarşı sadəcə bir mübarizə deyil, dövlət hakimiyyətinə qarşı mübarizədir… Proletar inqilabının məzunu dövlətin zor silahlarını məhv etmək və bunları proletariatın zor silahları ilə aradan qaldırmaqdır (hərfiyyən buraxmaqdır, Auflösung)… Mübarizənin son nəticəsi olmaq etibarı ilə dövlət təşkilatı ancaq tamamilə dağıdılmış olduğu zaman mübarizə qurtarır. Çoxluğun təşkilatı öz üstünlüyünü bununla sübut edir ki, hökmranlıq edən azlığın təşkilatını məhv edir” (səh. 548)
Pannekukun öz fikirlərini ifadə etmək üçün işlətdiyi formulun çox böyük nöqsanları vardır. Lakin fikri hər halda aydındır və Kautski bunu necə rədd etdiyi maraqlıdır.
“Bu vaxta qədər, – deyə Kautski yazmışdır – sosial-demokratlarla anarxistlər arasında əkslik ondan ibarət idi ki, birincilər dövlət hakimiyyətini əldə etmək, ikincilər isə bu hakimiyyəti dağıtmaq istəyirdilər. Pannekuk bunların hər ikisini istəyir” (səh. 724)
Əgər Pannekukun şərhi kifayət qədər aydın və konkret deyildirsə (burada onun məqaləsinin, təhlil edilən mövzuya aid olmayan digər nöqsanlarından danışmırıq), Kautski Pannekuk tərəfindən işin məhz nəzərdə tutulan prinsipial mahiyyətini götürmüşdür və əsas prinsipial məqalədə Kautski marksizm mövqeyini bütünlüklə tərk edərək, tamamilə opportunizmə keçmişdir. Kautski sosial-demokratlarla anarxistlər arasında fərqi əsla doğru göstərməmişdir, marksizmi tamamilə təhrif etmiş və bayağılaşdırmışdır.
Marksistlərlə anarxistlər arasında fərq ondan ibarətdir ki, (1) birincilər dövləti tamamilə məhv etməyi özlərinə məqsəd götürməklə bərabər bunu da etiraf edirlər ki, həmin məqsədi, dövlətin ölüb getməsi üçün şərait yaradacaq sosializmin qurulması nəticəsində, sosialist inqilabı sinifləri ancaq məhv etdikdən sonra həyata keçirmək mümkündür; ikincilər bu gün-sabah dövlətin tamamilə məhv edilməsini istəyirlər, lakin belə bir məhvetmənin nə kimi bir şəraitdə həyata keçirilə biləcəyini anlamırlar. (2) Birincilər bunu vacib bilirlər ki, proletariat siyasi hakimiyyəti ələ aldıqdan sonra köhnə dövlət maşınını tamamilə dağıtsın və Kommuna tipində, silahlı fəhlələr təşkilatından ibarət yeni bir dövlət maşını ilə əvəz etsin; ikincilər dövlət maşınını dağıtmaq fikrini müdafiə etdikəri halda, bunu proletariatın nə ilə əvəz edəcəyini və inqilabi hakimiyyətdən onun necə istifadə edəcəyini əsla aydın təsəvvür etmirlər; anarxistlər dövlət hakimiyyətindən inqilabçı proletariatın istifadə etməsini, onun inqilabi diktaturasını hətta inkar edirlər. (3) Birincilər müasir dövlətdən istifadə etmək yolu ilə proletariatı inqilaba hazırlamağı tələb edirlər; anarxistlər bunu inkar edirlər.
Bu mübahisədə Kautskiyə qarşı marksizm məhz Pannekuk tərəfindən təmsil edilmişdir, çünki məhz Marks öyrədirdi ki, proletariat dövlət hakimiyyətini, köhnə dövlət aparatının yeni əllərə keçməsi mənasında sadəcə əldə etməklə kifayətlənə bilməz, proletariat həmin aparatı qırmalı, sındırmalı, onu yeni bir aparatla əvəz etməlidir.
Kautski marksizmdən uzaqlaşıb opportunistlərə yanaşır, çünki dövlət maşınının opportunistlər tərəfindən əsla qəbul edilə bilməyən məhz bu dağıdılması fikri Kautski tərəfindən tamamilə yox edilir və “əldə etməyi” çoxluğun sadəcə nailiyyəti mənasında yozmaq üçün opportunistlərin əlində bəhanə qalır.
