abunə ol: Yazılar | Şərhlər | Еmail

Məmməd Süleymanov – Rusiyadakı seçkiyə sözardı…

Şərh

Rusiyadakı prezident seçkiləri tarixdə ilk web-seçki oldu. Otur kompüterin qabağında, aç saytı və istənilən seçki məntəqəsində səsverməni izlə. Rabitə nazirinin sözlərinə görə, ucsuz-bucaqsız ölkədə vur-tut bircə seçki məntəqəsində kamera quraşdırılmadı – Maqadanın hansısa kəndində. Oraya siqnal çatmır.

Bu unikal taktika ilk növbədə Putinin özünə arxayınlığından xəbər verirdi. O, əmindi ki, seçkiləri udacaq, həm də ilk turdaca. Elə də oldu.

Ayrı-ayrı məntəqələrdə aşkar pozuntuları hamı izlədi. Məsələn, Dağıstanda seçicilər bülletenləri dəstə-dəstə tullayırdılar (orada nəticələr ləğv edildi). Ən çox qayda pozuntuları Şimali Qafqazda oldu. Bu da gözləniləndi.

Qeydə alınan pozuntular yekun nəticəyə təsir etməyəcək gücdə idi. Yəni, “havanı onlar formalaşdırmırdı”, son göstəriciyə həlledici təsiri yoxdu. Əks halda internet məkanını narazıların bitib-tükənməyən sübut-dəlil rolikləri doldurardı.

Opponentlər ənənəvi seçkilərdə ayaqlarını bir başmağa dirəyə bilərdilər, ancaq web-seçkidə bu, mümkünsüz. Kor kor, gör gör. Putin rəqiblərini onların ən çox ümid bəslədikləri taktika ilə vurdu. Hətta ABŞ-dan maliyyələşən “Qolos” da Putinin ilk turda qələbəsini təsdiqlədi.

Bunlar bəllidir, bəs bizə nə dəxli var? Yəni, Azərbaycan hakimiyyəti və müxalifəti baş verənlərdən hansı dərsləri çıxaracaq? Siyasi mübarizədə yeni Rusiya modelinin hansı əks-sədasını eşidəcəyik?

*** 

Putin personaj kimi mənim üçün məqbul siyasətçi deyil. Ancaq bu, heç bir halda cığallıq etməyə bəhanə olmamalıdır ki, onu saxta və qeyri-legitim prezident adlandırım. Xeyr, o, seçkiləri təmiz uddu (yenə təkrarlayıram: qeydə alınan pozuntular son nəticəni dəyişəcək gücdə deyildi). “Putin yox, bəs kim?” həllsiz dilemması öz işini gördü. Alternativsizlik. Haradasa spesifik “Hamburq hesabı”.

Putinin gücü rəqiblərinin zəifliyindədir. İdeologiyası ilə partiyasının adı ziddiyyət təşkil edən Züqanov, 20 illik kloun “Jirik”, “nə ət, nə balıq” Mironov, oliqarx Proxorov ona rəqib ola bilmədilər və bilməzdilər də. Seçkiyə buraxılmayan Yavlinski, yaxud hər hansı sağ spektr nümayəndəsini də eyni məğlubiyyət gözləyəcəkdi. Sol marginal Limonovu həmçinin.

Yəni, Putinin seçilmək şansları o qədər şəffafdı ki, hətta web-seçkilərə getdi. Bununla da əks tərəfdəki nəhəng vakuumu sərgilədi.

Əlbəttə, hakimiyyətin təbliğat maşını, administrativ aparatı, 2 onillikdir davam edən permanent zombiləşdirmə, “narıncı inqilab”la və Rusiyanın dağılması ehtimalı ilə qorxutmalar öz işini gördü. Ancaq bu, heç bir halda müxalifətin ifrat zəif olması faktını “yumşaltmır”.

