abunə ol: Yazılar | Şərhlər | Еmail

Cənubi Koreyasayağı demokratiya

Şərh


south-korea-flag

Vladimir Tixonov

Fərdin şüurunun heç də neytral olmayan – bir qayda olaraq, ya liberal, ya da milliyyətçi – KİV vasitəsilə formalaşdığı cəmiyyətdə həyat “orta statistik insanın” şüurunda dayanıqlı stereotiplərin formalaşmasına gətirib çıxarır. Patoloji dayanıqlılığa qədər. Hətta əlində faktlarla adi vətəndaşı inandırmaq çətin olur ki, humanitar və ictimai-siyasi bilik sahəsində ona öyrətmiş olduqları və öyrətdikləri hər şey – ya aşkar yalan, ya yarıhəqiqət, ya da ən yaxşı halda qərəzli şərh edilmiş faktlardır. Məsələn, Şimali KXDR (Koreya Xalq Deokratik Respublikası). Hətta adi KİV istehlakçısı üçün o – “totalitarizmin” təzahürüdür, əgər daha pis deyilsə. Uzun-uzadı izah etmək olar ki, Səudiyyə Ərəbistanından fərqli olaraq, KXDR-da kifayət qədər sərt siyasi rejim və “kəndli sosializminin” bir növü olan dövlət ideologiyası altında heç olmasa rəsmi səviyyədə belə olsa, həmkarlar ittifaqı və siyasi partiyalar (hakim partiyanın diplomatik işində tamamlayıcı olan “ümumdemokratik” yönümlü “dost” partiyalar ilə birlikdə) [1] mövcuddur və məsələn, qadınlar və kişilər arasında bərabərhüquqluluğun təmin olunması üçün kifayət qədər iş görülüb[2]. İstənilən halda inanmaayacaqlar. “Mamır tutmuş” stalinistlərin kifayət qədər yüksək elm və texnikanın inkişafına nail olduqlarına da inanmayacaqlar. Halbuki, KXDR-nın nüvə bombası yaratması bacarığı buna inandırmalı idi. KXDR-da kifayət qədər inkişaf etmiş daxili bazarın və yaranmaqda olan sahibkar təbəqəsinin mövcudluğuna heç bir halda inanmayacaqlar. Bu barədə (bir çoxları ilə birlikdə) sanballı bir Honkonq qəzetində mühafizəkar bir alim yazır [3].
Cənubi Koreyaya münasibətdə – tamamilə əks stereotiplər mövcuddur. Cənubi Koreya “iqtisadi möcüzəsi” haqqında yəqin ki, təkcə tənbəllər yazmayıblar. Kimin və nəyin bahasına bu “möcüzənin” mümkün olması haqqında, təbii ki, heç kim yazmır. Bir çoxları, çox güman ki, bilmirlər, az sayda məlumatlı rusiyalı koreyaşünaslar son iki onillikdə peşəkar fəaliyyətləri ilə yalnız Koreya fondunun – cənubi koreyalı dövlət təşkilatının sponsor dəstəyi ilə məşğul ola bilərlər – bu təşkilatın müdiri nüfuzuna görə nazir müavini ilə müqayisə edilə bilər, əsasən yüksək səviyyəli sabiq diplomatların arasından seçilir. Bu dəstəyin itirilməsi “Rusiya tipli bazar iqtisadiyyatı” şəraitində praktiki olaraq peşəkar ölümə bərabər ola bilər, ona görə də kolleqaları başa düşmək olar. Lakin Cənubi Koreyanın dünya iqtisadi iyerarxiyasının daha yüksək səviyyəsinə yüksəlməsinin bəzi mənbələrini aşkar etmək peşəkar koreyaşünas üçün zəruri deyil. Məsələn, İƏİT (İqtisadi əməkdaşlıq və inkişaf təşkilatı) statistikasına baxmaq kifayətdir, orada aşkar şəkildə yazılıb ki, orta statistik cənubi koreyalı il əzrində hər hansı bir sənayeləşmiş ölkənin istənilən vətəndaşından daha çox işləyir – 2010-cu ildə 2193 saat, məsələn, Almaniyada bu rəqəm 1409 saatdır [4]. Hətta Rusiyada orta işçi istismarçı üçün daha az “işləyir” – ildə 1976 saat. Rusiya və Cənubi Koreyada istismar normaları arasında fərq haqqında, yeni Böyük Depressiyanın coşğun dalğalarında “möcüzəni” üzdə saxlamaq üçün Çin, Vyetnam, Pakistan, Banqladeş və digər ölkələrdən olan bəd günü qardaşları ilə birlikdə işləyən beş minə yaxın rus “qeyri-leqal” immiqrantları [5] danışa bilərlər. Təbii ki, əgər “möcüzə ilə” başdan çıxarılmış rus mətbuatı onlara söz haqqı verərsə.
