abunə ol: Yazılar | Şərhlər | Еmail

Boris Kaqarlitski – Marksizm: “İstehlak və qiyam.Yadlaşma”

Şərh

SOLFRONT oxuculara tanınmış  rus sosioloqu, publisisti, siyasi elmlər namizədi Boris Kaqarlitskinin “Marksizm: tədris üçün tövsiyə olunmur”  kitabını azərbaycan dilində təqdim edir. Kitab marksist fikrin tarixini və təkamül yolunu, həmçinin marksizm daxilindəki ideoloji istiqamətləri və onun öz dövründə oynadığı, siyasi, iqtisadi və ictimai rolu əks etdirir, mövcud ideoloji istiqamətlərin əsas xüsusiyyətlərini və bir–birindən fərqləndirici cəhətlərini izah edir. Kitab sizlərə hissə – hissə təqdim olunacaq. Saytda tam şəkildə dərc edildikdən sonra kitabı bir neçə müddətdən sonra şəhərin mağazalarından əldə edə bilərsiniz.

Əvvəli                                                                                                        Növbəti

Boris Yulyeviç Kaqarlitski

Maksizm: Tədris üçün tövsiyə olunmur

1968-Cİ İL TUFANI

İslehlak və qiyam

  Qərbi Avropada 1945–ci ilin və ya hətta 1952–ci ilin işçisini təsəvvürünüzə gətirin. İnsanlar o zamanlar hələ çox kasıb yaşayırdılar, hələ burjuaziyanı bir kənara qoysaq, onların orta sinif üçün əlçatan olan rahatlıqlara hələ çıxışları yox idi. Amma 50-ci illərin ortaları – 60-cı illərin əvvəllərindən başlayaraq, cəmiyyətin böyük bir hissəsi orta sinfə çevrildi, insanlar burjua sivilizasiyasının həyat rifahına çıxış əldə etdilər. Maşınlar, az–çox orta şəraitli mənzillər, isti su, soyuducular, qaz plitələri, məişət avadanlıqları ortaya çıxdı. “İstehlak cəmiyyəti” yarandı.

Əvvəlki nəsil üçün evdə soyuducunun olması, əlbəttə ki, çox böyük hadisə idi. Amma yeni nəsil yetişdi ki, soyuducuya sitayiş etməyin heç nə maraqlı olmadığını düşünürdü. Dəyər orientasiyaları dəyişdi, nəsillər arasında uyğunsuzluq yarandı. Gənclik qiyam etməyə başladı. Onlar özlərini böyük qardaşları kimi xoşbəxt deyil, qəzəbli hiss etməyə başladılar. Halbuki çox vaxt keçməmişdi, cəmi 10–15 il.

Qəzəv gənc nəslin kütləvi radikallaşmasında, tələbə inqilablarında və şüurlu şəkildə köhnə elitalar üçün çağırış kimi qurulmuş davranış normaları sisteminin formalaşmasında özünü göstərdi. 1960–cı illərin “yeni solları” üçün tipik olan heyrətləndirici hərəkətlər dəsti buradan doğur. “Beatles” və rok musiqinin yaranmasından başlayaraq, yubkaların kəskin şəkildə qısalmasına qədər. Seksual inqilab başlayır. Bu, sadəcə olaraq gənclərin azad olunması deyildi, həm də cəmiyyətə çağırış idi. Siz istəyirsiniz ki, biz nəzakətli olaq, amma biz nəzakətsiz olacağıq! Biz öz valideynlərimizə oxşamaq istəmirik!

Etirazın iki ünvanı var. Bir tərəfdən, burjuaziyaya qarşı. Amma digər tərəfdən, bu, həm də öz valideynlərinə qarşı etirazdır. Bununla da darıxdırıcı şəkildə itaətkar görünən, burjua sistemində öz rolunu qəbul etmiş, kapitalizmin yeritdiyi dəyərləri mənimsəmiş işçi mühiti insanlarına qarşı.

