abunə ol: Yazılar | Şərhlər | Еmail

V.İ.Lenin – Liberal professor bərabərlik haqqında

Şərh

lenin_ep

Cənab liberal professor Tuqan-Baranovski sosializmə qarşı hücuma keçmişdir. Bu dəfə o, məsələyə siyasi-iqtisadi cəhətdən deyil, bərabərlik haqqında ümumi mühakimələr cəhətdən yanaşmışdır (bəlkə də onun çıxışının mövzusunu təşkil edən dini-fəlsəfi müsahibələr üçün bu ümumi mühakimələr professora daha münasib görünmüşdür?) .
Cənab Tuqan belə demişdir: “Əgər sosializm iqtisadi nəzəriyyə kimi deyil, həyat idealı kimi götürülərsə, şübhəsiz, bu, bərabərlik idealı ilə bağlıdır, lakin bərabərlik… təcrübə və zəkadan çıxarılan bir anlayış deyildir”.
Hədsiz dərəcədə çeynənmiş və köhnəlmiş dəlilləri təkrar edən liberal alimin yeritdiyi mühakimə belədir: guya təcrübə və zəka aydın göstərir ki, insanlar bərabər deyillər, sosializm isə öz idealını bərabərlik üzərində qurur. Deməli, görürsünüzmü, sosializm mənasız bir şeydir, təcrübə və zəkaya ziddir və ilaxir!
Cənab Tuqan irticaçıların köhnə üsulunu təkrar edir: əvvəlcə sosializmə mənasız bir şeyi isnad verib onu tərif edir, sonra da bu mənasız şeyləri qaliblərə məxsus bir əda ilə rədd edir! Təcrübə və zəka insanların bərabər olmadığını göstərir deyərkən, həmin bərabərlik anlayışı ilə insanların bacarıq bərabərliyini və ya fiziki qüvvələrinin və mənəvi bacarığının eyniliyini nəzərdə tuturlar.
Özlüyündə aydındır ki, bu mənada insanlar bərabər deyillər. Ağlı başında olan heç bir adam və heç bir sosialist bunu yaddan çıxarmır. Ancaq belə bir bərabərliyin sosializmlə heç bir əlaqəsi yoxdur. Əgər cənab Tuqan qətiyyən düşünə bilmirsə, hər halda oxuya bilir və elmi sosializmin banilərindən biri olan Fridrix Engelsin Dürinqə qarşı məşhur əsərini götürsəydi, cənab Tuqan orada belə bir xüsusi izahatı oxuya bilərdi ki, iqtisadi sahədə bərabərlik dedikdə, siniflərin məhv edilməsindən başqa bir şeyi nəzərdə tutmaq axmaqlıq olardı. Lakin cənab professorlar sosializmi rədd etməyə başladıqda, bilmirsən nəyə daha çox təəccüb edəsən, onların kütlüyünəmi və ya avamlığına, yoxsa onların vicdansızlığına.
Söhbət cənab Tuqan barəsində getdiyindən, əlifbadan başlamaq lazım gələcəkdir.
Sosial-demokratlar siyasi sahədə bərabərlik dedikdə hüquq bərabərliyini, iqtisadi sahədə isə, göstərildiyi kimi, siniflərin məhv edilməsini nəzərdə tuturlar. Qüvvə və bacarığın (fiziki və mənəvi qüvvə və bacarığın) bərabərliyi mənasında insanlar arasında bərabərlik yaratmağa gəldikdə isə, sosialistlər bunu heç fikirlərinə də gətirmirlər.
Hüquq bərabərliyi dövlətin müəyyən yaşa çatmış və nə adi, nə də liberal professor səfehliyi olmayan bütün vətəndaşları üçün bərabər siyasi hüquqlar tələb etmək deməkdir. Bu tələb ilk dəfə heç də sosialistlər tərəfindən deyil, proletariat tərəfindən deyil, burjuaziya tərəfindən irəli sürülmüşdür. Dünyanın bütün ölkələrinin hamıya məlum olan tarixi təcrübəsi bunu təsdiq edir və cənab Tuqan yalnız tələbələri və fəhlələri ələ salmaq məqsədi ilə, sosializmi “məhv etməklə” hakimiyyət sahiblərinə qulluq göstərmək məqsədi ilə “təcrübəyə” istinad etməsəydi, bunu asanlıqla öyrənə bilərdi.
Burjuaziya orta əsrlərə məxsus feodal, təhkimçi, silk imtiyazlarına qarşı mübarizədə bütün vətəndaşların hüquq bərabərliyi tələbini irəli sürmüşdür. Amerikadan, İsveçrədən və s. fərqli olaraq, məsələn, Rusiyada indi də bütün siyasi həyatda, Dövlət şurasına seçkilərdə də, yerli özünüidarədə də, vergi sahəsində də, bir çox başqa sahələrdə də zadəganlar silkinin imtiyazları qalmaqdadır.
