abunə ol: Yazılar | Şərhlər | Еmail

“Çikaqolu oğlanlar” Çilini necə dağıtdılar

Şərh

“Almaq və bölmək” — bu azad bazar korporativ kapitalizminin prinsipidir. Korporativ diyircəkər ictimai gəlirləri zəbt edirlər(özəlləşdirirlər). “Kazino iqtisadiyyatı” daim maliyyə qovuqları yaradır. Qovuqlar isə partlamaq xüsusiyyətinə malik olduğundan, onlar öz zərərlərini milliləşdirməyə və hamı arasında bölməyə başlayırlar. Məsələn, hərbi xuntanın, Çikaqo məktəbinin azad bazar iqtisadçılarına sosial təcrübə aparmaq üçün yaşıl işıq yandırdığı Çilidə belə oldu.

Qorxunc “oğlanlar”

11 sentyabr 1973-cü ildə general Auqusto Pinoçet tərəfindən Çilidə baş tutmuş hərbi devrilişdən sonra bu ölkənin iqtisadiyyatı “Los Chicago Boys”-un (“çikaqolu oğlanlar”ın) təhlükəli təcrübələri üçün meydana çevrildi. “Los Chicago Boys” termini çox dəqiq olmaya bilər, çünki, onların arasında əhəmiyyətli sayda Harvard iqtisadçıları da var idi. Onların Çilidə təcrübədən keçmiş reseptləri amerikan reyqonomikasında və britaniya tetçerizmində istifadə edilmişdi, beynəlxalq maliyyə müəssisələri onları Üçüncü dünya ölkələrinə, sonralar isə keçmiş sosializm düşərgəsi ölkələrinə aid edirdi. “Çikaqolu oğlanların” Çili sınağı iflasa uğradı və Pinoçet ölkənin demək olar ki, bütün özəl sektorunun milliləşdirilməsini həyata keçirməli oldu, bu, Salvador Alyende hökumətində ən radikal sosialistlərin belə yuxusuna girə bilməzdi. Bunun ardınca gələn yırtıcı özəlləşdirmə Yeltsin Rusiyasında “çikaqolu oğlanlar” komandasının apardığı özəlləşdirmənin nümunəsi oldu. Sonuncu dəfə bu neoliberal oğlanlar Liviyada Harvard universitetindən olan Maykl Porterin rəhbərliyi altında azad bazarı təbliğ edərək, Müəmmər Qəddafinin ətrafında dolaşırdılar. Sol dairələr bir-birinə Camahiriya adlı “sosial dövlət” haqqında nağıllar danışdığı halda, bu briqada on ildən artıq idi ki, Qəddafi ailəsinə və köməkçilərinə Liviya iqtisadiyyatını özəlləşdirməyə kömək edirdi.

Ronald Reyqan və Marqaret Tetçer ictimai rəylə hesablaşmalı olduqları müddətdə onların proqramları “mülayim” olurdu, hərbi xuntalar Çilidə, Argentinada, Braziliyada və Meksikada demokratik prosedurlarla istədikləri kimi oynamırdılar. İndi neoliberal azad bazar tibbi artıq resessiyadan əzab çəkən Avropa və ABŞ-ın xalqlarına elə ikinci dəfə tətbiq olunur.

Onların Çilisi

“Çilidə çevrilişi biz sevinclə qəbul etdik, — böyük korporasiyanın iqtisadçısı, 1973-cü ildə Harvard universitetində iqtisadiyyat üzrə təhsil almış Tom Hant mənə danışırdı,— Bizim professor qələbə xəbəriylə mühazirəyə başladı: “Çili yenə bizimdir!””. O professorun soyadını unutmuşdu, amma Çikaqo universitetindən olan Milton Fridmanın şagirdi olduğunu yaxşı xatırlayırdı. Fridmanın, əzab və əziyyətdən tezliklə qurtulmağı vəd edən bütün müasir peyğəmbərlər kimi, üç müqəddəs təzahürü vardı. O, məşhur iqtisadçı alim, istehlak barədə maraqlı tədqiqatlarının müəllifi idi. Fridman istedadlı yazıçı və şoumen idi. Amma ən vacibi, o azad bazar doktrinasının yorulmaz təbliğatçısı idi.

