abunə ol: Yazılar | Şərhlər | Еmail

Noam Xomski – Qəzza təəssüratları

Şərh

 Həbsdə keçirilən bir gecə belə xarici qüvvələrin nəzarəti altında yaşamağın nə demək olduğunu anlamaq üçün kifayətdir. Dünyanın ən sıx məskunlaşmış ərazisində, 1.5 milyon insanın yaşadığı açıq hava həbsxanasında – Qəzzada həyatda qalmaq cəhdini qiymətləndirmək bir gündən çox davam edir. Bölgə, məqsədi  aşağılamaq və alçaltmaq, Fələstin xalqının layiqli gələcəyə olan ümidlərini puça çıxarmaq, siyasi həll üçün qlobal dəstək sayəsində onlara verilən hüquqları ləğv etmək olan daimi və kortəbii terrora, qəddar cəzalandırmaya məruz qalır.

İsrail siyasi liderliyi olan ərazidə öhdəçiliyin intensivliyi son bir neçə gündə dramatik şəkildə təsvir olunub. Belə ki, onlar BMT-də Fələstinlilərə məhdud tanınma veriləcəyi təqdirdə “özlərindən çıxacağı” xəbərdarlığını verir. Bu yeni addım deyil. Onların “özlərindən çıxacağı” təhdidi “Samson Kompleksi”[1] ilə bağlı 1950-ci illərin Əmək idarəçiliyindən bəri dərin kök salıb: əgər təzyiq olsa, Məbədi uçuracağıq. Bu vaxtı ilə boş təhdid idi, bu gün isə yox.

Yeni formalar almasına baxmayaraq, məqsədyönlü alçaltma da həmçinin yeni deyil. Ən tanınmış bəzi “qırğı”lar da daxil olmaqla, siyasi liderlər ərazilərdə məskunlaşmış əhalinin heç bir cəza almadan Fələstinlilərə əxlaqsızcasına necə təhqir etdikləri barədə şokedici və ətraflı hesabat təqdim etdilər. Görkəmli hərbi siyasi analitik Yoram Peri ikrahla qeyd edirdi ki, ordunun vəzifəsi dövləti qorumaq deyil, allahın bizə vəd etdiyi torpaqlarda yaşayan Arabuşimə (ərəbləri alçaltmaq üçün istifadə edilən jarqon) – günahsız insanların hüquqlarına təcavüz etməkdir.

Qəzzalılar xüsusilə qəddar cəzalandırma üçün seçilmişdilər. İnsanların bu şəkildə mövcudluğuna davam etməsi möcüzədir. Səfaləti dərinləşdirmək üçün yaradılmış sistemdə insanların elementar hüquqlarını qorumaq kimi ümidsiz vəzifəni icra edən bir vəkilin fəaliyyəti ilə bağlı xatirələrinə əsaslanan Raja Şehadehin[2] (Üçüncü Yol) təsirli memuarında 30 il əvvəl onların bunu necə bacardığı təsvir edilir.Evi zalım işğalçılar tərəfindən həbsxanaya çevrilən və dözməkdən başqa çıxış yolu olmayan ”sarsılmaz” Samid onun  “müşahidə obyektlərindən” biridir.

Şehadehin yazılarından sonra vəziyyət daha da gərginləşir.1995-ci ildə böyük təntənə ilə qeyd edilən Oslo razılaşmaları[3] Qəzza və Qərb sahilini vahid qurum olaraq tanıdı. Bundan sonra ABŞ və İsrail onları bir-birindən tamamılə ayırmaq üçün, siyasi həllə mane olan və ərəbləri hər iki ərazidə cəzalandırmaq məqsədiylə seperatçı proqrama başladılar.

2006-ci ilin yanvarında Ərəb dünyasında ilk azad seçkilərdə Həması seçməklə səhv addım atan, böyük cinayət törədən Qəzzalılara hücum daha kəskin xarakter aldı. Ürkək Avropa Birliyindən dəstək alan ABŞ və İsrail öz qızğın ”demokratiya həsrətini ” nümayiş etdirərək,  dərhal qəddar mühasirə və intensiv hərbi hücumlar tətbiq etdi. İtaətsiz xalq yanlış hökuməti seçən kimi, ABŞ da həmçinin həmişəki istismar üsuluna əl atdı: asayişi bərpa etmək üçün hərbi çevriliş hazırladı.

