abunə ol: Yazılar | Şərhlər | Еmail

Grup Yorum – xalqın səsidir, susdurula bilməz!

Şərh

Grup Yorum Türkiyədə fəaliyyət göstərən tanınmış sosialist folk musiqi qruplarından biridir. 1985-ci ildə qurulub, musiqi fəaliyyətindən əlavə, daima işçi sinfinin yanında olmuş, bir çox etiraz aksiyalarında, tətillərdə, fabriklərin işğal edilməsində iştirak etmişlər. İndiyə qədər bu musiqi qrupuna 400-dən çox cinayət işi açılmış, 15 üzvü mühakimə olunaraq, həbs edilmişlər. Həmçinin bu gün, 26 noyabr 2012 tarixində qrupun iki üzvü – vokalçı Selma Altın vvə skripkaçı Ezgi Dilan Balcı məkhəmə qarşısına çıxmışlar. Onlar  həbs olunaraq, polis tərəfindən işğəncələrə məruz  qalmış, 17 sentyabr tarixindən bəri isə ev həbsindədirlər. Buna baxmayaraq, qrup öz fəaliyyətini dayandırmır və mahnıları, şüarları ilə işçi sinfinin və bütün əzilənlərin yanındadır.

Türkiyənin bir çox ziyalıları və musiqiçilər qrupa qarşı edilən haqsızlıqlara qarşı çıxmağa, onları dəstəkləməyə çağırıb.

Etiazçılar Grup Yorum üzvləri Selma Altın və Ezgi Dilan Balcıya dəstək olurlar

Qrup haqqında öz dilindən oxuyaq.

***

Biz Kimik?

12 Sentyabr çevirilişi müvəqqəti olaraq burjuaziyanın böhranına dərman olarkən, inqilabçılar başda olmaqla, xalqa qarşı böyük bir terror hərəkatı da başlatdı. Xunta öz şablonlarına uyğun gəlməyən şəxs və təşkilatları fiziki olaraq ya yox edir, ya da rehabilitasiya üçün həbsxanalara doldururdu.

 Həmin günlərdə, xalqı müdafiə etmək üçün ən qabaqda mübarizə aparmalı olan sol hərəkətlərin böyük bir hissəsi; məğlubiyyətin və təslimiyyətin nəzəriyyələrini aparır, bir qismi də xaricə çıxmağı seçirdi.

 Ölkə susqun idi. Qəlbiylə, qopmaz bir bağla inqilaba bağlananlar isə dağlarda, həbsxanalarda ölür, xuntaya təslim olmurdu. Çıxan tək səs, dörd divar arxasında ölümə müqavimət göstərənlərin səsi idi.

 Çevrilişin təsiri yalnız fiziki olaraq yaşanmırdı. Xunta, xalqın dəyərlərinə və yaşam tərzinə də əl atmışdı. Yeni nəsil yeni bir mədəniyyətlə və əxlaqla yetişirdi: Düşünməyən, yaratmayan, qorxan, gizlənən bir nəsil… Mədəni və sənət fəaliyyətlərinə edilən müdaxilələr xuntanın hazırladığı yeni formalaşma dövrü üçün əhəmiyyətli bir silah idi. Xunta bu sahəni də təpədən dırnağa bərpa etmək üçün işə girişmişdi. İlk olaraq məktəblərdən başladılar, ardınca növbə sənətkar və ziyalılara gəldi. Bəzilərini həbs edir, bəzilərinə gözdağı verir, qorxudurdular. Bu dövrdə ziyalılar və sənətkarlar bitərəflərə çevrilərək, ətrafında baş verənlərə reaksiya verməməyə başladılar. Qısa müddət ərzində dönən bu çarxın bir  parçası oldular. Deyilənə görə, bir çoxu hələ də “demokrat” idi.

 Qısacası, xalq, öz mədəniyyətinə sənətinə yadlaşdırılır, imperializmin korlanmış dəyərlərilə, sənətiylə, mediyanın da yardımıyla laqeyd, vecsiz bir kütləyə çevrilməkdə idi.

 Belə davam edə bilməzdi. Kimsə buna “dayan!” deyəcəkdi. Bəlkə, bəlkə kiçik bir səs olacaqdı, amma böyüyəcəyi qəti idi. Həbsxanalardan yüksələn müqavimət şüarını əvvəl analar aldı. Şüar yayıldı. Artıq yol açılmışdı.

