abunə ol: Yazılar | Şərhlər | Еmail

Böhrana dair

Şərh

Avropada  böhran yeni mərhələyə qədəm qoyub. 2008-ci ildə, 1930-cu illərdən bəri meydana gəlmiş ən dəhşətli iqtisad böhranlardan biri baş verdi. 2010-cu ildə və xüsusilə də 2011-ci ildə mqqavimət hərəkatı yarandı, Yunanıstanda, İspaniyada, Portuqaliyada, Fransada, Belçikada və Böyük Britaniyada kütləvi tətillər başlandı, keçən yaz biz Portuqaliyada, İspaniyada və Yunanıstanda “Qəzəblilər” (“Indignados”) hərəkatının, həmçinin payızda “İşğal et” (“Occupy”) hərəkatının ən qızğın dövrünün şahidi olduq.

İndi sərt iqtisadiyyata qarşı olan kədər və ümumi narazılıq əhvalı seçkilərin gedişinə təsir edir. Bunun nəticələri bütün qitədə ideoloji, siyasi və iqtisadi proseslərə təsir göstərəcək.

Fransua Ollandın fransız sağ qüvvələrin nüfuzlu lideri olan Nikola Sarkozi üzərində qələbəsi 17 il ərzində ilk dəfə bir sosialisti Yelisey sarayının sahibi etdi. Daha vacibi isə, Olland təkcə sərt iqtisadiyyat tədbirlərindən imtina etməklə bağlı ritorik çağırışlara görə deyil, həm də iqtisadiyyatın inkişafına səy göstərmək niyyətinə görə seçildi. Olland avrozonada sərt iqtisadiyyat tədbirlərini möhkəmləndirən, Nikola Sarkozi və Angela Merkel tərəfindən dekabr ayında maliyyə sistemində baş vermiş iqtisad böhrana cavab olaraq hazırlanmış maliyyə sabitliyi paktını yenidən nəzərdən keçirməyi vəd etdi.

Mərkəzin zəifləməsi

Mayın əvvəlində Yunanıstandakı seçkilər ən dramatik şəkildə  göstərdi ki – sərt iqtisadiyyat lehinə çıxış edən iki əsas PASOK1 və “Yeni demokratiya” 2 partiyalarına seçicilərin dəstəyi 2,5 il ərzində 77%-dən 32%-ə enib. Əsasən sol qüvvələr və xüsusilə də radikal sol koalisiya SİRİZA3 uğur əldə edib. Onun seçicilərinin sayı səylə artmaqdadır – 4,6%-dən 16,8%-ə qədər. Onlar az fərqlə ikinci yer tutublar. SİRİZA lideri Aleksis Sipras, “Yeni demokratiya”nın uğursuz cəhdlərindən sonra Yunanıstan prezidentindən, yeni parlamentin formalaşdırılması üçün mandat əldə etməklə avropa liderlərini heyrətə saldı, bəyan etdi ki, Yunanıstana məcburi şəkildə qəbul etdirilmiş sərt iqtisadiyyat tədbirləri – mənasızdır (Məqalə Yunanıstandakı 17 iyun seçkilərindən əvvəl dərc edilmişdir, bu zaman SİRİZA parlamentdə nümayəndəliyini artıraraq, ikinci yeri qoruyub saxlamağa müvəffəq oldu – Red.qeydi).

İtaliyada ötən ayda ölkənin müəyyən regionlarında yerli səviyyədə seçkilər zamanı aydın oldu ki, Silvio Berluskoninin “Azadlıq xalqı” partiyası ciddi zərbə alıb, hökumət koalisiyası üzrə sabiq partnyorlar – eyni hal, banisi və lideri Umberto Bossinin istefasını sürətləndirən korrupsiya skandalı içində batmış rasist partiya “Şimal liqası”nın da başına gəlib. Bu vəziyyətdən ən çox satirik Beppe Qrillonun partiyası “Beş ulduz hərəkatı” faydalandı ki, onlar Parma administrasiyasının və bəzi digər bələdiyyələrin başına keçdilər (Qrillo bu qələbəni Stalinqrad qələbəsi ilə müqayisə etdi).