Proletarların uşaqları əmindirlər ki, onların valideynləri inqilabın birinciliyini istehlakın mərcimək şorbasına dəyişiblər. “Yeni sollar” həm burjualara, həm də “köhnə sollara” qarşı çıxış edirlər.

Vyetnam müharibəsi davam edir. Mini–yubkalar, “Beatles” mahnıları ilə birlikdə, gənclər antimilitarist hərəkatlarda, müxtəlif növ radikal təşkilatlarda iştirak etməyə başlayırlar. Marksizm haqqında diskussiyalar da ortaya çıxır. Gənclər universitetlərdə təhsil alıblar, terminologiyanı, ümumi ideyaları mənimsəyiblər. Onlar Marksın dilini başa düşməyi öyrəniblər. Onlar üçün bu dildə danışmaq xoş idi, çünki bu, onları savadsız valideynlərindən (onlar bəlkə də özlərini marksist hesab edirdilər, amma “Kapital”ı oxumaq iqtidarında deyildilər), həm də burjuaziyadan, bayağı liberal dəyərləri  olan köhnə elitadan fərqləndirirdi.

Köhnə elitalara və işçi sinfinin ənənəvi missiyasına qarşı məyusluqla birlikdə köhnə sol partiyalara qarşı məyusluq da gəlir. Köhnə sollar kimlərdir? Onlar sosial–demokratlar və  kommunistlərdir. Mütəşəkkil işçi hərəkatı – həmkarlar ittifaqıdır, partiya bürokratiyasıdır. Bu maraqsızdır. Burada hərəkət, impuls, oyun yoxdur, bu, maşındır. Bəli, “köhnə sollar” öz işlərini yerinə yetiriblər, bəlkə də, çox yaxşı yerinə yetiriblər, onlara təşəkkür edirik, onlar bizə soyuducu veriblər. Bəli, onlar faşizmlə mübarizə aparıblar. Amma onlar bizə bu gün nə təklif edə bilərlər? Hansı ideyaları, hansı dəyərləri?

Bu vaxt sosial–demokratlar və kommunistlər öz kadrlarının istehsalı üzrə partiyalar kimi fəaliyyət göstərməyə başlayırlar.

Onlar, çox effektli şəkildə, yerli özünüidarə orqanları təşkil edirlər. Amma yenə də çox maraqsız işlərlə: zibilliklər, bələdiyyə nəqliyyatı, uşaq bağçaları ilə məşğul olurlar.

İnqilab isə başqadır!

İndi kommunistlər artıq inqilabi partiya deyil, hətta islahatlar partiyası da deyil, çünki islahatlar artıq edilib. Bu partiya yerli səviyyədə gündəlik xırda işlər partiyasıdır.

Bəs bu partiyalar öz tərəfdarlarına intellektual səviyyədə nə təklif edə bilərlər? Kommunistlər “Tərəqqi” nəşriyyatında dərc edilən dərslikləri bir sıra afrika dilləri daxil olmaqla, bütün dillərə tərcümə edirlər, amma onların cari suallara veriləcək cavabları yoxdur. Sosial–demokratlar… onlar lap maraqsızdırlar. Onlar, heç bir böyük ideya təklif edə bilməyən idarəçilərdir. Avstriyalı gənc sosial–demokratlardan biri köhnə yoldaşlarına müraciət edərək demişdi: “Wir Brauchen eine Vision!” (“Bizim yeni baxışa ehtiyacımız var!”), ona isə cavab vermişdilər: “Wer Visionen hat, soll zum Artzt gehen!” (“Kimin qarabasması varsa, həkimə getsin!”). Alman dilində baxış və qarabasma – eyni sözdür. Gənc insan gələcəyə baxışdan bəhs edirdi, onu isə qarabasmadan müalicə etmək üçün həkimə göndərdilər.