“Birinci”, inkişaf etmiş dünyada 1970-ci illərin əvvəllərində Çikaqo məktəbi iqtisadçılarının azad bazar haqqında nəzəriyyələrinə şübhə ilə yanaşırdılar. Fridman Çikaqo universitetinin iqtisad fakultəsinin dekanı Arnold Harberqerlə birlikdə Çili çevrilişində təkcə öz ideyalarının yayılması üçün deyil, həm də yaxşıca qazanc əldə etmək üçün yaxşı şans görürdülər. Köhnə nəslin nüfuzlu amerikan və avropa mühafizəkarlarını qərb konservatizminin ləyaqətinə görə, neoliberal professorlarla Latın Amerikası hərbi xuntasının əməkdaşlığı narahat edirdi. Ancaq sonralar əksəriyyət Ceyn Kirpatrik stilində totalitar və nüfuzlu rejimlərin fərqi haqqında kazuistik bəraətlərdən tamamilə razı qalmışdılar. Xüsusən hələ onda “neokonservator” adını almamış “yeni sağ” hər hansı bir mənəvi problem yaşamırdı. Siyasi repressiyalar, məhkəmədən kənar həbslər, gizli həbsxanalar, işgəncələr, insanların yox olması onları narahat etmirdi. Çili dövlət terrorizmi böyük həvəslə Riçard Nikson administrasiyasını və bütün Latın Amerikası üzrə onun diktator dostlarını dəstəkləyirdi. Standart qorxuducu iddia bu idi ki, “Fidel Kastro Santyaqonu tutacaq”. Eynilə Yaxın Şərqdə də diktator rejimlərinin dəstəkləməyini Qərb bu şəkildə doğruldurdu ki, “əks halda “Əl-Qaidə” və müsəlman-qardaşları gələcək”.

Salvador Alyende Auqusto Pinoçeti quru qoşunlarının baş komandanı və daxili işlər naziri vəzifəsinə təyin edir

Çevrilişə qədər Çili Latın Amerikasının ən azad və demokratik ölkələrindən biri idi. Prezident Salvador Alyende parlament azlığına (səslərin 36 %-i) arxalanırdı. 1973-cü ilin martında keçirilmiş Parlament seçkilərindən sonra onun başçılıq etdiyi Xalq birliyi bloku səslərin 44 %-nə malik idi. O, bir-birinə zidd ideologiyaları və hədəfləri olan sol güclərin müxtəlif cinsli koalisiyasına arxalanırdı. Alyendenin apardığı iqtisadi siyasət kifayət qədər güclü deyildi. Əgər 1968-ci ildə, Alyendenin hakimiyyətə gəlişinə qədər ictimai xərclər büdcənin 14%-i təşkil edirdisə, 1973-cü ildə bu xərclər 40%-ə qədər artdı. İnflyasiya 700%-ə çatırdı. Ölkədə əhalinin birinci dərəcəli məhsullarla təmin olunmasında daimi problemlər yaranırdı. Çilini etiraz aksiyaları bürümüşdü. Xarici borc görünməmiş həddə, 2,5 milyard dollara çatmışdı. Pullar ölkədən üzüb gedirdi. Belə halda Alyendenin siyasətini detallarla təhlil etməyin yeri yoxdur,  ancaq nəticədə onun siyasətini uğurlu adlandırmaq mümkün deyil. Xuntanı əvəz edən Çilinin sol hakimiyyəti bir çox şeydə bu təcrübəni nəzərə aldılar və onun idarəsinin səhvlərindən qaçmağı bacardılar. Əgər Alyende seçkilərə qədər hakimiyyətdə qala bilsəydi, böyük ehtimal ki, xristian demokratlara uduzardı.

Həmin vaxt SSRİ beynəlxalq gərginliyi aradan qaldırdığını bəyan etmişdi və ABŞ-la münasibətləri var gücü ilə qaydaya salmağa çalışırdı. Çe Gevaranın Latın Amerikasında inqilab etmək cəhdləri müvəffəqiyyətsizliyə uğradıqdan sonra Kreml Monro doktrinasıyla barışmışdı və Latın Amerikası inqilabçılarının “alovunu soyutmağa” çalışırdı. Kuba da həmçinin inqilab dalğasını yaymaqdan imtina etdi və ölkə daxilində  “sosializmin möhkəmləndirilməsi” kursunu  elan etdi. Bununla da bütün Latın Amerikası üzrə  sağlar hakimiyyəti əllərində saxladılar.