Kautski marksizmi təhrif etməsini pərdələmək üçün bir əzbərçi kimi hərəkət edir: o, Marksın özündən “sitat” irəli sürür. 1850-ci ildə Marks “qüvvəni dövlət hakimiyyətinin əlində qəti surətdə mərkəzləşdirmək” lazım olduğunu yazmışdı. Kautski təkəbbürlə soruşur: olmaya Pannekuk “mərkəziyyəti” dağıtmaq istəyir?
Bu isə mərkəziyyət əvəzinə federasiya haqqında baxışlarda marksizmlə prudonizmi bernşteyncəsinə eyniləşdirməyə bənzəyən sadəcə hoqqabazlıqdır.
“Sitat” Kautski tərəfindən lap yersiz gətirilmişdir. Köhnə dövlət maşınında da, yeni dövlət maşınında da mərkəziyyət mümkündür. Əgər fəhlələr öz silahlı qüvvələrini könüllü surətdə birləşdirsələr, bu mərkəziyyət olar, lakin həmin mərkəziyyət mərkəziyyətçi dövlət aparatının, daimi ordunun, polisin, bürokratiyanın “tamamilə dağıdılması” üzərində qurulacaqdır. Kautski Marksın və Engelsin Kommuna haqqında çox yaxşı məlum olan fikirlərindən yan keçib məsələyə dəxli olmayan bir sitat tapıb göstərməklə lap bir dələduz kimi hərəkət edir.
“…Olmaya Pannekuk dövlət məmurları vəzifələrini aradan qaldırmaq istəyir? – deyə Kautski davam edir. – Lakin dövləti idarə etmək məsələsi hələ bir yana qalsın, biz partiya təşkilatında da, həmkarlar təşkilatında da məmurlarsız keçinmirik. Bizim proqramımız dövlət məmurlarının aradan qaldırılmasını deyil, məmurların xalq tərəfindən seçilməsini tələb edir… indi biz “gələcək dövlətdə” idarə aparatının nə kimi bir şəkil alacağından danışmırıq; indi biz belə bir məsələdən danışırıq ki, hələ dövlət hakimiyyətini öz əlimizə almadan (kursiv Kautskinindir), bizim siyasi mübarizəmiz dövlət hakimiyyətini məhv edirmi? (hərfiyyən: buraxır, auflöst). Hansı nazirlik və onun məmurları məhv edilə bilər?” Sonra maarif, ədliyyə, maliyyə nazirliklərinin, hərbi nazirliyin adları çəkilir. “Yox, hökumətə qarşı siyasi mübarizəmiz indiki nazirliklərdən heç birini aradan qaldırmayacaqdır… Anlaşılmazlığa yol verməmək üçün təkrar edirəm: burada “gələcəyin dövlətinə” qalib sosial-demokratiyanın nə kimi bir şəkil verəcəyindən danışılmır, məhz bizim müxalifətin indiki dövləti necə dəyişdirəcəyindən danışılır” (səh. 725) .
Bu, açıq-aşkar saxtakarlıqdır. Pannekuk məhz inqilab məsələsini irəli sürmüşdür. Bu onun məqaləsinin başlığında da, sitat gətirdiyimiz parçalarda da aydın göstərilmişdir. Kautski atılıb məhz “müxalifət” məsələsinə keçməklə inqilabi nöqteyi-nəzəri opprtunist nöqteyi-nəzəri ilə əvəz edir. Kautskinin dediyindən belə çıxır: indi bizə lazım olan müxalifətdir, hakimiyyəti ələ aldıqdan sonra isə ayrıca danışarıq. İnqilab yox olub gedir! Bu elə məhz opportunistlərin tələb etdiyi şeydir.
Söhbət müxalifətdən və ümumiyyətlə siyasi mübarizədən deyil, məhz inqilabdan gedir. İnqilab ondan ibarətdir ki, proletariat “idarəetmə aparatını” və bütün dövlət aparatını dağıdaraq, onu silahlı fəhlələrdən ibarət yeni aparatla əvəz edir. Kautski “nazirliklərə” mövhumi hörmət” bəslədiyini büruzə verir, lakin nə səbəbə bunları, məsələn, tam və hərtərəfli hakimiyyətə malik fəhlə və əsgər deputatları Sovetləri yanında mütəxəssislərdən ibarət komissiyalarla əvəz etmək olmaz?
