abunə ol: Yazılar | Şərhlər | Еmail

Jan-Pol Sartr – “Mükafatdan niyə imtina etdim”

Şərh

Jan-Pol  Sartr

Mükafatdan niyə imtina etdim

Çox təəssüf edirəm ki, bu, skandal formasını aldı: mükafat verilir, amma ondan imtina edirlər. Mənə əvvəlcədən məlumat verilməmişdi. 15 oktyabr tarixli “Fiqaro litterer”- də onun Stokholmdakı müxbirinin mənim namizədliyim haqqındakı xəbərini oxuduqdan sonra, fikirləşdim ki, Akademiyaya məktub yazmaqla vəziyyəti elə dəyişə bilərəm ki, bir də bu məsələyə qayıtmayım. Mən onda bilmirdim ki, Nobel mükafatı gələcək laureatın istəyindən asılı olmayaraq verilir və fikirləşirdim ki, buna mane olmaq olar. Amma yaxşı başa düşürəm ki, İsveç Akademiyası əgər seçim edibsə, ondan imtina edə bilməz. Akademiyaya göndərdiyim məktubda izah etdiyim kimi, mükafatdan imtina səbəbləri nə İsveç Akademiyası, nə də Nobel mükafatı ilə bağlı deyil. Məktubda iki tip – şəxsi və obyektiv səbəbləri qeyd etmişəm.

Şəxsi səbəblər

Mənim imtina etməyim heç də düşünülməmiş hərəkət deyil, indiyə qədər heç vaxt rəsmi fərqlənmə titullarını qəbul etməmişəm. II Dünya müharibəsindən sonra, 1945-ci ildə mənə Fəxri legion ordeni təklif olunduqda, mən imtina etdim, baxmayaraq ki, hökumətdə dostlarım da var idi. Bir neçə dostum mənə təklif etsə də, heç vaxt College de France- ın üzvü olmaq istəməmişəm. Belə bir mövqeyin əsasında mənim yazıçı əməyi haqda təsəvvürlərim dayanır. Sosial, siyasi və ya mədəni sferada müəyyən bir mövqeyə malik olan yazıçı yalnız onun özünə məxsus olanlarla fəaliyyət göstərməlidir, yəni imzasını daşıyan sözlərlə.

Bütün mümkün fərqlənmə titulları oxuculara təzyiq edir, mən bunu arzuolunmaz hesab edirəm. “Jan-Pol Sartr” və “Jan-Pol Sartr, Nobel mükafatı laureatı” imzaları arasında fərq var.

Bu tip fərqlənmələrə razı olan yazıçı müxtəlif assosiasiyaları, institutları da öz işlərinə daxil edir. Məsələn, mənim venesuelalı partizanlara olan simpatiyam yalnız mənə aiddir. Amma, əgər “Jan-Pol Sartr, Nobel mükafatı laureatı”  venesuela müqavimətini müdafiə edirsə, onda Nobel mükafatı komitetini də özü ilə birlikdə buna daxil edir.

Yazıçı, indiki haldakı kimi nə qədər fəxri formada olsa da, özünün instituta çevrilməsinə imkan verməməlidir. Aydındır ki, bu mənim tamamilə şəxsi mövqeyimdir və bu mükafatı alanlara qarşı heç bir tənqidi xarakter daşımır. Mən bir çox laureatlara, hansıları ki, tanımaq şərəfinə də malikəm, çox dərindən hörmət edirəm, böyük heyranlığım var.

Obyektiv səbəblər

İndi mədəniyyət cəbhəsində yalnız bir müharibə forması var – şərq və qərb mədəniyyətlərinin razılaşmış şəkildə mövcud olmaları uğrunda müharibə. Mən bununla demək istəmirəm ki, mədəniyyətlərin qardaşlığı vacibdir. Çox yaxşı başa düşürəm ki, iki mədəniyyətin qarşılaşdırılması mütləq olaraq münaqişə formasını almalıdır. Amma bu qarşılaşdırma institutların müdaxiləsi olmadan insanlar və mədəniyyətlər arasında baş verməlidir.

Şəxsən mən iki mədəniyyət arasındakı ziddiyyətləri dərindən hiss edirəm: özüm də bu ziddiyyətin məhsuluyam. Mənim simpatiyam mütləq olaraq sosializm və şərq blokuna istiqamətlənir, amma burjua ailəsində doğulmuşam və tərbiyə olunmuşam. Və bu mənə iki mədəniyyətin yaxınlaşmasını istəyənlərlə əməkdaşlıq etməyə imkan verir. Mən ümid edirəm ki, təbii olaraq, “ən yaxşı qalib gələcək”, yəni sosializm.

