abunə ol: Yazılar | Şərhlər | Еmail

SSRİ – bizim vətənimizdir?

Şərh

Mən – yenidəqurma dövrü uşağıyam, bu nəsli eyni zamanda həm axırıncı sovet və həm də ilk qeyri-sovet nəsli də adlandırmaq olar. Biz SSRİ-nin axırıncı illərini görmüşdük, amma artıq nə oktyabryat, nə də pionerlər idik. Sovet keçmişi bizim üçün solğun uşaqlıq xatirələrində və valideynlərin danışdıqlarında yaşayır. Və həm də – mədəni irs formasında. Hamımız qismən olsa da, sovet cizgi filmləri, kitabları, uşaq mahnıları ilə tərbiyə olunmuşuq, hətta qrammafon vallarının nə olduğunu da bilirik…

Ölkənin həyatında həlledici dəyişiklik o vaxta təsadüf etdi ki, həmin vaxt biz hələ şüurlu olaraq bu dəyişikliyin dərinliyi və istiqamətini qiymətləndirə bilmədik. Bundan sonra da bütün dəyərlərə yenidə baxılmağa başladı – köhnələrdən imtina edilirdi, “sovet” sözü ləkə, damğa kimi səslənirdi, hər kəsin vəzifəsi idi ki, lənətə gəlmiş “totalitar keçmişdən” həmişəlik azad olsun. İndi isə artıq çoxdan ölmüş və siyasətçilərin nitqlərində minlərlə dəfə dəfn olunmuş o ölkəyə  nostalji hisslərlə baxırıq.

Böyük nəslin nostalgiyasını başa düşmək olur. Bəs Sovetlər Ölkəsi, orada demək olar ki yaşamayan gənclər üçün nə ilə cəlbedicidir? Bizə axı izah etmişdilər ki, sosializm – növbələr, talonlar, yoxsulluq, maneələr, təcrid düşərgələri, təbliğat, kütləvi dəlilik və sairədir.  İndiki  “azad və demokratik” Rusiyada nəyəsə ehtiyacımız varmı?

Bu məqaləni yazmağa məni təhrik edən hadisəni danışmaq istəyirəm. Məlum “monetizasiyadan” sonra bir nənə tramvayda təqaüd vəsiqəsi ilə pulsuz getməyə cəhd etdikdə, konduktor qadın qoca-müftəxorlar haqqında düşündüyü bütün “xoş” fikirlərini dedi. Nənə utanaraq özünə haqq qazandırmağa çalışdı ki, bütün ömrünü Vətənə verib, 10 yaşından kolxozda işləyib…“Bu heç kimi maraqlandırmır!” Mən hələ də özümü günahlandırıram ki, o konduktorun  kobud, qanmaz hərəkətinə görə cavabını vermədim. Bəlkə bunu etməyə dəyməzdi. Konduktorun özü də həyatın əzab verdiyi və ağır əməklə yaşamış bir qadındır və çox xoşagəlməzdir ki, o, özundən daha bəxtsiz – qoca, xəstə, illər boyu işlədiyi dövlət tərəfindən alçaldılmış və soyulmuş qadının üstünə qışqırır. O vaxt fikirləşirdim ki, necə çirkindir, insan hakimiyətin hətta kiçik də olsa – sinəsində Tramvay-Trolleybus İdarəsinin nişanı şəklində – bir hissəsinə malik olduqda, insani xüsusiyyətlərini itirir. Mənim fikirlərimin təsdiqi kimi qoca qadın tramvaydan düşərkən dedi: “Əvvəllər biz insan idik, hətta müharibədə də insan olmuşuq, amma indi vəhşiləşmişik…”.

Mən dəqiq başa düşdüm ki, sovet quruluşunun necə qiymətləndirilməsindən asılı olmayaraq, bir şey şübhəsizdir: indiki oliqarxik (vəhşi, bandit) kapitalizmdən fərqli olaraq, o, daha insani idi. Doğurdan çox maraqlıdır ki, ağır sınaqlar zamanı, bütün maddi çətinliklərə baxmayaraq, sovet insanları insani dəyərləri saxlamışdılar, qarşılıqlı kömək normal bir hal idi.

