abunə ol: Yazılar | Şərhlər | Еmail

Boris Kaqarlitski – Marksizm: “Marksizm və psixoanaliz”

Şərh

SOLFRONT oxuculara tanınmış rus sosioloqu, publisisti, siyasi elmlər namizədi Boris Kaqarlitskinin “Marksizm: tədris üçün tövsiyə olunmur” kitabını azərbaycan dilində təqdim edir. Kitab marksist fikrin tarixini və təkamül yolunu, həmçinin marksizm daxilindəki ideoloji istiqamətləri və onun öz dövründə oynadığı, siyasi, iqtisadi və ictimai rolu əks etdirir, mövcud ideoloji istiqamətlərin əsas xüsusiyyətlərini və bir–birindən fərqləndirici cəhətlərini izah edir. Kitab sizlərə hissə – hissə təqdim olunacaq. Saytda tam şəkildə dərc edildikdən sonra kitabı bir neçə müddətdən sonra şəhərin mağazalarından əldə edə bilərsiniz.
marksizm-ne-rekomendovano-dlya-obucheniya

Əvvəli                                    Növbəti

Boris Yulyeviç Kaqarlitski

Marksizm: Tədris üçün tövsiyə olunmur

1968-ci il Tufanı

Marksizm və psixoanaliz

Frankfurt məktəbi çərçivəsində Erix Fromm Markuzedən daha az tanınırdı və siyasi cəhətdən daha az radikal idi. Onların şəxsi münasibətləri çox yaxşı deyildi. Amma Frommun baxışları da marksist diskussiyaların inkişafına təsir etmişdir.
Markuzedən fərqli olaraq, Frommu siyasət psixologiyası maraqlandırırdı. O, böyük insanlar qrupunu müəyyən mənada məcmu kollektiv şəxsiyyətlər kimi nəzərən keçirməyə başladı. Axı kütlə konkret insanlardan ibarətdir, fərdi insan isə, istəsə də, istəməsə də,  ictimai kütlənin bir hissəsidir. Burada statistika, böyük ədədlər qanunu fəaliyyət göstərir. Fromm kollektiv şüursuzluğu tədqiq edir. Axı böyük insanlar kütləsində birtipli komplekslər aşkar edilir.
Freydist sosiologiya, özlüyündə, son dərəcə dualistdir. Kütlə psixologiyası freydizmə yad deyil. Amma Freyddə kollektiv şəxsiyyət anlayışı yoxdur. Frommda, əksinə, kollektiv şəxsiyyət anlayışı meydana çıxır. Siniflər müəyyən məcmu kollektiv şəxsiyyət kimi çıxış edir ki, özünəməxsus kollektiv psixoanalizə məruz qalırlar: axı ictimai davranışın ümumi mexanizmi – fərdi davranışda olduğu ilə eynidir.
Bizim qarşımızda tipik kütləvi reaksiyalar, qorxular və fobiyalar peyda olur. Bunun sayəsində biz manipulyasiya mexanizmini aşkar edirik ki, onun köməkliyi ilə kütləvi şüuru idarə edirlər. Demək lazımdır ki, 1990-cı illərdə Rusiyada milli dəyərlərin təəssübünü çəkən publisistlər şüurun manipulyasiyası haqqında çoxlu kitablar yazmışdılar və hətta yeni söz – “zombiləşdirmə” ixtira etmişdilər. Amma Frommla müqayisədə yeni heç bir şey düşünməmişdilər. Əksinə, özləri çaşıb qalmışdılar. Axı onların mülahizələrində manipulyasiya müəyyən universal texnologiyadır, onun mənbəyi isə müəyyən abstrakt zalım iradə – sui-qəsdçilər, masonlar, xaricilər, yəhudilərdir. Başqa planetdən olanları da əlavə etmək olar. Mahiyyətcə, söhbət sadəcə öz manipulyasiyua obyektləri qorxularının, fobiyalarının onları manipulyasiya edənlərə proyeksiya edilməsidir.
Əksinə, Fromm sosial reallıq və psixoloji manipulyasiya arasındakı əlaqəni göstərmişdir. Burada tamamilə konkret sinfi maraqlar fəaliyyət göstərir. Bundan əlavə, manipulyasiyaların uğurlu olacağına tamamilə zəmanət verilməyib. O, konkret ictimai vəziyyətdən, sinfi münaqişənin inkişaf dərəcəsindən asılıdır.
