abunə ol: Yazılar | Şərhlər | Еmail

“Biz dönüşü mümkün olmayan nöqtəyə çatmışıq…”

Şərh

21 fevralda  “Liberation” qəzetində görkəmli müasir fransız filosoflarının (Alen Badyu, Etien Badibar, Kler Deni, Jan Lyuk Nansi, Jan Ransyer, Avital Ronell) “Yunanıstanı onun xilaskarlarından xilas etmək” adlı açıq məktubu nəşr olundu. Məktubun mətni aşağıdakı kimidir:

Hər ikinci yunan gəncinin  işsiz olduğu, 25 min evsizin Afina küçələrində veylləndiyi, Yunanıstan əhalisinin 30% -nin  yoxsulluq həddindən aşağı səviyyədə yaşadığı, minlərlə ailənin övladlarının soyuqdan və aclıqdan ölməməsi üçün onları uşaq evlərinə verdiyi, yeni yoxsul və qaçqınların şəhər zibilliklərindəki tullantıları bölüşdürə bilmədiyi bir vaxtda, belə bir zamanda  Yunanıstanın “xilaskarları”, “yunanlar kifayət qədər çalışmırlar” bəhanəsi altında onlara ölümcül dozanı ikiqat artıran yeni yardım planı tətbiq edirlər. Bu plan əmək hüququnu məhv edir və eyni zamanda orta təbəqəni silərək, kasıbları ifrat yoxsulluğa düçar edir.

Bütün bunlarda məqsəd heç də Yunanıstanın “xilası” deyil: bununla bütün iqtisadçı adlandırılmağa layiq olanlar razıdırlar. Məsələ kreditləri xilas etmək üçün vaxt qazanaraq, ölkəni gecikmiş iflasa məruz qoymaqdır. Ən birinci məsələ Yunanıstanı ictimai dəyişikliklər laboratoriyası etməkdir ki, daha sonra o, öz fəaliyyətini bütün Avropada genişləndirəcək. Yunanlar üzərində təcrübi tətbiq olunan model-məktəblərin, xəstəxanaların, dispanserlərin dağıdıldığı, sağlamlığın zənginlərin imtiyazına çevrildiyi, ən məsumların belə planlaşdırılmış məhvə məhkum olduğu, hələ də işləyənlərə isə yoxsulluq və əmək hüququndan məhrum etmənin ifrat formasının hazırlandığı, sosial yardım sferasının olmadığı cəmiyyət modeldir.

Lakin neoliberalizmin bu hücumunun məqsədə çatması üçün bütün elementar demokratik hüquqlar olmadan mövcud ola bilən rejim yaratmaq lazımdır. Biz xilaskarların əmri ilə Avropada xalqın hakimiyyətinə (souveraineté populaire) biganə olan texnokratların hakimiyyətinin necə qurulmasını görürük. Söhbət parlament rejimində elə dağınıqlıqdan gedir ki, burada “xalqın təmsilçiləri” onlara verilən qərarı qəbul etmək hüququndan imtina edərək bankir və ekspertlərə kart- blanş təqdim edirlər. Bu özlüyündə parlament çevrilişidir.

Problemin (Yunanıstan) süni və məcburi mürəkkəbləşdirilməsi uzun müddət cəmiyyətə bütünlüklə hücum etmək məqsədilə silah kimi istifadə olunmuşdur. Burada biz tamamilə şüurlu şəkildə hərbi sferaya aid terminlərdən istifadə edirik – söhbət həqiqətən də maliyyə, siyasi və hüquqi vasitələrlə aparılan müharibədən gedir – bütün cəmiyyətə qarşı sinfi müharibə. Maliyyə sinfinin “düşmən”dən qoparmaq istədiyi qənimət – sosial nailiyyətlər və demokratik hüquqdur; son nəticədə bu, insan həyatının imkanlarıdır. Maksimal mənfəət strategiyası baxımından kifayət qədər istehsal və istehlak etməyənlərin həyatı artıq təmin edilməməlidir.

