abunə ol: Yazılar | Şərhlər | Еmail

Azərbaycanın yeni solları

Şərh

Bir çox postsovet ölkələrində sosial problemlərə milliyyətçi, liberal və fundamentalist cavablarla qane olmayan gənclər sol ideyalara müraciət edərək, valideynlərinin nəsli tərəfindən unudulmuş marksizmi yenidən kəşf edirlər. Azərbaycanda artıq bir neçə ildir ki, Solfront – gənc azərbaycanlı solları birləşdirən təşkilat mövcuddur. Rabkor.ru əməkdaşı Dmirtiy Rayder Azərbaycandakı ictimai-siyasi vəziyyət haqqında Solfront üzvləri ilə söhbət edir.

Təşkilatınız nə zaman və necə yaranıb? Onun ictimai tərkibi necədir?

Fərid: Bu, 2006-2007-ci illərdə baş verib, o zaman mən Ukraynada gəlmişdim və orada AKM[1], RKSM (b)[2] və digər gənc rus təşkilatları ilə əlaqələrim var idi. Bakıda yoldaşlarla (internet vasitəsilə tanış olduğum) AKM şöbəsini yaratmaq qərarına gəldik. Lakin tədricən bu təşəbbüs AKM çərçivəsindən kənara çıxdı, buna daha çox rus AKM-ində baş vermiş hadisələr (parçalanma, Sol Cəbhənin yaranması və s.) şərait yaratdı. Biz öz şöbəmiz əsasında Solfront yaratdıq (lakin o, Rusiyanın Sol Cəbhəsi ilə əlaqəli deyil). İndiki şəraitdə Solfront, potensial olaraq müxtəlif yönümlü solları, həm marksistləri, həm də anarxistləri birləşdirən rahat zəmindir. Abstrakt sol “çoxluq” – sol hərəkatın inkişafında özünəməxsus mərhələdir, təəssüf ki, Bakıda güclü marksist təşkilat haqqında danışmaq hələ ki mümkün deyil. İctimai tərkibə gəldikdə isə – bu, mürəkkəb sualdır. İstənilən sol təşkilat öz yolunun başlanğıcında müxtəlif ictimai təbəqələrdən olan insanları birləşdirə bilər, burada birləşdirici amil ideyadır. Bizdə həm orta sinifdən (əgər cəmiyyətdəki az və ya çox dərəcədə sabit təbəqəni belə adlandırsaq), həm də nisbətən yoxsul təbəqələrdən yoldaşlar var. Yoldaşların hamısı – tələbələrdir. Və ya universitetdən məzun olanlardır, lakin onların sayı azdır.

Azərbaycanda digər sol təşkilatlar mövcuddur? Onlarla əməkdaşlıq edirsinizmi?

Murad: Sadəcə bir neçə kommunist partiyası var, lakin oradakılar ancaq “yaşlılardır” və ideologiyaları RFKP (Rusiya Federasiyası Kommunist Partiyası) ideologiyasına bənzərdir.

Vüsal: Təəssüf ki, bu planda bizdə hər şey çox kasaddır, həqiqətən mühüm təşkilatlar yoxdur, rəsmi olaraq fəaliyyət göstərən sosialist və kommunist partiyalar var. Bir neçə yoldaşdan ibarət Yeni Nəsil Kommunist Partiyası var (YNKP), onlarla artıq forumlar və s.–dən tanış idik, onlarla gənclərin maarifləndirilməsi məsələlərində əməkdaşlıq edirik, bizə leksiyaların keçirilməsi ilə bağlı yer məsələsində kömək edirlər, fanzinlər və s. üçün məqalələr təqdim edilər, biz isə məqalələrin tərcüməsi, çapla bağlı kömək edirik.

