abunə ol: Yazılar | Şərhlər | Еmail

Məmməd Süleymanov – İntellektuallar…

Şərh

Əkrəm Əylisli ANS-in efirində marksizm barədə xoş sözlər söyləyir, Marksın müdrikliyini qeyd edir və dünyada ifrat təbəqələşməyə qarşı mübarizənin getdiyini deyir. Qəribədir, deyilmi? Lenin komsomolu mükafatı laureatı, ömrünün böyük hissəsini SSRİ-də yaşamış, pulsuz təhsilin, səhiyyənin, sosial dövlətin nə demək olduğunu bilən, kütləvi işsizliyin və total cəzasızlığın isə nə olduğunu görməyən yazıçı 20 il əvvəl asanlıqla mövqeyini dəyişmişdi, indi yenə dəyişir. Və inanmaq istəyirəm ki, məhz indi o, səmimidir.

Rusiya kommunisti Darya Mitina (Dövlət Dumasının keçmiş deputatı) simvolik bir əhvalat danışır: Moskva Beynəlxalq Kinofestivalında yaşlı bir rejissor ona yaxınlaşıb 1 əvvəl əvvəl Nepal maoçu-partizanları haqda yazdığı yazısını tərifləyir. Sonra da soruşur: “Siz doğrudan kommunistsiz? Elə bilirdim, indi təkcə pitekantroplar kommunist olurlar”. Daryanın da cavabı gecikmir: “İndi yalnız pitekantroplar antikommunist olurlar”.

Həmin yaşlı rejissor – Tofiq Şahverdiyevdir. Rusiyanın xalq artisti, Bakıda doğulub, Taqanroqda böyüyüb. Atası müharibədə həlak olub, özünü isə Sovet hakimiyyəti böyüdüb, tərbiyə verib, 2 ali təhsil alıb (mühəndis və rejissorluq), SSRİ illərinin “kefini çıxaranlardandır”, sonra isə dövr dəyişib və o da dövrə uyğun dəyişib. Vaxtilə Leninin tərifini verdiyi “ziyalı”lardan biridir.

20-25 il əvvəl dünyanın 6-da 1-də psixi epidemiya kimi xalqlar sinxron dəli olanda, intellektuallar özlərini hamıdan daha çox dəli kimi göstərir, səslərinin gur yerinə salıb kapitalizmi vəsf edirdilər. Üstündən 2 onillik keçəndən sonra hansılar ki, özlərini yenidən komfortda hiss etmir (söhbət təkcə maddiyyatdan getmir, axı ürəkdə də sakitlik olmalıdır və əsas olanı da elə budur), belələri yenidən keçmişə, ötən əsrə qayıdırlar, müqayisə edirlər və hansı dəhşətli çirkabın içində çabalamadan mövcud olduğumuzu görüb günah hissi keçirirlər. Belələri azdır. Tofiq Şahverdiyev kimiləri isə çoxdur. Onlara elə bu gün də yaxşıdır. Axı onlar “sadəcə rejissor”durlar, siyasətlə, yaxud sosiumla nə işləri var…

***

120 il əvvəl Fransada başlayan “Dreyfusun işi” (yəhudi əsilli zabit Alfred Dreyfusun casusluqda ittiham olunaraq həbsi) mədəniyyəti “intellektual” termini ilə zənginləşdirdi. İlk baxışda sıravi və rezonanssız görünən proses Fransanı ikiyə böldü. 1898-ci ilin 1 fevralında Barres “İntellektualların etirazı” məqaləsini dərc etdirdi. Yazının hədəfi ilk növbədə Dreyfusun müdafiəsinə qalxan yazıçı Emil Zolya və onun “Mən ittiham edirəm” məqaləsi idi.

Beləliklə, özü də bilmədən və istəmədən Dreyfus intellektuallar “sinfi”nin yaranmasına təkan oldu. Barresin termini isə mənfi çalar daşıyırdı. Yəni, baxın bir, həyatdan uzaq düşmüş, özündənrazı ədiblər və professorlar milli maraqları tapdayır və özlərini az qala həqiqətin etalonu sayırlar. Və nə qəribə ki, Barresin alçaltmaq istədiyi şəxslər “intellektual” kəlməsi ilə həvəslə razılaşdılar (Necə ki, 1860-cı illərdə rus xalqçıları onları kiçiltmək və ələ salmaq üçün istifadəyə buraxılan “nihilist” kəlməsinə müsbət məna verərək bu adı fəxrlə daşımağa başlamışdılar).

O vaxtdan əsrlər keçib, dünya da, intellektuallar da dəyişib. İlkin anlamında götürəndə, əqli əməklə məşğul olan və korporativ maraqlara görə yox, şəxsi əqidəsinə görə siyasi mübahisədə konkret mövqe sərgiləyən şəxslərə intellektual deyirlər (Yəni, bu anlamda Barres özü də intellektual idi). Ancaq 20-ci əsrin sonlarında “Yeni Sol”un görkəmli nümayəndəsi Noam Xomski bu anlayışı təftiş etdi. Xomskiyə görə, intellektual – hakim sinfin muzdlusudur. Qısa və konkret.

Azərbaycanda intellektualla hakimiyyətin yolları ikincinin birinciyə ehtiyacı olmayan anlarda ayrılır. Bu, ümumiyyətlə intellektuallara da, ayrı-ayrı fərdlərə də aiddir. Odur ki, bizim dövrümüzdə hansısa intellektualın dünən hakimiyyətin yanında olub bu gün onu tərk etməsinə ciddi baxmayın. Onlar qovulanda da arxalarıca qapını çırpmayıb gedirlər və gözləri də daima arxada qalır…

Müasir dreyfusların işi səssiz-səmirsiz ötüşür…


Oxşar yazılar:

Baxış sayı:6206