abunə ol: Yazılar | Şərhlər | Еmail

Məmməd Süleymanov – Yoxsul prezident

Şərh

jose-mujica-001

Yer kürəsinin ən yoxsul və ən gözütox prezidenti marksist Xose Muxikadır. Onun yoxsulluğu elə gözütoxluğunun nəticəsidir.
2009-cu ilin noyabr seçkilərində qalib gələn Uruqvay prezidenti Xose Muxikanın nə 74 milyonluq imarətləri var, nə də ölkəsindən 48 milyard dollar çıxarıb. Aldığı ən bahalı əşya isə “Folksvaqen böcək” avtomobilidir (Sovet illərinin “Zaporojets” maşınını yadınıza salın). Bu dranquletə prezident cəmisi 1945 dollar pul sayıb.
77 yaşlı Muxikanın prezident kimi aylıq maaşı 12500 dollardır. Bu pulun 90 faizini o, mütəmadi olaraq xeyriyyə üçün ayırır və özünə yalnız 1250 dollar saxlayır. “Bu məbləğ mənə tamamilə bəs edir. Həmvətənlərimin çoxunun gəliri bundan da azdır” – Muxika deyir. Onun heç bir bank hesabı və borcu yoxdur. Xanımı Lusiya Topolanski ilə birlikdə paytaxt Montevideodakı birmərtəbəli evində yaşayır.
Elə bilməyin ki, onun Vətəni Uruqvay çox yoxsul ölkədir. Xeyr, son 20 ildə Uruqvay dünyanı bürüyən böhranlara baxmayaraq, stabil olaraq inkişaf edən və bir çoxlarının “yeni iqtisadi möcüzə” adlandırdığı məkandır. Uzun illər proamerikan diktatorların əsarəti altında qalmış ölkədə 1960-70-ci illərdə yoxsulluq və mühacirət çox böyük faizlə ölçülürdü. Ölkəni o qədər çox adam tərk edib gedirdi ki, hətta Montevideonun hava limanında partizanlar yazmışdılar: “Sonuncu gedən işıqları da söndürsün”.
Diktaturalara qarşı mübarizə aparan partizanlardan biri də Xose Muxika idi. Keçmiş şəhər partizanı, devrimçi “Tupamaros”un rəhbərlərindən biri, təşkilatın əfsanəvi lideri Raul Sendikin dostu və uzun illər məhbəsdə işgəncələr görmüş əyilməz mübariz. Bu sözlər Muxikanı dolğun xarakterizə edir.
1969-cu ildə o, həyatının ən risqli əməlinə qol çəkdi – Pando şəhərinə hücumda iştirak etdi. Bu, o vaxtlardı ki, Azərbaycanda “kommunist paltarı”na bürünmüş parazitlər marksizm banilərinin sitatları arxasında sifətlərini və əqidəsizliklərini gizlədir, özlərinə karyera düzəldirdilər. 1969-cu ildə kommunist Muxika uzaq Uruqvayda şəhər partizanı olanda, Azərbaycanda Heydər Əliyev “baş kommunist” seçilmişdi. Sonrası məlumdur.
Sovet karyeristləri özlərini “kommunist”, “antiimperialist” və “beynəlmiləlçi” şirmalarının arxasında gizlədib 20 il sonra antikommunist, imperializmin nökəri və millətçi donunu geyindilər. Çünki, dövr yeni uyğunlaşma üsulları diqtə edirdi. Və Aleksandr Zinovyevin 1990-cı illərdə yazacağı kimi, “Sovet kommunistlərinin xəyanəti bəşər tarixində görünməmiş ən kütləvi xəyanət idi”. SSRİ-də nomenklaturaya çevrilib vəzifə-statuslarının dadını çıxaran xainlər ölkəni dağıdanda da, onun uçqunları altında özləri yox, sadə xalqlar qaldı. Onlar isə yenə də at belindədirlər və dünyanın 6-da 1-ni monarxiyalar qaranlığına bürüyüblər.
