abunə ol: Yazılar | Şərhlər | Еmail

“Memar sol görüşlü olmağa məcburdur”

Şərh

Liva.com.ua redaksiyasından önsöz: O ölməz görünürdü – lakin bu bir gün baş verəcəkdi. Görkəmli memar, gələcəyin kommunist şəhərlərinin nümunəsi kimi qəbul edilən paytaxt-şəhər Brazilianın yaradıcısı, müasir memarlığın banilərindən biri Oskar Nimeyer 105 yaşında vəfat etdi. Öz siyasi baxışlarından heç vaxt – nə diktatura zamanı, nə də onun köhnə yoldaşı Jorji Amadu təslim olduğu 90-cı illərin əvvəllərində imtina etməyən insan. 1992-ci ildən 1996-cı ilədək Nimeyer Braziliyanın Kommunist partiyasında sədr vəzifəsini tuturdu və eyni zamanda, 90 yaşında Niteroyda məşhur müasir  incəsənət muzeyinin binasını yaratdı.

Müəllifdən önsöz: Rio-de-Janeyro. Saat 5, müsbət otuz dərəcə. Oskar Nimeyer jurnalistlərdə görüşür. “AD Architectiral Digest” və “Власть” rus jurnallarına müsahibəyə razılaşması daha təəccüblü idi. Bəxtim gətirdi – Nimeyerin yanına məhz mən getdim. Ondan, birlikdə işlədiyi Le Korbyuze, onun eskizləri əsasında tikilmiş Nyu-Yorkdakı BMT binası, əsası isə – müasir dövrün ən məşhur şəhərsalma təcrübəsi haqqında soruşacağım haqqında xəyallar qururdum. 1957-ci ildə Braziliyanın prezidenti Juselinu Kubiçek Nimeyerə yeni paytaxt Brazilianı salmağı təklif etdi. O vaxtdan sonra yer üzündə bu futuristik şəhərə bənzər heç bir şey yaradılmayıb. Üç hakimiyyət meydanının fantastik mənzərələri onu göstərirdi ki, Latın Amerikasında yeni memarlıq dahisi, tamamilə mümkünsüz görünən işdən – bir neçə il ərzində səhrada planetin ən möhtəşəm şəhərlərindən birini yaratmaq işindən qorxmamış renessans miqyaslı insan peyda olub. Lakin söhbət başqa məcrada getdi. O mənim deyil, Nimeyerin suallarından başladı.

–     Sən Moskvadan gəlmisən? Orada işlər necədir? Sizin kommunistlər nə ilə məşğuldurlar? Bilirsən, axı məni birbaşa Moskvaya göndərməyə  çalışırdılar. Diktatura dövründə HHQ rəhbəri elə demişdi: kommunist-memarların yeri Moskvadır.

–         Amma siz onda Avropanı seçdiniz.

–        Mən İtaliyada, Əlcəzairdə oldum, Fransada uzun  müddət işlədim.

–   İtaliyada siz Mondadori nəşriyyatının korpusunu tikdiniz. O zaman deyirdiniz ki, bu, tipoqrafiya işçilərinə abidədir. Sizin tənqidçiləriniz isə gülür və deyirdilər ki, əgər bu abidədirsə, nəşriyyatın sahibi üçündür.

–    Bəli, onların fikrincə, əgər işçilər dəmir baraklarda işləyirlərsə, bu daha normaldır. Belə demək daha səmimidir. Ümumilikdə isə, memar ona təklif edilən işi götürür, seçim imkanı nadir hallarda olur. Fransada isə mənim əla işim var idi.

–       Çünki orada Le Korbyuze var idi?

