abunə ol: Yazılar | Şərhlər | Еmail

SSRİ-yə qarşı müharibədə Almaniyanın məqsədləri

Şərh

1933-cü ilə qədər Almaniyanın Şərqi Avropadakı məqsədləri və “köhnə” elitalar

Biz əsasən, daha çox Hitlerin yox, alman bank və sənayesini təmsil edən “köhnə” alman elitalarının SSRİ-yə münasibətdə hərbi məqsədlərindən danışacağımıza görə, “köhnə” elitalar termininə izahat gətirək. “Köhnə” elitalara hərbi rəhbərliyi, ali, o cümlədən xarici siyasət idarələrindəki bürokratiyanı, həmçinin alman iqtisadiyyatı liderlərini – “təsərrüfat elitalarını” aid edirik. “Köhnə” sifətinin istifadəsi bu dairələri 1933-cü ilə qədər, nəticədə AFR-də elita statusu olmayan, bu statusu yalnız Hitler hakimiyyəti zamanı qazanmış və saxlamış nasist partiyası (ANSDP) kadrlarından fərqləndirməyə imkan verir. “Təsərrüfat” elitası termininə gəldikdə isə, burada biz onun ənənəvi anlayışının tərəfdarıyıq və təsərrüfat elitalarına “iri sanayeçiləri, bankirləri, konsern və iri müəssisələrin ali menecment dairəsini; yəni, iqtisadiyyatda hakim mövqelərə malik olanları” aid edirik.

İkinci dünya müharibəsində Almaniyanın Şərqi Avropada məqsədlərini təhlil edərkən, hər şeydən əvvəl, bu məqsədlərin, birinci dünya müharibəsi zamanı həmin regionlarda izlənilən məqsədlərdən nə qədər fərqləndiyi ilə maraqlanaq. Almaniyanın, yəni həm də onun elitalarının hər ki dünya müharibəsindəki məqsədlərini müqayisə etmək bizə tam əsasda deməyə imkan verir ki, onlar arasında, həmçinin müəyyən təfərrüatlar arasında böyük oxşarlıqlar var. Həmçinin qeyd edək ki, birinci dünya müharibəsinə qədər və ondan dərhal sonra, yəni Hitlerin siyasi səhnədə peyda olmasından və ondan asılı olmayaraq, alman cəmiyyəti istilaçı ideyalara yoluxmuşdu. Şərqdəki “yaşayış məkanı” şüarı və digər geosiyasi planlar, irqi və müstəmləkəçi ideyalar, imperialist xarici siyasi qaydalar, həmçinin Almaniyanın birinci dünya müharibəsində məğlubiyyətindən və Rusiyada və Almaniyada 1917-1918-ci il inqilablarından sonra yaranmış revanşizm və antibolşevizm bu ideologiyanın əsas hissəsinə çevrildi.

Lakin ikinci dünya müharibəsində Almaniyanın Şərqdə qarşısına qoyduğu məqsədlər yeni çalarlara və fərqli ölçülərə malik idi. Onun anneksiya planları, Asiya sərhədlərinə qədər alman hərbi hökmranlığının bərqərar olması, zəbt olunmuş ərazilərin müstəmləkələşdirmə və iqtisadi soyğun proqramı, uzunmüddətli imperialist iqtisadi və siyasi-strateji qaydalar bunu nəzərə çatdırır. Bu məqsədlərə çatma metodları da həmçinin dəyişdirilmişdir, onlar aşkar cinayət xarakterli idilər: “alman bolşevizminin” və bütün növ sovet dövlətçiliyinin məhv edilməsi, soyqırım miqyası almış, insanların məhv edilməsi siyasəti.

Birinci dünya müharibəsinin ilkin göstəricilərindən biri də kayzer Almaniyası və çar Rusiyası arasında münasibətlərin xarakterinin fundamental şəkildə dəyişməsi, onların, həm də Hohensollerlər və Romanovlar arasındakı sıx sülalə əlaqələri ilə müəyyən olunan əvvəlki az və ya çox arzuolunan neytrallıq siyasətindən uzaqlaşmaları oldu. Birinci dünya müharibəsi illərində, o cümlədən Rusiyaya münasibətdə imperialist planları quran Almaniya ilk dəfə bunları açık şəkildə elan etdi. Artıq 1914-cü ilin sentyabrında reyxkansler T. Fon Betman-Holveq qeyd etmişdi ki, “müharibənin əsas məqsədi” “bütün dövrlər üçün Qərbdə və Şərqdə Almaniya imperiyasının təhlükəsizliyinin təmin edilməsi” idi. Onun proqramı ona yönəlmişdi ki, “imkan olduqca Rusiyanı alman sərhədlərindən ayırsın və onun qeyri-rus vassal xalqlar üzərində hökmranlığına son qoysun”. Bu məqsədlərə 1915-ci ildə, alman orduları Polşa, Litva və Kurlandiyanın bütün rus hissəsini zəbt etdikləri zaman nail olunmuşdu. “Yuxarı Şərq” – şərqi cəhbədə alman ordusu komandanı E.fon Ludendorfun birbaşa tabeliyində olan bu əraziləri kayzer generalları bu cür adlandırırdılar.

1914-1918-ci illər ərzində alman iri kapitalının, torpaq sahibləri və milliyyətçi ruhda köklənmiş ziyalıların ən irticaçı dairələrinin nail olmağı düşündüyü Şərqi Avropa məqsədləri əvvəlcədən varvar xarakterli idi. 1914-cü ilin sentyabrında G.Klass tərəfindən və iri sənayenin aparıcı nümayəndələrinin razılığı ilə hazırlanmış Pangerman ittifaqın memorandumunda deyilirdi: “rus düşməni” onun əhalisinin azaldılması və gələcəkdə onun mümkün artımının qarşısının alınmasını vasitəsilə zəiflətmək zəruridir ki, “gələcəkdə analoji üsulla bizim üçün təhlükə yaratmasın”.

Rusiyanın qərb sərhəddini Sankt-Peterburq və Dneprə qədər genişləndirmək, zəbt olunmuş ərazidə isə yerli əhalinin mümkün olduqca köçürülməsindən sonra (Klass düşünürdü ki, oranı təxminən yeddi milyona qədər insandan “təmizləmək” lazımdır) almanları məskunlaşdırmaq planlaşdırılırdı. Almaniyanın hərbi məqsədlərinin müəyyən olunmasında vacib mərhələ sənayeçilər, iri mülkədarlar və orta təbəqə ittifaqının 1915-ci il 10 mart və 20 may memorandumu, həmin ilin 15 iyul “professorlar memoramdumu”, həmçinin sənayeçi və bankirlərin sonrakı bəyanatları  oldu. Onlar Rusiyanın, xüsusilə də Ukrayna və Qafqazın iqtisadi resurslasına (marqans filizi, dəmir, neft) yiyələnməyə böyük maraq göstərirdilər. Məhz Pangerman ittifaqında 1347 intellektual tərəfindən, E.Kirdorf, A.Qugenberq, K.Duysberq, K.Ştrezmanın fəal iştirakı ilə hazırlanmış “professorlar memorandumunda” qısa şəkildə, artıq sonralar nasist yazılar, xüsusilə də himmlersayağı “Şərq əsas planı” üçün xarakterik olaan bütün “milli arqumentlər” (“alman ruhu”, “şərqdən varvarlıq axını” və s) ifadə edilmişdi.

Lakin 1914-1915-ci dillərdə, ABŞ-lı tarixçi Q.L. Vaynberqin ədalətli olaraq qeyd etdiyi kimi, alman ordusu, 1941-ci ildə Şərqə doğru hərəkət edən Hitler dövründə olduğundan çox uzaq idi.

“Mübahisə etmək olmaz ki – Vaynberq yazır – artıq birinci dünya müharibəsi illərində Almaniyada Şərqdə “torpaqların yenidən bölgüsünə” dair müxtəlif radikal ideyalar mövcud idi, amma bunlar, birincisi, hələ ideyalar idilər, ikincisi isə, onların toxunduğu əhali bu ideyaların təsirini üzərində hiss etmirdi. İkinci dünya müharibəsində hər şey fərqli idi”.

1918-ci ilin martında bağlanmış soyğunçu Brest sülh müqaviləsi – ona əsasən, Rusiya Finlandiya, Baltikyanı ölkələr, Polşa, Ukrayna və Qafqazdan məhrum oldu – Şərqi Avropada alman ekspansiyasının inkişafında vacib mərhələ idi. Bu ərazilər Almaniya tərəfindən nəzarət və soxulma üçün açıq idilər. Alman imperiyası müharibənin məhsullarından istifadə etməyə imkan tapmasa da, Rusiyanın məğlub olması və Berst sülh müqaviləsi müharibədən sonrakı Almaniyada unudulmamışdı. Onlar alman siyasi, iqtisadi və elmi elitalarının yaddaşında rus “azmanlarının” zəifliyinin sübutu kimi qalmışdılar. Bu xatirə alman irticaçı və konservativ qüvvələrinin sovet dövlətinə qarşı bəslədikləri nifrət hissi ilə birləşirdi.

Birinci dünya müharibəsindəki məğlubiyyətindən dərhal sonra Almaniyada yeni xarici və daxili siyasi şəraitə uyğunlaşma cəhdləri oldu. Artıq 1918-1919-cu illər ərəfəsində, yəni hələ Versal sülh müqaviləsinin bağlanmasına qədər, o zamanlar xarici siyasət idarəsinin rus şöbəsinin rəhbəri R.Nadolnıy, sonralar isə 1933-1934-cü illərdə Moskvadakı alman səfiri “bolşevizm təhlükəsi” haqqında danışarkən Almaniyanın qarşısında dayanan alternativ açıq şəkildə təsvir etmişdi: ya “bolşevizmə qarşı çıxmaq üçün Antanta ilə birləşmək”, ya da “bolşeviklərlə razılaşmaq və bu yolla Antantaya təzyiq göstərməklə, ucuz sülhə nail olmaq”. Bu cür alternativin mövcudluğu uzun müddət Almaniyanın nüfuzlu dairələrinin Rusiya və “rus siyasətinə” baxışını müəyyən edirdi.

Qeyd edək ki, 1918-ci ildən sonra alman elitalarının nümayəndələri Almaniya və Sovet Rusiyası, sonralar isə SSRİ arasındakı siyasi və iqtisadi münasibətlərin inkişaf perspektivlərini müxtəlif cür qiymətləndirirdilər. Bir çoxları düşünürdü ki, sovet hakimiyyəti yaxın zamanda mütləq dağılacaq. Hesab edilirdi ki, Rusiyanın hərbi gücü inqilab və vətəndaş müharibəsindən sonra tamamilə dağılıb. Buna baxmayaraq, Almaniyanın dünya mühaibəsi illərində qarşısına qoyduğu məqsədlərə hərbi-güc metodlarının köməyi ilə çatmağın yeni cəhdi və Rusiyadakı inqilabi rejimin aradan qaldırılması haqqında danışmaq çox tez idi.

Müəyyən düzəlişlərlə, alman elitaları arasında, iki dövlət arasındakı münasibətlərin inkişafına müxtəlif cür yanaşan iki fraksiyanı fərqləndirmək olar. Birinci, siyasətçilərin, hərbi rəhbərliyin və iri sənayeçilərin bir hissəsinin aid edildiyi praqmatik düşünən fraksiya Sovet Rusiyası ilə danışıqlar və razılaşmalar əldə etmək yolu ilə öz cari maraqlarının və Almaniyanın birinci dərəcəli dövlət maraqlarının təmin edilməsinə arxalanırdı. Rapal siyasəti, reyxsverin Qırmızı Ordu ilə gizli əməkdaşlığı və qurulmaqda olan alman-sovet iqtisadi münasibətləri – bütün bunlar Almaniyanın həmin hərbçi, sənayeçi və siyasətçilər qrupunun təsəvvürlərinə cavab verirdi.

Digər fraksiya radikal təftişçilik və ifrat antisovetizmlə fərqlənirdi. Onun nümayəndələri bir sıra hərbçilər (E.Ludendorf, M.Hoffman), publisistlər (P.Rorbax və A.Rexberq), sənayeçilər (Y.Şaxt, F.Tissen, A.Föqler, K.Duysberq, Q.Zossmen, A.Qugenberq), həmçinin daha aktiv şəkildə – ANSDP ətrafında, sənayeçi və hərbçi mühitindən çıxmış ideoloqları və ardıcılları ətrafında toplanırdı. Almaniyanın hərbi qüvvəsinin bərpə edilməsinin tərəfdarları Şərqə ortaq “xaç yürüşü” və SSRİ-yə qarşı böyük derjavaların müstəmləkəçi işğalçı müharibəsini dəstəkləyənlərlə tezliklə ANSDP sıralarında birləşdilər.

Bu iki fraksiya bir-birindən tam şəkildə təcrid olunmamışdılar. Onlar arasında çoxsaylı əlaqələr var idi, onlar üçün ümumi olan isə antibolşevizm, antikommunizm və müharibənin nəticələrinin yenidən nəzərdən keçirilməsi idi. Həmçinin onun nümayəndələrinin mövqeləri həmişə müntəzəmlik və ardıcıllıqla fərqlənmirdi. Ziddiyyətlərin mövcudluğunu, məsələn, Ştrezman, Şaxt, Duysberq, V. fon Friç kimi rexsver generallarının bəyanatları və hərəkətlərində görmək olar. Bu ziddiyyətlərin öyrənilməsinə tədqiqatçılar hərə çox əmək sərf etməldirlər.

SSRİ-yə qarşı müharibədə Hitler və nasist rəhbərliyin məqsədləri

Hitlerin Avropanın şərqinə dair məqsədləri bir çox sənədlərdə əks olunub. Bu sənədlərin təhlili belə bir nəticəyə gəlməyə imkan verir ki, Hitler üçün Rusiya obrazı birinci dünya müharibəsi zamanı həmin illərin təbliğatı, Almaniyanın hərbi məqsədləri haqqında ona məlum olan proqram sənədləri və alman hərbçiləri və siyasətçiləri ilə ünsiyyət zamanı Rusiya haqqında əldə etdiyi “praktiki biliklər”in təsiri altında formalaşmışdı. Rusiya və Almaniyada inqilablardan sonra bunlara bolşevizmə və inqilabi işçi hərəkatına qarşı dərin nifrət hissi əlavə olundu.

Bu nifrət, həmçinin revanş və Şərqdə yeni alman ekspansiyası səyləri Hitleri “köhnə” alman elitalarının bir çox görkəmli nümayəndələri ilə yaxınlaşdırdı. Amma, onlardan fərqli olaraq, nasist fürerin, irticaçı, varvar ideyalarının cəmi olan soyqırımı ideologiyası var idi ki, uzun illər ərzində Almaniya və digər ölkələrin imperialist dairələrində mövcud idi. Bu ideologiyanı dərk etmədən alman faşizminin Şərqdə apardığı məhv etmə müharibəsinin qeyri-insaniliyi və varvarlığını dərk etmək mümkün deyil.

Artıq 1924-1925-ci illərdə yazılmış “Mein Kampf” (“Mənim mübarizəm”) kitabında Hitlerin gələcək “şərq siyasətinin” əsas prinsipi – “milli” ideya, irqçi nəzəriyyənin və antisemitizmin “yaşayış məkanı” tezisi ilə birləşdirilməsi prinsipi izah edilmişdi. “Dünya yəhudi bolşevizminə qarşı mübarizə”, “natamam” irq və xalqların sıxışdırılması və məhv edilməsi [1] Hitlerin nəzərində “yaşayış məkanının” əldə edilməsi [2] ilə əlaqədar idi. Bu cür birləşmənin belə “ideya boşboğazlığı”na [3] çevrilməsini onun 1939-cu ilin noyabrındakı bəyanatı göstərir: “Bu gün biz irqi mübarizə haqqında danışa bilərik. Bu gün biz neft yataqları, rezin, torpaqlar və s. uğrunda mübarizə aparırıq”. Sosial və iqtisadi imperialist məqsədlər də “yaşayış məkanı” mülahizələri ilə başqa şəkildə ifadə edilir və pərdələnirdi. İlkin mərhələdə, o cümlədən “Mein Kampf” əsərində “yaşayış məkanının” əldə edilməsi tezisi hələ qeyri-aydın və primitiv şəkildə, torpaqların zəbti kimi formalaşdırılmışdı. Sonralar, iqtisadi böhranın, silahlanma siyasəti, “dördillik plan” və s. təsiri altında bu fikir daha aydın şəkildə imperialist iqtisadi və hərbi-strateji məzmun qazandı. Bu heç də hitler siyasətinin ideoloji və irqi aspektlərinə zidd deyildi. Buna görə də bizim üçün, Almaniyanın SSRİ-yə qarşı müharibəsinin xarakteri – “irqi”, “sinfi” və ya “imperialist” olması haqqındakı mübahisələr əsassız görünür.