11 sentyabr 1973-cü il, Santyaqoda prezident sarayı gülləbaran edilir

Fəlakətə aparan yol

Vaşinqton qırğılarının dəstəyi ilə (on il sonra Nikaraqua və Qrenadaya amerika müdaxiləsi kimi) Çilidə baş tutan hərbi çevriliş “Soyuq müharibə” və ya sovet təhlükəsinə görə edilməmişdii, solun həmin vaxt çox zəif olmasına görə mümkün olmuşdu. Necə ki, 1970-ci illərdə MKİ-də (CIA) analitik kimi xidmət etmiş bir professor  beynəlxalq münasibətlər üzrə mühazirədə mənə  izah etmişdi: “Biz bacarırdıq, ona görə də bunu etdik”. Həmin vaxt Çili üçün təhlükəli olan yeganə “inqilab” antidemokratik neoliberal diktator inqilabı idi, hansı ki, baş tutdu. Amerika leyhdarı olan generallar və azad bazar fundamentalistlərinin arzu etdikləri inqilab.

Əlbəttə, Çilidə iqtisadi xarabalığın yaradılmasında, Nikson bir dəfə ifadə etdiyi kimi, “iqtisadiyyatı ulamağa məcbur etmək” üçün MKİ-nin, transmilli şirkətlərin, xüsusilə, ITT və USG -nin, də əli vardı. Ancaq 11 sentyabr 1973-cü il çevrilişini onlar etmədilər. Çaxmağa onlar basmadılar, bunu katolik kilsəsinin baş qərargahından olan ən yüksək yepiskoplarının dəstəyi ilə frankistlər etdilər.

Salvador Alyende çevriliş zamanı prezident sarayını tərk etməkdən imtina etdi və əlində silahla sona qədər müqavimət göstərdi

Çevrilişi böyük həvəslə “yuxarıdakı  on faiz”  — böyük mülkədarlar, fabrik sahibləri və bankirlər dəstəklədilər. Onlar düşünürdülər ki, çevrilişdən dərhal sonra istədikləri hər şeyə nail olacaqlar. Onlardan biri –  Katona libertarian İnstitutunun əməkdaşı, Xose Pinera adında yaşlı Çili senyoru-mənim vaşinqtonlu tanışımdır. Mən onu çoxdan tanıyırdım. Müxtəlif tədbirlərdə və görüşlərdə qarşılaşırdıq. Yaxın vaxtlarda 2012-ci ildə prezident seçkilərində Respublikaçılar partiyasından namizəd postuna ikinci dərəcəli namizədlərdən biri,  pizzaxana şəbəkəsinin sahibi German Keyn pensiya təminatı üzrə Çili sistemini tərifləməyə başladı ki, onun sözlərinə görə, bu, “müflis olmuş” amerikan sistemindən daha yaxşıdır. Mən sığorta sahəsində ixtisaslaşmış tanış sərmayəçidən bu sistem barədə maraqlandım. O mənə cavab verdi ki, sən özün onun müəllifini-Pinyeri yaxşı tanıyırsan. Ona zəng vurdum. Həqiqətən, Harvard məzunu və 2009-cu il dekabrda seçilmiş Çili prezidentinin qardaşı Xose Pinera Auqusto Pinoçet hökumətində əmək naziri idi. O  mənə şəxsi pensiya hesablarını sistemə necə daxil etməsindən və Çilidə hamının ona sevgisindən həvəslə danışdı. Eyni zamanda onu da qeyd etdi ki, bütün tətillər, etiraz aksiyaları və etiraz əlaməti olaraq mağazaların bağlanması və s. onun təşəbbüsü ilə qadağan edilib.

Pinera bütöv proqram üzrə “azad bazarı” tətbiq etmişdi – bütün dövlət təqaüd fondlarının özəlləşdirilməsini gerçəkləşdirdi, real əmək haqqını, işsizlik müavinətlərini kəskin azaltdı və ictimai sektorda işçilərin kütləvi işdən azad olunmasını həyata  keçirdi. muğənni Viktor Xaranın qatili Edvin Ditmer Byankinin onun idarəsi altında Çili Əmək Nazirliyinin şəxsi təqaüd fondları Assosiasiyasının maliyyə nəzarəti üzrə  şöbə rəisi işləməsi haqqında isə Pinera heç nə danışmadı. 1979-cu ildə amnistiyaya əsasən, Byanki törətdiyi əmələ görə məsuliyyətdən azad olundu. Sinyor Pinera ailəsinin də vaxtilə çox şey əldə etdiyini qeyd etməyi də unutdu. Özəlləşdirmə vaxtı onlar su qiymətinə Çilinin milli aviaşirkəti “LanChile” və başqa əmlakını satın aldılar. Bu, heç kimə sirr deyil.