Əgər söhbət belədirsə, qeyd edim ki, dırnaq işarələri olmadan möcüzə ondadır ki, orta statistik cənubikoreyalı işçi, tez-tez keçirilən iqtisadi tələbli tətillərə baxmayaraq, ümumiyyətlə Sistemə qarşı üsyan etmir. Bununla bərabər, orta statistik məzuniyyətin real müddəti Cənubi Koreyada 3-4 günə bərabərdir (rəsmi olaraq icazə verilmiş maksimum 10 gündür). Hətta rəsmi statistikaya əsasən, işçi və əməkdaşların 33%-i müddətli müqavilələrlə işləyirlər – bu deməkdir ki, bir neçə ildən sonra yüksək qovulma ehtimalı var və onların əmək haqları daimi işçinin əmək haqqının 60%-ni təşkil edir [7]. Həmkarlar ittifaqı statistikasına əsasən (müqaviləlilərə həm də orta və uzunmüddətli müqavilələr əsasında işləyənləri də aid edir), Cənubi Koreyada müqavilə ilə işləyənləri sayı daha çoxdur –təxminən 56% [8]. Ümumilikdə, onların 3%-inə qədəri həmkarlar ittifaqının üzvüdür – halbuki daimi məşğul, həmkarlar ittifaqı üzvləri adətən 17% təşkil edirlər. Bunun səbəblərini – müqaviləli “işçi qüvvəsinin” tam hüquqsuzluğunu nəzərə alaraq – tapmaq çox asandır. Halbuki yorucu, bir çox hallarda isə erkən ölümə gətirib çıxaran əməkdən nə daimi məşğulluq, həm də həmkarlar ittifaqına üzvlük xilas etmir. Hətta Cənubi Koreyanın Əmək və məşğulluq üzrə nazirliyinin (dəfələrlə və insafsız şəkildə azaldılmış) məlumatlarına əsasən, iş vaxtı “ifrat əməkdən” vəfat edənlərin sayı (əsasən, ifrat yorğunluq ilə əlaqədar olan ürək-damar xəstəliklərinə görə) son 5 ildə orta hesabla illik 314 nəfər təşkil edir [9]. Real rəqəmlər, təbii ki, bir neçə dəfə çox olacaq. Mən 1997-2000-ci illərdə Cənubi Koreyada yaşayırdım və mənim tanışlarımın – deyək ki, universitetlərdə vaxtamuzd-müəllimlərin, jurnalistlər və ya aşağı səviyyəli dövlət işçilərinin – çoxu üçün iş vaxtında ürək partlaması nəticəsində ölüm əsas qayğılardan biri idi. Onların çoxu taqətdən düşənə qədər, səhər tezdən axşam 9-10-a qədər işləyirdilər, bəziləri isə daha çox. Onlar bilirdilər ki, əgər iş yerində vəfat etsələr, onların ailələrinə az miqdarda kompensasiya çatacaq. Sonra isə – sosial təminat sisteminin tam şəkildə qeyri-adekvatlığı şəraitində – ömürlük yoxsulluğa məhkum olacaqlar. 1990-cı illərin ortalarında Şimali Koreyada aclıq ölümləri haqqında rus mətbuatı geniş şəkildə və həvəslə yazırdı. Varlı turistin deyil – işçinin nöqteyi-nəzərindən cənubi koreya cəmiyyətinin real mənzəsrəsi – xatırlayıramsa, bir dəfə də olmayıb. Kütləvi şüurda “möcüzələr” belə yaradılır.