Şərqdəki müharibədə “irqi” məqsədlərin qoyuluşu (zəbt olunmuş ərazilərdə əhalinin məhv edilməsi və həmin ərazilərdə almanların məskunlaşması) üç məsələni həll etməyə imkan verirdi: birincisi, müharibəni siyasi və ideoloji cəhətdən əsaslandırmaq, hərbi cinayətlərə haqq qazandırmaq və alman zabit və əsgərlərini həvəsləndirmək; ikincisi, işğalçı müharibəyə ictimai-imperialist əsas qazandırmaq; üçüncüsü, işğal olunmuşların “zəmanət altına alınması” [4] siyasətinə bəraət qazandırmaq.

Şərqdəki müharibəyə məhvetmə uğrunda aparılan irqi müharibə xarakteri vermək, şübhəsiz ki, Hitlerin və onun yaxın dar çevrəsinin işi idi. Bu çevrədə Hitlerin nüfuzlu və çox yaradıcı mütəxəssisləri, həmçinin sadiq icraçıları var idi. Bir hissə ideyalar yaradır, digərləri ilə təcrübədə, Hitlerin bir zamanlar öz proqramında qeyd etdiyi təşəbbüsləri icra edirdilər. Hitlerə isə sadəcə nəzarət etmək və onların işini yönləndirmək qalırdı. Bu cür əmək bölgüsünü köməyi ilə o, ideoloji və proqram məsələlərində öz tərəfdarlarının səylərini artırmağa müvəffəq olurdu. Lakin hakimiyyətin başında həmfikirlilər dəstəsinin olması belə təcrübədə müharibə kimi ciddi bir müəssisənin gerçəkləşdirilməsi üçün kifayət deyildi. Bunun üçün alman elitalarını “nasistləşdirmək”, siyasi, iqtisadi və hərbi çevrələrdəmüharibəni hazırlamaq və həyata keçirmək üçün real imkanlara və bacarığa malik qüvvələri rejimin tərəfinə çəkmək lazım idi.

Q.Q.Himmler, SS və alman polisi rəhbəri, “alman xalqının möhkəmlənməsi məsələləri üzrə imperiya komissarı” və onun müavini R.Geydrix (1942-ci ilə, ölümünə qədər) müharibə illərində “Böyük Şərq planına” uyğun olaraq bütün şərqi Avropa ərazisində siyasi terrorun, məcburi köçürülmə və soyqırımın birbaşa təşkilatçıları idilər. Səciyyəvidir ki, Himmlerin siyasətində, xüsusilə də “Böyük Şərq planında” aşkar irqi motivasiya sırf siyasi, daha doğrusu, Şərqdə böyük ərazilərin və onun sərvətlərinin “zəmanət altına alınması” maraqları ilə birləşirdi. İmperialist ekspansionist və işğalçı siyasətinin əsas anlayışlarından biri olan “zəmanət altına alma” fəth edilmiş xalqların əzilməsinə yönəldilmişdi. “Şərq məkanında” Himmler ve SS “zəmanət  altına almanı” zəbt olunmuş ölkələrdəki əhalnin planlı şəkildə məhv edilməsinin irrasional irqçi strategiyasına çevirdilər.

Yozef Gebbels

İmperiya xalq maariflənməsi və təbliğat naziri vəzifəsini tutmuş Y.Gebbels hitler rejiminin nəhəng təbliğat maşınını idarə edirdi. Hələ müharibədən əvvəl, 1935-ci ildə ANSDP-nin Nürnberq qurultayında nasist təbliğatını azğın antisemitizm və antikommunizm (antibolşevizm) fərqləndirirdi. Buna baxmayaraq, bu cür təbliğat alman elitaları çevrəsində müsbət rəy yaradırdı və əhalinin geniş təbəqələrinə təsir göstərirdi. Öz antikommunist istiqaməti sayəsində o, həmçinin sərhəddən kənarda da müsbət rezonans yaradırdı. SSRİ-yə qarşı müharibənin başlanması ilə onun məzmunu daha dəhşətli oldu. Sovet İttifaqı haqqında yalanlar yayaraq, onun əhalisini “natamam insanlar” kimi təqdim edərək, o, diqqəti Almaniyanın ərazi və iqtisadi ekspansionist məqsədlərindən yayındırırdı, geniş kütlələr tərəfindən belə bir faktın dərk edilməsinə mane olurdu ki, Şərqdəki müharibə, 1942-ci ildə Gebbelsin dediyi kimi, “buğda və çörək”, “masanın səhər yeməyi, nahar və şam zamanı dolu olması,… xammal, rezim, dəmir, filiz” uğrundadır.

AFR –li tarixçi V.Vettenin iddia etdiyi kimi, Gebbels açıq və həyasız şəkildə bəyan edirdi ki, onun antibolşevist təbliğatı sadəcə “alman əsgərini tərəddüdsüz öldürməyə məcbur etmək, bu müharibənin qanuniliyi haqqında onun şübhələrini dağıtmaq və üstünlük hissini inkişaf etdirmək” məqsədi güdürdü. Eyni zamanda, sonralar Gebbelsin 20 fevral 1943-cü il sərəncamında göründüyü kimi, təbliğat orqanları qarşısında sübut etmək məqsədi qoyulurdu ki, Almaniya “Şərqdə eqoist məqsədlər” güdmür, onun apardığı müharibə “XX əsrdə bolşevizmə qarşı müqəddəs xaç yürüşüdür”.

Reyxsmarşal H.Herinq, “dördillik plan üzrə səlahiyyətli” şəxs, faşist Almaniyasının təsərrüfat diktatoru rolunda çıxış edərək, açıq şəkldə müharibəni iqtisadi varlanma və Almaniyanın “dünyanın birinci derjavası”na çevrilməsi üsulu elan edirdi. “Almaniya üçün mümkün qədər çox ərzaq və neft əldə etmək – aksiyanın əsas iqtisadi məqsədi budur” – 1941-ci ildə “işğal ediləcək şərqi ərazilərdə, yəni SSRİ ərazisində iqtisadiyyatın idarə edilməsinə dair göstərişlərdə” deyilirdi. Herinq bəyan etdi ki, “əgər o ölkədən bizə lazım olan hər şey əldə ediləcəksə”, tərəddüdsüz şəkildə on milyonlarla insanların həyatını qurban verməyə hazırdır. Herinq elə bir insan idi ki, işğal edilmiş ölkələrin soyğunu, əhalisinin yoxsulluq və  aclığı, insanların məqsədyönlü və planlı şəkildə məhv edilməsi siyasətinin məsuliyyəti onun üzərində idi.

Baltikyanı ərazidən çıxmış, 1941-ci  ildə zəbt olunmuş şərqi ərazilər üzrə imperiya naziri vəzifəsində olmuş A.Rozenberq alman ideoloqlarına mənsub idi. 20-ci illərin əvvəllərindən Rozenberq Sovet Rusiyasına qarşı təxribatçı həcvlər yazırdı. Hələ 1922-ci ildə “yəhudi bolşevizminə” qarşı mübarizədə yazırdı ki, yalnız “bir seçim var – məhv olmaq və ya qalib gəlmək”.

Hitlerin “nəzəriyyəçi” Rozenberqə hörmətlə yanaşmasına baxmayaraq, müharibə illərində “fürer” ardıcıl şəkildə “şərqi Avropa üzrə bu mütəxəssisin” Sovet İttifaqında yaşayan xalqlara fərqləndirici və “elmi” yanaşma təklifini rədd edirdi. Rozenberq SSRİ xalqlarını bir-birinə qarşı qoymağa çalışırdı SSRİ-yə qarşı tez qələbə əldə etməyin mümkün olmadığı aydın olduqda və işğal edilmiş sovet ərazisində Müqavimət hərəkatı yüksəlməyə başladıqda, Rozenberq tədricən sovet “natamamları” haqqında boşboğazlıqdan əl çəkdi və 1944-cü ildə “rusların ruhları uğrunda mübarizədə böyük təbliğatçı marş – manevr” lehinə çıxışlara başladı.

“Köhnə” elitaların “şərq” məqsədləri

Almaniyada hakimiyyətin Hitlerin əlinə keçməsi sovet-alman münasibətlərindəki vəziyyəti dəyişdirdi. Bu münasibətlər indi, 20-ci ildə olduğundan köklü surətdə fərqlənirdi. Siyasət, iqtisadiyyat və hərbi sferada, mahiyyətcə nasist ideologiya ardıcılları olan, artıq uzun zamandır nasist hərəkatını dəstəkləyən və onun siyasi qələbəsinin təmin edilməsində əhəmiyyətli rol oynayan qüvvələr üstünlük təşkil etməyə başladılar.

Almaniyanın yaxın müddət üçün əsas daxili və xarici siyasət orientirləri Hitler tərətindən artıq onun hakimiyyətinin ilk günlərində qeyd edilmişdi: əvvəlcə “marksizmin tam şəkildə məhv edilməsi” və “hərbi qüvvələrin yaradılması”, sonra “Şərqdə yeni yaşayış məkanının fəth edilməsi və onun amansız şəkildə almanlaşdırılması”. Bu andan etibarən milliyətçi təbliğatın, hərbiləşmə siyasətinin, hitler siyasətinin daxili və xarici rejiminin uğurlarının təsiri altında alman elitalarının sürətli nasifikasiyası başladı.

Müharibəyə hazırlıq və Almaniyanın hərbi məqsədlərinə münasibətdə nasist rejimi və elitaları arasında geniş konsensus mövcud idi. Ən azından, onlar arasında üç maddə üzrə prinsipial fikir ayrılıqları yaranmırdı:

Birincisi, Almaniyanın birinci dünya müharibəsi nəticəsində itirdiklərinin, ilk növbədə Şərqdəki torpaqlarının və müstəmləkələrinin geri qaytarılması;

İkincisi, Almaniyanın hələ birinci dünya müharibəsində qarşısına qoyduğu məqsədlərə nail olunması, o cümlədən Şərqi Avropada torpaqların zəbt edilməsi;

Üçüncüsü, SSRİ-nin məhv edilməsi.

Şübhəsiz ki, biz Hitler və elitalar arasındakı konsensus barədə danışırıq, amma o demək deyil ki, tərəflar arasında hər hansı bir ortaq qərar qəbul edilmişdi. Rəhbər dairələrdə Almaniyanın xarici siyasət məqsədləri haqqında müxtəlif təsəvvürlər mövcud idi, onların növbəti nailiyyətləri fərqli şəkildə müəyyən edilirdi, Almaniyanın ayrı-ayrı anlarda qələbəsi də fərqli şəkildə qiymətləndirilirdi.

Ölkənin hərbiləşməsi nə qədər irəliyə gedirdisə, məsələ daha da kəskinləşirdi: hansı məqsədlərin əldə edilməsi üçün hərbi qüvvə yaradılmalıdır? Alman elitaları mühitində az və ya çox dərəcədə, “dünya ağalığında yeni sıçrayış”ın həyata keçirilməsi metodlarına dair müxtəlif baxışlara sahib iki qruplaşma qeyd edilirdi (şərq istiqamətində ekspansiya və “bolşevizmin məhv edilməsi” məsələlərində bu iki qruplaşma həmrəy idi). Bir qruplaşma birinci dünya müharibəsi qalibləri olan derjavalarla hərbi münaqişə imkanını bir kənara qoyaraq, düşünürdü ki, bu cür münaqişə yenidən iki cəbhədə müharibəyə gətirib çıxaracaq ki, bu zaman Almaniya əvvəlcədən məğlubiyyətə məhkum olacaq. O, qərb derjavalarını Almaniyaya qarşı “dinc” ərazi və iqtisadi güzəştlərə və “bolşevizmə qarşı mübarizədə” onlarla birləşməyə çağırırdı.

Böyük derjava-şovinist mövqedə dayanmış digər qruplaşma hitler rejiminin uğurları ilə ilhamlanaraq, qorxu və risk bahasına “böyük müharibəni” başlatmaq istəyirdi.

Birinci istiqamətin tipik nümayəndəsi 1938-ci ilə qədər imperiya iqtisadiyyat naziri vəzifəsini tutmuş, Reyxsbankın prezidenti (1939-cu ilə qədər) və Qərb ölkələrində hərbçi və sənayeçi dairələrində böyük nüfuz və təsirə malik olan Y.Şaxt idi. Silahlanma siyasətinin ilkin mərhələsində Şaxt özünü əvəzolunmaz mütəxəssis və nasist rejiminin fəal ardıcılı kimi göstərdi. 1945-1956-cı illərdə əsas hərbi cinayətkarları mühakimə edən beynəlxalq tribunal qarşısında Şaxt günahsız şəkildə təqib olunan rolu oynadı və bəraət qazandı. Amma, əslində, o müharibənin qəddar təhrikçilərindən biri idi. Şaxt Almaniyanın, iqtisadiyyatına yaxşı bələd olduğu birinci dünya müharibəsinin qalib-derjavalarına qarşı çıxışını qəti şəkildə inkar etsə də, hər dəfə Qərbə gələndə “bolşevizmin nizamı dağıdan və həyatı məhv edən cinayətkar dünyası” haqqında aşkar fitnəkar nitqlər söyləyir və qeyd edirdi ki, ona “yalnız iqtisadi vasitələrlə” qalib gəlmək olmaz, belə ki, o, “təəssüf ki, artıq birinci dərəcəli hərbi təhlükəyə çevrilmişdir”. Şaxt dönə-dönə tələb edirdi ki, Qərb Hitlerə “Şərqdə azadlıq” versin. “Tez və ya gec” – qərbi avropa mətbuatında bəyan edirdi, – Biz Polşa ilə Ukraynaya qalib gələcəyik”.

Şaxtın apardığı aqressiv antibolşevist təbliğat həm də taktiki məqsədlər izləyirdi. Onun köməyi ilə o, qərb derjavalarıın Almaniyanın silahlanmasına razılıq verməsinə, həmçinin onları iqtisadi və siyasi güzəştlərə vadar etməyi düşünürdü. Onlar yalnız almanlara “Şərqdə azadlıq” verməli deyildilər, həm də sabiq alman müstəmləklərini geri qaytarmalı idilər. Yaradılması həm də onun işi olan alman hərbi maşını, hər halda, təsəvvüründə məhz onun üçün idi ki, tez və ya gec SSRİ-yə qarşı xaç yürüşü başlansın.

Hitlerçilərin antisovet təbliğatı Almaniyanın Versal sülh müqaviləsi şərtlərini yerinə yetirməkdən rəsmi şəkildə imtina etməsi ilə geniş miqyas qazandı və öz zirvəsinə 1935 və 1936-cı illərdə ANSDP qurultaylarında çatdı. SSRİ “dünyanın düşməni” və şər məcmusu elan edilirdi. “Müdafiə qabiliyyətinin bərpa edilməsi” üzrə tədbirləri müşayiət edən bu cür bəyannamələr onu göstərirdi ki, Almaniyanın rəhbər çevrələrində Sovet İttifaqına qarşı müharibə daha çox silahlanmanın sürətləndirilməsi siyasətinin təbii məqsədi kimi nəzərdən keçirilirdi.

