abunə ol: Yazılar | Şərhlər | Еmail

Klara Setkin – İncəsənət və Proletariat

Şərh

  İncəsənət və proletariat – bu müqayisə lağ etmə kimi  görünə bilər. Kapitalist sisteminin muzdlu qulları üçün yaratdığı yaşayış şərtləri  incəsənətə düşmən kəsilib və hətta onun üçün ölümcüldür. İncəsənətdən zövq almaq və xüsusilə də nə isə yaratmaq üçün iqtisadi və mədəni inkişafa geniş imkanlar yaradılmalı, maddi rifah, fiziki, mənəvi və əxlaqi güc artırılmalıdır. Lakin sinfi mübarizə cəmiyyəti parçalamağa başlayandan bəri bütün istismara məruz qalanların və kölələrin taleyində maddi ehtiyac və onunla əlaqədar olan incəsənətin yoxluğu yarandı. Buna görə yenidən belə bir sual meydana çıxırdı: ümumiyyətlə incəsənət əxlaqi və ictimai bəraət almışdırmı, o bəşəriyyətin inkişaf etməsinə təkan verir, yoxsa onu inkişafdan saxlayır?

18-ci əsrin ortalarında təbiətə qayıdış fəlsəfəsinin apastollarından Jan Jak Russo Dijon akademiyasının təqdim etdiyi, özünün məşhur traktatında sübuta yetirirdi ki, sənət – dəbdəbədir, o, insanı əxlaqsızlığa doğru aparır. Ötən əsrin 70-ci illərində fəlsəfi nihilizmin Rusiyadakı nümayəndələrindən biri tərəfindən qüvvətli söz deyildi, o göstərirdi ki, çəkməçi Rafaeldən daha dəyərlidir, çünki o, Rafaelin Madonnanı –rəsmsiz də keçinmək mümkün olardı – çəkməyə sərf etdiyi vaxtda ictimai faydalı, gərəkli işlə məşğul olmuşdur.

XIX-XX əsrlərin astanasında buna oxşar, lakin ictimai aspektdən Russodan daha kəskin düşüncələr Lev Tolstoyun incəsənəti sərt qiymətləndirməsinə gətirib çıxardı.

Özünün fərqli, ağlasığmaz məntiqi ilə Tolstoy nəinki təkcə müasir incəsənəti, ümumilikdə sahibkar sinfinin imtiyazlı olduğu, onların əyləncəsinə xidmət edən və şəxsi mülkiyyətə çevrilən bütün incəsənət nümunələrini tənqid edirdi. Səhnənin, teatrın “əxlaq qurumu” olması fikrini irəli sürən gənc Şillerə əsasən, artıq yaşlı Tolstoy yolunun sonunda belə qənaətə gəlir ki, incəsənət yalnız o zaman özünə bəraət qazandırar ki, bütün xalqı əxlaqın yüksək pilləsinə qaldırmağı bilərəkdən öz yolunda məqsəd olaraq seçsin.

Ardıcıl olaraq bu baxışları inkişaf etdirən Tolstoy ölümsüz yaradıcılığını da yalnız məqsədə çatma vasitəsi kimi, öz ideyalarını xalqın geniş kütlələrinə çatdırmaq və bununla onları öz ruhunda tərbiyələndirmək imkanı kimi nəzərdən keçirir.

Yuxarıda göstərilən yalnış, paradoksal təsəvvürlərə daha bir şey xasdır. Onlar zəmanənin köhnə ictimai qaydalarının məhv olduğu və yeni  sosial qüvvələrin mübarizəyə atıldığı bir dövrdə yaranırlar. Bu dövrlərdə incəsənət aydın şəkildə köləlik və ya hətta qadınların damğalanaraq satılması möhürü ilə qeyd edilib. Bu, varlı və hakim olan azlıq üçün dəbdəbə və əyləncədir, öz məzmunu və tam  mahiyyəti ilə güclənən sinfin tələb və maraqları ilə sərt şəkildə ziddiyyət təşkil edir. Bu, Russonun öz traktatını yazdığı və eyni zamanda Rusiyada fəlsəfi nihilizmin inkişaf etdiyi dövrə aiddir; bu həmçinin Tolstoyun incəsənətə bütün böyük rəssamlıq qabiliyyəti və  dünyanı  yeniləməyə can atan güclü vaiz fanatizmi ilə hücum etdiyi müasir dövrə də aiddir.