Frommun “Azadlıqdan qaçış” klassik əsəri hitler totalitarizminin yaranmasına həsr edilib. Nasistlərin hakimiyyətə gəlməsi ilə əlaqədar Almaniyadan emiqrasiya etmiş “frankfurtlular” üçün, ümumiyyətlə həmin mövzulara qarşı xüsusi maraq xarakterikdir. Adorno öz mətnlərində, təbliğatın necə fəaliyyət göstərdiyinə, informasiya axını üzərində nəzarətin davranışa nəzarət etməyə imkan verməsinə çox yer ayırırdı. Təbliğat, Adornonun nöqteyi – nəzərindən, özlüyündə cinayətdir. Dövlət və ya hər hansı siyasi maşın kütləvi şüuru formalaşdırmağa başladıqda, onlar bununla şəxsiyyəti deformasiya edərək fərdi mövcudluğa müdaxilə edirlər.
Adornonun məntiqilə, siyasi texnoloqları bəşəriyyətin düşmənləri elan etmək və həbsxanaya göndərmək lazımdır.
Amma yenə də totalitarizm psixologiyasının ətraflı təhlilini Erix Fromm verir. “Azadlıqdan qaçış” – eyni zamanda həm sosioloji, həm də psixoloji əsərdir. Fromm nasizmi dəstəkləmiş sosial qrupların və siniflərin kollektiv şüurunu təhlil edir. Və ədəbli vətəndaş faşist diktaturasının tərəfdarına çevrilərkən alman xırda burjuasının şüurunda nələr baş verdiyini izah edirdi.
Azad bazar kapitalizminə keçid qorxunun zəfəri deməkdir. Biz doğulma ilə əlaqəli olan freydist obrazların klassik sistemini yada sala bilərik. “Doğulma şoku”, bu zaman körpə ana bətnindən dünyaya çıxır və onu dərhal dəhşət bürüyür. O ağlayır. Körpə ana bətnində ikən, qapalı məkanda idi, özünü müdafiə olunmuş və eyni zamanda da asılı hiss edirdi. İndi o, çölə çıxır, göbəyi kəsilir. Kiçik insan bu sonsuz açıq məkan, müdafiəsizlik qarşısında ani dəhşət hiss edir. Freydizm öyrədir ki, mümkün insan komplekslərindən biri də absurd, ona görə də şüursuz yenidən bətnə qayıtmaq arzusudur ki, orada qidalanma, həyatın təmin edilməsi, heç nəyin qayğısına qalmalı olmasın. Onu dayanıqlı və müəyyən qədər asılı vəziyyətdə saxlasınlar. Fromm bazar kapitalizmi sisteminə keçidi fərdi transformasiyanın özünəməxsus analoqu kimi nəzərdən keçirir. Kapitalizməqədərki ənənəvi cəmiyyət elə bir nizam yaradırdı ki, insan, bir tərəfdən, azad deyildi, amma digər tərəfdən, müdafiə olunmuş idi. Həm onun azad olmaması, həm də müdafiə olunması tamamilə gözlənilən, dayanıqlı idi. Əgər insan, məsələn, kəndli doğulursa, kəndli kimi öləcək, samuray doğulubsa, ömrünün sonuna qədər belə qalacaq. Bütün həyatı boyu digər fərdlərlə münasibətlərdə də kim olduğunu və olacağını bilir; o, onu nəyin gözlədiyini, nəyə nail ola biləcəyini və nəyə qadir olduğunu bilir. O, öz həyatından tamamilə əmindir. Amma bu əminlik qeyri–azadlığa, şaquli mobilliyin olmamasına gətirib çıxarır. İctimai statusu, həyat tərzini demək olar ki, dəyişmək mümkün deyil. Təhlükəsizlik, qeyri–azadlıq və əvvəlcədən gözlənilmə arasındakı bu əlaqə müəyyən sabitliyi təmin edir. Amma İntibah dövründən başlayaraq, yeni ictimai qüvvələr və münasibətlər yaranır. Birinci mərhələ – azadlığın kəşf edilməsi və XV əsrin sonu-XVI əsrin əvvəlində kapitalizmin yaranmasıdır. Bu mərhələ XVII yüzilliyin ortalarına qədər davam edir. Qarşımızda sarsıntılar, köhnə əlaqələrin dağılması durur, gözəl bir gün insanlar aşkar edirlər ki, əvvəl olduğundan tamamilə fərqli yaşamaq olar. Böyük imkanlar yaranır, insan çox varlana, başqa ölkəyə köçə bilər, amma onları artıq heç kim qorumayacaq. İnsanın dövlətlə əlaqəsi minimuma endirilir: vergiləri ödəmək və Cinayət məcəlləsinə əməl etmək lazımdır. Bu da mütləq deyil. Sex qaydaları, əxlaqi özüllər dağılır. Ətrafdakılara arxalanmaq olmaz. Azart qorxu ilə birləşir. Ətrafdakı insanlar gözlənilməz olurlar, axı onlardan hər biri eyni şəkildə gələcəkləri ilə sınaq aparırlar. Müdafiəsizliklə, gözlənilməzliklə bərabər yeni qüvvələrlə toqquşma gəlir ki, insanlar onlarla daha əvvəl qarşılaşmayıblar. Bu qüvvələrdən biri Marks tərəfindən deyilmişdi: bazar kortəbiiliyi, bazar anarxiyası. Köhnə zəncirlərdən, feodal öhdəliklərindən, dövlət qarşısında loyallıqdan azad olma pul kursundan, iqtisadi siklin qəfil tərəddüdlərindən asılılıqla əvəz olunur. Əgər köhnə əlaqələr gözlənilən idisə, “bazarın görünməz əli” gözlənilmədən cəzalandırır və həvəsləndirir (təsadüfi deyil ki, protestant fatalizmi yaranır).