Qəzzalılar hərbi hücumların və mühasirənin kəskin gərginliyinə səbəb olacaq hərbi çevrilişə mane olmaqla daha böyük cinayət törətdilər. 2008-2009-ci illərin qışında ABŞ diplomatiyası tərəfindən qorunan və ABŞ ordusuna etibar edən dünyanın ən qabaqcıl hərbi sistemlərindən biri tərəfindən, xilas olmaq üçün heç bir şansı olmayan sivil xalqın hücuma məruz qalması – yaxın tarixin ən qəddar hərbi təlimi Tökmə Qurğuşun əməliyyatı[4] ilə hadisələr kulminasiya nöqtəsinə çatdı. Körpə qətliamının şahidlər tərəfindən ən yadda qalan təsviri – amansız basqın zamanı Qəzzanın əsas xəstəxanasında işləyən cəsur Norveç həkimlərinin – Mads Gilbertin və Erik Fossenin“Qəzzada gözlər” kitabında verilmişdir.

Yenicə prezident seçilmiş Obama İsrailin Sderot şəhərində hücum təhlükəsi altında olan uşaqlara səmimi simpatiyasını təkrarlamaqdan başqa bir söz deməyə aciz idi. Təfərrüatı ilə planlaşdırılmış hücum inaqurasiyadan əvvəl başa çatdırıldı və o qaçqın sığınacaqları barədə yalnız “geriyə yox, irəliyə baxmaq zamanıdır” sözlərini deyə bildi.

Əlbəttə, bəhanələr var idi. Onlar həmişə olur. Ən bilinənlərdən biri də lazım olduqda, vasitəsilə siyasət aparılan “təhlükəsizlik” idi: Qəzzada ev şəraitində hazırlanmış raketlər. Həmişəki kimi, bəhanələrin etibarlılığı yox idi. 2008-də İsrail və Həmas arasında barışıq yaradıldı. İsrail hökuməti Həmasın buna tamamılə riayət etdiyini formaq olaraq tanıyır. 4 noyabr 2008-ci il ABŞ seçkiləri pərdəsi altında gülünc səbəblərlə Qəzzanı işğal edərək 6 Həmas üzvünü öldürənədək, İsrailə bircə dənə belə olsun Həmas raketi atılmamışdı. İsrail hökumətinə onun yüksək kəşfiyyat rəsmilərindən kriminal blokadanı yüngülləşdirmək və hərbi hücumlara son qoymaqla sülhü bərpa edə biləcəyi barədə məsləhət verildi. Lakin Ehud Olmert hökuməti bütün variantlardan imtina etməyi seçərək, zorakılıqla öz nəhəng üstünlüyünə istinad etməyi üstün tutdu: Tökmə Qurğuşun Əməliyyatı. Harvard –MİT jurnalının “Beynəlxalq Təhlükəsizlik” sayında əsas faktlar xarici siyasi analitik Jerom Sleyter (Jerome Slater) tərəfindən verilmişdir.

“Tökmə Qurğuşun” əməliyyatı pərdəsi altında bombalanma nümunəsini Qəzzanın ali savadlı, dünyaca tanınmış insan hüquqları vəkili Raji Sourani diqqətlə analiz etmişdir. O qeyd edirdi ki, heç bir siyasi bəhanə olmadan, insanların ən sıx məskunlaşdığı ərazilərdə müdafiəsiz dinc sakinləri hədəf alan bombardman daha çox şimalda cəmləşib. Onun fikrincə məqsəd, gözdağı verilmiş xalqı cənuba-Misir sərhədi yaxınlığına sürgün etməkdir. Lakin Samidin, ABŞ-İsrail terrorunun get-gedə artmasına baxmayaraq, öz evində qaldı.