Məsələnin mahiyyəti heç də onda deyil ki, “nazirliklərmi” qalacaq, “mütəxəssislərdən ibarət komissiyalarmı” və ya başqa cür müəssisələrmi olacaq, – bunun əsla əhəmiyyəti yoxdur. Məsələnin mahiyyəti bundadır ki, köhnə dövlət maşını (minlərlə tel vasitəsilə burjuaziyaya bağlı olan, köhnəlik və ətalət iliyinə işləmiş olan köhnə dövlət maşını) qalacaqmı, yoxsa bu maşın dağıdılacaq və yeni dövlət maşını ilə əvəz olunacaqdır? İnqilab yeni sinfin köhnə dövlət maşınının köməyi ilə komanda verməsindən və idarə etməsindən ibarət olmamalıdır; inqilab ondan ibarət olmalıdır ki, yeni sinif bu maşını qırsın və yeni maşının köməyi ilə komanda versin və idarə etsin, – Kautski marksizmin bu əsas fikrini pərdələyir, ya da onu heç anlamamışdır.
Kautskinin məmurlar haqqında sualı aydın göstərir ki, o, Kommunadan alınan dərsləri və marksın təlimini anlamamışdır. “Biz partiya təşkilatında da məmurlarsız keçinmirik…”
Biz kapitalizm zamanında, burjuaziyanın hökmdarlığı zamanında məmurlarsız keçinmirik. Kapitalizm tərəfindən proletariat əzilmiş, zəhmətkeş kütlələr əsarət altına alınmışdır. Kapitalizm zamanı kütlələrin muzdlu köləliyi, ehtiyac və yoxsulluğun bütün şəraiti nəticəsində demokratizm məhdud edilmiş, əzilmiş, qol-qanadı kəsilmiş və eybəcər hala salınmışdır. Buna görə də ancaq buna görə bizim siyasi və həmkarlar təşkilatlarımızda vəzifəli şəxslər kapitalizm şəraiti üzündən pozğunlaşırlar (və ya, daha dürüst dedikdə, pozğunlaşmağa meyl göstərirlər) və dönüb bürokrat olmağa, yəni kütlələrdən ayrı düşən, kütlələrin fövqündə duran imtiyazlı adamlara çevrilməyə meyl göstərirlər.
Bürokratizmin mahiyyəti bundadır və kapitalistlər mülkiyyətdən məhrum edilmədikcə, burjuaziya devrilmədikcə hətta proletarlardan olan şəxslərin də müəyyən dərəcədə “bürokratlaşması” labüddür.
Kautskinin dediyindən belə çıxır: seçkili vəzifəli şəxslər sosializm zamanı qalırsa, deməli, məmurlar da qalacaq, bürokratiya da qalacaqdır! Doğru olmayan da məhz budur. Məhz Kommunanın timsalında Marks göstərmişdir ki, sosializm zamanı vəzifəli şəxslər da “bürokrat” olmurlar, “məmur” olmurlar; həm də bu, onların seçkili olmasından başqa, bir də istənilən vaxt dəyişdirilə biləcəkləri və bir də əmək haqqının fəhlələrin orta əmək haqqı dərəcəsinə qədər endirilməsi və bir də parlament təsisatlarının “işləyən, yəni qanunlar verən və bunları yerinə yetirən təsisatlarla” əvəz edilməsi prinsipi həyata keçirildikcə mümkün olur.