İndiyə kimi hələ də bəzi iqtisadi ədəbiyyatlarda “Çili iqtisadi möcüzəsi”, çiçəklənən Çili iqtisadiyyatında Milton Fridmanın və çikaqolu oğlanların rolu haqqında əfsanələr dolaşır. Əslində isə azad bazar sxemlərinin Çilidə tətbiqinin nəticəsi faciəli oldu. İdeologiya konkret bilik üzərində üstünlük qazandıqda həmişə belə olur. “Çilinin iqtisadi möcüzəsi” bir neçə il ərzində Pinoçeti dəstəkləyən həmin “orta sinifi” dağıtdı.

Liberallar kimi, universitet dünyasının mühafizəkarları da Latın Amerikası xuntalarına qarşı olduqca təmkinli idilər. Əlavə qazanc kimi konsultasiya firmasına malik olmaq nalayiq davranış hesab edilirdi. Çevrilişdən sonra Pinoçetin diqqətini qazanmaq üçün  bir neçə iqtisadçı qruplar rəqabət aparırdı. 1975-ci ilin martında Fridmanın Çiliyə səfəri və  yaltaqlığı Pinoçetin seçimini müəyyən etdi. Doğrusu, Çikaqo universitetiylə əlaqələr Çilidə çoxdan var idi. 1950-ci illərdə Harberqer Çilinin Katolik universitetində dərs deyirdi. Ford  və Rokfeller Fondunun köməyi ilə xeyli çilili Çikaqoda təhsil alırdı. Fridmanın özü bütün həyatı boyu praktik işdən yayınıb ideoloq olmağa üstünlük verirdi. Ancaq, “kadrların hər şeyi həll etdiyini” yaxşı anlayaraq, onlar üçün hakimiyyətə qapıları açdı. Azad bazar neoliberal inqilabının kadrlarını da məhz onlar təşkil edirdi. Çikaqolu oğlanlar praktik işin heç bir təcrübəsinə malik deyildilər, amma “yeganə doğru təlim” tərəfdarı idilər.

Çevrilişdən sonra Pinoçet bəyan etdi ki, “marksistlər və ölkədəki vəziyyət onu, hakimiyyəti ələ almağa məcbur etdi”.

Deyilənlərə görə, Fridmanın həyat yoldaşı Roz onun Çiliyə səfərinə qarşı idi. Çili hərbçilərinin qaz addımı və Pinoçetin rejiminin sağ ideologiyası ona, Volında onun ailəsini öldürmüş nasistləri xatırladırdı. Fridman özü də Qalisiyadakı Beresteçkodan gəlmələrin ailəsindən idi, Holokost  onun ailəsinə də toxunmuşdu. Pinoçetdə isə antisemitizm kifayət qədər idi. Qorasio Kuşnir indi İsrailin şimalında kibbusidə yaşayır. 1973-cü ildə o birinci kurs tələbəsi idi və sosializm tələbə dairəsində iştirak edirdi. Qorasio mənə hərbi müstəntiqlərin dindirmələrdə ondan “yəhudi-bolşevik mərkəziylə” əlaqələri, amerika yəhudi plutokratiyasının Tel-Əvivdəki Moskva bolşeviklərinin mərkəziylə sözləşməsi haqqında bildiklərini tələb etdikləri barəsində danışırdı. Hebbels təbliğatının damğası ölkədəki alman azlığın nasist təbliğatıyla, Çili ordusu sıralarında xidmət edən, ikinci dünya müharibəsinin bir çox alman zabit-veteranı vasitəsilə yayılırdı. Fridman arvadını inandırdı ki, bir neçə yəhudi-siyasi dustağın azad olmasına nail olacaq.