Fərid: Həmçinin “Xalq sosialistləri” var, lakin orada əsasən eyni zamanda AKP-də, həm də “Sosialist partiyasında” fəaliyyət göstərən şəxslərdir. Rəsmi olaraq partiyalar çoxdur, lakin bütün “partiyalar” bu və ya digər halda indiki rejimi qoruyur və alternativsizliyi ilə ona haqq qazandırırlar. Buna görə də real son zəmin Solfront və YNKP tərəfindən təmsil olunur. Amma burada problem həttə partiya və təşkilatların sayında deyil. Həm Azərbaycan, həm də Rusiya solunun əsas problemi – işçi hərəkatının olmamasıdır. Ya da ümumiyyətlə cəmiyyətin hər hansı bir təbəqəsinin hərəkatının olmaması. Bu, bir tərəfdən, özəklərin sektalara çevrilməsinə gətirib çıxarır, ya da təşkilat ictimai fikir üzərində çox işləməlidir. Cari mərhələdə təşkilat yalnız ideya insanlarının hesabına genişlənə bilər, kütlələrdə hərəkat olmadığı zamanda intellektual dərnəklərdə birləşmiş təşkilatlar fəal olacaqlar. Bizim halda söhbət, sözün ən geniş mənasında maariflənmə işini öhdəsinə götürmüş təşkilatdan gedir. Bakıda sollar tələbə mühitinə məhz heç bir təşkilat və ya partiyanın etmədiyi (təkcə sollar arasında deyil, həm də ölkənin ümumi ictimai-siyasi arenasında) işləri ilə sıza bilirlər. Söhbət qərb sol intellektuallarının əsərlərinin tərcüməsi, internet vasitəsilə müasir elmin təbliği (materializmin təbliği üçün) və s.-dən gedir. Azərbaycan üçün bu əhəmiyyətli amildir, xüsusilə nəzərə alsaq ki, Solfront və YNKP heç bir qərb fonduna bulaşmayıb.

Vüsal: Əlbəttə, konfliktologiya, ictimai məsələlərlə məşğul olan qrant almayan ictimai təşkilatlar var, lakin onların sol hərəkata aidiyyəti yoxdur. Problem ondadır ki, onların faəliyyətini heç kim işıqlandırmır, yəni hələ ki ictimai fikrə təsir vasitələri yoxdur.

Fərid: Bakıda gənclik bunu başa düşür və Solfronta meyl edir. Lakin başa düşmək lazımdır ki, bu kifayət deyil. İstənilən cəmiyyətin ən fəal təbəqəsi olan tələbələr ilk növbədə müəyyən bir təşkilat və ya hərəkatın yaranmasının əsasında dururlar. Lakin həqiqi geniş fəaliyyət üçün Solfront Azərbaycanın işçiləri, prespektivdə isə regionlarda kəndlilərlə əlaqələrin yaradılması məsələsini qarşısına məqsəd olaraq qoymuşdur.

Azərbaycanda müstəqil həmkarlar ittifaqı, ictimai təşəbbüslər və hərəkatlar mövcuddur?

Fərid: Müstəqil həmkarlar ittifaqı yoxdur. Rəsmi olaraq, əlbəttə ki, var. Hərəkatlar – “vətəndaş hərəkatı” şəklindədir, ən azından, mövqelərini elə seçiblər. Lakin onlar qrantlarla bəhrələnən liberallardır. Prinsipcə, onlarla heç bir əlaqəmiz ola bilməz.

Murad: Bəzi iri, özəl neft şirkətlərində bu cür həmkarlar ittifaqının yaradılması səyləri olmuşdur, lakin rəhbərlik uğurlu şəkildə daha fəal işçilərə qarşı repressiyalar tətbiq edib.

Vüsal: Ayrılıqda beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyət göstərən, bu işlə uzun zamandır – qrupumuzun yaranmasından əvvəl məşğul olan fəal gənclər var, lakin onlar da müəyyən məhdudiyyətlər daxilində fəaliyyətdədirlər. Bloqqerlər, müəllimlər, xadimlər. Həmkarlar ittifaqına gəldikdə isə, onlar hər universitetdə mövcuddur, lakin onlar bu institutlar üçün maraq kəsb etmir, rəsmi olaraq mövcuddurlar.