Əslində, Kautskinin Pannekuka qarşı irəli sürdüyü dəlillər və xüsusən Kautskinin: biz həmkarlar təşkilatlarında da, partiya təşkilatlarında da məmurlarsız keçinmirik sözləri ilə ifadə olunan xüsusilə əla dəlili göstərir ki, Kautski ümumiyyətlə marksizmə qarşı Bernşteynin çoxdan işlətdiyi “dəlilləri” təkrar edir. Bernşteyn “Sosializmin ilkin şərtləri adlı öz xəyanətkar kitabında, “ibtidai” demokratiya ideyaları əleyhinə, “doktrinaçı demokratizm” adlandırdığı şey əleyhinə – imperativ mandatlar, muzd almayan vəzifəli şəxslər, aciz mərkəzi nümayəndəlik və sairə əleyhinə qızğın mübarizə aparır. Bernşteyn bu “ibtidai” demokratizmin əsassız olduğunu sübut etmək üçün ingilis tred-yunionlarının təcrübəsini əsas göstərir və həm də bu təcrübəni Vebb adlı ər-arvadın təfsir etdikləri mənada götürür. Belə çıxır ki, guya “tam azadlıq şəraitində” (almanca nəşrinin 137-ci səhifəsi) inkişaf etmiş olan tred-yunionlar, özlərinin yetmiş illik inkişafı ərzində guya məhz ibtidai demokratizmin yararsız olduğuna tamamilə inanmışlar və onu adi demokratizmlə əvəz etmişlər, yəni: bürokratizmlə birləşmiş parlamentarizmlə əvəz etmişlər.
Həqiqətdə isə tred-yunionlar “tam azadlıq şəraitindən” deyil, tam kapitalist əsarəti şəraitində inkişaf etmişdir; bu əsarətdə isə hökm sürən şərə, zorakılığa, haqsızlığa, “ali” idarə işlərindən yoxsulların kənar edilməsinə bir sıra güzəştlər etmədən, əlbəttə, “keçinmək olmaz”. Sosializm zamanı “ibtidai” demokratiyanın bir çox cəhətləri labüddən canlanacaqdır, çünki mədəni cəmiyyətlərin tarixində ilk dəfə olaraq əhali kütləsi nəinki səs verməkdə və seçkilərdə, habelə gündəlik işlərində də müstəqil iştirak etmək dərəcəsinə yüksələcəkdir. Sosializm zamanı hamı növbə ilə idarə edəcək və tez bir zamanda, heç kəsin idarə etməməsi şəraitinə alışacaqdır.
Marks öz dahiyanə tənqidi-təhlili zəkası ilə Kommunanın əməli tədbirlərindəki dönüşü görmüşdür; bu dönüşdən opportunistlər qorxurlar və öz qorxaqlıqlarına görə, burjuaziya ilə əlaqəni qəti kəsmək istəmədiklərinə görə onu qəbul etmək istəmirlər; anarxistlər isə ya tələsdikləri üçün, ya da ümumiyyətlə kütləvi ictimai çevrilişlərin şərtlərini anlamadıqları üçün həmin dönüşü görmək istəmirlər. İliyinə qədər filister olan və əslində inqilaba, onun yaradıcılığına nəinki inanmayan, ondan hətta bağrı çatlayacaq dərəcədə qorxan (bizim menşeviklərin və eserlərin qorxduğu kimi) opportunist belə düşünür: “Köhnə dövlət maşınını dağıtmağı heç xəyala da gətirmək lazım deyildir, nazirliklər və məmurlar olmadan biz necə keçinə bilərik”.
“Köhnə dövlət maşınını yalnız dağıtmaq haqqında fikirləşmək lazımdır, keçmiş proletar inqilablarının konkret dərslərini dərindən öyrənməyə və dağıdılan dövlət maşınını nə ilə və necə əvəz etmək lazım gəldiyini təhlil etməyə ehtiyac yoxdur”; anarxist (əlbəttə, anarxistlərdən burjuaziya dalınca c. Kropotkinlər və K-sı kimi sürünənləri yox, onların ən yaxşısı) belə düşünür; ona görə anarxistlərin taktikası ümidsizlik taktikası olur, konkret vəzifələr uğrunda amansızcasına cəsarətli bir taktika və eyni zamanda kütlələr hərəkatının əməli şəraiti ilə hesablaşan inqilabi bir iş taktikası olmur.
Marks bu səhvlərin hər ikisindən çəkinməyi bizə öyrədir, bütün köhnə dövlət maşınını dağıtmaqda qəti cəsarət göstərməyi və eyni zamanda məsələni konkret şəkildə qoymağı bizə öyrədir: Kommuna daha geniş demokratizm yaratmaq və bürokratizmin kökünü kəsmək üçün həmin tədbirləri filan cür həyata keçirməklə bir neçə həftə ərzində yeni dövlət maşını, proletar dövlət maşınını qurmağa başlaya bildi. Kommunarlardan inqilabi cəsarət dərsi alaq, onların əməli tədbirlərini, əməli cəhətdən zəruri olan və dərhal mümkün olan tədbirlərin irəli sürülməsi hesab edək, o zaman belə bir yolla gedərək, biz bürokratizmin tamamilə dağıdılmasına nail olarıq.
