abunə ol: Yazılar | Şərhlər | Еmail

Salvador Alyende – Çili xalqına son müraciət

Şərh

Həmvətənlərim!

 Yəqin ki, bu mənim sizə son müraciətimdir: hərbi hava qüvvələri “Portales” və “Korporasyon” radiostansiyalarını bombardman edib. Mənim sözlərimdə yanğı yox, məyusluq var və onlar hərbi andı pozanlara: Çili hərbçilərinə – hərbi qoşunlara komandanlıq edənlərə və özünü donanmanın komandanı elan etmiş admiral Merinoya, həmçinin dünən hakimiyyətə sədaqətindən və vəfasından danışan, lakin indi özünü karabinlər korpusunun baş direktoru elan etmiş cənab Mendosa, əclaf generala mənəvi əzab olacaq.

Bu hadisələrin nəticəsi olaraq işçilərin qarşısında yalnız bir şey demək olar  – mən istefaya getməyəcəm!

Bu tarixin kəsişməsində mən xalqımın mənə olan etibarını həyatımla ödəməyə hazıram. Və mən böyük əminliklə deyirəm ki, bizim minlərlə çiliyalıların şüuruna səpdiklərimiz toxumları artıq tamamilə məhv etmək olmaz.

Onların gücü var və onlar sizləri əzə bilərlər, lakin sosial prosesləri nə güclə, nə də cinayətkarlıqla saxlamaq mümkün deyil.

Tarix bizə məxsusdur və onu xalqlar yaradır.

Vətənimin zəhmətkeşləri!

Mən sizə hər zaman göstərdiyiniz sədaqətə görə, sadəcə ədalətin dərin istəklərinin ifadəçisi olan və həmçinin konstitusiyaya və qanuna hörmət edəcəyinə and içib verdiyi sözə əməl edən insana göstərdiyiniz etimada görə təşəkkür etmək istəyirəm. Bu mənim sizə müraciət edə biləcəyim sonuncu həlledici andır. Lakin mən istəyirəm ki, siz bundan dərs alasınız. Xarici kapital, imperializm irtica ilə ittifaqa girərək, hərbi qüvvələr vasitəsilə general Şneyderin[1] öyrətdiyi və mayor Arayyanın [2] sadiq qaldığı ənənələrin silahlı qüvvələr tərəfindən pozulmasına şərait yaratdılar. Onlar, imtiyazlarını qorumaq üçün bu gün evlərində oturub başqalarının əli ilə özlərinə hakimiyyəti qaytarmaq istəyən sosial təbəqələrin qurbanları oldular.

Mən ilk öncə bizim ölkəmizin sadə qadınına, bizə etibar edən kəndli qadına, zəhmətkeş işçi qadına, uşaqlarının qayğısına qaldığımızı bilən anaya müraciət edirəm.

Mən,  kapitalizmin çox az adama verdiyi imtiyazları qorumaq məqsədilə mütəxəssislərin peşəkar birliyinin, sinfi birliklərin sui-qəsdçilərə kömək etdiyi bu günlərdə işləməyə davam edən ölkəmizin mütəxəssislərinə, vətənpərvər-mütəxəssislərə müraciət edirəm.

Mən, mahnısı ilə mübarizəyə çoşğunluğunu və ruh gücünü bəxş edən gənclərə müraciət edirəm.

Mən Çili vətəndaşına— izləniləcək hər kəsə – işçiyə, kəndliyə, intellektuala müraciət edirəm, çünki bizim ölkədə artıq çoxdan terroçuların cəhdlərində, körpülərin partladılmasında, dəmiryol, neft və qaz xətlərinin dağıdılmasında faşizm hiss olunurdu. … mənəvi borcu olanların səssiz razılığı ilə… [3]. Onları tarix mühakimə edəcək.

 Yəqin “Maqalyanes” radiostansiyasını susmağa məcbur edəcəklər və artıq mənim səsimin sərtliyi və sakitliyi sizə gəlib çatmayacaq. Bu vacib deyil. Məni hər zaman eşidəcəklər, mən hər zaman sizin yanınızda olacağam. Ən azından, məni zəhmətkeşlərin sədaqətinə sədaqətlə cavab verən ləyaqətli bir insan kimi xatırlayacaqlar.

Vətənimin zəhmətkeşləri!

Mən Çiliyə və ölkəmizin taleyinə inanıram. Digər çilililər, satqınlığın hakimiyyətə can atdığı bu zülmət və acı dolu dövrü yaşayacaqlar. Bilin ki, daha yaxşı cəmiyyət qurmaq üçün ləyaqətli insanın gedəcəyi geniş yolun yenidən açıldığı olduğu gün yaxındadır.

Yaşasın Çili!

Yaşasın xalq!

Yaşasın zəhmətkeşlər!

Budur mənim son sözlərim.

Və mən əminəm ki — mənim ölümüm əbəs yerə olmayacaqdır. Mən əminəm ki, o, ən azı xainliyə, qorxaqlığa və satqınlığa mənəvi dərs və cəza olacaqdır.

                                                                                                                  11 sentyabr 1973-cü il

 Qeydlər:

[1] 22 oktyabr 1970-ci ildə  ultrasağçı terrorçular, MKİ-də hazırlanan plan çərçivəsində Çilinin hərbi qüvvələrində qiyamın təşkilatları konstitusiyaya əməl olunmasını və siyasətə ordunun qatılmamasının tərəfdarı olan, ölkənin silahlı qüvvələrinin ali baş komandanı R.Şneyderə sui-qəsdlər törətmişdilər. 25 oktyabrda general Şneyder aldığı yaralardan vəfat edib. Orduda qiyam qaldırmaq mümkün olmamış, keçmiş briqada generalı R.Vionun başçılığı ilə sui-qəsdçilər həbs edilmiş və məhkum olunmuşlar.

[2] Çili prezidentinin hərbi-dəniz adyutantı A.Arayya 27 iyul 1973-cü il ildə ultrasağçı terroristlər tərəfindən qətlə yetirilmişdir. 5 avqust 1973-cü ildə Milli araşdırma xidmətinin baş direktorunun nəşr etdiyi hesabatda terrorçuların (xaricdə gizlənən), “Patria və libertad” faşist təşkilatının və sağçı Milli partiyanın üzvlərinin adı çəkilir. A. Arayyanın vəzifəcə hərbi-dəniz donammasının vəziyyəti haqqında bütün informasiyanın idarə etməsi, birbaşa Çilidə HDD-dan başlanmalı olan hərbi çevriliş planına mane olurdu.

[3] Partlayışların gurultusundan lentə alınmış yazının bu hissəsi eşidilmir.

 

Çap olunub: Alyende S. Tarix bizə məxsusdur. Nitqlər və məqalələr. 1970-1973. – M.: Politizdat, 1974. – Səh. 378-380.

Hazırladı: Nicat Yusubov                (c) SOLFRONT.org

[Yazı original məqalədən Solfront.org üçün hazırlanmışdır]


Oxşar yazılar:

Baxış sayı:7995