abunə ol: Yazılar | Şərhlər | Еmail

Avropa Şurası Parlament Assambleyasının 1580 saylı Qətnaməsi

Şərh

Parlament Assambleyası

1580 saylı Qətnamə

Kreasionizmin1 təhsil qarşısında törətdiyi təhlükə

 Qətnamənin məqsədi hər hansı bir inancı sorğuya çəkmək və ya onunla mübarizə aparmaq deyil – inanc azadlığı hüququ buna icazə vermir. Məqsəd, inancın elm kimi qəbul edilməsi tendensiyalarına qarşı xəbərdar etməkdir. İnancı elmdən fərqləndirmək vacibdr. Burada məsələ antoqonizmdə deyil. Elm və inanc birlikdə mövcud ola bilərlər. İnanc və elmi müqayisə etmək məsələnin məğzi deyil, lakin inancın elmlə qarşı-qarşıya qoyulmasının qarşısına almaq zəruridir.

  1. Bəzi insanlar üçün dini inancdakı Yaradılış həyata məna qazandırır. Buna baxmayaraq, Parlament Assambleyası kreasionist ideyaların geniş yayılmasının təhsil sistemimiz üzərindəki yan təsirləri və demokratiyaya qarşı törətdiyi təhlükə qarşısında narahatdır. Əgər biz diqqətli olmasaq, kreasionizm, Avropa Şurasının əsas prinsiplərindən olan insan haqları üçün təhlükə yarada bilər.
  2. Təbii seçmə yolu ilə növlərin təkamülünün inkarı kimi meydana gəlmiş kreasionizm uzun müddət ərzində müstəsna olaraq amerikan fenomeni idi. Bu gün kreasionist ideyalar Avropaya da yol tapmağa və öz təsirini Avropa Şurasının bəzi ölkələri üzərində göstərməyə başlamışdır.
  3. Çoxu xristian və ya islam dininə sitayiş edən zəmanəmiz kreasionistlərinin əsas hədəfi təhsildir. Kreasionistlər öz ideyalarının məktəb proqramına daxil edilməsi üçün çalışırlar. Lakin kreasionizm elmi fənn olmağa iddia edə bilməz.
  4. Kreasionistlər müəyyən bilik sahəsinin elmi xarakterini şübhə altına alır və təkamül nəzəsiyyəsini elmi interpretasiyalardan yalnız biri kimi qəbul edirlər. Onlar alimləri, təkamül nəzəriyyəsini elmi cəhətdən qəbuledilən nəzəriyyə kimi təsdiq etmək üçün kifayət qədər sübut göstərməməkdə günahlandırırlar. Bunun əksinə olaraq, kreasionistlər öz müddəalarının elmi xarakterli olmasını iddia edirlər. Onların heç biri obyektiv təhlilin tərəfdarı deyillər.
  5. Biz təbiət, təkamül, mənşəyimiz və kainatdakı yerimiz barədə bərqərar olmuş biliklərin sorğuya çəkildiyi düşüncələrin artımına şahid oluruq.
  6. Uşaqlarımızın şüurunda, inanc, əqidə, müxtəlif cür ideallar və elmlə əlaqədar təqdim olunan faktlarla əlaqədar çaşqınlıq yaranması ilə bağlı ciddi risk mövcuddur. “Hər şey bərabərdir” yanaşması cəlbedici və tolerant görünə bilər, lakin fakt olaraq təhlükəlidir.
  7. Kreasionizmın bir sıra ziddiyyətli aspektləri var. Kreasionizmın ən son, daha təkmil versiyası olan “ağıllı dizayn” ideyası təkamülün müəyyən dərəcədə mövcud olmasını inkar etmir. Buna baxmayaraq, daha hiyləgərcəsinə təqdim edilən ağıllı dizayn bu yanaşmanı elmi olaraq təsvir etməyə çalışır və bunun altında ciddi təhlükə yatır.
  8. Assambleya daima iddia edir ki, elm təməl əhəmiyyətə malikdir. Elm yaşayış və əmək şəraitində nəzərəçarpan irəliləmələri mümkün etmiş və iqtisadi, texnoloji və ictimai inkişafda əhəmiyyətli amil rolunu oynayır. Təkamül nəzəriyyəsinin ilahi vəhylərlə heç bir əlaqəsi yoxdur, o, faktlara əsaslanır.
  9. Kreasionizm elmi dəqiqliyə əsaslandığını iddia edir. Həqiqətdə isə kreasionistlər tərəfindən tətbiq edilən metodların üç tipi var: xalis ehkamçı fərziyyələr; bəzən möcuzəvi fotolarda təsəvvür edilən, elmi ifadələrin təhrif olunaraq istifadə edilməsi; və çox vaxt bu məsələlərdə mütəxəssis olmayan az və ya çox dərəcədə məşhur alimlərin dəstəyi. Bu yolla kreasionistlər mütəxəssis olmayan insanlara təsir göstərir və onlarda şübhə və çaşqınlıq yaradırlar.
  10. Təkamül sadəcə olaraq insan və növlərin təkamülü deyil. Onun inkarı cəmiyyətimizin inkişafı üçün ciddi fəsadlara səbəb ola bilər. QİÇS kimi ciddi yoluxucu xəstəliklərlə mübazirə aparan tibbi tədqiqatların inkişafı təkamülün hər bir prinsipinin inkarı ilə qeyri-mümkün olur. Əgər təkamül mexanizmləri dərk olunmayıbsa, bioloji müxtəlifliyin nəzərə çarpacaq dərəcədə geriləməsi və iqlim dəyişikliyi risklərindən agah olmaq mümkün olmaz.
  11. Müasir dünya qədim tarixə əsaslanır ki, elm və texnologiyanın inkişafı onun əsas hissəsini təşkil edir. Bununla bərabər, elmi yanaşma hələ də yaxşı dərk edilməyib və bu, fundamentalizm və ekstremizmin müxtəlif növlərinin inkişafı üçün zəmin yaradır. Elmin tam şəkildə inkarı insan və vətəndaş haqları üçün ən ciddi təhlükələrdəndir.
  12. Təkamül nəzəriyyəsi və ona qarşı çıxanlar arasında müharibə tez-tez, sağ cinahın siyasi hərəkatları ilə sıx əlaqədə olan dini ekstremizmin formalarından qaynaqlanır. Kreasionist hərəkatlar həqiqi siyasi qüvvəyə malikdirlər. Faktlar və bir sıra hadisələr əsasında görünən odur ki, xalis kreasionizm tərəfdarları demokratiyanın teokratiya ilə əvəz edilməsinin lehinədirlər.
  13. Əsas təkallahlı dinlərin öndə gələn liderləri daha mötədil yanaşmaya malikdirlər. Məsələn, XVI Papa Benedikt, sələfi II Papa Con-Pol kimi, bu gün elmin bəşəriyyətin təkamülündəki rolunu tərifləyir və etiraf edir ki, təkamül nəzəriyyəsi “hipotezdən daha irəliyə gedib”.
  14. Buna görə də təməl elmi nəzəriyyə kimi təkamülə aid bütün fenomenlərinin təlimi cəmiyyətimiz və demokratiyanın gələcəyi həlledicidir. Bu səbəbdən o, dərs proqramları və xüsusilə də elmi fənlərdə mərkəzi mövqedə olmalı və digər nəzəriyyələr kimi, təfərrüatlı elmi təqdiqat nəticəsində ayaqda durmağı bacarmalıdır. Təkamül hər yerdədir, dayanıqlı bakteriyanın peyda olmasını stimullaşdıran antibiotik maddələrin reseptindən həşəratların mutasiyasına səbəb olan pestisidlərin ifrat istifadəsinə qədər, bunun nəticəsində pestisidlər artıq heç bir təsirə malik olmurlar.
  15. Avropa Şurası mədəniyyət və din haqqında təlimlərin önəmini vurğulayıb. İfadə və fərdi inanc azadlığı naminə, digər dini mövqelər kimi, kreasionist ideyalar mədəni yə dini təhsilə əlavə kimi təqdim oluna bilər, lakin elmiliyə iddia edə bilməz.
  16. Elm intellektuallıq üçün əvəzedilməzdir. O, “şeylərin nə üçün” olduğunu deyil, “şeylərin necə fəaliyyət göstərdiyini” araşdırır.
  17. Kreasionistlərin artan təsirinin tədqiqi göstərir ki, kreasionizm və təkamül arasında arqumentlər intellektual debatdan kənarda yerləşir. Əgər biz ehtiyatlı olmasaq, Avropa Şurasının təməlində dayanan dəyərlər kreasionist fundamentalistlər tərəfindən təhlükədə olacaq. Avropa Şurası parlament üzvlərinin rollarından biri də gec olmadan buna reaksiya verməkdir.
  18. Bu səbəbdən Parlament Assambleyası üzv ölkələri və xüsusilə də təhsillə bağlı şəxsləri:

