abunə ol: Yazılar | Şərhlər | Еmail

Məmməd Süleymanov – Qırmızı Bakı. 1901-ci il…

Şərh

1901-1902-ci illərdə "Nina" mətbəəsi bu binada yerləşmişdir. Bakı, Vorotsnovki və Balaxanski küçələrinin kəsişməsi.

“Xanım” anlamı daşıyan “Nina” adı ilə qədim şumerlər öz ilahələrini adlandırırdı. Əfsanəvi Nineviyanın və Assuriya imperiyasının yaradıcısını bu cür çağırırdılar. Elə bu adı da inqilabçıların Bakıdakı ilk gizli mətbəə daşıyırdı.

1898-ci ilin martında yaranan Rusiya sosial-demokrat partiyasının (RSDP) artıq cəmisi 3 il sonra Bakıda komitəsi fəaliyyət göstərirdi. Onun yaranmasında misilsiz xidmət oynayan şəxs gürcü inqilabçısı Lado Ketsxoveli idi. 1900-cü ildə Tiflis sosdemlərinin tapşırığı ilə Bakıya gələn Lado 1 il sonra partiyanın gizli mətbəəsinin təşkilinə nail oldu. Tez-tez ünvanını dəyişən “Nina” mətbəəsinin yaranmasında böyük səy göstərən digər şəxslər isə Bakı komitəsinin ilk tərkibinə daxil olan Avel Yenukidze, Lev Krasin, Qalperin, Eyzenbet və Faynberq idi.

Bolşevik Vano Bolkvadze sonralar xatırlayacaqdı: “Tiflisdəki mərkəzi qrupun və Bakıdakı yoldaşların köməkliyi ilə Ketsxoveli çap maşını və mətbəə üçün gərəkli olan bütün avadanlığı əldə etdi. Ketsxoveli Tiflis partiya qrupuna yığıcı gərək olduğunu bildirdi və məni Bakıya yolladılar. Əvvəlki vaxtlar mətbəədə ikicə nəfər çalışırdı – Ketsxoveli və mən. 2 ay sonra o, Tiflisdən yenə kömək tələb etdi və Viktor Suladzeni bizə köməyə göndərdilər. 1902-ci ilin sentyabrında Ladonun həbsindən sonra yaranan təhlükəli vəziyyətə görə “Nina”nı müvəqqəti ləğv etməli olduq”.

***

Sosial-demokratların Bakı komitəsi artıq 1902-ci ildə mütəşəkkil güc idi və struktur cəhətdən 5 rayona bölünmüşdü: Balaxanı, Bibiheybət, Qaraşəhər, Ağşəhər və Şəhər. Rəhbərlik genişlənmiş, yeni simalar partiya işinə qoşulmuşdu. Onların arasında Ə.Axundov, M.Məmmədyarov, İ.Sturua, L.Kununyants, M.Kobetski və başqaları vardı.

“Nina” mətbəəsi “İskra” redaksiyasının tapşırıqları ilə işləyir, habelə bütün Qafqaz təşkilatlarına xidmət göstərirdi. Artıq 1901-ci ildə Bakıda Tiflis sosial-demokratlarının orqanı olan “Brdzola” (“Mübarizə”) qəzetinin ilk sayı işıq üzü görür.
Fəaliyyətə başladıqdan 1 il sonra, güclü konspirasiyaya baxmayaraq Ketsxoveli və Yenukidze həbs olunur, ancaq buna baxmayaraq, bir neçə ay sonra “Nina” öz işini Lev Krasinin başçılığı altına bərpa edir. Ketsxovelinin taleyi isə faciəvi olur. Rotmistr Vladimir Runiçin əmri ilə həbs edilən Ketsxovelini ilk növbədə gizli mətbəə qurmaqda ittiham edirlər. Bir müddət Bayılda, sonra isə Metex türməsində saxlanılır, istintaqla əməkdaşlıqdan imtina edir, məhbusları öz hüquqları uğrunda mübarizəyə qaldırır. 1903-cü ildə Ketsxoveli türmədə odlu silahla qətlə yetirilir. Onun cəlladı Runiç də çox yaşamır – 1908-ci ildə Tiflisdə tramvayda gedərkən naməlum şəxsin atdığı 3 güllə ilə yerindəcə keçinir. Bununla da, Ketsxovelinin sirdaşları inqilabçının qisasını alırlar.

