abunə ol: Yazılar | Şərhlər | Еmail

İqlim böhranı sistemin böhranıdır

Şərh

Fredd Maqdoffla müsahibə
Faruq Çovduri

“İnsanların demokratiya və ətraf mühit uğrunda mübarizələri sıx əlaqədə olmalıdır”  – Fred Maqdoff

Fred Maqdoff (Fred Magdoff) Vermont Universitetində bitki və torpaqşünaslıq üzrə professor və Kornell Universitetində məhsul və torpaqşünaslıq üzrə köməkçi professorudur. O, “Hər bir ətraf mühit müdafiəçisi Kapitalizm haqqında nə bilməlidir: Vətəndaşların Kapitalizm və Ətraf Mühit təlimatı” (Con Bellami Foster ilə, Monthly Review Press, 2009) və “Kənd təsərrüfatı və qida böhranı” (Brayn Tokar ilə, Monthly Review Press, 2010) yazılarının müəllifidir.

İqlim böhranı dünya üzrə milyonlarla insanı təhlükəyə atmaqdadır, iqlim danışıqlarının ən yeni raundu, “COP 17” [1], noyabrın 28-i Durbanda başlayacaq. Mən, “COP 17” və ondan kənarda iqlim böhranını aradan qaldırmaq üçün insanların hansı strategiya və taktikalardan istifadə etməsinə dair Fred Maqdoffla müsahibə apardım.

FC: “COP 17” bu günlərdə Durbanda başlayacaq. Daha çox təsirə məruz qalan və ziyan görən ölkələr konfransda hansı məsələləri qaldırmalıdırlar?

FM: Ən çox təsirə məruz qalmış və zərər çəkmiş ölkələr, inkişaf etmiş ölkələrin tələsməməsindən aşkar şəkildə narahatlıq keçirirlər. İşin məğzi Birləşmiş Ştatlar, Avropa və Yaponiyanın istixana qaz tullantılarını azaltmalarına nail olmaqdır. Vəziyyət göstərir ki, Çin də bu istiqamətdə hərəkət etməkdədir, baxmayaraq ki, sürətli artım addımları tullantıları azaltmaq cəhdlərini üstələyə bilər. Təsirin artıq ABŞ və Avropada təzahür etməsinə baxmayaraq, iqlim dəyişikliklərinin ən mürəkkəb fəsadları daha kasıb ölkələrdə və daha zərər çəkmiş əhali arasında hiss edilir. Qlobal istiləşmə ilə yanaşı, dəniz səviyyəsinin qalxması Alaskadakı qəsəbələrin sahildən daha uzaq yerlərə köçürülməsin zəruri edir. Vyetnamın Mekonq delta regionunda dəniz suyunun intruziyası (intruziya – maqmanın yer qabığı arasına dolması – tər. qeydi) bəzi düyü torpaqlarının məhsuldarlığını azaldaraq, duzluluğun artmasına səbəb olur. Andean buzlaqlarının əriməsi artıq quru mövsümlərdə su çatışmazlıqlarına səbəb olub.

FC: Borc böhranı Avropanı dağıtmaqdadır. Böyük Maliyyə Böhranı heç zaman bitməmişdi. Bu hadisələrin “COP 17”-yə təsiri nə olacaq?

FM: Heç bir tədbir görmək istəməyənlərin əsas mövzusu odur ki, istixana qaz tullantılarının məhdudlaşdırılması hərəkatı iş yerlərinin itirilməsi bahasına başa gələcək. Daha az kömür şaxtaçıları, daha az elektrik enerjisi (əgər kömürlə işləyən fabriklər bağlanarsa) və s. Bununla onlar deyirlər ki, indiki zamanda iş yerləri bahasına fəaliyyət göstərmək zamanı deyil. Əlbəttə, bu sadəcə olaraq bəhanədir. Əgər dəyişikliklər düzgün planlaşdırılsa və yerinə yetirilsə, bir çox iş yerləri yaradıla bilər. Beləliklə, əgər insanların işləməyə davam etməsi üçün çirklənməyə ehtiyacımız varsa, biz nə cür cəmiyyət və iqtisadiyyatda mövcuduq? Bu sadəcə olaraq irrasional deyil, həm də çox təhlükəli iqtisadi/ictimai/siyasi sistemdir.