Bazar kortəbiiliyi çox güclü və tamamilə idarə olunmayan prosesə çevrilir. Ən yaxşı sahibkar birdən-birə müflisləşə bilər. Protestantlar bunu özbaşınalıq, allahın qəribəlikləri hesab edirdilər. Bazar inkişaf etdikdə uğur gətirə biləcək hər şey, geriləmə zamanı biznesi məhv edirdi. İnsanlardan və hakimiyyətdən azadlıq şəraitdən asılılığa çevrilmişdi. Əvvəllər şərait sanki əvvəlcədən verilirdi, indi isə müntəzəm olaraq dəyişir.
Frommun fikrincə, kapitalizm bir neçə belə sarsıntılar dövründən keçir. Erkən kapitalizmin, ticarət kapitalı dövrünün sarsıntıları nisbi sabitliklə əvəz edilir. Amma bu tarazlıq kütləvi sənaye istehsalına keçiddə məhv olur. Bazar sisteminə müəyyən mənada uyğunlaşmış xırda burjua onun biznesini dağıdan innovasiyaların güclü dalğası ilə qarşılaşır. Sənətkarlıq və hətta ənənəvi fabrik əvəzinə şəxsiyyətsizləşmiş konveyer istehsalı gəlir.
Zəfər çalaraq, sənaye kapitalizmi radikal şəkildə ənənəvi tipli kapitalizm çərçivəsində müəyyən mənada yaranmış dünya sistemini, davranış normaları və standartlarını dəyişir. Burjua cəmiyyəti iyerarxiyası yenidən kəskin şəkildə qurulmağa başlayır. Oyunun qaydaları yenidən formalaşdırılır. Texnoloji inqilabla (Fromm sənayeləşmənin yekun mərhələsindən danışır) urbanizasiya, kütləvi proletarlaşma gəlir və xırda istehsal aradan çıxır, xırda dükanlar çətinliklə sağ qalırlar.
Burada, mötərizədə qeyd etmək lazımdır ki, xırda əmtəə istehsalının sağ qalmasını marksistlər həmişə kifayət qədər qiymətləndirmirdilər. Marksa aydın idi ki, sənət keçmişdə qalır. Belə bir hiss yaranırdı ki, sanki tezliklə kəndlilər də olmayacaq, onu muzdlu işçilər olan sənayeləşmiş kapitalist ferması əvəz edəcək. Kəndliləri və xırda fermerlər isə, çox güman ki, bazardan sıxışdıracaqlar, onlar müflis olacaqlar. Xırda dükanlar olmayacaq, iri mağazalar olacaq. Marks hələ “supermarket” sözünü bilmir, amma tendensiya onun üçün kifayət qədər aydındır. Və budur, yüz əlli il keçdi, supermarketlər, müasir texnologiyalar gəldi, amma kiçik dükanlar hələ də necəsə mövcuddurlar, çünki sərt özünüistismar sayəsində xırda istehsal çox dayanıqlı olur. O, yeni texnoloji sistem iyerarxiyasında özünə yer tapır. Amma bu texnoloji və ya təşkilati fenomen kimi xırda istehsala aiddir. Konkret istehsalçıya isə bu aid edilə bilməz. Yüz minlərlə istehsalçı müflisləşir. Sistemin nəzər nöqtəsindən, bunun əhəmiyyəti yoxdur: biri iflas olsa, onun əvəzinə digəri – özü kimi yazıq gələcək ki – muzdlu işçidən fərqli olaraq, etiraz etmədən, tətil etmədən və həmkarlar ittifaqlarına daxil  olmadan (axı özü sahibdir, sahibkardır) özünü istismar edəcək. Bu vəziyyətə düşmüş xırda burjua üçün həyat gündəlik kabusa dönür.
Qabağa qaçaraq, demək olar ki, belə bir şeyi biz XX və XXI əsr astanasında yaşayacağıq. “Azadlıqdan qaçış” 1991-1995-ci illərdə müdafiə və dayanıqlılığı, amma eyni zamanda da vətəndaşları azadlıqdan məhrum edən sovet normalarının dağıldığı Rusiyada nəyin baş verdiyini başa düşməyə yaxşı kömək edir. Beləcə müasir Qərbə də baxmaq olar, harada ki, texnoloji inqilabın yeni burumu 1960-1970-ci illərin sənaye cəmiyyəti üçün tipik olan qayda və münasibətləri dağıdır.
