abunə ol: Yazılar | Şərhlər | Еmail

Boris Kaqarlitski – Marksizm: “Repressiv dözümlülük.Maoizm”

Şərh

SOLFRONT oxuculara tanınmış  rus sosioloqu, publisisti, siyasi elmlər namizədi Boris Kaqarlitskinin “Marksizm: tədris üçün tövsiyə olunmur”  kitabını azərbaycan dilində təqdim edir. Kitab marksist fikrin tarixini və təkamül yolunu, həmçinin marksizm daxilindəki ideoloji istiqamətləri və onun öz dövründə oynadığı, siyasi, iqtisadi və ictimai rolu əks etdirir, mövcud ideoloji istiqamətlərin əsas xüsusiyyətlərini və bir–birindən fərqləndirici cəhətlərini izah edir. Kitab sizlərə hissə – hissə təqdim olunacaq. Saytda tam şəkildə dərc edildikdən sonra kitabı bir neçə müddətdən sonra şəhərin mağazalarından əldə edə bilərsiniz.

Əvvəlki                                                                                             Növbəti

Boris Yulyeviç Kaqarlitski

Marksizm: Tədris üçün tövsiyə olunmur

1968-Cİ İL TUFANI

Repressiv dözümlülük

 “Frankfurtluların” təhlili qərb cəmiyyətini zahirən firavan və rəsmi olaraq azad, amma dərin səviyyədə total repressiv cəmiyyət kimi təsvir edirlər. Markuze “repressiv dözümlülük” haqqında danışır. O iddia edir ki, hətta demokratik prosedurlar da repressiv potensiala malikdir.

Repressiv dözümlülük nədir? İki cavab variantı var. Birinci, daha sadə olan ondan ibarətdir ki, cəmiyyət sənə çıxış etmək, düşündüyünü demək imkanı verir. Heç kim sənə səs salmağı qadağan etmir. Bəs nə üçün? Çünki desən də, deməsən də, sən heç nəyi dəyişdirə bilməzsən. İt hürər – karvan keçər.

Əgər sən heç nəyi dəyişdirə bilmirsənsə, azadlıq buxar buraxmağa çevrilir. Radikal kitablar nəşr etmək, marksizm haqqında diskussiyalar aparmaq olar, amma sizə qulaq asmırlar. Bu isə sistem işləməkdə davam edəcək. Radikal intellektual impuls siyasi sistem tərəfindən mühasirəyə alınır, söndürülür: həmçinin demokratik institutlar vasitəsilə. İri partiyaların bürokratiyası xarici maliyyələşmədən asılıdır. Parlamentarizm institutları radikalları tədricən əhilləşdirirlər. Səsvermə aktına çevrilmiş qiyam sistemdə kosmetik dəyişikliklərlə başa çatır.

Digər interpretasiya ondan ibarətdir ki, kapitalizm özlüyündə uğuru, ona nail olanları ələ alır. Məsələn, liverpullu “Beatles”-i götürək. Budur, işçi mühitindən, proletar şəhəri Liverpuldan olan dörd radikal gənc. Bu o şəhərdir ki, burada istənilən vəziyyətdə yalnız leyboristləri seçirdilər. Leyboristlər arasında isə – həmişə sol qanadın nümayəndələri olur. Tamamilə “qırmızı” şəhər. Trotskizmin kütləvi hərəkat olduğu şəhər. Deyirlər ki, əgər leyboristlər parlamentə at irəli sürsələr, atı da seçərlər, çünki burjualara onsuz da səs verməyəcəklər. Ondansa ata səs verərlər.

Və liverpullu dördlük öz mahnılarını oxumağa başlayırlar, onların mahnıları sistemə meydan oxuma, ictimai zövqə sillə kimi səslənir. Onlar hətta inqilab haqqında oxumasalar da, kübar cəmiyyətdə qəbul olunduğu kimi ifa etmirlər. Amma gözlənilmədən burjua cəmiyyəti bu radikalizmi qəbul edir. Əgər nonkonformizmə tələb varsa, deməli, onunla ticarət etmək olar. “Beatles” çoxlu pul qazanır, şəksiz uğur əldə edir, ulduz, milyoner olur. Əgər siz özünüzə saray tikirsinizsə, inqilab haqqında istədiyiniz qədər oxuya bilərsiniz, niyəsə bu, artıq heç kimi ianndırmır. Hər şey çox pis qurtarır: “Beatles” fanatlarından biri çıxır və dördlüyün liderini – Con Lennonu öldürür.

Müxtəlif şəkildə dəfələrlə təkrarlanan bu hekayə – həmişə belə qanlı sonluqlu olmur. Radikalizmlə uğur qazanmaq olar, amma sən nə qədər uğurlusansa, o qədər az radikalsan. Məhz buna görə “yeni sollar” nəsli hələ istehlak cəmiyyəti pası ilə  dağıdılmamış “üçüncü” dünyada və sabiq müstəmləkə ölkələrində dayaq axtarmağa başlayır.