Herman Herinq

Bu müharibəyə yolda vacib siyasi və hərbi-iqtisadi mərhələ 1936-cı ilin yay-payızında “dördillik planın” işlənib hazırlanması oldu. “Dördillik plan üzrə” səlahiyyətli şəxs Herinq plan üzərində işləmək üçün əsasən iri sənaye nümayəndələri ilə böyük məsləhətçi və mütəxəssis qrupunu cəlb etdi. Onlar tezliklə bu zamana qədər mövcud olmuş, öz aralarında əlaqəli olmayan, Almaniyanın “özünü təmin etməsi”nə dair layihələrini vahid plan şəklində birləşdirdilər və onu “mobilizasiyanın birbaşa hazırlığı məqsədlərinə” tabe etdilər. Seçim əsasən “hərbi cəhətdən çox əhəmiyyətli olmayan məhsulların” istehsalı idi.

Hitler ətrafında birləşmiş qrup, ən iri kömür və polad istehsalçılarından biri olan Q.Rexlinqin ifadə etdiyi kimi, “bolşevizm və nasional-sosializm arasındakı həlledici döyüşün” qaçılmazlığını rəhbər tuturdular. 1936-cı ilin sonunda Herinqin müxətəssisləri tərəfindən ruhlandırılmış Hitler “dördillik plan” haqqında unudulmaz bəyanatında həmçinin bir növ “tarixi toqquşma” haqqında danışırdı və “dördillik planı” Sovet dövlətinin “ispolin planı” ilə qarşılaşdırırdı. 1936-cı ilin nazirlər kabineti iclasında Herinq Hitlerə dönə-dönə dedi ki, “Rusiya ilə toqquşma qaçılmazdır”.

Strateji “dördillik plan” SSRİ-yə qarşı müharibənin hazırlanmasına yönəlmişdi. Amma o, həm də qərb derjavalarına qarşı idi, çünki eyni zamanda Almaniyada elə bir hərbi-iqtisadi potensialın yaradılmasını nəzərdə tuturdu ki, həmin ölkələr tərəfindən mümkün müdaxilə və iqtisadi blokadaya qarşı müqavimət göstərə bilsin. O, Almaniyanın hakim dairələrinin, hətta Almaniyanın qərb derjavalarını, xüsusilə Böyük Britaniyanı zərərsizləşdirə bilmədiyi təqdirdə belə, ona faəliyyət azadlığı verməsinə dair razılıq əldə etmək və onlarla ittifaqa girmək üçün Şərqdə alman xalqının “yaşayış məkanının və müvafiq olaraq xammal və ərzaq bazasının genişləndirilməsi” məqsədi ilə müharibənin hazırlanması və aparılmasına dair qəti qərarlılığını əks etdirirdi. Beləliklə, “dördillik plan” Almaniyanın, hətta iki cəbhədə də müharibə aparması mümkünlüyünü qəbul etməsinin nəticəsi idi. Bu zərurətin qəbul edilməsi özlüyündə, hələ hərbi münaqişənin olmadığı şəraitdə iqtisadi müharibənin elan edilməsi idi və “böyük müharibə” ehtimalını daha çox artırırdı.

Müharibədən əvvəlki yekun mərhələ

Müharibəyə gedən yolda növbəti vacib mərhələ 5 noyabr 1937-ci ildə imperiya dəftərxanasında baş tutmuş iclas oldu. Hitler oraya ali hərbi rəhbərliyi və imperiya xarici işlər nazirini dəvət etdi. İclasda o, ilk dəfə alman genişlənməsinin konkret məqsədlərini səsləndirdi ki, artıq yaxın zamanda əlverişli xarici iqtisadi şəraitdə zorakı yolla onlara nail olmaq lazım idi. İstila siyasətinə keçid, Hitlerin bəyan etdiyinə əsasən, onunla şərtlənmişdir ki, avtarkiya (təcavüzkar və işğalçı müharibələrə hazırlaşan imperialist dövlətlərin, öz ölkələrini dünya bazarından asılı olmayacaq bir hala gətirmək üçün yeritdikləri iqtisadi siyasət) vasitəsilə Almaniyanı kifayət qədər xammal və ərzaqla təmin etmək mümkün deyil. İclasın protokuna əsasən, o, bir dəfə də olsun “dördillik plan” haqqında qeyd etmədi. Lakin iştirak edən hər kəs başa düşürdü ki, bu planın qəbul edilməsi heç də “məkan tələbatının” ödənilməsindən imtina demək deyil.

Hitler bəyan edirdi ki, “Təsərrüfat imperiyaları” dövründə “daha böyük yaşayış məkanının zəbt edilməsi” yeganə xilas yoludur. Buna görə də “alman məsələsinin həllinə nail olmaq üçün mütləq zorakı yola əl atmaq lazımdır ki, o da həmişə risklə bağlıdır”. O hesab edirdi ki, bunun üçün son tarix 1943-1945-ci illərdir. Eyni zamanda Hitlerin nitqi heç bir şübhə qoymurdu ki, ən əlverişli zamanda o, Çexoslovakiya və Avstriyaya zərbələr endirmək məqsədindədir. Onun fikrincə, bu ölkələrdən 3 milyona yaxın insan emiqrasiya etməlidir ki, bu da 5-6 milyon almanı doyuzdurmağa imkan verəcək. Bundan sonra, Hitler deyirdi, biz Polşanın öhdəsindən gələcəyik. SSRİ həmçinin sonralar mübarizə aparılacaq rəqib kimi xatırlanırdı. İclas iştirakçılarına bir daha təkidlə çatdırılırdı ki, “alman məsələsini” uzunmüddətli perspektivdə həll etmək imkanı şərq istiqamətindən genişlənmədir.

İclasdan sonra nasist rəhbərlik hərbi komandanlıqdakı tərəfdarlarının köməyi ilə diplomatik korpusda və sənaye çevrələrində bir neçə ay müddətində rəhbər vəzifələrdən, kifayət qədər etimad doğurmayan, həlledici anda tərəddüd edə biləcək hər kəsi uzaqlaşdırdı. İmperiya hərbi naziri V. fon Blomberq, quru qüvvələrinin baş komandanı V. fon Friç, imperiya iqtisadiyyat naziri Y.Şaxt, imperiya xarici işlər naziri K. Fon Neyrat istefaya göndərildilər. Dəyişikliklər 1938-ci il ərzində təsərrüfat rəhbərliyi orqanlarında – “dördillik plan” üzrə təşkilatlarda, imperiya iqtisadiyyat nazirliyində, “Sənaye” imperiya qrupunda baş verirdi.

Avstriyanın anneksiyas; (zəbt edilməsi) və Münhen sözləşməsi alman elitaları arasında Hitlerin planlarına müxalif olanların qalıqlarının əzilməsinə vasitəçi oldu. Onun nümayəndələrinin böyük hissəsi qəti şəkildə inandı ki, Almaniyada “yaşayış məkanı” məsələsini həll etməyə, həmçinin Şərqi Avropanın resurslarına əsaslanan “makroməkan müdafiə təsərrüfatının” yaradılmasına nail olmağa və “böyük müharibə” aparmağa qadirdir. Artıq o zaman Ukraynanın və qafqaz neftinin zəbt edilməsi onlar tərəfindən, dünya ağalığında almanların yeni cəhdləri üçün zəruri ilkin şərt kimi nəzərdən keçirilirdi.

Bu barədə, xüsusilə də, 1938-ci ildə “Almaniyanın yeni dünya münaribəsinə tab gətirəcəyini” skeptik qiymətləndirən, hərbi təsərrüfatın idarə edilməsinə və silahlanmasına Vermaxtın ali baş komandanlıq (VAK) rəhbərlik edən general-mayor Q.Tomasın nitqində eşitmək olar. [5]

Hərbi akademiyanın müəllimləri və dinləyiciləri qarşısında çıxış edərkən, o açıq şəkildə bəyan etmişdi ki, ildırımsürətli müharibələr strategiyasını dəstəkləyir. O, Almaniya üçün yeganə çıxış yoludur, belə ki, digər ölkələrin resurslarını öz maraqlarına xidmətə qoymağa imkan verir. “Xammal və ərzaq bazasının genişlənməsi gələcək müharibədə bir çox hallarda əvvəlcədən elə bir vəzifə olacaqdır ki, hərbçi onu həll etməlidir, belə ki, xalqımızın hərbi və iqtisadi gücünü elə bir səviyyəyə qaldırmalıdır ki, onun düşmənlərinə qalib gəlmək mümkün olsun”, – o vurğulayır. Yaponiya nümanəsi göstərirdi ki, “öz məhdud xammal və ərzaq bazasına əsaslanaraq, hərbi əməliyyatların köməyi ilə planlı şəkildə əvvəlcə öz hərbi iqtisadiyyatı üçün bünövrə, hərbi-iqtisadi əsaslarını təmin etdikdən sonra isə dünya ağalığı planının, Yaponiyanın Asiyada ağalığının gerçəkləşdirilməsinə doğru addım atır” və o, quru qüvvələrinin hücum əməliyyatlarının köməyi ilə “artıq müharibənin əvvəlində… öz məkanını genişləndirməlidir (daha kiçik dövlətlərin – Danimarka və s. zəbt edilməsi)”.  Tomasın birinci dünya müharibəsinə istinad etməsi də səciyyəvi idi ki, guya Ukraynanın zəbt edilməsi və Şimali Qafqaza yol açılması “Mərkəzi derjavaların hərbi-iqtisadi vəziyyətinin tamamilə dəyişməsi” mənasına gələcək.

1938-ci ilin sonunda maraqlı müşahidələri Berlinin hərbi və diplomatik çevrələrində Dantsiqdə Millətlər Liqasının komissarı isveçrəli K.İ.Burkhardt etmişdir: “Sanki ötəri şəkildə, amma dönə-dönə Ukrayna və hətta Bakı (!) haqıqnda danışırdılar, – xatirələrində deyir – bu da coğrafi nöqteyi-nəzərdən mənə həddən artıq cəsarətli görünür. Polşa müəyyən mənada bu cür arzularda yer alırdı, lakin bir şərtlə ki, Varşava ödəniş edir, polşalılar baş əyirlər, onlar “ağıllı” olurlar, çexlərə bənzəyirlər”.

1938-1939-cu illərdə ali hərbi instansiyalar və “dördillik plan” üzrə təşkilatlarda təmsil olunmuş iri sənaye kapitalı sıx şəkildə öz aralarında əməkdaşlıq edir və öz mövqelərini uyğunlaşdırırdılar. Hər ikisi üçün Almaniyanın müharibə aparmaq üçün zəruri olan iqtisadi resurslarla iqtisadi və hərbi cəhətdən təmin edilməsi tədricən əhəmiyyət qazanırdı. Bu əməkdaşlığın ən vacib nəticəsi iki irihəcmli gizli memorandum oldu: 1939-ci il aprel ayında VAK hərbi və silahlanma təsərrüfatı tərəfindən hazırlanmış “Almaniyanın müharibə dövründə neftlə təmin edilməsi” və həmin ilin iyul-avqust aylarında “təsərrüfatın inkişafı üzrə imperiya qurumunun” (TİQ) hazırladığı “Alman rəhbərliyi altında makroməkan müdafiə təsərrüfatı imkanları”. 5 fevral 1938-ci ildə “dördillik plan” üzrə təşkilatın “alman xammalı və materialları üzrə idarənin” bazasında yaranmış və bu təşkilatın əsas struktur altbölmələrindən biri olmuş TİQ həmçinin birinci sənədin də hazırlanmasında vacib rol oynayırdı. TİQ [6] (onun faktiki rəbhəri, idarəetmə üzvü, 1940-ci ildən sonra isə “İG Farbenindustrie” konserninin nəzarət şurasının sədri K.Krauxun əvvəlcədən planlaşdırdığı kimi) özlüyündə Herinq və Hitlerin yanında xammal və silahlanma məsələləri ilə məşğul olan və geniş səlahiyyətlərə malik  baş iqtisadi ştab idi.

AFR-li tarixçi R.-D. Müller qeyd edirdi ki, TİQ-də hazırlanan “iqtisadi hərbi planlar” “özəl təsərrüfatla” razılaşdırılırdı və eyni zamanda “əhəmiyyətli dərəcədə Hitlerin ideya-siyasi göstərişlərinə cavab verirdi”. Bunu əsaslı şəkildə neft məsələsi üzrə memorandum – əsasında “İG Farben” və TİQ tərəfindən hazırlanmış “neft problemi üzrə bir sıra layihələrin” dayandığı 60 səhifədən çox hərbi-iqtisadi planlaşdırma sənədi sübut edir.

Memorandum müəllifləri belə bir fərziyyədən çıxış edirdilər ki, münaqişə vəziyyətində qərb derjavaları və SSRİ Almaniyaya münasibətdə düşmən mövqeyi tutacaqlar, Belçika, Danimarka, Norveç və Polşanın neytrallığı həmçinin qeyri-dost xarakterli olacaq və Almaniya hərbi daşımalarının blokadasını gözləməlidir. “Buna görə də Almaniyanın birinci dərəcəli hərbi məqsədi – memorandumda qeyd edilirdi – onun yaxınlığında yerləşən və düşmən təsirinə az məruz qalmış neft yataqlarının ələ keçirilməsi olmalıdır”. Bu cür çağırışa uyğun olaraq konkret vəzifə formalaşırdı: “Rumuniya neft mədənlərinin və bununla da Almaniyanın uzun müharibədə neftlə təmin edilməsi üçün ilkin şərt kimi dunay məkanının ələ keçirilməsi”.

Zərurət halında Rumıniyaya münasibətdə “hərbi vasitələrin” tətbiq edilməsi istisna edilmirdi. Eyni şəkildə – Estoniyaya (ərazisindəki yanar şist yataqlarını ələ keçirmək üçün) və Polşaya (Qalisiyada neft yataqlarının zəbt edilməsi məqsədi ilə) qarşı.

Hərbi vasitələrin tətbiq edilməsi – memorandumda vurğulanır – hal-hazırda Polşanın tərkibində olan, indiki zamana qədər alman iqtisadi və xarici siyasəti tərəfindən toxunulmayan sabiq Şərqi Qalisiya neft yataqlarının zərurət halında cəlb edilməsi üçün yeganə mümkün yoldur. Nəhayət, bu həmçinin Avropanın ən böyük neft ərazisinin – Qafqazın ələ keçirilməsi üçün yeganə imkandır (sənəddə vurğulanıb – D.A.) ki, bu da birinci dərəcəli və ən mənfəətli məqsəddir”.

1939-cu il iyul-avqust ayı TİQ memorandumu Almaniyanın xammala olan tələbatları hesablamaları ilə bərabər, “böyük müharibəyə” hazırlıq məqsədi ilə “makroiqtisadi məkanın tam zəmanət altına alınması” proqramını da ehtiva edirdi ki, Krauxun ifadəsinə görə, Almaniya və onun Antikomintern paktı üzrə müttəfiqləri “demək olar ki, bütün dünyaya qarşı” dayanmalı olacaqlar. Bu proqram nəzərdə tuturdu:

–          Qərb derjavalarına qarşı “böyük müharibənin” daha sonrakı tarixlərə ertələnməsi (qeyd edilmiş hesablamalar səfərbərliyin 1942-ci ilə keçirilməsini nəzərdə tuturdu);

–          Cənubi-şərqi Avropanın və “şimal məkanının” (Skandiyaniya və Baltikyanı ölkələr) resurslarının Almaniyanın əlinə keçməsi; əgər lazım gələrsə, “Vermaxtın köməyi ilə” rumın neftinin zəmanət verilməsi;

–          İspaniyadakı “əlverişli, lakin tam şəkildə mənimsənilməmiş xammal bazasının” istifadə edilməsi;

–          İmkan daxilində alman təsirinin Türkiyə və İrana yayılması; Şərqdə SSRİ-yə qarşı ticarətin intensivləşdirilməsi, lakin müharibə halında Ukrayna və qafqaz neftinin ələ keçirilməsi.