Sonraki hədəf onları daha da kənara sıxışdırmaq ola bilərdi. Sionist koloniyanın ilkin günlərinə baxsaq, ərəblərin Fələstində yaşamaqları üçün səbəbin olmaması fikrinin geniş miqyasda müzakirə olunduğunu görürük. Onların başqa yerdə də xoşbəxt ola biləcəkləri, bölgəni tərk etmələri, “nəzakətli” şəkildə köçürülmə təklifi başqa bir “sülhsevər” tərəfindən irəli sürülür. Sözsüz ki, Misirdə heç bir narahatlıq yox idi. Lakin ölkə dinc vətəndaşlara sərhədi pulsuz açmır, hətta təcili ehtiyac duyulan malları buraxmırdı.

Sourani və digər etibarlı mənbələr Samidinin idarəçiliyinin hər an gözlənilmədən partlaya biləcək barıt çəlləyini gizlətdiyini yazırdılar. Necə ki, acınacaqlı repressiya illərindən sonra 1989-cu ildə ilk dəfə İntifada sonralar heç bir etina və diqqətə səbəb olmayan bir aktı reallaşdırmışdı.

Belə çoxsaylı hallardan biri də İntifadanın başlamasından əvvəl yəhudi qəsəbəsi yaxınlığında məktəb həyətində  israilli mühacir tərəfindən güllələnərək öldürülən fələstinli qız – İntissar Al-Atar idi. Qatil Beynəlxalq hüququ pozaraq, Qəzzaya gətirilərək böyük ərazini zəbt edən, Qəzza zolağında su qıtlığına səbəb olan, 1.4 milyon səfil fələstinli arasında lüks şəraitə malik 21 yaşayış məntəqəsində yaşayan minlərlə israillidən biriydi – cinayəti İsrail elmi işçisi Avi Raz belə təsvir edirdi.

Məktəbli qızın qatili, Şimon Yifrah həbs olundu, lakin məhkəmə cinayəti kifayət qədər amansız hesab etmədiyi üçün qısa müddətdə zəmanət müqabilində azad edildi. Hakim Yifrahın niyyətinin qızı öldürmək yox, ona atəş açmaqla qorxutmaq olduğunu açıqladı, qərara görə, bu cəzalandırılmalı, qarşısı alınmalı, həbs etməklə dərs verilməli hal deyildi. Rifaha məhkəmə zalındakilərin rəqs və mahnı sədaları altında 7 aylıq şərti cəza verildi. Və səssizlik yenidən hökm sürür. Bu artıq öyrəşilmiş hal idi.

Yifrah azad olunduqdan sonra İsrail mətbuatı guya yalnız “qorxutmaq” məqsədiylə Qərb sahilindəki qaçqın düşərgəsində 6-12 yaş arası oğlanlar üçün məktəbin həyətinə hərbi donanma tərəfindən atəş açıldığını və 5 uşağın yaralandığını açıqladı. Hadisəylə bağlı heç bir təzminat ödənilmədi və diqqət ayrılmadı. Məktəblərin bağlanması, qaz bombalarından istifadə, silah qundaqlarıyla tələbələri döymə, qurbanlar üçün tibbi yardıma mane olma kimi nüanslar İsrail mediası tərəfindən “təcrübəsiz cəzalandırma” kimi qələmə verilirdi. İntifada ərzində Müdafiə naziri Yitjak Rabinin əmrləri altında məktəb kənarlarındakı vəhşiliklər daha kəskin xarakterik hal alırdı.

Bir neçə günlük səfərimdən sonra – nəinki adi həyatda, diri və dinamik gənclər arasında, xüsusilə də vaxtımın çoxunu beynəlxaq konfransında keçirdiyim universitetdə ilkin təəssüratlarım təəccüb doğururdu. Burada hər kəs təzyiqin daha dözülməz hal aldığının işarələrini sezə bilərdi. Araşdırmalar cavanlar arasında məyusluğun artdığını, ABŞ-İsrail işğalı altında gələcəyin onlar üçün heç bir şey vəd etmədiyini göstərirdi.

Dəhşətli yoxsulluqla əhatə olunmuş sərvət Qəzzaya tipik üçüncü dünya ölkəsi görüntüsünü verirdi. Qəzza zolağı zəngin kənd təsərrüfatı, çiçəklənən balıq sənayesi, çimərlikləri və ərazi sularında 10 il əvvəl kəşf edilmiş geniş təbii qaz təchizatı üçün yararlı kəşfiyyat quyuları ilə varlı Aralıq dənizi ölkəsi ola bilərdi.