Belə dövrlərdə bir sosial tərəfdə nəzərə çarpan düşkünlüyün simptomları səbəbindən əks tərəfdə yeni çiçəklənən həyatın – incəsənəti parçalanmadan xilas edən, onun qarşısında inkişaf üçün yeni imkanlar açan, onu yeni, sağlam, daha yüksək, zəngin məzmun qazandıran həyatın simptomlarını görmək olar.

Xalqların və bəşəriyyətin mübarizəsində məhv olma və çiçəklənmə eyni zamanda baş verir. Məişət və onunla əlaqədar olaraq siyasət, incəsənət, hüququn qədim formaları məhv olduqda yeni formaların yaranması zamanı yetişir.

Jan Jak Russo incəsənəti, əxlaqı məhv etməkdə ittiham edərkən, yenilənmiş iqtisadi və sosial şərtləri əks etdirən fransız fəlsəfəsi artıq düşüncənin cəsarətli yüksəlişini qazanmışdı. Doğrudur, o, öz inkişafının yüksək mərhələsini klassik incəsənətin qızıl əsrində deyil, siyasətin klassik aktında – Böyük fransa inqilabında qazandı. Lakin dövrün sosial mübarizələri Fransada və eyni dərəcədə Almaniyada incəsənətin gələcək inkişafına həlledici şəkildə təsir etdi. Sonuncu iqtisadi inkişaf – kapitalist istehsalının irəliləyişi burjuaziyanın siyasi hakimiyyətinə yox, fəlsəfə və incəsənətin azadlıq mübarizəsinə gətirdi ki, bu da onların inkişafına təkan oldu.

Russo və Tolstoyun baxışları təkcə gətirilən yüksək tarixi səbəblərlə əlaqədar olaraq rədd edilməməlidir. İncəsənətin bəşəriyyətin mənəvi  həyatının qədim göstəricisi olduğu faktını inkar etmək olmaz. Təfəkkür kimi, bəlkə hətta abstrakt təfəkkürdən daha əvvəl – rəssamlığa can atma həmçinin fəaliyyətlə, ibtidai insanın əməyi ilə, daha doğrusu kollektiv əməklə əlaqədar olaraq inkişaf edirdi. İnsan yeni – yeni heyvani xüsusiyyətlərindən uzaqlaşarkən, onda mənəvi həyat yaranmağa başlayarkən ibtidai incəsənətin yaranmasına səbəb olacaq rəsamlıq istəyi canlanır. Bizi fillərin və maralların arxasında çəkilmiş ovçu rəsmləri ilə tanış edən daş dövrünə aid mağaralardakı arxeoloji tapıntılar bu haqda danışır. Bunu musiqini, rəqsi, poeziyanı, təsviri sənəti ilkin incəsənət hissinin obrazlı nümunəsi kimi öyrənən etnoqrafiya sübut edir. Buşmenlər yaxud digər vəhşi qəbilələr də özlərinin ibtidai sənət nümunələrinə malikdirlər. Abstrakt düşüncə tərzi bacarığı inkişaf etməmişdən əvvəl onlar artıq yaşanmış və müşahidə olunan hər şeyin hissi nümunələri üçün təsviri vasitələr tapmışdılar.

Buna görə də bütün zamanlarda cəmiyyətin məzlum və kölə olan təbəqəsində incəsənətdən və rəssamlıq yaradıcılığından zövq almağa qızğın marağın olmasında təəccüblü heç nə yoxdur. Buna görə də təkrar olaraq, geniş xalq kütlələri içərisindən incəsənət və yaradıcılığın ustadları çıxır və sənətin xəzinəsini artırırlar.

Lakin bir şeyi biz aydın şəkildə anlamalıyıq. Nə qədər ki kölələr hakimiyyətə zidd olduqlarını anlamayıblar, nə qədər ki, bu ziddiyyəti məhv etməyə nail olmaq üçün addım atmayıblar, onlar incəsənət qarşısında inkişafın yeni ictimai perspektivlərini aça bilməyəcəklər. Bu zamana qədər onların incəsənət həsrəti ağalarının incəsənət zövqü ilə doyuzdurulur və əksinə, ağaların incəsənəti onların bədii yaradıcılığa olan təəşşüqü ilə zənginləşir. Yalnız məzlumların inqilabçı, hakim sinfə çevrildiyi və onların mənəvi həyatlarının öz mahiyyətini qazandığı, onların ictimai, siyasi və mənəvi təzyiqi qırmaq uğrunda mübarizəyə atıldığı vaxtda, yalnız o zaman onların bəşəriyyət mədəniyyətinin rəssamlıq irsinə verdiyi töhfə müstəqil hesab edilir və buna görə həqiqətən səmərəli və qətiyyətli olur. Məhz o zaman onların incəsənətə təsiri təkcə genişlənməyəcək, həm də dərin şəkildə artacaqdır və təkcə o zaman incəsənət qarşısında daha geniş üfüqlər açılacaqdır.