***

1902-ci ilin sonunda təhlükəsizlik səbəbindən fəaliyyətini müvəqqəti dayandıran “Nina” sonrakı il yenidən işini bərpa edir. Burada Marksın, Engelsin əsərləri, habelə rusca, ermənicə və gürcücə vərəqələr də çap edilir. Lev Krasinin səyləri ilə güclənən mətbəənin gücü sonralar o qədər artır ki, gizli çalışmasına baxmayaraq, bütün Rusiya İmperiyasını çap məhsulları ilə təmin etməyə yetir. Bu gücə nail olmaq üçün Trifon Yenukidze (Avelin qardaşı) və Krasin “kustar” keyfiyyətə son qoymaq və yeni, müasir avadanlıq almaq qərarına gəlirlər. Yeni avadanlıq – xaricdən güclü tipoqrafiya maşını almaq üçün isə çoxlu pul lazım idi: 3 min rubl. Bəs bu pulu haradan tapmalı?
Çıxış yolunu Krasin tapır. O, incəsənət, mədəniyyət, sənaye, ticarət və bank dairələrində asanlıqla özünə tanışlar tapmaq, zənginlərə özünü onların adamı kimi göstərmək kimi qabiliyyətə malik şəxsiyyət idi. Krasin Peterburqa yollanır və məşhur aktrisa Vera Komissarjevskayanı (1864-1910) Bakıda xeyriyyə konserti verməyə razı salır.
Komissarjevskaya Bakıya gəlir, biletlərin baha olmasına baxmayaraq, Bakı varlıları onun xeyriyyə konsertinə təşrif buyurmağı özlərinə fəxr sayırlar. Beləliklə, onların ağıllarına da gəlmir ki, pullarını İnqilabın maliyyələşdirilməsinə xərcləyirlər.
Krasin sonralar da maliyyə toplamaq üçün Bakıda gəlmə artistlərin çıxışlarını dəfələrlə təşkil edəcəkdi.

Beləliklə, tələb olunan məbləğ toplanır. Qalır avadanlığı sifariş vermək və Bakıya gətirmək. Bunu isə qeyri-leqal fəaliyyətdə olan inqilabçılar yox, çap işi ilə leqal məşğul olan naşir edə bilərdi. Bu məqsədlə xırda, ancaq leqal mətbəə sahibi olan Ovanesyana müraciət olunur…

Bəxşiş müqabilində Ovanesyan yeni çap maşınını Leypsiq şəhərində sifariş verməyə və Bakıya gətizdirməyə razı olur. Sonra yeni problem başlayır: Ovanesyanın o dövr texnikasının son dəbi olan avadanlığa tamahı düşür və maşını Krasinə təhvil verməkdən imtina edir. O, pulu da, bəxşişi də geri qaytarmağa razı olduğunu deyir.

Vəziyyətdən yeganə çıxış yolu avadanlığı oğurlamaqdı. Trifon Yenukidze yoldaşları ilə günün günorta çağı Ovanesyansın mətbəəsinə hücum çəkərək qıfılları qırıb “Auqsburq” avadanlığını götürür. Bu, o qədər gözlənilməz addım idi ki, yoldan keçən polis də qətiyyən şübhələnmir, əksinə, avadanlığı arabaya yükləməkdə sosial-demokratlara yardım edir.

***

“Nina” mətbəəsində 1903-cü ilin noyabrından 1905-ci ilin noyabrınadək ümumi tirajı 1,5 milyon nüsxəni ötən çoxsaylı və müxtəlif dillərdə qeyri-leqal materiallar nəşr edilir. O cümlədən, “İskra”nın Bakıda hər nömrəsinin tirajı 10-15 min nüsxə idi ki, bu da böyük rəqəmdir.
1903-cü ildə RSDRP 2 qanada – bolşeviklərə və menşeviklərə bölünəndən sonra “Nina” birincilərin ixtiyarında qalır. Buna baxmayaraq, mətbəənin işindən menşeviklər və Bakı eserləri də yararlanırlar.

SSRİ-də "Nina" mətbəəsinin ev-muzeyi

Fəaliyyətinin bütün dövründə polisin bircə dəfə də mətbəənin izinə düşə bilməməsi inqilabçıların fəaliyyətindəki mükəmməl konspirasiyadanxəbər verir. Bu məxfilik isə ilk növbədə Leonid Krasinin xidməti idi. Kübar dairələrdə dolaşan, həm Peterburqda, həm də Bakıda çoxsaylı imkanlı dost və tanışları olan (məsələn, Maksim Qorki 1926-cı ildə yazdığı “Leonid Krasin” məqaləsində onun milyonçu Savva Morozovla necə tanış olduğunu, dostlaşdığını və Morozovdan mətbəə üçün ildə 24 min rubl aldığını təsvir edib) Krasin ixtisasca mühəndis-elektrik idi. O vaxtlar Krasin Bakıda elektrik stansiyasının tikintisinə rəhbərlik edirdi. Bu status ona çoxlu üstünlüklər qazandırırdı. Məsələn, sərhəddə ilişməmək üçün Avropadan “İskra”nın maket vərəqlərini Bakıya texniki kitabların arasında göndərirdilər. Özünə hörmət edən hər bir mühəndisin xaricdən elmi kitablar sifariş etməsi isə adidən adi və şübhə yaratmayan təfərrüat idi.

