abunə ol: Yazılar | Şərhlər | Еmail

Müasir incəsənətin şəxsiyyətin formalaşmasına təsiri

Şərh

Nikita Mexalov

 Heç kim mübahisə etməyəcək ki, incəsənət insanın formalaşmasında maarifləndirici, tərbiyələndirici, kommunikativ rol oynayır. Qədim zamanlardan bəri incəsənət insana həqiqəti obrazlarla və bununla onu vahid bir varlıq kimi təsvir edərək dərk etməyə və dəyişdirməyə kömək etmişdir. Bu zaman insanın abstrakt və obrazlı təfəkkürü – fantaziyası inkişaf edirdi. Sovet filosofu E.İlyenkov deyirdi: “Fantaziya və təxəyyül gücü özlüyündə yalnız ən dəyərli deyil, həm də ümumi, universal bacarıqlara aiddir ki, bu da insanı heyvandan fərqləndirir. O olmadan yalnız incəsənətdə bir addım belə atmaq mümkün deyil, əlbəttə əgər bu yerində addımlamaq deyilsə. Təxəyyül gücü olmadan köhnə dostunun saqqalı uzandıqda onu tanımaq belə mümkün olmazdı, avtomobil axınınınfsn yolu keçmək olmazdı. Təxəyyüldən məhrum bəşəriyyət heç vaxt kosmosa raket buraxa bilməzdi” [1]

İncəsənətin erkən yaşlardan uşağın (və onun bütün həyatı boyu) şüurunun formalaşmasında birbaşa rol oynaması faktını nəzərə almamaq qeyri-mümkündür. Musiqi, ədəbiyyat, teatr,  təsviri incəsənət – bütün bunlar insanda hissiyyatı və əxlaqı tərbiyə edir. Dostluq, vicdan, vətənpərvərlik, sevgi, ədalət və s. incəsənət sayəsində inkişaf edir. Bundan əlavə, hissi qavrama olmadan təfəkkürün mövcudluğu mümkün olmazdı: “Məntiqi düşünmək qabiliyyəti, yəni qavramlar, nəzəri təriflərlə məntiq normalarına riayət edərək işləmək qabiliyyəti bizi əhatə edən dünyanı görmək, hissi qavramaq, qəbul etmək bacarığı ilə birləşmədən heç bir dəyərə malik deyil” [2]

Əlbəttə, bunlarla bərabər, incəsənət əyləncə funksiyasını da yerinə yetirirdi. Sanki əgər incəsənət əsrlər boyu həm maariflənmə, həm də əyləncə kimi istifadə edilirdisə, indi narahatlıq üçün səbəb yoxdur. Bu gün həmçinin yaxşı kitablar, filmlər, musiqi yaradılır ki, bunlarla tanışlıq zamanı insan öz bacarıqlarını inkişaf etdirərək, bəşəriyyətin topladığı təcrübə ilə tanış olur. Lakin əgər ayrıca incəsənət nümunələrini deyil, müasir incəsənətin inkişaf (və ya deqradasiya?) tendensiyasını götürsək, o daha nəzərə çarpacaq şəkildə bəşəriyyətin bütün əvvəlki əldə etdiyi müvəffəqiyyətlərdən uzaqlaşaraq, incəsənəti əyləncə və öz yaradıcı bacarıqlarının inkişafı problemindən yayındırma sənayesinə çevrilib.

Yəqin ki, hər dəfə müasir incəsənət muzeyinə daxil olarkən, düşünürdüm ki, hətta mən də daha yaxşı çəkə bilərəm. Məşhur rəssam D.Pollok spontan yaradıcı prosesi nəticədən daha vacib hesab edərək, boyanı fibrokartona tökür və damcıladırdı. Bu ləkələr 140 milyon dəyərindədirlər, bu gün o, dünyada ən bahalı rəsmlərdən biridir. Məşhur “Qara kvadrat” haqqında postmodern yazıçı Pelevin öz kitablarından birində yazırdı: “Maleviç özünü suprematist adlandırsa da, həyatın həqiqətinə sadiq idi – rus səmasında işıq olmur. Görünməyən ulduzları könüldə yaratmaqdan başqa bir seçim qalmır – əsərin mənası budur”. Bu cür predmetsiz, heç nəyi təsvir etməyən rəsmlər hətta müəllifin şəxsiyyətini də mənasız edir, onlar deyirlər: “hər kəs özünə məxsus olanı sezəcək”.

İncəsənətin insana təsiri məsələsinin tədqiqinə çox zaman ayırmış sovet filosofu Mixail Lifşits yazırdı: “Belə incəsənətin əsas daxili məqsədi şüurun sayıqlığını boğmaqdır. Mövhumata qaçış – minimumdur. Daha yaxşısı isə – düşüncənin olmadığı dünyaya qaçışdır. Həyat güzgüsünü sındırmaq və ya ən azından onu bulanıq, görünməz etmək cəhdləri buradan doğur. Hər obraza, “oxşamayan” bir şeyin cizgilərini vermək lazımdır. Beləliklə, təsvirilik azalır, nəticədə – həqiqi həyatla mümkün assosiasiyalardan azad olan qavramlar yaranır”. [2, səh.27-28].