Hətta ən dərrakəsiz və inkişaf etməmiş bir adam da başa düşə bilər ki, zadəganlar sinfinə mənsub olan ayrı-ayrı adamlar öz cismani və mənəvi bacarığı cəhətdən bərabər deyildirlər, habelə “vergi verən”, “avam”, “aşağı” və ya “imtiyazsız” kəndli silkinə mənsub olan adamlar da öz aralarında bərabər deyildirlər. Lakin bütün zadəganlar öz hüquqları cəhətdən bərabərdirlər, bütün kəndlilər isə öz hüquqsuzluğu cəhətdən bərabərdirlər.
İndi cənab alim və liberal professor Tuqan hüquq bərabərliyi mənasında bərabərliklə qüvvə və bacarığın bərabərliyi mənasında bərabərlik arasındakı fərqi başa düşürmü?
İndi iqtisadi mənada bərabərliyə keçək. Amerika Birləşmiş Ştatlarında, eləcə də başqa qabaqcıl dövlətlərdə orta əsrlərə məxsus imtiyazlar yoxdur. Bütün vətəndaşlar siyasi hüquqlar mənasında bərabərdirlər. Lakin onlar ictimai istehsalda tutduğu mövqe sarıdan bərabərdirlərmi?
Yox, cənab Tuqan, bərabər deyildirlər. Bir qisminin torpağı, fabrikləri, kapitalı vardır və bunlar fəhlələrin haqqı ödənilməyən əməyi hesabına yaşayırlar; belələri cüzi bir azlıq təşkil edirlər. Digər qisminin, yəni çox böyük əhali kütləsinin heç bir istehsal vasitəsi yoxdur və onlar yalnız öz iş qüvvəsini satmaqla yaşayırlar; bunlar proletarlardır.
Amerika Birləşmiş Ştatlarında zadəganlar yoxdur, burjua ilə proletarların isə siyasi hüquqları bərabərdir. Lakin onlar öz sinfi vəziyyətlərinə görə bərabər deyillər: bir qisminin, kapitalistlər sinfinin istehsal vasitələri vardır və bunlar fəhlələrin haqqı ödənilməyən əməyi hesabına yaşayırlar; digər qisminin, muzdlu fəhlələr, proletarlar sinfinin istehsal vasitələri yoxdur və bunlar bazarda öz iş qüvvəsini satmaqla yaşayırlar.
Sinifləri məhv etmək-bütün vətəndaşları bütün cəmiyyətin istehsal vasitələrinə qarşı eyni vəziyyətə salmaq deməkdir, bu o deməkdir ki, ictimai istehsal vasitələrində, ictimai torpaqda, ictimai fabriklərdə və ilaxir bütün vətəndaşların eyni dərəcədə işləmək imkanı vardır.
Sosializmin nə olduğu haqqında bu izahat alim liberal professor cənab Tuqanı başa salmaq üçün lazım idi; o indi ola bilər hıqqanaraq başa düşsün ki, sosializm cəmiyyətində insanların qüvvə və bacarığının bərabər olacağını gözləmək mənasız şeydir.
Sözün qısası: sosialistlər bərabərlikdən danışarkən, bərabərlik dedikdə, heç də ayrı-ayrı şəxsiyyətlərin fiziki və mənəvi bacarığının bərabərliyini deyil, həmişə ictimai bərabərliyi, ictimai mövqe bərabərliyini nəzərdə tuturlar.
Ola bilər, oxucu təəccüblə soruşsun: bu necə olur ki, sosializm baxışlarının hər bir şərhindən hər kəsə məlum olan bu sadə həqiqətləri elmli liberal professor unutmuşdur? Bunun cavabı sadədir: müasir professorların şəxsi xüsusiyyətləri elədir ki, onların arasında hətta Tuqan kimi az təsadüf edilən küt adamlara da rast gəlmək olar. Lakin burjua cəmiyyətində professorların ictimai mövqeyi elədir ki, yalnız elmi kapitalın mənafeyinə xidmət etməyə satanları, sosialistlərə qarşı misli görünməmiş bir cəfəngiyat, vicdansızlıqla mənasız və hərzə sözlər söyləməyə razı olanları bu vəzifəyə buraxırlar. Burjuaziya bütün bunları professorlara bağışlayar, təki onlar sosializmi “məhv etməklə” məşğul olsunlar.

“Путь Правды” № 33, 11 mart 1914-cü il

V.İ.Lenin. Əsərləri toplusu, Cild N24, səh 387-390.

Hazırladı: Cavid Babək (c) SOLFRONT.org

Oxşar yazılar:

Baxış sayı:7792