Murad: Bəli, həmkarlar ittifaqları sonrakı sovet ənənəsini davam etdirərək, zəhmətkeşlərin öz haqları uğrunda mübarizə orqanı yox, ictimai təminat idarəsidir.

Fərid: Burada azərbaycan reallığını tam şəkildə təsvir etmək üçün bəzi xüsusiyyətlərini qeyd etmək lazımdır. Biz tez-tez zarafat edirik ki, əgər bizdən müasir asiya istehsal üsulunun necə olması haqqında soruşsaydılar, biz dərhal Qafqazın postsovet respublikaları nümunəsini göstərərdik. Problem ondadır ki, Qərbin və ya Şərqi Avropanın klassik kapitalist ölkələrindən fərqli olaraq, Azərbaycanda özəl biznes sadəcə xidmətlər sferası ilə təmsil olunur. Sənaye, həmçinin özəl şirkətlər dövlətin əlindədir, daha dəqiq isə, məmurların əlindədir. Bu şəraitdə klassik mənada burjuaziya haqqında danışmaq mümkün deyil. Müəssisə sahibləri, həmçinin neft sektorunun sahibləri və dövlət aparatı – eyni şeydir. Sağ görüşlü partiyalar üçün bu həqiqətən də problemdir, belə ki, azərbaycan vəziyyətində onların ənənəvi dayağı yoxdur. Ölkədə müstəqil burjuaziya yoxdur. Orta sinif isə bu və ya digər halda məmur aparatı ilə əlaqədardır, başqa cür desək, xarici şirkətlərdə işləyən ayrı-ayrı mütəxəssislər istisna olmaqla, “stabil” rəbəqə – böyük məmurlar ordusu, onların qohumları və ya rüşvətlə dolananlardır (ali məktəb müəllimləri, həkimlər, hüquqşünaslar və s). Burada sadə məntiq mövcuddur – rüşvət alan müəllim narazılıq etməyəcək. Bu cür xırda cinayətlərlə əlaqəli “narazılar” rejim üçün gözləniləndir. Bu planda rüşvətxorluq kütlələri müəyyən vəziyyətdə saxlamaq üçün əla üsuldur. Yəni, orta sinif həmçinin rejim problemindən narahat deyil.

Vüsal: Bu faktdan qəzəblənmiş sağ müxalifət, liberallar ölkədəki cari rejimi feodal rejim adlandırırlar, əgər diqqətlə baxsaq – periferiya ölkəsi üçün kifayət qədər xarakterik olan bu sistemi erkən kapitalizm, komprador burjuaziya, dövlət monopoliyası və s. adlandırmaq olar.

Fərid: Bu şəraitdə siyasətdə dəyişikliklər gürcü ssenarisi üzrə baş verir. Azərbaycanın əkiz qardaşı “aşağıdan” fəaliyyət olmadıqda dəyişikliklərin necə baş verdiyinin gözəl nümunəsidir. Sizin də xatırladığınız kimi, Şevarnadze dövründə Şaakaşvili ədliyyə naziri idi. Məlum qalmaqaldan sonra o, səskü-küylə istefaya gedir və müxalifətə başçılıq edir. Xalq narazılığı “qəhrəman” fiquru ətrafında aydın cizgilər qazanır. Saakaşvili hakimiyyətə gəlir. Eyni şey Saakaşvili rejiminin sonunda da müşahidə edilir. Məşhur milyarder – İvanişvilinin simasında yeni qəhrəman peyda olur. Bu dəfə xalq yeni qəhrəmanı qarşılayır. Burada səciyyəvidir ki, Azərbaycan və ya Gürcüstan kimi ölkələrdə dəyişikliklər hələ də yuxarıdan baş verir. Aşağılar müstəqil deyillər.

