abunə ol: Yazılar | Şərhlər | Еmail

Boris Kaqarlitski – Marksizm: “İdeoloji sintez”

Şərh

SOLFRONT oxuculara tanınmış rus sosioloqu, publisisti, siyasi elmlər namizədi Boris Kaqarlitskinin “Marksizm: tədris üçün tövsiyə olunmur” kitabını azərbaycan dilində təqdim edir. Kitab marksist fikrin tarixini və təkamül yolunu, həmçinin marksizm daxilindəki ideoloji istiqamətləri və onun öz dövründə oynadığı, siyasi, iqtisadi və ictimai rolu əks etdirir, mövcud ideoloji istiqamətlərin əsas xüsusiyyətlərini və bir–birindən fərqləndirici cəhətlərini izah edir. Kitab sizlərə hissə – hissə təqdim olunacaq. Saytda tam şəkildə dərc edildikdən sonra kitabı bir neçə müddətdən sonra şəhərin mağazalarından əldə edə bilərsiniz.

marksizm-ne-rekomendovano-dlya-obucheniya

Əvvəli                                Növbəti

Boris Yulyeviç Kaqarlitski
Marksizm: Tədris üçün tövsiyə olunmur
1968-Cİ İL TUFANI

Beləliklə, 1960–cı illərdə “yeni sollar” hərəkatında biz bir sıra ideya ənənələrinin sintezini, maoizmin, Çe Gevaranın təsirini görürük. Anarxist ideologiyanın izləri də nəzərə çarpır. Amma yenə də daha çox Frankfurt məktəbinin, freydomarksistlərin təsiri daha çox nəzərə çarpandır.
Frankfurt məktəbi nümayəndələrini yalnız şərti olaraq Freydin tələbələri adlandırmaq olar. Onlar heç vaxt Freydin özündən dərs almayıblar. Məsələn, postfreydizmin daha konservativ variantını yaratmış Karl Yunq, birbaşa Freydlə işləyirdi. Demək lazımdır ki, Freydin tələbələri ilə həm bəxti gətirdi, həm də gətirmədi. Bir tərəfdən, bəxti gətirdi, çünki onun Yunq kimi gözəl tələbələri var idi, amma digər tərəfdən də onlar Freydin tənqidindən başlayırdılar. Onlar Freyddən şüursuzluq anlayışını götürürdülər, amma müəllimlərindən fərqli olaraq, düşünürdülər ki, cinsilik şüursuzluğun yeganə mənbəyi deyildi. Yunq əmindir ki, müxtəlif tip şüursuzluğu olan müxtəlif tip insanlar mövcuddur. Kimin üçünsə dominantlıq təşkil edən amil hakimiyyət iradəsi, digəri üçünsə – cinsilik, libidodur. Frankfurt məktəbi üçün nəyin təhtəlşüurdan şüura gəldiyi məsələsi deyil, şüurdan nəyin təhtəlşüura sıxışdırıldığı əsas məsələdir. Təhtəlşüura sıxışdırılanlar sonralar gizlicə şəxsi idarə etməyə başlayır. Amma həm şəxs, həm də onun kompleksləri cəmiyyətdə inkişaf edir. Burjua cəmiyyətində şəxsin psixi patologiyaları kapitalist sisteminin ictimai və mədəni patologiyalarını əks etdirir.
Frankfurt məktəbinin banisi Teodor Adorno hesab edilir. Çox çətin başa düşülən və çox çətin tərcümə olunan müəllif. Hegel fəlsəfəsinin onun stilinə təsiri freydist jarqonla birlikdə Adornonun bir çox mətnlərini hətta ana dili alman dili olanlar üçün çətin anlaşılan edir. Daha gənc Herbert Markuze də xüsusilə erkən işlərində Hegelin güclü təsirinə məruz qalmışdır. Amma Markuze üçün, oxucunun onu başa düşüb–düşməməsi əhəmiyyətlidir. Markuzenin hegelçiliyi–daha çox Adornonun təsirinin təzahürüdür. Markuze böyük yoldaşının təsirindən qurtulduqca, o Hegelə daha az, Marksa isə daha çox vaxt ayırır.