Pinoçetlə Fridmanın tarixi görüşündə Fridman diktatora dedi: “Əgər siz itin quyruğunu kəsirsinizsə, bunu tikə-tikə etmirsiniz”. Pinoçet zarafatı anladı. Artıq görüşdən bir ay sonra xunta “şok planı” – Fridman və Harbergerin dəqiq planı üzrə sərt monetarist siyasəti gerçəkləşdirdi. Əsas vəzifələrə Fridmanın protejeləri: Rolf Luders maliyyə naziri, Pablo Baraonu Mərkəzi Banka, Serxio de Kastronu iqtisadiyyat naziri vəzifəsinə və digərlərini təyin etdilər. Fridmanın guya azad etdiyi yəhudi-məhbuslar xuntanın divarları arxasında çürüdülər. Fridman və Harbergerin səfərlərini “BHC” holdiqinin sahibi çilli milyarder Xavyer Vial maliyyələşdirirdi. Holdinqə Çilinin ən iri banki “Banko de Çili” və çili iqtisadiyyatının bütün sferalarında olan 60 şirkət daxil idi. Vial Pinoçetin şəxsi dostu və tərəfdarı idi.

Xunta, sonralar Üçüncü dünyada azad bazaar “inqilabları” üçün nümunəyə çevriləcək antimarksist utopiyanı – aşağı əmək haqları, zəif həmkarlar ittifaqları, özəlləşdirilmiş təqaüd fondları, aşağı dərəcəli vergilər, ixraca meyllilik, minimal sosial xidmətləri gerçəkləşdirməyə başladı, yalnız ordu və güc strukturları imtiyazlı mövqedə idilər – nizamın qorunması üçün. 250 şirkət əvvəlki sahiblərinə qaytarılmışdı. 200 şirkət isə hərracla satılmışdı. Çilidə milli Misçıxaran konserndən başqa hər şey ucuz qiymətə satıldı. 1971-ci ildə Alyende hakimiyyəti dövründə bu konsern və onun yataqları “Anakonda”nın əlindən alınmışdı. O zaman bu rejimin sağdan sərt tənqidini doğurmuşdu. Pinoçet konserni dövlətin əlində saxladı, belə ki, çili ordusu gizli şəkildə oradan mənfəət əldə edirdi.

Mİlton Fridman

Çilidə aparılan özəlləşdirmə Fransada, Britaniyada və ya Yaponiyada olduğu kimi, milyonlarla xırda sərmayəçinin əlində açıq özəlləşdirmə deyildi. Bu, əvvəlcə İsraildə, sonra isə Rusiyada olduğu kimi bağlı, “öz aralarında” olan müsabiqə idi. İki böyük holdinq “Havyer Vial” və Crusat-Lorain hər şeyi çox ucuz qiymətlərə alırdı. Onlar yerli banklara malik idilər, xarici banklarla və ən əsası  xuntayla yaxşı əlaqələri var idi. Azad bazar islahatlarının məhz bu dövrünü “Uoll-Strit” Jurnalı “Çili iqtisadi möcüzəsi” adlandırdı. Bu gün o vaxtkı “göstəricilər” olduqca sadə görünür –yenidənqurma dövründə inkişaf edən ölkələrin əksəriyyəti 5-8 % iqtisadi artıma nail olur və bu göstəricini, xunta və onun neoliberal “inqilabçılarının” müvəffəq olduğundan daha uzun  müddət saxlayırlar. Doğrusu, indi də azad bazar təbliğatında bəzən Çili xuntasının müvəffəqiyyətləri haqqında mahnılar çalırlar. Təbliğatçıların yaddaşı həmişə kifayət qədər seçici olur.

M.Fridmanın həmfikiri və kolleqası, “çikaqo məktəbi” liderlərindən biri Arnold Harberger

Digər Kastro

Çilidə Fidel Kastronu o qədər istəmirdilər ki, başlarına başqa Kastro gəldi – 1977-ci ildə Pinoçet tərəfindən maliyyə naziri təyin olunmuş “los chicago boy” Serxio de Kastro. Argentinalı əməkdaşı, azad bazar “inqilabçısı” maliyyə naziri Martines De Os kimi (“Uol-Strit” jurnalı onu sehrbaz adlandırırdı və 2010-cu ilin may ayında hərbi xuntada əlbir olduğuna görə həbs edilmişdi), Kastro da monetarizmə inanırdı. Onun inflyasiya ilə mübarizə planları ticarət və kapitaldan bütün məhdudiyyətləri aradan qaldırmaq, vergiləri kəskin surətdə aşağı salmaq və sabit valyuta məzənnəsini tətbiq etməkdən ibarət idi. Çikaqo monetaristi Robert Mandellanın nəzəriyyəsinə əsasən, bu cür tədbirlər “daxili bazarda pul təklifini” təmin edəcəkdi. Bu nəzəriyyə Mandellaya Nobel mükafatını gətirmişdi. Hər cür ideologiyada olduğu kimi, vərəqdə “sakit” görünən şey real həyatda “burulğana” düşdü. Gözəl riyazi model valyuta spekulyasiyalarını və kapital itkilərini nəzərə almırdı.