Alman siyasəti sonrakı müharibə öncəsi aylarda və hərftələrdə bu proqrama uyğun olaraq hazırlanırdı ki, bunun parlaq nümunəsi Hitlerin Sovet İttifaqı ilə iqtisadi və siyasi razılaşmalar bağlaması və Herinqin nümayəndəsi Q.Voltat kimi alman diplomatik və təsərrüfat nümayəndələrinin yüksək fəallığıdır.

Karl Kraux, “İQ Farben” konserninin nümayəndəsi

Lideri Kraux olan alman iri kapitalı qruplaşmasının rolu üzərində dayanaq. O və “İG Farben” konsernindən cəlb edilmiş kadrlar “dördillik plan üzrə” təşkilatın rəhbər vəzifələrini tuturdular. Bu insanlar birbaşa müharibənin hazırlanması ilə məşğul olurdular, onun aparılması metodları və Almaniyanın hərbi-iqtisadi məqsədlərinə dair tövsiyələri işləyib hazırlayırdılar. Buna görə də 1947-1948-ci illər prosesində amerikan hakimlərin “İG Farben” işi üzrə bəraətverici hökm çıxarması heyrətləndirməyə bilməz, bu zaman müttəhimlər skamyasında hərbi cinayətlər ittihamına görə Kraux və konsernin bütün rəhbərliyi oturmuşdu. Kifayət qədər ifşaedici materialın olmasına baxmayaraq, hakimlər qərar verdilər ki, Kraux və digər müttəhimlər müstəqil şəkildə qərar qəbul edə bilməzdilər, çünki guya onlar Hitler “qrupunun” tabeliyində idilər, guya onlar yox, bu “qrup” şüurlu şəkildə müharibəni planlaşdırmış, hazırlamış, sonra isə başlatmışdır. “Orta statistik alman sakinini, istər ali təhsilli, kəndli və ya sənayeçi olsun, çətin ki reyx rəhbərlərinin Almaniyanın aqressiv müharibəyə düçar edəcəyi planlarını bildiyinə görə ittham etmək olsun” – hakimlər qərar çıxarırlar. Məhkəmə Kraux və müttəhimlərin böyük hissəsini həmçinin zəbt olunmuş ölkələrin talan edilməsində və yeri əhalinin istismarında da günahsız elan etdi. Bu zaman ittiham maddələri üzrə məhkəməyə təqdim edilən sənədlərdəki “böyük boşluqlar”a istinad edilirdi.

Kraux və onun adamları “dördillik plan” adı altında sürətləndirilmiş silahlanma siyasəti üzrə Herinqin əsas məsləhətçiləri idilər. Krauxun 1939-cu ilin aprel ayında “dördillik plan” üzrə təşkilatın ali şurasındakı məruzəsi, artıq yuxarıda qeyd edilmiş TİQ memorandumu və digər müharibədən əvvəlki gizli sənədlər “böyük müharibənin” hazırlanması məqsədlərinə xidmət edən təfərrüatlı iqtisadi və hərbi-strateji işləri təqdim edirdi. Onlar Hitler və Herinq tərəfindən diqqətə alınırdı.

Krauxun idarə etdiyi qurumların işləmə stili, xüsusilə də TİQ, hətta silahlanma məsələləri ilə məşğul olan instansiyalar da daxil olmaqla, digər qurumların işləmə stilindən fərqlənirdi. Krauxun rəhbəri olduğu qurumlar nasist rəhbərlik və vermaxt rəhbərliyi üçün Almaniyanın hərbi-iqtisadi potensialı və onun möhkəmləndirilməsi üsulları haqqında, müharibənin strategiyasını əhəmiyyətli dərəcədə müəyyən edən hərbi-iqtisadi strategiya məsələlərinin işlənib-hazırlanmasına dair analitik materialların hazırlanmasında heyrətləndirici səy nümayiş etdirirdi.

1938-ci ildə TİQ tərəfindən hazırlanmış, zəhərli qazların istifadəsi məsələsi üzrə dəhşət doğurucu bədnam memorandumlar gələcək müharibədə qazların istifadəsini – Almaniyanın uğurunu təmin edəcək və onun hərbi potensialı və silahlanma çatışmazlıqlarını ört-basdır edəcək silahdan istifadəni təkidlə tövsiyə edirdilər. Memorandumlarda deyilirdi ki, zəhərləyici qazlar tipik alman silahı, alman ixtiraçılığının məshuludur. O “alman silahlı qüvvələrinə praktiki olaraq qeyri-məhdud miqdarlarda tədarük edilə bilər”. Zəhərləyici qazların tətbiqi almanların tam texniki üstünlüyünün sübutu olacaq. O daha çox “həlledici qələbənin əldə edilməsi məsələsinin qoyulduğu hərbi əməliyyatların aparılmasında”, xüsusilə də “ruhən daha aşağı, texniki cəhətdən müharibəyə daha zəif hazırlıqlı ordulara qarşı” və “cəbhə arxasında, həmçinin mülki əhaliyə qarşı mübarizədə”yararlıdır. Səciyyəvidir ki, zəhərləyici qazlarının tətbiqinin “üstünlükləri” haqqında mülahizələr məhz o anda yarandı ki, Almaniyada SSRİ-yə qarşı istilaçı müharibə məsələsi müzakirə olunurdu.

1938-ci ildə Almaniyaya birləşdirilmiş Avstriyada və bir ildən sonra zəbt olunmuş Çexiyada “İG Farben” konserni dərhal öz qənimətinə hücum etdi. Gələcəkdə, Almaniyanın 1939-1940-cı illərdəki hərbi qələbələrinin təsiri altında onun rəhbərliyi qərar verdi ki, əsas məqsədə doğru həlledici addım atmanın vaxtı gəlib. Onun hələ 1931-ci ildə konsernin yaradıcısı K.Duysberq hazırlamışdı – alman təsiri altında “Bordodan Odessaya qədər qapalı iqtisadi blokun” yaradılması.

“İG Farben” rəhbərliyi tələsik şəkidə, Polşa, Qərbi, Şimali və Cənub-Şərqi Avropanın iqtisadi potensialının əhəmiyyətli hissəsi üzərində nəzarəti onlara verəcək “ərizə” və “planlar” tərtib etməyə başladı. Konsernin iştahı, onun enerjisi və müəyyən olunmuş məqsədə nail olmaqda inadkarlığı sərhəd tanımırdı. 1941-ci ildən başlayaraq, “şərq yürüşü” yeni mərhələsinə qədəm qoyduqda, Kraux və onun “İG Farben” müvəkkilləri alman iri sənaye kapitalının digər nümayəndələri ilə SSRİ-nin iqtisadi talanı planlarının hazırlanması ilə məşğul oldular. Bu zamana qədər onların “maraqları” artıq Odessadan daha şərqdə yerləşən “ərazilərə” genişləndi.

SSRİ-yə qarşı müharibə məqsədi haqqında açıq şəkildə ilk dəfə Kraux hələ 1939-cu ilin iyul-avqust memorandumunda bəyan etmişdi. Orada deyilirdi ki, müharibə halında Almaniya öz sərəncamında dəmir filizi, marqans və nefti olan Ukraynaya malik olmalıdır. Sonralar iqtisadi məsələlər üzrə sovet-alman danşıqlarının və siyasi danışıqların təsiri altında korrektə edilmiş xülasədə əvvəllər deyilirdi:

Əgər şimal məkanından (yəni, Skandinaiyadan) olan tədarüklər (hər şeydən əvvəl, dəmiz filizi və rəngli metal) tam şəkildə və ya qismən dayandırılarsa, o zaman hərbi koalisiyanın (yəni Almaniya və yeni avropa müttəfiqi) yalnız Polşanın və Ukraynanın istifadə edilməsi və … vurğunun hərbi strategiyadan kimyəvi, xüsusilə də havadan aparılacaq kimyəbi müharibəyə keçirilməsi ilə tənzimlənə bilər”.

Bir neçə səhifə sonra isə birmənalı bəyanat yer alır:

“Tam zəmanət yalnız (bizə dost olan) Rusiya xammalının köməyi ilə mümkündür”.

Mötərizəyə alınmış “bizə dost olan” sözləri, şübhəsiz, artıq hazırlanmış sənədə, sovet-alman danışıqlarının fəallaşması haqqında məlumatın daxil olmasından sonra qoyulmuş sözlərdir. Onlar istənilən an oradan çıxarıla bilərdilər.

Hücum etməmə barədə sovet-alman razılaşması və “Barbarossa” əməliyyatının hazırlanması

Alman elitalarının aparıcı nümayəndələri 23 avqust 1939-cu ildə bağlanmış hücum etməmə haqqında sovet-alman razılaşmasına təəccüblənməmişdilər. Hərbi rəhbərlik, xarici siyasət idarəsinin aparıcı əməkdaşları, Herinqin çevrəsindən olan sənayeçilər Hitlerin SSRİ-yə dair planından agah idilər. Hər kəs bilirdi ki, alman-sovet “dostluğu” uzun sürməyəcək. Razılaşmanı imzalayaraq, Almaniyanın  “Sovet İttifaqına sonralar hücum etmək” hüququnu saxlaması Almaniyada Hitlerə qarşı olan şəxslərə də aydın idi, bunu Almaniyanın İtaliyadakı sabiq səfiri U. fon Hasselin gündəliyindəki yazılardan görmək olar.

Ukrayna, Qafqaz və “bolşevik təhlükəsinə qarşı mübarizə” mövzuları bir il ərzində alman rəsmi şəxslərinin ictimai bəyanatlarından yox oldu. Bu barədə planları bir müddətlik seyflərdə gizlətdilər. Lakin artıq 2 iyun 1940-cı ildə, Almaniyanın qərb derjavalarına qarşı müharibədə uğuru qeyd edilməyə başlandıqda, Hitler öz generallarına elan etdi ki, onun “əsas və birbaşa vəzifəsinin – bolşevizmə qarşı mübarizəsinin” həllinə başlayacağı gün yaxınlaşmaqdadır.

Hitlerin bəyanatı direktiv xarakter daşımırdı, lakin hərbçilər tərəfindən fəaliyyət üçün təlimat kimi qəbul edilmişdi. F.Qalderin rəhbərliyi altında Vermaxtın quru qüvvələrinin baş ştabı həvəslə SSRİ-yə qarşı müharibənin strateji hazırlanması planlarının işlənməsini öz üzərinə götürdü. Hərbi uğurlardan bihuş olmuş alman generalları, Hitler kimi, Sovet İttifaqını “içi boş müqəvva” hesab etməyə meylli idilər. Onlar düşünürdülər ki, iqtisadi və hərbi cəhətdən zəif, daxilən dayanıqsız SSRİ “sarsılmaz” vermaxt üçün  asan qəminət olacaq.

25 iyun 1940-cı ildə, Fransanın kapitulyasiyasının üçüncü günü Qalder Qərbdən çıxarılmış diviziyalardan Şərqdə istifadə üçün zərbə qrupu yaradılmasını təklif etidi. Növbəti gün Almaniyanın şərqi rayonlarına və “general-qubernatorluq” ərazisinə 18-ci ordunun komandanlığında olan 15 kəşfiyyatçı diviziyanın yerdəyişməsinə başlanıldı. Onların ardınca “Quderianın xüsusi qrupu” şərqə yollandı. Hələ Hitlerin müvafiq əmr verməsindən əvvəl hazırlanmış, alman geynştabistlərinin ilkin hazırlıqlarında vermaxtın məqsədləri qismində Kiyev və Minsk qeyd edilir və “Moskvaya yürüş” ehtimalı nəzərdə tutulurdu.

31 iyul 1940-cı ildə Berqhofda hərbi rəhbərlik ilə iclasda Hitler SSRİ-yə hücum hazırlıqlarının başlanmasına göstəriş verdi və hərbi kampaniyanın başlanması tarixini müəyyən etdi – 1941-ci il may ayı. Hitler hesab edirdi ki, zəfərli “şərq yürüşü” həlledici şəkildə anqlo-german mübarizəsinin nəticəsinə təsir edəcək. “Əgər Rusiya dağıdılsa, İngiltərə son ümidini itirəcək. O zaman Avropa və Balkanlarda Almaniya ağa olacaq” – o vurğulayır.

Hitler hərbçilər qarşısında məqsəd qoyur: “bir şiddətli zərbə ilə dövləti tamamilə” dağıtmaq. “Yalnız ərazinin müəyyən bir hissəsinin ələ keçirilməsi kifayət deyil… Məqsəd – Rusiyanın həyat qüvvəsinin məhv edilməsidir”. Şərqdə kampaniyanı 5 ay ərzində, qış başlayana qədər bitirməyi əmr edir. SSRİ-yə bir neçə istiqamətdə zərbə endirilməsi nəzərdə tutulurdu: “1-ci zərbə: Kiyev, Dneprə çıxış; … Odessa, 2-ci zərbə: Baltikyanı ölkələrindən Moskyava; gələcəkdə şimal və cənubdan ikitərəfli zərbə; sonralar  – Bakı rayonuna sahib olmaq üçün xüsusi əməliyyat”. Hitler hərbçiləri SSRİ-nin ərazi bölgüsü planları ilə tanış etdi: “Ukrayna, Belorusiya, Baltikyanı – bizə. Finlandiyaya – Ağ dənizə qədər olan rayonlar”. [7]

5 avqust 1940-cı ildə SSRİ-yə qarşı hərbi kampaniyanın ilk operativ planı təqdim edildi. Orada şərqi xətt Rostov – Qorki – Arxangelskə qədər sovet ərazilərinin zəbt edilməsi nəzərdə tutulurdu. Planlaşdırılırdı ki, Qırmızı Ordunun məğlub edilməsi üçün minimum olaraq doqquz, “ən pis halda” on yeddi həftə lazımdır. Yəni müharibə 1941-ci il sentyabrından daha gec qurtarmayacaqdı. Planda sovet dövlətinin kapitulyasiyası və onun devrilməsi nəzərdə tutulurdu. Əgər bu baş verməsə, o zaman alman ştab instansiyalarının strateqləri hesab edirdilər ki, Qırmızı Ordunu Urala qədər izləməli olacaqlar. 18 dekabr 1940-cı ildə Hitler “Barbarossa Əməliyyatı” adlanan 21 №-li direktivi imzaladı [8]. Bundan bir müddət əvvəl, 5 dekabrda baş tutmuş hərbi komandanlıqla növbəti iclasda o bir daha “rus ordusunu ayrı-ayrı qruplara parçalamaq və onları “torbada” boğmaq məqsədi ilə geniş işğalçı əməliyyatların” aparılması zərurəti haqqında danışırdı.

1940-1941-ci illərin astanasında alman elitalarının nümayəndələri Sovet İttifaqı ərazisində Almaniyanın imperialist iqtisadi məqsədlərinin həyata keçirilməsini təmin edəcək xüsusi təşkilatlar yaratmağa başladılar. SSRİ-nin talan edilməsi siyasətinə rəhbərlik Herinqə həvalə edilmişdi. Hələ 1940-cı il noyabr ayında o, vermaxt generallarına izah edirdi: “Orta Avropanı yalnız zəngin ukrayna məhsullarının köməyi ilə doyuzdurmaq olar”; Almaniya “qafqaz neft rayonlarına sahib olmaq üçün Qafqaza daxil olmalıdır, belə ki, onlar olmadan İngiltərə və Amerikaya qarşı irimiqyaslı hərbi müharibənin aparılması qeyri-mümkündür”. Herinq ilk növbədə bu iki vacib addımın həllinə hazırlıqla məşğul olurdu.