Ümumiyyətlə, o vaxt normal qabul olunan bütün şeylər indi qəribə hesab edilir.

Vətənə sevgi. “Alimlər, qəhramanlar, xayalpərəstlər ölkəsi. Mütərəqqi bəşəriyyətin yolgöstərən ulduzu. Bu cür dövlət üçün biz istənilən qurbanlara hazırıq”. (İndi deyirlər: qurban vermək? Yox daha nə!)

Kollektivizm. “Biz hamımız – böyük ailəyik, kommunizm qurmaq bizim ümumi işimizdir və hər kəs cəmiyyətə maksimal  xeyir vermək üçün çalışmalıdır” (İndi deyirlər: sənə hamıdan çox lazımdır?)

Əməyə hörmət. “İşləməyən dişləməz. Kim düzgün və vicdanla işləyirsə – o, hörmət və şərəfə layiq görülür, onun haqda mahnılar yazılır və filmlər çəkilir”. (İndi deyirlər: heç nə etmədən də varlanmaq olursa, yorulana kimi işləmək nəyə lazımdır?)

Biliyə hörmət. “Dünyanın ən çox oxuyan ölkəsi. Oxumaq, oxumaq, yenə də oxumaq. Daha çox bilmək və bacarmaq üçün çalışmalıyıq, biliksiz olmaq ayıbdır”. (İndi deyirlər: kitabqurdusan?)

Əxlaqi mükəmməlləşmə. “Kommunizm qurucusu yüksək adına layiq ol. Kiçik adalətsizliklərə qarşı həssas ol. Öz şəxsi nümunənlə laqeyd tənbəlləri düzəltməyə çalış”. (İndi isə deyirlər: axmaq.)

Bütün bunların ifadə olunduğu formullar indi sadəlövh görünür və kinayə yaradır, nəzərə alsaq ki, əslində hər şey bu sözlərdəkindən fərqli idi. Amma deyilən keyfiyyət və xüsusiyyətləri –  əsl insani keyfiyyətləri –  Sovet İttifaqı məqsədyönlü şəkildə yetişdirilirdi. “Sadə sovet insanlarının” çoxu bütün bu humanist prinsiplərə əhəmiyyət verirdilər və həyatda onları rəhbər tuturdular. Mən məhz çoxluqdan danışıram və partiya, komsomol, digər rəhbərlikləri, hər cəmiyyətdə olan antisosial elementləri kənarda qoyuram. Hər halda, SSRİ-də “orta insan tipi” əxlaq baxımdan indikindən aşkar şəkildə daha yüksək idi – düşünmürəm ki, kimsə bu fikrə etiraz etsin. Məhz bunlara görə Rusiya geridə qalmış, savadsız dövlətdən inkişaf etmiş sanayesi və ən yaxşı təhsili olan dövlətə çevrildi, qorxulu muharibədən qalib çıxa bildi və birinci kosmosa uçdu. Soyuqda, palçıqda “DneproQES” və “Maqnitkanı” tikən, səssiz kəndlərə təhsil aparan bu insanlara qarşı bizim nəsil əvəzolunmaz şəkildə borcluyuq.

Nəyə görə onlar belə idilər? Məsələ yalnız ideologiyada deyil. Sovet İttifaqında şəxsiyyətin formalaşması üçün daha çox imkanlar var idi. İş və istirahət hüququ, pulsuz təhsil və tibb, mədəniyyət evləri, kitabxanalar, uşaq meydançaları – bunların hamısı boş deklarasiya deyil, real idi.

Mən iyirmi illik bir fotoya baxıram – gənc texniklər klubunun üzvləri böyüklərlə təyyarə və kosmik raket maketləri hazırlayırlar və fikirləşirəm ki, indiki gündə bu foto necə də qəribədir. Bəli, sovet dövləti avtoritar idi, amma insanlara, özlərini quldurlara yox, kosmonavtlara bənzətməyə stimul verirdi.