Müasir təsviri incəsənətdə müxtəlif istiqamətlər var. Bəzi istiqamətlərin müəllifləri öz əsərlərinə, əslində sadəcə olaraq yaradıcının şəxsi qayğılarını və ötəri hisslərini təsvir edən forma olan “dərin” məna verirlər. Məşhur sürrealist S.Dali “Yumşaq saat” əsəri haqqında yazırdı: “Bir axşam idi, yorğun idim, miqrendən əziyyət çəkirdim – məndə çox nadir hallarda olan xəstəlikdir. Dostlarla kinoteatra gedəcəkdik, amma son anda evdə qalmağı qərara aldım. Qala onlarla gedəcəkdi, mən isə tezdən yerimə girəcəkdim. Çox dadlı pendir yedik, sona mən tək qaldım, stula söykənərək ərimiş pendirin necə də “super yumşaq” olduğunu düşünürdüm. Ayağa qalxdım və emalatxanaya getdim ki, öz işlərimə nəzər salım. Çəkmək istədiyim rəsm guya solğun axşam şəfəqləri ilə işıqlanan Port-Lyiqata ətrafındakı qalaları təsvir edəcəkdi. Birinci planda yarpaqları tökülmüş, budanmış gövdə təsvir etdim. Bu mənzərə – hansısa ideyanın rəsmi üçün bünövrədir, bəs hansı ideyanın? Mənə valehedici təsvir lazım idi, amma onu tapa bilmirdim. İşığı söndürməyə getdim, çıxanda isə həlli “gördüm”: iki cür yumşaq saat, onlar kədərli şəkildə zeytun ağacının budaqlarından sallanıblar. Miqrenə baxmayaraq, mən palitranı hazırladım və işə başladım. İki saatdan sonra, Qala kionteatrdan qayıdanda mənim ən məşhur rəsmlərimdən biri olacaq bu rəsm artıq hazır idi”. [3]

Bu cür əsərlər digərləri üçün faydalı heç bir şey ehtiva etmirlər, çünki onlar rəssamın əhvalının müəyyən anda təsəvvürüdürlər ki, onlar ötən anın yox olmasından sonra çətin ki hər hansı bir əhəmiyyət daşısın. “Köhnə incəsənətdə həqiqi dünyanın aşiqanə, vicdanlı təsəvvürü vacib idi. Rəssamın şəxsiyyəti az və ya çox dərəcədə onun yaratdığının arxa planında qalır və öz səviyyəsindən daha yüksəkdə olurdu. Ən yeni incəsənətdə vəziyyət tamamilə əskinədir – rəssamın etdiyi hər şey xalis simvola, onun şəxsiyyətinin rəmzinə gətirilir. “Tüpürəcəyim hər şey – incəsənət sayılacaq – məşhur alman dadaisti Kurt Şvitters deyirdi – çünki mən rəssamam”. Bir sözlə, edilmiş olanlar vacib deyil. Rəssamın jesti, onun pozası, adı, imzası, kinematoqraf qarşısındakı kahin rəqsi, bütün dünyaya car çəkilən möhtəşəm əməlləri vacibdir”.

Hər hansı bir müasirin kitabını oxuduqda bəzən oturub düşünürsən ki, görəsən “müəllif hansı ideyanı çatdırmaq istəyirdi”. Lakin indi hətta uşaqlar üçün kitablarda da “uşaqların necə dünyaya gəldiyini” və hansı sözlərlə ifadə etməyin daha düzgün olduğunu öyrənmək olar. Kinematoqrafda da vəziyyət eynidir, hətta daha da pisdir. Fantastik döyüş filmləri, “düşündürən” detektivlər, ağlasığmaz macəra romanları – bu cür filmləri konveyerdəki kimi möhürləyirlər. Həqiqi insani hisslər və qayğılar ikinci plana keçir, indi vulqar, həyasız davranışı, eqoistliyi, hər hansı idealları inkar edən gözəl formalar dəbdədir. İnsanın yalnız fiziki tələbatlarına təzyiq edən saysız-hesabsız erotik səhnələrə nə deməli? İncəsənətin digər növlərində də, təəssüf ki, keyfiyyətcə yeni heç bir şey meydana gəlmir. Müasir musiqi ifaçıları və ya teatr tamaşalarının ssenarist-quruluşçu rejissorları köhnə əsərləri tamamilə təhrif edərək, daha doğrusu isə imkan olduqca mənadan məhrum edərək zəmanəyə uyğunlaşdırırlar. Uyğunlaşdırmanın məğzi də məhz bundadır.