Fromm inanır ki, biz ümumiyyətlə azadlıq anlayışını təhlil etməliyik. Kapitalizm insanlara “mənfi azadlıq” verir. Bu, xarici öhdəliklərdən, korporativ, feodal, bürokratik zəncirlərdən azadlıqdır. Burada Hegel və Marksın haqqında yazdığı həmin “vətəndaş cəmiyyəti” fərdi ortaya çıxır. O, insan- sahibkar kimi, digər fərdlərdən qorunaraq, müəyyən hüquqi dairədə özünü müntəzəm olaraq müdafiə etməlidir. Frommun nöqteyi-nəzərindən, kapitalizmin problemi odur ki, mənfi azadlıq tamamilə qeyri-sabitdir. O, bizi burjua təfəkkürünə kortəbii görünən iqtisadi sistemə, bazar amillərinə münasibətdə qeyri-azad edir. Əslində bu amillər kimi iri kapitalist korporasiyaların maraqları çıxış edə bilər. Amma onlar, dövlətdən fərqli olaraq, açıq şəkildə hərəkət etmək və öz qərarlarını qəbul etmək məcburiyyətində deyillər. Onlar bazara təsir edirlər. Məsələn, tələbin idarə edilməsi vasitəsilə. Şirkət tərəfindən aparılan tələbin idarə edilməsi, hansı ki, onun özü üçün dərk edilmiş hərəkətdir, bazarın digər ucunda xırda biznesmen üçün müəyyən dərəcədə kortəbii, qeyri-aydın prosesdir. Öz – özünə onun başına gələn fəlakətdir. Məsələn, neft şirkətləri benzin qiymətləri ilə oynayırlar, xırda dükançı isə müflis olur.
Frommun nöqteyi-nəzərindən, sosializmin vəzifəsi mənfi azadlıqdan müsbət azadlığa keçməkdir. Müsbət azadlıq – bizə şəraiti kollektiv şəkildə transformasiya etməyə, oyun qaydalarını birlikdə dəyişdirməyə və təkmilləşdirməyə imkan verir. Artıq insanlar şüurlu şəkildə öz talelərini idarə etməyə başladıqda, onlara öz nizamların yaratmağa imkan verir. Amma mənfi və müsbət azadlıq arasında yol düz deyil. Bu yolda qorxu kortəbiiliyi hakimdir. Demokratiya söyüşə çevrilir. Güclü hakimiyyət – ən əziz arzudur. Bazar fəaliyyətinin gözlənilməzliyi başçı-xilaskarın gəlişinə yönəlmiş mistik gözləmələr doğurur. Çaşıb qalmış xırda burjua şüuru adekvat təhlilə qadir deyil. Düşmənlərin axtarışı – özgələr, masonlar, yəhudiər, dünya sui – qəsdi başlanır.
Əgər Fromm nəzəriyyəsinin mövqeyindən gələcək iki onilliyin təcrübəsinə baxsaq, paralellər dərhal nəzərə çarpır. Ksenofobiyanın yüksəlməsi, siyasi səhnəyə bütün mümkün faşist hərəkatların qayıtması – bütün bunlar bütün dünya üzrə müşahidə olunur. Dini fundamentalizm (həm xristian, həm müsəlman, həm də yəhudi) yüksəlməkdədir – onlar keçmişə dair arzuların yaratdığı qorxularla yaranmışdır.
Postsovet insanı ictimai cəhətdən Frommun əsərindəki xırda dükançıdan fərqlənir. Amma Leninin təsvir etdiyi, proletarların sinfi şüurundan o, daha çox fərqlənir. Xırda məmur, iş yerini və adət etdiyi həyatdakı yerini itirmiş sovet sistemi fəalı, hərbi-sənaye kompleksi apparatının əməkdaşı həmçinin vurnuxur, onunla nə baş verdiyini başa düşmür. Bəxti gətirən bəziləri oliqarx olurlar. Çoxluq marginallara çevrilir.
Gərgin şəkildə xilaskarın gözlənilməsi – şüurlu və adekvat fəaliyyət bacarıqsızlığı ilə birlikdə – belə insanın nə üçün aqressiv-lovğa ritorikadan başqa heç nə təklif etməyən Vladimir Putin və C. kiçik Buş kimi siyasətçilərə ümid bəsləyir. Amma məhz bu göstərmə hakimiyyətin əminliyi (daha çox onun öz daxili qeyri-əminliyi ilə yaranmış) qorxmuş və dezorientasiya olan kiçik insanı cəlb edir.

(c) SOLFRONT.org

 

 


Oxşar yazılar:

Baxış sayı:7943