Adorno ilə yanaşı Maks Xorkxmayer dayanır. Onları gənc nəsil – Herbert Markuze və Erix Fromm izləyir. Nəhayət, üçüncü nəsil – Yurgen Xabermas və Oskar Nettdir. Yuxarı nəsil almanca, orta nəsil – ingiliscə, gənc nəsil isə yenə – almanca yazır. Məktəbin siyasi təkamülü də maraqlıdır. Yuxarı nəsil üçün daha çox faciəvi şüur xarakterikdir. Onlar inqilaba çox inanmırlar. Orta nəsil dünyanın inqilabi dəyişikliyinə ümid bəsləyir, gənc “frankfurtlular” isə sosial – demokrat olurlar.
İlkin zamanlarda Markuze əsasən Adornonun tələbəsi kimi qəbul olunurdu. Doğrudur, Adorno çox qaranlıq yazır, Markuze isə sadə, aydın, başa düşülən yazır. Təbiidir ki, Adornonu araşdırmaq və bu professorun nə demək istədiyini aydınlaşdırmaqdansa, insanlar rəfdən Markuzenin kitabını götürürdülər və hər şeyi başa düşürdülər. Markuze istehlak kultu, yadlaşma və korrupsiyaya batmış istehlak cəmiyyətini məhv etməli olan inqilab haqqında yazırdı. Sual budur: sistemin qəbirqazanı kim olacaq? Markuze Marksdan fərqli olaraq, qərb işçi sinfinə böyük ümidlər bəsləmir. İstehlak cəmiyyəti, proletarlar daxil olmaqla, hər kəsin əxlaqını pozub. O qeyri – insanidir, hər kəsi alçaldır və deformasiya edir, amma eyni zamanda heç kəs bu quruluşa qarşı qiyam qaldırmağa hazır deyil. Hər kəs zəncirlənib, amma zəncirlər – qızıldandır. Ya da ən azından qızıl suyuna çəkiliblər.
Proletar sanki öz hüquqlarını kapitaldan müdafiə etmək marağındadır. Amma o, kapitalla inqilabi parçalanmaya qadir deyil.
Markuzenin bu baxışlarını tez–tez klassik marksizmlə müqayisə edirlər. Amma gəlin, Leninin “Nə etməli?” əsərini yada salaq. Orada Lenin yazır ki, işçi sinfinin iki siyasəti – sosialist və burjua siyasəti ola bilər. İqtisadi mübarizə işçi sinfini burjua siyasətinə – mövcud sistem çərçivəsində özü üçün daha yaxşı vəziyyətin qayğısına qalmağa gətirib çıxarır. Lenin deyir ki, inqilabi ziyalıların köməyi olmadan işçilər müstəqil şəkildə “burjua siyasətindən” yuxarı qalxmayacaqlar. Leninin bu mülahizələrini müasirləri fəal şəkildə tənqid edirdilər. O cümlədən, Plexanov onu işçi sinfini kifayət qədər qiymətləndirməməkdə ittiham edirdi. Amma indiki halda bizim üçün kimin – Lenin və ya Plexanovun haqlı olması vacib deyil. Vacib odur ki, gənc Leninin ideyaları paradoksal şəkildə Markuzenin baxışlarına yaxındır. Fərq yalnız ondadır ki, Lenin bu vəziyyətdən çıxışı, ziyalıların yaratdığı inqilabi partiyanın fəaliyyətində görür. Markuze isə əmindir ki, bütün işçi sinfi öz siyasi partiyaları ilə birlikdə – hətta özünü sosialist və kommunist adlandıranlarla – tamamilə burjua siyasətinin əsarətindədirlər. Onlar o dərəcədə sistem tərəfindən korrupsiyalaşıblar ki, inqilabi qüvvə kimi fəaliyyət göstərə bilməzlər. Buna görə də Markuzenin inqilab ideyası sinfi azadlıq cizgilərini itirir.
Markuze “Birölçülü insan” əsərini yazır. Filosof tərəfindən nağıl edilən tarixdə müsbət qəhrəmanlar yoxdur. Hər kəs korrupsiyalaşıb. Amma eyni zamanda – hər kəs qurbandır. Heç kim günahkar deyil, hər kəsi manipulyasiya edirlər, heç kəsin öz iradəsi yoxdur. İradəsi olmayanın isə – günahı da yoxdur. Dairə qapanır.