–     Le Korbyuzeni ilk dəfə, bizimlə Rioda təhsil nazirliyini tikəndə tanımışdım. Onu ağıllı nazir Qustavo Kapanema çağırmışdı. Mənim böyük dostum, iş sahibim və müəllimim Lusio Kosta məni çertyojçu kimi məsləhət gördü və Le Korbyuze ilə görüşdüyümüz 2-3 həftəni mən heç vaxt unutmayacağam. Mən, 1947-ci ildə hamımız Nyu-Yorkda BMT binası üzərində işlədiyimizdə ona yaxşılıq etmək imkanım oldu. Orada işləri alınmırdı, layihə aşkar şəkildə keçmirdi. Mən layihənin qəbul ediləcəyinə ümid edərək, vaxtı uzadırdım və sadəcə amerikanların təzyiqi ilə, nəticədə hər kəsi qane edən eskizi təqdim etdim. Korbyuze o vaxt  mənə dedi: “Sən nəcib insansan, Oskar”.

Lakin o vaxt Fransada o mənə az kömək edə bildi. Amma orada mənim dostum Andre Malro var idi. O vaxt mədəniyyət naziri idi, ondan əvvəl isə Braziliada mənim qonağım olmuşdu. Onun çox xoşuna gəlmişdi, onlar hələ Fransada öz “böyük layihələrini” təzə-təzə hazırlayırdılar. Bizim ölçülərimiz onu heyrətə salmışdı. Xatırlayıram, o dedi ki, mənim binalarımda olan sütunları o Parfenondan sonra heç yerdə görməyib. Beləliklə, o mənim üçün Fransada işləmək icazəsi əldə etdi, birbaşa de Qolldan xahiş etdi. Mən gəldim. Bilirsən o nə etdi? Fransa kommunist partiyasının (FKP) baş katibi Jorj Marşe fransız yoldaşlar üçün FKP qərargahını tikməyi təklif etdi. Məncə, pis alınmadı.

Brazilia şəhərində Milli Konqress binası

–    Siz artıq bir dəfə öz yoldaşlarınız üçün ev tikmişdiniz. Daha doğrusu, əvvəlcə özünüz üçün, sonra elə alındı ki, yoldaşlarınız üçün. Elədirmi?

–    Bəli. Bizim baş katib Luis Karlos Prestes (Braziliya kommunist partiyasının görkəmli xadimi, tenyentist hərəkatının rəhbərlərindən biri, “Prestes sütunları” – Braziliya ərazisindən döyüşlərlə keçmiş üsyançı ordu diviziyasının qərargahının müdiri) həbsxanadan təzə çıxmışdı. Onunla bərabər 15 yoldaşı da buraxmışdılar. Onların hamısına öz evimdə yer verdim – evim böyükdür. Sonra isə düşündüm və dedim: ev sizə daha lazımlıdır, onu partiya üçün götürün. Aydındır ki, burjualar bunu mənə bağışlamadılar.

–  Siz həyatınız boyunca, digər memarların yuxusuna girməyəcək şeylər yaratmısınız. Brazilianın müəllifi indi memarlıq haqqında nə fikirləşir?

–   Mən bir şey düşünürəm: həyat memarlıqdan daha vacibdir. Memarlıq heç nəyi dəyişə bilməz, həyat isə memarlığı tanınmayacaq qədər dəyişir.

–   Amma sizin gəncliyinizin kumiri Le Korbyuze alternativ irəli sürürdü: memarlıq və ya inqilab.

–   İnqilabın heç bir alternativi yoxdur. Brazilianı tikəndə bizə elə gəlirdi ki, yeni– tamamilə fərqli, azad, şən, gənc dünya yaradırıq. İndi mən baxıram: onun nəyi fərqlidir? Biz birlikdə idik, vahid idik – memarlar, işçilər, mühəndislər, siyasətçilər. İndi isə hər kəs dağılışıb, aramızda isə divarlar var. Axı biz yeni şəhəri böyük sevgi ilə tikirdik…

–  Lakin sizi burjua hökuməti işə götürmüşdü.

–  Prezident Kubiçek həqiqi idealist və gözəl insan idi. O, bizə işləmək imkanı verdi. Məni bu layihəyə buraxmırdılar: siyasi polis buna qarşı idi. O mənim yanımda onları danladı: “Nimeyer işləyəcək, o gedə bilməz. O olmadan Brazilia olmayacaq!”

