abunə ol: Yazılar | Şərhlər | Еmail

Eduardo “Lalo” Fernandes: “Qonşu ölkələrdə Geniş cəbhənin uzunömürlülüyünə qibtə edirlər”

Şərh

Ruslan Kostyuk

Rusiyada çoxlarının xəbəri yoxdur ki, Amerika qitəsində sol qüvvələrin birləşmiş koalisiyasının yetəri qədər uğurla və qırx ildən çox müddətdə fəaliyyət göstərdiyi bir ölkə var. Söhbət Cənubi Amerikada yerləşən Uruqvaydan gedir.  Uruqvay hakimiyyətdə solçu və sol-mərkəzçi qüvvələrin yer aldığı bir çox Cənubi Amerika ölkələri ilə eyni sıradadır. Lakin Uruqvayda həm solçular, həm də sol-mərkəzçilər vahid iqtidarda təmsil olunurlar! Günü bu gün də hakimiyyətdə olan Sol koalisiyanın xüsusiyyətləri haqqında Uruqvay Sosialist Partiyasının bir vaxtlar baş katibi olmuş, daha sonra isə USP-da beynəlxalq əlaqələr üzrə katib kimi fəaliyyət göstərmiş Eduardo “Lalo” Fernandeslə söhbətləşirik:

-Hörmətli Eduardo, rusiyalı bir çox oxucunun Uruqvay Geniş cəbhəsi haqqında məlumatı yoxdur. Zəhmət olmasa, bu Geniş birlik haqqında qısa xasiyyətnamə verərdiniz…

– Bizim cəbhə 1971-ci ildə yaradılıb. Keçən il isə Geniş cəbhəni təşkil edən partiyalar  təntənəli surətdə birliyin qırxilliyini qeyd etdilər. Cəbhənin tarixi boyu sağ hərbi diktaturanın mövcud olması və 1973-cü ildən bəri 11 il boyunca Geniş cəbhənin sadəcə qadağan olunması kimi xeyli mürəkkəb və ağır mərhələlər adlamışıq. Bunun ardınca Blanko və Kolorado ənənəvi partiyalarından seçilən və biri-birini əvəzləyən prezidentlərlə daimi siyasi müxalifətdə olmuşuq. Demokratik müxalifət dövründə GC “Mütərəqqi Görüş” və “Yeni genişlik” kimi digər mütərəqqi koalisiyalarla ittifaqa dair razılığa gəldi.  Bu dövr həmçinin munisipalitetlər və departamentlər səviyyəsində xalq və seçici dəstəyini qazanmaq dövrü idi. Bizdə deyirlər:  solçular ilk öncə Montevideonu ələ keçirdilər,  daha sonra prezident sarayına basqın etdilər.  Bu belədir,  2005-ci ildə isə cəbhənin namizədi, bizim partiyanın lideri doktor Tabare Vaskesin prezident seçilməsi ilə Geniş cəbhənin tarixində yeni səhifə açıldı.

O zamandan etibarən, Geniş cəbhə yerli departament administrasiyalarına başçılıq etməklə yanaşı, Konqresin hər iki palatasında say üstünlüyünə malikdir. 2009-cu ilin bütün ümumi seçkilərinin keçirilməsindən sonra Geniş cəbhənin namizədi Xose Alberto Muxika ölkə başçısı seçildi, cəbhə 99 deputat yerindən 50-nin sahibi oldu və Konqresdə 30 mandatdan 16-nı qazandı. Qeyd edim ki, 2005-ci ildən sonra əvvəllər “Mütərəqqi Görüşdə” və “Yeni Genişlikdə” təmsil olunan partiyalar birbaşa GC-yə qoşuldular ki, bu da bizim yaşamaq imkanlarımızın möhkəmliyindən xəbər verir. Bəli, ayrılma halları da baş vermişdir. Bir neçə il bundan əvvəl bəzi sol təşkilatlar GC-ni tərk etdilər. Buna baxmayaraq, onlar Uruqvay dövlətinin siyasi həyatında öz yerlərini heç cür möhkəmlədə bilmədilər.

Tabare Vaskez (əli yuxarıda) – USP lideri və Geniş Cəbhədən olan ilk Uruqvay prezidenti

-Artıq qırx ildir ki, GC Uruqvayın sol qüvvələrini vahid təşkilati strukturda birləşdirməkdədir. Bu cür tarixi uzunömürlülüyün sirrini nədə görürsünüz?

-Mən beynəlxalq və amerikan sol hərəkatlarının tarixi ilə kifayət qədər yaxşı tanışam və bir daha təsdiqləyirəm ki, bizim vəziyyətdə söhbət unikal eksperimentdən gedir. Uğurun sirri? Görünür, ilk növbədə sirr ondadır ki, GC-ni təşkil edən və ya daha sonra onun tərkibinə qoşulan partiyalar biri-birilərinə yoldaş, qardaş və əsl müttəfiq kimi yanaşırlar. Bilirsiniz, yerli diktatura ilə mübarizə təcrübəsi, həbs olunmalar və emiqrasiya, siyasi demokratiya və sosial tərəqqi uğrunda mübarizə möhkəmlik və güc qazandırır. GC-in sıralarında Kommunist Partiyasını, Xalq iştirakı hərəkatından keçmiş şəhər gerilyeroslarını, bizim Sosialist Partiyasını, sosial-demokratların müxtəlif ünsürlərini, xristian-demokratları görə bilərsiniz. Demək olar ki, Uruqvayın bütün sol spektri Geniş cəbhənin ətrafında birləşib.