19.1.  elmi təfəkkürü və bilikləri müdafiə etməyə və təbliğ etməyə;

19.2.  Obyektiv elmi biliyin tədrisi  ilə bərabər, elmin əsaslarının, tarixinin, epistemiologiyası və metodlarının tədrisini gücləndirməyə;

19.3.  Elmi daha aydın, cəlbedici və müasir dünyanın gerçəklərinə yaxın etməyə;

19.4.  Kreasionizmin təkamül nəzəriyyəsi ilə birlikdə elmi fənn kimi və ümumiyyətlə kreasionist ideyaların dindən kənarda bir fənn kimi təqdim edilməsinə qarşı çıxmağa;

19.5.  Məktəb tədris proqramlarında təkamülün təməl elmi nəzəriyyə kim tədris edilməsini təbliğ etməyə çağırır.

 

Assambleya Avropa Şurasının 27 elmlər akademiyasının 2006-cı il iyun ayında təkamülün tədrisinə dair deklarasiyanı imzalamalarını təqdir edir və bunu etməyən digər elmlər akademiyalarını da bu deklarasiyanı imzalamağa çağırır. 4 oktyabr 2007-ci il tarixli Assambleya debatı (Bax: 11375 saylı hesabat sənədi, Mədəniyyət, Elm və Təhsilə dair Komitənin hesabatı, məruzəçi: Mrs Brasseur). Mətn Assambleya tərəfindən 4 oktyabr 2007-ci ildə təsdiq edilmişdir (35-ci iclas).


 Qeydlər:

  1. Kreasionizm – yaradılış haqqında nəzəriyyə. Bu nəzəriyyəyə əsasən, bəşəriyyət, dünya və kainat fövqəladə bir qüvvə tərəfindən yaradılıb.

 (c) SOLFRONT.org

Mənbə: AŞPA sənədləri


Oxşar yazılar:

Baxış sayı:10374