abunə ol: Yazılar | Şərhlər | Еmail

Herbert Uells Oktyabr inqilabı haqqında

Şərh

Yazıçının 1920-ci ildə Oktyabr inqilabından sonra Rusiyaya səfəri ilə bağlı xatirələrinin əks olunduğu “Rusiya qaranlıqda” əsərindən hissələr

***

Əsas faciə qabiliyyətsiz çarizminn tamamilə dözülməz olduğu 1917-ci ildə baş verdi. O, ölkəni dağıtdı, ordu üzərində nəzarəti və bütün əhalinin etimadını itirdi. Onun polis quruluşu zorakılıq və talan rejimində iflasa uğradı. Çarizmin süqutu qaçılmaz idi.

Amma Rusiyada onun əvəzinə gələ biləcək başqa hökumət yox idi. Bir çox nəsillər boyu çarizmin səyləri özünün digər hökumətlə əvəz olunması üçün istənilən imkanı məhv etməyə yönəlmişdi. O hakimiyyətdə nə qədər pis olda da, heç cür əvəz edilə bilmədiyi üçün qalmışdı. İlk rus inqilabı Rusiyanı diskussiya klubu və siyasi döyüş meydanına çevirdi. Fəliyyət göstərməyə və məsuliyyəti üzərinə götürməyə alışmamış liberal dairələr Rusiyanın konstitusiyalı monarxiya, liberal respublika, sosialist respublikası və s. olması barədə səs-küylü mübahisələrə  atıldılar. Bütün bu hərc-mərclik arasında “möhtərəm liberal” Kerenski seçilirdi; zirvəyə müxtəlif avantüristlər, “güclü şəxsiyyətlər”, psevdogüclü şəxsiyyətlər, rus monaxlar və bonapartları iddia edirdilər. İctimai asayişin sonuncu qalıqları da itmişdi. 1917-ci ilin sonuna doğru Moskva və Petroqradın küçələrində qətl və qarətlər Londonun küçələrindəki avtomobil hadisələri kimi adi hala çevrilmişdi, bir fərqlə ki, birincilərə daha az diqqət ayırırdılar. Reveldən gedən paroxodda bu misilsiz anarxiya vaxtı Moskvada olan “Amerikan Xarvester Kompani”nin sabiq nümayəndəsi olan amerikanla rastlaşdım. O mənə günün günorta çağı baş verən qarətlərdən, saatlarla arxda qalan cəsədlərdən danışdı, öz işləriylə məşğul insanlar həmin cəsədlərin yanından biz səkidəki ölü pişiyin yanından keçən kimi keçirmişlər.

 Bu atəşli, çaxnaşmanın ağuşuna aldığı ölkəyə gözlərinin qabağında baş verən ölçüsüz faciənin mahiyyətini anlamağa qabil olmayan İngiltərə və Fransanın nümayəndələri gəlirdi. Onlar yalnız müharibə haqqında düşünür və ruslardan döyüşməyə davam etməyi və Almanyaya qarşı yeni hücuma başlamağı təkidlə tələb edirdilər. Amma almanlar Pribaltika və dəniz üzərindən Petroqrada girəndə Britaniya admirallığı ya yalnız qorxudan, ya da monarxistlərin intriqaları üzündən Rusiyanın köməyinə gəlmədi. Bunu mərhum lord Fişer də tamamilə aydın şəkildə təsdiq edirdi. Ölümcül xəstə olan bu bədbəxt ölkə sayıqlayaraq ölümə yaxınlaşırdı