Hazırkı siyasi vəziyyət göstərir ki, məsələ təkcə müştərək tarixdə deyil. Həmçinin siyasi planda GC-yə mənsub olmaq Uruqvay solçuları üçün sadəcə əlverişlidir. Geniş sol və sol-mərkəzçi koalisiyaların mövcud olduğu digər qardaş ölkələrdən fərqli olaraq, Uruqvayda cəbhədə təmsil olunan partiyalar arasında açıq şəkildə hegemon yoxdur. GC-in idarə heyəti – həqiqətən də bütün siyasi baxışların tarazlığını təmin edən birləşdirici bir strukturdur. Həmçinin birbaşa demokratiya, qubernatorluğa, prezidentliyə, qanunverici orqanlarda təmsil olunmaq üçün namizədin aktivistlər və GC tərəfdarları tərəfindən seçilməsi özü çox şeydən xəbər verir. Qonşu ölkələrdə Geniş cəbhənin uzunömürlülüyünə qibtə edirlər: Biz onunla fəxr edirik.

-Uruqvay sosialistlərinin Geniş cəbhədəki yerini necə müəyyən edərdiniz?

-Hər şeydən əvvəl, bir daha qeyd edim ki, USP Geniş Cəbhə işində bu siyasi subyektin fəaliyyətinin ən əvvəlindən etibarən iştirak edir. Artıq uzun zamandan bəri bizim partiyanın fəaliyyətini Geniş Cəbhə çərçivəsindən kənarda və ya həmin çərçivəsiz təsəvvür belə edə bilmirəm. Sosialistlər hər bir zaman cəbhənin təşkilati işlərinə, cəbhəyə məxsus deputat və senator qruplarının dövlət və vilayət səviyyəsində fəaliyyətlərinə həqiqi töhfə veriblər. Geniş cəbhə aparatının hər bir səviyyəsində Sosialist Partiyasının bir çox üzvünə rast gələ bilərsiniz. Tamamilə qanunauyğundur ki, Geniş cəbhədən seçilmiş ilk solçu prezident bizim partiya tərəfindən namizədliyi irəli sürülmüş doktor Tabare Vaskes oldu. Bu gün Konqresdə Geniş cəbhə çərçivəsində təmsil olunan sosialistlərin sayı az deyil, buna baxmayaraq, həyat bir yerdə dayanmır. Cəbhənin 2009-cu il seçkiləri öncəsi ilkin seçkilərdə Xose Muxika birincilik əldə etdi və biz var gücümüzlə onun namizədliyini dəstəklədik. Onun qurduğu hökümətdə həmçinin nazir və dövlət katibi vəzifələrində USP-nın nümayəndələri də çalışırlar. Buna görə də belə qənaətdəyəm ki, 2012-ci il nümunəsində Sosialist Partiyasının Geniş cəbhədəki rolu olduqca böyükdür. Ən əsası isə: biz sosialistlər, dar partiya problemlərinə ilişib qalmadan, bu günün çətinliklərinə daha qlobal və inteqral şəkildə baxırıq.

Xose Muhika – sabiq partizan, hal-hazırda Uruqvayın prezidenti

-Artıq 2004-cü ildən bəri sol qüvvələr Uruqvayda iqtidardadırlar. Bu sol ideya və dəyərlərinin praktikada irəliləyişini təmin edə bilirmi?

-Bəziləri Uruqvayı “Cənubi Amerikanın İsveçrəsi” adlandırırlar. Bu zaman belə bir mürəkkəb təsəvvür yarana bilər ki, guya bizim millətin heç bir gözəçarpan iqtisadi problemləri və kəskin sosial məsələləri yoxdur.  Amma sizi inandırıram ki, dostlarla birgə sosialistlər hakimiyyətə gələndə Uruqvay heç də “liberal eldorado”nu xatırlatmırdı. Blanko və Kolorado burjua partiyalarının onillər boyunca biri-birini əvəzləməsi, Uruqvayın yalnız texnoloji baza, rəqabətə davamlı aqrar sfera və yüksək inkişaf etmiş nəqliyyat kompleksi yaratmasına gətirib çıxarmamışdı. Bizim hakimiyyətə gəlməyimiz ərəfəsində istehsal 11% azalmışdı, işsizlik isə artaraq əmək üçün yararlı əhalinin 21%-ni əhatə etmişdi. Və əgər mən sizə desəm ki, sosialist Vaskesin prezident sarayında olduğu müddət ərzində illik, demək olar ki, 7%-lik iqtisadi inkişaf əldə edildi, yoxsulluq səviyyəsində 10%-dən çox azalma müşahidə olundu (əhalinin ümumi sayına əsasən),  10.000-dən çox köməksiz vətəndaşın ucuz məhsul və dərman əldə etməsi üçün həmin vətəndaşlara dövlət səviyyəsində yardım göstərildi, iri şəhərlərdə evsizlərin sayı dəfələrlə azaldı, Konqres bizim qadınlarımızın abort hüquqlarını leqallaşdırdı, əhalinin adambaşına düşən gəlirində yarım dəfədən çox artım müşahidə olundu – bu, sizdə sol layihənin mütərəqqi olduğuna dair əminlik yaratmazmı? Hazırkı administrasiya ilə Uruqvayın sosial reabilitasiyası davam etməkdədir. Mən tam əminəm ki, məhz burada Geniş cəbhənin tarixi haqqı da vardır.

(c) SOLFRONT.org

[Yazı original məqalədən Solfront.org üçün hazırlanmışdır]

 


Oxşar yazılar:

Baxış sayı:10989