Böyük sovet mədəniyyəti ən yaxşı ifadə fomalarında insanlarda insanpərvərlik, vətənpərvərlik, özünü inkişaf etdirməyə həvəs yaradırdı. Mən Veniamin Kaverinin “İki kapitan” əsərini oxuyarkən fikirləşirəm: bəli, SSRİ – də rəhbərlik edən axmaqlar, yaltaqlar, alçaqlar kifayət qədər idi, amma həm də Sanya Qriqoryev kimi güclu, düzgün, məqsədyönlü, Vətənin səadəti üçün ağlagəlməz maneələrə hazır olan insanlar da var idi. Belə insanlara heyranlıq duyuram.

Onlar artıq mövcud olmayan bir ölkədə yaşayırdılar.

O ölkədə Sanya Qriqoryevə heyranlıq duymaq və ona oxşamaq istəmək təbii idi. İndi isə risklidir. Çünki bizə izah ediblər ki, qəhrəmanlıq etməyə çalışmaq “totalitar rejimin” yaydığı kütləvi psixozun nəticəsidir. Fədakarlıq və özünü qurban vermək fanatiklərə aiddir və hansı ideallar üçün olunması əhəmiyyətli deyil (axı  “məlum olduğu kimi” kommunizmlə faşizm arasında fərq yoxdur). Vətənə sevgi, qarşılıqsız kömək – bunlar qul xususiyyətli mentalitetin qalıqlarıdır. Normal insan əvvəlcə öz qarnını düşünməlidir.

Bu ideyalar aydın və ya gizli formada KİV–dən məktəb dərsliklərinə qədər gənclərə çatdırılır. Amma real həyat istənilən növ təbliğatdan daha yaxşı təsir edir, burada ictimai nümunə vicdanlı zəhmətkeş yox, hər üsulla kapital yığan insandır. Sənin nə qədər az idealların, vicdanın olarsa, onda daha çox rəqabət üstünlüyü əldə edirsən. Gənclərin çoxu, hətta mövcud olan quruluşla razı olmasalar da, alternativlər haqqında düşünmürlər və ya ona inanmırlar.

SSRİ-nin uğursuzluğundan və Rusiyada sol hərakatın zəifləməsindən sonra, uzun illərdir davam edən düşünülməmiş, qayğısız istehlak şəklində beyinlərin yuyulmasından sonra, əlbəttə, alternativlərə inanmaq çətindir. Amma inanlar olub, var və olacaq (yazılanların müəllifi də daxil olmaqla). Bizim dövrü, bir çox xüsusiyyətləri qeyri-real görünən Sovet dövrü ilə müqayisə etdikdə belə bir sual yaranır: 1991-ci ildə qurban verilmiş şeylər həddindən çox deyildi ki? Kiminsə Marksı danlamaq və ölkədən çıxmaq imkanı əldə etməsi üçün bütün iqtisadi və mədəni potensialı dağıtmağa dəyərdimi? Azlığın azadlığı və xoşbəxtliyinin bədəli çoxluğun yoxsulluğu və əzabları olmalı idimi? Və ya Nobel mükafatı laureatı, fizik Jores Alferovun müsahibəsində dediyi kimi: “Çatışmazlıqları olan, amma humanist prinsiplərin gerçəkləşdiyi qeyri-təkmil, bürokratik, lakin sosialist quruluşu milyonlarla insanı soymuş, dövlətdə, vəhşi kapitalizm, oliqarxiya şəraitində şübhəli yaşama azadlığına dəyişmək – ölçülməz, dəhşətli bədəl ödəmək deməkdir”.[1]