Bəs nə üçün ağır zəhmətlə əzilmiş, uşaqlarının yuxarıya gedən yolu həmişəlik bağlanan – Cənubi Koreyanın ən nüfuzlu universitetləri hətta beynəlxalq ölçülərə görə belə bahalıdırlar və oraya yalnız, valideynlərinin özəl hazırlıq kursları üçün pulu olan gənclər daxil olurlar [10] – insanların ağlına gəlmir ki, bu Sistem – onlar üçün deyil? Nə üçün Şimali Koreya nümunəsi onlar üçün cəlbedici görünmür, prinsipcə, orada – təhsil və səhiyyə pulsuzdur? Əlbəttə, 1990-cı illərin iqtisadi fəlakətlərindən sonra – müəyyən dərədəcə SSRİ-nin dağılması və SSRİ ilə subsidiyalı ticarətdən dayanması ilə əlaqədar – Şimali Koreyada xidmətlərin keyfiyyəti kəskin şəkildə aşağı düşüb. Xəstəxanalarda su və isitmə sistemi yoxdursa, ağrıkəsici preparatlar gəlmirsə və əməliyyatı narkoz olmadan etməli olurlarsa – hətta o zaman tibb işçilərin yüksək peşəkarlığı (onların arasında çox sayda sovet və şərqi almaniya universitetlərinin məzunları var) da xilas etmir. Lakin prinsip prinsip olaraq qalır – Şimali Koreyada indiyə qədər sovet tipli sosialist dövlət mövcuddur [11]. Hələ 1930-1950-ci illərin, hələ o zamanlar müasir sosial təminat sisteminin əsasını qoymaqda olan skandinav sosial-demokratları üçün nümunə olan prinsiplər. Skandinav sisteminin üstünlükləri haqqında Cənubi Koreyada açıq və yüksək səslə danışmaq olar – axı gəlirlərin vergi sistemi vasitəsilə yüksək yenidən bölgüsü səviyyəsində belə skandinav cəmiyyətləri kapitalist cəmiyyətlər olaraq qalır. “Demokratik” Cənubi Koreyada isə Şimali Koreya haqqında yaxşı danışmaq olmaz. Məhz belə – olmaz. Yoxsa həbs olunacaq və sonra həyatın boyu “düşmən ünsür” damğası ilə yaşamalı olacaqsan.
İndiki dövrə qədər Cənubi Koreya ilə KXDR arasındakı qarşılıqlı münasibətləri Dövlət Təhlükəsizliyi haqqında Qanun (DTQ) müəyyən edir – Cənubi Koreya dövlətinin yarandığı ildə, 1948-ci ildə qəbul etdiyi ilk qanunlardan biri. DTQ-a indiyə qədər 11 dəfə dəyişiklik edilib, lakin onu ləğv etmək heç kimi ağlına gəlməyib. Halbuki 1998-2003-cü illərdə Cənubi Koreyanın dövlət başçısı Nobel sülh mükafatı laureatı Kim Tedjun olub ki, 1980-ci ildə hərbi diktatura ona “Şimalın göstərişi ilə üsyan təşkil etmək cəhdinə” görə (1980-ci ildə Kvandjudakı üsyan nəzərdə tutulur, nə Kim Tedjunun, nə də Şimali Koreyanın bu hadisəyə, təbii ki, aidiyyəti yox idi) ölüm cəzası verilmişdi (cəza tədbiri sonradan öz nüfuzuna görə narahat olan ABŞ tərəfindən yüngülləşdirilmişdi) [12]. Məhz bu DTQ üzrə. Lakin hətta əqidəli liberal və sabiq DTQ qurbanı Kim Tedjun bu qanunu ləğv etmək fikrində deyildi. Çünki öz qalmaqallılığına baxmayaraq – müasir qanunverici təcrübədə bu hüquqi nəhəngin analoqunu tapmaq çox çətindir – rəhbər dairələr üçün DTQ çox rahatdır. “Şimal meylli ünsürlərlə” mübarizə adı altında o, antisistem etirazın istənilən əlamətlərini əzməyə imkan verir.
DTQ Şimali Koreyanı “anti-dövlət təşkilatı” kimi xarakterizə edir. Ümumilikdə bugünkü KXDR – BMT-nin üzv-ölkələrindəndir, dünyanın 161 ölkəsi ilə diplomatik əlaqələri var. Lakin Cənubi Koreyanın qanunvericilərini 1948-ci il tipli yanaşma tam şəkildə qane edir. DTQ-na əsasən, “anti-dövlət təşkilatının başçısı” cəza qismində ya ölüm cəzasına məhkum edilməli və ya ömürlük həbs cəzası almalıdır. “Anti-dövlət təşkilatının rəsmi simalarını” edam cəzasından 5 ildən çox həbs cəzasına qədər tədbirlər gözləyir. KXDR liderlərini, xoşbəxtlikdən, hələ ki tutmaq və məhv etmək mümkün olmayıb, lakin radikal proqramı olan