abunə ol: Yazılar | Şərhlər | Еmail

Kamil Pisarro – rəssam-anarxist

Şərh

Filip Ekyü

 

“Gözəl olan və yaxşılığı təbliğ edən istənilən incəsənət anarxikdir”

XIX əsrin sonlarında anarxist ideyalar təkcə işçi sinfinə deyil, eyni zamanda ədəbi-incəsənət aləminə də ciddi təsir göstərmişdi. Bir çox yazıçı və rəssam sosial inqilab ideyasından ilhamlanırdı. Bəziləri üçün bu yalnız dəb idi, uğur və sərvət qazandıqdan sonra bu dəb başa çatdı. Digərləri isə anarxizmə ömür boyu sadiq qaldılar. Onlardan biri də məşhur rəssam Kamil Pisarrodur (Camille Pissarro, 1830-1903). 2003-cü ildə onun ölümünün 100 illiyi qeyd olundu.

Kamil Pisarro Karib dənizindəki Virgin adaları qrupuna daxil olan Sent-Tomas adasında anadan olub. Həmin illərdə bu adalar Danimarkaya məxsus idi, sonradan isə ABŞ-a satılmışdı. Gələcək rəssamın atası portuqal əsilli yəhudi idi, ticarətlə məşğul olurdu və hesab edirdi ki, oğlu da onun yolunu davam edəcək. Lakin Kamil adaya gələn danimarkalı rəssam Fritz Melbye [1] ilə tanış oldu və onunla bir yerdə Venesuelaya getdi, burada flora və faunanın peyzajını çəkməyə başladı. 1855-ci ildə təhsil üçün Parisə getdi, Qustav Kurbenin şagirdi oldu və Jan-Batist-Kamil Koronun [2] təsirini öz üzərində hiss elədi. Pisarro 1857-ci ildə İsveçrə Akademiyasında gələcək impressionistlər – Eduar Mane, Pyer-Ogüst Renuar, Pol Sezann  ilə tanış olmuş və onlarla dostluq münasibətləri qurmuşdu.

“Məhsul”, 1882.

Fransa-Prussiya müharibəsi 1870-ci ildə onu İngiltərəyə mühacirət etməyə məcbur etdi, burada Jozef Mallor Vilyam Turner [3]və Con Konstebl [4] rəssamlığının təsiri altına düşdü. Fransaya qayıtdıqdan sonra Pisarro Sezann ilə birlikdə Luvansen (Sent-Jermen-an-Le (Saint-Germain-en-Laye) yaxınlığında) və Pontuazda (Pontoise) rəsm çəkməyə davam etdi. Onun rəsmləri daha mücərrəd olmağa başlayırdı. Rəssam daha çox kəndli həyatını və əməyini təsvir etməyi xoşlayırdı.

 Bu gün rəsmsevərlər impressionist-rəssamların hər yeni sərgisinə izdihamla tamaşa edirlər. Lakin bu cərəyan yeni meydana gəldiyi dövrdə şiddətli dözümsüzlüyə məruz qalmışdı. 1874-cü ildə Mane, Pisarro, Sisley, Renuar, Sezann və Deqa  tərəfindən təşkil edilmiş sərgi bütün fransız mətbuatı tərəfindən ələ salınmışdı. Zarafat üçün onlar özlərini “impressionist” adlandırdılar. 3 ildən sonra isə bu ad qürurla təkrarlanırdı.

 Bir neçə incəsənət dillerinin və kolleksiyaçının marağına baxmayaraq, rəsmlər çətinliklə satılırdı və ailəsini dolandırmaq üçün Pisarro çox işləməyə məcbur olurdu (onun 7 uşağı var idi). Hətta bəzi hallarda kiş və boya almağa belə pulu olmurdu. Onun maddi vəziyyəti ancaq 1879-cu ildə yaxşılaşır. 1884-cü ildə Erani-sür-Eptdə (Uazada) (Eragny-Sur-Epte, Oise) məskunlaşır, onun rəsm sərgiləri ABŞ-da ona böyuk uğur qazandırır.

“Paltaryuyan qadın”, 1880.

