abunə ol: Yazılar | Şərhlər | Еmail

Məmməd Süleymanov – Toplaşmamaq qanunu…

Şərh

Noyabrın 2-də Azərbaycanın əsas məclisində “Toplaşmaq haqqında qanun”a dəyişikliklərə səs verən deputatlar görən cəmisi 2 gün əvvəl Bakıda keçirilmiş “Zombi paradı”ndan xəbərdardılarmı? Bu parad üçün icazə alınmışdımı və oradakı görüntülər, iştirakçıların sir-sifəti ətrafdakı yaşlı adamların və uşaqların zövqünü nə qədər oxşaya bilərdi? Ritorik suallardır. Ancaq bu “zombi” sözündə bu günkü məmləkətimizlə çulğaşan nəsə bir ülvi bağlılıq var.

Bəzən hadisələrin spontan ardıcıllığı elə gözlənilməz məntiq zənciri yaradır ki, mat qalırsan. Çalışsan, planlaşdırsan, heç bu cür maraqlı alınmazdı: “Zombilərin paradı” keçirilən şəhərdə sərbəst toplaşmaq azadlığının qanunla ləğvi. Birincisinə nə icazə lazımmış, nə də “zombilər” ətrafdakıların psixi dincliyini pozurmuş. Ancaq istənilən siyasi və ya sosial tələb səsləndirən vətəndaşlar təhlükəli və qanundan kənarmış. Yəni, seçim bol deyil – ya “zombi”, ya da susmaq.
Parlamentdə dəyişikliklərə “Hə” deyən 105 deputat bu qənaətdədir ki, yeni qaydalar heç də unikal deyil, yəni başqa dövlətlərdə də bu cür yüksək cərimələr var, hətta bunun üçün “30-a qədər dövlətin qanunvericiliyinin öyrənildiyi” fikri də səsləndi. Yəni, dünyanın 4 yanında bu cürdür, Azərbaycan rejimi isə çox yumşaqmış, sanksiyalarda gecikib, nəhayət “Avropa standartlarına uyğunlaşmaq” vaxtının çatdığını anlayıb. Və qəribəlik ondadır ki, bu deputatlar müəyyən qədər haqlıdırlar. Ancaq məhz “müəyyən qədər”. Çünki, o dövlətlərin əksəriyyətində qanun kütləvi aksiyaların keçirilməsinin yox, aksiyalar zamanı qanun pozuntularının qarşısının alınmasına xidmət edir. Bizdə isə yeni düzəlişlərlə məhz istənilən “əlverişsiz” aksiyanın keçirilməsinin qarşısını almaq məqsəd kimi seçilib.
Bununla da, sərbət toplaşmaq azadlığı kağızda qalacaq, reallıqdan isə tamamilə yox ediləcək. Digər azadlıqlar kimi, güclü iqtisadiyyat, sosial siyasət, keyfiyyətli təhsil, pulsuz səhiyyə… kimi.