    1977-ci ildən 1982-ci ilə kimi Kastro sabit kursu 1 dollara 39 peso səviyyəsində saxlaya bildi. Bu dövrdə bazarda misin qiymətləri düşdü və sabit məzənnəni yalnız xarici banklardan alınmış kütləvi borc hesabına saxlamaq oldu. Məlumdur ki, beynəlxalq bankların işi günəşli gündə çətir uzatmaqdır. Bankirlər Çilidəki  xuntaçılara müsbət münasibətdə idilər, Argentinada olduğu kimi bir müddət onlara həvəslə pul verirdilər. Daha sonra isə bunlar baş verdi; Xuntaya yaxın adamların nəzarətində olan yerli banklar həmin pulları sərfəli faizlə özlərinə, yəni onların əlində olan bizneslərə borc verirdilər. Sonra bu pullar offşorlara və ya sərhəddən kənara “axırdı”. Fridmanın ziyarətlərinə sponsorluq edən “Banko de Çili”nin prezidenti Xavier Vial borca götürülmüş pulları Panamada yerləşən öz şəxsi şirkətlərinə, əsasən “Banko Andino”ya borc verirdi. Bu cür sxem bizə də tanışdır. Çilinin xarici kreditorlara olan borcu isə sel kimi get-gedə artmaqda idi…

   Serxio de Kastronun siyasəti ona gətirib çıxartdı ki, 1980-ci ildən 1982-ci ilə kimi Çilinin xarici borcu 20 milyarda çatdı, bunun 1/3 hissəsini şəxsi borclar təşkil edirdi. Mərkəzi Bankın şəxsi borclara görə öhdəliklərinin olmamasına dair sərt xəbərdarlıqlarına baxmayaraq, sxem işləməyə davam edirdi. Aşağı tariflərə və ucuz dollara görə Çilidə qızğın sürətdə dəbdəbə əşyalarının idxalı başlandı, bu da kapital itkisinə ekvivalent idi. Sui-istifadə hər cür sistemdə mövcuddur. Azad bazar iqtisadiyyatının problemi ondadır ki, comərdliyi  bir zamanlar qəbuledilməz olan – tamahkarlıq, acgözlük, varlanma həvəsinə çevirir. Elə ona görə də sui-istifadə sistematikdir. Bütün Çili iqtisadiyyatının süqutu 1981-ci ilin mayında nəhəng şəkər konserni “Crav”ın iflası ilə artıq aşkar bir şeyə çevrilmişdi. Bütünlüklə çöküş 1982-ci ilin yayında baş verdi. 1983-cə Vialın maliyyə imperiyası iflas etdi. (Yalnız 1997-ci ildə ədalət məhkəməsi, nəhayət, ona çataraq saxtakarlıq ittihamı ilə cəmi 4 il yarımlıq həbsə atdı. Vialin şəriki və holdinqinin 10%-lik hissədarı olduğu aşkar edilən keçmiş maliyyə və iqtisadiyyat naziri Rolf Lyuders isə cəmi 4 illik həbsə məhkum olundu).

    Transmilli banklar bütün Latın Amerikası borclarının ödəmə qabiliyyətinə görə narahat olmağa başladı. Çili Mərkəzi bankı azad bazar nəzəriyyəsinin buyurduğu tədbirləri görməyə başladı – devalvasiya və eyni zamanda kredit faiz dərəcələrinin yüksəldilməsi. Bu, ölümcül manevrə çevrildi. 1983-cü ilin yanvarında işşizlik 30% təşkil edirdi, ölkənin aparıcı 6 bankı və iqtisadiyyatın böyük hissəsinə sahib 2 holdinqi “Vial” və “Cruzat-Lorain” iflas etdi.

Pinoçetin Çilidə əldə etdiyi təcrübəni sonralar Marqaret Tetçer Böyük Britaniyada sınaqdan keçirdi.

