abunə ol: Yazılar | Şərhlər | Еmail

Məmməd Süleymanov – Bakıda neftçi etirazları

Şərh

“Acından ölür axı bu neftçi. Xaricdən gələn müğənnilərə milyonlar xərclənincə bunu ölkənin neftçisinə, vətəndaşına xərcləmək olmazmı? İldə gül bayramına boşuna milyonlar xərclənir, neftçilərin qazandığı pulları güllərə verib parklara dğzğrlər” – Sentyabrın 26-sında 4 saatlıq tətil edən Balaxanı neftçilərinin sözlərindəndir. Və bu, artıq siyasi tələblərin rüşeymlərinə bənzəyir. Belə getsə, ictimai tələblərin siyasi tələblərlə əvəzlənəcəyini çox gözləmək lazım gəlməyəcək…

Con Steynbekin məşhur sözləri burada yerinə düşür: “İnsanların qəlbində qəzəb salxımları süzülür və yetişir – ağır salxımlar, və onların tamam yetişməsinə artıq az qalıb”.

***

Balaxanı neftçiləri birinci tətillərini sentyabrın 20-də keçirdi. Həmin gün Azərbaycanda Neftçilər günü idi, telekanallar diktafonların içində üzən “baş neftçi” Rövnəq Abdullayevin banal raportunu göstərirdi və neftçilərin etiraz aksiyasını göstərmirdi. Sanki onlar heç yoxdurlar. Onlar isə tələblərini irəli sürüb 5 gün vaxt qoydular. Vədə tamam oldu, heç nə dəyişmədi və ikinci tətilə çıxdılar.

Tələblər isə Azərbaycan proletariatının düşdüyü acı vəziyyəti o qədər əyani əks etdirir ki! – maaşların azlığı, iş şəraitinin dözülməzliyi, sosial sığortanın yoxluğu, əmək müqavilələrinin maksimal az müddət üçün bağlanması (ki, istədikləri vaxt fəhləni işdən qova bilsinlər), müqavilənin surətinin onlara verilməməsi, maaş cədvəlinin fəhlələrə göstərilməməsi, sahiblərin işçilərlə bir qul kimi davranması, həmkarlar təşkilatının yoxluğu, tam hüquqsuzluq və köləlik.
“Şirkət rəsmiləri deyirlər ki, guya prezident İlham Əliyev neftçilərin maaşlarının artırılmasını istəmir. Onlar dedilər ki, guya prezident deyib maaşları qaldırmayın” – bu da neftçilərin “Yeni Müsavat” qəzetinə dediklərindəndir.
Bəli, “Bəxtiyar” filminin çəkildiyi və ya Mehdi Hüseynin “Abşeron” romanını yazdığı vaxtlardan min il keçib. Hər şey dəyişib, 20 illik fəlakətin sonu görünmür ki görünmür. Və nə qəribə ki, bu gün azəri neftçisinin tələb etdiklərinin əksəriyyəti hətta çar Rusiyası dövründə əldə edilmiş hüquqlardır. Daha SSRİ illərini demirik.
100 il əvvəlin Bakısında neftçilər o hüquqlara canları-qanları, bir də mütəşəkkillikləri ilə nail olmuşdular. Bu gün isə Balaxanı neftçilərinə heç digər peşə yoldaşları da qoşulmur. Fəhlələrin siyasi yetkinliyi zəif, avanqardı yoxdur. Odur ki, mübarizə ağ vərəqdən başlamalıdır. Bununla belə, neftçilərin dilindən həm də siyasi tələblərin eşidilməsi optimizm üçün yer qoyur.

