abunə ol: Yazılar | Şərhlər | Еmail

İen Berçell – İşçi nəzarəti

Şərh

Siz işin öhdəsindən müdirdən daha yaxşı gələ bilərsinizmi? Özünüzə bu sualı verin. Dostlarınızdan və iş yoldaşlarınızdan soruşun. Yəqin ki, on nəfərdən doqquzu əminliklə və ucadan “hə” deyəcək.

Bu sual bizi sosializmdə dərk oluna biləcək məğzə gətirir. Cəmiyyətimiz iki sinifə ayrılıb. Bir tərəfdə hər kəsin ehtiyac duyduğu işləri görən və xidmətləri göstərənlər, digər tərəfdə isə, daha çox mənfəət əldə etmək üçün nələrin istehsal olunacağını və hansı xidmətlərin göstəriləcəyini müəyyən edənlər qərarlaşıblar.

Sosializm əleydarları kimi, sosializm tərəfdarları da əksər hallarda onu dövlət mülkiyyəti ilə birlikdə təsbit edirlər. Lakin yaxın keçmişdə biz ABŞ-da da milliləşdirməni müşahidə etdik, hətta Corc Buş “Fenni Mey” və “Freddi Mek” kimi iri ipoteka şirkətlərini dövlətin nəzarəti altına salmaqla milliləşdirməyə əl atdı. Sağ mühafizəkarların qəzeti olan “Daily telegraph”  bunu “sosializmin bazar çətinliklərinə cavabı” kimi qiymətləndirmişdi. Əlbəttə, Corc Buşu sosialist adlandırmaq “Deyli Teleqraf”ın eksentriklərindən başqa heç kimin ağlına gələ bilməzdi.

Əgər sosialistlər iş yerlərini müdafiə edirlərsə, sözsüz ki, milliləşdirməni də dəstəkləyirlər. Biz ictimai xidmətlərin özəlləşdirilməsinə müqavimət göstəririk, çünki bu, zəhmətkeşlərin maraqlarına ziddir. Lakin milliləşdirmə bütün bədbəxtliklər üçün dərman deyil. 1947-ci ildə ingilis şaxtaçıları şaxtaların milliləşdirilməsini dəstəklədilər. Elə həmin il onlar yeni ağalar və həmkarlar ittifaqı məmurlarına qarşı üsyan qaldırdılar. Məhz buna görə, işçi nəzarəti həmişə sosialist ənənənin iti həqiqəti olub.

Sindikalizm

Sindikalizm ideyaları Birinci dünya müharibəsinin başlamasına qədər işçi hərəkatında çox geniş yayılmışdı. Sindikalistlər dövlət mülkiyyətinin əleyhinə idilər- Onlar hesab edirdilər ki, işçi təşkilatları olan həmkarlar ittifaqları sənaye müəssisələrinin idarəsini öz üzərlərinə götürməlidirlər. Həmin dövrdə Fransanın həmkarlar ittifaqlarının belə bir şüarı vardı: “Emalatxana hakimiyyəti əvəz edəcək.” Britaniyada sindikalizm mühəndislər, şaxtaçılar və dəmiryolçular arasında kifayət qədər məşhur idi. Bunun üçün 1918-ci ildə Leyborist partiyası tərəfindən qəbul edilmiş nizamnamənin dördüncü bəndində nəinki “istehsal, bölgü və mübadilə vasitələrinin ictimai mülkiyyətə çevrilməsi”, həmçinin “xalqın bütün sənaye və xidmət sferalarına nəzarət və mümkün xalq administrasiya sistemi” tələb olundu. Sanki, leyboristlər heç vaxt öz tələblərini görmədilər. 1945-ci ildə leyborist hakimiyyət bir sıra milliləşdirmə tədbirlərini həyata keçirsə də, leyborist nazir Stafford Kripps alçaldıldıcı bir bəyanat verdi: ”Bunu əksəriyyət istəsə belə, Britaniyada sənaye işçi nəzarəti altında olmayacaq.” 1995-ci ildə digər leyborist Toni Bleer “birlik ruhu, dözümlülük və hörmət” haqqında mənasız çərənçiliklə partiya nizamnaməsinin dördüncü bəndini ləğv etdi.

1917-ci ildə Rusiyada inqilabi kütlələr təşəbbüsü öz əllərinə aldılar. Bolşeviklərin ilk dekretlərindən biri “bütün sənaye, ticari, bank, kənd təsərrüfatı, kooperativ və digər müəssisələrdə istehsal, alış, satış, məhsulun və xammalın saxlanılması, o cümlədən iqtisadi fəaliyyətlərin işçi nəzarəti altına keçməsi” haqqında idi. İşçi nəzarəti uğrunda real hərəkat aşağılardan başladı. Əksər hallarda istehsalçılar ya qovulurdular, ya da sadəcə qaçırdılar. İşçilərin müəssisənin idarəçiliyini öz əllərinə almaqdan başqa seçimləri qalmırdı. Amerika sosialisti, Oktyabr inqilabının şahidi olmuş Con Rid prosesi bu cür izah edir: “Fabrikdə toplantı zamanı işçilərdən biri ayağa qalxaraq dedi: “Yoldaşlar narahatçılıq üçün heç bir əsasımız yoxdur! Mütəxəssis problemi – elə də çətin problem deyil. Əgər yadınızdadırsa, sahibin texnikadan başı çıxmırdı, mühəndislik işini, kimyanı və mühasibliyi bacarmırdı. Onun etdiyi bir şey vardı – bizi istismar etmək. İndi sahib biz özümüzük. Gəlin mühəndislərin, mühasiblərin və digər peşə sahiblərinin işini icra edək və birgə işləyək.”