   Və onda “yağışlı bir gündə” bankirlər çətiri geri istədilər. Beynəlxalq banklar Kastroya, xaricə olan şəxsi borcu “milliləşdirmək” tələbi ilə təzyiq göstərməyə başladılar. Təzyiq edənlər Alyendeni sıxışdıranlarla eyni idi  – “Chase”, “Banker`s Trust” və başqaları. Bir müddət nazir müqavimət göstərdi. O bəyan edirdi ki, bu cür milliləşdirmə Alyendenin etdiyindən heç nə ilə fərqlənməyəcək, söhbət ancaq şəxsi borclardan gedir, həmçinin öhdəliklərin yerinə yetirilməməsi (defolt) riski ssuda faizinə daxil idi. Yəni, bir sözlə, azad bazar ənənəsinə uyğun arqumentlər gətirirdi.

Bankirlər isə o zaman indikindən fərqli olaraq ideologiyanı hesaba alan deyildilər. Xəlvətcə Çili hökumətinin bütün kredit xətləri ləğv edildi və ölkənin xarici ticarəti təhlükə altında qaldı. Məsələ elə bir həddə gəlib çatdı ki, Çiliyə gələn neft tankerləri geriyə qayıtmaq əmri aldılar. Pinoçet israrla Kastroya istefa verməyi təklif etdi və xunta qorxaqcasına bəyan etdi ki, şəxsi borclara görə bütün məsuliyyəti öz üzərinə götürür. Və bu anda Pinoçet, heç sosialist Alyendenin arzulamağa curət belə etmədiyi tədbiri gördü- ölkənin özəl sektorunu tamamilə ictimailəşdirdi. Xunta yerli bankları və borc içində batmış özəl sektoru milliləşdirdi. Düzdür, Pinoçet offşor borclarına görə məsuliyyəti üzərinə götürmədi. O, həqiqətdə bankları bitib-tükənmiş sahiblərinin əlində qoymayıb milliləşdirdi. 2008-2009-cu illərdə Buş-Obama administrasiyası belə bank menecerlərinə qarşı daha mərhəmətli yanaşmışdılar.

 Zorla almaq və bölmək

1985-ci ildə Pinoçet və onun 5-ci maliyyə naziri Hernan Buçi Buk  tezləşdirilmiş özəlləşdirmə həyata keçirdilər. Bu ikinçi özəlləşdirmə barədə iqtisadi ədəbiyyatda yazılıb. Beynəlxalq Valyuta Fondu buna görə Çiliyə yüksək reytinq verib. Ancaq orada qeyd etməyi unudublar ki, bu özəlləşdirmə ilkin yırtıcı neoliberal özəlləşdirmənin ziyanlarını aradan qaldırmaq üçün gərəkli olub. Çili vergi ödəyiciləri iqtisadiyyat üzərində aparılan azad bazar eskperimentinin zərərlərini öz ciblərindən ödədilər.

Öz aralarında sövdələşmələrdən qaçmaq üçün Buçi işçilərə və pensiya fondlarına səhmlərin bir hissəsini ala bilmələri üçün aşağı faizli ssudalar təklif etdi. Beləliklə, Çilidə özəlləşdirilmiş müəssisələrin səhmlərinin14%-i işçilərə məxsus fondların əlindədir. Təriflənən Xose Pinyeranın islahatı yox, məhz elə bu addım insanların gözündə pensiya fondlarının cəlbediciliyini artırdı. Ədalət xətrinə qeyd etmək lazımdır ki, pensiya islahatı – ehtimal ki, xuntanın bu günlərə kimi “sağ qalan” yeganə iqtisadi tədbiridir. Lakin bu islahat 20-25 il sonra xırda əmanətçilər üçün doğurdan da “yığıcı” oldu. İctimai direktorların və sol hökumətin cəhdləri sayəsində gəlirin çox hissəsini maaş, bonus və komisyon ödəmə adı ilə ciblərinə qoyan pensiya fondları menecerlərinin iştahlarını kəsməyə nail oldular. Bu barədə Pinyeraya sual verəndə “Başa düşürsünüz…bu cür işlərin əvvəlində həmişə yüksək komisyon haqqı ödəmək tələb olunur”, – deyə cavab verir.