Almaniyada yerli seçkilər Angela Merkelin rəhbər Xristian-demokrat ittifaqının məğlubiyyəti ilə nəticələndi. Səciyyəvidir ki, Almaniyanın ən sıx məskunlaşmış torpaqları olan Şimali Reyn Vestfaliyada bu partiya İkinci Dünya müharibəsindən bəri ən pis seçki nəticəsi əldə etdi.

Rəhbər dairələrdə nəzərə çarpan siyasi parçalanmanın birbaşa iki nəticəsi var. Onlardan biri – ideolojidir. Xüsusilə Ollandın qələbəsi, sərt iqtisadiyyat proqramının təklif olunan menyuda yeganə yemək olduğu zamanlardakı boğucu elitalar konsensusunun sonu deməkdir. Yeni prioritetlər milyonlarla avropalı üçün daha cazibədardır və bu, insanları müqavimət göstərməyə ruhlandırır, hətta əgər Olland öz vədlərini yerinə yetirməsə belə (o cümlədən, o, büdcənin ixtisarı siyasətinə sadiq qalarsa).

Digəri isə iqtisadi nəticələrdr. Sərt iqtisadiyyat tədbirlərinin artan siyasi dəyəri Yunanıstanı avro zonasından çıxmağa təhrik edir. Bu, artan narahatlığa səbəb olur və xüsusilə italyan, ispan və fransız bankları üçün maliyyə sarsıntıları gözləmələrini meydana gətirir.

Resessiyanın qayıdışı

Avropanın iqtisadi böhranı partiyaların, sərt iqtisadiyyat tərəfdarlarının zəifləyən dəstəyini müəyyən edən əsas səbəbdr. Avrozonanın on yeddi iqtisadiyyatından səkkizi, İspaniya, İtaliya, Hollandiya, İrlandiya, Portuqaliya və Yunanıstan daxil olmaqla, resessiyaya düçar olub. Qitədə ikinci olan fransız iqtisadiyyatı cari ilin birinci kvartalında sıfır faizlik artım nümayiş etdirib.

Yalnız Almaniyanın əhəmiyyətsiz dərəcədə iqtisadi artımı avrozonanın resessiyanın ikinci dalğasını hiss etməsinə mane olub (Almaniya həmçinin Avropanın aparıcı iqtisadiyyatı olaraq qalır, istehsal həcmi böhranaqədərki səviyyəyə qayıdıb).

Avrozonada işsizliyin ümumi faizi 1999-cu ildən bəri ən yüksək səviyyədədir. Ümumilikdə 10,9%-lik ümumi səviyyə daha yüksək xüsusi halları pərdələyir: İspaniya və Yunanıstanda əhalinin təxminən dörddə biri, 25 yaşına qədər gənclər arasında – hər ikinci adam işsizdir. Böhran isə geri çəkilməyə tələsmir.

Mənfəət normasını bərpa etmək və bununla da kapital yığımı mexanizmini yenidən işə salmaq üçün kapitalizmin iki yolu var. Birincisi – mənfəəti artırmaq üçün işçi sinfinin həyat səviyyəsini ixtisar etməkdir. Amma bu çox nadir hallarda baş verir. İkinci metod qeyri-effektiv kapitalın məhv edilməsi yolu ilə daha mənfəətli müəssisələri məhv edilmiş müəssisələr hesabına dirçəltməkdən ibarətdir. Amma dövlət hər vəziyyətdə öz müdaxiləsi ilə, bankların və avtomobil şirkətlərinin xilas edildiyi 2008-2009-cu illərdə olduğu kimi, tələbin kəskin azalmasının qarşısını almağa çalışaraq, kapitalın irimiqyaslı məhvinə mane olur. Onlar “müflisləşmək üçün həddən artıq nəhəng idilər”.

Belə alınır ki, Avropadakı bir çox korporasiyalar üçün resessiya qızıl yağışına çevrilib.

“The Wall Street Journal” iyunun əvvəlində qeyd etmişdi ki, “Korporasiyaların pul yığımı indi bütün avrozona üzrə 2 trilyon avroya çatıb (2,64 trilyon dollar)”. Buna “aşağı səviyyəli korporativ vergi və ev təsərrüfatlarının gəlirləri ilə müqayisədə korporativ sektorun gəlirlərinin artımına gətirib çıxaran, həmkarlar ittifaqlarının təsirini azaltmağa yönəlmiş əmək bazarındakı islahatlar” əlavə edilir.