Bütün Rusiyada və dünyaya səpələnmiş ruslar arasında vahid inam, iradə, proqramla birləşmiş yeganə təşkilat var idi: bu,kommunistlərin partiyası idi. Bütün qalan Rusiyanın ya kəndlilər kimi passiv olduğu, ya səmərəsiz mübahisələrlə məşğul olduğu, zorakılığa satıldığı, ya da qorxudan əsdiyi vaxtda kommunistlər öz ideyalarından ilhamlanaraq fəaliyyətə hazır idilər. Kommunistlərin sayı çox azdır: Onlar indi də Rusiya əhalisinin 1 %-dən də azını təşkil edirlər. Partiya üzvlərinin sayı 600.000dən, aktiv üzvlərin sayı güman ki, 150.000 dən çox deyil. İstənilən halda onlar dağılan imperiyada hakimiyyəti ələ keçirə və saxlaya bildilər, çünki həmin qorxulu günlərdə insanlara vahid proqram, hərəkət planı və qarşılıqlı inam hissi verən yeganə təşkilat idilər. Bu Rusiyada yeganə mümkün olan, ideya baxımından həmrəy olan yeganə hökumət idi. Rusiyanı qərb ölkələrinin dəstəyi ilə parçalayan şübhəli avantüristlər –Denikin, Kolçak,Vrangel heç bir prinsipial mülahizələrə əsaslanmırlar, xalqın həmrəyliyi üçün lazım olan davamlı, etibarlı özül təklif edə bilmirlər. Mahiyyətcə onlar quldurdular. Kommunistlər – haqlarında  nə danışılır danışılsın – ideya adamlarıdır və şübhə etmək olmaz ki, onlar  öz ideyaları uğrunda mübarizə aparacaqlar. Bu gün kommunistlər mənəvi baxımdan bütün rəqiblərindən yüksəkdə dayanırlar. Onlar mülkədarlardan torpaqlarını almağa icazə verməklə və Almaniyayla sülh bağlamaqla kəndlilərin passiv dəstəyini təmin etdilər. Çoxsaylı güllələnmə hesabına onlar böyük şəhərlərdə qayda-qanunu bərpa etdilər. Eyni zamanda icazəsi olmadan silah gəzdirən istənilən adamı güllələyirdilər. Bu primitiv, qanlı, amma effektiv tədbir idi. Hakimiyyəti əlində saxlamaq üçün kommunist hökumət Fövqəladə Komissiya yaratdı, ona hüdudsuz səlahiyyətlər verdi və qırmızı terrorla istənilən müqavimətin qarşısını aldı. Qırmızı terror dəhşətli qəddarlıqlara görə günahkardır: onu sinfi nifrətdən və əks-inqilab qorxusundan kor olmuş dardüşüncəli adamlar həyata keçirdilər, amma bu fanatiklər böyük ölçüdə vicdanlı idilər. Bir sıra istisnalar  xaric olmaqla, Fövqəladə Komissiyanın güllələnmə tədbirləri müəyyən səbəblərə əsaslanır və müəyyən məqsədlər  güdürdü və bu qırğının, mənə deyilənə görə Sovet Qırmızı  Xaçını da tanımayan Denikin rejiminin mənasız qantökməsi ilə heç bir oxşarlığı yox idi. Və mənim fikrimcə, indi Moskvadakı bolşevik hökuməti Avropanın hansısa hökumətindən daha dayanıqsız deyil və rus şəhərlərinin küçələri də Avropa şəhərlərinin küçələri kimi təhlükəsizdir.

Sovet hökuməti yalnız öz mövqeyini gücləndirib nizam-intizamı bərpa etmədi, həm də yenidən döyüş qabiliyyətli rus ordusu yaratdı; bunda keçmiş pasifist Trotskinin rolu az deyil. Ordunun bərpası, əlbəttə,   böyük uğurdur. Mən rus ordusuyla yaxından tanış olmadım, məni Rusiyada başqa məsələlər maraqlandırırdı, amma Moskvada sovet hökuməti ilə hansısa gizli danışıqlar aparan bacarıqlı amerikalı maliyyəçi cənab Vanderlip çoxminlik hərbi hissələrin nümayişində iştirak etdi və onlarin hərbi ruh yüksəkliyinə və təchizatına heyran oldu. Mən oğlumla cəbhəyə yollanan bir neçə hərbi hissə və yeni  seçilmişlərin dəstələrini gördük və məndə belə bir təəssürat oyandı ki, onların döyüş ruhu 1917-1918-ci illərdəki Londondakı ingilis çağırışçılarının döyüş ruhundan aşağı deyil.