Martın 5-də Puşkin meydanında müxalifətin keçirdiyi mitinqdəki əcaib və neqativ emosiyaların fontan vurduğu çıxışlar da bunu sübut etdi. Səhnəyə Aleksey Navalnı çıxır və 10 dəqiqəlik çıxış edir. Yox, bu, seçicilərə hörmət bəsləyən, onları savadlı, “orta sinif”dən sayan (anti-putin aksiyalarının iştiraçıları isə yoxsullar yox, məhz “dağ siçanları”dır) birisinin çıxışı deyildi. Bu, şüurlu vətəndaşa yox, lümpenə səslənən isterikin çıxışı idi. “Burada hakimiyyət kimdir?” – Navalnı qışqırır. Etirazçılar “Bizik!” deyir. Navalnı eyni sualı bu dəfə daha gur səslə qışqırır. Yenə eyni cavab. Üçüncü dəfə bağırır – üçüncü dəfə qışqırıq cavabları. Polis isə kənarda qımışıb mızıldanır: “Əlbəttə, biz…”

Navalnının çıxışı ağıllı adamın ağıllı auditoriyaya səslənişi deyildi. Bu, Mussolininin isterikalarına daha çox bənzəyirdi. Özünüz deyin: təbliğat və çıxışların səviyyəsinə görə Rusiya iqtidarı ilə müxalifətinin hansı keyfiyyət fərqi var? Heç bir.

Və bundan sonra “3 ay əvvəlki qəzəb enerjisini klounlar söndürdü” deyən Limonovla razılaşmamaq çətindir. Putin də, əleyhdarları da auditoriyaya eyni ştamplarla müraciət edirlər. Putin televiziyası ilə əleyhdarlarının internet-radio, sayt və bloqlarının leksikonunda və təbliğat priyomlarında da heç bir fərq yoxdur. Bu isə siyasi müxalifət üçün irəliləyiş yox, yağlı bir minusdur.

***

 Əlbəttə, Azərbaycanda web-seçki keçirilməsi ehtimalına inanmıram. Bu, illüziyadır. Çünki, bizdəki seçki pozuntularının sayı, “karusellər”in miqyası istənilən seçkinin (bələdiyyədən prezidentə qədər) nəticəsinin qeyd-şərtsiz tanınmaması demək olacaq. Ancaq Rusiya seçkilərindən faydalanmaq üçün iqtidar xeyli bilgi toplamağı bacardı.

Bəs müxalifət? Rusiya müxalifətinin səhvləri əyani dərs ola bilər. Puşkin meydanında Sol-çu Udaltsov “Bizim səhvimiz gücümüzü və imkanlarımızı şişirtməyimizdə oldu” dedi. Yəni, bu rəngbərəng müxalifət (Udaltsov və Nemtsovun bir yerdə olması absurd deyilmi?!) inanırdı ki, web-seçkilər məhz onların qələbəsini fiksə edəcək. Rəqiblərini zəif saymaqda haqsız idilər – bu, bir. Özlərinə Güc kimi baxmaqda da haqsız idilər – bu da iki…

Onlar ortaya heç bir fər(q)li taktika, ideologiya, təbliğat, strategiya, avanqard və qəbul olunan lider qoymadan seçkiləri udmaqda israrlıydılar. Bu isə siyasi əfəllikdir.

Rusiya xalqı isə onlara yox, oliqarxların patronu olan diktator Putinə səs verdi. Yəni, Putin açıq mübarizədə udmuş legitim prezidentdir. Bundan sonra müxalifət bu reallıqla barışıb ya şounu davam etdirməlidir, ya da Limonovun söylədiyi kimi etməlidir. Limonov isə martın 6-da söylədi: “Biz başqa yolla gedəcəyik. Qapını örtün”.

 ***

 Müştəbehlik fərsizlərin daxili enerji mənbəyidir…

P.S. Bir dostum “Əgər Ksyuşa Sobçak Putinin əleyhinədirsə, onda mən lehinəyəm” dedi. Bu, Brodskidən xatırlatma idi: “Əgər Yevtuşenko kolxozların əleyhinədirsə, onda mən lehinəyəm”…

Çox mənfur dilemmadır…

(c) SOLFRONT.org


Oxşar yazılar:

Baxış sayı:3811