Bu şəkildə sərhədsiz spekulyasiya və öz xilasının dağıdıcı planları ilə əsarət altına salınmış zəif ölkə, bizim həyatımıza neoliberal fundamentalizmin tələblərinə uyğun olan yeni sosial modelin daxil olduğu gizli qapıya çevrilir. Bu model bütün Avropaya və daha çox hissəyə yayılacaq. Baş verənlər də elə bundan ibrarətdir – buna görə yunan xalqını müdafiə etmək sadəcə həmrəylik və ya abstrakt humanizm jesti deyil: demokratiyanın gələcəyi, Avropa xalqlarının taleyi sual altındadır. Hər yerdə, iqtisadiyyatın “xəstə, lakin müalicə oluna bilən təcili ehtiyacı” yunanların taleyindən qaçmaq vasitəsi kimi təqdim olunacaqdır, baxmayaraq ki, bu özü elə birbaşa həmin yola aparır.

Cəmiyyətə qarşı edilən bu hücum qarşısında, demokratiyanın məhv olmaqda olan son adaları qarşısında, biz həmvətənlərimizi, fransız və avropalı dostlarımızı bütün səsləri ilə danışmağa səsləyirik. Ekspertlər və siyasətçilərə söz haqqını inhisara almağa imkan vermək olmaz. Ola bilərmi ki, alman və fransızların (əsasən) tələbi ilə Yunanıstanda hakimiyyət seçkilərinin artıq qadağan olunması faktına biz laqeyd qalacağıq? Avropa xalqlarından birinin damğalanması və daim təhqir edilməsi – buna qarşı müqavimət göstərmək lazım deyilmi? Yunan xalqına münasibətdə törədilən “instutisional qətl”ə qarşı səsini yüksəltməmək olarmı? Və biz ictimai həmrəylik haqqında fikrin özünü qeyri qanuni göstərən sistemin məcburi girişinə qarşı susqunluğumuzu qoruya bilərikmi?

Biz geri dönüşü olmayan nöqtəyə çatmışıq. Yalanın və xəyanətin ultraliberal ritorikasına qarşı durmaq üçün dərhal rəqəmlərlə mübarizə, hərflərlə müharibəyə başlamaq vaxtıdır. Cəmiyyətdə baş verən real prosesləri gizlədən “əxlaq” dərslərini ifşa etmək vaxtıdır. Təcili olaraq  ümumdünya böhranının səbəbini guya millətlərdən birinin tənbəllik və hiyləgərlik kimi pis xarakteri olması fikrini irəli sürən, “yunanların milli xüsusiyyətləri” haqqında rasist təsəvvürləri ifşa etmək lazımdır. Bu gün real və xəyali xüsusiyyətlər vacib deyil, lakin bizi ümumi birləşdirən: digərlərinə də təsir göstərə biləcək bir xalqın taleyidir.

Dərhal mətbuatda məqalələrin, çıxışların, debatların, ərizələrin, nümayişlərin sayının artırılması vacibdir. İstənilən təşəbbüs faydalıdır, təxirəsalınmazdır.

Özümüzə gəldikdə isə, biz bunları təklif edirik: gecikdirilmədən yunan xalqının müqavimət hərəkatının üzvləri sırasında duran ziyalılar və rəssamlardan ibarət olan Avropa həmrəylik komitəsinin yaradılmasına başlanılmalıdır. Biz də olmasaq bəs kim olacq? İndi baş verməsə, bəs nə vaxt baş verəcək?

 Tərcümə: Nərminə Hacıyeva                      (c) SOLFRONT.org

[Yazı http://sandinist.livejournal.com ünvanında yerləşən məqalədən Solfront.org üçün hazırlanmışdır]


Oxşar yazılar:

Baxış sayı:5425