FC: Ən böyük tullantı sahiblərinin toqquşan maraqlarını, xüsusilə də öz yığım strategiyaları olan kapitalların maraqları arasındakı münaqişəni nəzərə alaraq, “COP 17”-də zərər çəkən ölkələrin danışıq strategiyası necə olmalıdır?

FM: Zərər çəkmiş ölkələrə məsləhət vermək mənim səlahiyyətim deyil. Onlar siyasi məsələlərdən kifayət qədər agahdırlar. Onlar əvvəllər də bir sıra yenilikçi strategiyaları sınaqdan keçiriblər və mən əminəm ki, bunu etməyə davam edəcəklər.

FC: Kankunda baş tutmuş “COP 16” zamanından bəri iqlim böhranına dair danışıqlarda hər hansı bir dəyişiklik müşahidə olunurmu?

FM: Zəngin ölkələrin mövqeyi möhkəmlənib. 2011-ci il 20 noyabr tarixində “The Guardian”da dərc olunmuş “Zəngin ölkələr 2020-ci ilə qədər yeni iqlim müqaviləsini `bir kənara atırlar`” başlıqlı məqalə var və onun altyazısı belədir: “Tənqidi söhbətlərin astanasında və 2012-ci ilə qədər yeni müqavilə vədinə baxmayaraq, nəhəng iqtisadiyyatlar uzun müddətli təxrə salınmanı etiraf edirlər”. Bu, əlbəttə ki, zərər çəkmiş ölkələr tərəfindən  narahatlıq və qəzəblə qarşılanmışdır.

FC: Siz əsas hesabatınızı Boliviyada Ana Təbiət konfransında etmisiniz. Konfrans Ana Təbiət Haqları bəyannaməsini səsləndirmişdi. Boliviyada bu haqqlara riayət edilməsi üçün nazirlik təsis edilmişdi. Konfransdakı müzakirə və çağırışlar və Boliviyanın gördüyü tədbirlər iqlim böhranının bu günkü diskursuna təsir göstərib mi?

FM: Düşünürəm ki, Boliviya 2009-cu il Kopenhagen görüşlərinin uğursuzluğundan sonra əhəmiyyətli rol oynadı. 2010-cu il aprel ayında Boliviyanın Koçabamba şəhərində o qədər insanın bir yerə toplanması uğur idi. Müzakirələr konfransın yekun bəyannaməsi kimi çox yaxşı idi. Baş vermiş kiçik hadisələrdən biri, əsasən zəngin ölkələr tərəfindən hazırlanmış Kopenhagen bəyannaməsini imzalamaları üçün Birləşmiş Ştatların Boliviya və Ekvadora pul təklif etməsi faktının ifşası oldu. Ekvadordan olan nazir assambleyadaı insanlara dedi ki, Ekvador pulu qəbul etməkdən imtina edib, lakin Kyoto protokollarını [2] imzalamaq üçün Birləşmiş Ştatlara eyni məbləğdə pul təklif etməyi planlaşdırır. Deməyə ehtiyac yoxdur ki, bu bəyannamə gülüşə səbəb oldu.

FC: Böhrana dair keçirilən konfranslarda inkişaf etməkdə olan ölkələrin tədbir görməli olduqları dominant iqtisadi maraqlar və insanların maraqları arasında həll edilməmiş münaqişələr mövcuddurmu?

FM: BƏLİ! Əsas münaqişə kapitalizmin və onun ən güclü nümayəndələrinin maraqlarıdır, belə ki, əsas məsələ kapitalizmin fəaliyyət göstərdiyi adi üsuldur: o, daima inkişafda olmalıdır, yoxsa əks halda böhrana düşəcək və onun əsas məqsədi daha böyük kapital yığımıdır. Hadisələrin bu cür vəziyyətindən razı olan maraqların öhdəsindən gəlmək üçün kapitalist ölkəsindən olan kifayət qədər savadlı bir liderə ehtiyac vardır.

FC: Bəs bu münaqişələri necə həll etmək olar? İnsanların nöqteyi-nəzərindən, inkişaf etmiş ölkələr nə cür bir proqram qəbul etməlidirlər?