Yaxud, tipoqrafiyanı da Krasin elektrik stansiyasının tikintisi gedən ərazidə quraşdırır. Bu barədə o, sonralar xatırlayırdı:

“Hələ tikilməkdə olan elektrik stansiyası ədəbiyyat, şriftlər və digər ləvazimatların gizlədilməsi üçün əlverişli baza idi. Axtarışa gələn jandarmlar bu texniki qaladan baş aça bilmədiklərinə görə tez də bezib və əllərini yelləyib gedirdilər…”
İri tikintidə nə isə axtarıb tapmaq doğrudan da müşkül məsələdir. Tikinti sona yaxınlaşdıqca Krasin də mətbəənin yerini dəyişir və “Şamaxinka” ərazisinə köçürür. Bu “şən rayon”da xəfiyyələri sevmirdilər, polislər də burunlarını oralara soxmağa risq etmirdi.
Bir sözlə, hakimiyyət “Nina”nı aşkarlaya bilmədi, Krasindən şübhələnməyə isə heç bir dəlil yoxdu. Elektrik stansiyasında direktor köməkçisi işləyən Krasin RSDRP Bakı komitəsinin az qala bütün üzvlərini də burada işə düzəltmişdi. Məsələn, Kozenko elektrik stansiyasında mühasib, Qalperin – statist, Yenukidze – çertyojçəkən, Alliluyev (Stalinin gələcək qayınatası) isə montyor işləyirdi. Bununla da, onlar həm maaş alır, həm də əlavə şübhələrdən xilas olurdular.
Mətbəədə də işçilər quru entuziazmla fəaliyyət göstərmirdi. Ştatda 1903-cü ildə Sibirə göndərilərkən yolda qaçıb Bakıya qayıdan Avel Yenukidzedən əlavə daha 8 nəfər çalışır, hər biri də ayda 25 rubl məvacib alırdı. İldə 1 dəfə işçi məzuniyyətə çıxır və vaxtını Bakıdan kənarda keçirirdi. Mətbəə isə nəinki xərcləri bağlayır, həm də partiyanın kassasına xeyir gətirirdi.

***

“İskra”dan əlavə, “Nina”da gürcü dilində “Brdzola” və rusca “Cənub fəhləsi” (“Yujnıy raboçiy”) qəzetləri də nəşr olunurdu. Sonralar “Nina” Vıborqa (o vaxtkı Finlandiyanın ərazisi) köçürüldü və 1905-ci ildə leqal status aldı. 1906-cı ilin yanvarında Mərkəzi Komitənin qərarı ilə “Nina mətbəəsi ləğv olundu, avadanlıqları isə Peterburqa daşındı.
1938-ci ildə Azərbaycan kommunist partiyasının Mərkəzi Komitəsinin qərarı ilə “Nina”nın yerləşdiyi ev təmir olunaraq ev-muzeyə çevrildi. Təbii ki, o muzey artıq yoxdur.
“Nina”nın əsas simalarının taleyi də müxtəlif cür formalaşdı. Leonid Krasin 1-ci Dünya Müharibəsi ərəfəsində siyasətdən uzaqlaşaraq Almaniyaya köçdü və “Simens” şirkətində çalışdı, ancaq Oktyabr İnqilabından sonra Leninin təklifini qəbul edərək Rusiyaya qayıtdı. SSRİ-nin Londonda ticarət nümayəndəsi kimi çalışarkən – 1926-cı ildə 56 yaşında vəfat etdi.

Stalinin yaxın dostu olan Avel Yenukidze Sovet dövlətində yüksək vəzifələrdə çalışdı. Sonralar “Nina” dövrünü əhatə edən “Bizim Qafqazdakı gizli mətbəələrimiz” kitabını yazdı. 1937-ci ildə 60 yaşında güllələndi.
Trifon Yenukidze də 1937-ci ildə edam olundu. Stalinin gələcək qayınatası Sergey Alliluyev 1945-ci ilin iyulunda 79 yaşında Moskvada mədə xərçəngindən vəfat etdi. İvan Sturua Gürcüstan SSR-in torpaq naziri vəzifəsində çalışdı və 1931-ci ildə 61 yaşında Tiflisdə vəfat etdi. Vano Bolkvadze isə 1937-ci ildə güllələndi…

 

Oxşar yazılar:

Baxış sayı:7484