Pisarroda çox erkəndən anarxist idealogiyaya simpatiya yaranır. O, monarxiyanın yenidən qurulmasına qarşı olaraq respublika quruluşunu dəstəkləyirdi, lakin onun məktubları göstərir ki, siyasətçilərə qarşı heç bir fikri yox idi. Avanqard-rəssam kimi burjua cəmiyyəti və hakimiyyətini inkar edir, insanın şəxsiyyəti ilə fəxr edirdi. Anarxizm Pisarroya onun qəbul etdiyi gözəllik anlayışını izah etməyə imkan verdi. Kropotkin, Prudon və Qreyvin fikirləri onu sosial inqilabın zəruriliyinə inandırmışdı.

 Rəsmin quruluşuna gəldikdə, Pisarro bir müddət Syora [5]və Sinyakın [6] (həmçinin anarxist) tərzinə yaxınlaşdı və “sistematik bölmə”(nöqtələr şəklində xətt və ya neoimpressionizm) metoduna müraciət etdi. Müxtəlif tərəflərin tənqidinə baxmayaraq, 1890-ci ildən sonra onun sərgiləri böyük uğur qazandı.

 Pisarronun əsərlərində anarxizm açıq şəkildə nəzərə çarpmır, bu tip rəsmlər onun xoşuna gəlmirdi. O, daha çox peyzaj və müxtəlif portretlər çəkirdi. Onun rəsmlərində dolğun yaxmalar və bol işıq nəzərə çarpır. 1890-cı ildən etibarən şəhər ətrafında (Paris və Ruan (Rouen)) yaşayıb və yaradıb. Lakin onun anarxist idealına kəndli həyatı daha uyğun idi. Kəndlər və tarlalar onun üçün Utopiyanın simvolu idi. O, sənayeləşmə bu dünyanı məhv etmədən, onu gələcək nəsillərə ötürmək istəyirdi.

 Pisarro fəaliyyətindən daha çox ideyalarında anarxist idi. 1899-cu ildə heykəltaraş Roden, anarxist Qreyv, sindikalist Emil Puje [7] və Paris Kommunasının qəhrəman qadını Luiza Mişel [8] ilə bərabər sosial incəsənət Klubuna daxil olur. O, “Sənət incəsənət üçündür” anlayışını müdafiə edirdi. “Gözəl olan və yaxşılığı təbliğ edən istənilən incəsənət anarxikdir” – Pisarro deyirdi. O, siyasiləşdirilmiş incəsənətin tərəfdarı deyildi və tarla poeziyasını rəsmdə təsvir etmək üçün kəndli olmağı mütləq hesab etmirdi. Pisarro ən güclü insani hissləri digərləri ilə bölüşməyə can atırdı. Gözəl incəsənət əsəri, ona fikrincə, burjuaya qarşı etiraz idi. Rəssam optimist idi və tezliklə anarxist cəmiyyətin qurulacağına inanırdı ki, orada dini və kapitalist ideyalardan azad olmuş bu insanlar onun sənətinə qiymət verməyi bacaracaqdı.

 1890-cı ildə Pisarro qardaşı uşaqlarına 28 rəsmdən ibarət albom çəkdi. Bunlar qətiyyən onun rəsmlərinə bənzəmir, lakin onun əqidəsi tamamilə aydın şəkildə hiss olunur. “İctimai alçaqlıq” adlı albomda pul, birja, kapital, din, sahibkar, muzdlu fəhlə, yoxsulluq, aclıq və intihar acı dillə təsvir olunub. Şəkillərdə Onore Domye [9] (Honore Daumier) və Zolyanın (Emile Zola) üslubu aydın nəzərə çarpır. Ümid barrikada ilə təsvir olunub, yaşlı filosofun günəşin doğmasını seyr etdiyi rəsm isə “ANARXİYA” sözünü təşkil edən hərflərlə əhatə olunub. Pisarronun Albomu – yoxsullara və rəssamlara yer olmayan cəmiyyətin birmənalı ittiham olunmasıdır.

“İctimai alçaqlıq”