FM: Danışıqlarda yeni yanaşmalar işləyib-hazırlamaq insanların yaradıcılığı və enerjisinə bağlıdır. Bir qrupun həqiqətən də bu işdə maraqsız olduğu halda danışıqların necə aparıldığı mənə aydın deyil. Bu sanki belə bir vəziyyətə bənzəyir: ABŞ Konqresində, nəticəsindən asılı olmadan Respublikaçılar Partiyası danışıqlar aparmaq üçün heç bir maraq göstərmir.

FC: İqlim böhranı insanların demokratiya mübarizəsinə mənfi təsir göstərməyəcək?

FM: Düşünürəm ki, insanların demokratiya mübarizəsi və ətraf mühit uğrunda mübarizələri sıx şəkildə əlaqəli olmalıdır. Baş verən həm iqlim, həm də ətraf mühit böhranları insanlara aşkar şəkildə göstərməlidir ki, böhranın kökü sistemdədir. Sosial, həmçinin də ətraf mühit problemlərinin öhdəsindən gəlməyin yeganə düzgün yolu bərabərlik, demokratiya və ətraf mühitə qarşı qayğıya əsaslanan yeni cəmiyyətin qurulmasıdır.

İnsanlar üçün hər şeyi mürəkkəbləşdirərək, iqlim dəyişiklikləri kapitalist sistemə qarşı daha bir arqument yaradır və sistem dəyişikliklərinin zəruriliyini vurğulayır. Əgər ətraf mühit məsələləri əhəmiyyət qazanarsa və insanların mübarizələrinin mərkəz nöqtələrindən birinə gətirilərsə, dəyişiklik üçün daha çox dəstək toplanmış olar.

FC: İqlim tələblərini, insanların atmosfer məkanını əllərindən alan yerli və qlobal cinayətkar kapitalı hədəf alan demokratik mübarizə proqramına daxil etmək ehtiyacı yaranıbmı?

FM. Əlbəttə. Bu, mübarizənin mərkəzi məqamlarından olmalıdır. Mən bu məsələni ətraf mühitin deqradasiyasının digər aspektlərinə – hava, su və qidanın kimyəvi çirklənməsinə; balıq ehtiyatlarının azalmasına səbəb fabrik-ölçülü gəmilərin həddən artıq sayda balıq ovlamasına; torpaq eroziyası və deqradasiyası; təmiz su mənbələrinin tükənməsinə və s. kimi genişləndirərdim.

FC: Yerli və qlobal səviyyəli “iqlim cinayətləri tribunalı” mütəşəkkil etiraz üçün səfərbərliyə yol göstərə bilərmi?

FM: Bəli. Düşünürəm ki, bu, diqqətin daha çox zəngin ölkələrin barışmazlığı məsələləri üzərində diqqət toplanmasına kömək edə bilər.

FC: Müsahibə üçün çox sağ olun.


Faruk Çovduri (Farooque Chowdhury) “Bangla Monthly Review” qəzetinin müxbiri, “Micro Credit, Myth and Manufactured” (Mikrokredit: Mif və uydurma”),Selected Essays by Paul Sweezy” (“Pol Svizinin seçilmiş yazıları”) kitablarının redaktru, “Report on Bangladesh Environment” (2001 and 2002-2003) (“Banqladeş ərtaf mühiti haqqında hesabat”) kitabının köməkçi redaktoru and “The Age of Crisis” (“Böhran dövrü”) kitabının müəllifi and “Bangla book on food crisis” (“Qida böhranına dair”) kitabının həmmüəllifidir (Fred Magdoffla birlikdə)

Qeydlər:

  1. COP (Conference of Parties) – BMT-nin iqlim və ətraf mühit problemlərini hədəf alan UNFCC (Framework Convention on Climate Change) razılaşması qüvvəyə mindikdən sonra (12 mart, 1994-cü il) hər il keçirilən, iqlim və ətraf mühit məsələlərinə həsr olunmuş konfrans.
  2. Kyoto protokolu – 1997-ci ildə qəbul olunmuş, UNFCC əlavəsi olan razılaşma. Razılaşma inkişaf etmiş və keçid iqtisadiyyatı ölkələrin istixana qazlarını azaltmaq öhdəliyini götürmələrini nəzərdə tutur.

 (c) SOLFRONT.org

[Yazı original məqalədən Solfront.org üçün hazırlanmışdır]


Oxşar yazılar:

Baxış sayı:7434