Kütlələr və yalnız köləlikdən azadlığa can atan kütlələr hər zaman incəsənəti irəli və yüksəyə çəkib aparır, tənəzzül və durğunluq dövrlərinin aradan qaldırılmasına yardım edir.

Elə bu ümumi vəziyyət də proletariatın incəsənətə olan münasibətini müəyyən edir. Sinfi mübarizədə proletariatı yalnız qarnını doyurmağa can atanlar kimi görənlər yanılırlar. Hərtərəfli inkişaf və hər fərdin özünü təsdiqi hüququ uğrunda dünyəvi–tarixi qarşıdurma bəşəriyyərin bütün mədəni irsində mövcuddur. Proletariat bir sinif kimi öz estetik idealını günümüzün incəsənət nümunələrinə qarşı qoymadıqca kapitalist qalasını mühasirəyə ala, zülmət və ehtiyac dolu zavodun divarlarını qırıb işığa çıxa bilməz.

Proletariat müasir incəsənəti necə qiymətləndirir? Özünün püxtələşməsi və çiçəklənməsi üçün zəruri şərt olan azadlığa malikdirmi? Bəzən biz eşidirik: bəli, malikdir. Xeyr, deyə biz iddia edirik. Rəssamların şəxsi və sənət azadlığı uğrunda mübarizəsi burjua cəmiyyətinin feodal sistemi tərkibində yaranması ilə eyni zamanda başlamışdır. Tarix rəssamların sənətkarlıq sexlərinin qandallarını sındırmaq, köləlik zəncirlərini qırmaq üçün, onları zadəganlara, kübar və ruhani knyazlara, şəxsi yaradıcılığını saray nökərinin xidməti səviyyəsinə endirənlərə qarşı necə əzmkarlıqla mübarizə apardıqlarını göstərdi. Rəssamlar qalib gəldirlər. Onların uğuru öz prinsiplərini təsdiq edərək, burjua incəsənətinin bir hissəsinə çevrildi. İncəsənət, belə desək – “azad sənətə” çevrildi.

Bütün bunlar burjuaziya cəmiyyətinin iqtisadi əsası olan əmtəə istehsalı şərtləri altında hansı mənanı daşıyır? Təkcə odur ki, incəsənət də əmtəə istehsalının dəmir qanunlarına tabedir. Muzdlu insan əməyi –  kapitalist əmtəə istehsalının əsası budur. İnsan əməyi tam şəkildə azadlıq əldə etmədikcə, əqli və fiziki əmək əsarətdə olmaqdan çıxmadıqca nə elm, nə də incəsənət azad ola bilməyəcək. Kapitalist sisteminin əsarətini döyənəkli əlləri ilə həm işçilər, həm elmi tədqiqatçılar, həm də yaradıcı rəssamlar öz üzərində daşıyırlar. İncəsənət bir parça çörək əvəzi satılır, o satılmaya bilməz, çünki rəssam yaşamaq istəyir. Yaşamaq üçün o öz ağlının dahiyanə məhsullarını satmağa məcbur qalır. Kapitalist sistemi sadəcə alınıb–satılan əmtəənı qəbul etdiyi üçün sənət əsərini də əmtəəyə çevirir. Parça və qəhvə kimi, rəsm əsəri də bazarı fəth etməlidir. Bəs kim onun üzərində hakimlik edir? Sənətsevərlər və sənət bilicilərindən ibarət məhdud dairə yox, əlbəttə ki yox. Kobud şəkildə desək, bazar dəbdəbə və mənasız əyləncə hərisi olan mədəniyyətsiz və yarı mədəni “alıcılıq qabiliyyətli qaragüruhun” əlindədir.

Acı həqiqət yeri və göyü öz əsərlərində faustsayağı tərənnüm edən bir çox rəssamların nəcib ideallarını məhv edirdi. Əvvəlcə onlar incəsənətin qiymətli xəzinəsini acgözlüklə axtarsalar da, sonda isə cəmiyyətdə layiqli və tox olacaqları bir yer tutmaları ilə qane olurdular.

Həyat, incəsənəti “ali səmavi ilahə” kimi qəbul edən və onları yağla təmin edən “sağmal inək” hesab etməyən bir çoxlarını əzir.

Təkcə ən güclü və səbrli, öz azadlığını bədii formada ifadə etməyi bacaranlar onlara verilənləri müdafiə etməyə qadirdir.