Yadlaşma

  Faşizmlə mübarizə aparan yuxarı nəsil üçün olduğu kimi, kiçik nəsil üçün tarix şərəfli mübarizə imkanı vermədi. Böyüklər hesab edirlər ki, bu böyük xoşbəxtlikdir – vuruşmaq lazım deyil, düşərgələr, aclıq yoxdur. Amma gənclərə hərəkət, şücaət lazımdır.

Yeni nəsil özlüyündə mübarizə cəbhəsi yaradır.

Onlar ilham mənbəyini haradan tapırlar? Birincisi, qərb cəmiyyəti haqqında total şəkildə korrupsiyalaşmış, istehlak məntiqinə və qismən – istehsal, özü də sərt təşkil olunmuş, insanı özünügerçəkləşdirmə imkanından məhrum edən istehsal məntiqinə tabe olmuş cəmiyyət kimi təsəvvür yaranır.

Henri Frod tərəfindən tətbiq olunmuş konveyer nədir? Çarli Çaplinin “Yeni dövr” filmini görənlər çox gözəl xatırlayırlar ki, Çarli necə konveyerin qarşısında dayanır və vaxtaşırı eyni əməliyyatı yerinə yetirir, ağlını itirənə qədər. İnsanları dayanmadan eyni sadə və monoton əməliyyatı yerinə yetirməyə məcbur edən konveyer xətti – şəxsin ifadə olunmuş yadlaşmasıdır. İnsan artıq özünə məxsus deyil, o, maşının əlavəsi kimi çıxış edir. O, istehsalda yadlaşıb, dövlətdə xarici hakimiyyətə tabe edilib, bürokratiya tərəfindən əzilib, texnologiyadan asılıdır. Başqa sözlərlə, insan texnologiyanı özü üçün yaratmır, texnologiya insanı özünə uyğunlaşmağa, adaptasiya etməyə məcbur edir. Yadlaşmış şəxs öz stresslərini istehlak ilə kompensasiya edir. Mağazanın piştaxtası önündə dayananda, o, özünü azad hiss edir. O, pulla dolu ciblərlə supermarketə girir və bacardığı hər şeyi rəflərdən qarmalamağa başlayır. Pul azadlıq verir! – ideoloqlar ona izah edirlər. Amma bu müqəddəs anda o əslində azad deyil, çünki onu reklam manipulyasiya edir, çünki o, rəflərdən yalnız oraya qoyulanı götürə bilər və yalnız pulunun çatdığı qədərini ala bilər. Müvafiq olaraq, bütün bu parametrləri müəyyən edən hökmranlığı əlində saxlayır. Nə qədər istehlak etmək lazımdır? Necə? Nə zaman? Bunlarına hamısına biz qərar veririk.

Sonralar Markuze bu tamamilə idarə olunan insanı “birölçülü insan” adlandırdı. Burada Markuze və erkən Marks arasında birbaşa paralel var və Markuze təsadüfi olmadan Marksın proletariatın yadlaşması haqqında yazdığı 1844–cü ilin Paris iqtisadi – fəlsəfi əlyazmalarına əsaslanmır.