***

Dünya praktikasından misallara keçməzdən əvvəl, qısaca xatırlatma: Qanunvericilikdə qadağan olunmuş hallarda aksiya keçirməyə görə cərimələr 300 manatdan artırılaraq 5000-8000 manata çatdırıldı. Və anlaşılmayan odur ki, burada təşkilatçılarla sıravi iştirakçılara fərq qoyulmur.
Əgər aksiyaçı “həyat və sağlamlıq üçün təhlükə törədən əşya və maddələr”lə tədbirə qatılarsa, onu da 5000-8000 manat məbləğində cərimə gözləyir (əvvəllər bu rəqəm 100-500 manat idi). Yenə də eyni “Drakon rəqəm”lə cəriməyə “ictimai qaydaları kobud surətdə pozanlar” məruz qalacaq (indiyədək bu, 500 manata başa gəlirdi). Yəni, polisə müqavimət göstərib dağılışmayanlar, mağazaların vitrinlərini qıranlar, nəqliyyatın hərəkətini iflic edənlər və s.
Heç bir şübhə doğurmur ki, bütün bu qaydaları aksiya iştirakçılarının yerinə elə polis və provakatorlar pozurlar (və pozacaqlar). Yəni, superspesifik Azərbaycan reallığında əgər hakimiyyətə lazımdırsa, aksiyaçılar ən dinc, ən nizamlı, ən mədəni adamlar, lap əsl qandiçilər və pasifistlər olsa belə, dincliyi təmin etmək nonsensdir. İndiyədək toplanmış zəngin təcrübə bu hökmü çıxarmağa yetərlidir. Elə buradan da qanuna dəyişikliklərin aksiyalar zamanı əmin-amanlığı qorumağa yox, məhz onların keçirilməsini hər vəchlə əngəlləməyə tuşlandığını söyləməyə bütün əsaslar var.
Bu cəhətdən Azərbaycan Putin Rusiyasının yolu ilə gedir. Orada analoji qanun 2012-ci ilin iyununda qəbul olundu və prezident tərəfindən təsdiqləndi. Eynilə bizdəki yüksək cərimələr orada da var. Hətta qanun layihəsində maksimum cərimənin məbləği 1,5 milyon rubl (təxminən 50 min manat) təklif olunmuşdu, sonra bu rəqəm 300 min rubla (təxminən 10 min manat) qədər endirildi. Ancaq fərqlər də var. İlk növbədə, qanun layihəsinin geniş sosial rezonans və təpkilər doğurması. Bizdə isə cəmisi 10-15 min adam mürtəce qanundan xəbər tutdu.
İkincisi, Rusiya Duması qanun layihəsini müzakirə edərkən çox nadir bir hadisə baş verdi: müxalif deputatlar “İtalyan tətili” təşkil etdilər. İtaliya parlamentində dəbdə olan bu taktikanın mənası ondadır ki, layihədən narazı deputatlar təklif olunan dəyişikliklərin hər bəndi üzrə uzun-uzadı çıxışlar edir, səsvermənin isə ümumi yox, hər bənd üzrə ayrılıqda keçirilməsinə nail olurlar. Yəni, 30-40 dəqiqəlik prosedur uzanaraq 10-15 saat vaxt tələb edir.
Dumada da elə bu cür oldu. Ancaq hakim “Vahid Rusiya” partiyasının deputatları çox səbrli çıxdılar, səhər başlayan iclasda gecə saat 3-ə kimi oturdular (Yuxarının əmrindən çıxmaq olmaz!) və qanunun qəbuluna nail oldular. Bizdəki parlamentdə isə yeni qanun dəyişiklikləri sanki cari məsələymiş kimi müzakirə olunub 105 nəfərin “Hə”si ilə prosedur bitdi, bu müddətdə isə deputatlar hələ mətbuatı, Metsamor AES-i, sürücüləri də müzakirə etdilər. Bu da onların əhəmiyyətli bir məsələyə necə yüngüllüklə yanaşdıqlarının nümunəsidir.