Əlbəttə, indi belə bir sual qoymaq korrekt deyil. 1980-ci illərin sonlarına yaxın hamıya aydın idi ki, islahatlar həyati əhəmiyyətlidir. Mənim fikrimcə, “sosial  dövlətin” uğurlarını saxlamaqla, demokratizasiyanı və insanlara kiçik və orta biznes sferasında sahibkarlıq təşəbbüsünə azadlıq verilməsini həyata keçirmək olardı. Amma olan oldu: sovet quruluşu dağıldı və ən əsas da, düşmən hiylələrinə görə yox, öz problem və ziddiyyətlərdən ibarət yükün altında qaldı. Bu o demək deyil ki, 74 illik tarix anomaliya idi və ya mənasız qurbanlardan başqa heç nə verməyən və əvvəlcədən uğursuzluğa yönələn eksperiment idi. Əksinə: indi, İttifaqın dağılmasından və sosializmdəki məyusluqdan bu qədər vaxt keçdikdən sonra, daha ayıq başla sovet dövrünün bizim ölkə və dünya tarixində əhəmiyyətini qiymətləndirə bilərik.

Oktyabr inqilabı dünya tarixində ilk təcrübə idi ki, sosialist ideyalar və neçə əsrlər ərzində milyonlarla insanın arzu etdiyi cəmiyyətin qurulması cəhdi ölkə miqyasında reallaşdırıldı. Ona görə də Sovet İttifaqı praktik olaraq həmişə Qərbin idarəedici dairələrinin nifrət və qorxu, bütün dünyadakı istismar olunanların ümid predmeti olub. O, kapitalizmdən daha yaxşı, fərqli sivilizasiyanı təqdim edirdi və kapitalizmi nə vaxtsa əvəz edəcəyi iddiasında idi. Son nəticədə isə yeni cəmiyyətin qurulması cəhdi uğursuz nəticələndi. Amma bu cəhd özlüyündə dünyaya o qədər güclü təsir etdi ki, ingilis tarixçi Erik Xobsbaumun sözləri ilə desək, XX əsr tarixini rus inqilabı və onun birbaşa və dolayı nəticələri olmadan başa düşmək mümkün deyil.[2] SSRİ İkinci Dünya muharibəsində nasist Almaniyası üzərində qələbədə əsas rol oynadı və indi necə danışsalar da, Avropa xalqlarını “minillik reyxin” perspektivlərindən xilas etdi, ictimai islahatlar isə bir çox dövlətlərdə “qırmızı təhlükəyə” cavab olaraq keçirilirdi ki, bunun nəticəsində 1960-cı illərə yaxın kapitalizm “insan sifəti” aldı.

Faciə onda idi ki, sosial cəmiyyətin qurulması ilə birlikdə həm də aqrar ölkəni sənaye ölkəsinə çevirmək lazım idi, yəni belə bir cəmiyyət üçün ilkin şərtlər yaradılmalı idi və bütün bunlar bərbad təsərrüfat, “kapitalist mühasirə“ və yeni dünya müharibəsi təhlükəsinin yaratdığı əlverişsiz şaraitdə olunmalı idi. Qərbi Avropa ölkələrində sənayeləşməni müşayiət edən proseslər bizdə də təkrar olunurdu, amma zaman baxımından daha qısa və spesifik rus şəraiti ilə şərtlənmiş şəkildə idi. Mütərəqqi düşünən, amma yenidən qurulan kəndli ölkəsində zəif olan azsaylı işçi sinfi bütün hakimiyyəti partiya təşkilatlarına verdi, bu da zamanla bürokratik maşına çevrildi. Bunların nəticəsində Stalinin rəhbərliyi dövrdə sosializm kolxozlarda kəndlilərin istismarı, əmək-islah düşərgələrində məcburi əmək, böyük məmur aparatı, hakimiyyətdə nəzarətsizlik ilə “asiya üsulu istehsalı” xatırladırdı. Bunlarla yanaşı, həm də sovet sistemi müharibə dövrün tab gətirə bildi, irticadan tərəqqiyə doğru böyük sıçrayışı təmin etdi, Rusiya yarıperiferik, faktiki olaraq qərb dövlətlərinin müstəmləkəsi olan ölkədən dünyanın taleyini müəyyən edən ölkəyə çevrildi.