1969-cu ildə SSRİ-də parazitlər kommunizm ideyasını karyera üçün tramplinə çevirəndə uzaq Latın Amerikasında kommunistlər öz ideyaları uğrunda ölümə gedirdilər. O uzaq illərdə Uruqvay kommunistlərinin liderləri Rodney Arismendi və yazıçı Leon Sereninin adı SSRİ-də məşhurdu. Diktatura əleyhinə mübarizənin avanqardında isə “Tupamaros” təşkilatı dururdu. Silahlı mübarizə aparan “tupamaroslar”ın başında Raul Sendik dayanırdı. 16 il qeyri-insani həbs şəraitində saxlanması onun məhbəsdən çıxandan bir neçə il sonra vaxtsız ölümü ilə nəticələndi. Xose Muxika isə sonunda prezident oldu.
***
1969-cu ilin “Pando əməliyyatı” – bu “cəsurların dəlisovluğu” (Maksim Qorki) Uruqvay gerilyası tarixində ən dramatik hadisələrdəndir. Onu 50 partizan oktyabrın 8-də reallaşdırdı. Bununla kommunistlər əfsanəvi Çe Gevaranın qətlinin 2 ilini hücumla qeyd etmək istəyirdilər (Çe 1967-ci ilin 8 oktyabrında həlak olub). Baxmayaraq ki, böyük ehtimalla məğlub olacaqlarının fərqindəydilər.
6 komandaya ayrılıb Pandoda 6 obyekti (o cümlədən, polis idarəsini, bank binasını və teleqrafı) ələ keçirən partizanların dəstələrindən birinə 35 yaşlı Xose Muxika başçılıq edirdi. Onlar bir neçə saatlığa şəhərə nəzarəti əldə saxlayıb sonra isə döyüşlə oranı tərk etdilər, itkilər verdilər. Bu, böyük psixoloji qələbə idi. Təşkilatın rəhbərlərindən biri – Xulio Marenales sonralar xatırlayacaqdı: “Məni həbs edib Serrodakı kazarmaya gətirəndə dedilər ki, Pando aksiyası zamanı hərbçilər bərk qorxmuşdular. Onlar artıq “Tupamaros”un yaxın aylar ərzində ölkənin bütün ərazisini nəzarətə alıb hakimiyəti ələ keçirəcəklərini fikirləşirmişlər. Onlar bizim gücümüzü görüb təşvişə düşmüşdülər”.
Pandoya hücumdan sonra Xose Muxika 2 ilə yaxın gizli fəaliyyətini davam etdirdi, ancaq sonunda həbs olundu. O, 15 il Uruqvay diktaturasının türmələrində qaldı və işgəncələr gördü. Azadlığa 1985-ci ildə – 50 yaşında çıxdı.
Muxikanın sonrakı fəaliyyəti kommunistlər, sosialistlər və “Azadlıq teologiyası” tərəfdarlarının birləşdiyi Geniş cəbhənin yaradılması ilə bağlıdır. Elə Geniş cəbhə də 2000-ci ildə Sol xadim Tabare Vaskesin prezident seçilməsi, 2009 və 2010-cu illərdə 2 keçmiş diktatorun ömürlük həbsə məhkum edilməsi (Uruqvayda ölüm hökmü yoxdur və maksimal həbs cəzası 30 ildir) ilə nəticələndi. O illərdə Muxika torpaq və balıqçılıq naziri idi.
Uruqvayda eyni adam cəmi 2 dəfə prezident seçilmək hüququna malik olduğundan, 2009-cu ildə Vaskes namizədliyini irəli sürə bilməzdi. Onu Muxika əvəzlədi və seçildi.
Görünən odur ki, azəri çinovniklərinin 1 saata xərclədiyi pulla Muxikanın 1 ay ərzində yaşamasına baxmayaraq, uruqvaylılar bu şəxsiyyətə hörmət edirlər və büdcəni dağıtmadığına, rüşvət almadığına, maaşını xeyriyyəyə sərf etdiyinə, balaca köhnə maşında gəzdiyinə görə onu “fərasətsiz” adlandırmaq heç kimin ağlına gəlmir.
Həm də ki, kimin necə olacağını əvvəldən bilmək olardı. Azərbaycanın başında dayanan keçmiş “kommunistlər”in ( və onlara opponentlik edən digər keçmiş “kommunistlər”in) bioqrafiyalarına baxın, sonra da çevrilib əqidəli kommunist, ideallarını satmayan və mövqeyini paltar kimi dəyişməyən Xose Muxikaya baxın…



Oxşar yazılar:

Baxış sayı:9919