İkinci özəlləşdirmə mənfi nəticələrə gətirib çıxardı. Milliləşdirilən mülkiyyət borcları bağlamaq üçün dəyər-dəyməzə transmilli şirkətlərə satılırdı. “Chase”, “City Bank” və МНТ iri Çili banklarının, sığorta və investisiya təsisatlarının  sahibləri oldular. Transmilli sığorta konserni “Etna” Çilinin miqyasına görə ikinci pensiya fondunu ələ keçirdi. Transmilli şirkətlər çox ucuza ölkənin strateji əhəmiyyətli energetika sektorunun böyük hissəsini aldılar. Məşhur avstraliyalı fırıldaqçı Alan Bond Alyendenin uğrunda mübarizə apardığı Çili telefon şirkəti İTT-ni demək olar ki, havayıya aldı (və iflasa uğratdı).

Özəlləşdirmənin “aslan payı” xuntaya yaxın elitaya qismət oldu. Onun sayəsində varlananlardan biri də elə Pinyerin qardaşları olub. Dövlət proqramı onlara milliləşdirilmiş şəxsi borcları su qiymətinə almağa və onları dövlət borcları ilə dəyişməyə icazə verdi. Tanışım Xose Pinyera özəlləşdirmə üzrə məsul dövlət məmuru kreslosundan özü üçün özəlləşdirdiyi elektrostansiyanın direktoru kreslosuna keçib. Onun balaca qardaşı Sebastyan Pinyera senator kreslosuna oturdu, ancaq özünə milli aviaşirkəti özəlləşdirdi. Oradan əldə etdiyi mənfəət ona Çili prezidenti kreslosunu qazanmağa şərait yaratdı.

Pinoçet dövlət xəzinəsinə 2 milyard dollardan çox gəlir gətirən bu proqrama görə çoxlu sayda təriflər aldı. Mahiyyətcə, Pinoçet-Buçinin proqramı, gəlirlərini vegilərdən azad etmək üçün sərhəddən kənara çıxaran cinayətkarları mükafatlandırdı. Uzunmüddətli perspektivdə şəxsi borc öhdəliklərinin uzunmüddətli dövlət istiqrazlarına mübadiləsi borc xidmətlərinin yüksək qiymətinə görə xəzinəyə baha başa gəldi. Çili “azad bazar inqilabı” ilk dəfə gəlirin özəlləşdirilməsi və itkilərin milliləşdirilməsi sxemini sınadı, yəni Şarikovun “almaq və bölüşmək” proqramını. Xunta öz yaxınlarının və qərb bankirlərinin borclarını satın aldı və sonra onlara borclardan arınmış mülkü 1 dollar qarşılıq 30-50 sentə satdı. Çox vaxt sövdələşmələr elə sərhəddən kənara çıxarılmış dollarla maliyyələşirdi. Burada açıq-aşkar hələ indiyə qədər təshih edilməmiş bank sui-istifadəsi olub. Çilidən sonra plutokratiya dəbə düşüb. Solla heç bir əlaqəsi olmayan “Forbs”da yazan (buradan mən məqalə üçün material və məlumatlar əldə etmişəm) Ceyms Henri bunu kinayə ilə “sosializmə çikaqosayağı yol” adlandırır. Henri xuntanın iqtisadi süqutunun səbəbini – cəmiyyətdə demokratiyanın yoxluğu, müxalif qüvvələrin susdurulması və söz azadlığının olmamasında, bir sözlə, hökumətin cəmiyyət qarşısında məsuliyyətinin qıtlığında görür. Xarici banklara “yetər” deyəcək heç kim yox idi. “Xalqın dostlarına” əl uzadacaq heç kim yox idi.

Çevrilişdən dərhal sonra 1973-cü ilin 11 sentyabrında xunta 3065 siyasi edam həyata keçirdi. Bu sayı 2001-ci ilin 11 sentyabrında ABŞ-da baş vermiş terakt zamanı həlak olanlarla müqayisə etmək olar. Ancaq diktatura qulluqçularının az hissəsi məhkəmə önündə cavab verdi. Bununla belə, rəqəmlər həmişə abstraktdır, lakin orada öldürülən insanlar tamamilə konkret idilər – Orlando Letelyer, müğənni Viktor Xara. O, döyülmüşdü, işgəncəyə məruz qalmışdı, qolları sındırılıb digər həbs edilmişlər qarşısında güllələnmişdi. Çilidəki “azad bazar inqilabı”nın nə ilə bitdiyini gördükdən sonra əsasən hər inqilabdan sonra verilən bir sual ortaya çıxır: bəs bu qədər insan nə üçün öldürüldü?

(c) SOLFRONT.org

[Yazı original məqalədən Solfront.org üçün hazırlanmışdır]


Oxşar yazılar:

Baxış sayı:12284