Demək lazımdır ki, birölçülü insan, Markuzenin fikrincə, iki təzahürdə mövcuddur. Bir təzahürdə o Qərbdə mövcuddur, harada ki, onu istehlak, reklam, yeridilmiş tələbatlar vasitəsilə manipulyasiya edirlər. Digər tərəfdən isə, yadlaşmanın sovet cəmiyyəti üçün xarakterik olan digər formaları var. Orada ideologiya özlüyündə birbaşa idarəetmə amili kimi çıxış edir. Bu, qərb cəmiyyəti üçün qeyri–xarakterikdir, burada daha incə manipulyasiyalar təklif edilir. Maraqlıdır ki, sovet marksizmində Markuze həmçinin ideoloji mexanizmin özündə aydın şəkildə mövcud olan özünəməxsus azadlıq şansı da aşkar etmişdir. Axı ideoloji nəzarətin və məcbur etmənin intensivliyi sistemin periferiyasına doğru hərəkət etdikcə zəifləyir. Sistemin mərkəzi siyasi hakimiyyət məsələsidir, biz siyasi hakimiyyət məsələsindən nə qədər uzağıqsa, nəzarət daha az intensivliyə malikdir (bu, daha incə metodları olan kapitalizmdə heç də mütləq deyil). Bu, bütün narazıları siyasi sferadan mədəni sferaya getməyə vadar edir. Başqa sözlə, nə qədər çox insanı partiya yığıncaqlarına toplayırlarsa, göstərişlə səs verməyə, düşmənləri mühakimə etməyə məcbur edirlərsə, daha çox insan Axmatova şeirləri ilə maraqlanır, onun cildlərini alır, Gümüş dövrü poeziyasını oxumağa başlayır, teatrlara gedir. Məhz burada, Markuzenin fikrincə, sərt repressiv mühitə baxmayaraq, SSRİ–də mədəniyyət və incəsənətin misilsiz inkişafının sirri açılır.
Sistem müdafiə reaksiyası kimi insanlarda mədəniyyətə kütləvi maraq doğurur. Aydındır ki, ideoloqlar bunu dərk edirlər, onlar incəsənət, estetika, mədəniyyət sferalarına müdaxilə etməyə, orada da öz normalarını qoymağa başlayırlar. İncəsənət sferasında senzura yaranır. Həmçinin təkcə fərqli siyasi düşüncəyə deyil, həm də bədii formalara (abstraksionizm, qeyri-ənənəvi musiqi və s.). Amma burada sistem yenə də, siyasi məsələlərdə olduğu kimi, intensiv nəzarətə nail ola bilmir. Bu cür nəzarət tədbirlərinin estetik obrazlara tətbiqi qeyri–adekvatdır. Bədii obraz, həqiqətən də, senzura altında ola bilməz, o, korreksiya edilə bilən sırf məntiqi, artikulyasiya edilən formullara gətirilmir. Söhbət hətta gizli etirazdan da getmir. Yazıçılar Qədim Roma haqqında əsərlər yazırlar, amma oxucuda Siyasi Büro ilə əlaqəli assosiasiyalar yaranır. Bəzən hətta planlaşdırılmamış şəkildə. Leonid Zorinin məşhur “Dion” pyesində roma rəhbərliyindən kimsə “müvəqqəti olaraq, vəziyyət sabitləşənə qədər” paytaxta varvarların çağırılmasına səslənirdi. Bu, hələ Çexoslovakiyaya sovet müdaxiləsinə qədər yazılmışdı. Müdaxilə baş verdikdə isə, rəsmi şəxslər, dramaturqun roma məmuruna verdiyi eyni sözlərdən istifadə etdilər!