“IG Farben” qərargahı

1941-ci il 21 yanvar və 18 martda Herinq ən iri alman konsern və banklarının rəhbərləri ilə görüşlər keçirdi. Orada Almaniya tərəfindən ələ keçirilmiş ərazilərdə, həmçinin gələcəkdə ələ keçirəcəyi ərazilərdə, o cümlədən Qafqazda bütün neft yataqları və neft emaledici müəssisələrinin mülkiyyət və idarə etməsini üzərinə götürə biləcək təşkilatın yaradılması müzakirə edilirdi. İri kapitalla razılaşma əldə edildi və bu cür təşkilat 27 mart 1941-ci ildə yaradıldı. O, “Kontinental neft” səhmdar cəmiyyəti adını aldı. Onun səhmdarları və nəzarət şurasının üzvləri “IG Farben”, “Deutsche Bank”, “Dresdener Bank”, “Wintershall AG”, “Deutsche Öl AG”, “Preussag”, “BRABAG” və bunlar kimi ən iri alman firmalarının nümayəndələri oldular. Səhmdar cəmiyyətin rəhbəri “İG Farben” şirkətinin direktoru E.R.Fişer və “Reichsbank” və “Deutsche Bank” nümayəndəsi K.Blessinq oldu. Cəmiyyətin nəzarət şurasına imperiya təsərrüfat naziri V.Funk (sədr), xarici işlər nazirliyinin stats-katibi V.Keppler, “dördillik plan” üzrə təşkilatın stats-katibi E.Noyman, TİQ hərbi təsərrüfat və silahlanma idarəsinin rəisi general Q.Tomas, həmçinin sənaye nümayəndələri K.Kraux (“İG Farben” və “dördillik plan” üzrə təşkilat”), Q.Bütefiş (“İG Farben”), A.Rosterq (“Wintershall AG”), K.Raşe (“Dresdener Bank”), A.Rodevald (İmperiya kredit cəmiyyəti), Q.Veltsin (Berlin ticarət cəmiyyəti) daxil idilər.

“Kontinental neftin” birinci addımı rumın neft şirkətlərində fransız və belçika səhmlərini öz idarəsi altına keçirməsi oldu. Lakin bu cəmiyyətin inkişafı və mövcudluğu tam şəkildə, hələ 1941-ci ildə Q.İ.Absın dediyi kimi, “müharibənin sonrakı gedişatından” asılı idi. 27 mart 1941-ci il iclasında E.R.Fişer bu barədə daha aşkar danışıb: “Kontinental neftin” ali məqsədi – İran körfəzi rayonunun və “Royal Shell” maraqlarının üstünlük təşkil etdiyi digər ölkələri alman təsiri altına alınmasıdır”. Bu planların həyata keçirilməsi üçün həlledici əhəmiyyəti “müharibənin gedişatı” kəsb edəcək. 1941-ci ilin aprel ayında alman iqtisadi nəşriyyatları “Kontinental neftin” yaranması haqqında rəsmi bildiriş dərc etdilər və bununla, düzü, o zamana qədər artıq sirr olmaqdan çıxmış bəzi məqamları ağızdan qaçırdılar. Onlar yazırdılar ki, cəmiyyətin “maliyyə əsaslarının genişləndirilməsi” o zamana qədər zəruridir ki, “holdinq öz birbaşa vəzifələrinin yerinə yetirilməsinə başlayacaq… Müəssisə, göründüyü kimi, uzunmüddətli məqsədlər güdür”.

Almaniyanın SSRİ-yə hücumundan dərhal sonra “Kontinental neftə” “neft sferasında istehsal-təsərrüfat tədbirlərinin keçirilməsi həvalə edilmişdi, yəni neftin çıxarılması, emalı və daşınması və neft məhsulları ticarəti üçün müstəsna hüquq  verilmişdi”. Bu tamamilə inhisarçı hüquq cəmiyyətə 99 illiyinə verilmişdi; buna görə o, öz gəlirinin 7,5%-ni alman dövlətinə ödəməli idi.

“Nəhəng piroqun” digər hissəsinin istismarını gerçəkləşdirməyi – SSRİ-nin təbii və iqtisadi resurslarını Hitler bir dəfə bu cür adlandırmışdı – Herinq hərbi-təsərrüfat təşkilatına – rəhbəri general Tomas olan “Oldenburg” (sonralar onun adını “Şərq” Təsərrüfat ştabı olaraq dəyişmişdilər) Təsərrüfat ştabına tapşırdı. Tomas isə, öz növbəsində, ciddi şəkildə öz tabeliyindəki insanlara əmr etdi: “bütün əhəmiyyətli müəssisələrin” alman maraqlarına uyğun olaraq idarə edilməsi və istifadəsi üçün “əvvəlcədən alman konsernlərindən olan etibarlı insanları bu işə cəlb etmək lazımdır, belə ki, yalnız onların təcrübəsinə əsaslanaraq, işin öhdəsindən uğurlu şəkildə… gəlmək olar (məsələn, qonur kömür, filiz, kimya, neft)

1941-ci ilin fevralında Vermaxtın ali baş komandanlığı ştabının rəhbəri general-feldmarşal V. Keytel vasitəsilə Tomas Hitler və Herinqə, “Şərqdəki əməliyyatların hərbi-təsərrüfat nəticələri” adlı yadda qalan məktubunu ötürdü. Sovet iqtisadiyyatı haqqında verilənlərin təhlilini Tomas təkidli tövsiyə ilə yekunlaşdırırdı: “sürətli və həlledici əməliyyatlar vasitəsilə” ehtiyatların məhv edilməsi, nəqliyyat sisteminin, elektrik stansiyalarının, kənd təsərrüfatı maşınları parkının və ilk əvvəl qafqaz neft yataqlarının dağıdılmasına mane olmaq lazımdır. “Volqa və Dondan cənubda yerləşən ərazilər, Qafqaz daxil olmaqla, həmçinin əməliyyata cəlb edilməlidir. Yanacaqla təmin edən Qafqaz vilayəti zəbt edilmiş vilayətlərin istismarı üçün həddən artıq lazımlıdır” – o vurğulayırdı. Təşkilati strukturu 1941-ci il aprel ayının sonuna qədər tam şəkildə formalaşmış “Şərq” Təsərrüfat ştabı bir neçə təsərrüfat inspeksiyalarına, təsərrüfat komandalarına, filiallar və digər xüsusi qurumlara əsaslanan nəhəng aparat idi. Onun ştatı 6845 əməkdaşdan ibarət idi.

SSRİ-nin ərzaq resurslarından istifadə ilə əlaqədar məsələlərin fərqli şəkildə həll olunması nəzərdə tutulurdu. Herinq vermaxt tərəfindən istehlak olunmayacaq sovet ərazisindəki bütün ərzağın Almaniyaya daşınması haqqında sərt göstəriş vermişdi.

Sovet İttifaqına hücum günü artıq komanda instansiyalarının əlində Herinq tərəfindən təsdiqlənmiş bəndam “Yaşıl qovluq” var idi ki, orada “zəbt edilməli şərq vilayətlərində iqtisadiyyatın idarə edilməsi üzrə göstərişlər” yer alırdı.

1941-ci il 22 iyundan sonra strategiya və iqtisadi genişlənmə

  Vermaxtın ilkin və sürətli uğuru nasist rəhbərliyini istila proqramını genişləndirməyə və dəqiqləşdirməyə sövq etdi. 16 iyul 1941-ci ildə yaxın ətrafı ilə görüşündə Hitler bəyan etdi ki, alman hərbi hökmranlığı Ural boyunca genişlənməlidir. “Reyxin təhlükəsizliyi o zaman təmin ediləcək ki, Uraldan qərbdə heç bir özgə hərbi hissə olmayacaq; bu məkanın qorunmasını Almaniya öz üzərinə götürür”– deyə qeyd edir. Sonradan Herinq və Himmler Uralda hərbi baza mövzusunda tez-tez fantaziyalar qururdular ki, zərurət duyulduqda buradan rus hökumətinin Asiyadakı qalıqlarına qarşı hərbi aviasiya ekspedisiya  və reydləri keçirə bilər.

  Hitler planlaşdırırdı ki, onun Alman İmperiyasına “bütün Baltiya”, “köhnə-avstriya Qaliyası”, Krım və ona bitişik geniş “Volj koloniyası” rayonu, o cümlədən alman “hərbi koloniyası” qismində “Bakı rayonu” birləşdiriləcək. Kola yarımadası onun nikel və fosforit yataqları və donmayan Murmansk limanı ilə birgə “Almaniyaya keçməli idi”. Bessarabiya və Odessa ilə birlikdə Ukraynanın bir hissəsi Rumıniyaya verilə bilərdi. Hitler Finlandiyaya, iddiasında olduğu şərqi Kareliya və Leninqrad rayonunu güzəştə getməyə hazır idi. Buna o çox rahatlıqla razılıq verərdi – Leninqradı gec və ya tez, finlərin əlinə keçməzdən əvvəl, yerlə yeksan etməyə niyyətli idi, Finlandiyanın özünü isə perspektivdə müttəfiq dövlət kimi Almaniyaya birləşdirmək var idi.

   1941-ci il iyulun ortalarında artıq SSRİ-nin işğal olunacaq ərazilərində yaradılması planlaşdırılan “Ostland”, “Moskva”, “Ukrayna”, “Qafqaz” “imperiya komissarlıqlarına” komissarlar təyin edilmişdi. Yalnız bir sual açıq olaraq qalırdı – son olaraq Ukraynanın statusu nə olacaq. Rozenberq Almaniya nəzarəti altında “müstəqil” Ukrayna dövləti yaratmaq barədə təkid edirdi, lakin Hitler iki ay sonra “Almaniyanın Ukrayna üzərində 25 il müddətinə protektoratlığı” barədə planlar cızmağa başlayır.

  Almaniyanın ərazi iştahının artımı onun gündən günə daha iri miqyaslı hərbi  planlarını parlaq şəkildə təsvir edir:

Birinci plan (1940 iyun-iyul): məqsədlər – Kiyev və Minsk, “Moskvaya yürüş ehtimalı”;

İkinci plan (5 avqust 1940): Rostov-Qorki-Arxanqlesk sərhədinə qədər işğal;

Üçüncü plan (18 dekabr 1940-dan göstəriş №21): “Asiya Rusiyasına qarşı ümumi Volqa-Astraxan sərhəddində çəpərləmə baryer qurmaq”;

Dördüncü plan (16 iyun 1941-ci il Hitlerin göstərişi): Bakı-Volqa mənsəbi – Urala kimi alman hərbi dövləti qurmaq.

İşğal olunması planlaşdırılan “yaşayış məkanının” ölçüləri beləcə il ərzində təxminən iki dəfə böyüdü.

 Şərqdə iri alman kapitalının dəqiq iqtisadi məqsədi sənaye üçün xammalın, xüsusilə qafqaz nefti, manqan və dəmir filizi, o cümlədən kənd təsərrüfatı məhsul və ərzaqlarının işğalı idi. Alman emaledici sənayesi Şərqə arxalanırdı, yerli istehsalın hər hansısa rəqabət nəticəsində sıxışdırılmasından sonra onun hasilatı üçün iri satış bazarına çevriləcək. Eyni ümidlər alman dağ-mədən konsernlərinə bağlanmışdı ki, bunlar ən yeni sovet zavodlarını tamamilə aradan qaldırmağı planlaşdırılırdı. Bir sıra gizli sənədlərdə əks olunan sənayeçilərin planları SS-in “Şərq Baş planı”na və Herinqə uyğun olaraq apardığı məhvetmə siyasəti istiqamətində gedirdi. Onlar Hitler və vermaxt komandanlığının “bolşevik ocaqları” kimi elan edilmiş iri sovet şəhərləri – Moskva, Leninqrad, Kiyev, Stalinqradı yerlə bir etmək niyyətlərinə qarşı çıxmırdılar.

   Alman təsərrüfat elitası SSRİ ərazisində planlarının həyata keçirilməsinə qızğın fəallıqla və böyük israrla başladılar. Vermaxtın təsərrüfat ştabları sənaye üzrə mütəxəssisləri ilə bol idilər. Ön cəbhə hissələrinin ardınca xüsusi bölmələr (neft məsələləri ilə məşğul olan texniki briqadalar, dağ-mədən və digər texniki batalyonlar) gəlirdi, bunların özəyini “zonderfürer” libası geyinmiş sənayeçi mütəxəssislər təşkil edirdi.

   Talanlar müxtəlif müəssisələrin, vermaxtın, aparıcı sənayeçilərin yüksək vəzifəli nümayəndələrindən ibarət yeni törəmiş konsernlərin başçılığı altında Berlindən başlayırdı. Adını çəkdiyimiz ”Kontinental neft” ilə eyni zamanda digər bir çox təşkilatlar da mövcud idi. Rus və ukrayna dağ müəssisələri, kimya və tekstil sənayesi və topdan ticarət müəssisələrini “şərq cəmiyyəti” adlanan iri dövlət – inhisarçı törəmələr zəbt etdilər, onlar “himayədar idarəçilik” adı altında bu müəssisələri aparıcı alman firmalarının, əsasən Flik, Krupp, “İG Farben”, “Herman Herinq” konsernlərinin “himayəsi altına” alır və ya onlara “kirayə verirdi”.

   Şərqdə işğal olunan digər Avropa ölkələrindən fərqli olaraq,  “yeni nizamın” qurulması isə başqa cür idi. Hərbi mühit burada qeyri-sabit olaraq qalırdı, cəbhədə vəziyyət partizanların fəaliyyəti ilə əhəmiyyətli dərəcədə mürəkkəbləşmişdi. Vermaxtın hakim instansiyaları, imperiya komissarları, berlin nazirlikləri – hamı işğal olunan ərazilərdə istehsal gücləri və işçi qüvvələrini idarə etmək iddiasında idilər. Sovet dövlət və kolxoz mülkiyyətinin planlı özəlləşdirilməsi barədə düşünməyə ehtiyac qalmırdı. Bu şərtlərdə alman sənayeçilərinin Şərqdəki yeni müəssisələrə vəsait qoymaq və oraya işçi qüvvəsi yönləndirmək maraqları məhdud idi. Vəziyyətdən çıxmağa cəhd edərək, alman hökuməti hətta Qərbi və Şimalı Avropa ölkələrində, xüsusilə də Danimarka və Hollandiyada, sahibkar, işçi və qulluqçularını “Şərqdə iş üçün” cəlbetmə kampaniyalarına başlayır.

  Lakin iri alman konsernləri, ilk növbədə dağ-metallurgiya, elektrotexniki və “İG Farben” sovet müəssisələrini sərəncamlarına alma şərtləri ilə razı idilər. “Himayə” barədə razılaşmalar onlara sərf edirdi, çünki fəaliyyətləri zamanı bütün riskləri dövlət öz üzərinə götürürdü. Onları bir sual narahat edirdi: “işğal olunmuş rus ərazilərində hüquqi-dövlət  və iqtisadi-siyasi münasibətlərin bütünlüklə formalaşması başa çatdıqda, Alman imperiyası zavodları satmağa çalışdıqda “icarəyə götürmüş cəmiyyət icarəyə götürülmüş zavodu əldə edə” biləcəkmi? [9]

  Herinqin ətrafı, görünür ki, sovet müəssisələrinin özəl alman firmalarına satılmasına qarşı çıxırdı. Lakin 1942-ci ilin yayında Hitler silahlı qüvvələr naziri A.Şpeyerin  təsiri altında konsernlərin lehinə qərar verdi: “Fürer bir daha xatırladır ki, o Şərqdə heç bir inhisarçı təşkilat istəmir və burada özəl təşəbbüs irəli sürülməlidir”.

  Alman hakimiyyətinin SSRİ ərazisindəki perspektivləri barədə vacib mülahizələr “Deutsche bank” və “İG Farben”  konserninin sənədlərində göstərilib.