istənilən gizli qrupu “anti-dövlət təşkilatı” kimi xarakterizə etməyin mümkün olduğunu nəzərə alsaq, bu maddə geniş perspektivlər açır. Son dəfə rejimə qarşı (tamamilə uğursuz şəkildə) silahlı mübarizə aparmağa cəhd etmiş gizli sosialist qrup liderini (Sin Xyansik, 1933-1982) Cənubi Koreya dövləti 30 il əvvəl edam edib [13], lakin, prinsipcə, istənilən radikal gizli təşkilat yaratmaq cəhdi indiyə qədər ölümlə cəzalandırılır – əhali bundan xəbərdardır. Müvafiq olaraq, o da özünü Sistemə qarşı daha ehtiyatlı aparır.
Təbii ki, ehtiyatı Şimali Koreyaya səfərlər zamanı da saxlamaq lazımdır. Oraya cənubi koreya hökumətinin icazəsi olmadan getmək – əgər siz Cənubi Koreya vətəndaşısınızsa – 10 ilə qədər həbslə cəzalandırılır. Hətta “anti-dövlət təşkilatı tərəfindən nəzarət edilən əraziyə” bu cür səfər təşkil etmək cəhdi artıq maksimum 7 illik həbs deməkdir (6-cı maddə). Bu müddətlik həbs cəzası almaq üçün Pxenyana getmək vacib deyil. “Anti-dövlət təşkilatının lehinə təriflər, həvəsləndirmə və ya təbliğat” aktı etmək kifayətdir. Deyək ki, prinsipcə, Şimali Koreyanın pulsuz dövlət tibbi xidmətinin daha insani olduğunu qeyd etmək. Buyurun – həbsxanada 7 il sizindir (maddə 7). Və ya məsələn, mövcud rejimin sosialist alternativlərinin tədqiq edilməsi üzrə qrup yaratmağa çalışın və onun nizamnaməsində “köklü dəyişikliklər” haqqında nəsə yazın (Cənubi Koreyanın qatı radikalları belə nitqdə dəhşətli “inqilab” sözünün istifadə edilməməsinə çalışırlar). Buyurun – “dövlət quruluşunun dəyişdirilməsi məqsədi ilə təbliğat cəhdi”, yenə həbsxana hücrəsində 7 illik yalnızlığa məhkumsunuz (maddə 7). Əgər dünyanın ən yaxşı kapitalist quruluşuna qarşı təşkilat yaratmaq və ya təbliğat aparmağa tənbəllik edirsinizsə, o zaman, məsələn, İctimai elmlər akademiyasından və ya Kim İr Sen adına Pxenyan Universitetindən bir şimali koreyalı əməkdaşınızla elektron poçtla məktublaşa bilərsiniz. Əlbəttə, siz bunu Cənubi Koreyada heç vaxt edə bilməyəcəksiniz, belə ki, burada bütün şimali koreya saytları etibarlı şəkildə blok edilib. Məsələn, əgər siz yaxın Tokyoya getsəniz və öz mənfur planınızı həyata keçirsəniz, kimsə bunu görsə və xəbərçilik etsə – buyurun, “anti-dövlət təşkilatının üzvləri ilə əlaqəyə girməyə görə” 10 il (və ya əgər yüngülləşdirici şərtlər varsa daha az) alacaqsınız (maddə 8). Əgər etdiklərinizin şahidi xəbərçilik etməsə, sonra isə onun və sizin adınıza üçüncü bir şəxs xəbərçilik etsə – şahid də cəzalandırılacaq. Əgər qohumsunuzsa və xəbərçilik etməmə qohumluq hissləri ilə bağlıdırsa, güzəştə də gedə bilərlər (maddə 10). İnsaniyyət və demokratiya, elə deyilmi? [14]
Yuxarıda yazılanları oxuduqdan sonra, oxucu yəqin ki, məndən soruşacaq: məgər “soyuq müharibə”nin (hətta o dövr üçün belə kifayət qədər amansız) bu hüquqi relikti indiyə qədər təcrübədə tətbiq edilir? Özü də necə! Çox fəal şəkildə və heç bir rəsmi “demokratiya” buna mane ola bilməz. 