Yenidən doğulma

İqtisadi tənəzzülün mürəkkəv şərtləri və xarici intervensiya qarşısında işçi nəzarətinin əsasları uzun müddət mövcud ola bilmədi. Bundan əlavə, bəzən işçilərin ayrı-ayrı qrupları şəxsi maraqlarını işçi sinfinin ümumi maraqlarından üstün tuturdular. Bunun qarşısını almaqdan ötrü bolşeviklər sərt tədbirlərə əl atmağa məcbur idilər. İşçi nəzarətinin təmin edilməsi üçün edilən bu erkən cəhdlər günü bu gündə bizi ruhlandırmaqda davam edir.

Son doxsan il ərzində işçi nəzarəti yenidən və yenidən doğuldu. 1936-cı ildə İspaniyada, 1968-ci ildə Fransada, 1973-cü ildə Çilidə, 1980-ci ildə Polşada və çox yaxın keçmişdə Argentinada işçilər şəxsi iş yerlərini nəzarət altına aldılar və sabiq müdirlərin və idarəçilərin elə də vacib olmadığını nümayiş etdirdilər.

1956-cı il macar üsyanı zamanı işçilər istehsalatı idarə etmək üçün şuralar yaradırdılar. Şuralar əmək haqqı səviyyəsinə, işə götürülmə və işdən azad edilmə məsələlərinə nəzarət edir, direktorları təyin edirdi. Bəzi keçmiş idarəçilər müəssisəyə adi işçi kimi qayıdırdılar. İşçi şurası radiostansiyalara aktyorları, rejissorları, jurnalistləri, texniki işçiləri, avtotəmir emalatxanaları üçün işçiləri- hamını eynihüquqlu olaraq qəbul edirdi.

1974-cü ildə Portuqaliyada diktaturanın tənəzzülə uğraması işçilərə öz iş yerlərinə nəzarət etmək imkanı qazandırdı. Britaniya İşçi Sosialist partiyasının təsisçisi Toni Kliff işçilərin mübarizəsindən bir sıra misallar səsləndirdi: ““Çarminx”də, Lissabon yaxınlığındakı elə də böyük olmayan isveçrə fabrikasında, müdirlər maaşları geri qayıtmış qəbzlərlə* ödəməyə çalışdılar.” Avstriyalı menecer ölkədən qaçdı, işçilər, əsasən də qadınlar, öz istehsalatlarının realizasiyası üçün kooperativ qurdular. Plastmas, lif, kəndir və çuval bezlərinin istehsalı ilə məşğul olan və işçilərinin 40%-nin yalnız müvəqqəti olaraq işlədikləri “Eurofil”də administrasiya müflisləşmə proseduruna başlamaq istədi. İşçilər fabriki ələ keçirərək istehsalatı davam etdirdilər. Onlar sahibləri içəri buraxmadılar və işçi nəzarəti altında kompensasiyasız milliləşdirmənin həyata keçirilməsini tələb etdilər.”

1979-cu ildə İranda şah diktaturası devrildikdən sonra işçilər müəssisələri idarə etmək üçün şuralar yaradırdılar. Yazıçı Məryəm Poyya onların fəaliyyətini təsvir edir: ”Şuralar xammalın sifarişi, məhsulun alınması və satışı, qiymətəmələgəlmə də daxil olmaqla istehsal həyatının bütün səviyyələrində öz səlahiyyətlərinin icrasına başladılar. Müxtəlif tapşırıqların həlli üçün müxtəlif komitələr yaradılırdı. Emalatxana komitələri – əmək haqqı məsələlərində həmkarlar ittifaqlarının tələblərinin yerinə yetirilməsi, əmək şəraiti, sığorta, sağlamlıq və təhlükəsizlik işlərinə, iqtisadi komitələr – müəssisə gəlirinə və xərclərinə və administrasiyanın iqtisadi fəaliyyətinə nəzarət işlərinə, əlaqələr üzrə komitələr – digər müəssisələrin şuraları ilə əlaqə yaradılması işlərinə, yalnız qadınlardan təşkil olunan qadın komitələri – qadın əməyi ilə, xüsusən də, qadın işçilərin çoxluq təşkil etdiyi kimya və tekstil sənaye sahələri ilə bağlı olan problemlərin həlli işlərinə nəzarət edirdi.

