abunə ol: Yazılar | Şərhlər | Еmail

“Üzr istəyirəm, mən imperator olmaq istəmirəm”

Şərh
    dictator1

    “Böyük Diktator” 1940-cı ildə ABŞ-da çəkilmiş, Çarli Çaplinin rejissoru olduğu və Polet Qoddar ilə birlikdə baş rolda oynadığı siyasi komediya filmidir. Eyni zamanda Çaplinin ilk səsli filmidir. Filmdə nasizm və Çaplinin canlandırdığı Adolf Hitler olduqca sərt şəkildə tənqid edilir. ABŞ-ın rəsmi olaraq nasist Almaniyası ilə hələ ki sülh içində olduğu və müharibəyə başlamadığı bir dövrdə çəkilmiş bu film öz zəmanəsinin qeyri-adi filmlərindəndir. Hitler və onun tabeliyindəki nasistlərin işğal etdiyi bölgələrdə etdiklərinin hələ tam şəkildə aşkar edilmədiyi bir zamanda Çaplin çəkdiyi film ilə nasistləri sərt şəkildə tənqid edərək, Hitlerin yəhudi mallarını ictimailəşdirməsi, antisemitizm, faşizm mövzularına toxunmuş; hətta filmdə nasistləri, beyinləri və qəlbləri avtomatlaşmış bir insanlar olaraq göstərmişdir. “Böyük Diktator” filmi 1997-ci ildə ABŞ Konqresinin kitabxanası tərəfindən “mədəni, tarixi və estetik cəhətdən əhəmiyyətli” filmlər arasında daxil edərək, ABŞ Milli Film Arxivində qorunması qərarı qəbul edilmişdir.
    “Böyük Diktator” filmindən baş rol ifaçısının son nitqini təqdim edirik…
    ***
    “Üzr istəyirəm, lakin mən imperator olmaq istəmirəm. Bu məni maraqlandırmır. Hökm etmək və ya işğal etmək istəmirəm. Hər kəsə kömək etmək istəyirəm. Yəhudi, katolik, qaradərili, ağdərililərə.
    Hamımız bir-birimizə kömək etmək istəyirik. Digərlərinin xoşbəxtliyi hamımızı xoşbəxt edir, bədbəxtliyi deyil. Heç kimə nifrət etmirik. Heç kimi alçaltmırıq. Bu dünyada hər kəs üçün yer var. Hər kəsi doyuracaq qədər sərvət var. Həyat azad və gözəl olmalıdır. Lakin biz yolumuzu itirmişik. Acgözlük insan ruhunu zəhərləyib, nifrət divarlar tikib. Bizi bədbəxtliyə və insan qanını axıtmağa məhkum edib. Biz sürəti kəşf etdik, amma yerimizdə sayırıq, Bolluq yaratmalı olan avtomatlaşma bizi ehtiyac içində qoyub. Biliyimiz bizi əxlaqsız və kobud etdi. Çox fikirləşirik, lakin az hiss edirik.
    Avtomatlardan daha çox insaniyyətə ehtiyacımız var. Ağıldan çox mehribanlıq və xeyirxahlığa ehtiyacımız var. Bu keyfiyyətlər olmadan həyat amansız olacaq, hər şey itiriləcək. Təyyarə və radio bizi bir-birimizə yaxınlaşdırdı. Bu ixtiraların təməlində xeyirxahlıq, qardaşlıq və bərabərlk var. İndiki zamanda səsimi milyonlarla insan eşidir. Ümidsiz qadınlar, kişilər və uşaqlar… Onlar günahsız insanlara işgəncə verən, onları həbs edən sistemin qubanlarıdır. Məni eşidənlərə demək istəyirəm ki, ümidsizliyə qapılmayın. Bədbəxtliyin səbəbi acgöz insanların bəşəriyyətin inkişafından qorxmasıdır. Nifrət yox olur, diktatorlar ölür. Xalqdan aldıqları iqtidar xalqa geri qayıdır… İnsanlar ölür, lakin azadlıq ölmür!
    Əsgərlər!
    Zalımlara itaət etməyin. Sizə nifrət edən, sizi köləyə çevirən, nə edəcəyinizi, nə düşünəcəyinizi, nə hiss edəcəyinizi əmr edən zalımlara.
    İnsanlıqdan çıxmış, beyni və qəlbi mexanizmə çevrilmiş insanlara təslim olmayın. Siz nə maşın, nə də qoyunsunuz! Siz insansınız!
    Sizing qəlbinizdə insan sevgisi var. Siz nifrət etmirsiniz, yalnız sevilməyən insanlar nifrət hissi ilə doludurlar. Sevilməyənlər və qeyri-təbii insanlar. Əsgərlər, köləlik üçün döyüşməyin, azadlıq üçün mübarizə aparın! Müqəddəs Lukanın dediyi kimi, cənnətin qapıları insana açıqdır. Bir insana, bir qrup insana yox, bütün insanlara.
    Güç siz xalqın əlindədir. Maşınlar və xoşbəxtlik yaratma gücü. Bu həyatı azad və gözəl etmək, gözəl bir macəraya çevirmək gücü sizin əlinizdədir. Demokratiya uğrunda, bu gücdən istifadə edək, birləşək! Yeni bir dünya üçün, insanlara işləmək imkanı, gələcək bəxş edəcək, yaşlılara isə təhlükəsiz mövcudluq verə biləcək dünya üçün.
    Bu vədləri verərək, zalımlara iqtidarı ələ aldılar, lakin onlar yalan danışırlar, onlar bu vədləri yerinə yetirmirlər, heç vaxt yerinə yetirməyəcəklər. Diktatorlar özlərini azad edir, lakin insanları köləyə çevirirlər. İndi isə bu vədləri gerçəkləşdirmək üçün, dünyanı azad etmək üçün, sərhədləri, nifrət, tamahkarlığı və dözümsüzlüyü aradan qaldırmaq üçün mübarizə aparaq. Ağlın idarə etdiyi dünya üçün mübarizə aparaq. Elm və tərəqqi bütün insanların xoşbəxtliyə xidmət etsin.
    Əsgərlər, demokratiya uğrunda birləşək!”

    (c) SOLFRONT.org

Oxşar yazılar:

Baxış sayı:8124