Məgər normal inkişaf etmiş insanı bu cür incəsənətlə tərbiyə etmək olarmı? Müasir insan vulqar ədəbiyyat oxuyur, qəddar filmlər izləyir, dağıdıcı musiqiyə qulaq asır və beləliklə, vulqar, qəddar və kor olur. Bizim müasirimiz vəziyyəti normal qiymətləndirə və bu vəziyyətdən çıxış yolu tapa bilməz, axı “əhatə edən dünya haqqında düşünmək üçün bu dünyanı görmək lazımdır”. [4] Rəssamın əsərin yaradılması zamanı əhvalından başqa heç nəyi əks etdirməyən və ya incəsənəti ümumiyyətlə heç bir məna daşımayan gözəl forma ilə əvəz edən əsərlər ərsəyə gətirərək, yaradıcı bəşəriyyətin bizi əhatə edən həqiqi mühiti, təbiəti, cəmiyyəti, insanı və həmçinin özünü dərk etməsinə yaxınlaşma imkanını məhv edir. Axı “həqiqət predmetin özü ilə bizim təsəvvürlərimizin və ya anlayışlarımızın yaxınlığıdır”. O, hər bir sənət əsəri üçün bünövrə rolu oynamalıdır” (1, səh.44). Bu barədə V.İ.Lenin yazırdı: “Burada həqiqətən də obyektiv şəkildə üç amil var: 1) təbiət; 2) insan idrakı, insan beyni (təbiətin ali məhsulu kimi) və 2) təbiətin insan beynindəki inikası, bu forma özü qavramlar, qanunlar, kateqoriyalar və s.-dir. İnsan təbiəti, onun “birbaşa vahidliyini” tam şəkildə qavraya=əks etdirə=təsvir edə bilməz, o, sadəcə olaraq abstraksiyalar, anlayışlar, qanunlar, dünyanın elmi mənzərəsini və s. yaradaraq, daima ona yaxınlaşa bilər”.

İndi, yəqin ki yaradıcı fəaliyyətlə məşğul olmağa qərar verən və bu zaman acından ölməməyə çalışan hər kəs bir ifadəni rəhbər tutur: “əvvəlcə şöhrət qazan, sonra isə şöhrət sənə xidmət edəcək”. Kapitalizm ciddi şəkildə öz şərtlərini diqtə edir: yaşamaq istəyirsənsə – özünü satmalısan. Nə daha yaxşı satılır? Uydurma əfsanəvi utopiyalar, abstrakt sürrealist rəsmlər, dərin alt mənası olmayan cəlbedici mənzərələr. Kütləşdirən və şüuru yoxluğa aparan əsərlər yaradılır. Nə üçün? Mövcud dünyanın ədalətsizliyini təsvir etmək sərfəli deyil, müasir cəmiyyətin problemlərini təsvir etmək heç kimə lazım deyil. Çünki belə əsərlər tamaşaçıları düşünməyə, müasir dünyanın qeyri-mükəmməlliyi haqqında düşünməyə vadar edirlər. İncəsənət öz əsas funksiyasını – həqiqətin əks etdirilməsi funkasiyasını itirir, bu zaman o, məhdud, hissiyyatsız və kor istehlakçı tərbiyələndirir. “İncəsənət ilk növbədə real həyatı əks etdirməlidir, hər şeyin yaxşı olduğunu yeritməməlidir. Bunun üçün reklam var, o tələb edir, satın almağa, təraş olmağa, yuyunmağa, ətirlənməyə, tətilə getməyə və s. məcbur edir”. [2. s]

Bu gün bir çox insanlar razılaşırlar ki, müasir incəsənət köhnənin çürüməsidir və şəxsiyyətin formalaşmasında yaradıcı rol oynamır. Bu insanlar müasir dünyanı gözardı edərək, özlərini və uşaqlarını klassik ruhda tərbiyə etməyə çalışırlar. Əlbəttə, normal inkişaf etmiş insan əvvəlki nəsillərin yaratdığı mədəniyyətin sərvətlərindən istifadə etməlidir. Lakin istənilən sferada keyfiyyətcə yeni şeylərin yaradılması üçün mövcud olanın sərhədlərindən kənara çıxmaq lazımdır. Beləliklə, gözləri bağlamaq lazım deyil, əksinə – real vəziyyətə diqqət yetirmək və vəziyyəti yaxşıya doğru dəyişmək lazımdır.

Yaradıcılar öz səylərini bəşəriyyətin gözlərini açmağa yönəltməlidirlər: insanlar ətrafa baxsınlar, ürəkləri tez-tez döyünsün ki, mövcud ədalətsizlikləri hiss etsinlər və birlikdə mövcud problemdən çıxış yolunu axtarmağa başlasınlar.

Qeydlər:

  1. Buksikov S. «Взгляд» işgüzar qəzeti, № 24, 25 iyun, 2010-cu il
  2. Voysexovits İ. “İncəsənətin ümumi nəzəriyyəsinin formalaşması təcrübəsi”, Moskva – 1983.
  3. Dali S. “Salvador Dalinin, özü tərəfindən yazılmış gizli həyatı”
  4. İlyenkov E. “Təxəyyülün estetik təbiətinə dair”
  5. Lenin V.İ. Əsərləri toplusu. 5-ci nəşr, Cild 45 (rus dilində)
  6. Lifşits M. “İncəsənət və müasir dünya” Moskva – 1978.

 

(c) SOLFRONT.org

[Yazı original məqalədən Solfont.org üçün hazırlanmışdır]


Oxşar yazılar:

Baxış sayı:10477