İstənilən halda, Rusiyada belə əminliklə möhkəmlənən bolşeviklər kimdir? İngilis mətbuatının ən ağılsız hissəsinin versiyasına görə, bunlar hansısa sirli rasist birliyinin iştirakçıları, yəhudi, yezuit, frankmason və almanların ən vəhşi obrazda qarışdığı gizli cəmiyyətin agentləridirlər. Əlində isə bolşeviklərin ideya, metod və hədəflərindən daha az sirli bir şey yoxdur, onlar təşkilatları da gizli cəmiyyətə bənzəmir. Amma bizdə, İngiltərədə ümumi ideyalara naqabil elə bir xüsusi düşünmə obrazı mövcuddur ki, ən sadə insani reaksiyaları belə hansısa sui-qəsdçilərin fəaliyyəti ilə izah edirik. Məsələn, Esseksdə bir  gündəlikçi uşaq ayaqqabı qiymətlərin öz qazancından daha sürətlə artmasına hiddətlənsə, “Tayms” və “Morninq Post”un naşirləri buna Keniqsberq ve ya Pekindəki hansısa sirli cəmiyyətin məkrli təbliğatının nəticəsi kimi baxacaqlar; onlar təsəvvür edə bilmirlər ki, o, bu ideyaya başqa harda yiyələnə bilər. Birliklərin maniakal xəstəliyi o qədər geniş yayılıb ki, bu xəstəliyə tutulmadığım üçün üzr istəməyə məcburam .Mənə elə gəlir ki, bolşeviklər elə özlərini təqdim etdikləri kimidirlər və mən onlara düz və vicdanlı adamlar kimi münasibət göstərməyə məcbur oldum. Onların mövqeləri ve metodları ilə razı deyiləm, amma bu başqa məsələdir.

Bolşeviklər sosialist-marksistdirlər. Marks Londonda 40 il əvvəl vəfat edib, amma onun təlimimin təbliği yarım əsrdən çoxdur ki, davam edir. Təlim bütün dünyaya yayılıb və demək olar ki, hər ölkədə çox olmasa da, əqidəli davamçılara malikdir. Bu,dünya iqtisadi vəziyyətinin yeganə aqibətidir. Hər tərəfdə, hər yanda marksizm eyni məhdud ideyaları elə həmin formullarda ifadə edir. O, beynəlmiləl qardaşlığın kultuna, simvoluna çevrilmişdir. Bolşevik ideyaları ilə tanış olmaq üçün rus dilini öyrənmə zərurəti yoxdur. Siz onları London “Plebs”ində, ya da Nyu-york “Libereytor”unda eynilə rus  ”Pravda”sında ifadə olunmuş kimi tapa bilərsiz. Onlar heç nəyi gizlətmirlər, hər şeyi açıq danışırlar. Onların danışdıqlarını və yazdıqlarını marksistlər həyata keçirməyə çalışırlar.

***

İngiltərədəki rus emiqrantlarının siyasi siması ikrah doğurur. Onlar usanmadan “bolşeviklərin vəhşilikləri”ni təsdiq edirlər: kəndlilər malikanələri yandırırlar, dağılmış əsgərlər insanları kar döngələrdə oğurlayır və qətlə yetirirlər, bunların hamısı – bolşevik hökumətinin işidir. Onlardan bunun yerinə hansı hökumət istədiklərini soruşsanız, həmsöhbətlərinin güman edilən siyasi simpatiyasına əsaslanaraq,  köhnəlmiş cəfəngiyyat danışacaqlar. Onlar növbəti fövqəlinsanı, nəhayət, nizam yaradacaq Denikin ya da Vrangeli tərifləyərək ürəyinizi bulandıracaqlar, amma bir allaha məlumdur ki, o bunu necə edəcək. Bu emiqrantlar çardan yaxşısına layiq deyillər, onlar hətta hansı çarı istədiklərinə qərar vermək iqtidarında belə deyillər. Rusiyada qalan rus ziyalılarının ən yaxşı hissəsi tədricən Rusiya naminə bolşeviklərlə  həvəssiz də olsa, vicdanla əməkdaşlıq etməyə başlayırlar.