2008-ci ildə DTQ üzrə 46, 2010-cu ildə isə 97 cinayət işi açılıb. Doğrudur, orta hesabla DTQ-nun pozulmasına görə açılan işlərin yarısı bəraət hökmü ilə nəticələnir, lakin bu o qədər də vacib deyil – bir neçə illik ilkin həbs qohum və yaxınların infarktı və əsəb xəstəlikləri ilə birlikdə özlüyündə potensial radikalların “ixtisar” edilməsi üçün xeyirlidir. Doğrudur, prokurorurluğun DTQ üzrə qaldırdığı cinayət işlərindəki insanların, daha təfərrüatlı baxdıqda heç də radikal olmadıqları aşkar olunur. Deyək ki, Qandi adına müstəqil özəl məktəbin müəllimi (güclü pasifist və ekoloji meylli) Çxve adlı şəxs 2008-ci ildə dəhşətli cinayət – dərslərdə əlavə dərs vəsaiti kimi, Vətənin sülh yolu ilə birləşdirilməsi haqqında rəsmi şimali koreya bəyannaməsindən hissələrdən istifadə etdiyi üçün – cinayət məsuliyyətinə cəlb edilmişdi. Yəni, heç KXDR-nın mövqeyini tərifləmirdi, sadəcə olaraq neytral şəkildə, müharibə və zorakılıqdan qurtulmaq ilə əlaqədar onun haqqında danışırdı. Kimsə xəbərçilik etdi və cinayət işi qaldırdılar. Nəticədə məhkəmə sülhsevər Çxveyə bəraət hökmu çıxardı, amma onun əməkdaşları və şagirdlərinə – lazımi dərs verildi [15]. Mənim yaxın tanışım və kolleqam, Seuldakı Tonquk universitetində işləyən professor Kan Çonqun isə hakimlərlə bəxti daha az gətirdi. O bir dəfə 2005-ci ildə məqalələrindən birində KXDR-nın 1950-ci il 25 iyunda Cənubi Koreyaya hücumunu “birləşdirici müharibə” cəhdi kimi qiymətləndirmiş və göstərmişdi ki, əgər ABŞ (Cənubi Koreya tərəfindən) müharibəyə müsaxilə etməsəydi, Şimal bir neçə həftə ərzində qalib gələcək və çox sayda qurbanlar olmayacaqdı. Yuxarıda deyilənlər tarixi nöqteyi-nəzərdən doğrudur (bəli, Kim İr Sen ölkəni birləşdirmək istəyərək müharibəyə başlamışdı – axı o vəziyyətdə daha nə arzulaya bilərdi?), lakin professor Kanın arqumentləri məhkəməyə təsir etmədi – axı o zalım-kommunistlərin planları haqqında hekayədə “müsbət” termin olan “birləşmə” sözünü istifadə etməyə cəsarət edib. Nəticədə 3 il şərti və 2 illik hüquqlardan məhrum edilmə cəzası verilərək, bir zərbə ilə professor Kanın pedaqoq və elmi karyerasını məhv etdilər [16]. Bu “cinayətkara” universitetdə dərs deməyə və elmi jurnallarda dərc edilməyə heç kim icazə verməz.
Yuxarıda deyilənləri nəzərə alaraq, oxucu yəqin başa düşər ki, mənim həyat yoldaşım – cənubi koreyalı xanım – az qala infarkt keçirəcəkdi, bir dəfə ona deyəndə ki, xaricdə qərb universitetlərindən birində seminarda Kim İr Sen adına Universitetdən olan kolleqamla görüşmüşdüm. Mən – Cənubi Koreya vətəndaşıyam və prinsipcə, DTQ mənə də aid edilir. Birləşmə üzrə Nazirliyin son təlimatlarına əsasən, konfranslar vaxtı KXDR-dən olan alimlərlə görüşmək və danışmağa icazə verilir. Lakin həyat yoldaşım bu təlimatlardan xəbərsiz idi və adi təsəvvürlərdən çıxış edirdi. Cənubi Koreyada təsəvvür belədir ki, KXDR haqqında ictimaiyyət qarşısında yaxşı söz deməyə və ya onun nümayəndələri ilə ünsiyyətə girməyə görə, dövlət sizi bir yumruqla məhv edər. Milçək kimi.
Fərqli düşünənlərə qarşı dövlət terroru rejimi – “Şimalla qarşıdurma” pərdəsi altında – indiki zamanda Cənubi Koreyanın ifrat istismar və zorakılıq cəmiyyətində “sabitliyin” qorunmasının vacib ünsürlərindən biridir. Lakin rus mətbuatından siz burada çox güman ki heç nə öyrənməyəcəksiniz. Həmçinin qərb mətbuatından.
14 mart 2012-ci il