Ya təsadüfən, ya da zərurətdən İsrail və donanma blokadası dənizçi qayıqlarını 3 mil və daha az üzə biləcəkləri şəkildə sahilə tərəf sıxışdırırdı.

Əlverişli layihələr1948-ci ildə, rəsmi atəşkəs imzalandıqdan bir neçə ay sonra, gələcəkdə İsrail torpağı olacaq ərazilərdən Qəzza zonasına məcburi sürgün edilən qaçqın dalğasını yerləşdirdiyi bir vaxtda –ləğv edildi.

Faktiki olaraq, İsrail Aşkelonundan Kannanitlərin[5] tarixinə qədərki dövrə dair Ben Tziperin “Ha`aretz” (25 dekabr, 2008-ci il) araşdırmasında deyildiyi kimi, onlar hətta 4 ildən sonra belə sürgün edilirdilər. O bildirirdi ki, 1953-də ərazinin ərəblərdən təmizlənməsinin vacibliyilə bağlı “soyuq” hesablamalar aparılırdı. Əsl adı Majdal olan bölgə yəhudiləşdirilərək, bugünku Aşkelon oldu.

1953-cü ildə hərbi zərurətə zərrəcə ehtiyac yox idi. Eyni  ildə doğulmuş Tziper köhnə Ərəb sektorunun qalıqlarında gəzərkən söyləyirdi: “Mənim üçün həqiqətən də çətindir, ailəm mənim ad günümü qeyd edərkən, digər insanların yük maşınlarına doldurulması, öz evlərindən qovulmalarını görmək mənim üçün çətindir.”

İsrailin 1967-ci il istilası və nəticələri növbəti küləkləri əsdirdi. Bu günə qədər davam edən dəhşətli cinayətlər başladı.

Qısa bir ziyarətdə bunun nişanələrini sezmək asandır. Oteldə sahil kənarında əyləşən hər kəs Qəzzanın ərazi sularından və sahil boyu qovulan balıqçı qayıqlarına İsrailin hərbi dəniz qüvvələrinin necə atəş açdığını eşidə bilər. Onlar, ABŞ – İsrailin, dağıdılmış kanalizasiya və enerji sistemlərinin rekonstruksiyasına icazə verməkdən imtina etdiyi görə çirkli sularda balıq ovlamaqdan şikayət edirlər.

Oslo Razılaşmaları bu quraq bölgədə iki meliorasiya zavodu planını irəli sürdü. Müasir təsis İsraildə, ikincisi isə Qəzzanın cənubunda- Xan Yunisdə tikildi. Əhali üçün içməli su əldə ətməyə çalışan mühəndis zavodun, dəniz suyundan istifadə edə bilməyəcək şəkildə dizayn olunduğunu, yalnız yer altı sulardan bəhrələnə bilindiyini, bunun isə gələcəkdə layarası suları aşağı salacağını, beləliklə problemlər yaranacağını açıqladı.

 Qaçqınların qayğısına qalan (lakin digər qəzzalıların deyil) BMT-nin Fələstinli Qaçqınlara Yardım Quruluşu (UNRWA), tezliklə qabaqlayıcı tədbirlər görülməsə, layarası suların “qarşısıalınmaz” hala gələcəyi, 2020-ə qədər Qəzzanın yaşanmaz bölgə olacağı xəbərdarlığını verdi.

İsrail UNRWA layihələri üçün ölkəyə betonun daxil olmasına icazə versə də, böyük konstruksiya ehtiyaclarını qarşılayan Qəzzalılara beton idxalı üçün icazə vermədi. İsrail yenidən təmir üçün  materialların gətirilməsinə icazə vermədiyi üçün məhdud sayda olan ağır təchizat boş yerə fəaliyyətsiz qalmışdı.