Bəs bazarın tələblərinə baş əyərək saxta şöhrət qazananların aqibəti necə oldu? Onlar sənət şablonunun qurbanına və yaxud şəraitin köləsinə çevrildilər. Burjua incəsənətində bazarın ədalı qanunları onları hər zaman irəliyə doğru qovalayır. Rəqabət zəhəri əhəmiyyətli işlərin yaradılması üçün lazım olan daxili və xarici şəraiti məhv edir. Qızdırmalı qovhaqovla rəssamlar öz əsərlərini satışa çıxarırlar ki, təki sərgi adlanan incəsənət bazarına gecikməsinlər; həmin qovhaqovla da bəstəkar yeni fəslin “məğzini” yaradır; yazıçı tükənənə qədər işləyir ki, Milad bazarına gecikməsin. Bacarıqlı işgüzara və bədii sənət məhsulları satıcısına çevrilən yaradıcı insan məhv olur, onun sənət xəzinəsi isə tükənir: mədəniyyət yaradıcısı onun saxtakarına çevrilir.

Müasir incəsənətdə nə üçün belə qısa zaman kəsiyində müxtəlif cərəyan və məktəblərin bir-birini əvəzləməsinin, az müddətdə böyük, birgünlük “məşhurlar”ın köhnəlməsinin səbəbini axtarmaq lazımdır. Bu gün dahi rəssamın yüksək vəhyi kimi təriflənərək səmalara qaldırılan bir sənət əsəri təqribən 10 ildən sonra artıq unudulur və yalnız tarixi maraq doğurur.

Digər xarakterik cəhətlər də yayılmaqdadır. Elə həmin səbəblər saxta incəsənəti yaradır. Kapitalizm saxta incəsənəti istismar edən sahibkarları yaratdığı kimi, onlar tərəfindən istismar edilən zəhmətkeşləri də yaradır. Sonuncular qismən müasir ictimai sistemin məhsulu olan bədii lumpen-proletariat tərəfindən təchiz edir. Kapitalizm cəmiyyətin bütün təbəqələrində saxta incəsənətə təlabat yaradır. Saxta incəsənət hadisələrinə kafeşatanlar (kapitalist ölkələrində: açıq səhnəsi olan kafe, restoran), çoxsaylı varyetelər (yüngül janrlı tamaşalar göstərilən teatr), pornoqrafik ədəbiyyat nümunələri  və qrafikalar, sülalə və vətənpərvərlik tipli abidələr və başqaları aiddir.

Belə bir sual ağla gəlir ki: müasir kapitalist hökuməti incənətin böyük sifarişçisi kimi  onu acınacaqlı vəziyyətdən çıxara bilməzmi? Xeyr, bacarmaz, çünki, o bütün xalqın birliyi və iradəsinin ifadəsi deyil, sahibkar və hakim olan azlığın dövləti olaraq qalır. O, kapitalizmin bu səbəbləri yaradan qanunlarına tabedir. Bu şərait istənilən hökmdarın incəsənətə olan münasibətini onun himayəsi və tələblərindən daha qəti şəkildə müəyyən edir.

Bizdə, Almaniyada bu fakt Vilhelm tərəfindən incəsənət sahəsində aparılan təkhakimiyyətli siyasət ilə kölgədə qalır. Biz buna Lauff dramları, qovaq ağacları əvəzinə elə onlar qədər donuq görünən daş heykəlləri olan xiyabandakı Hohenzollern abidələrinə görə borcluyuq. Son nəticədə bu məhsulun yaranması hökmdarın əzici və qüdrətli təsirindən deyil, alman burjuaziyasının incəsənət sahəsində də mütləqiyyət qarşısında təslim olmasından xəbər verir.

Yalnız əmək kapitalizmin əsarətindən azad olduqda və bununla da cəmiyyətdə sinfi ziddiyyətlər ləğv olunduqda azad  incəsənət xəyalları gerçəkləşəcək və dahi rəssam da yüksəkliyə doğru qanadlanacaqdır. İncəsənət nümayəndəsi Rixard Vaqner bunu çoxdan anlamış və dünyaya  bildirmişdir. Onun “İncəsənət və inqilab” məqaləsi hələ də  bu fikrin klassik ifadəsi olaraq qalır. Məqalədə deyilir: “Biz boz simic ruhun hökmranlıq etdiyi köləlik çöküşlərindən azad sənətkar insan yüksəkliyinə qalxacağıq ki, burada dünyanın parlayan ruhu hakimlik edir; biz sənayenin muzdlu işindən məyus olmuş insanları dünyanın yüksək zövq mənbəyi kimi, onların əslində olduqları, gözəl, güclü insanlara çevrilməliyik”. Vaqner açıq şəkildə “sənətkarlıq bəlası”nın yarandığı köklərə işarə edir. Bu “sənayeyə xidmətdə günəmuzd işdir”. Vaqnerə yenidən qulaq asaq: “Bütün insanlar eyni dərəcədə xoşbəxt və azad ola bilmədikləri müddətdə, onlar eyni dərəcədə kədər və köləliyə məhkumdurlar”. Ümumi köləliyin aradan necə qaldırılması və azad, bəşəriyyətin hansı yolla çiçəklənə biləcəyi sualına bəstəkar birmənalı şəkildə cavab verir. O deyir: “Tarixi inkişafın məqsədi – güclü, gözəl insandır: inqilab ona güc, incəsənət isə gözəllik bəxş etməlidir”.