İşçi – yadlaşmış şəxsdir, o özünə məxsus deyil, onun yalnız əməyi deyil, həm də şəxsiyyəti əhəmiyyətli dərəcədə özünə məxsus deyil. Əməyin yadlaşması ilə birlikdə şəxsiyyətin yadlaşması baş verir, çünki əmək – şəxsin ifadə imkanlarından biridir. Əmək üzərində nəzarəti itirərək, o özü üzərində nəzarəti itirir. Amma Marks vurğulayırdı ki, burada söhbət məhz proletarın istehsaldakı vəziyyətindən gedir. Marks üçün proletar istehlakçı deyil, o hər şeydən əvvəl istehsalçıdır. Bu, XIX əsrin kapitalizm şəraitinə uyğundur. O zaman orta siniflər, xırda burjuaziya istehlak edirdi. İşçi sinfi isə yoxsul əmək haqqı ilə yaşayırdı və bazarda ciddi əmtəə istehlakçısı kimi çıxış etmirdi. Buna görə də Marks bir tərəfdən vurğulayırdı ki, işçi qüvvəsinin istehsalı tələbatların minimal səviyyəsində baş verir ki, bu, insanı alçaldır. Digər tərəfdən isə, Marks yazır ki, proletara yalnız ən primitiv, heyvanı həzlər – qida, seks qalır. Cinsiyyət, Marksın  nəzər nöqtəsinə görə – bioloji bir əlamətdir. Burada “frankfurtlular” başqa fikirdə idilər, axı onlar Freydin tələbələridirlər. Onlar çox gözəl başa düşürlər ki, insan cinsiyyəti, heyvanlarda olduğu kimi, bioloji deyil. Onlar üçün cinsiyyət sferası bioloji amillərlə məhdudlaşmır. Bu daha mürəkkəb prosesdir. Amma digər tərəfdən, cinsiyyət sferası, onların fikrincə, bioloji sfera olmadığına görə, onlar burada da yadlaşmanın, qeyri – azadlığın təzahürlərini aşkar edirlər. Onlar insan şəxsiyyətinin təzahürü kimi cinsiyyət haqqında çox daha yüksək fikirdədirlər, amma əgər Marks burada repressiv başlanğıc görmürsə, onlar görürlər.

Repressiv dözümlülük

  “Frankfurtluların” təhlili qərb cəmiyyətini zahirən firavan və rəsmi olaraq azad, amma dərin səviyyədə total repressiv cəmiyyət kimi təsvir edirlər. Markuze “repressiv dözümlülük” haqqında danışır. O iddia edir ki, hətta demokratik prosedurlar da repressiv potensiala malikdir.

Repressiv dözümlülük nədir? İki cavab variantı var. Birinci, daha sadə olan ondan ibarətdir ki, cəmiyyət sənə çıxış etmək, düşündüyünü demək imkanı verir. Heç kim sənə səs salmağı qadağan etmir. Bəs nə üçün? Çünki desən də, deməsən də, sən heç nəyi dəyişdirə bilməzsən. İt hürər – karvan keçər.

Əgər sən heç nəyi dəyişdirə bilmirsənsə, azadlıq buxar buraxmağa çevrilir. Radikal kitablar nəşr etmək, marksizm haqqında diskussiyalar aparmaq olar, amma sizə qulaq asmırlar. Və bu sistem işləməkdə davam edəcək. Radikal intellektual impuls siyasi sistem tərəfindən mühasirəyə alınır, söndürülür: həmçinin demokratik institutlar vasitəsilə. İri partiyaların bürokratiyası xarici maliyyələşmədən asılıdır. Parlamentarizm institutları radikalları tədricən əhilləşdirirlər. Səsvermə aktına çevrilmiş qiyam sistemdə kosmetik dəyişikliklərlə başa çatır.

Digər interpretasiya ondan ibarətdir ki, özlüyündə kapitalizm uğuru, ona nail olanları ələ alır. Məsələn, liverpullu “Beatles”-i götürək. Budur, işçi mühitindən, proletar şəhəri Liverpuldan olan dörd radikal gənc. Bu o şəhərdir ki, burada istənilən vəziyyətdə yalnız leyboristləri seçirdilər. Leyboristlər arasında isə – həmişə sol qanadın nümayəndələri olur. Tamamilə “qırmızı” şəhər. Trotskizmin kütləvi hərəkat olduğu şəhər. Deyirlər ki, əgər leyboristlər parlamentə at irəli sürsələr, atı da seçərlər, çünki burjualara onsuz da səs verməyəcəklər. Ondansa ata səs verərlər.