İndi isə kütləvi aksiyalara görə cərimələrin dünya praktikası ilə tanış olaq. Və bu tanışlıqdan sonra sıravi vətəndaşda “ikili təəssürat” qalacaq. Yəni, liberalların çoxdan istehza etdikləri “əl idarəçiliyi”nin müasir demokratiyalarda çoxdan normal idarə metoduna çevrildiyini öyrənmək üzünü Qərbə tutanları fikir qırıqlığına salacaq.
Böyük Britaniyada sanksiyasız mitinq keçirilməsinə görə cərimə 400 funt sterlinqə qədərdir. Aksiya zorakılıqla müşayiət olunarsa, iştirakçıları 2000 funt sterlinqə qədər cərimə, yaxud 5 ilə qədər həbs cəzası gözləyir.
Almaniyada icazəsiz aksiyalara görə cərimənin maksimal məbləği 15 min avrodur. İtaliyada aksiyaçılar polisin dağılışmaq əmrinə tabe olmazlarsa, onları 1 aydan 1 ilə qədər həbs gözləyir.
ABŞ-da bütün kütləvi aksiyalar 40-45 gün əvvəldən hakimiyyət orqanları ilə razılaşdırılmalıdır. Bəzi şəhərlərdə isə aksiya keçirmək üçün 3 min dollar ödənilməlidir. Nəqliyyatın hərəkətinə maneələr yaradılarsa, 3000 dollar həcmində cərimə müəyyən edilib.
İsveçrədə icazəsiz aksiyalara görə cərimələr astronomik məbləğə çata bilər – 100 000 dollaradək (ekvivalentdə). İsveçdə isə icazəsiz mitinqlərin təşkilatçılarını 4 ilədək, iştirakçıları 2 ilədək həbs cəzası gözləyə bilər. Üstəlik, cərimələr də var.
Yaponiyada aksiyalar əvvəlcədən razılaşdırılmış şərtlərdən kənara çıxarsa, təşkilatçılar cinayət məsuliyyətinə cəlb olunurlar, ya da 50 min iyen (500 dollar) cərimə ödəməlidirlər…
Göründüyü kimi, Azərbaycan hakimiyyəti məclismenlərin əli ilə Qərbdəki sanksiyaları avtomatik olaraq yerli mühitə kopiyalamaqdadır. Haradasa cərimələrin məbləği bizdəkindən çox, haradasa azdır, ancaq hər yerdə var. Fərq isə motivlərdədir.
Qərbdə də aksiyalar hakimiyyət üçün təhlükə yarada biləcək variantların istisnası, yəni, “yuxarılar”ın müdafiəsi üçün tətbiq olunsa da, ümumilikdə bu aksiyaların keçirilməsini və təşkilini beşiyində boğmur. Ancaq Azərbaycandakı sanksiyalar kütləvi aksiyaları ümumiyyətlə mümkünsüz etmək üçün legitimləşdirilir. Əgər Almaniyada dinc aksiyaya çıxan sıravilərin və təşkilatçıların bu dincliyi qoruyub saxlamaq zəmanəti varsa, Azərbaycanda bu inam yoxdur. İstər güc strukturları, istər provakatorlar istənilən sakit yürüşü qanun pozuntuları qeydə alınan aksiyaya çevirə bilərlər – əgər bu, hakimiyyətə lazımdırsa. Hakimiyyətə isə lazımdır.
Ancaq bütün sərt sanksiyalara və reaksion qanunlara baxmayaraq, heç bir yerdə administrativ üsullarla narazılıqları heçə endirmək mümkün olmayıb. Buna ən bariz misallar 3-cü ildir davam edən ispan və yunan qiyamlarıdır. İstər “M-15” hərəkatı, istərsə də Yunanıstanda işçilərin və işsizlərin permanent qiyamı həbslər və cərimələrə baxmayaraq azacıq da olsa səngiməyib. Və əgər oralarda (eləcə də “Uoll-striti işğal et!” aksiyasında) aydan aya iştrakçıların həm sayı, həm də aktivliyi nisbi azalmağa doğru gedibsə, bunun səbəbi heç də qanuniləşdirilmiş repressiyalarda yox, etirazçıların yorğunluğunda, taktikanın böyük uğurla nəticələnməməsindədir. Yəni, hətta yunanlar da razılaşmağa başlayıblar ki, mitinqlər Sistemi dəyişmək üçün yetərsizdir, aylarla qışqırıb etiraz etdin, bəs sonra? Bu “sonra” isə hələlik yoxdur. Bu isə etirazların tükənməsi ilə yox, tamamilə fərqli, daha radikal taktikanın işlənməsi ilə nəticələnməlidir.
O ki qaldı Azərbaycana, bizdə vəziyyət fərqlidir. Parlamentin qanuna etdiyi dəyişikliklər hazırda olmayan kütləvi hərəkatları zəiflətmək üçün yox, gələcəkdə olacaq kütləvi etirazların profilaktikası üçün qəbul edilir…


Oxşar yazılar:

Baxış sayı:5223