Bütün bunlar, 2006-ci ildə fələstinlilərin seçkilərdəki göstərişlərə riayət etməməsindən sonra, baş nazir Ehud Olmertin məsləhətçisi Dov Vaysqlas (Dov Weisglass) tərəfindən təsvir edilmiş ümumi proqramın bir hissəsidir. O deyir ki, “Əsas fikir fələstinliləri pəhrizdə saxlamaqdır, onları acından öldürmək deyil”. Bu yaxşı görünməzdi.

Plana diqqətlə əməl edildi.Sara Roy öz elmi araşdırmalarında buna dair kifayət qədər sübut irəli sürmüşdü. Bir neçə illik cəhddən sonra İsrail İnsan Haqları təşkilatı-Gişa pəhriz və onun necə icra olunduğu barədə detallı planın qeydlərinin üzə çıxması üçün hökumətə qarşı məhkəmə qərarı çıxarmağa nail oldu. İsrailli jurnalist Conatan Kuk (Jonathan Cook) bildirirdi: “Səhiyyə nümayəndələri 1.5 milyon Qəzza sakinini az qidalanmadan qurtarmaq üçün ehtiyac olan minimum kalori sayını hesabladı və bu rəqəm İsrailin gündəlik icazə verməsi güman olunan yük maşınları sayıyla ifadə olundu… ortalama 67 yük maşını… Minimum tələbəbatın yarısından da azı gündəlik olaraq Qəzzaya daxil oldu.  Blokada başlamamışdan əvvəl bu rəqəm 400 yük maşınından daha çox idi. Birləşmiş Millətlərin açıqlamasına görə, bu tarif olduqca mərhəmətlidir.

Pəhrizdən sui-istifadənin nəticələrini Orta Şərq alimi Xuan Koul (Juan Cole) belə şərh edir: “Az qidalanma 5 yaşından kiçik fələstinli uşaqların təqribən 10 faizinin inkişafına mane olur, üstəlik anemiya körpələrin üçdə ikisinə, məktəblilərin 58.6 faizinə, hamilə anaların üçdə birindən çoxuna təsir edərək geniş yayılıb.

 “Diqqətə alınmalı şey” – Raci Sourani deyir, “odur ki, torpaqların zəbti və mütləq təcrid Qəzza xalqının və ümumilikdə bütün fələstinlilərin insanlıq ləyaqətinə qarşı hücumdur. Bu sistematik olaraq Fələstin xalqının deqradasiyası, təhqiri, təcridi və parçalanmasıdır. Nəticəni bir çox digər mənbələr də təsdiq edir. Dünyanın aparıcı tibbi jurnallarından biri olan “Lancet” jurnalında, Stanfordlu fizik, şahid olduqlarından dəhşətə gələrək, Qəzzanı “ləyaqətin olmadığı”, insanın fiziki, psixi, sosial rifahına dağıdıcı zərbə vuran şəraitə malik bir labaratoriya kimi təsvir edir. Havadan daimi nəzarət, blokada və təcrid vasitəsilə kollektiv cəza, evlərə və əlaqələrə sızma, səyahət, evlilik, iş qurmağa çalışanlara qoyulan məhdudiyyətlər Qəzzada ləyaqətli həyat sürməyi çətinləşdirir. Arabuşim başını qaldırmamalıdır.

Ümid edilirdi ki, Misirdə İsrailə, Qərb dəstəkli Mübarək diktaturasına nisbətən daha az bağlı olan yeni Mürsi hökuməti İsrailin birbaşa nəzarətində olmayan Qəzzalıların yeganə çıxışı Rafah keçidini açsın. Böyük olmasa da kiçik bir açılış oldu. Jurnalist Leyla əl-Haddad yazır ki, Mürsi hökumətinin qərarı ilə keçidin yenidən açılması ancaq İsrail təsdiqli Qəzza vəsiqələrinə sahib olan fələstinlilərə keçiddən istifadə hüququ verir ki, beləliklə Əl-Haddad ailəsi də daxil olmaqla, əksər fələstinli bu hüquqdan məhrum olur.