Region üzrə qonşularla əlaqələriniz varmı?

Fərid: Bəli, gürcü yoldaşlarla (lakin orada sollar əsasən sosial-demokratları təsiri altındadırlar), qazax, rus və ukraynalı yoldaşlarla əlaqələrimiz var. Həmçinin Türkiyədəki yoldaşlarla.

Vüsal: Bildiyim qədərilə, AKM çərçivəsində bizim müxtəlif ölkələrdən, yəni Rusiya, Almaniya, hətta İsraildəki dərnəklərlə əlaqələrimiz var. Türkiyədən TKP (Türkiyə Kommunist Partiyası) ilə əlaqələrimiz var. Bizim universitetlərdə oxuyan yoldaşlar var, müntəzəm olaraq leksiyalara gəlir, öz təcrübələri ilə bölüşürlər ki, bu barədə bizdən daha üstündürlər. Məhz təşkilati struktur fəaliyyəti, təbliğat planında. Onlar isə həmişə etiraf edirlər ki, nəzəriyyə bizim üçün həmişə daha əlçatan olub. Bu, həm də dil ilə bağlıdır.

Bəs siz sol baxışlara necə yiyələnmisiniz?

Vüsal: Bu məhz inqabi nəzəriyyənin əlçatan olması mövzusu ilə əlaqədardır ki, köhnə evlərin damlarında, unudulmuş kitabxanalarda bu cür ədəbiyyət bizdə həddən artıq çoxdur.

Farid: Ədəbiyyət vasitəsilə. Çernışevski vasitəsilə, sonra isə ateizm. Beləliklə, Marksa gəlib çıxdım.

Murad: Mən uşaqlıqdan kitablar oxuyurdum, əvvəlcə vətənpərvər sovet, sonra isə daha ciddi ədəbiyyat. Lakin, düzünü desəm, hər şey şüuraltı səviyyədə başlamışdı.

Dağlıq Qarabağ problemində sizin mövqeyiniz necədir?

Fərid: Qarabağ probleminin həlli sülh yolu ilə olmalıdır – bu birmənalıdır. Başa düşürsünüz, burada əsas problem ondadır ki, milliyyətçilik dialoq yaratmağa mane olur. Hər iki tərəfdən xalqlar “genetik cəhətdən uyuşmaz” olaraq nəzərdən keçirilir (səhv etmirəmsə, Ermənistanın sabiq prezidentinin ifadəsidir). Halbuki SSRİ daxilində daha dost iki xalq yox idi. Bu faciədə həm də, “qaçılmazlıqlar”ın yaradılmasında maraqlı olan Moskva da günahkardır. İndi isə hamıya məlumdur ki, Sumqayıt və digər hadisələr – xalqların soyqırımı deyil, residivist və cəmiyyətin digər alçaqlarının da iştirak etdiyi provokasiya idi (yeri gəlmişkən, dağıdanlar arasında erməni də var idi ki, bu da bir daha Sumqayıt faciəsinin milliyətçi deyil, daha dərin köklərə malik olmasını göstərir). Ermənistanda bunu növbəti soyqırım aktı, Qarabağ qisası kimi təqdim etdilər ki, guya bu, tarixi köklərə malikdir. Bunun qarşısını almaq olardı, Ermənistan SSR-dən Sumqayıta olan qəzəblənmiş erməni qaçqınlarının axınının qarşısı alındığı kimi (bu şəkildə gərginlik yaradılırdı). Xalqlar indiyə qədər başa düşmürlər ki, böyük siyasətdə kiçik fiqur rolu oynayıblar. Hər addıma “ermənipərəstlik” və ya “azərbaycanpərəstlik” mövqeyindən yanaşıldıqda isə, bu düyünü açmaq çox çətin olur. Bu mövzu daha çox vaxt tələb edir, müsahibə çərçivəsində problemin mahiyyətini tam açmaq və onun həlli haqqında düşünmək mümkün deyil. İstənilən halda xalqlar başa düşməlidir ki, onlar qonşudurlar və sıx şəkildə əlaqəli olan mədəniyyət və tarixi nəzərə almaqla, xalqlar arasında dialoq zəruridir. Biz həmişə bu dialoqun lehinə olmuşuq və indi də lehinəyik.