Bunu dağıtmağın mümkün olması onunla təmin edilmişdir ki, sosializm iş gününü qısaldacaq, kütlələri yeni həyata qaldıracaq, əhalinin əksəriyyəti üçün, istisnasız olaraq hamıya “dövlət vəzifələrini” yerinə yetirmək imkanı verən şərait yaradacaqdır, bu isə ümumiyyətlə hər bir dövlətin tamamilə ölüb getməsinə səbəb olur.
Kautski sözünə davam edib deyir: “…Kütləvi tətilin vəzifəsi heç vaxt dövlət hakimiyyətini dağıtmaqdan ibarət ola bilməz, onun vəzifəsi ancaq müəyyən bir məsələdə hökuməti güzəştə getməyə vadar etməkdən və ya proletariata düşmən olan hökuməti ona rəğbət göstərən (entgegen kommende) bir hökumətlə əvəz etməkdən ibarət ola bilər… Lakin bu” ( yəni proletariatın düşmən hökuməti üzərində qələbəsi) “heç vaxt və heç bir şəraitdə dövlət hakimiyyətinin dağıdılmasına səbəb ola bilməz, ancaq dövlət hakimiyyəti içərisində qüvvələrin nisbətinin müəyyən dərəcə dəyişməsinə (Verschiebung) səbəb ola bilər… Eyni zamanda bizim siyasi mübarizəmizin də məqsədi, indiyə qədər olduğu kimi, parlamentdə əksəriyyət qazanmaq vasitəsi ilə dövlət hakimiyyətini əldə etməkdən və parlamenti hökumətin ağasına çevirməkdən ibarət olaraq qalır” (səh. 726, 727, 732)
Bu lap xalis və lap bayağı opportunizmdir, sözdə inqilabı qəbul edərək, işdə ondan üz döndərməkdir. Kautskinin fikri “proletariata rəğbət göstərən bir hökumətdən” irəli getmir, bu isə “Kommunist Manifesti” “proletariatın hakim sinif halında təşkilini” elan etmiş olduğu 1847-ci ilə nisbətən filisterliyə tərəf geri atılan bir addımdır.
Kautski “proletariata rəğbət göstərən” bir hökumət uğrunda mübarizə etməyə hamılıqca razı olan şeydemanlarla, Plexanovlarla, Vanderveldlərlə çox sevdiyi “birliyi” həyata keçirməli olacaqdır. Biz isə sosializmə xəyanət edən bu adamlardan ayrılacağıq və bütün köhnə dövlət maşınını dağıtmaq uğrunda mübarizə edəcəyik ki, silahlı proletariat özü hökumət olsun. Bu – “iki böyük fərqdir”.
Kautski Leginlərin və Davidlərin, Plexanovların, Potresovların, Seretelilərin, Çernovların mehriban kompaniyasında qalmalı olacaqdır; çünki onların hamısı “dövlət hakimiyyəti içərisində qüvvələrin nisbətinin dəyişməsi” uğrunda, “parlamentdə əksəriyyət qazanmaq” uğrunda və “parlamentin hökumət üzərində tam hökmranlığı uğrunda” mübarizə etməyə tamamilə razıdır; bu isə hər bir cəhəti opportunistlər üçün əlverişli olan, hər bir şeyi burjua parlamentli respublikası çərçivəsində saxlayan ən nəcib bir məqsəddir.
Biz isə opportunistlərdən ayrılacağıq; və “qüvvələrin nisbətinin dəyişməsi” uğrunda deyil, burjuaziyanı yıxmaq uğrunda, burjua parlamentarizmi dağıtmaq uğrunda, Kommuna tipli demokratik respublika uğrunda və ya fəhlə və əsgər deputatları Sovetləri respublikası uğrunda, proletariatın inqilabi diktaturası uğrunda mübarizədə bütün şüurlu proletariat da bizimlə olacaqdır.