Artıq pullar

Böyük biznes isə öz pullarını yatırmağa tələsmir, belə ki, şirkətlər sərfəli investisiyalar üçün az imkanlar görürlər. Lakin əgər korporasiyalar pul içində üzürlərsə, Avropanın bir çox banklarının əks problemi var və mahiyyətcə, ödəmə qabiliyyətli deyillər. Bu, balanslarındakı çox böyük “zəhərli borclar” və xüsusilə, 2001-2008-ci illər ərzində daşınmaz əmlak bazarında həddən artış şişirdilmiş köpüklər səbəbindən baş vermişdir.

Keçən ilin əvvəlində Avropa Mərkəzi bankının, banklar üçün 1,3 trilyon dollar dəyərində üçillik ucuz borcları silmək qərarı avropa bank sisteminin məhv olmasının qarşısını aldı, lakin əsas problem qalmaqdadır. “The Daily Telegraph” müxbir Harri Uilson bu iddiasında həqiqətə çox yaxın idi: “Avropa Mərkəzi Bankının prezidenti Mario Dragi, mahiyyətcə, Avropanın “zəhərli” banklarını “zombi banklara” çevirdi ki, onlar yüksək dərəcədə şəkildə ucuz kreditlərdən asılıdırlar”.

Zərərli kapitalın böyük həcmi bankların balansında qalır, onlara və ümumilikdə iqtisadiyyata təzyiq göstərir. Avropanın bəzi cənub hissələrində iqtisadi geriləmənin miqyası, İkinci dünya müharibəsindən sonra Qərbi Avropa müşahidə edilməyən, 1990-cı illərdə Sovet İttifaqının dağılmasından sonra şərqi avropa ölkələrinin məruz qaldıqları “şok terapiyası” ilə uyğunluq təşkil edir.

Bu, ənənəvi seçicilərin öz partiyalarına olan etimadını dağıdır və siyasi qütbləşmənin yüksəlməsinə gətirib çıxarır.

Lakin bu həmişə sol qüvvələrin xeyrinə deyil. Fransada Milli Cəbhənin lideri Marin Le Pen prezident seçkilərində 6,5 milyon səs topladı. Yunanıstanda “Xrisi Avqi” (“Qızılı Dan”) partiyası, mahiyyətcə faşist olan, küçə talanlarının təşkilatçısı olan partiya 21 yer əldə edərək ilk dəfə partiyaya daxil oldu. Hollandiyada populist və islam düşməsi Hert Vilders, öz təxribatı nəticəsində baş vermiş parlamentin buraxılmasından fayda əldə etməyə çalışır.

İrqçi və faşistlərin uğurları ciddi təhlükədən xəbər verir ki, sol qüvvələr böhrandan çıxmaq üçün bir yol təklif etmədikləri halda bu təhlükə artmaqda davam edəcək.

Sol düşərgədə iki tendensiya yaranıb. Hakimiyyətdən kənarda olan və bununla da dəyişmək və azğın kapitalizmə qarşı müəyyən dərəcədə müxalifət yaratmaq üçün imkan əldə etmiş sosial-demokratiya (halbuki hakimiyyətdə olarkən kapitalizmin inkişafına özü şərait yaradırdı) xüsusilə də, Fransada müəyyən uğurlar qazandı. Məsələn, prezident Olland milyon avrodan yuxarı gəlirə 75%-lik verginin tətbiq edilməsindən danışırdı.

Almaniyanın sosial-demokrat partiyası (Böyük Britaniyada Edvard Milibend kimi) həmçinin müəyyən dərəcədə bu prosesdə uğur qazanıb. Bu, sosial-demokratiyaya artıq tükənmiş qüvvə kimi yanaşmanın səhv olduğunu göstərir.

Bu arada sosial-demokratiya ilə bərabər, daha radikal sol qüvvələr də yüksəlməkdədir. Bu tendensiyalar da Fransada və Yunanıstanda daha kəskin şəkildə nəzərə çarpır. Jan-Lyuk Melanşon Sol Cəhbədən Fransa prezidentliyi vəzifəsinə öz namizədliyini irəli sürdükdə on minlərlə ruhlanmış insan onun mitinqlərinə toplanırdı. Yeni antikapitalist partiyanın liderlərindən biri Fransua Sabadonun qeyd etdiyi kimi, “Melanşonun bu kampaniyası zamanı son islahatçı qüvvələr kütlələr arasında yenidən nüfuz qazandı”.