 Grup Yorum belə bir dövr yaşanarkən quruldu. “Sentyabr qaranlığında işıq, susqunluğa səs olmaq istədik. Musiqi özümüzü ifadə forması idi. Qardaşlığın, bərabərliyin, paylaşımın xəyalı ilə başladıq bir uzun yürüyüşə. Sevgi bizimlə, ümid bizimlə idi. İstismarsız və azad günlərin həsrəti bizimlə…” Meydana gəlişimiz bir baxımdan 12 Sentyabra bir reaksiya idi, amma orada qala bilməzdik, qalmadıq da. Onsuz da sabit heç bir şeyin yaşama haqqı yoxdur. İnkişaf qaçılmazdr. İnkişaf sancılar yaratsa da, inkişaf etməyən yox olar, ölər.

 İnkişaf etməli, iz qoymalıydıq. Hər sahədə, hər yerdə. Sistemin qarşısında xalqın demokratik mədəniyyətini və sosialist tarixi təcrübəsini, dəyərlərini əsas götürərək yeni bir musiqi, yeni bir tərz yaratmağı qarşımıza məqsəd qoyduq. Məhsullarımızın xalqı, içindəki dövrün bədbinliyindən xilas edib, onlara mübarizə şüuru çatdırmasını istədik. Maddi qayğılardan uzaq olmalı idik. Xüsusilə, o dövrdə yaşanan arabesk toxluğu  onsuz da müxtəlif problemlərdən əziyyət çəkən insanımıza, öz taleyinə məhkum olmağı aşılayırdı. Biz, onu oturduğu yerdən ayağa qaldıran, silkələyən, coşqu verən, həvəsləndirən mahnıların istehsalçısı olmağı hədəflədik. Keçən bu qədər zaman müddətində bunu bacardıq deyə bilərik.

 Çörəkdən sevgiyə və döyüşə qədər xalqımızın bütün problemlərini musiqimizdə əks etdirməyə çalışdıq. Sistem fərdiyyətçiliyi təbliğ etdikcə, biz kollektivizm və paylaşma məziyyətlərini müdafiə etdik. Bu günə qədər ucaldılan burjua sənətçi obrazına zərbələr endirdik. İşə təbii olaraq, özümüzdən başladıq. Adları, çəxsləri deyil, Grup Yorumu önə çıxartdıq. Öz sahəmizin şəraitini şərh etməklə, populizm, elitizm kimi hər cür mənfiliklərə qarşı çıxdıq.

 Hegemonların bizdən oğurladığı tarixi mirasımızın ardınca düşdük. Onların işığında yenisini yaratmağa yönəldik. Həmişə bizim olan, amma həmişə inkişaf edən türkülərin sevgisindən ilham aldıq, amma şübhəsiz ki, bunu yalnızca bir “musiqi qrupu” olaraq etsəydik, bu günə qədər yaşadığımız təzyiqlərin zərrə qədərini belə yaşamazdıq. Ya da ilk çətinlikdə parçalanardıq. Biz bu vəzifəni inqilabçı mübarizənin bir sahəsi, fəaliyyət növü olaraq qavradıq. Musiqimizi sinfi olaraq ələ alıb, onu, əzilən siniflərin mübarizəsinə təqdim etdik.

 Grup Yorum`un sistem baxımından təhlükəsi budur. Sözümüzlə, hər bir notumuzla əzilənləri inqilaba çağırdıq. Yəni yatan nəhəngi oyandırma mərhələsində şübhəsiz bir pay sahibi olduq. “Təhlükəli” olmağımız bundandır. Düşüncələrimizin, söylədiklərimizin arxasında dayandıq.

 Mədəniyyət və sənət sinfi nöqteyi-nəzərdən dəyərləndirilməlidir. Bütün mədəni dəyərlər bir sinfin nişanəsini daşıyır, aid olduğu sinfin xeyrinədir. Elə iqtisadiyyat kimi, dövlət, hüquq kimi sənət də sinfi təbəqələşmə içində yerini alır, müəyyən bir sinfin hiss və düşüncələrini əks etdirir. Yəni, əzən sinifə ya da əzilən sinifə xidmət edər. Biz çətin olanı seçdik. Əzilənlərin tərəfində olduq.

 Əlbəttə, sosialist nəzəriyyəni mənimsəmək xalqın maraqlarını müdafiə etmək, sənəti inqilabçı bir vasitə olaraq istifadə edə bilmək üçün kafi sayılmaz. Zəhmətkeşlərin arasından çıxaraq, ictimai inkişaf dinamikası içində yer ala bilənlər inqilab üçün sənət yarada bilərlər.

 Yarandığımızdan bu yana, prinsipial bir şəkildə sənət fəaliyyətlərimizi davam etdiririk. Yeni bir şey yaratma fəaliyyətində ikən, həm sənətdə, həm etirazda bir çox ilkə imza atdıq. İlk olmanın, qarşı çıxmağın əvəzi vardır. Bunu bilirdik və ilk olmanın əvəzini ödədik, ödəməyə davam edirik. Yaşadığımız hər günün əvəzi artıqlamasıyla ödənib.