Buna görə də, mən nə şərq, nə də qərb ali mədəni instansiyalarından heç bir mükafat qəbul etmirəm. Baxmayaraq ki, mənim bütün simpatiyam sosializm tərəfindədir, məsələn, Lenin mükafatı mənə təklif olunsaydı, eyni dərəcədə onu da qəbul edə bilməzdim.

Yaxşı başa düşürəm ki, Nobel mükafatı qərb blokunun ədəbiyyat mükafatı deyil, amma onu bu cür ediblər, ona görə də, İsveç Akademiyasının nəzarətindən çıxan hadisələr mümkün oldu.

Məhz buna görə də, indiki halda Nobel mükafatı Qərb yazıçıları və şərqli “qiyamçılar” üçün nəzərdə tutulur. Məsələn, Cənubi Amerikanın dahi şairlərindən Neruda mükafatlandırılmayıb. Heç vaxt Araqonun namizədliyi ciddi olaraq müzakirə olunmayıb, baxmayaraq ki, o, tamamilə layiqdir. O fakt təəssüf yaradır ki, Nobel mükafatı Şoloxov yox, Pasternaka verildi və mükafat alan tək sovet əsəri, doğma ölkəsində qadağan olunan və xaricdə dərc olunan kitab oldu. Tarazlığı analoji jest, amma əks məna ilə bərpa etmək olardı. Əlcəzairdə müharibə vaxtı, mən və başqalarının ‘Manifeste des 121″ imzaladığı bir zamanda mükafatı minnətdarlıqla qəbul edərdim, çünki bu yalnız mənə yox, bizim gordüyümüz işə, azadlıq mübarizəmizə də aid olacaqdı. Ancaq bu baş vermədi və artıq müharibə bitdikdən sonra mənə mükafat təyin edildi.

Azadlıq və pul

İsveç Akademiyasının əsasnaməsində azadlıq haqqında danışılır: bu söz çox izaha malikdir. Qərbdə onu  ümumi mənada azadlıq kimi başa düşürlər. Mənə gəldikdə, azadlığı daha konkret planda düşünürəm: bir cütdən çox ayaqqabıya sahib olmaq, iştahaya uyğun yemək haqqı kimi. Mənə elə gəlir ki, mükafatdan imtina etmək onu qəbul etməkdən daha az təhlükəlidir. Əgər onu qəbul etsəydim, “zərərin obyektiv əvəz olunması” adlandırdığım vəziyyətə düşmüş olardım. “Fiqaro litterer”-də oxudum ki, “mübahisəli siyasi keçmişim mənə günah sayılmayacaq”. Bilirəm, qəzetdəki o məqalə Akademiyanın fikirlərini ifadə etmir, amma aydın göstərir ki, mənim razılığıma sağ dairələrdə hansı mənalarda şərh verilə bilərdi. Hesab edirəm ki, “mübahisəli siyasi keçmiş” məsələsi hələ də qüvvədədir.

Mən bununla demək istəmirəm ki, Nobel mükafatı “burjuaziya mükafatıdır”. Amma mənim çox yaxşı tanıdığım dairələr tamamilə bununla razı olardılar.

Nəhayət, pul məsələsinə münasibətimi bildirirəm: İsveç Akademiyası mükafata yüksək miqdarda pul da daxil edərək laureatın çiyinlərinə ağır yük qoyur. Bu problem mənə çox əziyyət verdi. Ya mükafatı qəbul etmək və alınan məbləği fəaliyyətləri vacib hesab olunan hərəkat və təşkilatlara dəstək məqsədilə istifadə etmək… Mən şəxsən apartxeydə qarşı London mübarizə komiteti haqda fikirləşdim. Ya da ümumi prinsiplərə görə ondan imtina etmək və hərəkatı onun ehtiyacı ola biləcək köməkdən məhrum etmək.

Amma fikirləşirəm ki, bu yalançı alternativdir. Mən 250 min krondan imtina edirəm, çünki nə şərq, nə də qərb blokuna rəsmi bağlanmaq istəmirəm. Bununla birlikdə, məndən 250 min krona görə yalnız mənim yox, həm də yoldaşlarımın prinsiplərindən imtina etməyini tələb etmək olmaz.

Bütün bunlar həm mükafatın verilməsini, həm də ondan imtina etməyimi mənim üçün ağır yükə çevirdi.

Mən bu bəyanatımı isveç cəmiyyətinə simpatiyamı bildirməklə bitirmək istəyirəm.

23 oktyabr 1964-cü il, Parisdə isveç jurnalistlərə bəyanat

Tərcümə: Nigar Əhmədova

www.solfront.org

 


Oxşar yazılar:

Baxış sayı:21042

Şərhlər

  1. Abbas deyir:

    cox maraqli yanashmadir. esil Sartredir ki Sartredir.