abunə ol: Yazılar | Şərhlər | Еmail

Məmməd Süleymanov – Sandinistlər

Şərh

1961-ci ildə bir qrup vətənpərvər toplaşıb inqilaba qərar verib Sandinist cəbhəni yaradandan 1979-da qalib gələnə qədərki vaxt kəsimində onlardan yalnız biri salamat qaldı – Tomas Borxe. O da bu hadisələrdə həyat yoldaşını və övladlarını itirdi. Uzun qanlı yol 18 il davam etdi. Və bu gündən o uzaq məsafəyə baxanda bəlli olur ki, Somosa rejimi nə qədər çürüsə də, hələ davam gətirə bilərdi. Məhz xarici dəstəyin kəsilməsi və ABŞ-ın üz çevirməsi bu köpək oğlunu daha yankilərin öz köpək oğlusu olmaq statusundan saldı.

Bu fərziyyəyə sübut sandinistlərin 1979-cu ildə Manaquaya hücumu ola bilər. Relyefcə küçə döyüşləri aparmağın çox çətin olduğu paytaxtdan partizanlar uduzub çıxdı. Hələ toparlaşmağa vaxt tapmamış isə Somosa prezidentlikdən əl götürüb qaçdı. Bu, növbəti üzücü əməliyyatlara hazırlaşmağa başlayan inqilabçılar üçün də təəccüblü oldu.

Əlbəttə, inqilab geci-tezi qalib gələcəkdi. Söhbət vaxt söhbətiydi. Diktatorun qaçışı bu vaxtı irəli çəkib töküləcək qanları azaltdı. 18 il ərzində dəfələrlə zəifləyib yenidən dirçələ bilmiş sandinistlərin isə geri çəkiləcəyi nonsens idi. Onlar sonadək gedəcəkdilər. Necə ki, Somosadan devriləndən sonra da əl çəkmədilər. Stressnerin total nəzarətində olan Paraqvayda, Asunsyonun mərkəzində günün günorta çağı Somosanın zirehli maşınını minaatanla deşib özünü də öldürdülər.

Sandinist inqilabının tarixində 2 bir-birinə bənzəyən epizod mənə xüsusilə maraqlı görünür. Bunlardan biri 1974-ün dekabrında, digəri isə 1978-in avqustunda baş verib. Onlar psixoloji effekti ilə yanaşı, həm də qeyri-standart taktiki gediş kimi cəlbedicidir.

1974-ün 22 dekabrında Pomares və Kontreras (“komandante Markos”) başda olmaqla, 15 nəfərlik dəstə “Xuan Xose Kesada” əməliyyatını həyata keçirir. Əməliyyata həmin il həlak olmuş sandinistin adı verilmişdi.

İnqilabçılar kənd təsərrüfatı naziri Kastilyo Kuantın evinə hücum edib orada olan ABŞ-ın səfiri Şeltonu, bir çox dövlət çinovniklərini, o cümlədən, Somosanın bir neçə qohumunu girov götürür. Onlar ov tüfəngləri və 6 əl qumbarası ilə silahlanmışdılar. Müqavimət göstərməyə cəhd edən Kastilyo güllələnir. Somosanın qoşun töküb evi inqilabçılardan təmizləmək cəhdləri boşa çıxır – girovların ölümündən qorxur. Sandinistlər konkret tələblər irəli sürürlər – məhbəsdən 14 inqilabçının azad edilməsi, radio ilə inqilabçıların çağırışını səsləndirmək və 1 mln. dollar nağd pul. Manaqua arxiyepiskopunun və İspaniya səfirinin vasitəçiliyi ilə dekabrın 27-də bütün tələblər yerinə etirilir. İnqilabçılara Kubaya uçmağa təyyarə verilir və onlar azad olunan dostları, həmçinin girovlarla birlikdə hava limanına yollanıb sağ-salamat ölkəni tərk edirlər.

1978-in 22 avqust əməliyyatı da öz qeyri-standartlığı və effekti ilə seçilir. 25 nəfərlik dəstə Prezident sarayını ələ keçirir. Eduardo Pastoranın (“komandante Zero”, yarım il sonra həlak oldu) dəstəsi 5 avtomat, 20 ov tüfəngi və 50 əl qumbarası ilə silahlanmışdı. Onlar 14 keşikçini güllələyib yüzlərlə parlament və hökumət üzvünü girov götürür. Əməliyyat elə bir məxfilikdə hazırlanmışdı ki, onun barədə əvvəldən cəmi 3 nəfər bilirdi. Arxiyepiskop Obandonun, habelə Panama və Kosta-Rika səfirlərinin vasitəçiliyi ilə avqustun 23-ü günortadan sonra sandinistlər istədiklərini alırlar. Somosa onların manifestinin radioda oxunmasına razılaşır, tələb olunan 10 mln. dolların əvəzinə 500 min doll. ödəyir, 67 sandinisti məhbəsdən buraxır (üsyançılar 87 nəfər tələb edir, ancaq 20 nəfəri tapmaq olmur. Görünür, onlar artıq türmədə məhv edilibmiş).

Avqustun 24-ü səhər sandinistlər pul və azad olunan dostları ilə birlikdə binanı tərk edib Panama və Venesuelaya uçur. Onlar özləri ilə 4 girov da aparır – Somosanın 2 qohumunu, 1 nazir və 1 parlament üzvünü.

Bu əməliyyatların psixoloji effekti şübhəsizdir – onlar Somosanın zəifliyini çılpaqlığı ilə göstərməklə yanaşı, partizanların taktikasına qarşı polis üsulu ilə mübarizənin çatışmazlığını ortaya qoyur. Üstəlik, sandinistlər 2 dəfəyə 81 üsyançının (o cümlədən, gələcək prezident Daniel Orteqanın) məhbəsdən (və ölümdən) qurtarmasına nail olurlar. Üçüncü tərəfdən, öz maliyyə bazalarını yaxşılaşdıraraq Somosadan 1,5 milyon dollar pul alırlar.

Bu əməliyyatlar sandinistlərə daxildəki institutların və qonşu ölkələrin hökumətlərinin münasibətini də öyrənməyə yardım edir. Nikaraqua katolik kilsəsi onlarla Somosa arasında vasitəçilik edir, arxiyepiskop özünü girov kimi təklif edir, Kuba, Meksika, Panama, Venesuela hökumətləri onları dəstəkləyir. Sandinistlərin bu taktikası strateji cəhətdən həlledici olmasa da, konkret zaman kəsimində ictimai rəyi dəyişmək və təşkilatı gücləndirmək üçün əlahiddə əhəmiyyət kəsb etmiş olur.

10 mart, 2008-ci il

Məqalənin originalı


Oxşar yazılar:

Baxış sayı:6390