Qərb proletariatı onlara həddən artıq korrupsiyalaşmış görünür, o sistem tərəfindən inteqrasiaya edilib, öz ideologiyasını istehlaka dəyişib. Onun istehlakı sabiq müstəmləkələrdəki ifrat istismarla təmin edilib. Unutmayın ki, bunlar 1950–ci illərdə baş verir, bu, müstəqillik zirvəsidir, anti–müstəmləkə inqilabı başlayır. Yaxın zamanlarda çin inqilabı baş verir, o hərfi mənada anti–müstəmləkə tipli deyildi, amma müstəmləkələrdəki insanları ilhamlandırdı. Sonra kuba inqilabı qələbə çaldı. Vyetnamda müharibə başladı. Hərbi əməliyyatlar orada, dayanmadan, 1940–cı illərdən bəri davam edir. Əlcəzairdəki azadlıq müharibəsi qələbə ilə başa çatdı. Həm dinc, həm də zorakı digər anti–müstəmləkə hərəkatları uğur qazanır.

Amma mübarizə hələ başa çatmayıb. Siyasi müstəqillik iqtisadi istismardan azad etmir. Tədricən dərk edilir ki, Qərb öz vətəndaşlarının böyük hissəsi üçün rahat burjua həyatını “üçüncü dünyanın” sümükləri üzərində təmin edir. Başqa məsələdir ki, dünya iqtisadiyyatının mahiyyətinin bu cür düzgün dərk edilməsi mifləşdirilməyə, bir sıra ideoloji obrazlarla örtülməyə başlanılır. “Üçüncü dünya” inqilabçısı qərb gəncliyi üçün qəhrəman olur. Sovet İttifaqı artıq heç kimi cəlb etmir, KPSS-in XX qurultayı artıq keçib, 1956–cı il macar inqilabı keçib. Artıq heç kim Sovet İttifaqından gözləmir ki, o, yeni cəmiyyətin cəlbedici modelini təklif edəcək. “Üçüncü dünya” isə – başqa məsələdir. Bu, cəmiyyətin modeli deyil, bu, yadlaşmamış, bir qədər dramatik məişətin davranış, mübarizə modelidir. Onların siyasi azadlıqları yoxdur, amma daxili azadlıqları var. Belə bir romantik obraz mövcuddur (Bayronu, gənc Puşkini xatırlayaq).

Maoizm  

Sovet İttifaqında qərb gəncliyinin Çinə, Mao Tszedunqa olan kütləvi marağını başa düşmürdülər. 1960–cı illərin qərb gənclik hərəkatlarında isə iki əfsanə var idi: sədr Mao və Çe Gevara. Sovet İttifaqında Çe Gevaranı tanıdılar: qərhəman, partizan, mübarizə aparıb, vəfat edib. Qiyamçı – tənha, amma marksist nəzəriyyəsi ilə silahlanıb. Yeri gəlmişkən, Mao qəsdən “tənha – mübariz” obrazını tənqid edirdi. O hesab edirdi ki, tənha–qiyamçı – kollektiv qiyamçının formalaşmasına mane olan burjua əfsanəsidir.

Yenə də, Mao 1960–cı illərdə qərb gəncləri arasında nə üçün bu qədər populyardır? Sovet ziyalı mühitində onu, Stalinin ikinci, daha geniş, daha çox qurbanların olduğu nəşri kimi qəbul edirdilər. Çində kütləvi aclıq olsa da, Avropada bu barədə heç nə bilmirdilər. Belə ki, düşünmək lazım deyil ki, sanki aclıq xüsusilə dövlət tərəfindən təşkil olunmuşdu. Nə Mao, nə də Stalin qarşılarına kollektivləşdirmə zamanı bir miqdar insanı acından öldürmək məqsədini qoymurdular. Sadəcə qurbanları nəzərə almırdılar. Çox və ya az adam vəfat edəcək, onlar üçün əhəmiyyətli deyildi. Onlar digər problemlər haqqında düşünürdülər.

Əslində Mao, əlbəttə ki, yoldaş Stalinin ikinci nəşri deyildi. Öz zamanında Engels Kromvel haqqında demişdi ki, o eyni zamanda ingilis inqilabının həm Robespyeri, həm də Napoleonu idi. Mao haqqında demək olar ki, o çin inqilabının həm Lenini, həm də Stalini, bəlkə də həm də Trotskisi idi. İstənilən halda bu fiqur inqilabi mərhələlərin hamısından keçmişdi. Rusiyada inqilabi prosesin müxtəlif mərhələlərində müxtəlif fiqurlar tələb olunurdu. Mao isə proses əsnasında özü dəyişirdi. Silahlı mübarizə dövründə bir Mao var idi, digər Mao dinc dövr zamanı vardı, sonra onun öz YİS–i (Yeni iqtisadi siyasət) oldu, “yüz gülün açdığı” zaman var idi. Sonra “Böyük sıçrayış” – sürətləndirilmiş sənayeləşmənin ilk, uğursuz cəhdi oldu. Nəhayət, mədəni inqilab baş verdi.