İncəsənət konkret artikulyasiya edilən replika səviyyəsində deyil, süjet, obrazın qavranılması, əhval–ruhiyyə və s. səviyyəsində fəaliyyət göstərir. Buna görə də, əgər siz replikanı çıxarırsınızsa, mətni korlayırsınız, amma əhval–ruhiyyə istənilən halda qalır. Paradoks yaranır. İncəsənət “gözəl olanla” məşğuldur. Amma “gözəl olan” siyasi olana çevrilir, çünki estetika sferası etiraz, uzaqlaşma sferasına çevrilir. Markuze üçün qərb variantında istehlakdan imtina demək olan uzaqlaşma. Sovet variantında məlum olur ki, imtina lazım deyil. İnsanlar incəsənət, gözəllik sferasına gedirlər və burada öz müdafiə mühitini tapırlar. Belə alınır ki, “Sovet marksizmi” oxucuya, “Birölçülü insan”da olduğundan həyata daha optimist baxış verir. Bu, hər şeydən əvvəl, qərb insanı üçün yazılıb. Birölçülü insan haqqında kitab Sovet İttifaqında qadağan idi: o arzuolunmayan assosiasiyalar yaradırdı. Amma sovet tipli birölçülü insan öz birölçülülüyünə rəsmi məhdudiyyətlərlə sıxışdırılmışdı. Onu dəhlizə buraxmışdılar, dəhliz isə dar idi. Amma qərb birölçülü insanı, geri qayıtmağa çalışmayaraq, lazım olan yerə qaçır. O özü birölçülü varlıqdır, ona görə də düz xətt boyunca qaçır. Qərb incəsənəti sferası kifayət qədər kommersiya virusuna yoluxub. Markuze sovet insanına qarşı daha mərhəmətli idi.
Markuze hesab edir ki, Qərbdəki kapitalist sistemi ona görə pis deyil ki, o – Marksın fikrincə – proletariatın mütləq və nisbi yoxsullaşmasına gətirib çıxarır, ona görə pisdir ki, şəxsiyyətin deqradasiyasına aparır. Bu mənada burjuanın vəziyyəti proletariatın vəziyyətindən daha yaxşı deyil. Burada əsas məqam maddi yox, mənəvi yoxsullaşmadır. Buna görə də Markuzenin bəyan etdiyi qiyam – həmçinin istehlaka qarşı qiyamdır.
İnqilabi prinsip imtina olur. Yalnız sistem tərəfindən yeridilmiş artıq istehlakdan deyil, həm də bütün istehlak dəyərləri sistemindən imtina. Markuze insanları pəncərələrdən soyuducuları və televizorları atmağa səsləmir. O, istehlak fəlsəfəsindən danışır, halbuki davranışda müəyyən dəyişiklikləri nəzərdə tutur. Axı gənc nəsildə nonkonformizm yuxarı nəsildən daha asan alınır. İnsan iyirmi yaşında sivilizasiya sərvətlərindən imtina edə və, məsələn, hippi ola bilər. Qırx yaşından sonra həyata bu cür yanaşma daha problemlidir – əlaqələr, uşaqlar, öhdəliklər peyda olur. Buna görə də Markuzenin ideyaları hər şeydən əvvəl gənclər tərəfindən qəbul olunmuşdu.
Amma digər tərəfdən, əgər inqilabı, Marks və Leninin öyrətdiyi kimi, işçi sinfi etmirsə, bəs kim edir? Gənclik özlüyündə inqilabi qüvvə olur? Markuze tələbələrə və istehlak cəmiyyəti sistemində əriməmiş müxtəlif tip marginallara ümid bəsləyir. Tələbə, məsələn, hələ nə istehsal sisteminə, nə də istehlak sisteminə daxil olmayıb (bu iki sistem sonrakı kapitalizm şəraitində sıx şəkildə əlaqəlidirlər). O, sona qədər sosiallaşmayıb. O, istehsal subyekti, idarəetmə subyekti kimi deyil, şəxsiyyət kimi sosiallaşıb. Onun idarəetmə iyerarxiyalarında iştirakı minimaldır. Ona birbaşa göstərişlər verilmir, onun sistemdə iştirakı dərslərə baş çəkmə norması ilə məhdudlaşır ki, bu norma da müntəzəm və cəzasız olaraq pozulur (fransız və amerikan tələbələri, sovet həmyaşıdlarından fərqli olaraq, kartof qazmağa göndərmirdilər),