  Sovet İttifaqı ərazisinin işğal zamanı alman təsərrüfat elitasının azğın tamahkarlığı daha parlaq formada özünü göstərdi. İmperiya maliyyə naziri L.Şferin fon Krosiqk işğal olunmuş yerlərdə hökm sürən və hakimiyyət nəzarətini, “tənzimlənmiş”  vergi yığımı və gəlirlərin dövlət büdcəsinə keçirilməsini qeyri-mümkün edən xaos şikayəti ilə özü şəxsən ali rəhbərliyə müraciət etməli oldu. Onun 1942-ci il 4 sentyabrında yazılmış həcvi (“giyenalar haqqında məktub”)  sitat gətirilməyə layiqdir. Nazir qeyd edirdi:

   “Son zamanlar hər cür təşkilat, cəmiyyət  və ona bənzər digər törəmələr yağışdan sonra göbələklər kimi artırlar. Almaniyada fəaliyyət göstərənlərə nümunəvi olaraq yaradılmış  xüsusi məsələlər üzrə komissarlar, xüsusi səlahiyyətlilər, himayədarlar, təsərrüfat təşkilatları bu mənzərəni tamamlayırlar. Biz artıq özümüz də bilmirik ki, kim hakimdir, kim dövlət strukturuna xidmət edir, kimsə dövlət strukturu ilə bənzər səlahiyyətli cəmiyyətə, kimlərsə səhrada şikar axtarışında olan böyük giyena dəstəsinə… Müəssisələrdə vəzifələrə yüksək gəlirli himayədarlar gətirilir, bir halda ki, əsas işi yerli əhalinin aşağı əmək haqqı alan nümayəndələri yerinə yetirir. Özəl firma və ictimai təşkilat işçiləri Şərqə meyl göstərir, burada cəbhəçilərin təəccüb və hiddətinə səbəb olan məvaciblər təyin olunur”.

   Zəbt edilmiş sovet ərazilərində alman təsərrüfat elitasının üzvləri almanlar tərəfindən işğal olunmuş digər ərazilərinə nisbətən vermaxt, SS, polislə daha sıx əməkdaşlıq edirdilər. Burada təyin olunmuş “yeni nizam”, milyonlarla insanı məcburi əmək düşərgələrində işlədərək, terror və kütləvi qırğın nişanəsi altında həyata keçirilirdi.

“Deutsche bank”-ın sədri Herman Yozef Abs

Herman Yozef Abs

Q.Y.Abs 1937-ci ilin yanvarın 1-də “Deutsche bank”a gəlir və 1938-ci il 1 yanvarda idarə heyətinin üzvü olur. Onun simasında bank çox əhəmiyyətli bir əməkdaşa sahib olur. Abs “Deutsche bank”ın beynəlxalq əlaqələrini bərpa etdi və sonrakı 7 il ərzində bankın Avropa və onun sərhədlərindən kənarda ekspansiyasına rəhbərlik edirdi. Avstriya kredit institutu – Vyana bank birliyinin “Deutsche bank”ın tabeliyinə keçməsində əsas rolu oynadı [10], bir müddət sonra isə Çex bank birliyi oraya tabe edildi. Avstriya və Çexiyanın iri maliyyə müəssisələri üzərində nəzarətinin “Deutsche bank” tərəfindən aparılması onun Cənub-Şərqi Avropada ekspansiyasının yeni mərhələsinin başlancığına dəlalət edirdi. Bu region yalnız özlüyündə “Deutsche bank” üçün əhəmiyyətli deyildi. Cənubi-Şərqi Avropa Türkiyə və Yaxın Şərqə, yəni birinci dünya müharibəsinə kimi bankın on illər ərzində fəaliyyət göstərdiyi və müəyyən təsirə malik olduğu regionlara körpü kimi nəzərdən keçirilirdi.“Deutsche bank”ın bu istiqamətdəki fəallığı vermaxtın balkan və afrika yürüşləri, Şərqi Aralıq dənizində  hərbi fəaliyyəti və SSRİ-yə qarşı döyüşlər şəraitində keyfiyyət baxımından yeni  tərkibə malik oldu.

  Absın Şaxt, Funk və nasist yuxarı təbəqənin digər nümayəndələri ilə yaxın tanışlığı nəticəsində “Deutsche bank”ın Reyxbankla, imperiya iqtisadiyyat nazirliyi,“dördillik plan üzrə” xarici siyasət idarə və təşkilatı ilə çox sıx münasibətləri yarandı. Bu “Deutsche bank”a  Hitler rejiminin işğal siyasətinin bəhrələrindən fəal istifadə etməyə və bütün Avropaya öz ekspansiya sferası kimi baxmağa icazə verdi.

  Alman siyasətçiləri, hərbçi və iri kapitalistlərinin böyük əksəriyyəti kimi, Abs kommunizm və “bolşevizmə” qarşı nifrət duyurdu. Almaniyanın SSRİ-yə hücumunu açıq sevinclə qarşıladı və hətta hisslərin çoxluğundan fin peşə yoldaşı, bankir R.fon Fiandtı Almaniya və Finlandiyanın Şərqdə “azadlığın və bütün insanlığın ən böyük düşməninə qarşı” mübarizəsinin ilk uğurları münasibəti ilə təbrik etdi. Eyni cür təbriki rumın hökuməti başçısı İ.Antoneskuya göndərdi.

  “Deutsche bank” rəhbərliyi düşünürdü ki, Qafqazda, Yaxın və Orta Şərqdə müharibənin sonu ilə alman iqtisadiyyatının neft sahəsi qarşısında ən böyük perspektivlər açılacaq. Bu banka heç də az olmayan dividentlər vəd edirdi. “Deutsche Bank” rəhbərliyini həmçinin sovet toxuculuq sənayesinin və xammal bazasının işğalı, qarəti və istismarı ilə bağlı perspektivləri də qanadlandırırdı. Almaniyanın SSRİ-yə hücumundan sonra “Deutsche bank”  müvafiq olaraq “şərq cəmiyyəti” yaratmaq üçün az qüvvə sərf etmədi, burada alman özəl firmaları hakim olmalı, bank özü isə əsas rolu oynamalı idi.1941-ci il 4 avqustda belə bir cəmiyyətin əsası qoyuldu. “Lif üzrə şərq cəmiyyəti” adını aldı.

  1941-ci il 17 iyulda Abs “Deutsche bank” rəhbərliyinin tapşırığı ilə təsərrüfat elitasının və reyxin müxtəlif idarələrinin aparıcı nümayəndələri qarşısında “İqtisadi nöqteyi-nəzərdən Avropa və ABŞ” başlığı altında böyük hesabatla çıxış etdi. Abs bankın nəzər nöqtəsini Almaniyanın dünyəvi dövlət uğrunda gələcək mübarizəsi strategiyası (“gələcəkdə Avropa və Şimali Amerika mekanları arasındakı münasibətlərin yenidən qurulması uğrunda”) kimi izah etdi. Sonda Abs  yığılanları “Deutsche bank”ın Almaniyanın qalibiyyətindən sonra təyin olunacaq “yeni dünya nizamı” barədə fikirləri ilə tanış edir. Bu “nizam” aşağıdakı kimi idi: “müharibədən sonra Almaniya Avropaya hakim olacaq”; Avropa “müharibədən sonra ABŞ-dan asılı olmayacaq”; “Uzaq Şərq və Cənubi Amerika alman ixracatı üçün açıq olacaq”; “cənubi-şərqi əyalətlər [yəni Yaxın və Orta Şərq- M.Q.], Şərqi Avropa regionları alman sferasına aid olacaqlar”.

 Gələcəkdə (1941-ci ilin sonu – 1942-ci illərdə) “Deutsche bank” “İG Farben” konserni kimi bütün diqqətini neftdə cəmləşdirdi.

  Alman neft strategiyası

  Nasist alman rəhbərliyi düşünürdü ki, SSRİ-nin darmadağın edilməsi Hitlerin 1940-cı il 4 noyabrında hərbçilərlə müşavirəsində ifadə etdiyi kimi “Avropanın əsas problemini” həll etməklə yanaşı, dünya müharibəsinin nəticəsinə həlledici təsir edəcək, burada Almaniyanın qalibiyyətini təmin edəcək. SSRİ ərazilərinin, təsərrüfat potensialının və təbii resurslarının ələ keçirilməsinə dünyəvi hakimiyyət uğrunda Almaniyanın mübarizəsində, onun hərbi və iqtisadi ekspansiyasının son məqsədinə çatmasında aralıq mərhələ kimi baxılırdı. Bu məqsədlər  uzaqgörən idi və yalnız Avropaya deyil, digər qitələrə də aid edilirdi. Buna sübut – Hitlerin 1941-ci il 11 iyun 32№-li “Barbarossa”dan sonrakı dövrə hazırlıq” direktivi idi. Orada deyilirdi – Sovet ordusunun məğlubiyyətindən sonra  “yeni əldə edilmiş şərq əraziləri təşkilatlanacaq, təmin ediləcək və vermaxtın köməyi ilə oranın təsərrüfat istismarına başlanılacaq”. Bundan sonra “Britaniyanın Aralıq dənizi və Ön Asiyadakı mövqeyinə qarşı mübarizənin davamı” gəlir. “Bunun üçün Liviyadan Misirə, Bolqarıstandan  Türkiyəyə və müəyyən şərtlər altında Zaqafqaziyadan İrana keçəcək ümumi mərkəzi hücüm nəzərdə tutulur”.

   Sitat gətirilmiş hissənin Fişerin nitqi ilə bağlılığı gözə çarpır ki, onun nitqi “Kontinental neftin” “ali məqsədinin” “Royal Shell”-i İran körfəzi regionundan sıxışdırıb çıxarması barədə idi. 1942-ci ilin yanvarında vermaxt Qafqaza yaxınlaşarkən Rostov yaxınlığında qarşısı alınanda Kraux Qafqaz neftinin işğalının birinci dərəcəli tapşırıq olmasına baxmayaraq, İraqdakı Kərkük neft mədənlərinin ələ keçirilməsinin iqtisadi nöqteyi-nəzərdən daha faydalı olduğunu  Herinqə xatırlatmağı özünə borc bildi. Kraux qeyd edirdi ki, orada neft “onunla bərabər çıxan qazın hesabına” səthə özü çıxır və onu Qafqazdakı kimi nasosların köməyi ilə çıxarmağa ehtiyac qalmır. İraqda hər neft quyusundan Qafqazdakından yüz olmasa da, on dəfə çox neft əldə etmək olar. “Ön Asiyada quyuların dağılması halında isə onları Qafqazda olduğundan daha az qüvvə və material sərfi ilə xeyli tez yenidən bərpa etmək olar.

   1942-ci ilin yayında almanların Şimali Amerikaya yürüşü və vermaxtın Qafqaza keçmək cəhdi zamanı “Deutsche bank”  “səhnəyə çıxır”. O hələ 1940-cı ilin yayından bəri İngiltərə ilə  sülh müqaviləsi bağlamaq gözləntisi ilə, fəal şəkildə Yaxın Şərq nefti ilə bağlı planlar qururdu və müvafiq tövsiyələr hazırlayırdı (Yaxın Şərqdə almanların hüququnun bərpası; birinci dünya müharibəsindən sonra bu hüququn itirilməsi ilə bağlı Almaniyanın daşıdığı itkilərin kompensasiyası və s). 1942-ci il 4 iyulda Abs xarici işlər nazirliyinə çatdırır ki, “Deutsche bank” hal-hazırda Misirə və Yaxın Şərqə böyük meyl göstərir. O bəyan etdi: “Əgər Misir və Yaxın Şərqin digər bölgələrində alman banklarının fəaliyyəti məqsədəuyğun sayılsa, hazırkı vəziyyəti nəzərə alaraq güman edirik ki, bu işə ilk növbədə bizi cəlb edəcəklər. Türkiyədəki uzunillik fəaliyyətimizlə bərabər, Yaxın Şərqdə bunun əsasında neft maraqları durur.”

  Alman iri kapitalının nümayəndələri güman edirdilər ki, bundan sonra çoxdankı arzularını– Britaniya və Şimali Amerika rəqiblərinin məxsus olduğu eyni cür şəxsi neft imperiyasının yaradılmasını həyata keçirməyə başlayacaqlar. “Deutsche bank” və sonralar “İG Farben” və digər alman müsəssisələri Berlin-Bağdad dəmir yolunun tikintisi və birinci dünya müharibəsi zamanından bəri buna nail olmaq istəyirdi.

  1941-1942-ci illərdə SSRİ və Yaxın Şərq ərazilərindəki neft mənbələrinin işğalı problemı bütün alman elitasını məşğul edirdi. Herinq, “Kontinental neft”,  “dördillik plan üzrə” təşkilat  və onun ətrafında qruplaşan  konsern və banklarla yanaşı, Yaxın Şərqə hücum hazırlığı alman hərbi komandanlığı, xarici işlər nazirliyi və xüsusi xidmət orqanları tərəfindən  intensiv olaraq aparılırdı.

  1941-ci il 23 may tarixində Hitlerin 30№-li direktivi əsasında aviasiya generalı H.Felminin başçılığı ilə “F xüsusi ştabı” yaradıldı ki, o, “vermaxtın səlahiyyətlərinə daxil olan ərəb dünyası ilə bağlı bütün məsələlərdə mərkəzi təmsilçi” olmalı idi. O bilavasitə alman hərbi qüvvələrinin ali baş komandanlığının qərargah rəisinə tabe idi. “F xüsusi ştabı”na “tropik geyimi və İraq fərqlənmə nişanı” olan ayrıca batalyon, aviaqrup, təlimatçılar, “hərbi mütəxəssislər və agentlər” daxil edilmişdi. İran, İraq, Suriya, Türkiyə ərazilərindəki dayaq məntəqələri onun sərəncamında idi. Ştab alman xüsusi kəşfiyyatı ilə sıx əməkdaşlıq vəzifəsini və şəxsi heyət və sabotaj üzrə mütəxəssislərə rəhbərlik edən bütün “düşmən İngiltərə qüvvələrini”  Yaxın Şərqdə “gələcək alman əməliyyatlarını müasir zərbəendirmə yolu ilə dəstəkləməli olan” silahla təchizetmə məsuliyyətini daşıyırdı.

   Xarici işlər nazirliyi Yaxın Şərq çıxışına da fəal hazırlaşırdı.Yaxın Şərq üzrə mütəxəssis F.Qrobba vasitəsilə o, fəaliyyətini “F xüsusi ştabı” ilə uzlaşdırırdı. 1942-ci ilin əvvəlində Qrobba “Almaniyanın Qafqazdan ərəb ərazilərinə irəliləməsi” adlanan Ribbentropa yazılmış məktubunda aşağıdakıları qeyd edirdi:

  “Ərəb məkanına irəliləyişimizin məqsədi – Süveyş kanalı və İran körfəzidir, eyni zamanda İraq, Suriya və Fələstinin işğalıdır… Ərəb dünyasının müxtəlif bölgələrindəki və İrandakı (Kərkük, Hanəkin, Abadan, Küveyt, Bəhreyn,Tripoli və Hayfaya aparan boru kəmərlərini və bu yerlərdə neft edən zavodlarının) neft qurğularının zəbt edilməsinə [alman nəzarəti altında- M.Q] hazırlaşmaq lazımdır.”

  Qrobba “İraq neft şirkəti konsessiyasının [Almaniyaya-M.Q] keçidi barədə razılığın bağlanmasına hazırlıq” görməyi və [xarici işlər nazirliyinin-M.Q]  ticari-siyasi şöbənin, o cümlədən almaniyadaxili instansiyaların iştirakı ilə məşvərətçilərin statusu barədə məsələni” həll etməyi təklif edirdi. O bildirdi ki, Yaxın Şərq Almaniya tərəfindən işğal olunduqdan sonra orada “maliyyə və iqtisadiyyatı hərəkətə gətirmə” məsələsini imperiya maliyyə nazirliyi və Reyxsbankla müzakirə edib və  qeyd etdi ki, “zəruri material, o cümlədən buruq avadanlıqları artıq hazırlanır”.

   İmperiya təhlükəsizliyi üzrə baş idarəsi (İTBİ) Almaniyanın Yaxın Şərqdə məqsədinə çatması üçün öz metodları ilə kömək etmişdir. Xüsusilə xarici mətbuatdan lazımi informasiyanı və kartoqrafik materialları toplayırdı. Görünür, SS zabiti V.Lorxun rəhbərliyi altında olan Tyubingendəki “Yaxın Şərq araşdırma mərkəzi” onlarla əməkdaşlıq edirdi. İTBİ onlardan əldə etdiyi məlumatları “Kontinental neft” müdirlərindən biri Q.Şlixtə ötürürdü. 1943-cü ildən İTBİ-yə “şikarın” texniki detallarının, Yaxın Şərqdə neftin nəql edilməsi və yenidən emalının öyrənilməsi üzrə tapşırıq verilmişdi. Bu cür məlumatlar Britaniya neftçıxarma müəssisələrinə diversiyaların həyata keçilirməsi, neftvurma stansiyalarının və neftemalı zavodlarının dağıdılması üçün tələb olunurdu.