Bizə kart-blanş (“ağ vərəqə” – hədsiz səlahiyyət imkanı) verdilər. Mən komandamı özüm yığırdım və özümlə təkcə memarlar yox, həm də bir həkim, jurnalistlər və bir neçə dostumu – ağıllı, şən, amma işsiz insanları götürdüm. Düşündüm ki, nə üçün onlara kömək etməyim. Memarlıqdan başqa şeylər haqqında da danışmağa adam olacaq. Gözlənilməz məsələləri ancaq belə həll etmək olardı. İndi Brazilianın simvoluna çevrilmiş milli konqress binasını götürək. Biz konqressin necə olmalı olduğunu bilmirdik. Hər şey onunla nəticələndi ki, biz Rioya getdik və köhnə konqress binasının ölçülərini götürdük. Sonra nəticəni deputatların sayına böldük ki, onlar, onların köməkçiləri, maşinistləri və katibələri üçün nə qədər yer lazım olduğunu tapaq.

Müdafiə naziri nazirlik binasının necə olacağı ilə maraqlanırdı – müasir yoxsa klassik stildə? Onda mən soruşdum: “Bəs siz, general, hansı silahı üstün tutursunuz – müasir yoxsa klassik?”

Bəs nəticə! Biz şəhəri braziliyalılar, yoldaşlarım üçün tikirdik, nəticədə isə bürokratlar üçün qoruq tikdik. Orada işçilər üçün yaşamağa yer yoxdur. Yox, memar sol fikirli olmağa məcburdur.

Müasir incəsənət muzeyi, Niteroy

–   Məgər Avropada kommunizmin iflası sizin baxışlarınızı dəyişmədi?

–   Avropada kommunizmin iflası – böyük bədbəxtlikdir. Dünyada iki güc var idi, indi isə biri qalıb – ABŞ, nəticədə o, həm özünü, həm də hamımızı məhv edəcək. Buş – tipik alçaqdır, onu dəstəkləyənlər kimi. Məni 20 ildir ki, ABŞ-a buraxmırlar. Məni bir neçə dəfə oraya layihə üçün dəvət ediblər, dövlət departamenti isə viza verməyib. Bu mənim üçün fərəhlidir, bir mənaya gəlir: mən olduğum kimi qalmışam, hələ də təhlükəliyəm.

–   Lakin SSRİ də hədiyyə deyildi.

–   Mən heç vaxt unutmuram ki, Rusiya müharibədə qalib gəlib. Xatırlayıram ki, Hitler artıq Stalinqradda idi, Stalin isə dedi: “Berlinə!” – elə də oldu. O vaxtdan heç dəyişməmişəm. Memar burjua ola bilməz, onun vəzifəsi – dünyanı dəyişməkdir və mən bunu müxtəlif üsullarla edirdim. Evlər tikirdim, vərəqələr paylayırdım, jurnallar dərc edirdim, mübahisə edirdim, mübarizə aparırdım.

İndi məğlub olduğumuzu görsəm də, əməl üçün xidmət etməyə hazıram. Mənim, bu və ya başqa cür olmaq üçün iddialarım yoxdur. Mənim adım Oskar Ribera Almeyda de Nimeyer Soareşdir – burada həm ərəb, həm portuqal, həm də alman adı var. Mən, bu ölkədəki hər kəs kimi metisəm və qürur duyuram ki – hər kəs kimiyəm. Mənim üçün əsas olan – memarlıq deyil, ailə, dostlar və dəyişməli olan bu şərəfsiz dünyadır.

–    Nə vaxtsa memarlar siyasətçi idilər, indi isə daha çox ictimai personajlardır.