Yaxınlarda Britaniyada 1979-cu ildə baş vermiş “narazılıq qışı”nın mümkün ola biləcək təkrarının ünsürləri peyda oldu. İşçilərin bu üsulla sənaye üzərində nəzarəti təmin etməyə başlaması, həqiqətən də, bizim həmin dövr hakimiyyət nümayəndələrimizi və onların əlaltılarını qorxuya salır. 1979-cu ilin yanvarında yük maşını sürücülərinin tətili hər şeydən əvvəl məhsul təchizatını təhdid edirdi və yanacaq doldurma məntəqələrinin bağlanmasına səbəb oldu. Nəqliyyat işçilərinin və ixtisassız fəhlələrin həmkarlar ittifaqı “fövqəladə” çatdırılmaların həyata keçirilməsinə icazə verdi, buna baxmayaraq, onların müəyyənləşdirilməsi səlahiyyəti yerli həmkarlar ittifaqlarına verildi. Şop-stüardlar** müxtəlif rayonlarda qərar qəbul edən “paylanma komitələri” yaradırdılar. Elə həmin aydaca, dövlət səhiyyə xidmətində tətil dalğası başladı. Tibbi yardım problemi birinci dərəcəli vacib məsələyə çevrildi. 1979-cu ilin yanvar ayının axırlarında hakimiyyət dövlət səhiyyə xidmətinə daxil olan xəstəxanaların tam yarısı yalnız təxirəsalınmaz tibbi yardım göstərdiyini, həmçinin bir dənə də olsun tam heyətli tibbi yardım maşını olmadığını və hansı vəziyyətdə yardım göstəriləcəyini də sadə tibb işçilərinin müəyyən etdiyini açıqladı. Bu tibb peşəsinin sistem ierarxiyası üçün bir çağırış oldu. “Sadəcə” insan həyatını xilas edən sadə tibb işçiləri cəsurluqla nə vaxt tibbi yardım göstərmək lazım olduğunu müəyyənləşdirmək üzrə ixtisaslaşmış səhiyyə məmurlarından daha bacarıqlı olduqlarını bəyan etdilər.

Nəticələr və perspektivlər

Kapitalizmdə işçi nəzarəti o qədər də dərinə nüfuz edə bilmir. Sosializm ayrıca bir ölkədə və ayrıca bir müəssisədə, təbii ki, mövcud ola bilməz. Fəhlələr öz fabriklərində nəzarət yaratsalar belə, əvvəl-axır bazara çıxmağa və şəxsi istismar sistemi qurmağa məcbur olacaqlar. Əsl işçi nəzarəti yalnız ümumi proriteti və məqsədləri müəyyən edilmiş demokratik şəkildə qəbul edilmiş ümumi plan çərçivəsində mümkündür. Tək nəşriyyat işçisi hansı kitabların çap olunmasının lazım olduğunu, avtobus sürücüsü isə hansı cədvələ əsasən işləməli olduğunu müəyyənləşdirə bilməz. Müxtəlif zəhmətkeş qruplarının maraqları bütün cəmiyyətin ehtiyacları əsasında “balanslaşdırılmalıdır”.

Buna baxmayaraq, işçi nəzarəti amerikalı sosialist Hel Dreperin “yuxarıdan sosializm”dən “aşağıdan sosializm” adlandırdığı qavramları ayıran əsas sual olmaqda davam edir. Bəzi hallarda islahatçı parlament milliləşdirməni həyata keçirə, səhiyyə sistemində olduğu kimi işçi sinfinin maraqlarına cavab verən islahatlar keçirə bilər. Lakin işçi nəzarəti heç bir zaman proletariata verilməyəcək – o öz adlarından fəaliyyət göstərən zəhmətkeşlər tərəfindən ələ keçirilməlidir. Həmin ana qədər əmək insanının müəssisədə əldə edəcəyi istənilən kiçik qələbə Toni Kliffin “sürünən işçi nəzarəti” adlandırdığını təmsil edəcək.

Hər dəfə iş yoldaşlarımızı müdafiə edərək müdirlərimizin işə götürmək və işdən azad etmək səlahiyyətlərinə qarşı gedəndə, iqtisadi “möhkəmlik” naminə əmək şəraitinin pisləşdirilməsinə müqavimət göstərəndə işçi nəzarəti məsələsinə töhfə vermiş oluruq. Bunu etməklə,  müdirlərimizə qarşı mübarizə aparmaq üçün öz gücümüzə olan inamımızı artırmış oluruq. İndi, dünyanın iqtisadi böhran, müharibə və ekoloji deqradasiya ilə yükləndiyi br zamanda biz onlara deməliyik: “Siz dünyanı idarə edə bilməzsiniz, biz edə bilərik!”

Qeydlər:

*geri qayıtmış qəbz- müştərinin hesab vasitələrinin mövcud olmaması üzündən bank tərəfindən ödəniş edilmədən qaytarılan qəbz.

**şop-stüard- Müəssisədə həmkarlar ittifaqı üzvlərinin maraqlarını müdafiə edən, həmkarlar ittifaqı filialına başçılıq edən şəxs.

 (c) SOLFRONT.org

[Yazı original məqalədən Solfront.org üçün hazırlanmışdır]


Oxşar yazılar:

Baxış sayı:9294