   Vermaxtın 1942-ci ilin yayında SSRİ-nin cənub rayonlarına yürüşü birbaşa neft resurslarının zəbt edilməsi ilə bağlı idi. Alman rəhbərliyi düşünürdü ki, bir tərəfdən Qafqaz neft mədənlərini ələ keçirməklə vermaxtın yanacaq ehtiyaclarını ödəyəcək, digər tərəfdən – ümid edirdi ki, Qafqaz vasitəsi ilə Yaxın Şərqin “böyük neftinə” yol açacaq. Hələ 1942-ci ildə Hitler və təcrübi konstruktor bürosu (TKB) vermaxtın əsas zərbəsini cənub məntəqələrinə vurması qərarını almışdılar. Məqsəd – “daha sonra Qafqaz məkanındakı neft rayonlarını zəbt etmək və Qafqaza keçmək üçün Don girəcəyində düşməni məhv etmək idi”. Keytel yaxın əməkdaşları əhatəsində boynuna alırdı: “Aydındır ki, 1942-ci il əməliyyatları bizi neftlə təmin edəcək. Əgər bu baş verməsə, biz gələn il heç bir əməliyyat heyata keçirə bilməyəcəyik”. Hitler daha aşkar danışırdı: “Əgər mən Maykop və Qroznı neftini əldə edə bilməsəm, onda müharibəni dayandırmaq məcburiyyətində qalacam”.

  Hücumun başlanğıc mərhələsində vermaxtın uğuru nasist rəhbərliyində və təsərrüfat elitası əhatəsində Qafqaz və Yaxın Şərqdə məqsədlərə çatmaqla bağlı nikbin əhval ruhiyyə aşılayırdı. 1942-ci ilin 10 iyulunda Herinq tərəfindən çağırılmış “neft müşavirəsi” iştirakçıları, ilk növbədə “Kontinental neft” rəhbərləri tamamilə sevinc içində idilər və güman edirdilər ki, İraq neft yataqlarının zəbti məsələsi praktiki olaraq həll edilib.

  Nəticədə, alman qoşunları Qızıl Ordunun zərbələri altında Cənubi Qafqazdan çıxmalı olanda, Berlin Qafqaz və Yaxın Şərq nefti ilə bağlı arzularından heç ayrılmaq istəmirdi. 1943-cü il yanvar ayının sonlarındakı təbliğatçı sənədlərdə aşağıdakı bəyanatlara rast gəlmək olar: “Qarşıda yaxın zamanda Qafqaz və Xəzər dənizində yerləşən rus neft rayonlarının mənimsəməsi durur… Cəsur ordumuz ilkin şərait yaradacaq ki, dünya xammal mənbələri, o cümlədən, yer üzərindəki neft ehtiyatı payımız təmin edilmış olsun”.

Hərbi məqsədlər və hərbi cinayətlər

  Hitler, Himmler və Gebbelsin intiharından və Nürnberqdə Beynəlxalq tribunal tərəfindən Herinq, Rozenberq, Keytel və digər nasist başçılara oxunan ölüm hökmündən sonra heç bir şübhə qalmadı ki, bu simalar ən ağır hərbi cinayətlər və bütün dünyaya və insanlığa qarşı cinayətlər törədiblər. Özlüyündə  almanların törətdiyi hərbi cinayətlərə görə məsuliyyət on illiklər ərzində cəmiyyətin şüurundan inadla sıxışdırılıb çıxarılırdı. Hərbi cinayət törətmiş şəxslərin antihitler koalisiyası müttəfiqləri tərəfindən təqib edilməsi konservativ qüvvələr tərəfindən “qaliblərin ədaləti” kimi xarakterizə edilirdi; aparılan məhkəmə proseslərinin qanuniliyi mübahisə mövzusu idi, hökm oxuyanların əsaslılığı şübhə altına alınırdı.

  Xüsusi hiddətlə adı çəkilən qüvvələr alman elitasını, ilk növbədə iri kapital təmsilçilərini, generaliteti və yüksək bürokratiyanı hərbi cinayətlərdə iştirak ittihamından qoruyurdular. Bununla belə, onlar son dərəcə yüngül və hətta bəraət qazandıran, “soyuq müharibə” şəraitində gedən proseslərdə qərb işğal derjavaları hakimlərinin çıxardığı hökmlərə istinad etmək  imkanına malik idilər.

    Son illər Almaniya və dünya arenasında baş verən dərin dəyişikliklərin təsiri altında ikinci dünya müharibəsi illərində almanlar tərəfindən törədilən cinayətlərə görə məsuliyyət kəskin diskussiya predmetinə çevrilib ki, buraya alman ictimaiyyətinin geniş dairələri də fəal şəkildə qoşulub. Bu diskussiya öz növbəsində elmi tədqiqatlar üçün əlavə təkan verdi. Diskussiyanın inkişaf etməsində əsas rolu 1995-ci ildə Sosial Araşdırmalar İnstitutunun Hamburqda açdığı “Məhv etmək uğrunda müharibə: 1941-1944-ci illər vermaxt cinayətləri” sərgisi oynadı, bu sərgi ilk dəfə  bir çox alman vətəndaşına alman ordusunun müharibə illərində SSRİ ərazisində necə dəhşətli cinayət və vəhşiliklər törətdiyini görmək imkanı verdi. Nəhayət, 90-ci illərin ikinci yarısında  Almaniyada işğal olunmuş ölkələrdən oğurlanmış qızılı əvvəlki sahiblərinə geri qaytarmaq və  müharibə dövründə icbari iş üçün zorla Almaniyaya göndərilən digər ölkələrin, xüsusilə, milyonlarla Şərqi Avropa vətəndaşlarının əməyinin ödənilməsi barədə müzakirələr böyük əhəmiyyət kəsb edirdi. Burada bir çox iri alman firma və banklarının adları səsləndi: “Alians” sığorta konserni, “Deutsche bank”, “Dresdener bank”, “İG Farben” keçmiş konserni, “Degussa”, “Daimler-Benz” konserni və s.

   İkinci dünya müharibəsi illərində Şərqi Avropada Hitlerin başçılığı ilə nasist dəstəsinin izlədiyi məqsədlər geniş kütləyə məlum oldu. Sübut olunub ki, törədilmiş cinayətlərdə əsas rolu bu məqsədlər oynayıb. Faşist Almaniyasının siyasəti yalnız Hitler və onun yaxın ətrafı tərəfindən müəyyən edilmirdi. Onun formalaşmasında hərbi, təsərrüfat, bürokratik – alman elitar cəmiyyəti bilavasitə iştirak edirdi.

  Hamburq Sosial Araşdırmalar İnstitutunun sərgisi və icbari işçilərə kompensasiyanın ödənilməsi barədə mühabisələrin mərkəzində  alman elitasının rolu və məsuliyyəti duran AFR “tarixçi mübahisələri”nə yeni təkan verdi. Bu “mübahisənin” bəzi iştirakçılarının məsələni sanki, alman hərbi və rəsmi dairələrinin Hitler və onun dəstəsi tərəfindən cinayət fəaliyyətlərinə “sürükləndiyini” sübut etmək cəhdləri açıq-aşkar alman elitasını məsələdə üzüağ çıxartmaq, Hitler rejiminin qurbanı kimi göstərmək məqsədi daşıyır. Belə mövqe şiddətli cavab tələb edir. Alman elitası fəal şəkildə planlaşdırmada, bilavasitə cinayətlərin hazırlanması və törədilməsində iştirak edirdi. Onlara əsaslı olaraq İttifaq nəzarət şurasının 20 dekabr 1945-ci il 10№-li “hərbi cinayət və ya dünya və bəşəriyyətə qarşı cinayət törədən şəxslərin cəzalandırılması barədə” qanunu həm cinayətin tərkibi, həm cəza tədbirlərinin müəyyən edilməsində tətbiq edilə bilər.

   Əsgər ləyaqəti və şərəf məsələsi barədə danışmaq fürsətini əldən verməyən alman hərbi kastası nəinki müharibə zamanı Şərqdə törədilən dəhşətli cinayətlərə göz yumurdu, hətta özü bu tapşırıqları yerinə yetirirdi – “gah aparıcı, gah da tamamlayıcı qüvvə rolunda”.Hamburqda sərgidə təqdim edilən faktların yoxlanması üçün yaradılmış elmi komissiya ədalətli olaraq hesabatında qeyd etmişdir: alman ordusu tərəfindən Sovet İttifaqı ərazilərində yəhudilərə, hərbi əsirlərə və vətəndaşlara qarşı törədilmiş cinayətlər “sui-istifadə və ya asayişin pozulması deyil, ali hərbi rəhbərliyin və cəbhə və səngərlərdə qoşuna komandanlıq edənlərin qərarlarına əsaslanan fəaliyyətlərdir”.

   Vermaxt hökuməti fəaliyyətinin cinayət tərkibli olduğunu TİQ–nin SSRİ və Qızıl orduya qarşı “irqi müharibənin”  aparılması üzrə əmr və təlimatları təsdiq edir. Bu sənədlər dinc sakinlərin repressiyaya məruz qoyulması, xüsusilə kommunist və yəhudilərin məhv edilməsində hərbi kastanın SS ilə sıx “şərikli” əməkdaşlığı faktını sübut edir. Bunlara, o cümlədən 13 mart 1941 tarixli “21№-li direktivə əlavə olaraq xüsusi məsələlər üzrə rəhbər göstəriş”, 28 aprel 1941-ci il tarixli “Təhlükəsizlik polisinin və quru qoşunları tərkibində təhlükəsizlik xidməti (TX)  fəaliyyəti barədə nizamnamə”  və s sənədlər dəlil ola bilər.

  Alman hərbi komandanlığı fəaliyyətlərinin cinayət xarakterli olmasına daha bir sübut “Barbarossa” əməliyyatı dövründə hərbi gəmilərin fəaliyyətlərinin dayandırılması idi, yəni əgər “alman hərbi qüvvələrinə hər hansı bir müqavimət göstərərlərsə”, SSRİ sakinlərinə qarşı cinayət törədilməsi halında (edamlar, kəndlərin və digər “kütləvi yaşayış məntəqələrin” yandırılması) alman zabit və əsgərləri hüquqi məsuliyyətdən azad edilirdi (“13 may 1941-ci il “Barbarossa” rayonunda hərbi məhkəmə aidliyi və xüsusi ordu tədbirləri barədə ”Hitlerin sərəncamı”  və  19 may 1941-ci il tarixli “Qoşunların Rusiyaya hərəkəti barədə rəhbər göstəriş ”).

   1941-ci il mayın əvvəlində hələ bu direktivlər çap olmamışdan əvvəl Almaniya quru qoşun komandanlığı tərəfindən hazırlanan layihədə analoji əmrlər hər hansı bir normaya riayət edilməsindən imtina etmə ehtiyacını əsaslandırırdı və SSRİ ərazilərində müharibəni onunla aparırdı ki, guya burada “xüsusilə təhlükəli və hər cür nizamı dağıdacaq yəhudi-bolşevik dünya görüşlü mülki əhali elementi” qoşunlara müqavimət göstərəcək.

 “Şübhə doğurmur ki, – sənəddə qeyd edilirdi,- o döyüş fəaliyyətləri aparan və dinc vermaxt ölkəsinə qarşı dağıdıcı silahlarını qəddarcasına, gizli şəkildə, mümkün olan hər yerdə istifadə edəcək”.

““Barbarossa” rayonunda hərbi məhkəməlik və xüsusi ordu tədbirləri barədə” direktivə əsaslanan bədnam “komissarlar barədə əmr”ində  vermaxt ali baş komandanlığı qoşuna göstəriş verirdi ki, Qızıl Ordu siyasi komissarlarını əsgər kimi tanımasın və “prinsipial olaraq yerindəcə o cümlədən onlar yalnız sabotaj, müqavimət və ya buna təhrikçilikdə şübhəli bilinəndə…onları silahla məhv etsin”.

  Qeyd edək ki, yuxarıda adı çəkilən sənədlər, xüsusilə, sovet hərbi əsirlərinin gördüyü rəftara toxunan və bilərəkdən üzərində çox dayanmadığımız digər sənədlər kimi, alman hərbi komandanlığı tərəfindən hələ müharibədən əvvəl, yəni vermaxt Qızıl Ordu ilə hərbi təmasa keçməmişdən əvvəl hazırlanıb təsdiq edilmişdi. Cinayət məqsədləri əvvəlcədən müəyyən edilmişdi  və onlara çatmaq üçün əvvəlcədən cinayət vasitələrindən istifadə etmək planlaşdırılırdı. Məgər bundan sonra bəyan etmək olarmı ki, alman hərbi elitası cinayətlərin hazırlanması və həyata keçirilməsində heç bir məsuliyyət daşımır və o bu fəaliyyətə “psixopat” Hitler tərəfindən məcburən cəlb edilib?! Frayburqlu tədqiqatçı Y.Ferster düzgün qeyd edir ki, Hitlerin “proqramı” artıq çoxdan alman elitası üçün “birləşdirici amil” idi. Bu proqramın həyata keçirilməsi cəhdi ona görə mümkün oldu ki, onun əsas komponentləri (“alman hakimiyyətini Şərq istiqamətində genişləndirmək” ehtiyacı şüarı, bolşevizmə və yəhudilərə son dərəcədə düşmən münasibət, gücə etiqad, “mövcüdat uğrunda mübarizədə” hər cür vasitədən istifadənin mümkünlüyünü qəbul etmə və s) müharibədən xeyli qabaq ideologiyalarının tərkib hissəsinə çevrilmişdi.

   Alman təsərrüfat elitası nümayəndələrinin törətdiyi cinayətlər isə isə başqa xarakterli olub. Vermaxt rəhbərliyi ilə onları birləşdirən o idi ki, ikisi də kommunizm və bolşevizm nifrəti ilə dolu idilər və SSRİ-nin mövcudatı faktı ilə barışmaq istəmirdilər. Sovet hökuməti ilə hərbi çaxnaşmaya hazırlıq və Şərqi ələ keçirmə proqramının formalaşmasında, yuxarıda qeyd edildiyi kimi, ”dördillik plan üzrə” təşkilatın bir növ sənaye əsası olan  dəqiq cızılmış, xüsusilə güclü qruplaşma, o cümlədən TİQ, “Kontinental neft” səhmdar cəmiyyətində şərik olan konsern və banklar  iştirak edirdilər. Lakin amerikalı hakimlər “İG Farben” işi üzrə prosesdə 10№-li İttifaq nəzarəti şurası qanuna tamamilə zidd, şübhəli arqumentlərə əsaslanaraq, bu qruplaşmanın ünvanına yönələn dünyaya qarşı törədilmiş cinayət və işbirliyində iştirak ittihamlarını qəbul etmədi.

  Sovet İttifaqına hücumdan sonra alman təsərrüfat elitası birbaşa sovet iqtisadiyyatını talan etməyə başladı. Elitanın maraqları ilk növbədə xammal istehsalı, neftçıxarma, o cümlədən, dağ-mədən və metal emalı sənayesi, elektrosənaye, kimyəvi istehsal, dəqiq mexanika və optika  müəssisələri, tikiş sənayesi, tütünçülük və topdan satış ticarəti sahələri üzərində cəmləşirdi. Alman sənayeçiləri üzərində Nürnberq məhkəmə prosseslərində (Kruppun işi üzrə proses istisna olaraq) amerikan hakimləri təkzibedilməz dəlillərə baxmayaraq, ittiham olunanların SSRİ ərazilərində işlənmiş cinayətlərdə iştirakını şübhə altına aldı və onlara bəraət verdi. Ancaq fakt fakt olaraq qalır: artıq 1941-ci ilin yayından başlayaraq, yüzlərlə səlahiyyətli alman konserni hərbi-təsərrüfat ştabları və “şərq cəmiyyətləri”nin tərkibində yerlərdə, o cümlədən Nikopolda və Krivoy Roqda,  Aşağı Dneprdə və Donbassda işləyirdilər. Onlar şaxtaların, müəssisə və iri istehsal birliklərinin işini bərpa edir, onların idarəetməsini təşkil edirdilər. Yerli əhali üzərində terror və amansız istismar rejimi genişləndirilmişdi. Alman konsern nümayəndələrinin fəaliyyəti hərbi hissələr və xüsusi bölmələr vasitəsilə təmin və “himayə” edilirdi.