Bundan əlavə, o davam edir: “Bu keçid izni Qərb sahillərinə çıxışı təmin etmir, nə də İsrail nəzarəti ilə məhdudlandırılmış malların və qanunla ixracı qadağan edilən tikinti materiallarının keçirilməsinə icazə vermir”. Məhdudlaşdırılmış Rafah sərhəd keçid məntəqəsi Qəzzanın sıx dəniz və hava blokadasında qalması, beləliklə fələstinlilərin Oslo müqaviləsi ilə ABŞ-İsrail işğalı altında qalan digər mədəni, iqtisadi və elmi mərkəzlərinə çıxışının bağlı qalması faktını dəyişdirmir.

Təsirlər əzabverici bir şəkildə açıq-aşkar ortadadır. “Xan Yunis” xəstəxanasında baş cərrah olan həkimi xəstələrin ağrılarını azaltmaq üçün dərmanların, həmçinin, sadə cərrahi avadanlıqların çatışmadığını, həkimlərin çarəsiz qalaraq xəstələri iztirab içində tərk etdiklərindən qəzəblə və əsəbi halda danışır. Fərdi müsahibələr acımasız işğalın hiss olunan iyrəncliyini daha da göz önünə çıxarır. Buna bir nümunə çarəsiz, cavan bir qızın atası ola bilər. Atası qızı ilə fəxr edə bilərdi, çünki həmin qız qaçqın düşərgəsində xüsusi dərəcə qazana bilmiş ilk qadın idi, lakin atası 6 aylıq xərçənglə mübarizədən sonra 60 yaşında vəfat etdi. “İsrail işğalı onu xəstəxanaya müalicə üçün getməkdən məhrum etdi. Mən təhsilimi, işimi, həyatımı dayandırmağa və onun yatağının yanından ayrılmamağa məcbur qaldım. Həkim qardaşım və əczaçı bacımla birlikdə əlimiz-qolumuz bağlı oturub onun gözümüzün önündə ağrıdan məhv olmasına baxırdıq. O, 2006-cı ilin yayında Qəzzanın qeyri-humanist mühasirəsi zamanı səhiyyə xidməti üçün çox kiçik imkan olduğu zaman vəfat etdi. Düşünürəm ki, çarəsizlik və ümidsizlik hissi insanda ola biləcək ən öldürücü hissdir. Bu hiss ruhu öldürür və ürəkləri dağlayır. İşğala qarşı savaşa bilərsən, ancaq çarəsizliyə qarşı vuruşa bilməzsən. Hətta bu duyğunu yox edə bilməzsən.“

Həyasızlığa qarşı günah qarışıq ikrah hissi: əzablara son qoymaq və Samidinə, onların layiq olduqları sülh və ləyaqət dolu həyatdan zövq almaq üçün imkan yaratmaq bizim əlimizdədir.

4 noyabr, 2012-ci il

Noam Xomski Qəzza zonasını 2012-ci ilin 25-30 oktyabr tarixlərində ziyarət edib.

 


[1] Samson – “İncil” qəhrəmanlarından biridir. “Samson kompleksi” qavramı altında, İsrailin həm düşmənləri, həm də özünü məhv edəcəyi nəzərdə tutulur.

[2] Raca Şehadeh – Fələstinli hüquqşünas və yazıçı, Qərb Sahili, Ramallahda yaşayır.

[3] Oslo razılaşmaları – İsrail-Fələstin münaqişəsinin həlli üçün atılmış addımlardan biri. Razılaşma, İsrail hökumət rəsmiləri və Fələstin Azadlıq Təşkilarının üz-üzə qarşılaşdığı ilk razılaşma idi.

[4] Tökmə Qurğuşun əməliyyatı – 27 dekabr 2008-ci ildə İsrail hərbi qüvvələri tərəfindən aparılmış əməliyyat. Əməliyyat nəticəsində 2008-2009-cu illərdə İsrail və Fələstin hərbi qüvvələrinin toqquşmasının yeni mərhələsi başlayıb.

[5] Kanaan və Kannanitlər – indiki Qəzza, Qərb Sahili və Livan ərazisini əhatə edən İncil ərazisi və orada məskunlaşmış xalq.

(c) SOLFRONT.org

[Yazı original məqalədən Solfront. org üçün hazırlanmışdır]


Oxşar yazılar:

Baxış sayı:7252