***

Ötən əsrin əvvəllərinin Bakı neftçisi sinfi mübarizənin önündə gedirdi. O şanlı tarixi müasir fəhlələrə xatırlatmağın faydası böyükdür. Məsələn, 1904-cü ilin dekabrında Şendrikov qardaşlarının, bolşeviklərin və menşeviklərin başçılığı ilə tətil edən neftçilər nəticədə ucsuz-bucaqsız Rusiya imperiyası hüdudlarında ilk kollektiv müqaviləyə nail oldular. “Mazut Konstitusiyası” adlanan və sahibkarlarla işçilər arasında ilk kollektiv saziş sayılan o müqavilə fəhlələrə bir çox hüquq qazandırdı. Baxaq: Fəhlələrə pulsuz yaşamaq yeri, su və kerosin. Əmək qabiliyyəti müvəqqəti itirildiyi halda işçinin əməkhaqqının 50 faizinin daha 3 ay ərzində verilməsi. Maaşların artırılması. İrandan gələn fəhlələrin maaşının da yerli fəhlələrlə eyniləşdirilməsi. İşdə cərimələrin ləğvi.
Bu cümlələri müasir leksikona çevirin – və görərsiniz ki, bu günkü neftçilərdə həmin hüquqların heç biri yoxdur. Dinləyək Balaxanı neftçilərini: “Müalicə olunmaq bir yana, hər bir analizə görə pul ödəmək məcburiyyətindəyik. Bu da imkanımız xaricindədir. Bizim sığorta ilə bağlı problem var, rəhbərlik neftçiləri sığortalamır”. Yaxud “Bizimlə Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq daimi əmək müqavilələri bağlanmır, müqavilənin surətini bizə təqdim etmirlər”. Başqa bir fəhlə deyir: “Neftçilərdən birinin qardaşı rəhmətə getdi, işdən buraxmadılar. Bir neçəsi bir günlük qohumunun yasına getdiyi üçün maaşından 70 manat çıxılıb. Halbuki onun gündəlik gəliri 70 manat deyil axı” (Sitatlar “Yeni Müsavat” qəzetindəndir).

İndi isə yenə 108 il əvvəlin “Mazut Konstitusiyası”nın şərtlərinə dönək. Tətil nəticəsində fəhlələr sahibkarlardan zavod və mədən komitələrinin yaradılmasını tələb etdi və buna da nail oldu. Bu isə o deməkdi ki, fələlərin öz aralarından seçdiyi nümayəndələr zavod rəhbərliyi ilə bərabər işə götürmək və işdən çıxarmaq məsələlərində iştirak edə bilərlər. Bu, həmkarlar təşkilatlarının ilk forması idi.
Bu günsə Azərbaycanda rəsmi həmkarlar təşkilatları sahibkarlara nökərdir, müstəqil həmkarlar yaratmağa isə imkan verilmir.
1904-cü ilin dekabrında tətilə qalxan proletariat 1 ay davam edən mütəşəkkil mübarizə sayəsində indiki Əliyev rejimində fəhlənin məhrum olduğu hüquqları qazandı. Və bu, Bakı proletariatının şərəfli tarixinin bir səhifəsi olmaqla yanaşı həm də təsdiqdir ki, kapitalizmdə hüquqlar verilmir, zorla alınır. Çətin və kollektiv mübarizə hesabına.
Ancaq “şendrikovçular”ın tətili sonuncu iri tətil olmadı. 1906-cı ilin yazında Bakıdakı 40 min mədən işçisindən 25 mini tətilə çıxdı. 1908-ci ildəki tətillər barədə isə V.İ.Lenin yazmışdı: “Quberniyalardakı tətillər arasında Bakı tətilləri başda durur. Bakıda 47 min işçi tətil edir. Onlar kütləvi siyasi tətillərin son mogikanlarıdır!”

***

“Mazut Konstitusiyası”nın vəd etdiyi hüquqlar I rus inqilabının məğlubiyyətindən sonra proletariatın əlindən alındı. Bu isə yeni mübarizələrə təkan verdi.

Həmin vaxtdakı Bakı neftçilərinin vəziyyətini öyrənmək üçün maraqlı mənbələrdən biri İosif Stalinin 1909-cu ilin dekabrında yazdığı “Qafqazdan məktublar” məqaləsidir. “Qafqazdan məktublar” yazıldığı vaxtdan 2 ay sonra – 1910-cu ilin fevralında “Sosial-demokrat” qəzetində dərc olunub.

Stalinin yazdıqlarına diqqət kəsilək. 1909-cu ilin Bakı neftçisi ilə 2012-ci ilin proletariatının vəziyyətində heç nəyin dəyişmədiyini qəbul edək.