Bu ifadədən belə bir nəticə çıxır ki, Vaqnerin xəyal etdiyi güclü və gözəl insan – bədnam fərdiyyətçiliyin fövqəlinsanı deyil, “sarışın fırıldaqçı” yox, birləşdiyi tamlıqdan ayırmayan, harmonik inkişaf etmiş fərddir. İnqilab kütlələrin işidir və ən yüksək səviyyəli incəsənət də onların mənəvi həyatının ifadəsi olacaqdır. Biz bilirik ki, əmək və sənəti azad edəcək sosial inqilab mübarizəyə atılan proletariatın işi olmalıdır. Lakin mübarizə aparan proletariat incəsənətə sadəcə gələcək üçün ümid vermir. Onun burjua sisteminin qalasını dağıdaraq, boşluq ardınca boşluq yaradan mübarizəsi incəsənət üçün yeni yollar açır, onu yeniləyir, yeni ideyalar ilə zənginləşdirir. Bəşəriyyətin gələcək həyatını təxmin edərək, proletariat burjua cəmiyyətinin mənəvi həyatının sərhədlərini aşır və bununla da incəsənətin inkişafına yeni  imkanlar  yaradır.

Sinfi mübarizənin mahiyyəti heç bir siyasi və iqtisadi tələblərlə tükənmir. Proletariat yeni, öz vahidliyində mükəmməl olan bir dünya görüşünün daşıyıcısı olur. Marksın, Darvinin adı ilə bağlı olan ictimai və təbii elmlərin nailiyyətləri, fəlsəfi ümumiləşmələr sosializm ideologiyasına əsaslanır. O, sinfi mübarizənin tufan və yanğınları içində inkişaf edir və yetişir. O, kapitalizmin iqtisadiyyatı dəyişdirməsi ilə inkişaf edərək, ictimai quruluşun dəyişməsi və  insanların arzularının, fikirlərinin, hisslərinin inqilabiləşməsi ilə azad zəhmətkeş insanların kommunist quruluşuna doğru hərəkət etməsinə səbəb olur.

Ən köklü dəyişikliklər təbii ki, öz həyat şərtləri ilə daima mövcud olan iqtisadi bazisə və onun ideoloji quruluşuna barışmaz şəkildə müxalif olan sinfin – proletariatın mənəvi həyatında  və şüurunda baş verməlidir.

Proletariatın düşüncəsi burjuaziyadan fərqli olaraq, burjua cəmiyyətinin sərhədlərinə qədər gedib çıxarkən belə qorxudan geri çəkilmir. Əksinə, işçi sinfi bu sərhədləri aşmaq istəyir. O bilir ki, qarşısında duran maneələri  dağıtmalıdır. Onun bütün tədqiqatların nəticə və rəylərini qəbul etməyinin səbəbi də cəsarət və açıq-fikirli olmasıdır.

Onun kapitalist sisteminə qarşı mübarizəsi daha şüurlu və gərgin hal aldıqca, mənəvi həyatı ilə burjuaziyanın mənəvi dünyası arasında kəskin ziddiyyət özünü biruzə verir. Onun sinfi mübarizəsi yeni mənəvi və əxlaqi ideallar yaradır; kölələrin öz mədəniyyəti çiçəklənir. Yeni canlı həyatın oyanışı incəsənətdən zövq almaq və onu yaratmaq arzusu doğurur. Özünün bədii yaradıcılığında proletariat qarşısındakını ən mühüm tarixi məsələ kimi ifadə etmək ehtiyacı duyur.

Proletariat sosialist baxışlardan ilhamlanaraq yaradılmış incəsənət nümunələrinin həsrətindədir. Buna görə də o sağlamlıq və həyatsevərlik, gözəllik və özünü bəşəriyyətin yüksək ideallarının keşikçisi hesab edən azadlıq uğrunda mübarizə aparan sinfin gəncliyinin zəkası olmayan, müasir burjua incəsənəti ilə mübarizə aparır.