Qeydlər:

1. Partiyalar haqqında bax – Lankov A.N. “Şimali Koreyada qeyri-kommunist partiyaların qürubu” (Lankov A. N. The Demise of Non-Communist Parties in North Korea (1945–1960). — Journal of Cold War Studies 1 (2001): 103-125.)
2. Şin En-yon. “İdeologiya və Gender bərabərliyi: Şimali Koreya və Çində qadın mövzusu siyasəti” (Shin Eun-young. Ideology and Gender Equality: Women’s Policies of North Korea and China. — East Asian Review, 13:3 (2001): 81-104.)
3. Lankov A. “Şimali Koreyanın yeni zənginlərinin gizli dünyası” (Mənbə)
4. Hər işçi başına düşən illik iş saatı (Mənbə)
5. Park Tae Gyun, Md Nasrudin Md Akhir, Pitch Pongsawat. “Şərqdə şərqləşmə: Koreya, Tayland və Malaziyada qeyri-leqal asiyalı işçilər”
6. Dünyanın çalışqan ölkələri (Mənbə)
7. Cənubi Koreyada yeni işçinin şikayətləri (mənbə)
8. Qeyri-müntəzəm miqyaslı problemlər və tendensiyalar və təcrübə (mənbə)
9. http://www.nocutnews.co.kr/show.asp?idx=1921981
10. Koreya təhsili Yaponiya təhsilindən daha bahalıdır (Mənbə)
11. Amnesty İnternational. “Şimali Koreya səhiyyəsi dağılmaqdadır” İyul, 2010. (Mənbə)
12. “Amerikan – cənubi koreya münasibətlərinin ölümü faciə idi” – http://news.naver.com/main/read.nhn?mode=LSD&mid=sec&sid1=100&oid=047&aid=0001958316
13. “Xinxianq” ifadəsi – http://yolsa.nodong.org/154
14. DTQ-nun tam variantını buradan tapmaq olar. Cənubi Koreyanın Ədliyyə Nazirliyinin təsnifatı üzrə 5454nömrəli qanun.
15. Ordu dağıdılıb, 5 nəfərlik zorakı inqilab? – http://www.pressian.com/article/article.asp?article_num=60111203004311
16. Kan Yunq və məhkumların məhkəməsinin optimallaşdırılması – Mənbə

(c) SOLFRONT.org

[Yazı original məqalədən Solfront.org üçün hazırlanmışdır]

Oxşar yazılar:

Baxış sayı:10361