Vüsal: Mən yaşadığım bir şey haqqında, daha doğrusu, adətən neytral ərazidə keçirilən konfliktologiya, sülhməramlılıq üzrə seminar haqqında danışacam. Bu halda bu ərazi Gürcüstan idi. Əlbəttə, sözsüz ki, bu cür seminarların keçirilməsi yaxşı haldır, lakin məsələ ondadır ki, bu seminarlara az sayda gənclər cəlb olunur, adətən onlar, bütün şəhərlərdə iştirak edən eyni gənclər qrupudur, həmçinin əyalətlərdən olan gənclərlə bu mövzuda danışmaq çətindir. Buna görə də hakimiyyət tərəfindən bu problemin sülh yolu ilə həll olunmasına kiçik də olsa nişanə yoxdur. Onlar əksinə, hər gün bütün kanallar üzrə milliyyətçi təbliğat aparırlar, bu hətta məktəb dərsliklərinə də sızıb, burada uşağa ilk növbədə deyirlər ki, erməni sənin düşmənindir və s. Problem ondadır ki, bu hər iki tərəfdən təbliğ olunur, hətta həmin sülhməramlı tədbirlərdə də ağzı köpüklənə-köpüklənə hər hansı bir yeməyin məhz onların milli mətbəxinə mənsub olmasını sübut edirlər. Yəni vəziyyət çətindir, lakin biz hər vəcdlə bu mövzunu işıqlandırmağa çalışırıq, bu planda hələ dövlət tərəfindən cəlb edilməmiş yerli liberallar da kömək edirlər. Bu məsələnin həlli üçün hər kəs birmənalı şəkildə, yoldaşlarımız tərəfindən yaradılmış antifa qrupunu dəstəkləyir.

Başqa bir nümunə – bu yaxınlarda azərbaycan ordusunun zabiti ilə əlaqədardır ki, o, Macarıstanda NATO kurslarında iştirak zamanı erməni zabitini, vətənin şərəfini alçaltdığı, bayrağı tapdaladığı üçün balta ilə doğrayıb. Beləliklə, dövlət yaxınlaşan seçkilər fonunda oyunu dəyişməyə qərar verdi – prezident guya onu bağışladı və heç də şəffaf olmayan danışıqlar vasitəsilə o, vətənə qaytarılaraq milli qəhrəman elan edildi. Qarışıqlıq başladı, milliyyətçilər, obıvatellər, ictimaiyyət sözün əsl mənasında iki qütbə ayrıldı. Bəziləri hesab edirdilər ki, o qəhrəman kimi tanınmalıdır, digərləri deyirdilər ki, bu varvarlıq aktıdır və o, cəmiyyət üçün nümunə ola bilməz, qısacası, bu müzakirələrin fonunda biz müəyyən qədər öz fikrimizi, daha adekvat, obyektiv fəalların fikirlərini ifadə etməyə çalışırdıq.

İndi azərbaycan cəmiyyətində nə baş verir? Məsələn, təhsil sferası ideologiyanın təsiri altındadır? İslam fundamentalizmində yüksəliş müşahidə olunur?

Fərid: İdeologiyanın dominant olduğu (“yuxarıdan”) təhsil haqqında danışmaq düzgün olmazdı. Əlbəttə, şəxsiyyətə pərəstiş və s. yeridilir, amma bu artıq kömək etmir.