  Gələcəkdə “himayə müəssisələrinin” mülkiyyətini almaq fürsəti verəcəyini ümid edərək alman konsernləri burada müxtəlif növ “qəyyumluq cəmiyyətləri” kimi çıxış edirdilər. Amerikan hakimləri Flikin işi üzrə prosesdə alman konsernlərinə bəraət verməyə kömək edən “arqument” tapdılar. Onlar bəyan etdilər ki, SSRİ ərazisindəki hərbi qənimət xüsusi deyil, sovet dövlət mülkiyyəti idi, ona görə də işğal hökuməti öz maraqlarına uyğun istifadə edə bilərdilər. “Biz Flikin, son nəticədə, mülkiyyət ələ keçirmək niyyətini ikinci dərəcəli hesab edirik – hökmdə qeyd edilirdi – On Ehkama əsasən bunu istəmək günah ola bilər, ancaq Haaqa konvensiyasının pozulması və hərbi cinayət hesab edilmir”. Bir sıra Sovet müəssisələrinin demontaj və avadanlıqlarının Almaniyaya daşınması hallarını qiymətləndirdikdən sonra amerikan hakimləri təyin etdilər ki, verilən fəaliyyətlər “sözün əsl mənasında soyğun” hesab edilə bilməz [11].

  Konsern və bank nümayəndələri “Kontinental neft” səhmdar cəmiyyətinin fəaliyyətinə rəhbərlik edirdi. Məhz onlar Şimali Qafqaz neft yataqlarında xüsusi rejim təyin etmişdilər ki, bu rejim vermaxt hissələri və xüsusi bölmələri tərəfindən qorunurdu. Lakin amerikalı hakimlər “İG Farben” işi üzrə prosesdə hökmə yazdılar ki, “İG Farben”in nə vaxtsa “Kontinental neft” səhmdar cəmiyyətinin fəaliyyətinə ciddi olaraq rəhbərlik və ya təsir etdiyi təəssüratını bağışlamadı”.

  Alman işğalçıları zəbt edilmiş ölkələrin əhalisinin yalnız müharibə dövründə deyil, ondan sonra da – Almaniya hökmü altında olan Avropada – işçi qüvvəsi kimi şübhəsiz onların sərəncamında olacağını düşünürdülər. Avropada əmək münasibətlərinin tənzimlənməsi  alman nəzarəti altında olan “mərkəzi təsisat”“aparıcı alman sənaye qrupları və onların müttəfiqlərinə” verilməsi ilə bağlı alman təsərrüfat elitasının ilk mülahizələri hələ müharibədən əvvəl səslənmişdi.

  1939-40-cı illərdə alman müstəmləkə imperiyası qurmağı planlaşdırarkən, alman xarici işlər nazirliyi, “Deutsche bank”, keçmişdə müstəmləkəçi ticarət aparmış firmalar, dəniz daşınması ilə məşğul olan gəmiçilik şirkətlərinin aparıcı nümayəndələri alman “ağalarına” “yerli-qullar” üzərində hökmranlıq etmək imkanı verəcək alman müstəmləkəçi nizamını bərpa etmək ümidində idilər.

  Milyonlarla insanı, xüsusilə slavyanları, “ali irqin” kölələrinə çevirmək Almaniyanın Şərqdəki müharibədə izlədiyi əsas məqsədlərindən biri idi. Bu planın kifayət qədər açıq ifadə olunduğu “Şərq baş planı” iri alman kapitalının köklü maraqlarına tamamilə cavab verirdi. O “şərq məkanının” qeyri-sənayeləşdirilməsini (orada yalnız xammal və əsas vəsait sənayesi müəssisələrini saxlamaq planlaşdırılırdı), alman firmalarının son hədd ucuz iş qüvvəsi ilə təmin edilməsini, istehsalın həyata keçirilməsi üçün  iri bazar imkanını nəzərdə tuturdu.

   Bu günlərə qədər alman təsərrüfat elitasının, müharibənin məqsədi kimi əcnəbiləri alman müəssisələri üçün  kütləvi icbari əməkdə istifadə etməyi nəzərdən keçirib-keçirmədiyi sualı açıq olaraq qalırdı. Alman sənayeçiləri üzərində müharibədən sonra məhkəmə proseslərində bu cür əməkdən istifadə cinayət kimi qiymətləndirilmirdi. Bundan da əlavə, amerikalı hakimlər Flikin və “İG Farben” işi üzrə iclaslarda hətta alman sahibkarlarının sanki düşdüyü hansısa “fövqəladə hal” haqqında danışırdılar. “Reyxdə mövcud olan dəhşətli rejim” şərtləri altında iş qüvvəsi qıtlığı ilə üz-üzə qaldıqda guya başqa seçimləri yox imiş; onlar zorla Almaniyaya gətirilmiş əcnəbilərin əməyindən istifadə etmək məcburiyyətində idilər, çünki istehsalın dayandırılması halında cəza və təqiblərə məruz qala bilərmişlər.

  1941-ci ilə kimi “Sənaye” imperiya qrupundan olan təsərrüfat dairəsi nümayəndələri və nasist siyasətçiləri və ideoloqları arasında razılaşma qüvvədə idi ki, alman sənaye işçilərində “qeyri-düzgün ağa nəzər nöqtəsi” kimi bir fikir formalaşmasına yol verilməsin, çünki, bu halda alman işçiləri adi, çətin işləri “ikinci dərəcəli xalqa” həvalə etmək tələbini irəli sürə bilərdilər. Lakin  1942-ci ilin yazında Almaniyaya çoxmilyonlu hərbi əsir və SSRİ-dən deportasiya edilmiş vətəndaş axınından sonra alman hakim dairələri, görünür, özlərinin bu mövqeyini yenidən nəzərdən keçirməli oldular. Bütün alman sənayesi müəssisələri üçün kütləvi icbari əmək özlüyündə adi hadisəyə çevrildi.

   İkinci dünya müharibəsində alman müəssisələrində məcburi əməkdən istifadə vəziyyətinin bünövrə  baxımından  birinci dünya müharibəsi dövründə olduğundan fərqlənirdi. Birinci dünya müharibəsi illərində belçikalı və polşalı işçiləri alman müəssisələrində məcburi əməyə cəlb eləmək cəhdi həm ölkə daxilində, həm də sərhəddən kənarda ciddi müqavimətlə rastlaşdı. Onları hətta hərbi cinayət kimi qiymətləndirmək tələbi irəli sürülürdü. İkinci dünya müharibəsi dövründə isə alman iri kapitalı Avropada hakimiyyətin təmin olunduğundan əmin şəkildə güman edirdi ki, Avropa ölkələrinin işçi qüvvəsi resurslarından alman hərbi iqtisadiyyatında cəzasız və pulsuz istifadə etmək hüququ var. Rasist ideologiya mövqeyində duran alman təsərrüfat elitası nümayəndələri düşünürdülər ki, Şərqin “natamam xalqlarının” qəddar istismarı mümkün və labüddür. Terror siyasəti vasitəsi ilə icbari işçilər arasında qalxmış narazılıqları boğmağa və hər cür müqavimət göstərmək cəhdinin qarşısını almağa nail olurdular. Bununla belə alman iri kapitalı və nasist yuxarı təbəqəsi əcnəbilərin məcburi əməyi yalnız müharibə dövrü üçün alman iqtisadiyyatına gərəkli və faydalı olmayacağı fikrinə getdikcə daha çox yönəlirdi. Müharibədən sonra da eyni dərəcədə gərəkli və faydalı olacaq. Hesab edilirdi ki, əcnəbi işçilərin əməyi alman rifahına, Almaniyanın iqtisadi inkişafına və gələcək dünya dejavası rolunda tələblərinin reallaşmasına kömək olacaq.

   Qaulyayter (yüksək vəzifəli ANSDP üzvlərinə deyilirdi) F. Zaykel 1943-cü ilin sonunda “türinq silahlanma sənayesinin ilk hərbi qurultayında” aşağıdakı proqram xarakterli bəyanatı verdi: uzunmüddətli planda söhbət “alman rəhbərliyi və əcnəbi işçilərdən təşkil olunmuş əmək potensialı yaratmaqdan gedir ki, yaxın yüz ildə yalnız hərbi yox, həm də təsərrüfat baxımından bütün dünya xalqları üzərində mütləq üstünlük yaradacaq.”

  “Volkswagen” avtomobil zavodunun idarə başçısı A.Pix 1943-cü ilin yayında qeyd edirdi ki, “fürerin iradəsinə uyğun” dəyəri 990 reysmarkdan baha olmayacaq avtomobillər istehsal etmək üçün müharibədən sonra zavod Şərqdən gətirilmiş ucuz əməkdən istifadə etməlidir.

  Onunla eyni zamanda “Fieseler Flugzeugwerke” müəssisəsinin direktoru Freyer adlı bir nəfər hərbi sənaye nümayəndələri önündə hesabatında hazırkı dövr və gələcək üçün icbari əməkdən istifadənin üstünlüklərini təsvir edirdi. O, məcburi işçiləri tamamilə“əsgərsayağı” təşkilatlandırıb, bununla belə, “ardınca heç bir etiraz gəlməyəcəyini və danışıqlara ehtiyac qalmayacağını” bilərək ancaq “almansayağı” əmrlər vermək fürsətindən şövqə gəlmişdi,. İş vaxtından əlavə, tətil günləri və ümumiyyətlə iş günləri olmayan vaxtda iş, “almanların ziyanlı istehsalda əmək sərf etmək məcburiyyətindən azadetmə” –  indi bütün bunlar artıq problem deyil. Bu özlüyündə əcnəbilərin əməyindən istifadə etmənin nəticəsidir. “Almanlar əcnəbiləri işlətməklə ilk dəfə böyük miqyasda öz maraqları üçün ikinci dərəcəli xalqların əməyindən istifadə etdilər, bundan böyük dərslər aldılar və təcrübə yığdılar. İndi – müharibə gedişatında və ya ən geci müharibədən dərhal sonra bütün bu dəyərli təcrübəni xüsusi bir təsisatda cəmləşdirsək yaxşı olardı”.

  Alman sahibkarları, bir qayda olaraq, öz müəssisələrində  məcburi işçilər üçün hökumətin  göstərişindən daha da sərt rejim yaradırdılar. Buna baxmayaraq, Almaniyada o zaman məcburi işçilərin vəziyyətinin yaxşılaşdırılmasına qayğı göstərən sahibkarlar və məsul şəxslər də vardı ki, onlar yalnız əmək məhsuldarlığının və mənfəət normalarının artması maraqlarına görə rəhbərlik etmir, həm də  insan ləyaqəti və humanizm düşüncəsi ilə bunu edirdi, belələri isə çox deyildi. Məcburi işçilərlə kobud rəftar və onların talelərinə biganəlik nümunələri “Krupp AQ”, “BMW”, “Bohum ittifaqı”, “İG Farben”, “Daimler-Benz”, “Siemens”, “Osram”, “Heinkel” və “Messerschmidt”, “Herman Goerinq” və bir sıra başqa konsernlərin siyasətinin təsdiq etdiyi miqdardan daha çoxdur. Müharibə dövründə alman təsərrüfat elitası icbari əməkdən istifadə ilə bağlı cinəyatlərin içində batmışdılar. Onlar kütləvi məcburi işçilərin, xüsusilə SSRİ və Polşadan olan işçilərin, dəhşətli, qeyri- insani həyat və əmək şərtlərinə görə əsas məsuliyyəti daşıyırdılar.

   Bununla da ikinci dünya müharibəsində alman elitasının nasizmin aqressiv siyasəti və cinayətlərinə görə  məsuliyyəti barəsində tezis tamamilə sübut olunmuş oldu.

“Yeni və ən yeni tarix” jurnalında dərc olunub, №6, 2002-ci il

***

 

Ditrix Ayxhold – təqaüddə olan professor, doktor, dünya müharibəsi və faşizmin tədqiqatı üzrə Berlin cəmiyyətinin idarə heyəti üzvü, ADR Elmlər Akademiyasının mərkəzi tarix institutunun keçmiş əməkdaşı, o cümlədən, E.M Arndt adına Qreyfeval Universitetinin və Berlin Texniki Universitetinin professoru. ХIХ-ХХ əsrlər iqtisadi tarix və ikinci dünya müharibəsi tarixi üzrə mütəxəssis, “1933-1945-ci  illər alman hərbi iqtisadiyyatı tarixi” adlı üç cildlik əsər və digər işlərin müəllifi.

Qeydlər:

  1. 1935-ci ildə Q.Rauşninqlə söhbətdə Hitler Şərqdə “əhalinin tələf edilməsi texnikası” barədə aşağıdakı fikri söyləmişdi: “Bizim vəzifəmiz əhalini məhv etməkdir…parazit kimi çoxalan natamam irq nümayəndələrini…bir çox sistematik və nisbətən ağrısız, hər halda, böyük qırğın yaratmadan istənilməyən tayfanı öldürmək metodları vardır”.
  2. Buna görə AFR tarixçisi Q.Yuberşerin işlətdiyi  “həyati məkanların ələ keçirilməsi irqi-ideoloji proqramı” termini təsdİGedilmiş kimi  təqdim olunur.
  3. Hitlerin düşüncələrinə belə bir xarakteristikanı 1932-ci ildə liberal siyasətçi, müharibədən sonra AFR-nın prezidenti olmuş T.Hoyss vermişdir.
  4. . «Sicherung» – “zəmanət vermə” termini həmçinin “qorunma”, “zəmanət”, təmin etmə”, “müdafiə”, “sığorta kimi tərcümə edilə bilər. “Zəmanət vermə” siyasətinin məğzi və əsas məqsədi – uzun müddət ərzində hərbi-qüvvə metodları ilə istilaçıların zəbt olunmuş ərazilərdə ağalığını təmin etmək idi – tər. qeydi.
  5. General Tomasda bu cür şübhələrin olması bir sıra müəlliflərə lap Müqavimət döyüşçüsü adlandırmaq imkanı verir.
  6. 1939-cu ilin sonlarında TİQ “təsərrüfatın inkişafı üzrə imperiya idarəsi” adı ilə əvəz olundu və ikinci dünya müharibəsinin sonuna kimi də bu adda qaldı.
  7. Qalder.F. Hərbi gündəlik.Quru qoşunlarının baş ştab rəhbərinin gündəlik yazıları.1939-1942-ci illər, t 2, səhifə 80-81
  8. Direktivin mətninə bax: 1941-ci il.İki kitabda. Moskva, 1998-ci il. 1-ci kitab. Səh. 452-455.
  9. Bu məsələ Seyss konserni rəhbərliyi tərəfindən xülasə edilmişdir.
  10. Avstriya kredit institutunun “Deutsche bank” a tabe olunması 1938-ci il mart-aprel aylarında, Avstriyanın Almaniya tərəfindən “anşlyus”undan dərhal sonra başladı. 1938-ci ilin sonuna “Deutsche bank” artıq əhəmiyyətli dərəcədə təsirə malik idi.Avstriya kredit institutu “Deutsche bank”ın tamamilə nəzarəti altına 1942-ci ildə keçdi.
  11. Lakin hakimlər Kruppun işi üzrə prosesdə işğal edilmiş ölkərdə “soyğunçuluq fəaliyyəti” kimi beynəlxalq hüquq pozuntusu fəaliyyətində ittiham edilənin təqsirkarlığını şübhə altında almadı.
(c) SOLFRONT.org


Oxşar yazılar:

Baxış sayı:14378