Və liverpullu dördlük öz mahnılarını oxumağa başlayırlar, onların mahnıları sistemə meydan oxuma, ictimai zövqə sillə kimi səslənir. Əgər onlar hətta inqilab haqqında oxumasalar da, onlar kübar cəmiyyətdə qəbul olunduğu kimi ifa etmirlər. Amma gözlənilmədən burjua cəmiyyəti bu radikalizmi qəbul edir. Əgər nonkonformizmə tələb varsa, deməli, onunla ticarət etmək olar. “Beatles” çoxlu pul qazanır, şəksiz uğur əldə edir, ulduz, milyoner olur. Əgər siz özünüzə saray tikirsinizsə, inqilab haqqında istədiyiniz qədər oxuya bilərsiniz, niyəsə bu, artıq heç kimi ianndırmır. Hər şey çox pis qurtarır: “Beatles” fanatlarından biri çıxır və dördlüyün liderini – Con Lennonu öldürür.

Müxtəlif şəkildə dəfələrlə təkrarlanan bu hekayə – həmişə belə qanlı sonluqlu olmur. Radikalizmlə uğur qazanmaq olar, amma sən nə qədər uğurlusansa, o qədər az radikalsan. Məhz buna görə “yeni sollar” nəsli hələ istehlak cəmiyyəti pası ilə  dağıdılmamış “üçüncü” dünyada və sabiq müstəmləkə ölkələrində dayaq axtarmağa başlayır.

Qərb proletariatı onlara həddən artıq korrupsiyalaşmış görünür, o sistem tərəfindən inteqrasiaya edilib, öz ideologiyasını istehlaka dəyişib. Onun istehlakı sabiq müstəmləkələrdə həddən artıq istismarla təmin edilib. Unutmayın ki, bunlar 1950–ci illərdə baş verir, bu, müstəqillik zirvəsidir, anti–müstəmləkə inqilabı başlayır. Yaxın zamanlarda çin inqilabı baş verir, o hərfi mənada anti–müstəmləkə tipli deyildi, amma müstəmləkələrdəki insanları ilhamlandırdı. Sonra kuba inqilabı qələbə çaldı. Vyetnamda müharibə başladı. Hərbi əməliyyatlar orada, dayanmadan, 1940–cı illərdən bəri davam edir. Əlcəzairdəki azadlıq müharibəsi qələbə ilə başa çatdı. Həm dinc, həm də zorakı digər anti–müstəmləkə hərəkatları uğur qazanır.

Amma mübarizə hələ başa çatmayıb. Siyasi müstəqillik iqtisadi istismardan azad etmir. Tədricən dərk edilir ki, Qərb öz vətəndaşlarının böyük hissəsi üçün rahat burjua həyatını “üçüncü dünyanın” sümükləri üzərində təmin edir. Başqa məsələdir ki, dünya iqtisadiyyatının mahiyyətinin bu cür düzgün dərk edilməsi mifləşdirilməyə, bir sıra ideoloji obrazlarla örtülməyə başlanılır. “Üçüncü dünya” inqilabçısı qərb gəncliyi üçün qəhrəman olur. Sovet İttifaqı artıq heç kimi cəlb etmir, KPSS-in XX qurultayı artıq keçib, 1956–cı il macar inqilabı keçib. Artıq heç kim Sovet İttifaqından gözləmir ki, o, yeni cəmiyyətin cəlbedici modelini təklif edəcək. “Üçüncü dünya” isə – başqa məsələdir. Bu, cəmiyyətin modeli deyil, bu, yadlaşmamış, bir qədər dramatik məişətin davranış, mübarizə modelidir. Onların siyasi azadlıqları yoxdur, amma daxili azadlıqları var. Belə bir romantik obraz mövcuddur (Bayronu, gənc Puşkini xatırlayaq).

Tərcümə: Ləman Orucova                    (c) SOLFRONT.org


Oxşar yazılar:

Baxış sayı:9018