Stalin yazır: “İqtisadi repressiyalar nəinki zəifləyir, əksinə, güclənir. “Mükafatlar” və mənzil pulları fəhlənin əlindən alınır. 8 saatlıq iş günü 12 saatlıq işlə əvəzlənir. Tibbi yardım və məktəb üçün pullar minimuma endirilir (Halbuki neft sənayeçiləri polisə hər il 600 min rubl xərcləyir!”). Yeməkxanalar və xalq evləri ləğv olunub. Zavod komissiyaları və həmkarlar təşkilatlarına məhəl qoyulmur. Cərimələr və kötəklər bərpa edilib”.

Hakimiyyətin fəhlələrin vəziyyətinə münasibəti barədə Stalin məqaləsində bu sözləri qeyd edir: “Çar hökumətinin nökərləri, polis və jandarmeriya bütünlüklə neft krallarının qulluğundadır. Bakının neft rayonları casus və təxribatçılarla doludur”.

Belə bir çətin vəziyyətdə fəhlələrin hansı mübarizə taktikasını seçməsini Stalin bu cür təsvir edir: “İşçilər hissəvi tətillərin faydalılığına inamlarını tamamilə itiriblər. Onlar bundan sonra üçün ümumi iqtisadi tətildən danışırlar. Və köhnə nailiyyətlər nə qədər sürətlə ləğv edilirsə, işçilərin ağlında ümumi tətil ideyası da bir o qədər tam yetişir… Onlar səbirsizliklə tətilin elan olunmasını gözləyirlər”.

***

Bakı neftçilərinin 1913-cü ilin yayındakı ümumi tətilinin tələbləri yerinə yetirilməyəndə, proletariat növbəti mütəşəkkil çıxışlara hazırlaşır. Yeni ümumi tətil 1914-cü ilin 28 mayında başlayır. Bolşeviklərin rəhbərlik etdiyi etirazlarda 8 saatlıq iş günü, maaşların artırılması, kollektiv müqavilənin bağlanması, 1 May bayramının azad qeyd olunması kimi tələblər irəli sürülür. Neftçiləri Bakının bir çox digər sənaye müəssisələrinin işçiləri də müdafiə edir. Bununla da, tətil edənlərin ümumi sayı 50 min nəfərə çatır. Sahibkarlar dövlətin əli ilə repressiyalara başlayır (hərbi vəziyyətin elan edilməsi, neftçilərin tətil komitələrinin dağıdılması, həbslər, işçilərin kütləvi şəkildə qovulması və s.). İyulda tətil dayandırılır.

İşçilərin problemləri yalnız İnqilabdan sonra həllini tapır. Göründüyü kimi, işçilərin problemləri Sistemin mahiyyətindən çıxan, kapitalizmin təbiətindən qaynaqlanan problemdir. Deməli, iqtisadi tələblərlə mübarizə mütləq siyasi mübarizəyə çevrilməlidir.

***

1864-cü ildə Londonda Birinci Beynəlmiləl təsis olunanda onun Nizamnaməsini yazmaq Karl Marksa tapşırılır. Marksın “Fəhlələrin Beynəlxalq Yoldaşlığının təsis manifesti” adlanan o məqaləsində bu gün üçün aktual olan aşağıdakı cümlələr də yer alıb:

“Müvəffəqiyyətin elementlərindən biri – say çoxluğu – artıq fəhlələrdə var; ancaq kəmiyyət məsələni yalnız o vaxt həll edir ki, kütlə təşkilatda təmsil olunub və ona bilik rəhbərlik edir”.

Mükəmməl və lakonik izahdır. Bu fikrin fonunda Azərbaycanda pərakəndə halda, sporadik şəkildə baş verən etiraz aksiyalarının məğlubiyyətə məhkumluğunun izahını tapmaq çətin iş deyil. Bu reallıq həm də öz haqları uğrunda mübarizəyə qalxmış Bakı proletariatına aiddir…

(c) SOLFRONT.org


Oxşar yazılar:

Baxış sayı:6274