Markuzenin “Azadlıq haqqında esse” əsəri 1960–cı illərin radikal gəncliyi arasında çox məşhur olur. Amma müəllif özü həyatının sonunda öz doğruluğundan şübhələnməyə başlayır. Ola bilər ki, o işçi sinfini kifayət qədər qiymətləndirməmişdir? Tələbələr müstəqil olaraq sosial çevriliş edə biləcəklərmi? 1968–ci il inqilabı göstərdi ki, bacarmayacaqlar.
Sonrakı Markuze ciddi şəkildə özünütənqidlə məşğul olur. Bəzi hallarda o ictimai şəkildə öz baxışlarını korrektə edir, digər hallarda bəyan edir ki, düzgün başa düşülməyib. “Əksinqilab və qiyam” əsəri ortaya çıxır. Markuze, 1968–ci il inqilabının məğlubiyyətini təhlil edərək, leninsayağı strategiyaya yaxın ənənəvi strategiyaya qayıdır. O, tələbə hərəkatını dəstəkləməkdən imtina etmir, amma onu sadəcə olaraq detonator – işçi inqilabının böyük motorunu işə salmalı olan gənclik etirazlarının kiçik motoru kimi görür. Tələbələr işçilərdə sinfi şüur oyatmalıdırlar. Bununla 1960–cı illərin filosofu Leninin ideyalarına qayıdır, amma başqa cür, qərb mədəni interpretasiyada. Sonrakı Markuze, mahiyyətcə, öz baxışlarını kifayət qədər fundamental təftişə məruz qoyur, daha çox ənənəvi marksizmə, amma çox qəribə trayektoriya ilə qayıdır.
1968–ci ildə Parisdəki tələbə iğtişaşları həqiqətən də işçi tətillərini doğurdu. Amma işçilər ayrılıqda, tələbələr ayrılıqda mübarizə aparırdılar. Bu, iki paralel proses idi. Beləliklə, Markuze belə bir nəticəyə gəlir ki, tələbələrin inqilabı yalnız öz sosial bazasının məhdudluğuna görə məğlubiyyətə uğramadı. O həm də marksist politologiyanın gələcək inkişafı üçün vacib olan bir nəticəyə gəlir. O, preventiv əksinqilab haqqında danışır. Başqa sözlə, əksinqilab artıq inqilabi hərəkətlərə cavab kimi yaranmır (XIX əsrdə belə idi). XX əsrdə isə rəhbər elitalar, inqilabı partlayış ehtimalını başa düşərək, əksinqilabı preventiv olaraq, hələ inqilab başlamadan həyata keçirə bilərlər. Çe Gevara yazır ki, inqilab hələ onun şərtləri yetişmədən əvvəl başlaya bilər. Amma Markuze qeyd edir ki, əksinqilab da, inqilabi böhran yaranmadan başlaya bilər. Bu, yeri gəlmişkən, Boliviyada Çe Gevaranın başına gəlmişdi ki, burada o, təcrübədə inqilabın stimullaşdırılması ideyasını reallaşdırmağa çalışırdı və qurbanına çevrildiyi preventiv əksinqilabı provokasiya etmişdi.
Dəyişmiş cəmiyyətdə siyasi iradə və şüur artan rola malikdirlər. Amma Markuze, Çedən fərqli olaraq, siyasi iradəyə həddən artıq ümidlər bəsləmir. Qələbənin açarı hərəkatın sosial bazasının genişləndirilməsidir. Bu, preventiv əksinqilaba yeganə cavabdır. Bundan əlavə, sonrakı təcrübələr göstərdiyi kimi, doğru aparılmamış preventiv əksinqilab özlüyündə yeni qüvvələri inqilabi düşərgəyə gətirə, onun möhkəmlənməsini sürətləndirə bilər. 2003–2004-cü illər Putin dövrü – preventiv əksinqilabın tipik nümunəsidir. Hakim elita sosial partlayışdan, öz siyasətlərinin mənfi nəticələrindən qorxur və qaykaları bərkidir. Nəticə isə – liberal burjuaziyanın narazılığı, cəmiyyətdə siyasi münaqişəliliyin artımı və inqilaböncəsi vəziyyətin yaranması olur.

(c) SOLFRONT.org


Oxşar yazılar:

Baxış sayı:7320