İslamizm – onların fəallığı müşahidə edilir. Yoxsulluğun mövcud olduğu Azərbaycan regionları öz narazılığının radikal şəkildə dərki və haqq qazandırılmasına ehtiyac duyur. İslamizm – təhsil və elmin deqradasiyası şəraitində “inqilabi ideyanın” uyğun saxta əvəzləyicisidir Kinayə ondadır ki, azərbaycanlılar tarixən Şərqdə ən “inamsız” xalq hesab edilmişlər. Azərbaycan mədəniyyəti və fəlsəfəsi artıq 14-cü əsrdə antiislam xarakter daşıyır, Azərbaycanın milli qəhrəmanı isə indiyə qədər Babəkdir – faciəvi şəkildə vəfat etmiş islama qarşı mübarizə aparan şəxs. Lakin indi gənclər islamı, onlarınsuallarına cavab verən bir amil kimi görürlər. İctimai ədalətsizlik, rüşvətxorluq, özbaşınalıq, region gəncləri arasında işsizik və yoxsulluq onları radikal islama yönləndirir. Lakin Türkiyə və ya Tacikistandakı kimi islamizmin yüksəliş miqyasından danışmaq olmaz. Amma azərbaycan cəmiyyəti üçün islamçıların hətta bu cür fəallığı belə bu barədə fikirləşməyə vadar edir.

Murad: Belə deyim – cəmiyyət kifayət qədər qruplaşıb. Hakimiyyət, əlbəttə ki, öz ideologiyasını hər yerdə, o cümlədən təhsil sahəsində yeritməyə çalışır, lakin qeyri-effektiv şəkildə, belə ki, bu, daha çox ideologiya yox, onun simulyakrıdır. Bu, siyasi stabilliyin, iqtisadi artımın mədhi, prezident və onun atasının şəxsiyyətinə pərəstiş, anti-erməni isteriyası, mötədil miliyyətçilik və antikommunizmin qarışığıdır. Buna görə də hakimiyyətin səmimi tərəfdarları azdır. Onlar, hakimiyyətdən maddi mənfəət əldə edən, həmçinin vəziyyətin daha da pisləşməsindən ehtiyatlananlardır. İdeologiya üzrə cəmiyyətdə müəyyən qrup – milliyyətçilər və ya milliyyətçi-demokratlardır ki, onlara müxalifət partiyaları daxildir, onlar orta sinfin bir hissəsinin mövqeyini təmsil edirlər. Onların ideologiyası – iqtisadiyyatda liberalizm, Türkiyə və Qərbə istiqamətlənmə, xarici siyasətdə Rusiya ilə münasibətlərin dağıdılması, mötədil milliyyətçilik, dünyəvi dövlət, qərb demokratik seçki sistemidir. Lakin digər qrup da – mötədillərdən radikallara qədər, islamçılar da yüksəlişdədir. Onların ittifaqı inanc ziddiyyətlərinin olması ilə mürəkkəbləşir – müsəlmanların çoxu şiə olsa da, sünnilərin sayı kifayət qədərdir, ən radikal qrup isə, azsaylı olsa da – sələfitlərdir (vəhabilər). Müvafiq olaraq, onların tələbləri – inamlarına qarşı hörmətdən (məktəblərdə hicaba icazə verilməsi, sənədlərdə baş örtüyü ilə şəkil çəkdirmək və s) şəriətin tətbiqinə qədər tələbləri əhatə edir ki, şəriət rüşvətxorluğa bulaşmış indiki hakimiyyətdən daha ədalətli rejim kimi nəzərdən keçirilir.

Gənc azərbaycan solları sovet təcrübəsi haqqında nə fikirləşirlər?