Mao tarixi vəzifələrlə birlikdə, əsl müdrik şərq siyasətçisi kimi dəyişirdi. Və həmişə öz vəzifələrinə uyğunlaşırdı.

Maonun iki ideyası var idi ki, klassik marksizmi tamamilə dəyişmişdi. Birinci ideya ondan ibarət idi ki, əhali tərkibinə görə kəndli olan “üçüncü dünya” ölkələri xaricdən kapitalist istismarına məruz qalarkən, inqilabi qüvvəyə çevrilirlər.

Lenin işçilərin və kəndlilərin ittifaqından danışırdı. Mao daha irəliyə gedir. Onun nəzəriyyəsində kəndlilər artıq sadəcə olaraq işçilərin öz ardınca aparmalı olduğu geridə qalmış kütlə kimi çıxış etmirlər. Mao göstərirdi ki, çin kəndlilərinin xüsusi təşkilati, ideya, mədəni potensialı var. O, işçi sinfi olmadan hərəkət edə bilməz, amma məhz o, inqilabda həlledici rol oynayır. Xalq müharibəsi illərində Mao bir şüar irəli sürdü: “Kəndlər şəhərləri mühasirəyə alır!”. İşçi hərəkatı Şərq sahilindəki şəhərlərdə uğursuzluğa düçar olduqdan sonra, kommunistlər kəndlərə gedirdilər və orada yeni sosial baza tapırdılar.

Əgər demək uyğundursa, reqressiya və ya klassik marksizmdən rus xalqçılığına doğru müəyyən nəzəri təkamül baş verdi. Amma hər şey bu qədər sadə deyil. Məsələn, Lenin, xalqçılığın və kəndli sosializminin, icma üsulunun və s. prinsipial tənqidçisi ikən, təcrübədə Kautski və Plexanovun öyrətdiyi ortodoksal marksizm üzrə hərəkət etmirdi. Başqa məsələdir ki, Lenin təkidlə öz nəzəri yenilikçiliyini inkar edirdi və özünü sadəcə olaraq sələflərininin ideyalarına sadiq olan ortodoksal marksist kimi təqdim edirdi. Marks  həmçinin xüsusilə ortodoksal marksist deyildi. Onu rus xalqçılığı maraqlandırırdı və o qeyd edirdi ki, onun ideyaları Qərbi Avropa materialları əsasında formalaşıb. Onları başqa yerlərdə uğurla tətbiq etmək üçün marksizmi yeni ictimai təcrübədən çıxış edərək dərk etmək lazımdır. Mao da məhz bununla məşğul olurdu.

Digər tərəfdən, 1960–cı illərdə, “Böyük sıçrayış”ın iflası aydın olduqda, Çinin sənayeləşməsinin sovet ssenarisi üzrə uğurla gerçəkləşməsinin mümkün olmadığı aşkar olduqda (ölkə çox geridə qalmış idi), Mao, həmişə olduğu kimi, günahkarları axtarmağa başlayır. Və onları partiya aparatı simasında tapır. Mədəni inqilab partiyanın əvvəlki onillikdə uğursuz və ehkamçı yanaşmasının doğurduğu siyasi böhrana cavab olur.

Burada 1930–cu illərin kütləvi repressiyalarla başa çatmış sovet “təmizləmələri” və çin mədəni inqilabı arasında vacib fərq aşkar olunur. Sovet ziyalıları tərəfindən başa düşülməmiş fərq. Fərq heç də qəddarlıq ölçüsündə deyil.  Çində qəddarlıq daha az deyildi. Amma siyasi mübarizə metodları tamamilə başqa idi. Stalin repressiv aparata, gizli polisə, struktura, bürokratiyaya əsaslanırdı. Bürokratiyanın bir hissəsi digərini təmizlədi, sonra isə müəyyən dərəcədə özünü təmizləməyə başladı. Terrorun rəhbərləri – Yejov və Beriya – öz həyatlarını qurbanları kimi başa vurdular. Qəddar polis maşını fəaliyyət göstərirdi ki, o, müəyyən yolla düzəldilir, yenidən istehsal edilirdi.

Mao başqa yolla getdi. O, repressiyaları demokratiya elementinə çevirdi. Və ya demokratiyanı repressiv etdi. O sadəcə olaraq şüar səsləndirdi: “Ştablara atəş açın!”. O, xalqa müraciət etdi və ona azadlıq verdi. Amma bir şeydə azadlıq – inqilabın düşmənlərini müstəqil şəkildə tapmaq və cəzalandırmaq azadlığı.

Və xalq kütlələri onun səsinə səs verdilər. Həmçinin gənclik, birinci, ikinci kurs tələbləri də hay verdilər. Həmçinin Qərbdə olduğu kimi, birinci nəsil savadlı insanlar da səs verdilər. Onlara özləri üçün yer təmizləmək, vəzifələr, iş yerləri, həyatda perspektivlər əldə etmək lazım idi. Öz əlləri ilə onlara mane olanlara divan tutmağa başladılar. Bu, özlüyündə çox demokratik idi.

(c) SOLFRONT.org

 


Oxşar yazılar:

Baxış sayı:8736