–    Digərlərini məzəmmət etmək mənə uyğun deyil. Mən bacardığımı edirəm, qoy digərləri də çalışsınlar, mən onlara hörmət edirəm. İdeal memarlıq, ideal memarlıq dəbi yoxdur. Hər kəs öz memarlığını gerçəkləşdirməlidir – necə olursa olsun, amma özünün olsun. Lakin insanları da unutmaq olmaz, sən onlar üçün işləyirsən – bütün siyasət bundadır.

–    Bu qədər şey tikməyi necə bacardınız?

–    Mən heç vaxt pula həris olmamışam, lakin iş hərisiyəm. Hətta hər şeyi vaxtında etmək bacarığım ilə lovğalanırdım. Pampulyedə yaxt-klub sifarişi aldıqda mən soruşdum: “İş üçün nə qədər vaxtım olacaq?” “Layihə sabaha lazımdır” – cavab belə oldu. Sabahsı gün o hazır idi. Əməkdaşlarla bağlı da bəxtim gətirirdi. Necə mühəndislərim var idi! Dostum Joakim Kardozu öz hesablamalarını gətirir və deyirdi: “Budur, Oskar, daha bir dünya rekordu”.

–   Bununla bərabər o zaman ən təkmil tikinti texnikanız var idi.

–          Niyə ki? Bizim betonumuz var idi, onunla isə hər şey etmək olardı. Kasıb, amma səmərəli texnika. Müasir texnikamız yox idi, heç nə olmaz. Mən hesab edirəm ki, memarlıq o zaman uğurludur ki, onun cizgiləri təməl konstruksiyalardan sonra bəlli olsun. Əsas olan budur, sonradan onun nə ilə örtülməsi yox.

–    Sizin yeni əsəriniz – Niteroyda muzey – bu, beton üçün yazılmış himndir.

–   Mən panoramanı gördükdə heyrətlənmişdim və qərara gəldim ki, bu mənzərəni qoruyub saxlamaq lazımdır. Öz muzeyimi bir dayaqda, bir beton “ayaq” üzərində qurdum. Memarlıq – həmişə ixtira etməkdir. Təəccübləndirmək lazımdır. Bunu isə sadə üsullarla etmək lazımdır.

Bu da Niteroy. Bilirsən nə üçün qürur duyuram? Tənqidçilərin onu hər tərəfdən tumarladıqlarına, mənim sağ olduğumu xatırladıqlarına görə yox. Onunla qürur duyuram ki, bəlkə sən daha yaxşı şeylər görmüsən – amma beləsini görməmisən.

–   Doğrudur. Daha bir sual. Gənc yaşlarından kommunist olan siz bir neçə məşhur katolik kilsənin müəllifisiniz. Bəs “xalq üçün tiryək”?

–       Bilirsən, mənim ənənəvi ailəm var. Papanın portreti altında böyümüşəm, sənin, yəqin ki, Stalinin portreti altında böyüdüyün kimi. Partiyaya isə kilsəyə getdiyim kimi getməmişəm. Partiyaya ona görə getmişəm ki, orada tanıdığım ən ağıllı insanlar toplanmışdı.

–  Olarmı şəklinizi çəkim?

–  Olar. İndi köməkçimi çağırım, ikimizin şəklini çəksin. İndi, indi. Hə, sən məni tək çəkmək istəyirsən? Elə bilirdim ki, mənimlə şəkil çəkdirmək istəyirsən, öyrəşmişəm ki, məni diqqətə layiq abidə kimi görürlər və fonumda şəkil çəkdirirlər, sanki yerli antikvar əşyayam. Mən isə antikvar əşya deyiləm, emalatxanamdakı yeganə memaram, bizim isə çox işimiz var. Hələ bu lənətə gəlmiş dünyanı dəyişmək lazımdır axı.

Siqaret çəkirsən? Yox? Amma mən çəkəcəm.

Söhbət apardı: Aleksey Tarxanov

(c) SOLFRONT.org

[Yazı original məqalədən Solfront.org üçün hazırlanmışdır]


Oxşar yazılar:

Baxış sayı:9251