Müasir burjua incəsənəti – artıq tarixi azalan xətt üzrə inkişaf edən, tarixin vulkanik gücünün hakimiyyətinin yerindən silkələdiyini hiss edən sinfin, hakim təbəqənin incəsənətidir.

Tanrıların qürubu – incəsənətə başlanğıc əhvalını verən budur. Onu əbədi olaraq ilkin mənbələrinə, təbiətə və bunun sayəsində ictimai tənqid sahəsində yaranan bir çox dəyər qaytarmış naturalizm indi reallığın hamar və boş surətinə çevrilmişdir. O faktları onların əlaqə və mənalarını açmadan, reallığı ideyasız təqdim edir.

Digər tərəfdən müasir idealizm özünün mənəvi mahiyyətini “əyalət incəsənəti”nin kiçik-burjua ideyalarında axtarır, lakin burada – onun üfüqlərinin daha da genişləndiyi bir mühitdə sənət ictimai məsələlərdən və müasirlikdən uzaqlaşır. Onun səbəbi ya keçmiş, ya da axirətdir, o dinə, tez-tez riyakar neomistisizmə, neoromantizmə meyl edir – qısacası, həqiqəti əks etdirməyən ideyalar ötürür. Bəli, bəs burjua incəsənəti ideyaların sintezi və həqiqətə necə nail olacaqdır? Onlar burjua siniflərinin tarixən mövcud olduğu dünyada bir–birindən ayrılmışlar. Buna görə də bu sinfin baxışları və əhvalı bu cür pessimistdir. Bəzilərində düz və kobud materializm, digərlərində isə mistika və həyatdan qaçış – bu dövrün və onun incəsənətinin əlamətləri belə idi.

Bu cür mahiyyətli sənət proletariatın tələblərinə cavab verə bilər? Öz tarixi rolu baxımından o, optimizmlə doludur. İqtisadiyyatı tənzimləyən qanunlar ona yeni dövrün yaxınlaşacağına, azadlıq zamanının gələcəyinə dair xoş ümid verir. Onun mənəvi həyatı bütünlüklə azadlığa inamla alovlanır. İdeyaların və reallığın belə sintezi bizim vaxtımızda yalnız öz qarşısına uca məqsədlər qoymuş kütlənin ideologiyasından əldə oluna bilər. İdeya: sosializm — bəşəriyyəti hər zaman ilhamlandıran azadlığın ən əzəmətli idealıdır. Gerçəklik budur ki: Marksın dediyi kimi, tarixin bu günə qədər görmədiyi ən böyük əməlinə hazır olan, polad iradəli və yetkin düşüncəli sinif — dünyanı izah etmək əvəzinə onu dəyişəcək.

Buna görə də proletariatın, sosializmin məzmununun eynisi olan incəsənətə qarşı ehtiyacı yaranır. Beləliklə, bizə iddia edirlər ki, «tendensiyalı incəsənət»,  hətta “siyasi incəsənət” də ola bilər. “Siyasi mahnı — pis  mahnıdır!” Proletariat bu cəfəngiyyatdan qorxmamalıdır. Nəticədə, o, əsirlikdə olan kütlələrdə incəsənətdən həzz almaq qabilliyyətini tərbiyə etmək arzu ilə yaranmayıb. Əksinə, o, kütlələri burjuaziya ideyaları dairəsində, onlar üzərində mənəvi hakimiyyəti saxlamaq cəhdindən irəli gəlir.

Dinin böhrandan əziyyət çəkdiyi yerdə incəsənət kömək etməlidir. Buna görə də incəsənət naminə ümumən “tendensiya” yox, təkcə hakim sinfin “tendensiyasına” qarşı olan tendensiya lənətlənir. Bir sözlə, tarixə müraciət etmək kifayətdir ki, incəsənətdə “tendensiyanın” qanundan kənar olduğunu elan edən mühakiməni təkzib edəsən. Bütün zamanların qüdrətli, möhtəşəm əsərləri ehtiraslı tendensiyaya malik olmuşlar. Məgər tendensiya ideyadan nəyəsə görə fərqlənir? İdeyadan məhrum olmuş incəsənət süni və formal olur. İncəsənət əsərini nə ideya rüsvay, nə də ki tendensiya təhqir etmir. Əksinə, onlar incəsənət əsərinin dəyərini yaratmalı və yüksəltməyi bacarmalıdırlar və bacarırlar da.