 İlk məhbusluğumuzu 1988-ci ildə, bir konsertdə oxuduğumuz kürdcə xalq mahnısına görə yaşadıq. Bu türkü, 12 Sentyabr sonrasında deyilən ilk kürdcə mahnı idi. Bu gün bizi tənqid edənlər əvvəl bunu öyrənməlidir. O qapını da biz açdıq.

 Sonra Mersin… Bütün Yorum üzvləri həbs edildi, amma çöldə Grup Yorum konsertlərinə davam etdi. Neçə dəfə tutulduq, neçə dəfə həbs edildik, neçə dəfə işgəncələrə məruz qaldıq, artıq biz də sayını bilmirik. Bunlara nə üçün müqavimət göstərdiyimizlə maraqlanırlar? Əkdiyimiz fidanlar yetişdiyi üçün. “Türkülər Susmaz, Halaylar Davam eder” şüarının mənası da budur.

 Haqq axtarışı mübarizəsinin içində yer aldığımızı həmişə bəyan etdik. Bunun üçün işçilərin, məmurların, tələbələrin və gecə qondu camaatının həmişə yanında olduq. Onlarla birlikdə müqavimət göstərdik. Öz haqqımız üçün də müqavimət göstərdik. İşlərimizi əvvəldən bəri apardığımız Ortaköy Mədəniyyət Mərkəzinin bağlanılması, işlərimizə maneə törədilməsi və konsertlərimizin qadağan edilməsinə etiraz etmək üçün 1995-ci ildə CHP İstanbul Vilayət Mərkəzini işğal etdik. Yalnız ölkəmizdə deyil, dünyada bir ilkdir bu hərəkət. Qrup Yorum sadəcə mahnıları ilə deyil, hər şeyi ilə  meydan oxuyacaq bir ürəyə malikdir.

 Mənfəət Mexanizmi yol açır…

 Zaman içərisində açdığımız yolda yeni qruplar yarandı. Bu dəqiqə bu qrupların bir qismi həqiqətən fəaliyyətlərini davam etdirməsələr də, bizimdirlər, kollektivizmimizə daxildirlər. Ankarada “Grup Ekin”, İstanbul’da “Özgürlük Türküsü”, Diyarbakır’da “Koma Berfin”, İzmirdə “Günişığı”, Adanada “Nisan Güneşi”, Samsunda “Karadeniz” bunlardan bir neçəsidir. Yeniləri də yaranacaqdır.

 Qrup Yorum yol açmağa davam edir. İstehsal edərək, albom çıxararaq, ölkəmizdə və dünyanın bir çox yerində konsertlər verərək, haqqlar və azadlıqlar mübarizəsinin içərisində bəzən mahnı söyləyərək, bəzən pankart daşıyaraq yolumuza davam edirik. Bunlarınn bərabərində inqilabçı sənətçi mövqeyimizlə nümunə olmağa, yol göstərməyə davam edirik. İnqilabçı sənətçi həssaslığımızla olmalı olduğumuz yeri bilərək, demokratik kütləvi təşkilatların, dərnəklərin fəaliyyətlərinə dəstək olmağa, birlik gecələrinə qatılmağa davam edirik.

 Bütün bu sadaladıqlarımız bizi, sustdurulması əmr edilən, təhlükəli olaraq səciyyələndirilən musiqiçilərin yer aldığı MGK siyahılarında birinci sıraya qoydu. Fəxr edirik. Təzyiqin olduğu yerdə ən düzgün olanı, müqavimət göstərməyi seçdik və təzyiq sahibləri tərəfindən hədəf göstərilirik. Bundan daha amansız və şərəfli birşey ola bilərmi?

 İllərlə fəaliyyətimizə maneə törətmək, bizi susdurmaq üçün hər şeyi sınadılar. Həbs olunduq, işgəncələrə məruz qaldıq, qadağan edildik, deportasiya edildik. Heç biri, amma heç biri təsir etmədi, etməyəcək də. Heç bir qərar bizi yolumuzdan döndərə bilməz. Şekspir, “bir xalqın musiqilərini yazanlar qanunlarını yazanlardan daha güclüdür” deyirdi. Qanunları yazanlar Qrup Yorum adını eşitdiklərində “icazə verməyin, həbs edin, işgəncə verin, azadlıqdan məhrum edin” deyir. Bizə güvənənləri, bizlərlə yola çıxanların etibarını boşa çıxarmayacağıq. Bizə inananları utandırmayacağıq. Qələbə çalana qədər inandıqlarımızdan zərrə qədər də olsa kənara çıxmadan yolumuza davam edəcəyik.

 

GRUP Yorum

25 may, 2004-cü il

Hazırladı: Seymur Elyazlı                             (c) SOLFRONT.org


Oxşar yazılar:

Baxış sayı:39585