***

Bolşeviklərin özləri – marksist və kommunistlərdir. Artıq dediyim kimi, onların hakimiyyətə gəlişi Karl Marksın təliminə tamamilə zidd şəkildə baş verib. Onların bütün gücü hücumlara, müdaxilələra, blokadalara və qərb dövlətlərinin qəddar inadkarlıqla faciəvi müsibətdən təsirlənmiş ölkəyə etdikləri hər növ fəlakətlərə qarşı dərin vətənpərəvər mübarizəyə sərf olunub. Onların qalan gücü Rusiyanı ac ölümdən xilas etməyə və ümumi xarabalıq arasında ictimai asayişi qurmağa gedir. Artıq dediyim kimi, bolşeviklər dövlət xadimi kimi birmənalı olaraq təcrübəsizdirlər – onlar Cenevrə və Xempsteddən olan intelligent-emiqrantlar və Birləşmiş Ştatlardan qayıdan nisbətən az mədəni işçilərdir. Misir, Suriya və Mesopotomiyada hakimiyyəti ələ keçirən ilk müsəlmanlardan bəri tarix belə diletant hökumətə şahidlik etməyib.

Mən düşünürəm ki, bolşeviklərin çoxu qəlblərinin dərinliklərində qarşılarında duran vəzifələrinin miqyasına görə narahatlıq keçirirlər. Amma onları, həm də müvafiq olaraq Rusiyanı bir şey – onların kommunist etiqadları xilas edir. İngilislərə də sualtı müharibə vaxtı aydın oldu ki, aclıq qarşısında şəhər əhalisinin 2 çıxış yolu var: ölüm ya da ictimai nəzarət. İngiltərədə biz ərzağın bölüşdürülməsinə nəzarət etmək və spekulyasiyaları sərt qanunlarla əzmək məcburiyyətində qaldıq. Kommunistlər Rusiyada hakimiyyətə gələn kimi öz etiqadlarına əsaslanaraq bunların hamısıni dərhal həyata keçirdilər və bununla da ölkədə hakim olan xaosun qarşısını almaq yolunda ən vacib addımı atdılar. Bütün rus adət və ənənələrinə zidd olaraq, onlar ən sərt nəzarət və normalaşdırma qaydaları müəyyən etdilər. Onların kart sistemi, görünür ki, Rusiyadakı hazırki istehsal və istehlakın xarakter və şərtlərinin imkan verdiyi müddətdə həyata keçiriləcəkdir; kağız üzərində o tamamilə misilsizdir. Səhvləri  və çatışmazlıqları tapmaq asandır, amma onlardan çıxış yolunu göstərmək əldən düşmüş və pozulmuş ölkədə daha çətindir. Rusiya indi elə vəziyyətdədir ki, əgər bolşeviklərin hakimiyyətdən getdiyini və əvəzinə yenihökumətin – fərqi yoxdur hansı – gəldiyini fərz etsək, o da bolşeviklər tərəfindən tətbiq edilmiş kart sistemini saxlamalı, sərt cəzalandırmaya davam etməli, spekulyantları gülləməli və şübhəli siyasi avantüraların kökünü kəsməlidir. Blokada və aclığın ağır şərtlərində bolşeviklər başqa hökumətin zərurətə əsaslanıb edəcəyi şeyləri öz əqidələrinə əsaslanıb edirlər.

Böyük çətinliklər qarşısında onlar keçmişin qalıqlarından yeni Rusiya qurmaq istəyirlər. Onların ideya və metodları haqqında mübahisə etmək mümkündür, onların planlarını utopiya adlandırmaq, etdiklərini məsxərəyə qoymaq və onlardan qorxmaq mümkündür, amma onu inkar etmək olmaz ki, indi Rusiyada quruculuq işləri gedir.

***

Herbert Corc Uells – tanınmış ingilis sosialist yazıçı, daha çox “science-fiction” janrındakı əsərləri ilə tanınır, bu janrın banilərindən hesab edilir. “Dünyaların savaşı”, “Görünməz adam” və s. məşhur əsərlərin müəllifidir. İnqilabdan sonra Rusiyaya 3 dəfə səfər etmiş, Lenin və Stalinlə görüşmüşdür.

 (c) SOLFRONT.org

Mənbə: lib.ru

Oxşar yazılar:

Baxış sayı:10233