Tendensiallıq incəsənəti o zaman məhv edir ki, o, kobud şəkildə kənardan tətbiq edilir, bədii natamam üsullarla ifadə olunur. Qrafik üsulların bədii olaraq mükəmməl olduğu yerdə ideya birbaşa əsərin dərinliyindən meydana çıxır, o zaman o, yaradıcı olur və ölümsüzlük yaradır. Buna görə də proletariat müasir incəsənəti tənəzzül vəziyyətindən çıxararaq onu daha geniş məzmuna sahib yenisilə zənginləşdirməyi nəinki bacarmalı, həm də öz yolu ilə getməlidir. Onun burjuaziyanın incəsənət dəbinin hər bir harayına cavab verməyinə ehtiyacı yoxdur.

Zaman, işçi sinfin incəsənətdən həzz alması ilə yanaşı, həm də onu yaratmaq istədiklərinə dair hər dəfə daha da çox dəlillər irəli sürür. Bunu ilk öncə proletariat müğənnilərinin və şairlərinin meydana gəlməsi sübut edir. Burjuaziya tərəfdarları və incəsənət sevərlər qədim və vəhşi xalqların primitiv incəsənət məhsullarından ekstaza gəlirlər. Onlar burada səmimiliyi, ali dahiliyi görürlər. Lakin bu proletariat tərəfindən, adətən təcrübəsiz əllərlə, fəhlənin həyəcanlanan ürəyi ilə yaradılması səbəbi — bu, onlar üçün yalnız istehza və ya təhqiredici miskinlik kimi görünür. “Primitivliyin” azarkeşləri, əsərləri ümumdünyəvi çevriliş və onun ardınca yeni Renessans dövrünün simptomları olan, həmin “primitiv” incəsənəti düzgün qavramaq və qiymətləndirmək üçün orqanlara malik deyillər.

Əlbəttə incəsənətdə də, ictimai aləmdə olduğu kimi, Renessans heç nədən yarana bilməz. Onun kökləri — keçmişdədir, o artıq mövcud olanla bağlıdır. Yenə də mədəniyyətin işığına doğru yüksələn sinfin incəsənəti çıxış nöqtəsi kimi, artıq tarixi rolunu oynamış, çürüməkdə olan sinif tərəfindən yaradılmış incəsənəti nə qəbul edə, nə də idealı kimi yanaşa bilməz. Bunu incəsənətin tarixi təsdiqləyir. Hər bir yüksələn sinif əvvəlki inkişafın yüksək bədii nailiyyətlərində özü üçün nümunələr axtarır. Renessans Yunan və Roma incəsənətindən, alman klassik incəsənəti isə antik və Renessansdan nümunə götürmüşdür.

İncəsənətdə müasir axının klassik irsinin yeni bədii motivlərlərlə və ifadə formaları ilə zənginləşdirilməsinə baxmayaraq, gələcəyin incəsənəti norma axtarışı üçün müasirlikdən yan keçərək, burjuaziya klassikasına müraciət edəcək.

Məgər feodal cəmiyyətinin sərhədlərini aşmaq istəyinin bədii möhtəşəm ifadəsini tapan Hötenin “Pasxa gəzintisi” əsəri, və ya Şillerin ümumdünyəvi qardaşlığa: “Milyonlar, qucaqlaşın, ortaq xoşbəxtliyə qərq olun!” fərəhli çağırışı, və ya Bethovenin Doqquzuncu simfoniyasında azad olmuş bəşəriyyətin əzəmətli xorda səslənən “Sevinc, ülvi alov!” çoşqun sevinci bizə həyatın həqiqliyi və poeziyanın zənginliyini hədiyyə etməyibmi?

Fridrix Engelsin söylədiyi fikrə əsasən, alman işçi sinfi klassik fəlsəfənin varisidir. Bu fikirlə razılaşsaq, o zaman alman proletariatı həm də öz ölkəsinin incəsənətinin varisi hesab olunacaq. Ancaq öz tarixi missiyasına layiqli biri olması üçün o hələ uzun yol getməlidir.

Buna nümunə gətirək: proletariatın ictimai həyatının əsas hissəsinin keçdiyi, onun təşkilatlanma məqsədlərinə xidmət edən, toplantıların təşkil olunduğu və doğma evinə çevrilən məkan, heç də onun sosialist dünya görüşünün bədii təcəssümü olmadı. Bizim xalq evlərimiz, həmkarlar ittifaqı və ictimai tikililər öz üslubunda – əgər üslubu daxili mahiyyətin təzahürü kimi başa düşsək – burjuaziyanın inzibati binalarından heç nə ilə fərqlənmir.