***
Almaniyadakı “Sosialist Aylığı” ( Legin, David, Kolb və skandinaviyalılardan Stauninq və Brantinq də daxil olmaqla bir çox başqaları), Fransada və Belçikada joresçilər və Vanderveld, habelə Turati, Treves və italyan partiyasının sağ qanadının başqa nümayəndələri, İngiltərədə fabiçilər və “müstəqillər” (işdə həmişə liberallardan asılı olan “müstəqil fəhlə partiyası”) və başqa bu kimi cərəyanlar beynəlxalq sosializmdə Kautskidən daha sağıda dururlar. Bu cənabların hamısı partiyanın parlament işində və publisistikasında olduqca böyük, çox vaxt üstün bir rol oynayaraq, proletariat diktaturasını açıqdan-açığa inkar edir, açıqdan-açığa opportunizm yeridir. Bu cənabların fikrinə görə proletariatın diktaturası” demokratiyaya “ziddir”!! Əslində onların xırda burjua demokratlardan heç bir ciddi fərqi yoxdur.
Bu göstərilənləri nəzərə alaraq, bizim belə bir nəticə çıxarmağa haqqımız vardır ki, ikinci İnternasionalın rəsmi nümayəndələrinin böyük əksəriyyəti tamamilə opportunizmə yuvarlanmışdır. Kommunanın təcrübəsi nəinki unudulmuşdur, həm də təhrif edilmişdir. Fəhlə kütlələrinə nəinki öyrədilmirdi ki, onların çıxış edərək köhnə dövlət maşınını dağıtmalı olacaqları, onu yeni dövlət maşını ilə əvəz etməli və beləliklə öz siyasi hökmranlığını cəmiyyətin sosialistcəsinə yenidən qurulması üçün bir təmələ döndərməli olacaqları vaxt yaxınlaşmaqdadır; kütlələrə bunun əksi öyrədilirdi və “hakimiyyətin əldə edilməsi” elə bir şəkildə təsəvvür olunurdu ki, burada opportunizm üçün minlərlə yol qalırdı.
İmperialistlərin yarışı nəticəsində, daha çox qüvvətləndirilmiş hərbi aparata malik olan dövlətlər: dünyaya İngiltərəninmi, yoxsa Almaniyanın, İngiltərə maliyyə kapitalınınmı, yoxsa Almaniya maliyyə kapitalının ağalıq etməli olması haqqında mübahisəni həll etmək xatirinə milyonlarla insanları qırıb məhv edən nəhəng hərbi dövlətlərə çevrilmiş olduqları bir zamanda proletar inqilabının dövlətə münasibəti məsələsini təhrif etmək və bu məsələnin üzərindən sükutlə keçmək çox böyük rol oynamaya bilməzdi.

***
Əlyazmasında sonra bu sətirlər vardır:
“7-ci fəsil
1905 və 1917-ci illərdəki Rus inqilablarının təcrübəsi
Bu fəslin sərlövhəsində göstərilən mövzu o qədər geniş və böyükdür ki, bu xüsusda cildlərlə əsər yazmaq olar və yazmaq lazımdır. Bu kitabçada, söz yox, dövlət hakimiyyəti barəsində inqilabda proletariatın bilavasitə vəzifələrinə aid olan ən başlıca təcrübənin dərsləri ilə kifayətlənmək lazım gələcəkdir”(Burada əlyazması kəsilir)
Birinci Nəşrə Sözardı
Bu kitabça 1917-ci ilin avqust və sentyabrında yazılmışdır. “1905 və 1917-ci illərdəki rus inqilablarının təcrübəsi” adlı sonrakı, yeddinci fəslin planını tərtib etmişdim. Lakin sərlövhəsindən başqa bu fəsildən bir sətir də yazmağa macal tapmadım: siyasi böhran, 1917-ci il Oktyabr inqilabının yaxınlaşması “mane oldu”. Belə bir “maneəyə” ancaq sevinmək olar. Lakin kitabçanın (“1905 və 1917-ci illərdəki rus inqilablarının təcrübəsi”nə həsr edilmiş) ikinci hissəsini olsun ki, uzun müddət təxirə salmaq lazım gələcəkdir; “inqilabın təcrübəsindən” yazmaqdansa, bu təcrübəni həyata keçirmək daha xoş və daha faydalıdır.


Petroqrad
30 noyabr 1917-ci il

 

 


Oxşar yazılar:

Baxış sayı:10226