 Pisarro sülhsevər insan idi, lakin o vaxtkı anarxistləri fədakar sui-qəsdlərə təşviq edən motivləri dərk edirdi. Anarxist Kazerio Fransa prezidenti Karnonu öldürdükdən sonra  repressiyadan qurtulmaq üçün rəssam bir neçə ay Belçikada gizlənməli oldu. Burada məşhur anarxist-coğrafiyaçı Elize Reklyu [10] (Elisee Reclus) və böyük şair Emil Verharen [11] (Emile Verhaeren) ilə tanış olur. Pisarro hökümət tərəfindən təqibə məruz qalanlara böyük maddi yardım göstərir, anarxist məhbusların övladlarına kömək edirdi. Jan Qreyv (Jean Grave) tərəfindən buraxılan anarxist qəzet “Les Temps Nouvaux” borclarını mütəmadi olaraq ödəyirdi. 1895-ci ildə yaradılan və 1914-cü ilə qədər fəaliyyət göstərən bu qəzetlə anarxizmə rəğbət göstərən bir çox incəsənət adamları – Lyus [12], Kross, Sinyak, Van Risselberq [13], Aristid Delannua, Valotton [14] və Steyleyn [15] əməkdaşlıq edirdi. Pisarro özü qəzet üçün 3 litoqrafiya çəkmiş, daimi maddi yardım göstərmişdi. Onun xahişinə uyğun olaraq rəssamlıqla məşğul olan övladları Lusyen, Jorj və Rodo öz rəsmlərini qəzetə göndərirdilər. Qəzetin maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün o, həmçinin öz rəsmlərini hərraca çıxarırdı.

 “Dreyfus işi” zamanı Oktav Mirbo [16] (Octave Mirbeau) və Maksimilian Lyus (Maximilien Luce) ilə birgə ədalətsizliyə və antisemitizmə qarşı mübarizə aparmış, lakin qarşı mövqedən çıxış edən Deqa və Renuar ilə əlaqələrini kəsməli olmuşdu.

Pisarro yaradıcılığı bütün dünyada tanınır. Bu gün onun istənilən şəkli var-dövlətə bərabərdir. Ona çoxsaylı tədqiqatlar həsr olunub, lakin hamısı onun anarxist əqidəsini qeyd etməkdən çəkinir.

Fransız şəhəri Pontuazda 2004-cü ildə rəssamın ölümünün 100 illiyi qeyd olundu. Burada Pisarronun xatirəsinə muzey açılıb. Burada onun bir dənə də tablosunun olmamasına baxmayaraq, çoxlu sayda rəsm və qravyuraları var. Burada həmçinin onun övladlarının və bu rayonda işləyən digər rəssamların əsərlərini də görmək olar. Muzeydə fəaliyyət göstərən “Kamil Pisarronun Dostları Assosiasiyası”nın məqsədi ictimaiyyəti Pisarronun həyat və yaradıcılığı ilə tanış etməkdir.

Qeydlər:

  1. Fritz Melbye (Fritz Melbye) – danimarkalı rəssam (1826-1869).
  2. Jan-Batist-Kamil Koro (Jean-Baptiste-Camille-Corot) – fransız rəssam (1796-1875).
  3. Jozef Mallor Vilyam Turner (Joseph Mallor William Turner) – ingilis romantik rəssam (1775-1851).
  4. Con Konstebl (Jean Constable) – ingilis romantik rəssam (1776-1837).
  5. Jorj Syora (Georges Seurat) – fransız post-impressionist rəssam, puantilizm üslubunun yaradıcılarından biri (1859-1891).
  6. Pol Sinyak (Paul Signac) – fransız post-impressionist rəssam, Jorj Syora ilə birlikdə puantilist üslubu inkişaf etdirmişdir (1863-1935).
  7. Emil Puje (Emile Pouget) – fransız anarxo-kommunist (1860-1931).
  8. Luiza Mişel (Louise Michel) – fransız anarxist (1830-1905).
  9. Onore Domer (Honore Daumier) – fransız rəssam, karikaturist və heykəltaraş (1808-1879).
  10. Elize Reklyu (Elisee Reclus) – fransız fotoqraf, yazıçı və anarxist (1830-1905).
  11. Emil Verharen (Emile Verhaeren) – belçikalı yazıçı və şair (1855-1916).
  12. Maksimilian Lyus (Maximilien Luce) – fransız neo-impressionist rəssam (1858-1941).
  13. Teo Van Risselberq (Theo Van Rysselbeghe) – belçikalı neo-impressionist rəssam (1862-1926).
  14. Feliks Valotton (Felix Vallotton) – isveçrəli rəssam və qrafik (1865-1925).
  15. Teofil Steyleyn (Théophile Alexandre Steinlen) – isveç əsilli fransız “Art Nouveau” rəssamı (1859-1923)
  16. Oktav Mirbo (Octave Mirbeau) – fransız jurnalist, incəsənət tənqidçisi və yazarı (1848-1917).

 (c) SOLFRONT.org

[Yazı original məqalədən Solfront.org üçün hazırlanmışdır]


Oxşar yazılar:

Baxış sayı:11166