Murad: Mən hesab edirəm ki, SSRİ – mühüm tarixi mərhələ, həqiqətən ədalətli cəmiyyətin qurulması üçün ilk cəhd idi. Bu, Azərbaycana da bir çox şey – sekulyarizasiya, ümumi pulsuz təhsil, səhiyyə (indi bunlardan uzaqlaşmaqdayıq) və s. bəxş etmişdir. Lakin bununla bərabər, sovet hakimiyyətinin ilk illəri üçün səciyyəvi olan aşağıdan demokratiyanı qoruyub saxlamaq mümkün olmadı – xalq hakimiyyətdən, hakimiyyət isə – son nəticədə xalqdan uzaqlaşdı.

Fərid: Əgər 1917-ci İnqilabından əvvəl və sonra rus və digər xalqların vəziyyətini nəzərə alaraq tarixi kontekstdə baxsaq – biz sovet tarixini SSRİ xalqları üçün müsbət bir hal kimi qiymətləndiririk. Lakin SSRİ-də həqiqi sosializm haqqında danışmaq mümkün deyil. Biz sovet reallığının, indi sabiq SSRİ ölkələri üçün əhəmiyyətli olacaq ayrı-ayrı cəhətlərindən – məsələn, müasirləşdirilmiş sovet təhsil modeli və s. barədə danışa bilərik. Lakin ümumilikdə, SSRİ obyektiv səbəblərdən, sosialist cəmiyyətinin yaranması üçün real şəraitin olmaması səbəbindən sosialist dövlət ola bilməzdi. SSRİ müəyyən anda kapitalizmdən tam şəkildə uzaqlaşmağa çalışan dövlət idi. Bəli, plan var idi, lakin əmtəə-pul münasibətləri və ya insanın istismarı məsələsi tam həll edilməmişdi, o zaman həll edilə də bilməzdi. Sovet tarixinin nöqsanlı tərəflərini qəddar tiranın kaprizlərinin nəticəsi kimi nəzərdən keçirmək olmaz, bu, Almaniyada nasistlərin Hitlerin “xarizması” nəticəsində hakimiyyətə gəlməsi qədər idealist yanaşmadır. Yəni, bu məsələdə SSRİ-nin hər hansı bir respublika, cəmiyyət (ictimai-mədəni və tarixi planda) və SSRİ-nin konkret olaraq sosializm üçün əhəmiyyətini fərqləndirmək lazımdır.

Vüsal: Azərbaycan üçün SSRİ-nin əhəmiyyəti haqqında əlavələr edə bilərəm, son 20 ildə cəmiyyətə yeridilir ki, Azərbaycanın tarixi məhz 1993-cü ildən, Əliyevin hakimiyyətə gəlməsindən sonra başlayır, sovetlər isə müstəsna olaraq Qorbaçov və 20 yanvar hadisəsi ilə əlaqələndirilir. İndiki sağ müxalifət, liberallar həmin 70 ilin sonrakı müstəqillik illəri ilə əlaqəsini, daha dəqiq desək, təhsil baxımından əlaqəsini görmürlər, belə ki, azərbaycanlıların 90%-nin oxuma-yazma bilməsini qürurla bəyan edərkən, onlar düşünürlər ki, bu məhz azad təhsil sistemi sayəsində baş verib. Sovet dövrünün bütün müsbət cəhətləri hər vəcdlə gizlədilir və bu haqda danışılmır. Həm də ona görə ki, Qarabağ böhranı mövcud olsun və həll edilməsin.

 Mənbə: rabkor.ru


[1] AKM (Авангaрд крaсной молодёжиQırmızı Gəncliyin Avanqardı) – sabiq SSRİ ölkələrində fəaliyyət göstərən, kommunist hərəkat, üzvləri əsasən, gənclərdir. 1999-cu ildə yaranıb.

[2] RKSM (b) (РКСМ(б) – Революционный коммунистический союз молодежи – Gənclərin inqilabi kommunist ittifaqı) –kommunist təşkilat.


Oxşar yazılar:

Baxış sayı:10757

Şərhlər

  1. alyar deyir:

    coox gozel.
    heqiqeten de. en gozel qurulyw ola biler.
    siz mence partiya yaradin