 Bədii formanın, onda nəbz vuran həyati mahiyyətə olan daxili münasibəti, şübhəsiz ki, bu və ya digər evin, azadlığın cansız alleqorik fiquru və ya hardasa ona oxşar bir şeylə bəzədilməsilə ifadə oluna bilinməz. Qısaca desək, işçi sinfin mənəvi həyatı indiyədək azacıq belə olsa memarlıq formalarında ifadəsini tapmamışdır. Düzdür, proletariat hələ özü bu formalar və özünün daxili həyatı arasındakı nizamsızlığı o dərəcədə hiss və dərk etməyib ki, onun bədii tələbatı memarlığa müəyyən təsir göstərə bilsin. Əlbəttə, memarlıq — uca və ən çətin, lakin bununla bərabər incəsənətin bütün növləri arasında ən ictimai növdür. O, ictimai həyatı daha geniş ifadə edir. Sexlərə parçalanmış feodal şəhərin əhalisinin öz bədii estetik idealının ifadəsini Qotik üslubundakı baş kilsələrində tapmağını yada salmaq kifayət edər.

Mövzumuza geri qayıdaq. Proletariat klassik incəsənətin layiqli varisi olmaq üçün uzun yol keçməlidir, parçalanan burjua cəmiyyətinin təsiri bu yolu xüsusilə çətinləşdirir, məhz ona görə də bu tarixi missiya üçün proletariatı estetik cəhətdən silahlandırmaq lazımdır. Əlbəttə, burjua incəsənətinin qulsayağı təqlidindən və kor-koranə qarşısında baş əyməkdən söhbət gedə bilməz. Söhbət, möhkəm bünövrəsi sosialist dünyagörüşü, mübarizə aparan proletariatın və gözəl bir gündə — bütün azad bəşəriyyətin güclü ideologiyasına çevrilmiş ideologiya olan bədii zövq və estetik təfəkkürün oyanışından gedir.

Burjua quruluşu həbsxanasında belə bədii zövq və belə estetik şüur çətin ki, özlərinin yetkin yaradıcılıq təcəssümünü tapsın. Mənim fikrimcə, ehtirasla gözlənilən Renessans yalnız xoşbəxtlik adasında — sosialist cəmiyyətdə mümkündür. Yalnız kapitalizmin həbsxanasını dağıda biləcək inqilab çəkici incəsənəti azad edəcək.

Artıq Aristoteldə azad insanların yaxşı həyatlarının əsası kimi köləliyin olmaması üçün toxuculuq dəzgahı və dəyirman daşlarının özlərinin hərəkət etməli olduqlarına dair məşhur fikri tapmaq olar. Bu gün bu ilkin şərtlər artıq yerinə yetirilib. Maşın əsri dəmir və poladdan itaətkar kölələr yaradıb. Bu günümüzdə azlığın sərvətini və mədəniyyətini yüksəldən bu kölələrin şəxsi əllərdən bütün cəmiyyətin mülkiyyətinə keçməsinə nail olaq. Sərvət və mədəniyyət onun əmlakı olduğu zaman incəsənət azlığın imtiyazı yox, kütlənin əmlakına çevrilir. O zaman onu, gah kobud həzz sevənlərin hisslərini oyatmaq üçün vasitə kimi, gah darıxan avaralar üçün əyləncə kimi, gah da həyatda unutqanlıq axtaran, zəif ruhlu olanlar üçün narkotik kimi istifadə edərək təhqir etməyəcəyik. O zaman o, xalqın yaradıcılıq istəklərinin yüksək ifadəsinə, saf sevincin və yüksək hisslərin səxavətli axınına, hər bir insanı və bütün cəmiyyəti nəcibləşdirən qüvvətli tərbiyəvi gücə çevriləcək.

Bu o demək deyil ki, hər kəs bədii əsərlər yaradıcısı olacaq, bu o deməkdir ki, kütlələr incəsənəti qiymətləndirib ondan həzz ala biləcəklər. Azad əməyə nail olmuş xalq azad incəsənətə malik olacaq. O, cəmiyyətin fikirlərini, hisslərini və iradəsini fərdi və bədii şəkildə dərk edən və ifadə edən böyük ictimai xadimlərlə məhdudlaşmayacaq. Hər bir incəsənətin böyüklüyünün mənbəyi – xalqın ruhunun böyüklüyü ilə ölçülür.

 

 © SOLFRONT.org

[Yazı original məqalədən Solfront.org üçün hazırlanmışdır]


Oxşar yazılar:

Baxış sayı:13184