Yeni səfərbərlik

Maraqlıdır ki, Sabado buna səbəb olaraq “Kommunist partiyalarının yeni səfərbərliyini (həmçinin Portuqaliyada, İspaniyada və Yunanıstanda da müşahidə olunub) göstərir, uzun müddət hakimiyyətdə olmamaları onlar üçün xeyirli olub, həm də digər tərəfdən həmkarlar ittifaqlarında öz mövqelərini qoruyub saxlayıblar”.

Əlbəttə, Qiorqos Pittasın izah etdiyi kimi, Yunanıstanda, bünövrəsində Yunanıstanın sovet tərəfdarı olan Kommunist partiyasından (YKP) ayrılmış qüvvələrin dayandığı SİRİZA-dır, lakin kommunistlərdən fərqli olaraq, SİRİZA həmkarlar ittifaqı hərəkatında güclü nüfuza malik deyil.

Lakin bu tendensiya daha geniş xarakter daşıyır. Məsələn, Əmək sosial-demokrat partiyasından daha radikal olan Hollandiyanın Sosialist partiyası seçicilərlə aparılmış sorğularda birinci yer tutaraq, həmçinin hakimiyyəti ələ almağa yaxındır.

Böhranın doğurduğu radikallaşma və müqavimət antikapitalist, inqilabi solların deyil, sol islahatçı qüvvələrin xeyrinədir. Bu heç kimi təəccübləndirməməlidir. İnsanlar sosial-demokrat partiyalarına qarşı olan (bəzən onilliklər ərzində formalaşmış) ənənəvi etimad mövqelərindən uzaqlaşırlar, lakin əvvəlcə islahatçılığın digər, daha radikal variantlarına, işçi sinfinn həyat səviyyəsinin zərbə altında olduğu şəraitdə daha ardıcıl və etibarlı görünən variantlarına müraciət edirlər.

Sistem çərçivəsində dəyişikliklərə nail olmaq, əvvəl olduğu kimi, işçilərin öz qüvvələrinə arxalanmalı olduqlarını və son nəticədə böhrana qalib gəlmək üçün cəmiyyətin idarə edilməsini öz əllərinə almalı olduqlarını sübut edən inqilabçıların çağırışlarını izləməkdən daha asandır.

Seçkilər nəticəsində meydana gələn qütbləşmə bütün Avropada sinfi qarşıdurmanın dərinləşməsinə işarət edir. Əsas toqquşmalar hələ irəlidədir ki, bu da öz növbəsində radikallaşma prosesini və sola doğru meyli stimullaşdıra bilər.

İnqilabçılar öz səslərini Melanşon və SİRİZA-ya verərək və iş yerlərinin əmək haqlarının azalmasına, nasistlərin hücumuna qarşı mübarizədə aparıcı rolu öz üzərinə götürməyə çalışaraq, siyasi müstəqilliklərini qorumalıdırlar.

Mark Tomas

Qeydlər:

  1. PASOK – Yunanıstan sosialist hərəkatı. 1974-cü il 3 sentyabr tarixində yaranıb, banisi Andreas Papandreudur. 1981-1988-ci  və 1993-2004-cü illərdə Yunanıstanda hakimiyyətdə olmuşlar.
  2. “Yeni demokratiya” partiyası – Yunanıstanda sağ meylli partiya. 1974-cü ildə Konstantin Karamalis tərəfindən yaradılıb. Partiya “Avropa xalq partiyası”nın üzvüdür.
  3. SİRİZA (Sinaspizmos  Rizopastikis Aristeras (Συνασπισμός Ριζοσπαστικής Αριστεράς  ) – Radikal Solların Koalisiyası) – bir sıra sol qüvvələrin koalisiyasıdır. Koalisiyada ən iri partiya Sipaznimos (Sol və ekoloji hərəkatlarının koalisiyası), ikincisi isə Yunanıstan Kommunist partiyasıdır.

(c) SOLFRONT.org

[Yazı original məqalədən Sofront.org üçün hazırlanmışdır]


Oxşar yazılar:

Baxış sayı:9473