Demək olar ki, bütün XX əsr həm bizim üçün, həm də bütün dünya üçün SSRİ ilə bağlıdır. SSRİ-nin olmadığı indki xəritədə bu daha aydın görünür. Boris Akunin “Problem 2000” hekayəsində, ola bilər ki özü də istəmədən, yaşadığımız keçmişin tarixi əhəmiyyətini göstərib. Hekayədə zamanla əlaqəli dəyişilmə baş verir, nəticədə gənc zadəgan, avara 19-cu əsrin son günündən birbaşa 21-ci əsrə keçir, “yeni rus” isə onun yerinə. Hər ikisi yaranan xoşagəlməzlikləri uğurla həll edirlər, dövrə çox yaxşı uyğunlaşırlar, davranış və leksikadakı fərqlərə baxmayaraq, bir-birlərini əvəz edə bilirlər. Kədərli nəticəyə gətirilir: bizimlə indi baş verən şeylər reqressən, geriyə qayıtmadan, “şanlı” qeyri-bərabərliyin, cahalətpərəstliyin, gerilik ənənələrin baş qaldırmasından başqa bir şey deyil. Parazitlər üçün – şirin həyat, zəhmətkeşlər üçün isə – aclıq, əziyyət…

Biz sovet vaxtı qazandığımız bütün yaxşı şeyləri itiririk. Qarşılığında heç nə yaratmadan sovet irsini (infrastuktur, elm, təhsil, sənaye) bacarıqsız şəkildə yox edirik. Bizim “uğurların” fonunda sovet quruluşunun real uğurları aydın olur, qüsurlarına baxmayaraq, o quruluş geniş mənada tərəqqiyə, insan təbiətinin mükəməlləşdirilməsinə, Akuninin hekayəsindəki qəhramanlara yer tapılmayacaq bir dünyaya yönəlmişdi. Başa düşülür ki, nəyə görə indiki ”həyat sahibləri” keçmiş haqqında yaddaşı silmək və ya onu saxtalaşdırmağa çalışırlar (məsələn, bu yaxınlarda Qələbə Nişanından oraq və çəkici çıxarmaq cəhdi). Çünki keçmişimiz kapitalizmin alternativini təmsil edir, çünki oraq və çəkic – işçi-kəndli inqilabından yaranan dövlətin simvollarıdır. Dövlətin özü öldü, amma sosial ədalət haqqında ideyalar həmişə qalacaq.

Sovet İttifaqını, şübhəsiz ki, itirilmiş cənnət kimi təsəvvür etmək olmaz – belə olsa  idi, bir an içində dağılmazdı. Etiraf  etmək lazımdır ki, indiki dövlətimiz bir çox sahədə itirilmiş dövlətin tarixi davamçısıdır: indiki bürokratiya sovet məmur apparatı mühitində təlim keçib, istehlakçı psixologiyası hələ sovet insanlarında formalaşmışdı və s. Bizim indi daha vacib və məsuliyyətli işimiz odur ki, keçmişin səhvlərini təhlil edək və nəzərə alaq, eyni zamanda həm də sovet irsinin ən yaxşı tərəfləri saxlayaq və onları yeni şəraitdə yenidən yaratmağa cəhd edək. Yeni Oktyabr və ya deqradasiyanın davamı arasında seçim yalnız bizdən asılıdır.

  Mixail İtskoviç

Qeydlər: 

[1] Alferov J. Biz özümüzü günahlandırmalıyıq. Sarsıdan on il… 1991-2001. M., 2002, səh.192.

[2] Erik Xobsbaum. Ziddiyyətlər dövrü: qısa XX əsr. 1914-1991. M., 2004. Səh.96.

(c) SOLFRONT.org

[Yazı original məqalədən Solfront.org üçün hazırlanmışdır]


Oxşar yazılar:

Baxış sayı:8668